Məhkəmə-Hüquq Şurasına məhkəmə sədrlərinin təyinatı ilə bağlı yeni səlahiyyət verilir
12.10.2015
Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyətlər verilir. Milli Məclisdən APA-ya bildiriblər ki, Azərbaycan prezidenti “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsinə dəyişiklik layihəsi təqdim edib.
Layihəyə əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təqdimatı ilə aparılacaq.
Hazırda apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədrlərinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininin və məhkəmə kollegiyaları sədrlərinin vəzifəyə təyin edilməsini prezident birbaşa aparır.
Transparency.az bildirir ki, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından fəaliyyətə başlayıb. 15 nəfərdən ibarət olan şuraya 9 hakim, hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin nümayəndələri daxildir.
Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aiddir.
Dostları ilə paylaş: |