Kimi qoşması kəmiyyət hüdudunu da bildirir. Bu zaman “ kimi“ qoşması (sinonimi qədər) əsasən, konkret mənalı isimlərlə əlaqələnir. Məs.: Dizə kimi qar yağmışdı. Əvvəlki cümlələrdən fərqli olaraq, bu cümlədə kimi qoşmasını işlətməmək qeyri-mümkündür. Qoşmanı işlətməsək, cümlə belə alınacaq: Dizə qar yağmışdı. Göründüyü kimi, cümlədə məntiqi əlaqə yoxdur. Qoşma bu nümunədə də yönlük halda olan sözlə əlaqələnib. Burada da hüdud anlayışını yönlük hal şərtləndirir, lakin kimi qoşması kəmiyyət hüdudunu, ölçü miqyasının son nöqtəsini formalaşdırır. Qoşma idarə etdiyi dizə sözü ilə birlikdə kəmiyyət zərfliyi (nə qədər?) vəzifəsini icra edir. Əgər bu qoşma cümlədə işlənməsə idi, diz sözünün leksik mənası onun kəmiyyət zərfliyi vəzifəsini icra etməsi üçün yetərli olmazdı. Bu da onu göstərir ki, cümlə üzvlərinin formalaşmasında leksik mənalı söz əsas baza olduğu kimi, qoşmalı birləşmələrin də müstəsna əhəmiyyəti vardır. Bu haqda “Qoşma” mövzusunun tədrisində geniş elmi-nəzəri məlumat veriləcəkdir.
Yerlik hal. Bu haldakı isim və ismi birləşmələr işin, hal, hərəkətin icra olunduğu yeri, əşyanın tutduğu sahəni, müəyyən bir xüsusiyyətin, hal-vəziyyətin yerləşdiyi əşyanı, obyekti bildirir və ya əşyanın yerini göstərir. Bu halın morfoloji əlaməti -da(-də) şəkilçisidir. Kimdə?, nədə?, harada? suallarına cavab verir. Məs.:
Ovçuda aman olur,
Əlində kaman olur.
Oxlama, yar könlümü,
Ox dəysə, yaman olur. (Bayatı)
Soyuq divarlarda güllə nişanı...
Didir, parçalayır insan insanı. (S.Vurğun)
Dağ döşündə nərgizlər,
Bənövşələr, nərgizlər,
Bura bir tərlan qonub,
Göldə sonanı gözlər. (Bayatı)
Bu gecə bütün evlərdə söhbət ancaq bircə məsələ üstündə idi: görəsən, bizim kənddə də qəhrəman adını alan çıxa bilər ? (Ş.A.) Mahmud Məryəmin əynindəki donda bir ilan soyuqluğu hiss etdi. (Elçin) Parlaqlıqda, dirilikdə gözləri eynən Bəbirin gözlərinə oxşayırdı. (İ.Məlikzadə) Şair yenə həmin bağçada, yenə həmin o qoşa sərv ağaclarının altında unudulmaz Afaqının yadigarı Məhəmmədlə oturmuşdu. (H.A.)
Bu misallarda ismin yerlik halında işlənmiş dağ döşündə, göldə, evlərdə, kənddə, bağçada, sərv ağaclarının altında söz və söz birləşmələri məkan məzmununa malikdir, əşyanın yerləşdiyi yeri, sahəni bildirir və harada? sualına cavab verir. Sintaktik vəzifəsi yer zərfliyidir.
Digər misallardakı ovçuda kimdə? sualına; əlində, divarlarda, donda nədə? sualına; parlaqlıqda, dirilikdə sözləri isə həm nədə?, həm də vasitəli tamamlığın nə barədə? sualına cavab verir. Yerlik halda işlənmiş bu sözlərin hər biri cümlənin vasitəli tamamlığıdır.
Yerlik hal həm ismi xəbərli, həm də təsirsiz feillə ifadə olunan feli xəbərli cümlələrdə işlənir. Məs.: Əzəmətin uşaq bədəni büzüşüb açıldı; əlinin altında Toxmazın sifətini hiss elədi. (Ş.A.) Kənddə hamı onun qoçaqlığından danışırdı. (İ.Şıxlı) Gecədən xeyli keçmiş kəndin aşağısında itlər hürüşdü. (İ.Ş.) Şikəstə evdə darıxırdı, əlini ağdan-qaraya vurmurdu. Təkcə çöldə, işdə başı qarışırırdı. (İ.M.) Əzəmətin indiyə qədər görmədiyi bu sehirli aləm gözlərinin önündə açıldı. (Ş.A.)
Dostları ilə paylaş: |