Prezident: “Heç kimin xüsusi imtiyazı yoxdur, ola da bilməz”
24.12.2015
Dekabrın 23-ü Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub. Prezident İlham Əliyev tədbirdəki çıxışında sosial-iqtisadi məsələlərə də toxunub. O qeyd edib ki, bölgədə və dünyada iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişafda olub: “2015-ci ildə iqtisadi inkişafa nail olmaq böyük məsələdir. Çünki 2015-ci ildə siyasi böhran, bölgədə yaşanan hərbi böhran, maliyyə böhranı dərinləşib. Çalışırdıq ki, iqtisadi dayanıqlığı maksimum dərəcədə təmin edək. Ancaq bildiyiniz kimi, neftin qiyməti bir il ərzində üç dəfə aşağı düşüb. Bizim gəlirlərimiz kəskin şəkildə azalıb. Büdcə gəlirləri azalıb. Təbii ki, büdcə xərcləri də azalıb. Ona görə biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsus ki, dünyada gedən proseslər gələn il də nikbinlik üçün əsas vermir. Ona görə bu böhranın davam edəcəyi istisna olunmur.
Neft gəlirlərimizin aşağı düşməsi milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, bunun qarşısını maksimum dərəcədə alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. Əlli dollar səviyyəsində sabitləşəndə bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. Amerika Birləşmiş Ştatlarında dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir.
Ancaq buna baxmayaraq çalışacağıq ki, bu vəziyyətin fəsadlarını minimum səviyyəyə endirək. Neftin ucuzlaşması, eyni zamanda əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının kəskin şəkildə ucuzlaşması və digər amillər bu qərarın qəbulunu qaçılmaz etdi.
İndi hökumət qarşısında əsas vəzifə qoyulub ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun. Bu ilin yekunlarına görə, inflyasiya 4 faizdən azdır. Gələn il də biz çalışmalıyıq ki, bunu ən aşağı səviyyədə saxlayaq. Son illərdə biz yerli istehsala böyük əhəmiyyət vermişik, həm dövlət, həm özəl sektora vəsait ayırmışıq. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Buna görə də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri sabit qalmalıdır. Tikinti materialları da həmçinin.
Son illər ərzində biz güclü tikinti sənayesi yaratmışıq və özümüzü əsas tikinti materialları ilə təmin edirik. Tikinti sektorunda da heç bir bahalaşmaya yol vermək olmaz. Azərbaycan özünü yanacaqla təmin edir. Bizdə yanacağın qiyməti dünya qiymətindən üç dəfə aşağıdır. Əgər benzinin, dizel yanacağının qiymətinə baxsanız görərsiniz ki, Qərb ölkələrindən üç dəfə aşağıdır. Ona görə bu sahədə də heç bir bahalaşmadan söhbət gedə bilməz. Şəhər nəqliyyatı tarifləri — metro, avtobus tarifləri bizdə çox aşağı səviyyədədir.
Yəni maksimum dərəcədə çalışacağıq ki, bu qaçılmaz qərarın mənfi təsirlərini azaldaq, ilk növbədə islahatların dərinləşməsi hesabına. İnzibati tədbirlər görülür və görüləcək. Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar.
Əlbəttə, iqtisadi amillər, islahatlarla bağlı amillər də mühüm rol oynayacaq. Müvafiq sərəncamlar imzalanıb ki, biznes mühitini daha da yaxşılaşdıraq, lazımsız yoxlamaları aradan götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilib. Ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaq. Rüşvətxorluq, korrupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət — bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaq. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq. Həm idxalda, həm yerli istehsalda inhisarçılığa yol verilməməlidir. Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq. Ona görə gömrük, vergi sistemində maksimum şəffaflıq təmin edilməlidir və ediləcək. Mən bu məsələlərlə bağlı bir neçə dəfə Nazirlər Kabinetinin toplantısında çıxış etmişəm. Öz çıxışlarımda bildirmişəm ki, Azərbaycanda maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır”.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı neftin qiymətindən asılı olmayan iqtisadi sistem və idarəetmə sistemi yaratmağı vacib saydığını vurğulayıb: “Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik. Hansısa siyasi maraqlar üzündən neftin qiyməti düşür, qalxır, Azərbaycan isə əziyyət çəkir. Nə üçün? Biz güclü iqtisadiyyat qururuq. Bu gün iqtisadi sahədə apardığımız siyasət doğrudan da dünya miqyasında təqdirlə qarşılanır. Bütün aparıcı beynəlxalq maliyyə qurumları — Dünya Bankı, Avropa Bankı, Beynəlxalq Valyuta Fondu bunu qeyd edirlər və iqtisadi sahədə apardığımız siyasəti dəstəkləyirlər.
Manatın məzənnəsinin dəyişdirilməsinə mötəbər beynəlxalq maliyyə qurumlarından belə reaksiya gəlir ki, Azərbaycan hökuməti bunu çoxdan etməli idi. Biz də bununla razıyıq. Çoxdan etməli idik, amma etmək istəmirdik. Etmək istəmirdik, çünki bilirdik ki, bunun mənfi fəsadları olacaq. Maksimum çalışırdıq ki, bunu etməyək. Bir daha demək istəyirəm ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalsaydı, sabitləşsəydi, biz bunu etməyəcəkdik. Ancaq biz real dünyada yaşayırıq. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir”.
İlham Əliyev deyib ki, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir: “Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar — bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik”.
Dostları ilə paylaş: |