“Xalq qəzeti”. 2013. 31 mart. N 66. S ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar



Yüklə 304,41 Kb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü304,41 Kb.
#7243

“Xalq qəzeti”.-2013.-31 mart.-N 66.-S.3. 

Ermənilərin 1905-1906-cı illərdə Zəngəzur qəzasında törətdikləri qırğınlar 

XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə kütləvi qırğınlar, soyqırımlar və 

deportasiyalar  həyata  keçirilmişdir.  Erməni  silahlı  dəstələri  ilk  dəfə  ötən  əsrin  əvvəllərində  silah 

gücünə  müəyyən  ərazilərdən  azərbaycanlıların  etnik  təmizlənməsinə  nail  olmuşlar.  Xalqımızın 

başına gətirilən bütün soyqırımı faciələrinə 1998-ci ildə hüquqi-siyasi qiymət verilmişdir. Prezident 

Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun əməkdaşı, Dövlət Mükafatı laureatı Nazim 

Mustafanın  xalqımızın  başına  gətirilən  faciələr  silsiləsinin  bir  mərhələsi  olan  1905-1906-cı  illərdə 

Zəngəzur qəzasında törədilən qırğınlar haqqında məqaləsini oxuculara təqdim edirik. 

 

Zəngəzur  qəzasının  ərazisi  7,827  kv.  km  olmaqla,  Yelizavetpol  quberniyasının  ərazicə  ən  böyük 



qəzalarından  biri  idi.  Bu  qəza  İrəvan  quberniyasının  Şərur-Dərələyəz  və  Naxçıvan,  Yelizavetpol 

quberniyasının  Cavanşir,  Şuşa,  Cəbrayıl  qəzalarının  əhatəsində,  Araz  çayı  ilə  İranla  həmsərhəd  idi. 

Qəzada  mövcud  olan  406  kənddən  314-də  müsəlmanlar,  92-də  isə  ermənilər  yaşayırdılar.  1897-ci  il 

siyahıyaalmanın  nəticələrinə  görə,  qəzanın  138  min  nəfər  əhalisindən  71  min  nəfərini  türklər,  1807 

nəfərini kürdlər, 62540 nəfərini ermənilər, min nəfərini isə qeyri millətlərin nümayəndələri təşkil edirdi. 

Qəza o dövrün inzibati bölgüsünə görə 5 polis sahəsinə bölünmüşdü. 

Erməni  siyasi  partiyalarının  və  onların  silahlı  dəstələrinin  Yelizavetpol  (Gəncə)  quberniyasının 

Zəngəzur  qəzasında  törətdikləri  kütləvi  qırğınlar,  çoxsaylı  terror  aksiyaları  barədə  o  dövrün  arxiv 

sənədləri və dövri mətbuat materialları arasında kifayət qədər məlumatlar öz əksini tapmışdır. Azərbaycan 

Respublikası Tarix Arxivində saxlanılan 46, 62, 183, 484 sayli fondların sənədləri içərisində həm erməni 

siyasi partiyalarının əsl mahiyyətini açan, həm də ermənilərin törətdikləri qırğınların miqyasını göstərən 

və  hələ  də  elmi  araşdırmalar  dövriyyəsinə  cəlb  edilməyən  xeyli  miqdarda  sənədlər  mövcuddur.  Həmin 

dövrdə  nəşr  edilən  qəzetlərdə,  xüsusən  də  Bakıda  rus  dilində  nəşr  edilən  “Kaspi”  qəzetində  hadisələri 

xronoloji  ardıcıllıqla  əks  etdirən  məqalələr  dərc  edilmişdir.  “Kaspi”  qəzetində,  həmçinin  1905-1906-cı 

illər  qırğınlarına  aid  digər  dövri  nəşrlərdə,  xüsusən  də  “Novoeobozrenie”,  “Tiflisskiylistok”,  “Sankt-

Peterburqskienovosti”  qəzetlərində, habelə ermənicə nəşr  edilən  qəzetlərdə dərc  edilən  məqalələri  buna 

misal göstərmək olar.  Zəngəzurda baş verən qırğınlar müəyyən dərəcədə Mir Möhsün Nəvvabın “1905-

1906-cı  illərdə  erməni-müsəlman  davası”  adı  ilə  çap  edilən  (Bakı,  1993)  əsərində  Zəngəzur  qəzasının 

Sisyan  və  Vağudi  kəndlərində  ermənilərin  törətdikləri  qırğınlar  və  müsəlmanların  ələ  aldıqları  əks 

tədbirlər haqqında yığcam olsa da məlumat verilmişdir. M.S.Ordubadinin “Qanlı illər” (Bakı,1911) əsəri 

Azərbaycan dilində 1905-1906-cı illər qırğınlarına həsr olunmuş ən sanballı əsər olsa da, yalnız Zəngəzur 

qəzasının Oxçu dərəsində və Qatar mis mədənlərində 1906-cı ilin iyulundan sonra baş verən qırğınlar öz 

əksini  tapmışdır.  Halbuki  ermənilər  1905-ci  ilin  may  ayından  etibarən  fasilələrlə  Zəngəzurda  terror  və 

qırğınlar törətmişlər. 

1905-1906-cı illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin bir neçə əsəri mövcuddur. Əsl adı 

Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini A-do imzası ilə çap etdirən müəllifin “Qafqazda erməni-

türk  toqquşmaları  (sənədli,  statistik,  topoqrafik  izahlarla”  (İrəvan,  1907,  ermənicə)  əsərində  Gəncə 

quberniyasının səkkiz qəzasından heç birində qırğınların və dağıntıların Zəngəzurda olduğu kimi böyük 

miqyasda  və  uzun  sürən  olmadığı  xüsusilə  vurğulanır.  A-donun  bu  əsərinin  üstün  cəhəti  odur  ki,  o, baş 

verən  hadisələrin  şərhindən  öncə  hər  bir  qəza  və  yaxud  şəhər  haqqında  topoqrafik  təsvir  və  1897-ci  il 

ümumrusiya siyahıyaalmalarının nəticələrinə istinadən statistik məlumatlar verir. 

Digər erməni müəllifləri S. Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı” (Sankt-

Peterburq,  1907,  rus  dilində),  İ.  Alibekovun  “Yelizavetpolun  qanlı  günləri  cəmiyyətin  mühakiməsi 

qarşısında”  (Tiflis,  1907,  rus  dilində)  əsərlərində  1905-1906-cı  illər  qırğınlarının  əsl  mahiyyəti  təhrif 

edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verir. 

İndi  isə  qırğınların  törədilməsindən  öncə  mövcud  olan  vəziyyətə  nəzər  salaq.  XIX  əsrin  sonlarında 

formalaşan “Armenakan”, “Daşnaksutyun” və “Hnçak” erməni siyasi-terrorçu partiyaları öz məqsədlərinə 

nail  olmaq  üçün  əvvəlcə  Türkiyənin  Şərqi  Anadolu  vilayətlərində,  sonra  isə  Cənubi  Qafqazda  kütləvi 

qırğınlar  törətmiş  və  terror  aksiyaları  həyata  keçirmişlər.  1895-1896-cı  illərdə  Şərqi  Anadoluda  xarici 

qüvvələrin təhriki ilə baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının 

və icraçılarının əksəriyyəti Cənubi Qafqazda, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında 

yerləşmişdilər. Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900 min erməni 

yaşamışdısa,  1908-ci  ildə  1,3  milyon  erməninin  yaşadığı  qeydə  alınmışdı.  Deməli,  təkcə  bu  dövrdə 

kənardan Cənubi Qafqaza 400 min erməni gəlib yerləşmişdi. 



Bununla  belə,  XX  əsrin  əvvəllərində  İrəvan  quberniyasının  7  qəzasından  4-də,  Yelizavetpol 

quberniyasının  8  qəzasının  hamısında  azərbaycanlılar  çoxluq  təşkil  edirdilər.  Hər  iki  quberniyada 

torpaqların böyük bir qismi azərbaycanlı mülkədarların və kəndlilərin əlində cəmləşmişdi. Erməni siyasi 

partiyaları öz nizamnamələrində nəzərdə tutulduğu kimi, məqsədlərinə çatmaq-yəni sənaye müəssisələrini 

və  torpaqları  ələ  keçirmək  üçün  ciddi  hazırlıq  işləri  görmüşdülər.  1905-ci  ildə  Rusiyada  baş  qaldıran 

inqilabi  hərəkat  və  kütləvi  iğtişaşlar  ermənilərə  fürsət  vermişdi  ki,  öz  niyyətlərini  həyata  keçirsinlər. 

Ermənilərin başlıca məqsədləri isə Bakıda və Cənubi Qafqazın digər şəhərlərində sənaye müəssisələrini, 

İrəvan  və  Yelizavetpol  (Gəncə)  quberniyalarında  isə  silah  gücünə  etnik  təmizləmə  həyata  keçirməklə 

yeni-yeni torpaqlar ələ keçirməkdən ibarət idi. 

Cənubi Qafqazda başlıca olaraq “Daşnaksutyun” və “Hnçak” partiyaları öz yerli təşkilatlarını yaratmış 

və  nüfuz  dairələrini  genişləndirmək  uğrunda  bir-biriləri  ilə  mübarizə  aparırdılar.  Erməni  terrorçu  siyasi 

partiyalarının əsas məqsədlərini M.S.Ordubadi “Qanlı illər” (Bakı,1991) əsərində kifayət qədər dəqiqliklə 

ifadə  etmişdir:  “İrəvandan  Naxçıvana  qədər  yol  üstündə  yerləşən  islam  kəndlərini  dağıtmaqla  İrəvan 

ermənilərini  Naxçıvanda  hazır  olan  əsgəri  qüvvələrlə  birləşdirmək  Naxçıvandan  Zəngəzura  kimi  yol 

boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri birləşdirmək kimi 

alçaq xəyallardan ibarət idi”. 

XIX  əsrin  sonlarından  etibarən  Zəngəzurda  “Hnçak”  və  “Daşnaksutyun”  partiyalarının  özəkləri 

fəaliyyətə başlamışdı. Arxiv sənədləri göstərir ki, erməni təşkilatları hələ 1904-cü ildə Zəngəzurun erməni 

əhalisi  arasında  milli  zəmində  qarşıdurma  yaratmaq  istiqamətində  təbliğat  işini  gücləndirmişlər.  Bu 

məqsədə xidmət etmək üçün orada “Hnçak” və “Daşnaksutyun” partiyalarının şöbələrini yaratmış, əhalini 

silahlandırmış, alınan silahların bir hissəsi gizli yolla Bakıya göndərilmişdi. Zəngəzur sahə prokurorunun 

müavini  İv.  Yakubovski  Yelizavetpol  dairə  məhkəməsi  prokuroruna  4  iyun  1905-ci  ildə  göndərdiyi 

təqdimatında  yazırdı  ki,  1905-ci  il  mayın  31-də  Xınzirək  məktəbinin  nəzarətçisi  Nazaret  Şirakuni 

dindirilərkən  ifadəsində  göstərmişdir  ki,  kənddə  “Hnçak”  və  “Daşnaksutyun”  partiyaları  fəaliyyət 

göstərir.  Şirakuni  Xınzirək  komitəsinin  keşiş  Ter-David  Ter-Arutyunov  başda  olmaqla  daha  üç  nəfər 

təbliğatçıdan  ibarət  olduğunu  və  fəaliyyətinin  bütün  Zəngəzur  qəzasını  əhatə  etdiyini  bildirmişdir. 

N.Şirakuni  həmin  komitənin  əhalidən  pul  yığanların  və  terrorçuların  olduğunu  da  öz  ifadəsində 

göstərmişdir. Təbliğatçıların hər ay 120, pul yığanların 25-30 rubl aldıqları, terrorçuların isə aylıq yox, 

hər  bir  qətlə  görə  xeyli  məbləğ  aldıqları  məlum  olmuşdur.  Qeyd  edilənlərdən  asılı  olmayaraq  şahid 

Şirakuni  öz  ifadələrində  göstərmişdir  ki,  keşiş  Ter-Osip  bütün  ehtiyatda  olan  hərbi  mükəlləfiyyətliləri 

kilsəyə  yığaraq  and  içdirmişdir  ki,    orduya  səfərbərlik  zamanı  hərbi  qulluqdan  imtina  edəcəklər...” 

(ARTA, fond 183, siy.3, iş 102, v.24-25). 

“Məxfi”  qrifi  ilə  saxlanılan  başqa  bir  sənəddə  isə  qeyd  edilir  ki,  1904-cü  ilin  noyabrında  Xınzirək 

kəndinin  sakinlərindən  8  erməni  prokurora  verdikləri  ifadələrdə  göstərmişlər  ki,  onlar  80-100  nəfərdən 

ibarət partiyanın rəhbərliyində dururlar. Partiyanın  hər bir üzvündən ayda 80 qəpikdən 2 rubladək aylıq 

üzvlük haqqı alırlar. Yığılan pulları kəndin icma başçısının qardaşına verirlər. Həmin pullara icma başçısı 

Sarkis  Bağdasarov  və  keşiş  Ter-David  Ter-Arutyunov  silah  və  güllə  alırlar.  Sursat  keşişin  anbarında 

saxlanır. Mədənçi Martiros Şahzadov isə xalça almaq adı ilə kəndləri gəzir, pul yığır və həmin pulla güllə 

alır. 

Həmin  sənəddə  göstərilir  ki,  oktyabrın  13-də  keşiş  Ter-Arutyunovun  evində  Cəbrayıl  qəzasının rəisi 



Qaranı  öldürmək  üçün  püşkatma  keçirilmişdir.  Püşkatma  nəticəsində  üç  nəfərə  –  xınzirəkli  Arsen 

Dadaniyevə,  ballıcalılı  (Şuşa)  Baxşı  Musaelova  və  irəvanlı  Surenə  ölüm  hökmünü  icra  etmək  həvalə 

edilmişdir. (ARTA, fond 183, siy.3, iş 102, v. 12-13).   

Bu sənədlərdən görünür ki, 1905-ci ilin fevralında Bakıda qırğınlar törətmək üçün hələ 1904-cü ildə 

Zəngəzur qəzasında pul yığılmış, silah və sursat alınaraq Bakıya göndərilmişdir. 

Başqa bir arxiv sənədində göstərilir ki, 1905-ci il martın 5-də Zəngəzur qəzasının 1-ci polis sahəsinin 

sakinlərinin  Yelizavetpol  qurbernatoruna  göndərdikləri  müraciətdə  qeyd  edilirdi  ki,  hələ  1903-cü  ildə 

polis  məmuru  Baqrat  Əsilov  1-ci  sahəyə  rəis  təyin  edildikdən  sonra  bacanağı  qarakilsəli  Vağarşak 

Safrazbəyovun  göstərişi  ilə  şübhəli  təbliğatçı  rolunu  öz  üzərinə  götürmüşdür.  Əsilov  və  Safrazbəyovun 

fəaliyyətləri nəticəsində sahənin erməni və azərbaycanlı əhalisi heç bir səbəb olmadan bir-birlərinə qarşı 

düşmən kəsilmişlər. Qəza rəisi R. Pfelerin sayəsində Əsilov 1-ci sahədən uzaqlaşdırılsa da, 1905-ci ilin 

fevralında  Bakıda  qırğınlar  başlanandan  dərhal  sonra  yenidən  1-ci  polis  sahəsinə  gəlib,  erməniləri 

qızışdıraraq söyləmişdir ki, iki millət arasında böyük iğtişaşlar gözlənilir. Əsilovun fəaliyyətinin qəzada 

tezliklə qırğınlara səbəb olacağından və bunun qarşısını hökumətin ala bilməyəcəyindən ehtiyatlanan yerli 

əhali qubernatordan təcili tədbirlər görməyi xahiş edirdi. (ARTA, fond 62, siy. 1, iş 42, v. 41-41). 

A-donun yazdığına görə, iyunun 24-də Xoznavarda gedən atışma zamanı türklər Baqrat Əsilovu qətlə 

yetirmişdilər. 


1905-ci  ilin  fevralında  ermənilərin  Bakıda  başladıqları  qırğınlar  mart  ayında  İrəvana  sirayət  etmiş, 

may ayından etibarən isə Naxçıvanda davam etdirilmişdi. Lakin erməni terrorçu dəstələrinin Naxçıvanda 

törətdikləri təxribat və qırğınlar yerli əhalinin mütəşəkkilliyi sayəsində geniş miqyas almamışdı. Erməni 

silahlı  dəstələrinin  Naxçıvanın  kəndləri  üzərindən  Zəngəzura  doğru  hərəkətlərinin  qarşısı  alındıqdan 

sonra yenidən İrəvan qəzasında qırğınlar törədilmişdi. Həmin dövrdə ermənilər Zəngəzuru sözün həqiqi 

mənasında  barıt  çəlləyinə  çevirmişdilər.  Erməni  terrorçu  dəstələri  tez-tez  təxribatlar  törədir,  ətrafdakı 

azərbaycanlı kəndlərinə basqınlar edirdilər. 

Ermənilər  qırğınlara  başlamaq  bəhanəsi  əldə  etmək  üçün  Naxçıvanın  Şıxmahmud  və  Tumbul 

kəndlərində həyata keçirdikləri ssenarini Zəngəzurda da həyata keçirmişdilər. Belə ki, özləri avqustun 16-

da Gorusdan Qarakilsəyə qayıdan Zülfüqar Safrazbekyanı və onun oğlunu, habelə brnakotlu iki ermənini 

Ağudi və Vağudi kəndlərinin sərhədində qətlə yetirmiş, təqsiri azərbaycanlıların üzərinə yıxmışdılar. 

Ta  qədimdən  aran  Qarabağın,  hətta  Cavad  qəzasının  heyvandarlıqla  məşğul  olan  əhalisi  yazda 

Zəngəzur  və  Dərələyəz  dağlarındakı  yaylaqlara  köç  edər,  payızda  isə  geri  dönərdilər.  Türkmənçay 

müqaviləsindən  (1928)  sonra  İrandan  köçürülərək  gətirilən  ermənilərin  bir  qismi  Zəngəzurun  mülayim 

iqlimi olan dağətəyi zonalarında məskunlaşdırılmışdılar. Ona görə də əksər erməni kəndləri köç yollarının 

üzərində  yerləşirdi.  Ermənilər  azərbaycanlıların  yaylağa  köçləri  və  geri  qayıtdıqları  zaman  onlara 

basqınlar  edir,  elat  əhalisini  qətlə  yetirir,  mal-qarasını  və  məhsullarını  ələ  keçirirdilər.  1905-ci  ilin 

yayında  Şuşada,  Xaçın  dərəsində  və  Ağdam  yolunda  baş  verən  münaqişələrin  xəbəri  yaylaqdakılara 

çatdıqdan  sonra  onlar  ermənilərin  basqınlarından  xilas  olmaq  məqsədilə  arana  enmək  qərarına  gəlirlər. 

Lakin köç yolu Gorus şəhərinin ermənilər yaşayan hissəsindən və Xndzoresk erməni kəndindən keçirdi. 

Avqustun  17-də  ermənilər  şayiə  yayırlar  ki,  guya  dağdan  arana  qayıdan  Kərimbəyi  və  Kürdmahmudlu 

kəndlərinin  köçəriləri  Naxçıvan  qəzasından  olan  5  erməni  qadınına  türk  libası  geyindirərək  özləri  ilə 

aparırlar.  Ermənilər  həmçinin  türklərin  onların  mal-qarasını  oğurlayıb  apardıqları  barədə  də  şayiə 

yaymışdıalr. Pristav Voskresenski türkləri təqib edərək, vəziyyəti yerində öyrənmiş və ermənilərin yalan 

söylədiklərini təsbit etmişdi. Ermənilərlə atışan Voskresenski bir ermənini qətlə yetirmişdi. (A-do, s.251). 

Avqustun 18-də Həmzəli kəndindən Niftalı bəy 15 nəfər dostu ilə birlikdə Gorusa gələn zaman şəhərin 

girəcəyində  mövqe  tutan  erməni  silahlıları  onlara atəş  açırlar.  Nəticədə  Niftalı bəy  və  onun  dəstəsindən 

iki nəfər, ermənilərdən də iki gənc öldürülür. Avqustun 20-də qubadlılı İldırım bəy Sultanov rus pristav 

Yevorskinin vasitəsilə Gorus ermənilərinə ultimatum göndərir. Ultimatumda Gorusda saxlanılan türkləri 

azad  etmək,  köçərilərin  sərbəst  hərəkəti  üçün  yol  vermək,  erməni  silahlı  dəstələrini  Gorusdakı 

mövqelərindən uzaqlaşdırmaq və 1000 rubl təzminat ödəmək tələb olunurdu. Qəza rəisi Avaliani İldırım 

bəyin təzminat ödəmək tələbindən başqa digər tələblərinin ödənilməsini təmin etdirmişdi. (A-do, s.252). 

Qarahunc kəndi də ermənilərin terror yuvasına çevrilmişdi. A-donun yazdığına görə, sentyabrın 6-da 

Gorus  həbsxanasından  azad  edilən  Məmmədəli  Xanlar  bəy  Qarahunc  kəndinin  yaxınlığından  keçərək 

evinə  qayıdarkən  ermənilər  tərəfindən  izlənərək  güllələnir.  Bu  terror  əməlinə  görə  Qarahunc  kəndinin 

erməniləri  ekzekuasiyaya  (cəriməyə)  məruz  qoyulmuşdu.  Qarahunclular  1500  rubl  cərimə  edilmiş, 

üstəlik, 150 kazakın 12 gün ərzində ərzaq və digər tələblərinin ödənməsi ermənilərin üzərinə qoyulmuşdu. 

(A-do, s.254). 

Sentyabrın  18-də  Yelizavetpolun  general-qubernatoru  Takayşvili  əhali  arasında  barışıq  yaratmaq 

məqsədilə  Gorusa  gəlir.  Vəziyyətlə  yerində  tanış  olduqdan  sonra  Takayşvili  ermənilərin  təqsirkar 

olduqlarını bildirir. O, iğtişaşların təşkilatçıları kimi Gorusdan 10, Dığ kəndindən isə 15 ermənini həbs 

etdirir. (A-do, s.265). 

1905-ci  il  sentyabrın  22-də  Xoznavar  və  Xnaçax  erməniləri  ətraf  kəndlərdən  gələn  silahlı  dəstələrin 

köməyi  ilə  türk  kəndlərinə  hücum  edərək  Bayandurda  50,  Hələkdə  35, Kosalarda  25,  Malıbəyləidə 50, 

Cağacurda 40, Çaylıda 10, Kalavalaxda 25, Novruzluda 15 evi sakinləri ilə birlikdə yandırıb dağıtdılar. 

Birinci üç kənd isə tamamailə qarət edilir. (A-do, s.266). 

 “Kaspi”  qəzeti  5  noyabr  1905-ci  il  tarixli  sayında  “Kavkaz”  qəzetinə  istinadən  yazırdı  ki, 

Yelizavetpolun müvəqqəti qubernatoru oktyabrın 27-də Gorusdan Qafqaz canişininə aşağıdakı məzmunda 

teleqram göndərmişdir: “Gorusdan çıxaraq iki gün ərzində Cəbrayıla çatdım. Vəziyyətlə tanış olaraq sizin 

nəzərinizə  çatdırıram  ki,  əvvəllər  görülən  tədbirlər  nəticəsində  qəzada  sakitlik  bərqərar  olmuşdur. 

Oktyabrın 16-dan isə müxtəlif yerlərdən gəlmələrdən və fərarilərdən ibarət olan erməni bandası Zəngəzur 

qəzasından Qaryagin qəzasına keçdikdən və dağlıq erməni kəndləri olan Zamzur, Daşbaşı, Cilan və digər 

kəndlərin sakinləri ilə birlikdə tatar kəndləri olan Aşıxmalikli və Tararlı kəndlərinə hücumları nəticəsində 

8  tatar  öldürülmüş,  meyitlərin  başları  bədənlərindən  qoparılmış,  bəzilərinin  sağ  əli  və  sağ  qulaqları 

kəsilmişdir.  Meyitlər  elə  eybəcər  hala  salınmışdır  ki,  bütün  bunlar  şəriət  qaydalarına  görə  Qaryagin 

qəzasının  müsəlmanları  arasında  çaxnaşma  yaratmışdır.  Qətllərin  bütün  iştirakçıları  təhvil  verilənədək 

təqsirkar erməni kəndlərində ekzekuasiya qoyulmuşdur”. 


Gürcüstan  Mərkəzi  Tarix  Arxivində  saxlanılan  bir  çox  sənədlərdə  ermənilərin  1905-1906-cı  illərdə 

törətdikləri  qırğınlar  barədə  materiallar  öz  əksini  tapmışdır.  Həmin  qəbildən  olan  sənədlərin  birində 

Sisyan  kəndində  törədilən  qırğınlardan  bəhs  edilir.  Sənəddə  qeyd  edilir  ki,  1905-ci  ilin  oktyabrında 

Zəngəzur qəzasının 10 erməni kəndinin silahlı sakinləri qəzanın azərbaycanlılar yaşayan Sisyan kəndinə 

hücum etmişdir. 75 nəfər Sisyan sakini öldürülmüş  və yaralanmışdır. 

Yalnız  kazakların  özlərini  yetirməsi  nəticəsində  qətliam  və  talanın  daha  böyük  miqyas  almasının 

qarşısı alınmışdır. (GMTA, f. 83, s. 1, iş 32, v. 260). 

Erməni müəllifi A-donun yazdığına görə, 1905-ci il noyabrın 22-də Ərəfsə kəndindən Seyid Adıgözəl 

yoxa çıxır. Bu hadisə Sisyan kəndinin 200 evdən ibarət türklərini daha çox həyəcanlandırır. Sisyan kəndi 

Ağkənd,  Əlili,  Təzəkənd  və  Tolors  kəndlərinin  əhatəsində  yerləşirdi.  Noyabrın  23-də  sisyanlılar 

Təzəkənd kəndini iki tərəfdən mühasirəyə alırlar. Təzəkəndlilər qonşu Əlili kəndinə qaçırlar. Üç gündən 

sonra  sisyanlıların  Comərdli  və  digər  türk  kəndlərinin  köməyi  ilə  Təzəkəndə  hücumları  baş  tutur. 

Noyabrın 26-da ətrafındakı erməni kəndlərindən Təzəkəndə gələn ermənilər Sisyan üzərinə birgə hücuma 

keçirlər.  Türklər  çoxlu  itki  verdikdən  sonra  kəndin  ortasındakı  təpənin  üstündə  yerləşən  köhnə  qalanın 

qalıqları  arasına  çəkilirlər.  Ermənilər  50-yə  qədər  evi  yandırıb,  kəndin  mal-qarasını  özləri  ilə  aparılar. 

Əsgərlərin kəndə gəlib yetişməsindən sonra silah gücünə Sisyan ermənilərdən təmizlənir. Sisyanlılardan 

50-dən  çox  ölən  və  yaralanan  olur.  Ermənilərdən  5  nəfər  öldürülür.  Bu  münaqişədən  sonra  bölgədə  bir 

müddət sakitlik hökm sürür. (A-do, s.279-280). 

Sisyandan  Gorusa  gedən  yol  Ağudi  və  Vağudi  kəndlərindən  keçirdi.  Ətraf  kəndlərdə  yaşayan  

ermənilər  Gorusa  getmək  üçün  ya  Ağudi  və  Vağudinin  ərazisindən  keçməli,  ya  da  yollarını  dəyişib 

dağlara,  dərələrə  getməli  idilər.  Ona  görə  də  ermənilər  Ağudi  və  Vağudini  aradan  götürməyi  qərara 

almışdılar.  A-donun  yazdığına  görə,  dekabrın  25-də  böyük  bir  erməni  silahlı  dəstəsi  Ağudi  üzərinə 

hücuma  keçir.  Ağudililər  böyük  itki  verərək Vağudi kəndinə  qaçırlar. Kənddə qalanların  bir  hissəsi  isə 

məsciddə gizlənmişdi. Hücum edən ermənilərin bir hissəsi kəndin girəcəyindəki mövqelərdə qalmış, digər  

hissəsi  isə  kəndə  soxulmuş,  evləri  yandırıb  dağıtmağa  başlamışdı.  Bu  zaman  Şəki  kəndinin  türkləri 

köməyə  çatırlar  və  davanın  gedişi  dəyişir.  Bundan  sonra  ətrafındakı  türk  kındlərindən,  eləcə  də 

Dərabasdan  köməyə  gəlirlər.  Kəndə  hücum  edən  ermənilər  mühasirəyə  düşürlər  və  onlar  geri  çəkilmək 

məcburiyyətində  qalırlar.  Bu  hücum  zamanı  ağudililər  60  nəfərdən  çox,  ermənilər  isə  22  nəfər  itki 

verirlər. (A-do, s. 281-282). 

Dərabas  dərəsində  bir-birinin  ardınca  Şinətağ,  Lor,  Geğatag,  Dərabas,  Lçen  və  Şamb  kəndləri 

yerləşirdi.  Bu  kəndlərdən  4-də  ermənilər,  Dərabas  və  Şamb  kəndlərində  isə  ermənilərlə  türklər  qarışıq 

yaşayırdılar.  Dərabasda  215  türk,  36  erməni  ailəsi,  Şambda  isə  20  türk,  35  erməni  ailəsi  mövcud  idi. 

Noyabrın  sonlarında  Gorus  yolunda  2  erməni  öldürülür.  Onların  qətlində  Dərabas  türklərindən 

şübhələnirlər.  Vəziyyət  gərginləşir.  Dərabasdan  20-30  ailə  kəndi  tərk  edir.  Onların  evlərində  Şambdan 

olan  ermənilər  yerləşir.  Digər  erməni  kəndlərindən  isə  ermənilər  Dərabasa  yığışırlar.  Dekabrın  26-da 

erməni  silahlıları  türk  evlərinə  hücum  edirlər.  Kəndin  əhalsinin  bir  hissəsi  dağlara  qaçır,  qalanları  isə 

kənddəki üç böyük evdə - Molla Əbülhəsənin, Ələkbər bəyin və Abbas Ələkbər oğlunun evində sığınacaq 

tapırlar.  A-do  erməni  vəhşiliyini  belə  təsvir  edir:  “Evlərində  gizlənmiş  ermənilər  köməyə  gələnlərin 

qışqırıqlarını eşidən kimi vəhşiləşmiş kimi küçəyə atıldılar, türklərin evlərinə  hücum edərək, talan edib 

yandırdılar.  Onlar  yanğınları  və  talanları  davam  etdirərək,  yuxarıda  adları  çəkilən  evlərə  çatmışdılar, 

hansı  ki,  orada  türklər  böyüklü-kiçikli,  arvadlı-uşaqlı  sığınacaq  tapmışdılar.  Ermənilər  burada 

cinayətkarlığın ən dəhşətli formasını həyata keçirdilər. Onlar bu üç evə od vurub, içindəki insanları sağ-

sağ yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və çoxsaylı insanlar məhv oldu. Biz o 

yanmış evlərin insan sümükləri ilə qarışmış külünü gördük və sarsıldıq, o qatilləri, daha çox isə dəhşətli 

cəhənnəmi  törədənləri  lənətlədik...  Öldürülmüş,  yandırılmış,  meyitləri  səpələnmiş  adamların  sayı  272 

nəfərə  çatırdı”.  A-do  Dərabasda  törədilən  bu  cinayətin  yerli  hakimiyyət  ciddi  araşdırılmasını  münasib 

görmədiyini, polisin yalnız bir protokol tərtib etməklə işini bitmiş hesab etdiyini qeyd edir. (A-do, s. 284-

285). 


1905-ci il dekabrın 29-da Tatev erməniləri türklərin yaşadıqları Kürdlər adlanan kəndə hücum etmiş, 

lakin müqavimət göstərə bilməyərək, çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar. 

Kənd talan edilmiş, sonra isə yandırılaraq xarabalığa çevrilmişdi. A-do ermənilərin bu hərəkətinə heç bir 

əsas  tapa  bilmədiyini,  bu hücumu  barbarlıq  və  məhkum  olunası  əməl  kimi  xarakterizə  etmişdir.  (A-do, 

s.274). 

Ermənilərin  Sisyan,  Ağudi,  Dərabas  və  digər  kəndlərdə  törətdikləri  vəhşiliklər  öz  növbəsində 

azərbaycanlıları  da  qisas  almağa  vadar  edirdi.  Azərbaycanlılar  xəbər  almışdılar  ki,  məşhur  quldurbaşı 

Keri  Əngələkət  (Angeğakot)  kəndindədir  və  onun  başçılığı  ilə  türk  kəndlərinə  yeni  hücum  hazırlanır. 

1906-cı  il  yanvarın  6-da  Ağudu,  Vağudi,  Urud,  Şəki  və  digər  kəndlərdən  yığışmış  türklərin  böyük  bir 


dəstəsi  Əngələkət  kəndinə  hücum  edir.  Dəstəyə  Şahsuvar  bəy  başçılıq  edirdi..  Hər  iki  tərəf  onlarla  itki 

verdikdən sonra atışma kəsilir. (A-do, s.286-287). 

“Kaspi” qəzeti 13 yanvar 1906-cı il tarixli sayında “Novoe Obozreniye” qəzetinə istinadən yazırdı ki, 

dekabrın 25-də ermənilərlə toqquşma nəticəsində 70 nəfər ağudili qətlə yetirilmiş, 30 ev yandırılmışdır. 

Daha sonra ermənilərin 278 nəfər Dərəbağ kəndinin tatarlarını öldürdüyü xəbəri verildi. 

1906-cı  il  fevralın  20-də  Tiflisdə  Qafqazın  canişini  Voronsov-Daşkovun  təşəbbüsü  ilə  erməni-

müsəlman  sülh  məclisi  (qurultayı)  öz  işinə  başlayır. Həmin  məclisdə  Zəngəzur  qəzasını  aqronom  Cəlil 

bəy  Sultanov  təmsil  edirdi.  Ermənilər  milli  münaqişənin  böyük  miqyas  almasının  səbəbini    türklərin 

savadsızlığı  və  elmsizliyi  ilə  izah  etməyə  çalışsalar  da,  azərbaycanlı  nümayəndələr  iğtişaşların 

baiskarlarının  erməni  siyasi  təşkilatları  və  onların  terrorçu  dəstələri  olduqlarını  faktlarla  sübut  edirlər. 

Erməni  nümayəndələri  təklif  edirlər  ki,  elatların  köçü  qadağan  edilisin.  Bununla  da  ermənilər 

azərbaycanlıları ərzaq məhsullarından məhrum etmək istəyirdilər. Ermənilərin bu niyyəti də baş tutmur. 

Qafqaz Casnişinliyinin ciddi tədbirlər ələ almaq niyyətində olmadığını yəqin edən ermənilər sülh məclisi 

başa çatdıqdan az bir müddət sonra yenidən qətl və qarətlərini davam etdirmişdilər.  

6 mart 1906-cı ildə “Daşnaksutyun” partiyasının Qafan komitəsi Oxçu dərəsinin nüfuzlu ağsaqqalları, 

erməni silahlı dəstələrinin hücumlarına qarşı əhalinin səfərbər edilməsində mühüm rol oynayan Hacı bəy 

və Molla Hacıya qarşı terror aksiyası keçirmək haqqında qərar qəbul etmişdi. (ARTA, f.62, siy.1, iş.41, 

v.69). Həmin qərar bir müddət sonra icra edilərək onların hər ikisi qətlə yetirilmişdilər.  

Zəngəzur  qəzasının  4-cü  sahəsinin  pristav  əvəzi  Məlik  Abbasovun  qəza  rəisinə  1906-cı  il  martın 

sonlarında  göndərdiyi  məxfi  raportunda  qeyd  edilirdi  ki,  Zəngilan  rayonundan  Qatar  zavodlarına, 

Şıxavuzdan həmin zavodlaradək yollar tamamilə bağlanmışdır. Ermənilərin məskun olduqları ərazilərin 

yolları  üzərində  qanunsuz  erməni  silahlı  dəstələrinin,  azərbaycanlı  icmalarının  məskun  olduqları 

rayonların  yolları  üzərində  isə  İrandan  qaçaq  yolla  gələn  quldurların  dərəbəylik  etdikləri  raportda  öz 

əksini  tapmışdı.  Məlik  Abbasov  qəza  rəisindən  erməni  quldurlarının  cəmləşdiyi  Şıxavuz  və  Qaragöl 

kəndlərindən  hər  hansı  birinə  100  kazak  əsgərinin  göndərilməsinin  bölgədə  quldurluğun  qarşısının 

alınmasına  yardımçı  olacağını  vurğulayır.  Məlik  Abbasov  4-cü  sahədə  sülh  və  sakitliyin  bərqərar 

olmasında Meğrili Keşiş Ter Vahanın, Lehvazlı Kərbəlayi Mehdi Hacı Allahverdi oğlunun, oğlanları ilə 

birgə Vağrivarlı David Axpercanovun, Əldərəli Həsənqulu bəy Sərməstbəyovun xidmətlərinin olduğunu 

yazırdı. (ARTA, f.62, siy.1, iş.41, v.62) 

Zəngəzur  qəza  rəisinin  tapşırığı  ilə  yerlərdə  barışıq  komissiyaları  yaradılmışdı.  Lakin  həmin 

komissiyaların  fəaliyyəti  “Daşnaksutyun”  partiyasının  məramına  zidd  idi.  Ona  görə  də  komissiya 

üzvlərinə qarşı terror aksiyaları həyata keçirirdilər. Yelizavetpol qubernatoru A.Kalaçovun 24 aprel 1906-

cı  ildə  Qafqazın  canişininə  göndərdiyi  raportda  “Daşnaksutyun”  partiyasının  Bığ  kəndindəki  muzdlu 

qatili Peto adlı erməninin üç naməlum ermənilərlə birlikdə barışıq komissiyasının üzvləri Hacı bəy Məlik 

Şəfiyevin və Molla Hacı Mir Əbdüləzim oğlunu qətlə yetirdikdən sonra həmin kənddə gizləndikləri qeyd 

edilmişdi. (ARTA, f.62, siy1, iş.41, v.70). 

1906-cı  il  iyulun  5-də  köç  yolunun  üstündə  yerləşən  Qalaçıq  erməni  kəndinin  silahlı  dəstəsi  ilə 

Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki 

verir.  Bundan  sonra  erməni  silahlı  dəstələri  türklər  yaşayan  Pul,  Ərikli,  Şükar  və  Məliklər  kəndlərinə 

hücum edərək onları viran qoymuş, əhalsini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin 

vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. (A-do, s. 288). 

Rəsmi  hakimiyyət  təmsilçiləri  erməni-müsəlman  davasında  ya  ermənilərin  tərəfini  saxlayır,  ya  da 

bütün  qanunsuzluqlara  göz  yumurdular.  Gorus  sahəsinin  müsəlmanları  25  iyul  1906-cı  ildə  Qafqaz 

canişininə  teleqram  göndərərək  Zəngəzur  qəzasının  rəisi  Mitkeviçin  öz  vəzifəsinin  öhdəsindən 

gəlməməsindən  şikayətlənirdilər.  Teleqramda  bildirilirdi  ki,  iyulun  9-da  Gorusun  müasir  silahlarla 

silahlanmış komitəçiləri (erməni terrorçu partiyaları nəzərdə tutulurdu) Eyvazlar və Davutlu kəndlərinin 

köçərilərinə qəfildən hücum etmiş, çobanı yaralamışlar. Müsəlmanlar qorxu içərisində qaçaraq Ağudi və 

Vağudi kəndlərinə sığınmışlar. Ermənilər Eyvazlıların 900, Davutluların isə 600 qoyununu və 300 iribaşlı 

heyvanını  aparmışlar.  Köçərilər  arana  təhlükəsiz  enmək  üçün  qəza  rəisi  Mitkeviçə  müraciət  etmişlər. 

Mitkeviç onları  əmin etmişdir ki, yolların təhlükəsizliyi təmin ediləcək və təqsirkarlar cəzalandırılacaq. 

Qəza rəisinə inanan köçərilər yola çıxmış, lakin yenidən ermənilərin hücumuna məruz qalmışlar. Pusquda 

duran  ermənilər  iki  tərəfdən  hücum  edərək  bu  dəfə  eyvazlıların  50  baş  iribuynuzlu  heyvanını  və  15 

xurcununu  aparmışlar.  Qəza  rəisinin  heç  bir  tədbir  görmək  istəmədiyini  görən  köçərilər  Qafqaz 

canişinindən onlara vurulan ziyanın ödənməsini və yeni qəza rəisinin təyin edilməsini xahiş etmişdilər. 

(“Kaspi”, 11 avqust 1906). 

“Kaspi”  qəzeti  12  sentyabr  1906-cı  ildə  erməni  qəzeti  “Nor-Xosk”  (“Yeni  söz”)  qəzetinə  istinadən 

xəbər  verirdi  ki,  Ordubada  Zəngəzurdan  təqribən  min  nəfər  var-dövlətini  itirən  müsəlman  qaçqınları 


gəlib. Qəzet həmin çılpaq və ac-yalavac qaçqınların dəhşətli görkəmləri olduğunu, onların vəziyyətlərinin 

düzəldilməsi üçün heç bir tədbir görülmədiyini yazırdı.  

“Kavkaz”  qəzetinin  Gorusdan  verdiyi  xəbərə  istinadən  “Kaspi”  qəzeti  həmin  tarixli  nömrəsində 

yazırdı  ki,  avqustun  son  günlərində  Ucanis,  Akarak  və  digər  erməni  kəndlərinin  silahlıları  Sultanlıq, 

Əhməd  bəy  Qışlağı,  Qurban  Qışlağı,  Atqız,  Fərəcan,  Xatın  bağı,  Saldaş  və  Göyyal  kəndlərinə  hücum 

edərək  15  qadın  və  kişini  öldürmüş,  bütün  tikililəri  yandırmış,  20  oğlan  uşağını  əsir  aparmışlar.  Daha 

sonra  qəzet  Zəngəzur  qəzasının  3-cü  polis  sahəsinin  “tatar”  kəndlərindən  Çullu,  Danzaver  (Armudlu), 

Ağvanlı, Yeməzli, Saralı, Xaşdan, Firudin bəy Qışlaqlı kəndləri, 5-ci sahədən isə İncəvar, Karxana, Xələc 

kəndləri  tamamilə  dağıdılmış  və  viran  qoyulmuşdur.  Xüsusən  Karxana  kəndinin  bütün  sakinlərini 

doğramışlar. Bunlardan əlavə, qəzet Qatar, Oxçu, Sabadin və Atqız kəndlərinin ciddi zərər gördüklərini 

yazırdı. (“Kaspi”, 12 sentyabr 1906) 

“Kaspi” qəzeti “Kavkaz” qəzetinə istinadən 22 sentyabr 1906-cı ildə yazırdı ki, sentyabrın 4-də Tatev 

və  digər  erməni  kəndlərinin  silahlıları  Ağvanlı  və  Danzaver  (Armudlu)  kəndlərinə  hücum  etmişlər. 

Sonuncu kəndin bütün əmlakları və tikililəri yandırılmış, üc nəfəri qətlə yetirmiş, 4 nəfəri yaralamış və bir 

nəfəri əsir götürmüşlər. 

Erməni  silahlı  dəstələri  boşaltdıqları  azərbaycanlı  kəndlərində  erməniləri  məskunlaşdırırdılar  ki,  bir 

daha  geri  qayıtmaları  mümkün  olmasın.  “Kaspi”  qəzeti  11  oktyabr  1906-cı  il  tarixli  sayında  yazırdı  ki, 

Zəngəzur  qəzasının  Harar  kəndindən  30  erməni  ailəsi  özbaşına  olaraq  Cavanşir  qəzasının  Umudlu 

kəndində məskunlaşıblar. Təqribən 100 ailədən ibarət həmin kəndin digər sakinlərinin isə Şuşa qəzasının 

Xankəndi  kəndi  ətrafındakı  “tatarlara”  məxsus  ərazidə  məskunlaşmaq  üçün  yola  çıxdıqları  qeyd 

olunmuşdur. 

M.S.Ordubadi “Qanlı illər”də 1906-cı ildə Zəngəzur qəzasının 5-ci sahəsində ermənilərin törətdikləri 

qırğınlar  haqqında  müfəssəl  məlumat  verdiyi  üçün  həmin  hadisələrin  qısa  xronologiyasını  oxucuların 

nəzərinə  çatdırırıq.  M.S.Ordubadi  yazır  ki,  1906-cı  ilin  yayında  ermənilər  Şuşa  qəzasında  məğlub 

olduqdan  və  öz  niyyətlərinə  çata  bilmədikdən  sonra  əsas  güclərini  Zəngəzurun  5-ci  sahəsinə 

yönəltmişdilər. Bu sahədə mis mədənləri və Oxçu dərəsindəki böyük və coğrafi mövqeyinə görə strateji 

əhəmiyyətli azərbaycanlı kəndləri yerləşirdi. Ordubadi Oxçu, Şəbədək, Pirdavudan və Atqız kəndlərinin 

müsəlmanlarının  ən  cəsur  və  sücaətli  adamlar  olduqlarını,  erməniləri  dəhşətə  saldıqlarını  qeyd  edir. 

Ermənilərin  Qafan  (Qapan)  dərəsində  topladıqları  silahlı  qüvvələri  kifayət  etmədiyindən  İrəvandan, 

Gümrüdən, Abarandan, Sörəyeldən əlavə qüvvələr çağırılmışdı. Şuşada məğlub edilən erməni silahlıları 

iyulun sonlarında mis mədənləri yerləşən Qatar tərəfə göndərilmişdi. Müasir silahlarla və toplarla təmin 

edilən  ermənilər  avqustun  9-da  Oxçu-Şəbədək  kəndlərinə  hücum  edirlər.  Köhnə  silahlarla  silahlanan 

azərbaycanlılar 4 gün ermənilərə müqavimət göstərmiş, onları mövqelərindən çıxararaq Kecalan erməni 

kəndinə  qovurmuşr  və  nəhayət,  erməniləri  məğlub  etmişlər.  Erməni  komandirləri  Qatardakı  ehtiyat 

hissələrini  və  ətraf  erməni  kəndlərindəki  silahlıları  da  cəlb  edərək  avqustun  14-də  Oxçu-Şəbədək 

kəndlərini işğal  edirlər.  Silah-sursatı  tükənən  azərbaycanlılar  Saqqarsu  dağına  çəkilirlər.  Kəndi  tərk  edə 

bilməyənlərin hamısını ermənilər qətlə yetirib bir-birlərinin üstünə qalaqlamışdılar. Tək-tək sağ qalanlar 

çıl-çılpaq Ordubada və Cəbrayıl qəzasının kəndlərinə pənah aparmışdılar. Bu qanlı cinayətin təsvirindən 

aydın  olur  ki,  XX  əsrin  sonlarında  Xocalıda  törədilən  soyqırımın  analoqu  həmin  əsrin  əvvəllərində 

Saqqarsuda törədilmişdi. 

Ordubaddan  Yelizavetpol  qubernatoruna  vurulan  yüzlərlə  teleqramdan  sonra  general-qubernator 

Ordubada  bir  rota  draqun  süvarisi  göndərir.  800  nəfərə  yaxın  Ordubadlı  könüllülərin  də  köməyi  ilə 

sentyabrın  16-17-də  Oxçu-Şəbədək  kəndləri  ermənilərin  işğalından  azad  edilir.  Sağ  qalan  əhalinin 

yenidən öz kəndlərinə qaytarılması prosesi başlanır. Ordubad tərəfdən gələn silahlı dəstələrdən ağır zərbə 

alan ermənilər qırğınlara ara verməyə məcbur olmuşdular. 

Azərbaycanlıların təşkilatlanması, “Difai” partiyasının ermənilərin terroruna terrorla cavab verməsi də 

onların  silahlı  qarşıdurmadan  əl  çəkmələrinə  səbəb  olmuşdu.  Lakin  qırğınlara  son  qoyulanadək  yüzlələ 

kəndi ermənilər viran qoymuşdular.   

Ümumiyyətlə,  M.S.Ordubadinin  verdiyi  məlumata  görə,  ermənilər  təkcə  həmin  ilin  avqust  ayında 

Zəngəzurun  Xələc,  Karxana,  Qatar,  İncəvar,  Çöllü,  Yeməzli,  Saldaşlı,  Mollalar,  Batuman,  Oxçu, 

Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq, 

Lov, Daşnov kəndlərini viran qoymuş, əhalisini qətlə yetirmişdilər.  

Erməni müəllifi S. Zavaryanın verdiyi məlumata görə isə 1905-1906-cı illərdə Zəngəzur qəzasında 43 

müsəlman,  14  erməni  kəndi  dağıdılmışdır.    Ümumiyyətlə  isə,  1905-1906-cı  illər  erməni  müsəlman 

iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı 

yaşayış məntəqəsi viran edilmiş, əhalisi soyqırıma məruz qoyulmuşdur.   



Digər erməni müəllifi A-do dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndlərinin adlarını aşağıdakı 

kimi  təsbit  etmişdir:  Bayandur,  Hələk,  Binəyeri,  Kosalar,  Malıbəyli,  Cağazur,  Çaylı,  Kalavalax, 

Novruzlu,  Cecimli,  Hacılar,  Bağırbəyli,  Qarahunc,  Unanav,  Kürdlər,  Ağvani,  Danzaver  (Armuldlu), 

Sisyan,  Ağudi,  Dərabas,  Pul,  Ərikli,  Şükar,  Məliklər,  Yeməzli,  Xəştap,  Almalı,  Karxana,  Qatar,  Cibili, 

Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclıli, Buğaçıq, Kollu-Qışlaq, Mtnadzor, 

Sanalı. 


Ümumiyyətlə, 1905-1906-cı illər qırğınları zamanı 252 kənd və 7 şəhər dağıdılmış və böyük itkilərə 

məruz  qoyulmuşdur.  Hesablamalarımıza  görə,  həmin  kənd  və  şəhərlərin  təqribən  200-ü  azərbaycanlı 

yaşayış  məntəqələrnin  payına  düşür.  Həmin  illərdə  ermənilərin  yeni  ərazilər  əldə  etmək  niyyətlərini 

silahlı  müdaxilə  yolu  ilə  həyata  keçirmək  üzündən  Qafqazın  12  qəzasında  1,3  milyon  nəfər  bir-birinə 

düşmən kəsilərək iki cəbhəyə bölünmüşdü.  15 mindən artıq ailə (təqribən 100 min nəfər) ev-eşiyindən 

didərgin  düşmüşdür.  İnsan  tələfatı  10  min  nəfərdən  artıq  olmuşdur.  Dağıntılara  məruz  qoyulan 

azərbaycanlı yaşayış məntəqələrinin bir qizmi həmin vaxtdan etibarən xarabalığa çevrilmişdir.  

Ermənilərin  1905-1906-cı  illərdə  törətdikləri  qırğınların  miqyasını  daha  dəqiqliklə  ifadə  etmək  üçün 

Qafqaz canişinliyinin həmin dövrə aid arxiv sənədlərini də tədqiqata cəlb etməklə ciddi araşdırılmasına 

ehtiyac vardır.  



 

Nazim Mustafa 

 

 



Yüklə 304,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin