Tərbiyə üçün vaxt. Vaxt amili tərbiyənin layihələşdirilməsi metodların seçilməsi zamanı olduqca vacibdir.
-
Gözlənilən nəticələr. Metodu seçən zaman uğur qazanılacağına inam olmalıdır. Ona görə də metodun tətbiqinin nə kimi nəticələr verəcəyini qabaqcadan görmək lazımdır.
Pedaqogika elmində metodların təsnifatında vahidlik olmasa da, bu məsələdə ümumi bir meyl vardır. Alimlərin böyük qismi tərbiyə metodlarının təsnifatında məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəaliyyətin bütövlüyü prinsipindən çıxış edirlər.
Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliyyəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliyyətimiz şüurun, iradə və adətlərin, habelə hisslərin məhsuludur.
İnsan şüurlu məxluq olduğu üçün onun bütün fəaliyyəti, davranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir göstərmək, onda əxlaqi təsəvvürlər, inam, əqidə formalaşdırmaq, yaxşını və pisi, gözəli və çirkini, doğrunu və yalanı, həqiqini və saxtanı insana inandırmaq lazım gəlir. Buna görə də inandırma metodları gərəkdir.
Tərbiyə şüurla davranışın vəhdətinə əsaslanır. İnsana əxlaqi normaları izah etməklə, inandırmaqla yanaşı, həm də onun bu normalara uyğun davranması, hərəkət etməsi, fəaliyyət göstərməsi, müsbət adətlərə yiyələnməsi, alışması vacibdir. Ona görə də alışdırma metodları gərəkdir.
Deməli, tərbiyə işində öncə insanın şüurunu formalaşdırmaq, iradəsini möhkəmlətmək, sonra da onda müsbət adətlər yaratmaq və bu yolla da şüurla davranışın vəhdətinə nail olmaq, düzgün davranış təcrübəsi formalaşdırmaq lazımdır. Bu baxımdan tərbiyə metodları əsas etibarilə inandırma və alışdırma metodlarına bölünür.
Tərbiyə işində insanın hissi aləmi, duyğuları mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər, xeyirxahlıq-bədxahlıq, humanizm-eqoizm, həzz-ikrah hissləri insanın davranışını, rəftarını, hərəkətlərini, fəaliyyətini stimullaşdırır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan qəlbində bədxahlıq, qəddarlıq, laqeydlik, habelə bir çox nəfs xəstəlikləri – paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva salır və insanı xoşagəlməz yollara çəkir.
Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, gözəl ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir. Ona görə də rəğbətləndirmə və cəzalandırma metodları gərəkdir.
Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı prinsipindən çıxış edərək, tərbiyə metodlarını aşağıdakı kimi təsnif etmək olar:
Dostları ilə paylaş: |