Manat ucuzlaşma lideridir
22.12.2015
Bu il manat keçmiş SSRİ ölkələrinin valyutaları arasında ən çox ucuzlaşan valyuta olub. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev bəzi valyutaların 2015-ci ildə dəyişikliyə məruz qalması ilə bağlı şərhində belə yazır. Ekspert qeyd edir ki, dekabrın 21-də manat 47,6% ucuzlaşmaya məruz qalıb: “Birinci devalvasiya uzunmüddətli sabit məzənnədən sonra fevralın 21-də baş vermişdi və manat 34,6% ucuzlaşmışdı. Ümumilikdə 2015-ci ildə manat dollara münasibətdə 97,6% dəyərsizləşib. Bu göstərici ilə manat keçmiş SSRİ ölkələrinin valyutaları arasında liderdir.
Devalvasiya göstəricilərinə görə ikinci yeri Qazaxıstan (91,46%), üçüncü yeri Belarus (54.37%) tutur. Ukrayna qrivnası ucuzlaşma həddinə görə (49,15%) keçmiş SSRİ-də dördüncü olub. Tacikistanda milli valyuta 30,04%, Qırğızıstanda 28,82% ucuzlaşıb.
Gürcüstanda larinin ucuzlaşması 27,40% olub. Rusiya rublu 26,7%, Moldova leyi 25,44% dəyər itirib. Türkmənistan və Özbəkistanda milli valyutaların ucuzlaşması uyğun olaraq 22,81% və 14,68% təşkil edib. Ermənistan dramı isə 2015-ci ildə cəmi 0,95% ucuzlaşıb”.
Dostları ilə paylaş: |