Daş binalar qışda isti olur (daş hansı? sualına cavab verir və təyindir).
Daş düşdüyü yerdə ağırdır (daş nə? sualına cavab verir və mübtədadır).
Onun atdığı daşdır (daşdır sözü nədir? sualına cavab verir və adlıq haldadır, cümlədə ismi xəbərdir).
İsmin təsirlik halına çox zəngin nitq hissəsi olan felin təsirli və təsirsizlik xüsusiyyətinin şərhində də müraciət etməli olacağıq. Təsirli feil özündən qabaq gələn sözün təsirlik halda olmasını tələb edir. Məsələn, məktubu (nəyi?) oxudu, inşanı (nəyi?) yazdı. Təsirli və təsirsiz feillərin yaxşı dərk edilməsi ismin hallarını, xüsusən təsirlik halını nə dərəcədə bilməkdən asılıdır.
Məkani-qrammatik hallar Yönlük hal. Bu halın mənası vasitəli obyekt, yəni işin yönəldiyi şəxs və əşyanı ifadə etməkdən ibarətdir. Bəzən isə hərəkət və əşyanın çatacağı son nöqtəni bildirir. Yönlük halda olan isim cümlədə feli, bəzən də ismi xəbərlə idarə olunur. Bu halın morfoloji əlaməti -a (-ə- ya,-yə) şəkilçisidir. Kimə?, nəyə?, haraya? suallarına cavab olur. Yönlük halda olan sözlər və birləşmələr əşya, obyekt bildirdikdə cümlədə vasitəli tamamlıq, zaman, məkan məzmunu bildirdikdə isə cümlədə zərflik vəzifəsini icra edir. Məs.: Canını verdi Nəsimi çün saçın zəncirinə... . (İ.N.) Yarəb, zəmanə həqqinə mən neylədim ki, Ol məndən cəfavü cövr ilə ayırdı yarımı. (İ.N.) Vuruldum o gün ki şerə, sənətə, Unutdum sevdiyim əyləncələri. Aşiqəm insana və təbiətə, Əlim qələm tutub yazandan bəri. (S.V.) Sar gəlsin dağa dolsun, Bülbüllər bağa dolsun... . (Bayatı) Atlı xanəgahın həyətinə çatdı. Xanəgahda çoxlu dərviş, tacir, cürbəcür yol adamları gördü. (F.K.) Yağ, ey yağış, fikrim kimi, hissim kimi, Yaxın, uzaq ellərə yağ. (M.M.) Hər şeyi unudaraq Kürün sakit qıjıltısına qulaq asdı. (İ.Ş.) Olmazmı öz torpağımızdan bir az kasıblara verək? (İ. Ş.) Yayda yaylağa getdik, El köçüb, dağda nə var? (Bayatı)
Əzizim, gülə bənzər,
Qönçəyə, gülə bənzər.
Yardan gileylənən yar
Dərdli bülbülə bənzər.
(Bayatı)
Bu nümunələrdə saçın zəncirinə, zəmanə həqqinə, Kürün sakit qıjıltısına birləşmələri, şerə, sənətə, insana, təbiətə, kasıblara, gülə, qönçəyə, bülbülə sözləri ismin yönlük halında olub, qeyri-müstəqim obyekt bildirir və vasitəli tamamlıq vəzifəsində çıxış edir. Misallarda yönlük halda olan dağa, bağa, ellərə, yaylağa sözləri, xanəgahın həyətinə birləşməsi isə hərəkətin yönəldiyi məkan anlayışını ifadə edir və cümlənin yer zərfliyidir.
İsmin yönlük halında olan sözlərin vasitəli tamamlıq və yaxud yer zərfliyi vəzifəsində çıxış etməsi daha çox onların semantikası ilə əlaqədardır. Sözlər həqiqi mənada əşya, obyekt məzmunu bildirdiyi kimi, məkan məzmunu da ifadə edir. Həmçinin ismin yönlük halını idarə edən feillərin də həmin sözlərin sintaktik vəzifəsinin müəyyənləşdirilməsində mühüm rolu vardır. Məsələn, Şər qarışanda karvansaranın həyətinə çatdıq. (F.K.) Heyvanlar və quşlar çay boyundakı qamışlıqlardan və Samux meşəsindən uzaqlara qaçırdılar. (İ.Ş.) O, sahildə oturub saatlarla dənizə baxırdı. Söhrab Tahirin ürəyi qübarlananda Savalan dağına tamaşa edərdi.
Birinci cümlədə ismin yönlük halında olan birləşmə karvansaranın həyətinə (III növ təyini söz birləşməsinin ikinci tərəfi yönlük halındadır) yer zərfliyidir, haraya? sualına cavab verir. Çatdıq – haraya? Karvansaranın həyətinə. Çatdıq feli dinamik feildir və obyekt yox, hərəkətin icra olunduğu məkan tələb edir. İkinci cümlədə qamışlıqlardan sözü yer zərfliyidir, baxmayaraq ki, qamış konkret əşya anlayışını bildirir. Lakin -lıq şəkilçisi sözə yer, məkan məzmunu qazandırmışdır, qaçırdılar feli haradan? sualını tələb edir, hərəkətin çıxış, başlanğıc nöqtəsini bildirən söz istəyir. Qamışlıqlardan sözü qamışlar olan yer kimi başa düşülür. Eləcə də Samux meşəsindən sintaktik vahidi də haradan? sualına cavab verir, yer zərfliyidir, hərəkətin çıxış, başlanğıc nöqtəsini bildirir. Qaçırdılar – haraya? Uzaqlara. İsmin yönlük halında işlənmiş uzaqlara sözü də yer zərfliyidir, mücərrəd bir məkan bildirir. Hər üç vahidin (qamışlıqlardan, Samux meşəsindən, uzaqlara) dinamik feil tərəfindən idarə olunması, məkan, yer tələb etməsi onların cümlədə yer zərfliyi olmasını şərtləndirir. Üçüncü və dördüncü cümlələrdə dənizə sözü və Savalan dağına II növ təyini söz birləşməsi yönlük hal şəkilçisi ilə işlənib, lakin yer, məkan yox, obyekt məzmunu bildirir, konkret əşya kimi təsəvvür edilir – tamamlıqdır. Haraya? sualını vermək mümkündür: baxır – haraya? Dənizə. Tamaşa edir – haraya? Savalan dağına. Lakin hər iki cümlənin xəbəri statik feildir, ona görə də məkan, yer deyil, obyekt tələb edir. Nəyə baxır? Dənizə. Nəyə tamaşa edir? Savalan dağına. Ancaq dinamik feillər məkan tələb edir (əvvəlki cümlələrə bax).
Yönlük hal əsas mənası ilə yanaşı, bir sıra əlavə mənalar: əşyanın çatacağı yeri, son nöqtəni, istiqamət, səbəb, məqsəd, müqayisə, məlumatın mənbəyi, zaman, ziddiyyət və sairəni bildirir. Bu mənaların bir çoxunun yaranmasında qədər, dək, -can,-cən, sarı, tərəf, kimi, görə, doğru, qarşı, dair, aid, məxsus, nisbətən və s. qoşmalar yaxından iştirak edir. Qoşmalar yönlük halda olan sözlərdə və birləşmələrdə daha dəqiq mənalar yaradır. Nümunələrə nəzər salaq:
Anam Bakıdan həsrətlə ayrıldı, Təbrizə kimiarxaya boylana-boylana getdi. (S.T.) Yaralını evədək aparmaq qərarına gəldi. Həyətə qədər kürəyində gətirdi, lakin daha dizləri sözünə baxmadı, elə yaralı ilə birlikdə yıxılıb qaldı. (M.İ.) Hər gün yerindən qalxar, Zərnişanı izləyər, bulağacan arxasınca gedərdi. Rüxün gülzarına qarşı qızardı məğribin rəngi. (C. Həqiqi) Güli-rüxsarına qarşı gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?! (M.Füzuli) Yamanlığa qarşı yaxşılıq ər kişinin işidir. (A. sözü) Bir dözmüsən, bir də döz, Gələn payıza kimi. (Bayatı) Mən karvan sarbanıyam, Gedirəm dərdə sarı. (Bayatı) Asta səslə danışan qaraltılar Araz çayına tərəfburuldular. (Y.V.Ç.) Hamının yaxşı görə bilməsi və səsinin aydın çatması üçün minbərin ən uca pilləsinə doğru getməyə başladı. (Ə.C.)Yavaş-yavaş enə-enə düz Əzəmətə sarı yönəldi. (Ş.A.)
Nümunələrdə ismin yönlük halında işlənmiş Təbrizə, həyətə, bulağa, rüxün gülzarına, güli-rüxsarına, yaxşılığa, payıza, dərdə, Araz çayına, minbərin pilləsinə, Əzəmətəsöz və söz birləşməlinin cümlə daxilindəki semantikasında, sintaktik vəzifəsində qoşmaların rolu inkaredilməzdir.
Qoşmaların qoşulduğu sözlərə müəyyən məna çaları verdiyi, bəzən eyni qoşmaların omonimlik xüsusiyyəti daşıyaraq fərqli məzmuna malik olduğu faktları bizə məlumdur. Qoşmalardakı bu cəhətlər sintaktik səviyyədə fərqli vəzifə yarada bilir. Bəzən sözün özünün məzmununda olan semantika ilə, qoşmanın məzmunu arasında uyğunsuzluq olmur və hər iki halda həmin sözlər eyni sintaktik vəzifə daşıyır. Məsələn: Axşama hamı bizdə olacaq.Cümlədə yönlük halda olan axşama sözü zaman zərfliyi vəzifəsində çıxış edir. Əgər cümlədə axşama sözünə kimi qoşmasını əlavə etsək, yenə də həmin söz qoşma ilə birlikdə zaman zərfliyi vəzifəsini icra edəcək: Axşama kimi hamı bizdə olacaq. Deməli, sintaktik vəzifə eynidir. Fərq qoşmanın yaratdığı zaman hüdudundadır. Lakin bu heç də o demək deyil ki, qoşma qoşulduğu sözün sintaktik vəzifəsini dəyişmir.
Qoşma istənilən sözlərə qoşulmur, çünki onları əlaqələndirən semantik yaxınlıq olmalıdır. Semantik yaxınlıq əlaqələnən sözlərin həm daxili məzmunu, həm onların birlikdə ümumi semantikası ilə bağlı yaranır. Verdiyimiz nümunədə biz bunun şahidi olduq. Belə ki, “axşam“ və “ kimi “ qoşmasının əlaqələnməsi ümumi zaman hüdudunun meydana çıxmasını şərtləndirdi. Zaman məzmunu “ axşam “ sözünün fərdi semantikasında olsa da, zaman hüdudu yoxdur. Zaman hüdudu yaradan axşam zərfinə artırılan yönlük hal şəkilçisidir. Qeyd etdik ki, yönlük hal hərəkətin yönəldiyi şəxsi, əşyanı, hərəkətin istiqamətini, hərəkətin çatacağı son nöqtəni, zaman və məkan hüdudunu bildirir. Demək, zaman məzmunu axşam zərfinin daxili semantikasında olsa da, zaman hüdudu qrammatik forma ilə, yəni yönlük halla (-a) yaransa da, kimi qoşmasının həmin sözlə əlaqələnməsi zaman hüdudunu daha konkret edir, onu dəqiqləşdirir.