Ki bağlayıcısı və intonasiya ilə qurulan nəticə budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümləsində bəzən məgər, bəs, -mı, -mi, -mu, -mü sual ədatları iştirak edir və bu ədatlar mənanı gücləndirir. Nəticə budaq cümləsinin ən çox işlənən bir növü sual əvəzliklərinin iştirakı ilə formalşır: kim, hara, neçə, nə qədər, neçə, nə vaxt və s. sual əvəzlikləri baş cümlədə müxtəlif cümlə üzvü vəzifəsində işlənir, budaq cümlə baş cümləyə ki bağlayıcısı, bəzən də yalnız intonasiya ilə bağlanır. Sual əvəzlikləri baş cümlədə ritorik sual mənası yaradır, budaq cümlə nəticə bildirdiyi üçün ki bağlayıcısına çatmaqla sual mənası zəifləmiş olur. Baş cümlədə səbəb birbaşa deyil, sual cümləsi vasitəsilə ifadə edilmiş olur. Məsələn, Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə?! (İ.N.) Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?! (M.Füzuli) Yarəb, zəmanə həqqinə mən neylədim ki, ol Məndən cəfavü cövr ilə ayırdı yarımı (İ.Nəsimi) Qanı həqqi bilən bir gerçək ər kim, Ola doğru anın dilində gövtar (İ.Nəsimi).
Dərəcə budaq cümləsi. Belə tipli budaq cümlələr bas cümlədəki hal- vəziyyətin və ya əlamətin dərəcəsinin bildirir. Baş cümlədə ifadə olunan hal-vəziyyət, əlamət ya həddindən artıq çox və ya az səviyyəyə catdığından budaq cümlədə nəticə məzmunu da formalaşmış olur. Dərəcə budaq cümləsi həmişə baş cümlədən sonra gəlir, baş cümlədən çıxan nə dərəcədə?, nə vəziyyətdə? suallarına cavab verir. Baş cümlənin xəbərləri hal-vəziyyət bildirən fellərlə, bəzən feli sifətlərlə, bəzən də dərəcəyə, yerə, məqama, mərtəbəyə sözləri ilə çatmaq felinin birləşməsi ilə ifadə olunur. Baş cümlədə o qədər, o yerə, o dərəcəyə, o dərəcədə, elə bir dərəcəyə, elə qəlib sözlərindən biri işlənir. Məsələn,
1) Hava o dərəcədə şaxtalı idi ki, körpə donmaq üzrə idi.
2) İş o məqama çatdı ki, oğul da atanın üzünə durdu.
3) Silah ambarlarında, kino-teatrlarda dalbadal baş verən partlayışlar Mixaylonun adını elə yüksəltdi ki, almanlar onun başına qoyulan pulun miqdarını artırmağa məcbur oldular (H.Seyidbəyli, İ.Qasımov).
4) Yer elə qizmışdi ki, Güllü xanım yalın ayaqlarını yerə basa bilmirdi. 5) O, həqiqətən, indi o qədər gözəl, o qədər təravətli görünürdü ki, elə bil, tamamilə başqa bir adam, başqa bir gözəl idi (İ.Əfəndiyev).
Dostları ilə paylaş: |