Esmira Fuad (Şükürova) Güney Azərbaycanda 2013-cü ilin ədəbi yekunları



Yüklə 142,9 Kb.
səhifə3/5
tarix28.01.2017
ölçüsü142,9 Kb.
#6542
1   2   3   4   5
Anlaşılmadı bir insan

anlaşılmayır bir insan

anlaşılmayacaq bir insan ki

aranızda böyüdükcə

böyütdü yaralarını həsrətli

və xərc etdi nafilə yerə qəlbini.

İki ağlar gözlərim var

yeddi ölkəcə iri

yeddi məşəlcə diri

amma gömülmüş bir şəhərin yorğun şairi...

Güney yazarlarının Vətən sevdasının bir şaxəsi son illərdə gündəmdən düşməyən Urmu gölü hadisələridir. İstedadlı şair İsmayil Cəmilinin “Urmu gəlini” şeirində qurumaqda olan gölün məhz bugünkü ağır vəziyyəti, real durumu ən təsirli bədii dillə canlandırılır... Urmu gölü yenə də mavi gözlü duzlu gəlin, Urmiyanın ağ don balası, “Sən elimin əzizisən, Azərbaycan dənizisən” kimi epitetlərlə öyülür. Lakin şairin sevə-sevə vəsf etdiyi təbiət gözəlinin “tülkülərin pusqusu, quduz yadların qurğusu” ilə artıq qara bəxti yazılıb, gölə təbii yolla axan gür çayların səmti dəyişdirilib, yolundan azdırılıb, nəticədə “ırmaqları dustaq, dalğaları duzlağ”a çevrilib. Qara bəxtin cızdığı sonrakı ömür yolunda duzlu gəlinin “ağ qanadları da sınıb, can yarası göz-göz olub, çiçəkləri yarpaq-yarpaq solub, buludları sürgün olunub. Ağ xələti biçilmədə”-kəfəni hazırlanmaqda və sanki “son bardağı içilməkdə” olan gölün halına yanan el-obanın üzgünlükdən beli bükülüb:

Dadsız qalan duzlu gəlin

Duru mavi gözlü gəlin

Urmunun ağ don balası

Göz-göz olan can yarası… (20)

Urmu gölünün sürətlə qurudulduğu son illərdə İsmayil Cəmilinin də ifadə etdiyi kimi, dərdi yerə-göyə sığmayan Güney Azərbaycanın milli fəalları meydanlara axışaraq bu duruma qarşı etiraz səsini ucaldır, aksiyalar keçirir, rəsmi dairələri, İran hökumətini təbii fəlakətin qarşısını almağa çağırır, tələblər irəli sürür, dünyanın, beynəlxalq qurumların diqqətini Urmunun faciəsinə yönəltmək istəyirlər. Güney ziyalıları-yazarlar da bu mübarizəyə qoşularaq xalqla çiyin-çiyinə hərəkət edir, öz sözlərini daha çox qələmin gücü ilə deyirlər...

Gənc yazar Ruqәyyә Kәbirinin 2013-cü ildə yazdığı “Yasasız törәn” adlı şeirində “görülən profilaktiki tədbirlər sayəsində” artıq 80 faizi quruyan Urmunun durumu o qədər orijinal təhkiyə ilə bədii-poetik əksini tapıb ki, oxucu özünü bu yasadışı toy mərasiminin içində hiss edir, bir növ hadisələrin iştirakçısına çevrilir. Canlandırılan aydın mənzərələr, cızılan tablolar qarşısında heyrətdən dil susur, ürək danışır, gözlər qan ağlayır: I tabloda yasadışı toydur, törənin məkanı Urmudur, amma çal-çağırsız, heç bir oyunsuz, rəqssiz-filansız... Sanki yas mərasimi qurulub, törənin qonaqları isə “damarı yaralanmış bir el”dir. II tabloda gərdək gecəsidi, bu gecənin qəhrəmanı isə gəlindir... Gəlinlik paltarı duzlaqdan, boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz dənələridi...Və gərdəkdə sevişən, bir-birinə eşqini isbatlayan cütlüyün sevişmələri ağı deyir... III tabloda isə final daha tükürpədicidi, daha acı bir gerçəyin mənzərəsi cızılır. Gərdəkdəcə hamilə qalan gəlinin dölü “Ölüm” adlı bir yaratıqdır. Sözün bitdiyi yerdir artıq... Ölümə məhkum edilmiş Urmunun bugünkü halını bundan doğal, bundan real necə anlatmaq olar?! “Yasasız törәn”ə üz tutaq:

Zaman mitray doğulan çağ deyil,

1391-nci günәş ili

Mәkan-Urmu dәnizi…

Yas rәngindә, Yasasız, Ayın-oyunsuz bir törәn

Gәrdәk gecәsi…

Dәvәtlilәr, Damarı yaralanmış bir el...

Hamun dәnizindәn iki canlı qalmış bakirәdәn danışmıram.

Gәlinliyi duzlaqdan, Boyun-boğazına düzülmüş,

Okeanların sәdәflәrinin ürәyindә gizli qalmış

Mirvarı deyil, Duz dәnәlәri…

Sevişmәlәri ağı ağlayır…

Urmu dәnizindәn iki canlı qalmış qız gәlin

Dölündә Ölüm adlı bir yaratıq

Mitray doğulan çağ deyil 1391-ci günәş ili

Yasasız, Ayın-oyunsuz bir törәn… (21)

Xosrov Barışanın “Duzlu gəlinim” şeirində də motiv eynidir, amma yanaşma tərzi fərqli səpkidədi… Şeiri oxuyur və şahid olursan ki, Urmunun real durumu hər bir qələm sahibi kimi, gənc şair Xosrovu da düşündürməyə bilmir. “Ey səni özgə özgəyə pay verən”, - deməklə tarixə ekskurs edən gənc şair “Paydan pay olmaz” atalar sözünü xatırlayaraq Türkmənçay müqaviləsilə iki imperiya - Rusiya ilə İran arasında pay-pürüş edilən, “özgənin özgəyə pay verdiyi” gözəlin cəhənnəmə məhkumluğuna, məhv edilməsinə üzülür. Onun kədəri misralara hopur, duzluluğu duzlağa dönüşən, ahının burulğanında bir yarın, bir gələcək dağılan, yəni, sabahı məhv edilən Urmunun-doğmasının, əzizinin, var-yoxunun düşdüyü çarəsiz duruma yanıb-yaxılır:



Ey səni özgə özgəyə pay verən
Damo bəzək duzlu gəlinim;
Gözlərin göm-göy bir dəniz...
O(Bu) yenələnən heçlaqda
Gərdəyə girəcəksən!
Qızlığı getmiş bir kəniz.
Yumruqların izindən
Göm-göy bir bəniz... 
Dərd çox, həmdərd yox,yanıram...
Ağlaya bilməyirsən, yağıram.

“Sevgilisiz ögey bir dul kimi korlanacağına, hətta turşuyacağına” üzülən və obrazlı təhkiyə sərgiləyən şair “Adını Urmu qoyduğum Sevgilimi qurtarmağa” getmək - fədakarlığına da hazırdır, təki “bağrı çatlamış... qəbir gözlü gözəli”, sevgilisi-Urmu gölü ölümdən qurtulsun... Yoxsa şeirinin gəmisi kapitansız qalacaq Xosrovun, düşüncə dalğaları dodu-dodu dolanacaq... Və nəhayətdə, “Duzlu gəlinim” şeirinin son misrala-rında Xosrovun apardığı orijinal paralellik-canlı metafora və tragedik açıqlama xəncər tək birbaşa ürəyə saplanır: “Sevişmək artıq yasaqdır. Gəlinlik var, Gəlin yox!”(22. s.31)

Bütün bu nümunələrdən də göründüyü kimi, Urmu gölünə son dərəcə həssas münasibətin, şəninə neçə-neçə şeir və poemaların həsr edilməsi təsadüfi xarakter daşımır və bu fikir son illərin elmi axtarışlarında bir daha öz təsdiqini tapdı. Arxeoloji qazıntılar zamanı Urmu gölünün sahilində yerləşən Urmiya şəhərinin kənarındakı Həsənli qəbiristanlığında toplu məzarların aşkar edilməsi 1918-ci ildə erməni cəlladlarının 150 mindən çox Azərbaycan türkünü qətlə yetirməsini əyani olaraq aşkara çıxardı. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycan türklərinin qanuni ata-baba torpaqlarını zəbt edərək burada “əzəmətli” Ermənistan yaratmaq istəyən ermənilərin türklərə qarşı soyqırğını əməliyyatı İrəvan, Göyçə və Zəngəzurdan başlasa da, Azərbaycanın nə quzeyindən, nə də güneyindən yan keçməyib. “Həmin qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə türklərə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə, 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdirsə, Güney Azərbaycanda, təkcə Urmu və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir (23).”

Dedi: Diş fırçan yoxmu sənin?Var – dedim.

Dedi:-Nədən böylə qoxuyur ağzın pişik ölüsü tək?

Ah, dostum, dedim:-İçimdə kəfənsiz bir ölü yaşayır

Və günün bütün saatlarında
içimə ağıları ilə yeyə vuran bir qara geyimli ana...
Nə bir molla, nə də meyit namazı qılan insan.
Yalnız damarlarındakı
laxtalanmış qanı sümürən milçəklərin ziyafətidi
və qorapalana döndərdikləri meyitdə
yas düyüsü olan qurdların.
Bir ölü yaşayır içimdə
mənimsə əllərim qoynumdadır.

Gənc şair Elşən Böyükvəndə bu misraları yazdıran bütöv Azərbaycan torpaqlarında türkün düşmənlərinin qətlə yetirdikləri soydaşlarımızın neçə-neçə toplu məzarlıqlarının aşkara çıxarılması deyil, XX əsrin I rübündən etibarən misli görünməmiş haqsızlıqlara uğradılan, hüquqları, ana dili, milli dildə eyitimi əlindən alınan bir xalqın-dilsiz bir elin düşürüldüyü mövcud durumudur. Vətəndaş şairimiz Bəxtiyar Vahabzadə dünyada özü bir varlıq kimi mövcud olmayan, lakin Latın adlı dilinin yaşadığını, toplum olaraq 50 mln-a yaxın nüfusa malik azman bir elin Güney parçasının dilinin bağlı-qadağan olduğundan, Quzeyində isə “qapı dalında” saxlanılıb küçümsədilməsindən yazırdı “Ana dilim” şeirində... Elşənin də dilsiz bir ölü misalı olan bəlalı elini və onu bu durumdan qurtara bilməyən çarəsiz bir yurddaş olduğunu “Bir ölü yaşayır içimdə, mənimsə əllərim qoynumdadır” misralarından daha təsirli necə demək olardı?!

Güney şairləri Quzey Azərbaycanın bir sıra rayonlarının quduzlaşmış işğalçı Ermənistan dövləti tərəfindən ələ keçirilməsinə, xalqın düşmən əsarətində olan Qarabağ dərdinə də laqeyd qalmır, bunu bütöv Azərbaycanın dərdi, problemi kimi qəbul edir və onun çözülməsi, ədalətin bərqərar olması uğrunda mübarizə aparırlar. Qarabağ problemini, hətta “dərdli Təbrizin qanı qurumayan yarası (M.Əzizpur)” belə sayır, bu mövzuda yeni-yeni əsərlər qələmə alırlar. Mir Camal Hüseyni ”Qarabağda” şeirini, adından da göründüyü kimi, Qarabağ hadisələrinə ithaf edib. Ermənistanın işğalı altında olan və xilaskarlarını gözləməkdən “gözlərinə su gələn, saçlarını ağardan” Qarabağın, Xocalının, Zəngəzurun, Kəlbəcərin, Laçının, Şuşanın ağrılarına ürəkdən yanan şair qədim türk yurdlarının düşmən tapdağından qurtuluşu üçün artıq əməli fəaliyyətə keçməyin, əsir torpaqlarımızı azad etməyin vaxtının çatdığını bəyan edir. Artıq dözüm biçağı sümüyə dirənib, gərək Xan  Şuşinski Qarabağ şikəstəsini oxusun, zəngulə vursun, Heyrati, Cəngi, Koroğlu çalınsın, qoy elimin hər bir qocağı eşitsin, savaş çağı, kişilik çağının çatdığını bilsin və hər kimsə ki, vətəni anası bilir, əyninə kəfənin geyinib döyüş meydanı-na buyursun, ermənisifət yağılara qan qusdursun, Şuşada vətən bayrağını ucaltsın, yoxsa, “Çətin ki, bizi Xocalı bağışlar”: 

And olsun ürəkdə qalan sözlərə

Qızların döşünü yaxan közlərə

And olsun süngüylə çıxan gözlərə

Erməni qusacaq qan Qarabağda...

Arzumdur, elə ki, basıldı yağı

Ucaldı Şuşada vətən bayrağı

Görəydim yuxudan ayılan çağı

Sökülmüş bu səhər dan Qarabağda...

Əli Daşqın, Ədalət Duman, Nurəli Qurbanzadə, Məlihə Əzizpur, Huşəng Cəfəri, Əlirza Miyanalı, Eldar Muğanlı, Həsən İldırım, Kiyan Xiyav, Türkan Urmulu və digər şairlər bu dərdin ağırlığını ürəklərində və şeirlərində daşıyır, ədəbiyyatda, poetik sözdə Qarabağ olaylarının bədii təcəssümünü yaradırlar.



Bu gün Güney Azərbaycanda milli fəalların milli kimlik və ana dili uğrunda apardıqları mübarizə, bu mübarizənin çətin yollarında onların yaşantıları, zindan əzabları da ədəbiyyatın mövzusuna çevrilməkdədir... Köhnə illə yeni ilin qovşağında, ötən ilin son, vida günündə yurdumuza qədəm qoyan yeni illə ilgili bütün siyasi dustağı olan, onları düşünən, gözləyən evləri, ailələri qutlayan və 2014-cü ili də Tehranın Evin həbsxanasında “günahsızlığının cəzasını” çəkən sevgili Səid Mətinpurun sonsuz sayğılarla yanında olacağını qürurla bəyan edən Hadi Qaraçay internet sitələrində iki şeirini yayınlayıb. Onun əsərlərində, bayram təbriklərində, doğmalarıyla həsb-hallarında belə siyasi ab-hava, zindan lövhələri, siyasi dustaqların son durumu yer alır və bu səpkili şeirləri dəmir barmaqlıqlar arasında azadlığa təşnə dustaqların yanar ürəklərinə sərin su kimi səpilir. Hadi bəy “Sevgili Səidlə həyat yoldaşı Ətiyə xanıma sunulur!” epiqrafı ilə yazdığı “Səkkiz boyaqlı yumurtalar”, “Səid Mətinpurun sevgili adına, tükənməz kişiliyinə, sarsılmaz istəyinə sayqılarla sunuram”la başlayan “Bizim öykümüz yenicə başlayır” şeirlərinin hər ikisini Güney Azərbaycanda insan hüquqları uğrunda vuruşan aktiv, milli fəal, 2007-ci ilin iyununda İranda Güney Azərbaycan türklərinin milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulan və əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinərək 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Səid Mətinpura, Azərbaycan türkcəsində çıxan həftəlik “Yarpaq” dərgisinin redaktoru olan cəsarətli jurnalistə həsr edib. Fikrimcə, “Səkkiz boyaqlı yumurtalar” şeirinin adı Azərbaycanımızın dövlət atributlarından olan gerbimizin səkkiz guşəsinə bir işarə-təlmihdir... Şairin “yeni il səkkiz boyaqlı yumurtalarıyla Sultaniyyədə, Dəyirman Arxında başqa bir olasılıqla...iydə ağacında yenicə gülləmiş bir quş yuvasıdır və bunu kəsin bilirəm ki, Zəncanlıdır bu il, Evin zindanının xarabalarında bir quş yuvasıdır, çatlayır beton duvarları yumurtaların, tökülür dəmir qapılar, əriyir qollardakı qandallar, ayaqlardakı kələfçələr, cırım-cındalaşır zindan paltarları, Səid! özgürlük cəsur, əsrük, ətcə gözlərini açır yumuşaq! Zəncanda toy var”, - deyən Hadi nikbindir, umudludur və düşünür ki, azadlığın havası artıq duyulmaqdadır, çünki At ili türkün ilidir, tarixən türkün murada yetməsində əsas köməkçisi, yaxın dostu olan At onları da arzularına qovuşduracaq, muradına yetirəcəkdir:

Bu il nə olursa olsun, yenə zənganlıdır
At ili bizim ilimizdir, sevgili Səid... 
umudlarımız yalında yellənir
istəklərimiz buğlanan əsrük soluğunda səslənir
qırımımız dırnaqları altında
at ili bizim ilimizdir Səid! (41)

Çağdaş roman, hekayə-öykü yazarı kimi tanınmış nasir Vali Gözətən də “Bir neçə söz” adı ilə yazdığı kiçik qoşuqda günahsız tutuqlanaraq zindanda cəza çəkən milli fəalların durumundan duyduğu üzüntünü şeirə çevirir və bu əsərində işgəncələrdən, mənəvi və fiziki ağrılardan əziyyət çəkən, susayan əzabkeşlərə, eyni zamanda, qurumaqda olan Urmu gölünü fəlakətdən qurtarmaq üçün də Makudan daşdan süzülən bir ovuc su göndərilməsini, Güneyimizə isə qocaman özgürlük arzularını dilə gətirir:



Bir cam, sərin də olmasa su verin mənə,

Əkbər Azadam mən, dustaqda!

İbrahim Rəşidiyəm,

Bir dulum sözcük göndərin mənə

Səid Mətinpuram bir avıc bağımsızlığı gözətlirəm…

Bəhmən Nasirzadəyəm mən!

Makudan mənə daşlı su göndərin,

susadım işgəncələr altında!

Yonus Süleymaniyəm, Kərimiyəm,

nə versəniz qoşuqlanacaq ürəyimdə

Mahmud Fəzli deməyin,

bir könül özgürlüyü paylaşmaqdayam,

könlümüzə bir avıc su da istəmədik...

Urmu gölümüzə bir avıc su...!

Güneyimizə qocaman bağımsızlıq,

qurtuluş, özgürlük… (42)
Kurşun yağmuru altında oturub çay içməkdir sevgi...

Yüz illərdir seirler yazılır, qələmlərin ucu bitmir. Duygular səhifələrdən dolub-daşır, gözlər bulağa dönür, axır göz yaşları, sətir-sətir qəm, kədər, ələm yüklənir misralara. Sonra bir-bir eşq, sevgi, mutluluk və səfa düzülür ard-ardınca, amma yenə də şairlər doldura bilmir könüllərindəki boslugu… Məsud Haray da bu boşluğu doldura bilməyənlərdəndi və onun üçün “Kurşun yağmuru altında oturub çay içməkdir sevgi...” Və “şərabın bardaqlarda donduğu o gecə, ağlayarkən donmayan göz yaşlarını əllərilə silərkən bu sevginin gerçəkliyinə inanıb Məsud...”

“Sarıl mənə...” şeiri isə Şərifə Cəfəri Dənizin eşq etirafı, qurduğu məhəbbət evinin, sevgi dünyasının modelidir:



üzündəki mehirbanlıq mənə elə xoş gəlir ki,

ürəyinə sahıb olmaq istəyirəm.

ulduzların toy gecəsi, ay doğulan bir gecədə…

 unudarkən dünyaları, sənlə qalmaq istəyirəm…



gözlərinin dənizində çimib-çimib,

sonra yorqun durna kimi

qanad salıb sınən üstə nəfəs almaq istəyirəm...

...sən də yorğun, mən də yorğun,

sarıl mənə doya-doya

darıxmışam, sənin olmaq istəyirəm.(24)

Onlar da özləri üçün bir sevgi, məhəbbət evi qurmaq istəyirlər, elə bir ev ki, “burada musiqilər susmur, duvarlar mahnılardan hörülür və tavanlar da rəqs edir... (Rumi)”

“Hәr türk anasından şair vә әsgәr doğulur” kəlamını şeirlərilə təsdiqləyən Leyla Kәhali “Adəm və Həvva” əfsanəsinin “Alma taxdım ürәyimә! Sәnә vurulub cәnnәtdәn qaçdım. Mәn allahın günahkar adamıyam, Günahkar Havvası, Sәni sevmәyim Böyük yasaqmış sanki, qadası! Kitablardan poz, tarixi keçmiş bu hekayәni, Gәl ürәyimdәn bu almanı dәr!Yoxsa oturub qarğış edәrәm, Cәnnәtdә yanar Alma ağacı!” kimi misralarda konkret təsirli bədii ifadəsini yaradır, ancaq şeirin fəlsəfi qatında gizlənən mənalar insanı olum və ölüm, hər bir yaxşı və pis əməlinə görə qiyamət günü cavab verməli olacağı-Bәrzәx, İrfan, özünü tanımaq və s. barədə düşünməyə sövq edir...



Әzәl günündә Әbәd zindana verildim axı,

Vә indi mәnәm, Mәcnunsuz Leyli

Leylisiz Mәcnun, Bәrzәxin özü.

Cәnnәtdә suyam, cәhәnnәmdә od!

Ağ köynәklә gәl, ey sarı köynәk!

Gәl dә, üstümdәn götür bu adı.

Uzun illər ədəbiyyatın aparıcı qollarından olan qəzələ yeni mövzu, yeni məna və məzmun gətirmək ənənəsini bir çox söz ustadları kimi, gənc şair Xosrov Barışan bir sıra qəzəllərində, eləcə də “Sənsiz”də uğurla davam etdirir. X.Barışan əsrlərdən bəri ədəbiyyatda öncül mövqeyini qoruyub saxlayan klassik şeir şəklini köhnəlik əlaməti sayanlara, modernizmi köhnələri yıxıb-dağıtmaq üzərində yaşatmaq istəyilə yazıb-yaradan qələmdaşlarına üz tutur və “Musiqi adlı sarayımızın-muğamatımızın divarları qəzəlsiz yıxılar”, - Ayılın! ismarıcını sərgiləyir:



Sarayın tanrıçasın övməyəli, hürr uçuram

Duyub insan səsini, xalq içini seçdi qəzəl. 

Dil bağın yağmaladı yad söz ilə əski qəzəl!

Yeniləndi, o alaq otlarını biçdi qəzəl.   

Bəzi söz al-ver edənlər də modernik deyərək;

İsmlər noxtası beynində sanır köçdü qəzəl.   

Hamı bax; al-ver edir, şer yazırsan ((BARIŞAN))!!!

Gədə, modlar bazarında yekə bir suçdu qəzəl! (22)

“Sənsiz” qəzəlində sevgi motivi üstünlük təşkil etsə də, “O qədər böyüdü ki, kiçiklərin kölgəsi, Gün batdı, qalmadı bir umud şöləsi sənsiz, Diktatordur bu doğa, arzıma çatanmadım... Elə bil filter olub arzı adresi sənsiz! Öz içində həbs olan yenilən mən, ya da yox; Bir şaham, futuhatım xəyal ölkəsi sənsiz!!! ironiyası da nəzərdən qaçmır. Təqdir olunası haldır ki, qəzəl janrı bu gün də Güney ədəbiyyatında öz aktuallığını itirməyib. Məsumə Elqızı, Xosrov Barışan, Əli Daşqın, Ədalət Duman, Eldar Muğanlı, Behruz Dövlətabadi, Mir Camal və Mir Cəlil Hüseynilər, Huşəng Cəfəri, Əli Cavadpur, Baraz, Nurəli Qurbanzadə kimi bir çox qələm ustasının yaradıcığında bu janrda yazılan əsərlər önəmli yer tutur. Bu gün Məsumə Elqızı bütün yaradıcılığında klassik poeziyanın ənənələrini, heca vəzninin və məsnəvi janrının özəlliklərini qoruyub saxlayır, lakin əsərlərinin məzmununu yeni hadisə və olaylar üzərində qurur. Məsumənin müşahidələri əsasında, bədii dilinin imkanları ilə təsvir etdiyi hadisə və mənzərələr yeni məna çalarları kəsb edir. Ən çox sevdiyi iş şeir yazmaq, nifrət etdiyi isə savaş... olan gənc şairə “Qartal qanadlım” adlı epik poemasında özünün riyasız, yalansız, günahsız, çırıl-çıplaq sevgi dünyasını qurur. Elşən Böyükvəndin modern bir şeirində isə həsrətin, ayrılığın yuxusuz gecələrdə sevgili bir varlığın-ananın rəsmini tavanda nəqş etməyin vasitəsi, özəl bir səbəbi olduğunu görürük:

Boyunbağın boynumdadır
qoxun ad günümə aldığın oyuncaqda;
Sənsiz bu duzsuz günlərdə öpüş yasaq.
Dodağım susamış bir salama
və şeirlərim sətirsiz kağızlara köçür.
Hey, səni hər gecə
tavana çəkirəm gözlərimlə (43).

Şairlər şeir doğaraq can verir dünyada...

Güney şairlərinin əsərlərində tez-tez toxunduqları bir mövzu da şair və şeir məsələləridir. Şairləri şeirin pərvanəsi sayan Xosrov Barışan ”Demə:-Niyə uşaqsan?” şeirində mövzi ilə bağlı ilginc fikirlər sərgiləyir. “Şairlər uşaq ölər. Şer doğaraq can verər, ölümdən qabaq ölər. Şairləri şeir doğaraq can verən dünyada”,-deyən Xosrov Barışan ümidini ümidsizlik içində məhz şeir mətni əsasında yaranan və çarəsizliyinin əlacı, açarı olan mahnıya-musiqinin ecazkar gücünə bağlayır...



Sən Urmunun alagiləsi;

Tərpən...silkələn...dalğalan...

Bütün qıfılları aç.

Bu şeir bir mahnı

Bu mahnı bir açar

Naçarlığıva... (25)

Şərifə Cəfəri Dəniz “Həbsdə doğulur şair!!!” şeirində şair və şeir məsələsi və bu motivə bükülən Güneydəki mövcud durum, açıq söz deyən, milli kimlik, ana dili, hakim rejim tərəfindən xalqın pozulmuş haqq və hüquqlarının geri qaytarılması məsələlərini gündəmə gətirən şairlərin həbs olunaraq zindanlara atılması, lakin burada onun yenidən doğulması, həbsxana cəzaları, şallaq zərbələri altında daha da mübarizləşdiyi, daha üsyankar şeirlərinin yarandığını orijinal epitetlərlə kədərlə ifadə edir. Şərifə xanım yenidən, daha coşğulu, daha üsyankar doğulmaması üçün şairi beynindən asın, ürəyini sökün, öldürün!-hökmünü verir, çünki:

Həbsdə dolur, doğulur şair!

Döyüldükcə kəlmə doğur,

Qandalla öpüşür, sevişir, aşiq olur dəlicəsinə şair
Üsyan törədir, Artıqcasına şair ola bilir də hətta!!!
Yanıldınız Azadlığın qiymətini daha da çox bilər,

həbsdə yatan şair.

Məsud Haray üçün isə “Bir də vaxtında insan olsam.dımı?” sualıdır şeir…

Bəlkə də oxucuya qəribə gələr şeirin ölüm qoxuması, hətta bütün misralarının kəfən geyinərək ölümə hazır olması... Kiyan Xiyavın, onu yetirən xalqın yaşadığı həyatın diqtəsi, şairin həqiqətidi bu fikirləri doğuran:

Şeirlərim ölüm qoxuyur dedin

Və bilmədin...

Hələ demədiyim şeirlərimdə,

Bütün misralarım kəfən geyinmiş

Ölümə hazırdırlar...

Əksər çağdaş Güney yazarları kimi Rza Tələbi də adsız bir modern şeirində insan həyatının hər bir sahəsinə, gündəlik yaşamın incəliklərinə, təklik, ailə, xoşbəxtlik, KİV-qəzetlər və televiziya, sənət kimi bir çox məsələlərə toxunur və poetik münasibət bildirməyə çalışır. Amma onun cəhdi bir qədər uğursuz alınır, çünki bu şeir oxucuda güclü duyğular, təsvir etdiyi hadisələr emosional hisslər doğurmur. Bu isə şairin əsəri saysız-hesabsız fakt və hadisələrlə yükləməsidir, sadəcə faktlar sadalanır, şeirin ən birinci tələbi-bədiilik, şeirsəlliksə arxa plana keçir:




Yüklə 142,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin