KAZIMLILAR BULAQLARI
Kazımlılar bulaqları - bu məhəllədə hərənin öz bulağı həyətyanı bağçasından öz-özünə çıxirdı. Bu məhəllənin relyefi və şəraiti bam-başqa idi. Haranı qazırdinsa ordan mütləq su çıxmalıydı. Elə ona görə də burada yaşayanlar sudan korluq çəkməzdilər və həm də bağ-bağatların yaşıllığı göz oxşayırdı.
Bu məhəllədə çox geniş olmayan süni Həsən gölü var idi. Onun axan yerin tutardılar və göl bir günə dolduqdan sonra açıb suyu bu-raxardılar və həyətyanı bağlarını suvarardılar.
QOŞA KƏHRİZ
Qoşa kəhriz – XX- əsrin əvvəllərində, hətta 1950-ci illərə kimi Təpə kəhrizin və Muxtar kəhrizin suları, Qarağan təpənin qərb tərəfində yerin altındakı quyularda birləşib bir kəhriz kimi fəaliyyət göstərdiyindən belə adlandırırdılar.
Bu haqda Azərbaycanın xalq Yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” kitabında da “qoşa kəhriz”-i qeyd etimişdir.
1950-ci ildən bu kəhrizləri ayırdılar. Muxtar kəhrizin çıxışı Dəli çaya, Təpə kəhrizin çıxışı isə Abışlı bağın şərq hissəsində, Dəli çayın qəbiristanlığa ayrılan yolun yanında idi. Biz uşaqlıq illərində, gündüzlər kəhrizdə qız-gəlinlər olmayanda, yayın cırha-cırında ora gedib çimərək sərinləşərdik. Suyu o qədər soyuq olardı ki, biz həmişə uşaqlarla mübahisə edərdik, kim bir dəqiqə suyun içində qala bilər. Bu isə Təpə kəhrizin suyunda mümkün olmurdu.
QOZDİBİ KƏHRİZİ
Qozdibi kəhrizi – Təpə kəhrizlə Qozlu çay arasında, kolxoz bağının başlanğıcında və burada olan iri qoz ağaclarının yanında yer səthinə çıxdığına görə “Qozdibi kəhrizi” adı vermişlər. Bu kəhriz öz mənbəyini Qarağan təpənin aşağısından götürür.
Mənim şirin xatirələr kimi yaxşı yadımdadır, Novruz bayramı günündə, Aralıq yol Şahverənlilər, Güney məscid altı və Əmirqulular məhəlləsinin cavan oğlan və qızları, çillə çıxarmaq üçün İmanov Şükürün evinə yığışıb səhərə kimi çalıb-oxuyaraq şənlənərdik. Səhər o başdan, dan yeri sökülməmiş biz gedərdik Namazalı kəhrizinə. Eşitmişdik ki, Namazalı kəhrizin üstündəki olan söyüd ağacları, Novruz bayramı günü yəni: köhnə il təzə ilə təhvil verilən gecəsi dan yeri sökülməmiş başlarını suya əyib kəhrizdən su içirlər. Deyərdilər kim onu görsəydi, bütün arzuları yerinə yetəcək. O qədər çalıb oynamışdıq ki, kəhrizin başında oturub söyüdün əyilib su içməyini izləyə-izləyə hamımız yuxuya getmişik. Bir də ayıldıq ki, gün çıxır. Pərişan halda hamımız heyifsilənərək getdik “Qozdibi kəhrizi”- nə və adətə görə üzüm tənəyinin altından üç dəfə o yana, bu yana keçərək, sonra kəhriz suyunun üstündən üç dəfə tullandıq və ağırlığımızı suya verdik ki, yüngülləşək. Daha sonra həmin hündür qoz ağaclarından ip asaraq yelləncək düzəldib yellənərdik və şənlənərdik. Yelləncəkdə yellənən qız və ya oğlanları nar ağacından düzəldilmiş çubuqla ayaqlarına vurardılar ki, “Nişanlının adını de”, deyib gülüşərdik. Yelləncəkdə olan utanaraq yavaşca adını deyər, yada ki, göz mimikası ilə işarə verərdi.
Dostları ilə paylaş: |