Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni rektor
24.12.2015
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni rektor təyin edilib. Prezident İlham Əliyevin 23 dekabr sərəncamı ilə bu post Fuad Hacı oğlu Hacıyevə həvalə olunub. O, Gənclər və İdman Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışırdı.
Bədən Tərbiyəsi və İdman Akademiyasının əvvəlki rektoru Ağacan Abiyev Milli Məclisin deputatı seçildiyinə görə prezident İlham Əliyevin 24 noyabr sərəncamı ilə vəzifəsindən azad edilib.
Neft bir az bahalaşdı, manat isə ucuzlaşdı
24.12.2015
Dünya birjalarında neft bahalaşıb. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 1,31 dollar bahalaşaraq 37,74 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,25 dollar artaraq 37,70 dollar olub. “AzəriLayt” markalı neftin bir barreli isə 0,54 dollar bahalaşaraq 37,47 dollar təşkil edib. Xəbəri AZƏRTAC yayıb.
Azərbaycan manatının ucuzlaşması isə davam edir. Transparency.az bildirir ki, dekabrın 24-də Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5528 manata satılır (Məzənnə cədvəli).
Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. İlk gün rəsmi kurs 1 dollara qarşı 1,5500 manat olub. Dekabrın 22-də, Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5511 manata, dekabrın 23-də 1,5523 manata idi.
2015-ci ilin yanvar ayına kimi 1 dollara orta hesabla 0,7844 manat düşürdü. Fevral ayında, ilk devalvasiyaya qədər manatın dollara nisbətdə orta məzənnəsi 0,8605 manat həcmində qərarlaşmış, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilmişdi.
Dostları ilə paylaş: |