MÖVZU № 21. Din sosiomədəni institut kimi. Dini şüur, dini fəaliyyət, dini təşkilatlar
PLAN: 1. Dini şüur anlayışı 2. Dini fəaliyyət, dini təşkilatlar 3. Milli xususiyyətlərin formalaşmasında dinin rolu
Dini şüur anlayışı Din dini ideyaları, təsisatları, təşkilatları, insanların dini fəaliyyətində meydana gələn münasibətləri əhatə edir. Ona görə də dinin strukturunu üç başlıca komponentdən ibarət olan sistem kimi təsəvvür etmək olar:
1.dini şüur
2.dini fəaliyyət
3.dini təşkilatlar.
Dini şüur ictimai şüurun spesifık formasıdır; Dini şüur nisbi müstəqilliyə malikdir, onun öz inkişaf məntiqi vardır. O, dini ideologiyanı və psixologiyanı əhatə edir. Dini ideologiya ən əvvəl din fəlsəfəsini nəzərdə tutur. Din fəlsəfəsi dünya, təbiət, cəmiyyət və insan haqqında dini müddəaların məcmusu kimi çıxış edir. Dini ideologiya din fəlsəfəsi ilə yanaşı teologiyanı və dini istiqamətli müxtəlif cür iqtisadi, siyasi, hüquqi nəzəriyyələri özündə birləşdirir. Dini psixologiya isə dini
nümunələrin, ideyaların, təsəvvürlərin, emosiyaların, əhval-ruhiyyələrin və s. spesifik sintezidir. Dini psixologiyanın varisliyində adət və ənənələrin rolu böyükdür. Yeri gəlmişkən qeyd edək ki, dini şüurun hər iki səviyyəsi (ideologiya və psixologiya) qarşılıqlı surətdə bir - birinə təsir göstərir. Mütəxəssislər bu təsir prosesində dini psixologiyanın aparıcı, müəyyənedici rolunu qeyd edirlər.Dini şüur dini fəaliyyətdə təzahür edir. Bu fəaliyyətin isə kult və kultdan kənar formaları mövcuddur. Dini kult dini inamların reallaşdırılması səyidir. Kult xüsusi hərəkətlər sistemidir; həmin hərəkətlərin köməyi ilə insanlar fövqəltəbii varlığa, onların in amının predmeti olan münasibətlərə təsir göstərməyə çalışırlar.
Din müxtəlif funksiyalar yerinə yetirir. Bunlar müxtəlif mənbələrdə bir-birindən fərqli göstərilir. Aşağıdakı funksiyalardan bəhs etmək olar:
a) Dünyagörüşü funksiyası. Din gerçəkliyi spesifik şəkildə əks etdirir, fövqəltəbii qüvvələrin və varlıqların real surətdə mövcudluğunu etiraf edir.
b) Tənzimedici funksiya. Din müəyyən dəyərlər vənormalar sistemi işləyib hazırlamışdır; həmin sistem insanların davranışını motivləşdirir və tənzimləyir.