MÖVZU № 1. SOSİOLOGİYA CƏMİYYƏT HAQQQINDA ELMDİR
PLAN:
Sosiologiya elmin meydana gəlməsi və inkişafı
Sosiologiyanın predmeti
1. Sosiologiya elminin meydana gəlməsi və inkişafı
Sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi XIX əsrə təsadüf edir. Həmin əsrin 30-50-ci illərində bu sahədə ilk ciddi addımlar atılmış, sosial sistemlərin fəaliyyəti və inkişafı qanunauyğunluqlarını öyrənən elmin bir çox əsaslı problemləri araşdırılmışdır. Sosiologiyanın meydana gəlməsi belə bir təlabatı ifadə edirdi: digər ictimai elmlərdə elə problemlər ortaya çıxmışdır ki, onların ənənəvi üsullarla, biliklərin təşəkkül tapmış mövcud sistemi çərçivəsində həll etmək artıq mümkün deyildiir.
Dünyaya sosioloji baxım üç başlıca cəhəti özündə birləşdirir:
Birincisi, cəmiyyət ayrı-ayrı ictimai ünsürlərin sadəcə mexaniki yığımı yox, öz xüsusi qanunları üzrə fəaliyyət göstərən, inkişaf edən müəyyən sistemli bütövlükdür.
İkincisi, ideal ictimai quruluşun utopik konstruksiyasını quraşdırmaq yox, real surətdə mövcud olan ictimai münasibətlərin öyrənilməsi zərurəti dərk olunmalıdır.
Üçüncüsü, mücərrəd fəlsəfı mühakimələrə yox, empirik tədqiqat metodlarına istinad edilməlidir. Aydın məsələdir ki, həmin metodların başa düşülməsi müxtəlif tədqiqatçılarda müxtəlif ola bilər.
Sosioloji baxımın ünsürləri tədricən, bir-biri ilə qarşılıqlı əlaqədə təşəkkül tapmışdır. Bu proses yeni dövrün sosial fəlsəfi və tarix fəlsəfəsi hüdudlarında baş vermişdir. İctimai və humanitar elmlərin diferensiasiyası, empirik sosial və etnoqrafık tədqiqatların inkişaf etməsi, təbiətşünaslığın yeni-yeni nailiyyətlər qazanması və onun cəmiyyətşünaslıqla əlaqələrinin dərinləşməsi burada həlledici rol oynamışdır.
Sosiologiyanın banisi görkəmli fransız mütəfəkkiri Oqyust Kont (1798-1857) hesab olunur. O öz təlimini əvvəlcə «sosial fızika» adlandırır. Lakin sonralar belçikalı alim və statistik A. Ketlenin (1796-1874) də həmin termindən istifadə etdiyini nəzərə alaraq, elmi dövriyyəyə yeni söz - sosiologiyanı daxil edir.
Məlumdur ki, «sosial fızika» ideyası XVII əsrə təsadüf edir. Artıq «sosial fızika» nəzəriyyələri cəmiyyətə sistem kimi yanaşır, onu təbiətin bir hissəsi hesab edirdi. Başqa sözlə, cəmiyyətşünaslıq metodoloji baxımdan təbiətşünaslığın tərkib hissəsinə çevrilirdi. Lakin məhz O. Kont həmin ideyanı tam dolğunluqla, müntəzəmlik və əsaslılıqla işləməyə nail olmuşdur. Kontun fikrincə, «sosial fızika», yaxud sosiologiya cəmiyyət hadisələrinin fıziki hadisələrə müncər edilməsini nəzərdə tutmur: sosial olanın spesifikası elmi biliyn özünəməxsus ensiklopediyası olan «pozitiv sintez» çərçivəsində nəzərə alınmalıdır.
Sosiologiyanın meydana gəlməsi XIX əsrdə cəmiyyətin mövcud ziddiyyətləri, habelə həmin ziddiyyətlər zəminində şaxələnən və kəskinləşən ictimai-siyasi mübarizə ilə bağlı olmuşdur. Yeni intellektual sintezə, insan və cəmiyyət haqqında realist təhlilə tələbat getdikcə artırdı. Sosial hadisələri və prosesləri izah etmədən, ictimai həyatın müxtəlif tərəfləri barəsində konkret empirik informasiya almadan, bir sözlə, sosioloji realizm mövqeyində dayanmadan cəmiyyəti az-çox səmərəli idarə etmək mümkün deyildi.
XIX əsrin sonlarına doğru sosiologiyanın bir elm kimi təşəkkülü əsasən başa çatır və XX əsrin əvvəllərində o, artıq cəmiyyətşünaslıqın aparıcı bölmələrindən birinə çevrilir. Onun öz anlayış aparatı formalaşır, getdikcə daha mürəkkəb və diferensial konsepsiyalar meydana gəlir. Tədricən öyrənilən problemlərin dairəsi genişlənir, metodologiya və tədqiqat texnikası məsələlərində uğurlu addımlar atılır. Ümumi nəzəriyyənin və empirik sosial tədqiqatların paralel inkişafı onların inteqrasiyası meyllərini gücləndirir. Sosiologiyanın təsisatlaşdırılması, ali təhsil sistemində, xüsusən universitetlərdə özünə möhkəm mövqe qazanması, bu sahədə çalışan peşəkarların artması, O. Kotun, H. Spenserin, F. Tönnisin, K. Zimmelin, E. Dürkheymin, M. Veberin, V. Paretonun əsərləninin öyrənilməsi, təbliği, yeni ideyalarla zənginləşdirilməsi - bütün bunlar XX əsrdə, xüsusən 20-ci illərdən sonra daha çox nəzərə çarpan səciyyəvi xüsusiyyətə çevrilir.
Sosiologiyanın inkişafında 20-ci illərdən 50-ci illərə qədərki dövrün özünəməxsus yeri vardır. Təxminən iki dünya müharibəsi arasındakı dövrü əhatə edən bu mərhələni bəzən sadəcə olaraq empirik mərhələ adlandırır, aparılan tədqiqatların nəzəri imkanlarının məhdudluğunu, əhatəli nəzəri və dünyagörüşü sintezlərinin olmamasını qeyd edirlər. Lakin belə izah sadəcə olaraq doğru deyildir, çünki empirik istiqamətlənmənin özü maraqlı nəzəri axtarışlara stimul yaratmışdır. Bundan əlavə, nəzərdən keçirilən dövrdə nüfuzlu sosioloji məktəblər və istiqamətlər təşəkkül tapmış və fəal iş aparmışlar. Məsələn, sosial fəaliyyət nəzəriyyələri, psixoanalitik sosiologiya və s. bu qəbildəndir. P. Sorokinin «inteqral sosiologiyasının» əsas ideyaları məhz bu mərhələdə işlənib hazırlanmışdır.
Sonralar geniş şöhrət qazanmış sosioloji cərəyanların - simvolik interaksionizmin (C. H. Midin əsərlərində), fenomenoloji sosiologiyanın (A. Şyutsun əsərlərində), Frankfurt məktəbinin «tənqidi» sosiologiyasının (M. Horkhaymerin və T. Adornonun əsərlərində) formalaşması da bu dövrə təsadüf edir. Bu dövrdə irəli sürülən bəzi ideyalar bir çox onilliklər ərzində irəlicədən sosioloji fikrin inkişafının bünövrəsini təşkil etmişdir.
Əsrimizin 50-ci illərindən etibarən sosiologiyada sabitləşmə səylərini möhkəmləndirmək, rasionallıq və inkişaf ideyalarını daha dərindən işləmək meylləri üstünlük təşkil edir. Bu meyllər indi də geniş və qızğın mübahisə obyekti olaraq qalır.
Dostları ilə paylaş: |