15.10.2015
Azərbaycan Sığortaçılar Assosiasiyası oktyabrın 15-i Bakıda peşəkar sığortaçı sertifikasiyası (PSS) proqramının təqdimatını keçirib. PSS — sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramıdır.
Transparency.az xəbər verir ki, PSS proqramında dərs vəsaiti kimi Devid Blandın “Sığorta: prinsiplər və təcrübə” kitabından istifadə olunacağı açıqlanıb. Kitab dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış “Chartered İnsurance İnstitute” qurumunun (Böyük Britaniya) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunub.
Təqdimatda çıxış edən Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib ki, sığorta sahəsinin əsas problemlərindən biri peşəkar kadrların çatışmazlığıdır: “Bu sahədə boşluq var. Ali məktəblər sığorta sahəsində mütəxəssis hazırlamır. Qərar verdik ki, sığortaçılar bu işi boynuna çəksin. Bunun üçün sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan PSS proqramı tətbiq olunacaq. Ola bilər ki, gələcəkdə sığortaçılardan Dövlət Sığorta Nəzarəti Xidmətində keçirilən test əvəzinə bu sertifikat tələb edilsin. Bu sertifikat bilik səviyyəsini təsdiq edən sənəd olacaq, gələcəkdə sığorta şirkətləri işçi qəbul edərkən sertifikatı olan kadrlara üstünlük verəcək”.
Dostları ilə paylaş: |