Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə21/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   189
2019-04-25 12-07-55

I şəxsin təki samitlə bitən isimlərdə -am (-əm), saitlə bitənlərdə (y) bitişdirici samiti artırılır. Məs.: Mən işığam, qaranlığın qənimi... . (R.R.) Koroğluyam, iş bitirərəm, Səni dünyadan itirərəm... . (“Koroğlu”)
I şəxsin cəmi samitlə bitənlərdə -ıq4, saitlə bitənlərdə (y): Biz düşmənik sizin insan əti yeyən ikibaşlı qartalınıza (C.C.).
II şəxsin təkində -san (-sən), cəmində -sınız, -siniz, -sunuz, -sünüz: Vallah, oğulsan, Kəlbi Kəhərə yamanca divan tutdun. (Ş.A.) Siz tələbəsiniz, həm də bizə qonaqsınız. (M.S.)
III şəxsin təki -dır, -dir, -dur, -dür, cəmi -dır+lar morfoloji əlamətləri ilə formalaşır.
Şifahi nitqdə -dır -dir, -dur, -dür xəbərlik şəkilçisinin axırıncı ünsürü (r) tələffüz edilmir. Bu fakta bayatılarda, aşıq ədəbiyyatında daha çox rast gəlmək mümkündür. Nümunələrə nəzər salaq:
Qadir allah, sənin kərəmin çoxdu,
Tənəli söz xəncər, nizədi, oxdu.
Qardaşın qardaşa vəfası yoxdu,
Qardaşı qardaşa möhtac eyləmə.
(Qurbani)
Geydiyim igid kürküdü,
Dünya Süleyman mülküdü,
Dövlət ki var, əl çirkidi,
Şad ol, könül, nə məlulsan?
(“Koroğlu”)
Xəbərlik kateqoriyasının inkarı deyil sözü ilə formalaşır və xəbərlik şəkilçisinin morfoloji əlaməti deyil sözünün üzərinə əlavə olunur. Məs.: Sən elçi deyilsən, sən göndərənsən (N.G.)
Xəbərlik kateqoriyası zaman etibarilə iki müstəvidə (indiki və keçmiş zaman) ifadə olunur. Bəzən üslubi cəhətdən bütün zamanlara da aid edilir. Məs.: Adam, var, adamların naxışıdır. (A.T.) Bu gömgöy göyün altında onlar tamam tək imiş. (Ş.A.)
Xəbərlik şəkilçiləri bir çox hallarda kəmiyyət və felə artırılan şəxs şəkilçiləri ilə qarışdırılır. Səbəb isə bunların bəzən şəxs, bəzən xəbərlik şəkilçisi adlandırılmasıdır. Ə.Tanrıverdi “Azərbaycan dilinin tarixi qrammatikası” əsərində bu haqda yazır: “Qeyd etdiyimiz kimi, xəbərlik və şəxs kateqoriyalarının şəkilçiləri eynidir. Həm də hər iki kateqoriyanın morfoloji göstəriciləri şəxs əvəzlikləri əsasında yaranmışdır (-q, -k, -dır istisna olunmaqla). Belə ki, qədim türk və Azərbaycan yazılı mənbələrində şəxs əvəzliklərinin feillərdən, həm də isim və isimləşə bilən sözlərdən sonra məhz şəxs şəkilçisi vəzifəsində işlənməsinə rast gəlinir: “Orxon-Yenisey” abidələrində tutar mən = tuturam. Külüg tirig bən+Külüg tirigəm; M.Kaşğarinin “Divan”ında mən tənqrigə sığınur mən = mən tanrıya sığınıram, mən kayda mən = mən hardayam, türk mən = türkəm. Kişvərinin “Divan” ında: görürmən görürəm. Hər gecə duşumdə görürmən pərişan zülfüni... xəstə mən = xəstəyəm. O gözi bimardin ayru ğəribü xəstəmən” (s. 204-205).
Şəxs və ya xəbərlik kateqoriyası yaranış etibarilə isim və feillərlə bağlıdır. Məlumdur ki, feil iş, hal və hərəkət bildirir. Hər hansı bir iş, hal və hərəkət müəyyən zaman daxilində icra olunur. Zaman kəsimlərində görülən işlər də müəyyən şəxslərə aid olur. İş və hərəkətin şəxsə olan münasibəti müəyyən morfoloji əlamətlərlə təzahür etdirilir ki, bu morfoloji əlamətlər də ayrı-ayrı şəxsləri göstərən şəxs kateqoriyası şəkilçilərindən ibarətdir. Şəxs kateqoriyası feillə ifadə olunan hərəkətin həmin iş, hal və hərəkəti icra edən şəxsə münasibətini bildirir. Daha doğrusu, şəxs kate­qoriyası xəbərin mübtədaya olan münasibətini müəyyənləşdirir. Bu kateqoriya qeyd etdiyimiz kimi, adlar qrupuna da aiddir. Məs.: Mən müəlliməm. Mən gedirəm; Sən insansan. Sən alırsan və s. Bu cümlələrin xəbərlərindəki şəkilçiləri müqayisə etsək, heç bir fərq görmərik. Sadəcə olaraq, 1-ci cümlələrdə I şəxsin təki, 2-ci cümlələrdə II şəxsin təkinin şəkilçilərinin işləndiyini görərik. Mübtəda ilə xəbər arasındakı münasibət, sintaktik əlaqə (uzlaşma) yalnız bu şəkilçilər vasitəsilə reallaşır. Lakin Mən müəlliməm. Sən insansan cümlələrində şəkilçi adlara artırılaraq hökmün şəxsə münasibəti bildirməyə xidmət göstərirsə, Mən gedirəm. Sən alırsan cümlələrində hərəkətin onu icra edən şəxsə münasibətini ifadə edir.
Yeri gəlmişkən, ismin kəmiyyət kateqoriyasının morfoloji əlamətlərindən olan -lar (-lər) şəkilçisi də felin şəxs kateqoriyasının əlaməti olan (III şəxsin cəmi) -lar-lər şəkilçisi ilə bəzən qarışıq salınır. Məs.: Oğullar atalarını bəyənmirlər. Hər bir sözdə eyni fonetik tərkibə malik olan şəkilçi morfem işlədilmişdir. Oğullar – isimdir; kim? sualına cavab verir; sadədir; ümumidir; cəmdədir; adlıq halındadır; sintaktik vəzifəsi mübtədadır; atalarını – isimdir; kimi? sualına cavab verir; sadədir; cəmdədir və s.; bəyənmirlər – feildir; nə edirlər? sualına cavab verir; sadədir; təsirlidir; inkardadır; məlum növdədir; xəbər şəklinin indiki zamanındadır; III şəxsin cəmindədir; sintaktik vəzifəsi xəbərdir.
Eyni fonetik tərkibə malik olan şəkilçi birinci və ikinci sözlərdə cəmlik yaradır, əşyanın çoxluğunu (oğullar, atalarını qrammatik cəhətdən əşya məzmunu bildirir), axırıncı isə feillərdə III şəxsin cəmini ifadə edir Məlumdur ki, felin təsriflənən formaları şəxsə və kəmiyyətə görə dəyişir. “Bəyənmirlər” felindəki -lər şəkilçisi III şəxsin cəmini ifadə etdiyi kimi, xəbərin mübtəda ilə uzlaşma əlaqəsinin (kəmiyyətə və şəxsə görə) də əsas morfoloji göstəricisidir. Bu zaman onları cəm şəkilçisi adlandırmaq olmaz. Bu şəkilçi isimlərə qoşularaq çoxluq anlayışı ifadə edərkən -dar (-dər), -nar (-nər), -rar (-rər), -lar (-lər) şəklində tələffüz olunmalıdır: qızlar – [qızdar] , qatarlar – [qatarrar], gəlinlər – [gəlinnər], sahillər – [sahillər].
III şəxs sonluğu ilə işlənən feillərin tələffüzündə isə -lar (-lər) şəkilçisi dəyişikliyə uğramır, özündən əvvəlki səsi (indiki zaman və qeyri-qəti gələcək zaman şəkilçilərinin son səsi olan “r”) öz məxrəcinə uyğunlaşdırır, yəni irəli və tam assimilyasiya hadisəsi baş verir: gülürlər – [gülüllər], alarlar – [alallar], oynayırlar – [oynuyullar] və s.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin