Blatter və Platini 8 il müddətinə futboldan uzaqlaşdırıldılar
21.12.2015
FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası dekabrın 21-də FİFA prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb. Novator.az xəbər verir ki, Platiniyə 80 min, Blatterə 50 min İsveçrə frankı məbləğində cərimə də kəsilib.
Bu ilin sentyabr ayında İsveçrənin hüquq mühafizə orqanları Blatterə Platiniyə 2 milyon frank məbləğində qanunsuz ödəniş etmək ittihamı irəli sürüb. Oktyabrın 8-də Blatter və Platini 90 gün müddətinə vəzifələrindən uzaqlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatasının qərarına əsasən, onlara 90 gün müddətində beynəlxalq və milli səviyyədə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Bu ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedir. Bir çox məmur korrupsiya ittihamı ilə tutulub. Mayın 29-da FİFA İcraiyyə Komitəsinin iclasında Blatter beşinci müddətə prezident seçilib, amma təzyiqlərə davam gətirməyərək iyulun 2-də istefa verib. Gələn il fevralın 26-da FİFA-ya yeni prezident seçiləcək. Prezidentliyə əsas iddiaçılardan biri Platini idi.
Dostları ilə paylaş: |