Zakir Qaralov illik hesabat verib
01.10.2015
Baş prokuror Zakir Qaralov rəsmi dövlət qəzeti “Azərbaycan”ın 1 oktyabr sayında məqalə ilə çıxış edib. Prokurorluğun kadr potensialından söz aşan Zakir Qaralov qeyd edir ki, 2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirilmiş 14 müsabiqə nəticəsində 631 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib, bu da prokurorluq işçilərinin 56 faizidir: “Müsabiqə yolu ilə işə qəbul olunan şəxslər prokurorluqda səmərəli fəaliyyət göstərib, onların müəyyən hissəsi irəli çəkilib, o cümlədən 31 nəfəri rəhbər vəzifələrə təyin edilib”.
Baş prokuror yazır ki, 2014-cü il oktyabrın 1-dən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub”.
Zakir Qaralov vurğulayır ki, 2014-cü ilin birinci yarım ilində ölkə üzrə cəmi qeydiyyata alınmış cinayətlərin 80,1 faizinin açılması təmin olunmuşdu, cari ilin müvafiq dövründə bu rəqəm 84,8 olub.
Korrupsiyaya qarşı mübarizə üzrə görülən tədbirlərdən söz açan baş prokuror yazır ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 326 cinayət xarakterli müraciət və məlumatı araşdırıb, onlardan 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olub: “İl ərzində keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanıb. 12 nəfər barəsində 11 cinayət işi isə əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb.
2014-cü il ərzində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 333 şəxs barəsində 206 cinayət işini baxılması üçün məhkəmələrə göndərib, həmin işlərdən 171 iş maddi ziyanla əlaqədar olub, vurulmuş 76 milyon manatdan yuxarı ziyanın 72 faizinin istintaq zamanı ödənilməsi təmin edilib.
2015-cü ilin birinci yarım ili ərzində 95 cinayət xarakterli müraciət və məlumata baxılıb, onlardan da 14-ü rüşvət, 20-si vəzifədən sui-istifadə etmə, 30-u dələduzluq, 15-i mənimsəmə, 2-si saxta sənəddən istifadə etmə, 1-i saxta müflisləşmə, 3-ü qanunsuz sahibkarlıq, 1-i əmtəə nişanlarından qanunsuz istifadə, 5-i isə digər cinayətlərlə əlaqədar olub. Həmin müddət ərzində keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, 5 nəfər barəsində 5 cinayət işi isə əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanıb.
2015-ci ilin birinci yarım ili ərzində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, həmin cinayət işləri əsasən mənimsəmə və israfetmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, saxta sənədlərdən istifadə etmə və digər faktlarla əlaqədar olub. Bu müddət ərzində 158 şəxs barəsində 99 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib”.
Dostları ilə paylaş: |