Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran!? (S.V.)
Kimi, tək, qədər qoşmaları qoşulduğu adlıq hallı sözlər və birləşmələrlə birlikdə isimlə əlaqələnib müqayisə təyinin ifadə vasitə kimi də çıxış edir: Məsələn: Məcnuntək divanə könlüm dağ-daşı həmdəm bildi. ( Z.Abdulla) Səmədəm, hər sabah bulağın üstə Tovuz kimi sallanışın yaxşıdı. (A.Səməd) Dindirməyin, qan ağlaram, Dağlar qədər dərdim var mənim. (A.Səməd) Buz kimi barmaqlar Bənöyüşün yelinində dolana-dolana sığal verdi, sonra da bu zəif barmaqlar ovuc-ovuc südü badyaçaya sağdı. (Ş.Arif) Sonra Əzəmət üzünü yamaca tutdu, qaya kimi səs çıxardı, elə də bərkdən-bərkdən “ Bozdar, ha! Bozdar, ha!dedi ki, yanındakılar səksəndilər, mat-mat baxdılar. (Ş.Arif)
Adlıq halda olan isimlər ilə (-la,-lə), üçün, üzrə, içrə, tək, qədər qoşmaları ilə də işlənərək onlarla birlikdə xəbər vəzifəsini də icra edir. Məsələn: Maşallah, boyun boydur ki, lap çinar kimidir. (Ş.Arif) Koroğlu tək avazın var, Başı qarlı dağ kimisən. (A.Mikayıl Azaflı) Adam var, nur səpər, işıq yandırar, Adam var, fitnəkar şeytan kimidir. (A.Mikayıl Azaflı) Mənim davam aqronomladır, sizinlə nə işim var? (İ.Şıxlı) və s. Bu cümlələrdə fərqləndirilmiş sözlər xəbər vəzifəsindədir. Qoşmaların qoşulduğu sözlər ismin adlıq halındadır.
Adlıq halda işlənən isimlər ilə (-la,-lə), üçün qoşmaları ilə birlikdə tamamlıq vəzifəsini də icra edə bilir. Məsələn:
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim,Təbrizim, aman, Təbrizim,
Yox olsun başından duman,Təbrizim. (S.Rüstəm)
Bu, Qüdrət üçün də, Şeyda üçün də gözlənilməz bir hadisə idi. (M. Hüseyn)
“ İlə qoşması bir sistem şəklində (istisnalarla) konkret mənalı isimlərlə vasitəli tamamlıq (balta ilə doğradım, qələmlə yazdım, bıçaqla kəsdim), mücərrəd isimlərlə tərz zərfliyi (məhəbbətlə dedim, cəsarətlə danışdım, ustalıqla soruşdum) vəzifəsində işlənir”. (Q.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2000)
Adlıq hal formal cəhətdən qeyri-müəyyən təsirlik hala oxşayır. Lakin onların arasında əsaslı fərqlər vardır. Təsirlik hal izah ediləndə bu haqda geniş məlumat veriləcək.
Dostları ilə paylaş: |