Sosiologiyanın bəzi sosial-siyasi və humanitar elmlərlə əlaqəsinə, qısaca olsa da, diqqət yetirək. Məlumdur ki, siyasi iqtisad maddi nemətlərin istehsalı, mübadiləsi, bölgüsü prosesində obyektiv surətdə təşəkkül tapan münasibətlərin fəaliyyəti və inkişafının qanunauyğunluqlarını, formalarını öyrənir. Bütün sosial münasibətlərdə, proseslərdə, habelə insanın bütün həyat fəaliyyətində iqtisadiyyat özünəməxsus yer tutduğundan iqtisadi tədqiqatların bir çox istiqamətləri sosioloji tədqiqatların istiqamətləri ilə bilavasitə qovuşur. İqtisadiyyatın və bölgü münasibətlərinin sosiologiyasını, əməyin və əmək kollektivlərinin sosiologiyasını xatırlamaq kifayətdir. Lakin istehsal münasibətləri sistemində daxili, mühüm, sabit, təkrarlanan əlaqələr kimi özünü göstərən iqtisadi qanunlar başlıca olaraq insanların təsərrüfat fəaliyyəti vasitəsilə həyata keçirilir və konkret iqtisadi formalarda özünü göstərir. Sosial qanunlar isə iqtisadi qanunlarla nəqədər bağlı olsa da, onlardan fərqli təbiətə malikdir. Müasir bazar iqtisadiyyatının formalaşması təkcə iqtisad elminə deyil, həm də sosiologiyaya ciddi tələblər verir, onların əməkdaşlığını ən müxtəlif istiqamətlərdə gücləndirməyi zəruri edir.
Sosiologiyanın politologiya ilə qarşılıqlı əlaqələri getdikcə inkişaf edir. Çoxaspektli sosioloji tədqiqatların aparılması, ictimai rəyin öyrənilməsi, zəngin empirik materialın toplanılması və i.a. bu əlaqələrin dərinləşməsində böyük rol oynayır. Siyasətin sosiologiyası siyasi və sosioloji bilik sahələrinin əlaqəsini daha aydın nümayiş etdirir. Politologiya siyasəti və siyasi münasibətləri, yəni siyasi hakimiyyətə görə sosial subyektlər arasındakı münasibətləri öyrəndiyindən sosial məqamlara laqeydlik göstərə bilməz, sosial münasibətlərin və qanunların təzahür xüsusiyyətlərini nəzərə almaya bilməz. Bir çox mütəfəkkirlər (məsələn, M. Veber, V. Pareto və başqaları) siyasi məsələlərin təhlilinə məhz geniş sosial kontekstdə yanaşmışlar. Sosiologiyanın və politologiyanın qarşılıqlı əlaqəsini qeyd edərkən unutmaq olmaz ki, onların siyasətə yanaşması bir-birindən fərqlənir; politologiya başlıca diqqəti siyasi proseslər üzərində, sosiologiya isə siyasətin iştirakçısı olan insan qruplarının fəaliyyəti üzərində cəmləşdirir.
Sosiologiyanın fəlsəfə ilə əlaqələri zəngin tarixi prosesdir. Sosial fəlsəfədən sosiologiyaya doğru inkişaf yolu bunu əyani surətdə sübut edir. Fəlsəfə həm varlığın (təbiətin və cəmiyyətin), həm də təfəkkürün, idrak prosesinin tabe olduğu ən ümumi qanunları tədqiq etdiyindən sosioloji bilik sahələri ilə qırılmaz surətdə bağlıdır. Fəlsəfə dünyaya ümumi baxış işləyib hazırlamaq, onun ümumi əsaslarını və qanunauyğunluqlarını tədqiq etmək zəruriyyətindən, gerçəklik haqqında rasional şəkildə əsaslandırılmış təfəkkür metoduna olan tələbatdan irəli gəlmiş, zaman keçdikcə təkamül edərək öz xüsusi problematikasını dəqiqləşdirmiş, sosiologiyaya müstəqil elm kimi «həyat vəsiqəsi» verməyə məcbur olmuşdur. Bu gün də sosioloqlar fılosofiarla birlikdə cəmiyyətin müstəqil və sivilizasiyalı inkişaf yolunun irəli sürdüyü çoxlu məchullara cavablar axtarırlar. Etiraf edilməlidir ki, sosioloji tədqiqatlar fəlsəfi tədqiqatların konkret və əməli xarakterinin güclənməsində fəal rol oynamışdır.
Hüquq elmi (hüquqşünaslıq) da sosiologiyaya yaxın elmlərdən biridir. Bu elm xüsusi sosial normalardan ibarət olan hüququ, bütövlükdə dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilini və fəaliyyətinin hüquqi formalarını öyrəndiyindən sosial münasibətlərin təkmilləşməsində, sosial proseslərin idarə olunmasında böyük məna kəsb edir. Hüquq elmi dövlətin və hüququn inkişafının əsas qanunauyğunluqlarını, onların sosial rolunu, əsas funksiyalarını və s. tədqiq edir, dövlət idarəetmə işlərinin konkretləşməsinə, hüquq normalarının düzgün tətbiqinə kömək göstərir və beləliklə, insanların sosial fəaliyyətinin nizamlı və məqsədyönlü xarakterini gücləndirir. Hüquq elmi ümumsosioloji nəzəriyyəyə istinad edir, həmin nəzəriyyənin başlıca müddəalarının konkret sahədə reallaşmasını təmin edir. Hüququn sosiologiyasında iki elmin - hüququn və sosiologiyanın spesifık qovuşması çox aydın ifadə olunmuşdur. Sosiologiya şəxsiyyətlərin, insan qruplarının sosial münasibətlərini və fəaliyyətini tədqiq edərkən həmişə hüquq elmlərinin məlumatlarından istifadə etmişdir. Qarşılıqlı bəhrələnmə hər iki bilik sahəsinə ancaq fayda verə bilər.
Sosiologiyanın tarixlə ən sıx və dərin əlaqəsi hamı tərəfindən etiraf olunur. Onların ümumi cəhətləri sırasına bunlar aid edilə bilər: həm sosiologiya, həm də tarix cəmiyyəti və onun qanunauyğunluqlarını (həmin qanunauyğunluqların konkret təzahürlərində) öz tədqiqatlarının predmeti və obyekti hesab edir; sosial gerçəkliyi zəruri ilə təsadüfinin vəhdətində bərpa edir; sosial hadisələrin genezisi, yaranma və təzahürü səbəbləri, həmin səbəblərin təsir gücü müxtəlif olduğundan onların birmənalı olmayan izahını əsas tutur. Lakin tarixlə sosiologiyanın fərqli cəhətləri də vardır. Belə ki, tarix artıq baş vermiş sosial prosesi, sosiologiya isə davam etməkdə olan sosial prosesi izah edir. Sosioloq sosial vəziyyətləri, prosesləri hələ tarixə çevrilməmiş təhlil etməli, onları proqnozlaşdırmalı olur.
Tarixlə sosiologiyanın ümumi cəhətlərini əsas götürən bəzi tədqiqatçılar onların elm kimi mövcudluğuna şübhə ilə yanaşırlar. Onlar adətən iki məqamı nəzərə çarpdırmağa çalışırlar: tarix və sosiologiya öz növündə yeganə və təkrarolunmaz faktları öyrənir; insan fəaliyyəti bir səbəblə yox, çox səbəblə şərtləndiyinə görə onun nəticələri prinsipcə qabaqcadan söylənilə bilməz. Bu bir həqiqətdir ki, sosial həyatda (istər keçmişdə, istərsə də indi) tam eyniyyət təşkil edən iki hadisəyə, prosesə rast gəlmək mümkün deyildir. Ona görə nə sosiologiya, nə də tarix ancaq təkrar olunan hadisə və proseslərin səbəblərini tədqiq edən elm kimi müəyyənləşdirilə bilməz. Bu elmlər iki cür problemlə rastlaşır: a) cəmiyyətdəki obyektiv qanunauyğunluqlar; bunlar ictimai inkişafın məzmununu, xarakterini və istiqamətini səbəbiyyət cəhətdən şərtləndirir; b) fərdi, təkrarolunmaz hadisə və proseslər; bunlar səbəbiyyət cəhətdən izah oluna bilməz, lakin qanunauyğun xarakter daşımaqla cəmiyyətin inkişafındakı, onun tarixindəki «dolambaclara» mühüm təsir göstərə bilir. Aydın məsələdir ki, obyektiv qanunauyğunluqlar ictimai inkişafın meyllərini müəyyən etsə də, fərdi, təkrarolunmaz hadisələrin, proseslərin səbəbiyyət baxımından izahını verə bilməz.