MƏNİMKİDİ
Qatdı dodağımız balı qaymağa,
Qaymaq səninkidi, bal mənimkidi.
Yanaqlar xallandı şux öpüşlərdən,
Yanaq səninkidi, xal mənimkidi.
Gecə uzun, gəl uzadaq söhbəti,
Nəyə qadir deyil eşqin qüdrəti?
Saçlara baxmaynan, gözəl, xəlvəti,
Şəvə səninkidi, çal mənimkidi.
Susma, ürək…
173
Bir nalədi harayımız, hayımız,
Ötüb keçir baharımız, yayımız.
Bax, bu gərdənimiz, bu da boyumuz,
Əlif səninkidi, dal mənimkidi.
Axtar Şiruyəni könlün coşanda,
Nakam istəyinə nəğmə qoşanda.
Üz-üzə gələndə, qarşılaşanda,
Hörmət səninkidi, yol mənimkidi.
VAR
Sən yoxsan, günəşim, havam, suyum yox,
Sən varsan, dünyam var, kainatım var.
Sən yoxsan, havarım, demək hayım yox,
Sən varsan, köməyim, qol-qanadım var.
Sən yoxsan, sevincim, şadlıq dəmim yox,
Qohumum, sirdaşım, bir həmdəmim yox,
Sən varsan, qüssəm yox, kədər, qəmim yox,
Sən varsan, çağlayan xoş həyatım var.
Gözəlim, gözəllik çoxdu həyatda,
Ən böyük gözəllik bəxtdi həyatda,
Sən yoxsan, Şiruyə yoxdu həyatda,
Sən varsan, sevincim, səadətim var.
|