Gənclər və idman naziri ilin yekunlarını açıqlayıb
25.12.2015
Gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunları ilə bağlı hesabat verib. Transparency.az-ın məlumatına görə, hesabatda bildirilir ki, il ərzində gənclərlə iş sahəsində 91 tədbir keçirilib, onlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli olub. 199 nəfər xarici ölkələrə ezam olunub, 771 nəfər isə ölkədə qəbul edilib.
2015-ci ildə ölkədə fəaliyyət göstərən federasiyalarla birlikdə 200-dən çox respublika turniri, 46 beynəlxalq yarış keçirilib.
İl ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda — Dünya və Avropa çempionatları, kubok yarışlarında 321 qızıl, 222 gümüş və 280 bürünc, ümumilikdə isə 823 medal qazanılıb. 297 medal (105 qızıl, 61 gümüş, 131 bürünc) olimpiya, 526 medal isə (216 qızıl, 161 gümüş, 149 bürünc) qeyri-olimpiya idman növlərində əldə edilib.
Paytaxtda 12-28 iyunda keçirilmiş Avropa Oyunlarının mərasim və yarışlarını izləmək üçün 650 minə yaxın bilet alınıb. Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medal qazanıb.
Oyunlara 12 min 500 nəfərdən artıq gənc əməliyyat könüllüsü, 4 mindən artıq gənc isə mərasimlərdə iştirak edən könüllü kimi qatılıb. Bununla yanaşı dünyanın 107 ölkəsindən oyunlarda könüllü kimi iştirak etmək üçün müraciət olunub, 55 ölkədən 400-ə yaxın könüllü proseslərə cəlb edilib.
Dostları ilə paylaş: |