8.9. İqtisadi tərbiyə İqtisadi biliklərin mənimsənilməsi, onların əqidəyə çevrilməsi, iqtisadi təfəkkürün formalaşması, hər bir işdə qənaətcilliyə alışmaq iqtisadi tərbiyə adlanır. Məktəblilər iqtisadi tərbiyə prosesində belə bir həqiqəti dərk edirlər ki, insanlar yeməyi, geyməyi və digər zəruri yaşayış vasitələrini hazır şəkildə təbiətdən almırlar. İnsanlar özlərini dolandırmaq, nəsli artırmaq üçün maddi nemətləri istehsal etməlidirlər. Bunun üçün isə istehsalın texnologiyasını bilmək, müəyyən peşəyə sahib olmaq lazımdır.