İlham Əliyev Gəncəyə səfər edib
17.02.2016
Prezident İlham Əliyev fevralın 17-də Gəncəyə səfər edib. “İmamzadə” dini kompleksində təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan dövlət başçısı mərasimdə nitq söyləyib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Gəncə Dövlət Universitetinin dekanı Mübariz Yusifov da çıxış ediblər.
Prezidentə bildirilib ki, “İmamzadə” dini kompleksində yenidənqurma və abadlıq işlərinə 2010-cu ilin mayında başlanıb. “İmamzadə” kompleksinə daxil olarkən ilkin tikili 17 metrlik Baştağ — portaldır. Bu portalın ümumi uzunluğu 24, eni 7,5, hündürlüyü isə 17 metrdir. Keçid darvazanın hər iki tərəfində mişar daşından yardımçı otaqlar tikilib. Kompleksin abadlaşdırılan ərazisi 10 hektardır, onun da 5,8 hektarı ziyarətgahın mövcud sahəsidir. Ümumilikdə 6 hektar sahə hasara alınıb və kərpiclə üzlənib.
Kompleksdə ümumi sahəsi 2 min kvadratmetrdən çox üçmərtəbəli əsas bina inşa olunub. Buraya qadın və kişilər üçün dəstəmazxanalar, anbar, inzibati və texniki otaqlar, mehmanxana daxildir. Kompleksdə qadın və kişilər üçün ayrı-ayrılıqda iki namaz zalı var. Ziyarətçilərin ixtiyarına dini kitabxana, konfrans zalı, muzey də verilib.
Kompleksin ziyarətgah binası da müasir səviyyədə qurulub. Ziyarətgahda qədimliyi saxlamaq şərti ilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyarətgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir.
“İmamzadə” kompleksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir.
Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının iştirakı ilə Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. 245 çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri-zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Xəstəxanada 370 tibb işçisi çalışır, onların 56-sı həkimdir.
Prezident Gəncədə 39 nömrəli tam orta məktəbin binasının, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışlarına da qatılıb, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə, Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi ilə tanış olub.
Yenilənmiş büdcənin detalları məlum olub
17.02.2016
2016-cı ilin yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri isə 18 milyard 495 milyon manat nəzərdə tutulub. APA xəbər verir ki, bu rəqəmlər 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər layihəsində öz əksini tapıb. Təsdiqlənmiş versiyada büdcənin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri isə 16 milyard 264 milyon manatdır.
Dövlət büdcəsinin dəqiqləşdirilən gəlirləri il üçün təsdiq olunan proqnozla müqayisədə 15,5 faiz, xərcləri isə 13,7% çoxdur. Büdcə kəsirinin yuxarı həddi 1 milyard 673 milyon manat olacaq.
Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin 1 barreli üçün müəyyən edilən qiymət iki dəfə aşağı endirilib, 25 ABŞ dolları səviyyəsində götürülüb.
Yenidən baxılma ilə icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da təsdiq edilən büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. İcmal büdcənin xərclərini təsdiq edilən büdcəyə nisbətən 23,1 faiz və ya 4 milyard 610,2 milyon manat artırıb 24 milyard 566,6 milyon manata çatdırmaq nəzərdə tutulub.
Ötən illə müqayisədə xarici ticarət 40,62 faiz geriləyib
17.02.2016
Xarici ticarət əməliyyatlarının yanvar ayı üzrə hesabatı açıqlanıb. Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, xarici ticarət əməliyyatları ötən ilin yanvarına nisbətən 40,62 faiz geriləyib. 2015-ci ilin ilk ayı ilə müqayisədə idxal əməliyyatlarında 22,95 faiz, ixrac əməliyyatlarında 48,57 faiz azalma var.
Ötən ay Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 103 milyon 626,66 min manat daxil olub.
Hesabata əsasən, 114 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 2011-dir. Bunun 678-i fiziki şəxslər, 1033-ü hüquqi şəxslərdir. 69 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 1264-ü özəl sektoru təmsil edib.
Hesabat Gömrük hüquqpozmalarının statistikası açıqlanıb
17.02.2016
2016-cı ilin yanvar ayı üzrə gömrük hüquqpozmalarının statistikası bəlli olub. Transparency.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında bildirilir ki, ötən il gömrük orqanları cinayət xarakterli 30 fakt aşkarlayıb. Bunun 12-si qaçaqmalçılıq faktı, 6-sı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 2-si gömrük ödənişlərindən yayınma, 9-u aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 7-si digər cinayət xarakterli faktlar olub.
Ötən ay gömrük hüquqpozmalarında 30 şəxs təqsirləndirilib.
Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 630 inzibati xəta faktı ortaya çıxarıb.
Ötən ayın idxal-ixrac göstəriciləri
17.02.2016
Ötən ay Azərbaycandan xam neft ixracı 2015-ci ilin ilk ayı ilə müqayisədə 48,57 faiz azalıb. Transparency.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin 2016-cı ilin yanvar ayı üzrə hesabatında belə deyilir.
Hesabata görə, ilin ilk ayı ərzində neft məhsullarının ixracı üzrə azalma 48,63 faiz olub. Təbii qaz ixracı 43,5 faiz azalıb.
Meyvə-tərəvəz üzrə ixracda isə 2015-ci ilin birinci ayı ilə müqayisədə 9,62 faiz artım qeydə alınıb. Çay ixracı 80,39 faiz artıb.
Ötən ilin yanvar ayı ilə müqayisədə ixracda ən böyük artım pambıq iplik məhsulu üzrə qeydə alınıb. Artım 345,74 faizdir. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin yanvarı ilə müqayisədə 203,37 faiz artıb.
Ötən ay ölkənin ixracının 83,30 faizini xam neft, 4,73 faizini neft məhsulları, 2,64 faizini təbii qaz təşkil edib.
İdxalda əsas mallar üzrə göstəricilərə gəlincə, ötən ay yeyinti məhsullarının idxalı 2015-ci ilin yanvar ayı ilə müqayisədə 8,44 faiz azalıb. Bəzi məhsullar üzrə isə artım qeydə alınıb. Meyvə-tərəvəz idxalı 142,53 faiz, şəkər idxalı 70,63 faiz çoxalıb.
Ət idxalı ötən ay 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,93 faiz azalıb.
Dostları ilə paylaş: |