8-6. Məhəbbət
Şərqdə və Qərbdə
Şərqdə məhəbbət işığı idrak
işığını söndürür, Qərbdə – əksinə.
Əbu Turxan
Əlbəttə, aşiq olmaq adamın özündən asılı deyil. Amma onu tənzimləmək, digər ali hisslərlə tamamlamaq insanın öz işidir; insanlıq borcudur. İnsanlıq aşiqliyə qurban verilə bilməz. İfrata vardırılan eşq istənilən halda faciə ilə sonuclanır. Vüsal olmayanda bu hissin faciəyə gətirəcəyi aydındır. Bəs vüsal olanda necə?
Yeri gəlmişkən, şairlər belə böyük eşqləri nəyə görə vüsalla tamamlamırlar? Çünki vüsal ideallaşdırılmış eşqin qənimidir. Həsrət isə, əksinə, eşqi daha da alovlandırır.
Nəsimi deyir:
Səndən irağ, ey sənəm, şamü səhər yanaram,
Vəslini arzularam, dəxi betər yanaram.
Məndən irağ olduğun bağrımı qan eylədi,
Oldu gözümdən rəvan xuni-cigər, yanaram.1
Bu misralar Şərq poeziyası üçün çox səciyyəvidir. Məhəbbətdən ancaq vüsalaqədərki mərhələdə, əlçatmazlıqdan doğan yanğı, həsrət hissi, qəm-kədər vəsf olunur. Bu məhəbbət real həyat müstəvisinə, insanlararası münasibətə tətbiq olunmaq üçün deyil. Çünki qarşı tərəfə adekvat olmayan münasibət bəslənir və reallıqla üzləşdikdə heç də hər şeyin fərz edildiyi kimi olmadığı üzə çıxır. Yəni evlənmək üçün, ailə qurmaq üçün sevgi əsas şərt olsa da, kafi şərt deyil. Ailə qurarkən insan istər-istəməz həyatın nasiranə reallıqları ilə də üzləşməli olur. Sevdiyi insanla da sonrakı münasibətlər istər-istəməz bu reallıqlarla vasitələnir. Əlbəttə, bütün bunlar qabaqcadan nəzərə alınsa, bütün hisslər bir hissə müncər edilməsə, sevənin qəlbində sevgilidən başqa həyatı reallıqlar üçün də yer saxlansa, belə sevginin ömrü uzun ola bilər. İfrata varmış hissiyyat isə reallığa sığmadığı üçün parçalanmağa məhkumdur.
Bəli, aşiq olmaq adamın özündən, yəni iradəsindən asılı deyil, amma səviyyəsindən asılıdır. İfrata varılması, hansı isə hissin mütləqləşməsi mənəvi aləm ahəngdar inkişaf etmədikdə, intellektual-mənəvi səviyyənin hələ aşağı olduğu çağlarda mümkündür. Təsadüfi deyildir ki, adətən ilk məhəbbət ifrata varır. Və bu da təsadüfi deyildir ki, müdriklərimiz «ilk məhəbbətin gözü kor olar», – demişlər. İlk məhəbbət – dərk olunmamış, insanın özü üçün aşkarlanmamış məhəbbətdir. Yəni burada şüur yox, qeyri-şüuri başlanğıc (aşkarlanmayan şüur) həlledici rol oynayır. Bundan başqa, bu yaş həddində insanın digər böyük duyğuları – valideyn qarşısında borc, millət və vətən sevgisi, insanlıq məsuliyyəti hələ formalaşmamış olduğundan, tez baş qaldıran bir hiss mənəvi aləmdəki bütün boşluğu dolduraraq öz monopoliyasını yaradır. Bu hiss Səmərqəndi, Buxaranı bir gözəlin qara gözlərinə qurban verməkdən daha güclü bir hissdir. Çünki öz həyatını vermək əzmindədir. Hətta daha çox; dünyada böyük, gözəl, möhtəşəm nə varsa, – hamısı bir fərdi məhəbbətə qurban verilə bilərmiş. Bu ideya C.Cabbarlıya məxsus pafosla belə ifadə olunur:
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın…
Mən bir sönməz ulduzam ki, daim işıq saçarım.
Mən bir susmaz bülbüləm ki, güldən-gülə uçarım.
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın,
Oxu, bülbül, bəlkə yarım oyansın…1
Hisslər necə də möhtəşəmdir! Heç şübhəsiz, Şərq poetik təfəkkürünün ən gözəl nümunələrindəndir.
Lakin vəcd məqamında hissin kükrəyib-coşması, zirvəyə yüksəlməsi poeziya üçün nə dərəcədə məqbuldursa, bir anın yox, daha böyük zaman intervalınının, insan ömrünün, bəşər tarixinin məntiqindən çıxış edən sağlam düşüncə üçün o dərəcədə yolverilməzdir. Çünki bu şerdə də bütün klsassik Şərq poeziyasına uyğun olaraq məhəbbət eqoist səciyyə daşıyır. Günəş olmasa – həyat da olmaz, sevənlər də! Biz şairi müstəqim mənada, nasiranə anlamaq mövqeyindən çox uzağıq. Amma, bununla belə, gülün və günəşin daha universal sevgi rəmzləri olduğunu da unuda bilmərik. Yəni ən gözəl hissin də ifrata varılması onun öz əksliyinə çevrilir.
Əlbəttə, poeziyada önəmli olan hissdir. Bir hiss tərənnüm olunurkən, yerdə qalan hər şey yaddan çıxarılır. Ona görə də, poetik təfəkkürlə çox da uzağa getmək mümkün deyil. Real həyatda isə sevgi hisslə əqlin vəhdəti şəklində təzahür edir. Sadəcə, insanın öz hisslərini anlamaq və onu reallıq müstəvisinə keçirə bilmək səriştəsi olmalıdır. Özünü hisslərin ixtiyarına buraxmaq fərdi azadlığın yüksək dərəcəsi olsa da, hissləri cilovlamaq, ictimai reallığı, başqalarının varlığını və hisslərini də nəzərə almaq sosial yetkinliyin, şəxsiyyət azadlığının yüksək təzahürüdür. Məhz sosial müstəvidə məhəbbətin duyğusal komponenti ilə yanaşı, əqli komponenti də inkişaf edir.
Şərqdə isə hiss əqlə yer qoymur. Görünür, belə bir disbalansın nəticəsidir ki, fərdi məhəbbətinin əsiri olanlar, nəinki başqa insanların, heç sevgilisinin də duyğularına sayğı ilə yanaşmırlar. Sevgili üçün dünyaları verməyə hazır olanlar onu duymaq və bu duyğuya hörmət bəsləmək «əziyyətinə» qatlaşa bilmirlər. Bunun nəticəsidir ki, «qız qaçırmaq» ənənəsi kimi vəhşi bir hala haqq qazandıranlar da tapılır. Və bəzən bunu böyük məhəbbətin sosial maneələrə qarşı mübarizəsi kimi dəyərləndirirlər. Bəs qız özü razı olmayanda belə bir addım atanlar hansı mənəvi mühitin yetirmləridir? Qərbdə bu ancaq cinayət kimi qiymətləndirilir. Bizim hüquq normalarına görə də belədir. Amma bəs bunu adət kimi qələmə verməyə çalışanların nəzərində necə?
Belə halların baş verməsi hissin böyüklüyündən yox, intellektin zəifliyindən, digər hisslərin və həyatın mənası haqqında, insanın sosial və mənəvi məsuliyyəti haqqında bilgilərin azlığındandır.
Hissin böyüklüyü bəzən onun hələ diferensiallaşmamış olmasının nəticəsidir. Hisslərin tərbiyə olunması, insanın öz hisslərini dərk etməyə çalışması və onları fərqləndirməsi, təsnif etməsi, səbəblərini anlaması mənəvi-intellektual inkişafın məqamlarıdır. Yəni məhəbbət ancaq hiss müstəvisində deyil, tntellekt müstəvisində də nəzərdən keçirilməlidir. Güclü hissin idarə olunması üçün dərin düşüncə və böyük iradə tələb olunur. Horatsi demişkən, əqllə idarə oluna bilməyən böyük qüvvə öz məxsusi ağırlığı altında əzilməyə məhkumdur. Mənəviyyatsız adamın ağıllı olması ziyan verdiyi kimi, ağılsız adamın da hissiyatının güclü olması ziyanlıdır.
Amma məhəbbətə bu cür baxışın əleyhdarları da vardır. Xüsusən də Şərqdə. Bu mövqeyin konseptual ifadəsini mən hələ təqribən 30 il bundan əvvəl tanınmış filosoflarımızdan birinin münasibətində görmüşəm. O vaxt mən hələ BDU-nun aspirantı olarkən «Məhəbbət və intellekt» kitabı üzərində işləyirdim. Şərq poeziyasının fəlsəfəsi ilə məşğul olan və bu problemin mütəxəssisi saydığım professor Camal Mustafayev mənim bu təşəbbüsümdən xəbər tutunca çox hiddətləndi: – «Ah, siz fiziklər, bircə məhəbbət qalıb saf, təmiz, buna da intellektmi qatmaq istəyirsiniz?». «Məsləhət bilmirəm», – dedi. Əlim işdən soyudu, neçə illər ərzində bu mövzuda vaxtaşırı qeydlər etsəm də, kitabımı yazmadım.
«Hər pis şeyin yaxşı tərəfi də var», – deyirlər. Bu vaxt ərzində mən məhəbbətin intellektual-fəlsəfi aspektləri ilə əlaqədar daha çox mənbələrlə tanış ola bildim. Ona görə də, üstündən 30 il keçdikdən sonra mən öz mövqeyimdə daha israrlıyam. Əqllə sərinləşdirilməyən yanar məhəbbət uçub gedəcək. Bu yerdə Əbu Turxanın bir bəndi yadıma düşdü:
Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək.
Belə düşünmək ki, Şərq həmişə duyğusal olmuş və əqlin rolunu dəyərləndirməmişdir, – səhv olardı. Əksinə, rasionalizm ilk dəfə Şərqdə təşəkkül tapmışdır. Elm, bilik də məhəbbətdən az vəsf olunmamışdır. Hətta sevgilərin ən böyüyü əqlə, kamala ünvanlanmışdır.
Yuxarıda Əbu Turxandan misal gətirdiyimiz rübaidə diqqət tarixən «gül» və «bülbül» təşbehlərinin mənasının dəyişməsinə yönəldilmişdi. Başqa bir şerində Əbu Turxan bülbülün gülə sevgisini vətən hissi ilə əlaqələndirir:
Elə ki, bülbül ahu-zar edir,
Gülə sevgisini bil, izhar edir,
Gül ona vətəndir, burda sevənlər
Vətəni özünə nazlı yar edir.
Lakin təəssüf ki, sonralar İslam şərqində renessans dövrü keçdikdən, hisslər öz əvvəlki yüksək məzmununu itirdikdən, hikmət mərtəbəsindən zövq-səfa mərtəbəsinə endikdən sonra eşqin hüdudları da məhdudlaşmış, gül-bülbül münasibəti də ancaq oğlanla qız arasında münasibət çərçivəsinə salınmışdır.
Şərq ölkələrində ancaq kapitalist ictimai-iqtisadi münasibətlərinin formalaşmağa başladığı dövrdə milli hiss, dövlətçilik şüuru, vətən sevgisi yenidən güclənmişdir. Bu baxımdan, XX əsrin əvvəlləri Azərbaycanda bütün mənalarda mənəvi yüksəliş illəri olmuş, insanlar azadlıq və səadətin ancaq milli istiqlal sayəsində əldə edilə biləcəyini dərk etmiş, vətən sevgisi güclənmiş, yeni məzmun və mündəricə kəsb etmişdir. Məhz bu dövrün ab-havası Abbas Səhhətə Vətən haqqında «sevgili canan», «könlümün sevgili məhbubu», – deməyə imkan vermişdir.
Yaxud Əhməd Cavad Azərbaycan Demokratik Cumhuriyyətinin yaranması ilə əlaqədar öz sevinc və məhəbbətini belə ifadə edir:
Sən qüdrətin aşıb-daşan vaxtında,
Mələklərin gülüşündən yarandın.
Səhər dilli bir fincanın əli ilə
Ahuların duruşundan yarandın.
Ay işığı, gözəlliyin, qızlığın,
Çiçəklərlə öpüşündən yarandın.
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandım .1
Bu şer parçasını öz kitabında iqtibas gətirən professor Şamil Qurbanov yazır: «Azərbaycan Demokratik Respublikası xalqımız üçün onun taleyinə doğan dan ulduzu, «qaranlıqda boğularkən» ümidsizliyə qapıldığı bir vaxtda göydən enmiş ilahi bir qüvvənin ərməğanı idi. Şairi və onun oxucularını belə bir yüksək poetik pafosa sövq edən də, gözünə işıq, qəlbinə sevinc verən də məhz bu möcüzəli bir varlıq idi».1 Milli istiqlalın yaratdığı fərəh duyğusu həm də vətən sevgisinin təzahür formasıdır.
Abbas Səhhət və Əhməd Cavad kimi müqtədir şairlərin vətən sevgisini tərənnüm etməsi müəyyən mənada ənənəvi Şərq poeziyasının hüdudlarını keçmək anlamını versə də, bu sevginin ifadə formaları yenə də Şərq poetik təfəkkürünə uyğun gəlir. İlk baxışdan belə düşünmək olar ki, əsas forma yox, mövzudur; yəni sevginin ünvanı dəyişilmişdir. Lakin burada forma özü də bilavasitə mentaliteti ifadə edir. Belə ki, şairlərimizin yenə də sevgili qızlara, gözəllərə ünvanlanmış ənənəvi ifadələrdən, metaforalardan, bənzətmələrdən istifadə etməsi sevgi hissinin hələ də diferensiallaşmaması, daha çox abstrakt səciyyə daşımasının nəticəsidir. Qərbdə isə hətta poetik obrazlar da konkretləşmiş, vətənin, azadlığın, istiqlalın yaratdığı sevgi duyğuları spesifik bədii ifadə forması kəsb etmişdir. Burada hər şey məhəbbətdə əqli komponentin iştirak dərəcəsindən asılıdır.
Bəli, Qərb sevgisi rasionallaşdırılmış və görünür məhz bunun sayəsində diferensiallaşmış sevgidir. Yəni ancaq sevginin obyekti dəyişmir, onun xarakteri də, məzmunu da dəyişir. Məsələn, vətən sevgisi daha «ay işığından» deyil, dövlətçilik şüurundan, vətəndaşlıq qürurundan qidalanır.
Qərbdə dövlətçilik şüuru, milli təəssübkeşlik və vətən hissi də intellekt süzgəcindən keçərək formalaşmışdır. İntellekt isə hər şeyi öz yerinə qoyduğundan, hissləri tənzim etdiyindən Qərbdə insanın əməli də, hissi də ictimai normalar çərçivəsində inkişaf etmişdir. Məhəbbət daha çox intellektual təsirə məruz qalmış və sosiallaşmışdır.
Şərqdə də ictimai şüur, mövcud əxlaq normaları, adət-ənənə məhəbbət hissinə təsir edən amillər sırasındadır. Lakin burada məhəbbətin fərdilik dərəcəsi, məhrəmliyi yüksək olduğundan daha çox iç dünyasına aid olmuş, sosiallaşmAmışdır. Digər tərəfdən, ictimai amil çox vaxt vüsala maneə kimi ortaya çıxdığından, məhəbbət reallığın baryerlərini aşmaq üçün daha yüksək emosional potensial kəsb etməli olur. Lope de Veqa məhz bu cəhəti nəzərə alaraq demişdir: «Məhəbbəti heç nə keçilməz maneələr qədər artırmır». 1
Məhəbbət hissinin artıqlığı isə, Qərbdə çox vaxt pis əlamət hesab olunmuşdur. Ailənin maraqları ön plana çəkildiyindən sevgi amili imkan daxilində istisna olunur. L.Stonenin «1500-1800-cü illərdə İngiltərədə ailə, seks və evlənmə» əsərində yazdığı kimi yeni dövrün ilk əsrlərində bü ölkədə romantik məhəbbət və etirasın nigah üçün əsas kimi götürülməsi ittiham olunurdu.2 Fransada isə sevgi və etiras ancaq məşuqə saxlamaq üçün əsas ola bilərdi; ailə qurmağın şərtləri isə daha çox ölçülüb-biçilmiş planlar əsasında qurulurdu.3 Həmin planlar ki, biz ona həmişə rişxəndlə yanaşmışıq. «Əhməd haradadır?» filmində «məgər evlənmək də planladır?», – sualı hətta bizim çağdaş düşüncə üçün də çox səciyyəvidir. Ürək hökm edən yerdə ağıl nə haqla plan qurur? Burada biz ifrat Qərb düşüncəsi simvolizə etmək üçün Əbu Turxandan misal gətirdiyimiz bir şeri yada salmaq istərdik:
Çox uzun sürən hiss, həyəcanlar,
Qərinələr, illər, lap qısa anlar,
Hamısı zamanın hissələridir,
Böyük bir planın hissələridir.
Bizdə belə bir fikir var ki, guya ailənin planlaşdırılması ideyası məhəbbətin ülviyyətinə qəsddir. Qərbdə isə, göründüyü kimi, məhəbbət özü az qala ailə planlarına qəsd kimi dəyərləndirilir. Qərdə gənclərin evlənməsi, ailə qurması ilə bağlı bir sıra tədqiqatlara nəzər saldıqda təəccüblənməmək olmur. Məsələn, son vaxtlarda Nobel mükafatına layiq görülmüş tədqiqatlardan birində «nigah bazarı»ndan bəhs edilir, Şərq poeziyasında ənənəvi olan aşiq-məşuq münasibətləri bazar iqtisadiyyatı konteksinə salınır. Amerika iqtisadçısı Q.S.Bekker «İnsan davranışı; iqtisadi yanaşma» əsərində yazır: «İnsan nigah bazarına daxil olarkən ümid edir ki, onun nigahda qazancı subaylıq zamanındakına nisbətən çox olacaq».1
Qərbdə evlilik məhəbbət və ya cinsi münasibət mənasında yox, daha çox dərəcədə birgə mülkiyyət və birgə təsərrüfat mənasında başa düşülür. Hüquq müstəvisində evlənmək və boşanmaq prosedurları da müvafiq olaraq mülkiyyətin birləşməsi və bölgüsü məsələsi kimi ortaya çıxır. Kiminlə isə «dostluq» etmək, müntəzəm cinsi münasibətlərdə olmaq evlilik üçün əsas sayılmır. Q.S.Bekker yazır: «Məsələn, kişi və qadın uşaqların tərbiyəsində, ev təsərrüfatında və digər faydalı məsələlərdə ailə qurmağın əhəmiyyətli olduğuna əmin olana qədər nigaha girməyi təxirə salırlar».2
Əlbəttə, kapitalizm dünyasında bütün məsələlərdə olduğu kimi, ailə qurulmasında da kapitalın ən önəmli fakt kimi ortaya çıxması təəccüblü olmamalıdır. Həm də belə düşünmək ki, qərblilər məhəbbəti ümumiyyətlə nəzərə almırlar, – düzgün olmazdı: «Oxucular soruşa bilərlər ki, mənim tədqiqatlarımda romantik bağlılıq üçün də yer vardırmı, yoxsa məhəbbət iqtisadi yanaşma çərçivəsində öyrənilmək üçün həddindən artıq emosional və irrasionaldırmı?».3 Bu konteksdə Qeri Bekker müasir Qərb ölkələrində bəzi cəmiyyətlərdən fərqli olaraq, nigah zamanı məhəbbətin hər halda nəzərə alındığını da qeyd edir.4 Bu «bəzi cəmiyyətlər» görəsən hansılardır? Nə qədər paradoksal görünsə də, Bekker yəqin bizi, islam ölkələrini nəzərdə tutur. (Kor kora lağ etməsə, bağrı çatlayar). Görünür, burada çadra amili əsas rol oynayır. Sifətini görmədiyin, toxunmAdığın adamı sevmək Qərb təfəkkürü üçün anlaşılmazdır. Digər tərəfdən, Qərbdə belə təsəvvür var ki, müsəlman ölkələrində qızı ərə «başlıq» müqabilində verirlər.
Doğrudan da, Qərbdə başlıq yoxdur, lakin əvəzində plan var. Başlıq isə Şərqdə heç də universal xarakter daşımır və həm də bəzən rasional motivlərə əsaslanır. Məsələn, qərblilər başlıq alsaydılar, onun məbləği ali təhsilli, çox görmüş, çox gəzmiş qızlar üçün daha böyük olardı. Türkmənistanda isə orta təhsilli qız üçün başlıq ali təhsillidən artıqdır. Ən yüksək məzənnə isə heç təhsil görməmiş, evdən-eşiyə çıxmamış qızlar üçündür. Deməli, əsas məsələ hansı meyarlardan çıxış etməkdə, nəyə üstünlük verməkdədir. Meyar haradasa təcrübə, bilik və sərbəstlik, haradasa məsumluq, itaətkarlıq və bakirəlik dərəcəsidir.
Başlıq almayan Qərb ölkələrində qızın ailə büdcəsinə nə qədər gəlir gətirəcəyi haqqında mülahizə əsas yer tutur. Təzahürlər fərqli, mahiyyət isə eynidir. Lakin Qərblilər öz iqtisadi maraqlarını daha ustalıqla maskalaya bildiyindən sadəlövh şərqlilərə lağ etməkdən çəkinmirlər.
Qərb tərbiyə sistemində, o cümlədən, bizim pedaqoqların indi də istifadə etdiyi sovet pedaqoji sistemində məhəbbət hissi yüksək mənəvi dəyər kimi geniş şərh olunmamış və bir çox hallarda sadəcə cinsi ehtiyacla və ya evliliklə, ailə ilə bir səviyyədə təqdim olunmuşdur. Məsələn, L.V. Vorobyovun orta məktəblər üçün dərs vəsaitinə daxil edilmiş məqaləsində deyilir: «Məhhəbbətin sirri heç də ülvi-səmavi yox, cismani-çağdaş mənşəyə malikdir. Cinsi münasibətsiz məhəbbət mümkün deyil».1 Yəqin ona görə də, kimsə kimi isə sevib-sevməyəcəyini bilmək üçün əvvəlcə yaxın münasibətlərdə olmalı imiş. Qərbdə bu cür yanaşmanın əsas səbəbi məhəbbətin cinsi həyatla həqiqətdə olduğundan daha artıq əlaqələndirilməsidir.
Əlbəttə, Qərb fəlsəfəsində də, rus ədəbi-bədii və fəlsəfəi fikrində də məhəbbətdən yüksək mənəvi-estetik hiss kimi bəhs olunan məqamlar az deyil. Zadəganlıq dövründə Rusiya daha çox dərəcədə Şərq ölkəsi idi. Əks təqdirdə, Puşkin poeziyası, «Yevgeni Onegin» kimi şərəf və məhəbbət dastanları yaranmazdı. Lakin zaman keçdikcə məhəbbət ideyasının tənəzzülünü görürük. Dünya ədəbiyyatının şedevri olan «Anna Korenina» artıq geriyə doğru bir addımdır. Ona görə yox ki, L.N.Tolstoy bir sənətkar kimi Puşkinə nəzərən geriləmədir; ona görə ki, ictimai reallığın, mənəvi mühitin özündə tənəzzül vardır. Qərbi Avropada isə bu geriləmə daha əvvəl başlanmışdı. «Tristan və İzoldası», «Romeo və Cülyettası» olan xalqların ədəbiyyatı, görünür, kapitalizm cəmiyyətinin yaratdığı yeni mənəvi mühitin təsirindədir ki, böyük məhəbbətdən erotikaya doğru eniş yolu keçmişdir. Bəli, bunu reallığın özü tələb edirdi. Düzdür, Azərbaycan ədəbiyyatında məhəbbətə münasibətdə romantik ənənələr zəifləsə də, hələ davam edir. Amma təəssüf ki, gerçək ictimai reallığımız heç bu zəifləmiş ədəbiyyatımıza da uyğun gəlmir. Bununla belə, bizcə, bu məqamda ədəbiyyat realistik, təsviredici olmaqdan daha çox, romantik və xilaskar missiyanın daşıyıcısı olmalı, ideala səsləməlidir. Halbuki, reallığı da qabaqlamağa çalışanlar, Avropa ədəbi mühitində gedən müasir prosesləri ədəbiyyatımıza gətirməyi az qala qəhrəmanlıq hesab edənlər də var.
Şərq məhəbbət poeziyasında eşqin etalonu kimi təqdim olunan məcnunluq fenomeni Qərbdə psevdoməhəbbətin formalarından biri hesab olunur. Maraqlıdır ki, bu mövzuda Şərq poeziyası kontekstində yox, psixi xəstələri müayinə kontekstində söhbət açılır. XX əsrin böyük psixiatrı və filosofu Erix Fromm yazır: «Psevdoməhəbbətin geniş yayılmış və çox vaxt (bədii filmlərdə və romanlarda) «böyük məhəbbət» kimi təqdim olunan forması – bütpərəst məhəbbətdir. Əgər insan özünü, öz fərdiyyətini dərk etmək səviyyəsinə yüksəlməyibsə, onda o, öz sevgilisini ilahiləşdirməyə, onu özü üçün pirə, qibləgaha çevirməyə meyllidir. O, öz şəxsi qüvvələrindən ayrılaraq bu qüvvələri sevgilisinə yönəldir və ona summum bonum (lat. – ali fəzilət) kimi, ümumiyyətlə, bütün məhəbbətin, bütün işığın, hər cür fərəhin daşıyıcısı kimi pərəstiş edir».1
Qərbdə məhəbbət real cismani həyatdan ayrılmır. E.From yazır: «Məhəbbət ancaq o zaman mümkündür ki, iki nəfər bir-biri ilə mövcudluğun ən dərin qatında ünsiyyət saxlayır və ona görə də onların hər biri özünü bu dərin qatda yaşaya bilir. İnsan gerçəkliyinin, həyatiliyin, məhəbbətin əsası, təməli ancaq burada, bu «dərin» yaşantıda qoyulmuşdur. Bu cür yaşanan məhəbbət – müntəzəm çağırışdır; bu, – istirahət yox, hərəkət, inkişaf, birgə fəaliyyətdir…2 Qərbdə bu cür yanaşma tərzi ədəbiyyat və kinoda da təbliğ olunr. Lakin təəssüf ki, bir çox hallarda müasir Qərb dünyası daha çox bayağılaşmış, heyvani səviyyəyə enmiş hissləri önə çəkir. Reallıq örnək olmaq səlahiyyətini itirir.
Ona görə də, biz gənclərə öz ideallarını bugünkü reallıqdan deyil, klassik milli ədəbiyyatdan seçmələrini tövsiyə edərdik. Ən azı tədris proqramlarında ali duyğularımızın daşıyıcısı olan klassik ədəbi-bədii irsə daha çox yer verməliyik. Lakin bir şərtlə ki, böyük ideallara səsləyən ədəbiyyat da ictimaiyyət tərəfindən dəstəklənsin və cəmiyyətdə ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə qayıdış istiqamətində real proseslər getsin. Ancaq bu yolla gələcəyə alnı açıq getmək olar.
Cəmiyyət insana öz ürəyinin hökmü ilə yaşamaq imkanı verməlidir. H.Cavidin, C.Cabbarlının keçən əsrin əvvəllərində qoyduğu bu tələb Qərbdə hələ indi-indi gah «insanın hüquq və azadlıqları», gah «gender» problemləri adı altında gündəmə çıxarılır və bizə müasir Qərb dəyərləri kimi təqdim olunur. Lakin Qərb bu dəyərlərin milli-mənəvi invariantlarla uyğunlaşdırılması problemini hələ də həll edə bilməmişdir. Böyük ədiblərimiz isə hələ o vaxt bir addım qabağa getmiş və cəmiyyətin yaratdığı çəpərləri uçurmaq tələbi ilə kifayətlənməyərək istəklərin özünü yüksək mənəvi pilləyə qaldırmaq, qadağaları könüllülüklə, könlün ucalığı ilə əvəz etmək mövqeyindən çıxış etmişlər.
Bakirəlik də, mənəvi saflıq, təmizlik də gözübağlı saxlanmaqla yox, hissləri şüurlu surətdə idarə edəcək bir səviyyəyə yüksəliş sayəsində qorunub saxlanmalıdır. Lakin yüksəliş üzünü açmaqla, açıq-saçıq olmaqla qarışıq salınmamalıdır. Çadranın atılması müstəqim mənada başa düşülməməli, üzlərin yox, gözlərin açılması ön plana çəkilməlidir. Biz bir dəfə bu səhvi etmişik. Hətta, çadraya qarşı çıxmağın simvolunu yaratmış C.Cabbarlı da sonrakı illərdə hadisələrin başqa istiqamətdə gedişindən narahat olaraq «Hürriyyəti-nisvan» şerini yazmış, «mən belə azadlığa səsləmirdim», – demişdir.
Bu gün biz gözəlliyin, ülvi hisslərin, məhəbbətin tərbiyəvi funksiyasından danışarkən, eyni zamanda əqllə hissin optimal nisbətinin də nə dərəcədə zəruri olduğunu nəzərdən qaçırmamalıyıq.
Hər hansı bir həyat tərzi, hər hansı bir əqidə, hətta hər hansı bir geyim insana kənardan, icbari yolla qəbul etdirilməməlidir. Namus, ismət də kişi diktatının və ya çadranın sayəsində deyil, mənəvi bütövlüyün ayrılmaz tərkib hissəsi kimi, daxildən gələn tələbat kimi mövcud olmalıdır.
İnsanın bütün həyatı, əməli fəaliyyəti onun şəxsi arzu və istəklərinə uyğun gəlməli, istək və əməl bir harmoniya təşkil etməlidir.
Dostları ilə paylaş: |