Əvvəlki biliklər – hər bir fərdin əvvəlki təcrübəsindən öyrəndiklərinin məcmusudur. Bu, şagirdin yeni öyrəndiyi konsepsiyanı əvvəlki biliklər sistemi ilə inteqrasiya etməsini təmin etmək üçün həlledici əhəmiyyətə malikdir.
Əyani-əməli təfəkkür – cisimlərlə real şəkildə yerinə yetirilən iş və əməliyyatların iştirakı ilə cərəyan edən və əyani surətlərlə əməliyyat aparmağı müvəffəqiyyətin zəruri şərti kimi özünə daxil edən fikri prosesdir.
Fəaliyyət – insanın tələbat əsasında əmələ gələn, yüksək mərhələ kimi şüur tərəfindən tənzim olunan spesifik zahiri fəallığı, başqa sözlə, aktivliyin zahiri formasıdır. Onun özünəməxsus motivasiya, məqsəd və instrumental əsasları vardır. Fəaliyyət xarici aləmin dərk olunmasına, yaradıcı surətdə əks olunmasına və dəyişdirilməsinə yönəlir. Fəaliyyətin strukturunda məqsədə çatma üsulları, şərait və nəticə anlamları xüsusi yer tutur.