8.7. Ekoloji tərbiyə
"Ekologiya" yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.
Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini - təbiəti, ekoloji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır.
Bunun qarşısını almaq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq lazımdır. Hər bir insan - şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Bu, dünyanın hər bir sakininin insanlıq borcudur.
Dostları ilə paylaş: |