Esmira Fuad (Şükürova)
Güney Azərbaycanda 2013-cü ilin ədəbi yekunları
Hindistanın keçmiş baş naziri Mahatma Qandi yazırdı: “Dünyada bu qədər insanın diri qalması göstərir ki, dünya silahların gücünə deyil, həqiqət və məhəbbətə güvənmişdir. Həqiqətin və məhəbbətin danılmaz gücü bu gerçəklikdə qorunur ki, böyük dünya savaşlarına, yüz minlərcə ailələrin həyatının pərişan edilməsinə, söndürülməsinə baxmayaraq, həyat davam etməkdədir. Tarix yalnızca məhəbbətin qırılma və yenilmə olaylarını yazmışdır. Olayın dərinliyinə diqqət etməmişdir. Ancaq ən son amac insan olmalıdır.” (1)
Ən son amacı insan, həqiqət və məhəbbət olanlardan-çağdaş Güney yazarlarından, bir əsrə yaxın müddətdə onların mübarizə və söz cəbhəsindəki çabaları nəticəsində yaratdıqları ədəbiyyatın son durumundan, Güneydə cərəyan edən ədəbi prosesdən söz açmaqdır məqsədimiz...
Giriş
Qloballaşma və Qərbə-Avropaya inteqrasiya dövründə, nə gözəl ki, Çağdaş Güney Azərbaycan ədəbiyyatı öz mövcudluğunu qoruyub saxlayır. Bu anlayışı formalaşdıran gücün-Güney yazarlarının yaratdığı böyük ədəbi-bədii irs, son dönəmlərdə isə dinamik inkişafı ilə diqqət çəkən modern ədəbiyyat fərqli müstəvilərdə dartışma-mübahisə mövzusuna da çevrilməkdədir. Ancaq Çağdaş Güney Azərbaycan ədəbiyyatı bu günkü duruma yetənədək beş inkişaf mərhələsi keçmişdir. Bu inkişaf mərhələlərinin dördü-Məşrutə dövrü (1906-11), Xiyabani hərəkatı dövrü (1920), 21 Azər İnqilabı-Milli Hökumət dövrü və hələlik sonuncu-1978-79-cu illər İran İslam İnqilabı dövrü siyasi, beşincisi, Ağ inqilab dövrü isə ədəbi müstəvidə təzahür etmişdir. Təbii, bu dövrlərdə cərəyan edən ictimai-siyasi hadisələrin yansıdığı ədəbiyyat, söz sənəti də istisnasız olaraq bu inkişaf mərhələlərini keçməli olmuşdur. Lakin 1960-cı illərdən başlayaraq İranda və Güney Azərbaycanda “Şeiri-no” hərəkatı, Ağ şeir-Ağ inqilab dalğası da kükrəmişdir ki, məhz həmin mədəni inqilab bu coğrafi məkanda çağdaşlaşma-modernləşmə prosesini gücləndirmişdir.
Bu bir həqiqətdir ki, Güneydə ədəbiyyatın yeni ictimai məzmun kəsb etməsi, yeniləşmə-çağdaşlaşma prosesinə keçidi Məşrutə inqilabı dövründən etibarən başlanmışdı. Qeyd etməyi gərəkli sayırıq ki, XX əsrin əvvəllərində hələ 1918-19-cu illərdən etibarən rüşeymləri qoyulmuş modernləşmə prosesinin önündə məhz Tağı xan Rüfət gəlirdi.
İranda və Güney Azərbaycanda sərbəst-yeni şeirin təməlini qoymuş Tağı xan Rüfət (Şəms xanım Kəsmayi, Cəfər Xamneyi, Yəhya Ariyanpur ilə birlikdə) Şeyx Məhəmməd Xiyabani ilə eyni cəbhədə mübarizə aparmış və hər şeyini-sənətini, şeirini, hətta canını belə ustadı və əqidəsi yolunda qurban vermişdi. Novator şairin qənaətinə görə, ədəbi yenilik ədəbiyyata xas bir olay deyil, bəlkə bir sosial və milli məsələdir. Onun gənclərə və əqidədaşlarına: “Sərbəstcə düşünün və hiss edin. Düşüncələrinizi və hiss etdiklərinizi yazın. Düşüncələriniz gerçəyə və elmə dayanmalıdır. Hisslərinizi və ruhunuzu heç bir yad təsirin altında buraxmayın. Hər zaman səmimi olmağa çalışın. Tənqidçinin baxış acısı nə olursa-olsun, tənqidlərini sevinclə qarşılayın. Аmmа yetərli dəlil olmadan öz düşüncələrinizi söyləməyin. Düşüncələri təcrübə və sınamalardan sonra qəbul edin. Özəlliklə könlünüzdə hüznə-qəmə və iztiraba yer verməyin, əzmli olaraq yarınlara koşun!” (2) - etdiyi tövsiyəni əməli işə çevirən Güney yazarları bu gün sərbəstcə düşünüb hiss etdiklərini yazır, gerçəyə, həyat həqiqətlərinə və elmə dayanan əsərlər yaradır, ustad Şəhriyar, Həbib Sahir, Səhənd, Səməd Behrəngi, Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü, Qulamhüseyn Səidi, Əbdürrəhman Talıbov və digərlərinin yolunu uğurla davam etdirirlər.
Güney Azərbaycan poeziyası və nəsrində, bütövlükdə ədəbiyyatında bu proses 2013-cü ildə də dinamik sürətlə inkişaf etmişdir. Şair və yazıçılar çağdaş və modern şeir, yaxud nəsr əsəri yazmaq üçün, təbii ki, ilk öncə çağdaş və modern bir dilin gərəkliliyini dərindən dərk edir və bu istiqamətdə də uğurlu addımlar atırlar. Təəssüflər olsun ki, Güneydə Ana dilinin-Azərbaycan türkcəsinin uzun illər boyu yasaqlanması, məktəblərdə təhsilin fars dilində olması öz fəsadlarını vermiş, ədəbi dilin inkişafı ləngimişdir. Rza şah Pəhləvi hakimiyyətə gəldikdən, yəni, 1925-ci ildən sonra Azərbaycan türkcəsinin qəti şəkildə qadağan olunmasının, xalqın milli haqq və hüquqlarının əlindən alınmasının əsas səbəbləri hakim rejimin və tərəfdarlarının başladıqları iranlılaşma, farslaşdırma siyasətində idi. Müasir fars millətçiliyi “modernləşmə və qərbliləşməni ayrılmaz bir bütün olaraq öz içində birləşdirmişdi. Bu nəzəriyyənin təməlini ilk dəfə çökdürən Mirzə Fətəli Axundzadə olmuşdur” (3.s.3), - deyən Arif Kəskin “Fars mlliyyətçiliyinin iç üzü” adlı I yazısında Müasir fars millətçiliyinin nəzəri inkişafının erməni əsilli Mirzə Mülküm xanla yeni bir mərhələyə qədəm qoyduğunu da diqqət mərkəzində saxlayaraq yazır: “Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda erməni ailəsində dünyaya göz açmışdır. Mülküm xan Fransada təhsil almış, İranda “Fəramuşxanə” adlı bir masson təşkilatı da qurmuşdur (3.s.3). “Qanun” qəzetini nəşr edən Mülküm xan müasir cəmiyyət qurmaq məqsədini güdürdü. Fars millətçiliyi onun təfəkküründə təməl prinsip hesab olunurdu. Onun bu fəaliyyəti fars millətçiliyinin inkişafı üçün ilham qaynağı olmuşdur. Bu siyasəti yürüdən müasir fars millətçiləri üçün İranda böyük təhlükə türklər, sonra isə İslam və ərəblər idi. Fars dili və ari irqi İranın milli və tarixi kimliyi olaraq qəbul edilirdi. Berlində çıxan, İranın 40-a yaxın şəhərində oxunan və yaxşı tanınan “İranşəhr” dərgisinin yazdığına görə, İranın ən böyük problemi etnikçilik və regionçuluqdur: “Bu problem o qədər ciddidir ki, xaricdə yaşayan hər bir iranlıdan haralı olduğu soruşulduğu vaxt anadan olduğu yerin adını deyir. Biz regional firqələri, dilləri, geyimləri, adət və ənənələri məhv etməliyik (4.s.25.)
Məşrutə dövründə yaranmış modern ifadə olan “millət” termini sadə əməkçi insan-ların təmsil olunduğu rəiyyət (ərəbcə) ifadəsini əvəzlədi. Əlbəttə, Pəhləvi xanədanının “Modern millət” anlayışı əsasən milli ayrı-seçkilik-nasionalizm, sekulyarizm, şahlıq-taxt-tac ənənələri, azad bazar iqtisadiyyatı, əski İran tarixinə heyranlıq, eləcə də hərbçilik təməlləri üzərində boy verirdi və təbii ki, İranda yaşayan digər xalqların, həmçinin Azərbaycan türklərinin də əleyhinə idi. Çünki bu heyranlıq nəticəsində Türk dili və Türk kimliyi köşəyə sıxışdırılırdı...
Bu gün Güneydə Türkcə yazmaq özü-özlüyündə bir savaşdır...
Bu qadağalar 1945-46-cı illərdə qurulmuş Milli Hökumət zamanında tamamilə aradan qaldırılıb çağdaş fars millətçiliyinin inlişafı prosesi dayandırılsa da, bir il keçməmiş Güney Azərbaycanın intəhasız üfüqlərində doğmuş azadlıq günəşi qan içində boğuldu. Milli Hökumət ləğv edildi və türkcə yenidən buxovlandı... Təxminən 9 il sonra, 1954-cü ildə ustad Şəhriyarın “Heydərbabaya salam” poemasının nəşr olunması sükut buzunu sındırdı. Daha sonra Həbib Sahirin silsilə şeirlərinin, Səhəndin “Sazımın sözü”, “Dədəmin kitabı” və “Qardaş andı” trilogiyasının, Səməd Behrəngi, Oxtay, Səhər, Mərziyə Üskülü, Həmid Nitqi, Haşım Tərlan, Qulamhüseyn Səidi, Sönməz, Savalan, M.H.Kərimi, Yalqız, Haray, Yanar, Əli Daşqın kimi neçə-neçə yazarın qadağalara rəğmən davamlı olaraq bədii yaradıcılıqla məşğul olmaları daha güclü, daha iti, sərrast təfəkkürlü, cəsarətli gənclərin təmsil olunduğu yeni ədəbiyyat dalğasının yaranmasına gətirib çıxardı. Lakin ana dilinin yasaqlanması Türkcənin inkişafını ləngidirdi və bu ləngimə nəticəsində də təhsilini yad dildə-farsca alan gənclər çaş-baş qalırdılar. Məhz bu çaşqınlıq Güney yazarlarının bir qisminin Anadoluda yayqın olan Türkiyə türkcəsini, bir qisminin Quzey Azərbaycanda mövcud olan ütülü ədəbi dili, bir qismininsə klassik şeir dilini əsas götürərək yazıb-yaratmalarına nədən olmuşdur. Maraqlıdır ki, çağdaş dövrdə Güneydə yetişmiş yeni nəsil Hadi Qaraçayın: “Bu gün Türkcə yazmaq, içində bulunduğumuz bu siyasal, bu toplumsal kontekstlərin gərəksimi, zərurətidir. Bu gün Türkcə yazmaq, siyasal savaşımızdan qazanmaq istədiyimiz bir huquq, bir keyfiyətdir. Bu gün Türkcə yazmaq, həm də bir çoxlarına “Türkcə də yazmaq olar,” - gerçəyini aşılamaqdır, bu həqiqəti anlayaraq mübarizə, mücadilə yoluna çıxmaqdır. Çünki dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Dil uğrunda savaş əslində ulusal müəyyənlik uğrunda savaşdır (5).
Kiyan Xiyavın “Tanqosuz Təbriz” adlı modern səpkili poemasında sərgilənən fikirlər də Hadi bəyin “Bu gün Türkcə yazmaq, özü-özlüyündə bir savaşdır,” – gerçəyini yansıtmaqdadır:
Dil-dil ötən bu dil dəm aldığım dildir, görürsənmi?
Bu dil Təbrizin ağzında quruyan Acı çayın dili
Bu dil Araz qulağında dalğaların batan səsi
Bu dil Urmu gölündə flaminqo qanadından düşən
umud lələyi
Bu dil qəm pəncərəsində,
Mirzə Cəlilin gözündən qaçan ışıq iyidir.
Və dil şovaliyyələrin qorxduğu dost
Və dil diktatorların qənimidir.
Və dil mənəm...(6)
Ana dilinin yasaqlığından, elinin əsarət altında olmasından doğan kədər, üzüntüdür Məsud Haraya yenicə dünyaya gəlmiş qızına: “Sevimli qızım Burla Xatın! Sən yaşa-mımıza umud, Işıq gətırdın qızım, Ama sənə laylalar oxuduğum dilin bu məmləkətdə, məktəblərdə yasaq olduğunu deməkdən utanıram”ı söylədən... Biz başı bəlalı bir millətin evladıyıq. Bizə düşman gərəkmir, içimizdə nə qədər özünü alçaq bilən varsa, düşmanımız var özümüzdən demək. Bizi dərd etdirən yara yabancı dırnaqlarıyla cızılmayıb, yaramız aramızda yaşayan içi boş olanlardan yaranıb. Qızım! Bu dərdlərə dərman tapmaq, artıq ağıllı olmağından, özünü, kimliyini iyi bilməyindən asılı olacaqdır. Bu uzun və daşlı yollara çıxmaq yürəyimin qıdıvıdısı deməkdir. Yolun açıq olsun və millətimizin gələcəyi aydınlıq” – tövsiyələrini dedirdən... Şərifə Cəfəri Dənizə uşaqlığından, özünü anlayandan işlək Ana dili üzərinə xəyallar qurduran:
Yaralı durnayam, göl arzusunda,
Vətən arzusunda, el arzusunda,
Anamdan doğulan gündən bu günə,
Xəyallar qurmuşam dil arzusunda.
Əlbəttə, istisnasız olaraq deyək ki, insanın duyğu və hisslərinin, ictimai-siyasi-fəlsəfi fikirlərinin, bütövlükdə daxili aləminin ifadə vasitəsi, eyni zamanda modern düşüncəsinin ana fəlsəfəsi dil, bu dildə varoluşluq, yaşarılıq qazanmış sözlər, kəlmə-lərdir. Alman filosofu Haydegerin “Dil varlığın evidir” tezisini savunan Dr.Hüseyn Süleymanoğlu dəyərli müsahibəsində bu formulu Güney Azərbaycandakı mövcud duruma tətbiq edərək deyir ki, “əgər dil varlığın evidirsə, biz azərbaycanlılar uçurulmuş bir evdə yaşamaq zorunda qalmışıq. Bu ev-varlığı yenidən tikməliyik. Şair-yazarları-mızın görəvi (vəzifəsi) budur. Dilimizin sintaksisi Güneydə pozulmuşdur.(7)”
Yaranmış vəziyyətdən çıxış yolunu Hadi Qaraçay dünyanın harasında yaşamasın-dan asılı olmayaraq hər bir türkün anlamaqda çətinlik, zorluq çəkməyəcəyi Ortaq Azərbaycan dilinin, Ortaq Türkcənin yaradılmasında görür. Vətəndaş şair “XX əsrdə elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz, biz bir də yeni sözcüklərin yaradılmasını sağlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin köklərinə, özəlliklərinə dayanaraq yeni anlamlara, yeni nəsnələrə uyqun ad qoymaqla ilgilənmə-lidir. Günümüzdə belə bir qurumun yaradılma olanağı olmadığı üçün dilimizdə gedən dəyişmələr olağanüstü çalışmalara, bir neçə aydının özəl çalışmalarına, başqa sözlə, örgütləndirilməmiş bir biçimdə gedir. Bunun da verdiyi sonuc olduqca azdır,”- deyir... “Talanmış günəş” adlı şeirlər kitabı ilə ədəbi aləmə səs salmış Nasir Merqatinin ərəb dilindən alınan bəzi sözlərin cəm şəkilçisi qəbul etməsi məsələsinə maraqlı münasibəti, obyektiv yanaşması ilə ilgili həm Güneydə, həm də Quzeydə düşünməyə dəyər. Çünki bu yanaşmanın özü də Vahid Ədəbi dil məsələsinin gərəkliliyini açıq-açıq gündəmə gətirir. Həqiqətən gözdən qaçan bu məqamla bağlı onun bir yazar, bir ziyalı kimi narahatlığı başa düşüləndi...
“Elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz” gerçəyini dərindən dərk edən və dilçilik sahəsində müəyyən bilgiləri olan ziyalılar: Eyvaz Taha, Nadir Əzhəri, Nasir Mənzuri, Hadi Qaraçay, Hüseyn Şərqi Soytürk, Əli Daşqın, dr.Hüseyn Süleymanoğlu, Seyid Heydər Bayat, Hümmət Şahbazi, Bəy Hadi, Məsud Haray, Elşən Böyükvənd, Naser Merqati, Məlihə Əzizpur və b. türkcə yeni söz yaratmaqla və alınma sözlərin türkcəyə uyğunlaşdırılması işi ilə də uğraşırlar. Güney yazarları şeir və nəsr əsərlərində sırf burada Azərbaycan türkcəsinə uyğun olaraq yaradılmış evrənsəl, kürəsəl (dünyəvi), kürəsəlləşmə (qloballaşma), yazın (ədəbiyyat), yazınsal (ədəbi) “Hərb və sülh” ("Savaş və barış” - Tolstoy), bilimsəl (modern), özgürlük (müstəqillik), özgüvən (özünəinam), kişisəl (şəxsi), ortam (müstəvi), alan (sahə), içərmək ilgi (əlaqə), etgi (təsir), verimli (məhsuldar), nədən (səbəb), yerəl (yerli), gəlişmə (inkişaf), dartışma (mübahisə), birey kimi yeni sözlərdən yararlanırlar. Əksər qələm sahibi öz əsərlərində bəzi sözlər kimi, “ədəbiyyat” sözünü də birmənalı olaraq “yazın” kəlməsilə əvəzləmişlər. Güntay Gəncalp da ədəbiyyat sözünün “yazın” kəlməsilə əvəzlənməsini daha məqsədəuyğun və doğru sayır: “Klasik ədəbiyatla “ədəb” sözünün sıx bağlantısı var. Ancaq modern yaradıcılığı ədəbiyyat sözü ifadə edə bilmir. Çünkü dini və kültürəl anlamda ədəbiyyat təslim olmağı, Tanrı qarşısında, törələr qarşısında təslim olmağı təlqin edir. Ancaq modernitənin əsasında etiraz durur, təslim deyil. Ona görə də ədəbiyyat yerınə “yazın” sözü istifadə edilməlidir.”
Görkəmli alman filosofu Habermas sözlərin: “1-şüurlar arası, 2-əşya və fenomenlərlə, xarici dünya ilə əlaqə qurur, 3-yazarın və ya danışanın hallarını və zehni təcrübələrini bəyan edir,” kimi üç missiyasının olduğunu göstərirdi... Şübhəsiz ki, ən ağıllı anlaşma və yaradıclıq biçimi də məhz bu üç amilin birlikdə gerçəkləşməsilə mümkünləşir. “Milli oyanış ədəbiyyatı” adlandırdığımız ədəbiyyat anlayışı şerimizi siyasət, vətən və xalqa xidmət etməyə, qulluq göstərməyə yönəltdi. Əlbəttə, düşünməyə dəyər: “Milli varlıq, dil, ədəbiyat, tarix və insanla bağlı olan bir çox bilimlər öz əski, daşlaşmış anlamlarından soyunduruldu, yenidən nə olduqları üzərinə dartışmalar açıldı. Bu gəlişməni yaşayan və yaşadanlar, bir sözlə, 70-ci illərin gəncliyi olub. Yazmaq, yaratmaq, gücdür, uğurdur, ilgidə olduğun bütün varlıqlara təsir göstərmək, özünə, öz bireyinə yenidən dönməkdir. Bu baxımdan son illərdə gəncliyimizin yazına girişməsinin nədənləri aydınlaşır. Gəncliyimiz yazmaqla özünü təsdiq etməyə yönəlir. Azərbaycanın bu günkü gəncliyini "Türke xər" deməklə, təhqir etməklə meydandan çıxarmaq olmaz. (9) H.Qaraçay hesab edir ki, İranda türkcə yazmaq və ədəbi əsərlər yaratmaq özü-özlüyündə siyasi fəaliyyətdir (10). Həmçinin siyasi görüşlər və düşüncələrin ədəbi əsərlərin məzmununa daxil edilməsinin Güneydə bir problem olmadığını vurğulayan şair əsərlərdə siyasi mövzulardan istifadə etməyi pis və ya yaxşı bir hal kimi qabartmır, özəlliklə siyasi motivi necə işləməyin, ədəbi müstəviyə hansı səviyyədə gətirməyin, hansı söz və kəlmələrlə ifadə etməyin önəmli olduğuna diqqət çəkir. Alman filosofu Haydeger yazırdı: “Hər bir dildən bir söz atılarsa, o dildə danışan millətin bir qarış torpağı yox olur, o millətin düşüncəsi və dünyagörüşü daralır.” Ana dilinin və ölkəsinin istiqlala qovuşması uğrunda uzun illər savaşıb mübarizə aparan böyük hind mütəfəkkiri və ictimai xadimi Mahatma Qandinin: “Hindistanda orta oxulda və universitetdə yabancı dildə oxuma yayılmışdır. Bu, əxlaqi və ruhi baxımdan millətimizə və ölkəmizə çox zərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıxması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabancı dildə oxumanın bizə nə qədər zərər verdiyinin fərqində deyilik. Özümüz yabancı dildə təhsil aldığımız üçün bunun zərərlərini anlayıb önləmlər almalıyıq (1.s.45).” kəlamı isə Güney ziyalılarının Vahid Ədəbi dil uğrunda göstərdiyi çabalarında nə qədər haqlı olduqlarının kanıtıdır.
Güneydə ədəbi prosesin bir qolu da ədəbi tənqiddir...
Qeyd edək ki, son illərdə bu sahədə xüsusi canlanma hiss olunur. Əvvəllər diqqətdən kənar qalmış ədəbi tənqidə böyük maraq, rəğbət və diqqət artmışdır. Ədəbi təhlil yazıları ilə mətbuatda ara-sıra çıxışlar edən, ədəbi tənqid sahəsindəki boşluqdan, şeir toplularındakı qüsurlardan yana bir ziyalı narahatlığı duyan Cəfər Bozorgəmin də bu sahədəki irəliləyişi nəzərdən qaçırmır: «Ancaq gənclərimizin şeirinin necəliyi və xarakteri üst-üstə (bəzi əski yazan gənc şairlərimiz istisna olaraq) şüarçılıq və öyüd-xitabədən uzaqlaşmaq, şeirdə dil və formanın önəmsənməsi, özəl şairanə baxışlar, qəzəl, folklor, aşıq şeiri, modern, postmodern şeir estetika izlərinin görünməsi olub. Bu gün şeirimizin qarmaqarışıq durumu, ifrat-təfrit (bir başı tam əskilik və bir başı təməlsiz aşırıçılıq) və anarxizmindən arınıb-durulub, sağlam və doğru axımı, xarakteri aydınlaşmalıdır. Şeir topluları dönə-dönə çapdan buraxılıb yayınlanırlar və bir professional tənqidçi boşluğunda durumları aydınlaşmayır. Professional ədəbiyyatımız da bu üzdən yarana bilməyib.” Cəfər Bozorgəminin də söylədiyi kimi, bu gün Çağdaş Güney Azərbaycan aydınlarını ən çox düşündürən məsələ ölkədə məhz professional ədəbiyyatın yarana bilməməsinin səbəbləridir. Tanınmış ədəbiyyatşünas alim Sabir Nəbioğlu, çağdaş şairlərimizdən Hadi Qaraçay, Nadir Əzhəri, Hümmət Şahbazi, Sayman Aruz və başqaları bunun səbəbini Güney Azərbaycan ədəbiyyatında bu gün yeri daha çox hiss edilən tənqidçilərin, ədəbi tənqid xarakterli yazıların yetərincə olmamasında görən Məlihə Əzizpur yazır: «Ədəbiyyatımızın daha da inkişaf edib irəliləməsi üçün tənqidçilərə çox ehtiyac var. Yəni özəlliklə gənc yazıçı nəslinin daha da güclənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət türü özəlliklə ədəbi əsərlərin yeni qazanclarına yol açar. Bu gün bu boşluq getdikcə daha qabarıq hiss olunmaqdadır. Qeyd edək ki, Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı (Qureyşi), Əlirza Miyanalı və başqalarının yaradıcılığı haqqında maraqlı məqalələr yazan ünlü şair və tədqiqatçı Əhməd Alovun çağdaş dövr yazarlarının bədii irsinə, yeni yaranan əsərlərə ədəbi tənqidin yeni münasibətinə həsr etdiyi «Ədəbi-tənqidi araşdırmalar», Hümmət Şahbazinin «Müasir Güney Azərbaycan şeirinin tənqidi», Eyvaz Tahanın «Dil varlığın evidir», Cəfər Bozorgəminin «Çağdaş ədəbiyyatın tənqidi», Nadir Əzhərinin «Məqalələr» adlı kitab və topluları da Güney ədəbiyyatşünaslığında mövcud olan boşluğu doldurmaq yönündə atılmış mühüm addımlardır. Bu uğurlu addımların sırasına Eyvaz Tahanın «Dil varlığın evidir» kitabı haqqında Hadi Qaraçayın «Dil varlığın eviymiş» adlı böyük həcmli təhlil-incələmə yazısını və Qadir Cəfərinin «Poema özəlliyi və poetika gözəlliyi (Qeydlər)»ini və Kiyan Xiyavın Ruqəyyə Kəbirinin “Susənbər yazıları” ilə bağlı qələmə aldığı «Nanə yarpağında qadın hörümcək» və ““Evim” də şamanizm, marksizm və cəhənnəmin qızğın soyuğu (Ruqəyyə Kəbirinin “Evim” romanı üzərinə bir baxış)” və coşğun təbli şair Elşən Böyükvəndin “Kimli məsələləri və yazarların kimliyi”, “Muğanın ədəbi mühiti və "Qanlı günəş" poeması barədə ”adlı yazılarını da əlavə edə bilərik. Bu ədəbi tənqid xarakterli araşdırmaların içərisində «Poema özəlliyi və poetika gözəlliyi»ni incələyən Qadir Cəfərinin çağdaş dövrdə mənzumə sözünün əvvəlki mövqeyini itirməsi məsələsinə münasibətini örnək olaraq göstərmək istəyirəm, təbii, xırda imla yanllışlarını islah etməklə: «Mənzumə sözü poema qarşısında keçərliliyini itirib və təcrid olunub. Bunun səbəbi isə çağdaş poemaçılıqda nəzm və düzənin itməsi ilə yanaşı sərbəst poemaların ortaya gəlməsidir. Digər yöndən çağdaş dövrdə klassik poemalar belə, mahiyyətcə fərqlənərək yalnız nağıl, rəvayət xarakterini itirib. Buna açıq-aydın örnək isə Şəhriyarın «Heydərbabayə salam» və «Səhəndiyyə» poemaları, Bəxtiyar Vahabzadənin «Muğam» və «Gülüstan» poemaları, Zəhtabinin «Şahin Zəncirdə» poeması və başqaları ola bilər. Vurğulanan poemalarda rəvayət etmək ənənəsi qalırsa da, artıq nağılçılıq duyulmamaqdadır. Dünya ədəbiyyatında tanış olduğumuz modern poemalar içində T.S.Eliotun «Çoraq ölkə»si və çağdaş ədəbiyyatımızda Nasir Merqatinin «Talanmış günəş» kitabında həmin adı daşıyan poemanın və «Yad torpağım» poemasının adını çəkmək olar. Modern poemalar rəvayət ənənəsinə sadiq qalıblarsa da, modern estetika əsasında qurulub (11).”
Güney Azərbaycanda ən əsas problemin Ana dili məsələsi, ikinci problemin isə ədəbi tənqidin zəifliyinin olduğunu bildirən Ruqiyyə Kəbiri vəziyyətin səbəbini ana dilində təhsilin olmaması ilə izah edir və söyləyir ki, professional tənqidçimiz olmaması səbəbindən əsərlər ciddi halda tənqid olunmur. Ədəbi tənqid boşluğu, mühafizəkar və patriarxal psixologiya, öy məni-öyüm səni cərgələri və b... nədənlərin ucbatından ədəbiyyatımızın durumu biz gəncləri çox kədərləndirir (12).
Dr.Hüseyn Süleymanoğlu professional tənqidin və tənqidçilərin yaranmasının zəruriliyindən bəhs edərkən deyir: ”Bu gün hər zamankından daha çox şerimizin tənqidə və tənqidçiyə ehtiyacı vardır. Bir fransız tənqidçisi: "Pis bir tənqid belə, yolgöstərici ola bilər" deyir. Bizdə isə nə yazıq ki, pis bir tənqidçi belə, yoxdur (13).”
Uşaq ədəbiyyatının inkişafı ədəbi prosesin əsas hədəflərindəndir...
Ədəbiyyat, milli mədəni irsimizin, eləcə də nəslimizin davamçıları, aydın sabahı-mızın qarantı, gələcəyimiz dediyimiz uşaqların sağlam ruhlu, saf əqidəli, savadlı və hərtərəfli inkişaf etmiş əsl vətəndaş kimi yetişib formalaşması üçün uşaq ədəbiyyatına bütün zamanlarda böyük ehtiyac olmuşdur. Lakin Azərbaycanda uşaq ədəbiyyatının yazılması və nəşri sahəsində həmişə müəyyən boşluqlar olmuş, ümumədəbiyyatdan fərqli olaraq uşaq ədəbiyyatının inkişaf yolu həmişə uğurlu, hamar və məhsuldar olmamışdır. Uzun əsrlər boyu uşaq ədəbiyyatının inkişafı ləngimiş, “Bustan”, “Gülüstan”, “Divani-hafiz”, “Əbvabül-sinan” “Nanü-halva”, “Tarixi-Nadir”, “Sərbaz” və s. müqabilində Azərbaycan türklərinə öz doğma dillərində uşaqların mütaliəsi üçün əsər yaratmağa imkan verilməmişdir. Ona görə də qədim və orta əsrlər ədəbiyyat xəzinəsi uşaq mütaliəsi üçün nəzərdə tutularaq yazılan kitablar baxımından kasaddır. Bu mənada, Azərbaycan uşaq ədəbiyyatı məfhumu da yeni dövrə-XIX əsrə aid ədəbi-pedaqoji hadisədir... XIX və XX əsrin əvvəllərində kifayət qədər ictimai və dini məzmuna, əxlaqi-didaktik pafosa, estetik təsir gücünə malik olan uşaq oxusu nümunələrinin yaranmasına baxmayaraq, bu zəngin xəzinə indiyə qədər toplanıb, bütöv halda araşdırılmamış, nəşr edilərək xalqa çatdırılmışdır. Təsadüfi deyil ki, bu gün bizim A.Bakıxanov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, S.S.Axundov istisna edilərsə, onun inkişafı yolunda böyük əmək sərf etmiş, Mirzə Nəsrullah, Hacı Səid və Cəlal Ünsizadələr, Həsənəli Ağa Xan Qaradaği, Çernyayevski, Səfərəli bəy Vəlibəyov, Əhməd bəy Cavanşir, Məhəmmədtağı Sidqi və digər görkəmli nümayəndələri haqqında təsəvvürümüz belə yoxdur. Onların bəzilərinin adlarını eşitmiş olsaq da, əsərlərindən xəbərsizik. Bu mənada uşaq ədəbiyyatımızın inkişaf mənzərəsində ağ ləkələr sıx-sıx nəzərə çarpır. Lakin bu siyasi ab-hava, ögey münasibət artıq arxada qalmışdır. Bu gün Vətənin həm Quzeyində, həm də Güneyində tarixin müxtəlif mərhələlərində xalqın yaratdığı mənəvi sərvəti heç bir istisnaya yol vermədən bütöv halda araşdırıb üzə çıxarmaq, təbliğ edib geniş oxucu kütləsinin qida mənbəyinə çevirmək yazarları, ziyalıları düşündürən əsas məsələlərdəndir. Qeyd edək ki, Güney Azərbaycanda və İranda uşaq ədəbiyyatının təməlini Səməd Behrəngi milli siyasi hərəkatda fəal iştirak edən məsləkdaşı və qələmdaşı Mərziyə Üskülü Dalğa ilə birlikdə qoymuşlar.
Bu gün Güneydə “Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin” (Pifaqor), həqiqətini anlayır və gerçəkləşməsi üçün uşaq ədəbiyyatı nümunələrinin yaranmasına və araşdırılmasına çağdaş dövrdə daha çox əhəmiyyət verirlər. Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyatın-da ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitab 1958-ci ildə Bakıda «Həmid Araslı» tərəfindən yayılıb. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376(1997)-ci ildə «Əsmər» nəşriyatı tərəfindən yayımlanıb. Əsərin böyüklər üçün yazılmasını duyuruq; ancaq dərindən fikirləşdikdə, yeni çağda «cizgi filmləri», təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə, «Söhbətül-əsmar»ın da uşaqlar üçün təmsili bir dil ilə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də mən deyərdim Şərq də) Füzuliyə aiddır (14).
Hümmətin bu məsnəvinin mahiyyətinə varması da düşündürücüdür: “Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri vardır. Fuzuli meyvələrin xasiyətlərinə uyğun sözlərdən faydalanır. Şairin bu vəsflərində bütün meyvələr özü-özlüyündə taysızdır. Heç bir meyvə, başqa meyvələrin yaxşılığını görmək istəmir və hər biri özünü yaxşıların ən yaxşısı bilir. Sonda bağa səyahətə çıxan adam da elə onların yaratdığı bu uyumsuz dünyalarından qaçmaq fikrinə düşür. Bu meyvələr arasında heç bir fikir və duyğu birləşməsi yoxdur. Onların hər birisinin davranışı «burda mənəm Bağdadda kor xəlifə» zərbül-məsəlini yada salır.”
Əkbər Azadın “Firəngiz ilə qırmızı don”, Ramin Cahangirzadənin ”Ay suda”, “Nar”, Uşaq qoşuqları, Zöhrə Vəfayinin “Əl-ələ” Uşaq məktəbi-3, “Ana” Uşaq məktəbi-5, Məsumə Əjdərinin “Biz qurduq”, Pərviz Firuhərin “Xoruzun pulu”, Yaqub Vilhem Qıreym-Səməd Cabbarpurun “Xoşbəxt oğlan”, Ruqiyyə Əliqulunun “Lay-lay çaldım yatınca”, V.Sutayev, Eldar M.Sadıq “Miyov eləyən kimdir?”, Məhəmməd Abidinpurun “Alqış əmi”, “Yağış”, Fatimə Mir Həsənpurun “Dərsə gedən bir uşaq”, “Şir və siçan”, “Molla Nəsrəddin yolda” və “Sehirli torba”, Haşım Tərlanın “Uşaq dünyası”, Murtuza Məcidfərin “İşlər və uşaqlar: Bax gör kimdir? Nəçidir?”, Fəridə Dadxahın “Göyqurşağı (Farsca)”,Zəhra Vəlizadə M.Şimşək “Açıl çətirim, açıl”, Məhəmmədrza İsmayılzadə-Q.Məhəmmədəlinin “Meyvələrin Söhbəti-Söhbətül Əsmar Çeşməsindən”, Rəsul Rzanın “Quş Yuvası”, Günay Qaraağac və Xəlil Açıqgözün “Azərbaycan bayatıları” (1998)
Dostları ilə paylaş: |