23.12.2015
Dekabrın 23-də Moskva Hərbi Dairə Məhkəməsi Rusiya Quru Qoşunlarının sabiq komandanı Vladimir Çirkin haqda bu ilin avqustunda çıxarılmış hökmü dəyişib. Novator.az xəbər verir ki, Çirkinə çıxarılmış həbs hökmü 90 min rubl cərimə ilə əvəzlənib. O, məhkəmə zalından azadlığa buraxılıb. Buna rüşvətxorluq ittihamının dələduzluq ittihamı ilə əvəzlənməsi imkan yaradıb. Çirkinin general-polkovnik rütbəsi və dövlət mükafatları da qaytarılıb.
Moskva Qarnizonunun Hərbi Məhkəməsi avqustun 14-də Çirkini 5 il azadlıqdan məhrum etmişdi. Çirkin 450 min rubl (7 min dollar) rüşvət almaqda təqsirli bilinmişdi.
Məhkəmənin hökmündə qeyd olunmuşdu ki, Çirkin 2008-ci ildə Moskva Hərbi Dairəsi Qoşunlarının komandan müavini postunu tutarkən Müdafiə Nazirliyinin hesabına birotaqlı mənzil əldə etmək istəyən keçmiş hərbçidən 450 min rubl rüşvət alıb.
Hökmə görə, sabiq komandandan dövlətin xeyrinə 450 min rubl tutulmalı idi. Çirkin general poqonundan və “İgidliyə görə” ordenindən də məhrum edilmişdi.
2013-cü ilin oktyabr ayında istintaqa cəlb olunan Çirkin həmin il dekabrın 2-də Rusiya Quru Qoşunlarının komandanı vəzifəsindən çıxarılıb.
Dostları ilə paylaş: |