Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Cəmiyyətin sosial sistem kimi inkişafı



Yüklə 1,1 Mb.
səhifə12/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   8   9   10   11   12   13   14   15   ...   114
SOS KONSP 2021

3. Cəmiyyətin sosial sistem kimi inkişafı


Sosial sistem olan cəmiyyətdə baş verən mürəkkəb proseslər onun dəyişilməsinə, təkamülünə səbəb olur. Bəzi cəmiyyətlər dəyişərək yeni tipli sosial struktura, mədəni təşəkküllərə, təkamül yolu ilə inkişaf meyllərinə malik olur. Bəzi cəmiyyətlər isə daxili münaqişələrə və ya digər neqativ sapmalara elə cəlb olunur ki, təkamül qabiliyyətini itirir, öz mövcudluğunu çətinliklə qoruyub saxlayır, yaxud dağılma meyllərinə məruz qalır. Sosiologiyada cəmiyyətin dəyişilməsinin və inkişafının birmənalı izahı yoxdur. Başqa sözlə, bu məsələyə münasibətdə müxtəlif mövqelər özünü göstərir.
Təkamülçülük sosial inkişafın obyektiv xarakterini ön plana çəkir. Təkamülçülükdə əsas problem bütün cəmiyyətin simasını dəyişdirməyə imkan verən müəyyənedici amilin aşkar edilməsidir. Burada xatırlamaq yerinə düşər ki, təkamülçülük müxtəlif naturalist məktəblərin, cərəyanların (məsələn, mexanist, coğrafi, irqi-antropoloji, sosial-darvinist və s.) əsasını təşkil etmişdir.
Sosiologiyanın banisi sayılan O. Kont biliyin inkişafını cəmiyyətin tərəqqisində həlledici amil sayırdı. Onun fikrincə, biliyin teoloji, mistik formadan pozitiv formaya doğru inkişafı insanların industrial cəmiyyətə keçməsinə səbəb olacaqdır. İnsan zəkası sayəsində baş verən bu keçid istehsalın və tələbatların ödənilməsinin keyfıyyətcə yeni, başqa səviyyəsi demək olacaqdır.
H. Spenser cəmiyyətin təkamülünün mahiyyətini onun diferensiasiyasının güclənməsində görür və qeyd edirdi ki, bu, getdikcə artan inteqrasiya prosesləri ilə müşayiət olunur; həmin proseslər sosial orqanizmin hər bir yeni mərhələsində onun vəhdətini bərpa edir. Sosial tərəqqi cəmiyyətin mürəkkəbləşməsinə, fərdlərin müstəqilliyinin və azadlığının artmasına, onların maraqlarının cəmiyyət tərəfındən getdikcə daha dolğun ödənilməsinə səbəb olur.
E. Dürkheym təkamülü mexaniki həmrəylikdən (bu halda fərdlər və onların ictimai funksiyaları qeyriyetkindir, oxşardır) üzvi həmrəyliyə (bu halda əmək bölgüsü və sosial diferensiasiya inkişaf etmişdir) keçid kimi nəzərdən keçirir. Üzvi həmrəylik, onun fikrincə, insanların vahid sosial orqanizmdə inteqrasiyasına doğru aparır və cəmiyyətin ali əxlaqi prinsipi kimi çıxış edir.
K. Marks sosial inkişafda müəyyənedici amil kimi cəmiyyətin məhsuldar qüvvələrini ön plana çəkirdi. Onun fıkrincə, məhsuldar qüvvələrin inkişafı sosial inqilaba və istehsal üsulunun dəyişilməsinə gətirib çıxarır. İstehsal üsulunun dəyişilməsi isə öz növbəsində bütün cəmiyyətin dəyişilməsinin, yeni ictimai-iqtisadi formasiyanın qərarlaşmasının əsasıdır. Cəmiyyətin tərəqqisi ancaq istehsal üsulunun köklü, əsaslı surətdə yeniləşməsi sayəsində mümkündür; yeni iqtisadi və siyasi strukturlar ancaq sosial inqilab nəticəsində təzahür edə bilər. Ona görə də sosial inqilablar «tarixin lokomotivləridir»; onlar cəmiyyəti yeniləşdirir, onun inkişafını sürətləndirir.
Təkamülçülük konsepsiyası cəmiyyət inkişafının səbəblərini və gedişini başa düşməkdə əhəmiyyətli rol oynamışdır. Belə ki, ictimai inkişafın obyektiv xarakteri etiraf olunmuş, cəmiyyətdəki proseslər geniş kontekstdə, böyük tarixi perspektivdə nəzərdən keçirilmişdir. Lakin təkamülçülük böhranların, geriyə qayıtmaların, bəzi cəmiyyətlərin dağılmasının və sivilizasiyaların məhvinin səbəblərini izah edə bilmədi. Əslində sosial prosesin obyektivliyi ideyası da müəyyən qədər şübhə altına alınırdı: onun əsas parametrləri (bilik, şəxsiyyətin azadlığı, həmrəylik, texniki tərəqqi, məhsuldar qüvvələr) həm də neqativ meyllərin mənbəyi ola bilər. Məlum olmuşdur ki, tərəqqinin bu amilləri fəal dağıdıcı qüvvəyə də çevrilə bilər: bütün dünyanı məhv etməyə qadir olan silahların yaradılması, ekoloji fəlakətlər doğuran risqlərin artması və s. bu qəbildəndir. Təkamülçülük tarix etibarilə qısa zaman kəsiyində baş verən sosial hadisə və proseslərin də (məsələn, hökumətlərin dəyişilməsi, cinayətkarlığın, fərdlərin davranışında kənaraçıxma hallarının artması və s.) əsaslı izahını verə bilmədi.
Təkamülçülük qeyd olunan məhdudluq təzahürlərini cəmiyyətə münasibətdə yeni yanaşmalarla mümkün qədər aradan qaldırmağa səy göstərmişdir. Bu baxımdan tsiklik inkişaf nəzəriyyəsi (O. Şpenqler, A. Toynbi) və sosial inkişaf nəzəriyyəsi (T. Parsons) diqqəti cəlb edir.
Tsiklik inkişaf nəzəriyyəsi cəmiyyətin təkamülünə onun daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkət kimi yanaşmır. Bu nəzəriyyəyə görə, təkamül yüksəliş, çiçəklənmə və enmənin spesifik qapalı tsikli, başa çatdıqda yenidən təkrarlanan tsikli kimi təsəvvür olunmalıdır. Cəmiyyətin dəyişilməsi mayaka bənzəyir: müəyyən amillərin fəaliyyəti və təsiri ilə bir nöqtədən başqa nöqtəyə mütərəddid hərəkətlər edən cəmiyyət ortada «soyuyur» və bununla da öz sabitliyini bərpa edir.
T. Parsonsun sosial dəyişikliklər nəzəriyyəsi sistem nəzəriyyəsinə və kibernetikaya əsaslanır. Struktur və onun dəyişilməsi modelinin əsasında müxtəlif sistemlərin (orqanizm, şəxsiyyət, sosial sistem və mədəni sistem) «kibernetik iyerarxiyası» ideyası dayanır. Həmin sistemlər artan mürəkkəblik dərəcəsinin pillələri kimi nəzərdən keçirilir. O dəyişikliklər daha dərin dəyişikliklərdir ki, onlar T. Parsonsun «etimad sistemi» adlandırdığı mədəni sistemə toxunurlar. İqtisadi və siyasi çevrilişlər cəmiyyətdə mədəniyyətin səviyyəsinə toxunmursa, o, cəmiyyətin öz əsasını da dəyişdirmir. Cəmiyyət sosial sistem olmaq etibarilə davamlılığa, özünü təkraristeh-sal etmək qabiliyyətinə malik olur ki, bu da onun əsas struktur ünsürlərinin sabitliyinin təzahüründə (adaptasiyasında) öz əksini tapır. Müvazinəti qoruyub saxlayan qüvvələrin, elementlərin nisbəti pozularsa, bütövlükdə ictimai sistem, onun əsas struktur ünsürləri dəyişilməz qalır və itirilmiş müvazinət sürətlə bərpa olunur. Dəyişikliklər daxili dəyişikliklər olaraq qalır, sistem isə özündə yeni təşəkkülləri inteqrasiya edərək, bütövlükdə dəyişilməz qalır. Sosial dəyişikliyin bu növü «müvazinətin dəyişilməsi» adlanır.
Sosial dəyişikliyin ikinci növü - «strukturun dəyişilməsi» isə nəzərdə tutur ki, daxilən və kənardan olan güclü təzyiq sayəsində sistem öz müvazinətini bərpa edə bilmir. Sosial sistemin bütövlüyünü saxlamaq üçün sosial altsistemlərin və onların struktur ünsürlərinin (sosial rolların, institutların, təşkilatların) modifikasiyası baş verir. Cəmiyyətin təkamülü sistemin keyfiyyətcə yeni vəziyyətinin meydana çıxması ilə bağlıdır. Parsons onu «təkamül universaliləri» adlandırırdı. Sosial sistemdə əvvəlcə dörd universali təşəkkül tapır: kommunikasiyalar sistemi, qohumluq sistemi, din və texnologiya. Sonra isə həmin sistemdə struktur yenidən-qurması gedir: bürokratiya, pul, bazar kompleksi, normativ tənzimləmə və demokratik birliklər.
T. Parsonsun fikrincə, cəmiyyətin tarixi inkişafı müəyyən mərhələlərdən keçir: bəsit, aralıq və müasir. Bəsit mərhələdən aralıq mərhələyə keçid yazının icad olunması sayəsində mümkün olur. Müasir mərhələyə keçid isə qanunvericiliyin inkişafı ilə bağlıdır. Daha ümumiləşmiş şəkildə cəmiyyətin inkişafını aşağıdakı «təkamül mexanizmlərinə» aid etmək olar:

  1. Diferensiasiya - bu, cəmiyyətin quruluşunun mürəkkəbləşməsi ilə bağlıdır;

  2. Adaptasiya («adaptiv yüksəlmə») - bu, ətraf mühitlə yeni nisbət yaradılması (məsələn, yeni texnika, yeni kommunikasiya vasitələri) deməkdir;

  3. Cəmiyyətdə üzvlüyün həcmcə artması («inklyuziya»); cəmiyyətdə üzvlüyün əvvəlki meyarları (sinif, etnik mənsubiyyət, cins) təkamül şəraitində öz əhəmiyyətini itirir;

  4. Dəyərlərin ümumiləşdirilməsi; dəyişilən cəmiyyətdə dəyərlər və normalar müxtəlif qruplar üçün getdikcə daha az dərəcədə məqbul ola bilir, universal, sosial sistemin tipindən asılı olmayan insan hüquqları və idealları (məsələn, insan hüquqları haqqında BMT-nin Bəyannaməsi) barəsində təsəvvürlər daha geniş yayılmağa başlayır.

T. Parsons belə hesab edir ki, cəmiyyətin təkamül mexanizmləri sosial sistemlərdə spesifik funksiyalarla və altsistemlərlə bağlıdır. Cəmiyyətin ən mühüm altsistemlərinin əlaqələndirilməsi vasitələri pul və hakimiyyətdir. Təsadüfi deyildir ki, müasir sosial sistemlərdə həmin vasitələr sosial münasibətlərə fəal təsir göstərir (məsələn, sosial münasibətlərin siyasiləşməsi). Cəmiyyətin təkamülünə T. Parsonsun sistem yanaşması həm onun struktur yenidənqurmasına səbəb olan, həm də ikinci dərəcəli olan hadisə və prosesləri aydın görməyə imkan verir. Lakin cəmiyyətin inkişafı anlayışı ictimai sistemin normal vəziyyətindən kənara çıxması kimi şərh olunur, yəni həmin anlayışın hüdudları xeyli məhdudlaşdırılır, sistemin təbii vəziyyəti yetərincə nəzərə alınmır.
Beləliklə, cəmiyyət sosial sistem olmaq etibarilə ən mürəkkəb və mübahisəli tədqiqat obyekti olaraq qalır. Ona görə də cəmiyyətin inkişafı, təkamülü barəsində. son dərəcə müxtəlif rəylərin, mövqelərin olması təbii sayılmalıdır.
4. Cəmiyyətin əlamətləri
Sosiologiya cəmiyyət haqqında tipik, davamlı, təkrar olunan məqamların ayırd edilməsinə, araşdırılmasına xüsusi diqqət yetirir; həmin məqamlar cəmiyyətin əlamətləri kimi çıxış edə bilər.
Cəmiyyətin əlamətləri sırasında ən əvvəl ərazinin olmasını qeyd etmək olar. Sosial əlaqələrin konsolidasiyası məhz məlum ərazidə baş verir. Ərazi sosial məkanın əsasıdır: fərdlər arasındakı münasibətlər, qarşılıqlı təsirlər burada təşəkkül tapır və inkişaf edir. Təbii landşaftların, flora və faunanın, iqlim şəraitinin və s. rəngarəngliyi, zənginliyi insanların həyati tələbatlarını ödəməyə imkan verir, onların həyat fəaliyyətinə təkrarolunmaz xüsusiyyətlər bəxş edir.
Sosial strukturun, yəni davamlı əlaqələrin olması cəmiyyətin ikinci əlaməti hesab edilə bilər. Məhz həmin əlaqələr sayəsində daxili sosial qarşılıqlı təsirlərin yüksək intensivliyi, təkraristehsalı təmin edilir. Bəşər cəmiyyəti tarixinin ilk mərhələlərində onun davamlılığı başlıca olaraq, şəxsiyyətlərarası qarşılıqlı təsirlər (qonşuluq, qohumluq telləri) hesabına təmin olunurdu: icma münasibətləri qərarlaşmışdı. Cəmiyyətin inkişafının sonrakı mərhələlərində qarşılıqlı təsirlərin bu prinsipləri kifayətləndirici olmadığından sosial strukturların başlıca sabitləşdirici amillər kimi rolu daha aydın təzahür edirdi: sosial institutların, sosial birliklərin rolu etiraf olunurdu. İndi cəmiyyəti sosial strukturlarsız təsəvvür etmək qeyri-mümkündür. Hər bir struktur həyat fəaliyyətinin və qarşılıqlı əlaqənin müəyyən növlərini tənzimləyir və təkraristehsal edir. Məsələn, pul institutu əmək mübadiləsini, ailə institutu nikah münasibətlərini, sosial peşə birlikləri əmək bölgüsünü nizamlayır. Bunların hamısı birlikdə cəmiyyətdə varisliyi (bunsuz sosial əlaqələrin təkraristehsalı mümkün deyildir) təmin edir.
Cəmiyyətin üçüncü əlaməti onun özyetərliliyidir. Bu o deməkdir ki, cəmiyyət kənardan müdaxilə olmadan öz əsas təyinatını yerinə yetirməlidir, yəni insanlara həyat təşkilinin elə formalarını təklif etməlidir ki, həmin formalar onların öz şəxsi məqsədlərinə çatmasına imkan yaratsın. İnsan ancaq cəmiyyətdə sosial karyeraya yiyələnə bilər, zəruri biliklər və vərdişlər qazana bilər, müəyyən peşə fəaliyyəti ilə məşğul ola bilər, öz tələbatlarını ödəyə bilər. Cəmiyyət özünütənzimləmək qabiliyyətinə malik olmalı, müəyyən normalar və prinsiplər əsasında sosial prosesləri, institutların, təşkilatların fəaliyyətini nizamlamalı və idarə etməlidir. Özyetərlilik cəmiyyətin muxtarlığını təmin edir; bu, xarici idarəedici impulslar olmadan fərdlərin özinkişafı, öztənzimi üçün zəruri şərait yaratmaq qabiliyyətini ifadə edir.
Cəmiyyətin dördüncü əlaməti - mədəniyyətin ümumiliyi böyük inteqrasiyaedici qüvvədir; bu, insanların hər bir yeni nəslinin sosiallaşmasında əvəzsiz rol oynayır, onu təşəkkül tapmış münasibətlər sisteminə daxil edir, ümumən qəbul olunmuş norma və qaydalara tabe edir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin