Sosial qanunların iki qrupunu fərqləndirmək lazımdır: 1) cəmiyyətin müxtəlif strukturlarının, habelə bu strukturların daxilində müxtəlif ünsürlərin qarşılıqlı fəaliyyətini ifadə edən sosial qanunlar. Bu qanunlar cəmiyyətin inkişafında ən ümumi meylləri müəyyən edir; 2) əvvəllər təşəkkül tapmış şəraitin nəticəsi olan sosial qanunlar. Bunların fəaliyyəti cəmiyyəti təşkil edən qrupların, fərdlərin iradəsindən, fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olub, fərdi və təkrarolunmaz xarakter daşıyan ən müxtəlif amillərlə şərtlənir.
Beləliklə, həm tarixi, həm müasir gerçəkliyə aid olan sosial qanunauyğunluq olduqca mürəkkəb xarakterə malikdir. Bu qanunauyğunluq inkişaf meyllərinin bütün məcmusunu nəzərə almağı tələb edir; ümumi məqamlarla yanaşı saysız-hesabsız təsadüflərin roluna diqqət yetirilməlidir. Həm tarixi, həm də sosial qanunauyğunluqların fəaliyyəti araşdırılarkən təkcə mövcud sosial-iqtisadi həyat şəraiti yox, həm də sosial qüvvələrin hərəkətlərini səciyyələndirən real məzmun zənginliyi (insanların fəallığı, mənafeləri, sərvət yönümləri və s.), yəni sosial prosesin bütün amilləri nəzərə alınmalıdır.
Sosiologiya şəxsiyyətin kollektivdə, ailədə və bütövlükdə cəmiyyətdə davranışını tədqiq edərkən psixologiya elminin əsas ideyalarından bəhrələnir. Məsələn, davranışın, şəxsi və kütləvi münasibətlərin motivləri nəzəriyyəsi, şəxsiyyətin sosial yönümlərinin öyrənilməsi metodları və s. bu qəbildəndir. Sosioloji tədqiqatlarda psixolooji testlərdən uğurla istifadə olunur.
Sosiologiya insanların müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətini, ailə və ictimai tərbiyə, mənəvi həyat problemlərini və s. öyrənərkən etika, estetika, pedaqogika sahəsində aparılan tədqiqatlara, çıxarılan nəticələrə müraciət etməli olur. Bir sözlə, müxtəlif elmlərlə sosioloji bilik arasında maraqlı qarşılıqlı zənginləşmə prosesi gedir.
Sosiologiya ilə təbiət elmləri arasında xüsusi əlaqə mövcuddur. Bu əlaqə müasir təbii-elmi metodologiyanın sosial tədqiqatların, bütövlükdə cəmiyyətşünaslıqın inkişafına getdikcə artan təsirinin ifadəsi hesab edilməlidir. Sosial hadisələrin, proseslərin tədqiqində təbii-elmi və riyazi dəqiqliyə nail olmağa səy göstərilməsi sosiologiyanın inkişafında dərin iz buraxmışdır. Söhbət təbiət elmlərinin və dəqiq elmilərin anlayışlarından mexaniki surətdə istifadə olunmasından, təbiət və cəmiyyət qanunlarının eyniləşdirilməsindən getmir.