Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmüş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı



Yüklə 75,2 Kb.
tarix26.12.2016
ölçüsü75,2 Kb.
#3705

I

Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmüş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı; su novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən, üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu, ucları yuxarı sancılmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi.

Əgər gicitkənin dalayıb yandırmasından qorxmusunuzsa, gəlin dar cığırla gedib fligelin içərisinə tamaşa edək. Birinci qapını açıb dəhlizə giririk. Burada divarın və peçin dibinə bir yığın xəstəxana tör-töküntüsü atılmışdır. Döşəklər, köhnə cırıq xalatlar, heç nəyə yaramayan göy zolaqlı köynəklər, yırtıq ayaqqabılar bir yerə tökülmüş, əzilmiş, qarışdırılmışdır, bu şeylər çürüyür və ətrafa pis qoxu yayır.

Gözətçi Nikita, damağında çubuq, həmişə bu tör-töküntünün üstünə uzanırdı; bu, istefaya çıxmış köhnə bir soldat idi, paltarına tikilmiş baftaları belə saralmışdı. Üzü sərt və arıqdı, sallaq qaşları sifətini qoyun itinə oxşadırdı, burnu pul kimi qırmızı idi; boyu alçaq, görünüşü arıqdı, lakin gövdəsi zəhmli, yumruqları saz idi. O, dünyada qayda-qanunu hər şeydən çox sevən və ona görə də bunları döyməyin zəruri olduğunu inanan sadədil, icraçı və küt adamlar zümrəsinə mənsub idi. O, adamların üzünə, döşünə, kürəyinə, hər yerinə vururdu və əmin idi ki, bunsuz burada qayda ola bilməz.

Sonra, dəhliz hesab edilməzsə, bütün fligeli tutan böyük, geniş bir otağa girirsiniz. Otağın divarları çirkli abı rəngə boyanmış, tavanı his çəkmişdir, yəqin qış vaxtı burada peçlər his verir və otaqda dəm olur. İçəridən çəkilmiş barmaqlıqlar pəncərələri eybəcər bir şəklə salmışdır. Döşəmə bozarmış və köhnəlmişdir. Otaqdan turş kələm, əsgi yanığı, taxtabiti və ammonyak qoxusu gəlir, bu qoxu ilk dəqiqədə sizə elə təsir bağışlayır ki, elə bil heyvanxanaya girmisiniz.

Otaqda döşəməyə vintlənmiş çarpayılar vardı. Bu çarpayılarda göy xəstəxana xalatı geymiş və başlarına qədim modalı qalpaq qoymuş adamlar oturur və yatırdılar. Bunlar dəli idilər.

Cəmisi beş nəfər idi. Bunlardan yalnız biri adlı-sanlı idi, qalanları isə adi meşşanlar idi. Qapıdan birinci olan ucaboy, arıq, sarı bığları parıldayan, ağlar gözlü meşşan, başını ovuclarına dayayıb, gözlərini bir nöqtəyə zilləmişdi. Bu kişi gecə-gündüz dərdə-qüssəyə qapılır, başını yırğalayır, ah çəkir və acı təbəssümlə gülümsəyirdi, söhbətdə az-az iştirak edir, suallara adətən cavab vermirdi. Yeməyi-içməyi də qeyri-ixtiyari idi: nə vaxt təklif etsələr; palatada bu pəncərədən o pəncərəyədək gəzişir və yanaqlarındakı qırmızılıq onun vərəm xəstəliyinə tutulduğunu göstərirdi.

Onun o tayındakı çarpayıda alçaq boylu, zirək, xeyli oynaq bir qoca uzanmışdı, onun keçi saqqalı, zənci saçları kimi qara, qıvırcıq saçları vardı. Gündüzlər palatada bu pəncərədən o pəncərəyədək gəzinir, öz yatağında bardaş qurub oturur, şaqraq quşu kimi fit çalır, yavaşca oxuyur və hırıldayırdı. Gecələr Allaha daha yaxşı ibadət eləmək üçün, yəni yumruqlarını döşünə döymək və barmaqları ilə qapını qurdalamaq üçün duranda, uşaq kimi şən və qıvraq olurdu. Bu, yəhudi Moyseyko idi, iyirmi il bundan əvvəl onun papaqçı dükanı yanan zaman başına hava gəlmişdi.

6№-li palata sakinlərindən yalnız ona fligeldən və hətta xəstəxana həyətindən küçəyə çıxmağa izn verilirdi. Xəstəxanada uzun müddət qaldığına və dinc, zərərsiz bir dəli, bir şəhər təlxəyi olduğuna görə çoxdan bəri bu imtiyazdan istifadə edirdi, onu daima şəhərin küçələrində başına uşaqlar və itlər toplaşmış halda görməyə adət etmişdilər. Əynində xalat, başında məzəli bir qalpaq və ayağına tuflu, bəzən də ayaqyalın və hətta tumançaq küçələri dolaşır, darvaza və dükanların qarşısında durur və dilənirdi. Bir yerdə ona kvas, başqa bir yerdə çörək, üçüncü bir yerdə pul verirdilər, beləliklə, fligelə həmişə tox və pullu qayıdırdı.Gətirdiklərinin hamısını Nikita əlindən alırdı. Soldat bu hərəkəti çox kobud və qəsdən edərək, yazığın ciblərini çevirir və Allaha and içirdi ki, bundan sonra cuhudu bir daha küçəyə buraxmayacaqdır, çünki qanunsuzluq ondan ötrü hər şeydən pisdir.

Moyseyka qulluq göstərməyi sevirdi. Yoldaşlarına su verir, yatdıqları zaman üstlərini örtür, hərəsinə küçədən bir qəpik pul gətirməyi və təzə tikdirməyi vəd edirdi, sol tərəfindəki iflic qonşusuna qaşıqla xörək yedirirdi. Bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya insanpərvər duyğular xatirinə deyil, yalnız sağ tərəfindəki qonşusu Qromovu təqlid edərək qeyri-ixtiyari ona tabe olduğu üçün edirdi.

Otuz üç yaşlı İvan Dmitriç Qromov keçmişdə məhkəmə pristavı, quberniya katibi olmuşdu, nəciblərdəndi, təqib olunma xəstəliyinə tutulmuşdu. O, gah yumaq kimi yumurlayıd yataqda uzanır, gah da sanki hərəkət etmək məqsədilə, otaqda o küncdən-bu küncə gəzinirdi. O, həmişə məchul, anlaşılmaz bir intizarla həyəcanlı və gərgin bir vəziyyətdə idi. Dəhlizdə azacıq bir xışıltı və ya həyətdə bir səs eşitdimi, tez başını qaldırıb diqqətlə dinləməyə başlardı: onun dalınca gəlmişlər? Onumu axtarırlar? Bu zaman sifətində böyük bir təşviş və ikrah hissi oxunurdu.

Onun mübarizədən və uzun müddət davam edən qorxudan əzab çəkmiş ruhunu ayna kimi əks etdirən enli sümüklü, həmişə solğun və bədbəxt ifadəli üzü mənim xoşuma gəlirdi. Üzündə qəribə və xəstə bir ifadə vardı. Lakin çöhrəsində dərin və səmimi iztirabdan əmələ gələn incə cizgilər ağıl və mərifətə dəlalət edirdi, gözlərində qaynar bir parıltı vardı. O, mehriban və xidmət göstərən adam olduğu və Nikitadan başqa hamı ilə gözəl rəftar etdiyi üçün mənim xoşuma gəlirdi. Xəstələrdən biri yerə düymə, ya qaşıq salanda, cəld yerindən sıçrayır, yerə düşmüş şeyi qaldırıb yiyəsinə verirdi. Hər səhər yoldaşlarına “sabahınız xeyir olsun”, yatanda isə “gecəniz xeyrə qalsın” deyərdi.

Həmişə gərgin vəziyyətdə olmaqdan və üz-gözünü turşutmaqdan başqa, onun dəliliyi bir də bundan ibarətdi: bəzən axşamlar öz xalatına bərk-bərk bürünür, bütün bədəni ilə əsir, dişləri bir-birinə dəyir, çarpayıların arası ilə o küncdən-bu küncə gəzinirdi. Bu zaman o, titrəmə-qızdırma tutmuş adama oxşayırdı. Gəzərkən birdən-birə dayandığından və yoldaşlarına baxdığından mühüm bir şey demək istədiyi anlaşılırdı, lakin yəqin, onu dinləməyəcəklərini və ya anlamayacaqlarını fikirləşib, səbirsizliklə başını yırğalayır və gəzinməsində davam edirdi. Amma danışmaq arzusu tezliklə hər cür mülahizələrə qalib gəlirdi və iradəsini toplayıb odlu-odlu danışmağa başlayırdı. O, sayıqlayan adam kimi hərarətlə danışırdı, sözləri qarışıq və çox zaman anlaşılmaz olurdu, lakin gözlərində də, səsində də son dərəcə gözəl bir ifadə duyulurdu. O, danışanda onu bir dəli, bir insan kimi tanımağa başlayırsınız. Onun dəlilərə məxsus qızğın nitqini kağızda əks etdirmək çətin işdir. O, adamların alçaqlığından, haqqı tapdalayan zülmdən, bir zaman yer üzündə bərpa olacaq gözəl həyatdan, hər dəqiqə ona zalımların kütlüyünü və amansızlığını andıran pəncərə barmaqlıqlarından danışırdı. Beləliklə, köhnə, lakin hələ oxunub qurtarmamış mahnılardan qarışıq, pozuq bir popurri əmələ gəlirdi.

 

II



 

On iki-on beş il bundan əvvəl şəhərin baş küçəsində tikilmiş öz evində Qromov adlı ağır-səngin və varlı bir məmur yaşayırdı. Onun Sergey və İvan adlı iki oğlu vardı. Sergey dördüncü kurs tələbəsi olduğu zaman vərəm xəstəliyinə tutulub ölmüşdü; bu ölüm ailəsində birdən-birə dolu kimi yağan bir sıra bədbəxtliklərin başlanğıcı oldu. Sergeyin dəfnindən bir həftə sonra qoca atası saxtakarlıq və israf üstündə məhkəməyə verildi və çox keçmədən həbsxana xəstəxanasında yatalaqdan öldü. Ev və bütün əmlak müzaidə ilə satıldı və İvan Dmitriç ailəsi ilə bərabər evsiz qaldılar.

Qabaqlar, İvan Dmitriç atasının sağlığında Peterburq Universitetində oxuyarkən atasından ayda altmış-yetmiş manat xərclik alardı. İndi isə öz həyatını tamamilə dəyişməyə məcbur olmuşdu. Səhər tezdən gecə yarısınadək az bir muzdla dərs verməli, ona-buna cürbəcür ərizə yazmalı olduğu üçün yenə ac-yalavac dolanırdı, çünki qazandığının hamısını anasına göndərirdi. Nəhayət, İvan Dmitriç belə ağır yaşayışa davam gətirmədi: ruhdan düşüb xəstələndi və universiteti atıb evə qayıtdı. Şəhərdə qəza məktəbinə müəllimliyə girdi, lakin yoldaşları ilə yola getmədiyindən və şagirdlərin xoşuna gəlmədiyindən, tez bir zamanda müəllimliyi buraxdı. Bir azdan sonra anası da öldü. İvan Dmitriç altı ayadək işsiz qalıb yavan çörək və su ilə dolanmağa məcbur oldu, sonra məhkəmə pristavı vəzifəsinə girdi. Xəstəliyinə görə qulluqdan çıxarılanadək bu vəzifədə qaldı.

O heç vaxt, hətta tələbəlik illərində belə sağlam adama oxşamırdı. Həmişə rəngi sarı, bədəni arıq idi, tez-tez soyuqlayır, az yeyir, pis yatırdı. Bircə qədəh çaxırdan başı gicəllənir və özündən gedirdi. Adamlara böyük meyl göstərirdi, lakin xasiyyətinin tündlüyü və vasvasılığı üzündən, heç kəslə isinişə bilmirdi, bu səbəbə görə özünə dost qazanmamışdı. Şəhərlilərə həmişə həqarətlə baxardı, dediyinə görə, onların kobud nadanlığı və heyvani yaşayışları ona alçaq və mənfur görünürdü. Tenor səsi ilə ucadan və qızğın danışardı, səsində narazılıq və qəzəb, yaxud da vəcd və heyrət duyulurdu. Onunla nə barədə danışırsan-danış, tez söhbəti eyni şeyə çevirərdi: şəhər həyatı adamı darıxdırır, cəmiyyət ali məqsədlər ardınca getmir, sönük, mənasız bir həyat sürür, həyatı təcavüzlərlə, qaba əxlaqsızlıqla və ikiüzlülüklə boyayır, alçaq adamlar tox və üst-başlı olduqları halda, namuslu adamlarac-yalavac dolanırlar; yeni məktəblər açmaq, düzgün bir istiqamət götürən yerli qəzet, teatr, qiraətxana və ziyalı qüvvələrin birliyi lazımdır, cəmiyyət öz vəziyyətini düşünüb dəhşətə gəlməlidir. İvan Dmitriçin insanlar haqqında mühakimələri çox kəskin və qəti idi; o bütün bəşəriyyəti namuslu və alçaq adamlara bölürdü; ondan ötrü orta bir pillə yox idi.

Qadın və məhəbbət haqqında həmişə ehtiras və vəcdlə danışardı, lakin buna baxmayaraq ömründə bir dəfə də olsun birinə vurulmamışdı.

Mühakimələrinin kəskinliyinə və özünün əsəbiliyinə baxmayaraq, şəhərdə onu sevir və öz aralarında onu mehribancasına Vanya adlandırırdılar. Onun fitri nəzakəti, xidmətkarlığı, rəğbətliliyi, əxlaq təmizliyi, köhnəlmiş sürtuku, xəstə görünüşü və ailə bədbəxtlikləri adamda gözəl, səmimi və kədərli bir hiss oyadırdı, bir də o, yaxşı təhsil almış və çox mütaliə etmişdi, şəhərlilərin rəyincə hər şeyi bilirdi və şəhərdə bir növ səyyar lüğət hesab olunurdu.

Mütaliəyə çox vaxt sərf edərdi. Bir də görürdün ki, klubda oturub əsəbiliklə saqqalını didişdirir, jurnal və kitabları vərəqləyir. Üzündəki ifadəsindən anlaşılırdı ki, o, bütün bunları sürətlə oxuyur və çeynəmədən udur. Mütaliə onun xəstə vərdişlərindən biri idi, çünki əlinə keçən hər şeyi, hətta keçənilki qəzet və təqvimləri də eyni acgözlüklə oxuyurdu. Evdə həmişə uzanıb mütaliə edirdi.

 

III



 

Bir dəfə payız səhəri, İvan Dmitriç paltosunun yaxalığını qaldırıb, palçığı şappıldada-şappıldada döngələrdən, həyətlərdən keçərək, icra vərəqəsi ilə pul almaq üçün bir meşşanın evinə gedirdi. Hər səhər olduğu kimi indi də ovqatı təlx idi. Döngələrdən birində dörd nəfərdən ibarət silahlı konvoyla dövrəyə alınmış iki nəfər ayağı qandallı dustağa rast gəldi. Qabaqlarda İvan Dmitriç dustaqlara tez-tez rast gələr və həmişə onların halına yanardı, indi isə bu təsadüf ona xüsusi, qəribə bir təsir bağışladı. Nədənsə, ona elə gəldi ki, birdən onu da bu dustaqlar kimi qandallayıb, palçıqlı küçə ilə qazamata apara bilərlər. Meşşanın yanından evə qayıdarkən, poçtun tinində tanış bir polis nəzarətçisinə rast gəldi, nəzarətçi İvan Dmitriçlə salamlaşdı və küçə ilə bir neçə addım onunla bərabər getdi, bu hal ona, nədənsə, şübhəli göründü. Evə gəldikdə bütün günü dustaqlar və silahlı soldatlar fikrindən çıxmadı; anlaşılmaz bir həyəcan kitab oxumasına və fikrini cəmləşdirməsinə mane olurdu.Axşam lampa yandırmadı, gecə isə gözünə yuxu getmədi, hey düşünürdü ki, onu da həmin dustaqlar kimi qandallayıb qazamata sala bilərlər. Özünü heç bir şeydə müqəssir hesab etmirdi və gələcəkdə də heç bir kəsi öldürməyəcəyinə, yanğın törətməyəcəyinə, oğurluq etməyəcəyinə əmin idi, lakin bilmədən, qeyri- ixtiyari cinayət etmək çətindirmi, böhtan qurbanı olmaq və nəhayət, məhkəmədə səhv etmək mümkün deyilmi? Qoy heç kəs deməsin ki, mən dilənçi olmayacağam, ya həbsxanaya düşməyəcəyəm, bunu əsrlər boyu əldə edilmiş xalq təcrübəsi göstərmişdir. İndi ki, mühakimə üsulunda məhkəmə səhvi mümkün olan şeydir və bunda təəccüb ediləcək bir şey yoxdur. Özgənin iztirabına rəsmi, işgüzar bir əlaqə bəsləyən hakim, polis nəfəri, həkim kimi adamlar, zaman keçdikcə gördüklərinə o qədər adət edirlər ki, bu, artıq adi vərdiş olur bə onlar istər- istəməz öz müştərilərinə rəsmi əlaqə bəsləyirlər, həmin adamlar bu cəhətdən həyətarası qoyun və dana kəsən və tökdükləri qanı görməyən mujikdən heç də fərqlənmirlər. Şəxsiyyətə rəhmsiz, formal əlaqə bəsləyəndə günahsız adamı bütün əmlakından və hüquqndan məhrum edərək, özünü katorqa cəzasına məhkum etmək üçün hakimə yalnız bircə şey lazımdır: vaxt. Bir para formal cəhətlərə riayət etmək üçün vaxt lazımdır ki, bunun üçün də hakimlərə maaş verib saxlayırlar, bundan sonra isə hər şey bitdi, getdi. Sonra gəl dəmir yoldan iki yüz vers uzaqda olan bu kiçik, palçıqlı şəhərdən ədalət və kömək gözlə! Hər bir zorakılıq cəmiyyət tərəfindən əlverişli bir zərurət kimi qarşılandıqda və hər bir mərhəmət, şəfqət aktı, məsələn, bəraət hökmü cəmiyyətdə bir sıra narazılıq və intiqam hisslərinə səbəb olduqda, ədalət haqqında düşünmək gülünc olmazdımı?

Səhər İvan Dmitriç yuxudan dəhşət içində ayıldı, alnını soyuq tər basmışdı, artıq hər dəqiqə həbs edilə biləcəyinə əmin olduğu halda, yerindən qalxdı. Dünənki ağır fikirlər indiyədək onu tərk etmirdisə, demək, bunlarda azacıq da olsa həqiqət vardır, – deyə düşünürdü. Bu fikirlər adamın beyninə səbəbsiz girməzdi ki!

Bir qaradovoy tələsmədən pəncərənin qabağından keçdi: bu əbəs deyildi. Budur, iki nəfər adam da səssiz-səmirsiz evin yanında durdu. Bunlar niyə danışmırlar?

İvan Dmitriçdən ötrü əzablı gündüzlər və gecələr başlandı. Pəncərənin qabağından keçən və həyətə girən adamların hamısı ona casus və polis xəfiyyəsi kimi görünürdü. Günorta çağı adətən ispravnik öz qoşaatlı faytonunda küçədən keçirdi; o, şəhəryanı malikanəsindən polis idarəsinə gedirdi, lakin İvan Dmitriçə hər dəfə elə gəlirdi ki, o çox yeyin gedir və üzündə də xüsusi bir ifadə var: yəqin şəhərdə mühüm bir caninin zühur etdiyini bildirməyə tələsir.

İvan Dmitriç hər dəfə qapının zəngi çalınanda və ya darvaza döyüləndə diksinir və sahibəsinin yanında təzə bir adam görəndə qorxudan rəngi qaçırdı, polis nəfərinə və jandarmlara rast gələndə gülümsəyir və laqeyd olduğunu göstərmək üçün fit çalırdı. O hər dəqiqə həbs edilə biləcəyini gözünün altına aldığı üçün gecələr yatmırdı, lakin ev sahibəsinə özünü yatmış göstərmək üçün ucadan xoruldayırdı və köksünü ötürürdü, axı yatmamışsa, demək vicdan əzabı çəkir, bu isə şübhə oyada bilər! Faktlar və sağlam məntiq onu inandırırdı ki, bütün bu qorxu sarsaqlıq və dəlilikdir, həbs olunmaqda və qazamata düşməkdə isə dərindən baxsan, mahiyyət etibarı ilə, heç bir qorxu yoxdur, təki insanın vicdanı təmiz olsun; lakin o nə qədər ağılla və məntiqlə mühakimə edirdisə, qəlbindəki təlaş daha şiddətli və daha iztirablı olurdu. Bu hal, insan ayağı dəyməmiş meşədə guşənişin bir adamın ağacları qıraraq özünə məskən düzəltmək istədiyinə oxşayır, o, baltasını nə qədər işlədirmişsə, ağaclar o qədər sürətlə göyərib ətrafı bürüyürmüş. İvan Dmitriç, nəhayət bütün bu təşəbbüslərinin əbəs olduğunu görüb, mühakimə etməkdən əl çəkdi və bütünlüklə ümidsizliyə qapıldı, daimi bir qorxu içində yaşamağa başladı.

O, tənhalıq axtararaq adamlardan qaçmağa başladı. Əvvəllər qulluq etməkdən zəhləsi getdiyi halda indi qulluq ondan ötrü lap dözülməz olmuşdu. O qorxurdu ki, birdən onu aldadarlar, xəbəri olmadan cibinə rüşvət qoyarlar, sonra da üstünü açarlar və ya bilmədən rəsmi idarə kağızlarında saxtakarlığa bərabər olan bir səhv edər, ya da özgə pulunu itirər. Qəribə burasıdır ki, onun fikri heç bir zaman indiki kimi elastik və yaradıcı olmamışdı, indi o azadlığının və namusunun ciddi təhlükə altında olduğu təlqin etmək üçün hər gün min cür müxtəlif səbəblər uydurub düzəldirdi. Lakin burası var ki, xarici aləmə, xüsusən kitablara marağı xeyli azalmış, hafizəsi zəifləmişdi.

Yazda qar əriyəndən sonra dərədəki qəbiristanın yanında iki yarıçürümüş meyit tapmışdılar, bunların biri qoca arvad, o biri oğlan uşağı idi, meyitlərdə zorla öldürüldüklərini bildirən əlamətlər vardı. Şəhərdə hey bu meyitlərdən və bunları öldürənlərdən danışırdılar. İvan Dmitriç, ondan şübhələnməsinlər deyə, küçədə gülümsəyə-gülümsəyə gəzərdi, tanışlarına rast gələndə isə bənizi ağarır rəng verib rəng alır və inandırmağa başlayırdı ki, dünyada zəif və məzlum adamları öldürməkdən daha alçaq bir cinayət ola bilməz. Lakin bu yalan çox çəkmədən onu yordu və bir az fikirləşib bu qərara gəldi ki, onun vəziyyətində olan bir adam üçün ən yaxşısı ev sahibəsinin ərzaq anbarında gizlənməkdir. Anbarda bir gün, bir gecə və daha bir gün qaldı, bərk dondu və havanın qaralmasını gözləyib, oğru kimi anbardan yavaşca çıxıb öz otağına getdi. Səhər açılana kimi ətrafdakı səslərə diqqətlə qulaq asaraq, qımıldanmadan otağın ortasında dayandı. Səhər tezdən ev sahibəsinin yanına iki nəfər peçqayıran gəldi, İvan Dmitriç bunların mətbəxdə peç qayırmaq üçün gəldiklərini bilirdi, lakin qorxunun gücündən onları peçqayıran paltarı geymiş polis nəfərləri hesab etdi. Yavaşca otağından sivişib, qorxu içərisində, başı açıq və sürtuksuz küçə ilə qaçmağa başladı. İtlər onun dalınca düşüb hürüşürdü, arxasınca bir mujik bağırırdı, hava qulaqlarında vıyıldayırdı. İvan Dmitriçə elə gəlirdi ki, guya bu saat dünyanın bütün zor və zülmü bir yerə toplaşıb onun dalınca qaçır, onu qovur.

İvan Dmitriçi tutub evə gətirdilər və ev sahibəsini həkim dalınca göndərdilər. Haqqında irəlidə bəhs edəcəyimiz həkim Andrey Yefimıç, xəstənin başına soyuq kompres qoyulmasını tapşırdı, dəfnəgilənar damcısı yazdı, qəmli-qəmli başını yırğaladı və gedərkən bir daha gəlməyəcəyini bildirdi, çünki adamların dəli olmasına mane olmaq lazım deyildir. Evdə yaşamağa və müalicəyə vəsait olmadığından , İvan Dmitriçi tezliklə xəstəliklər palatasına yerləşdirdilər. O, gecələr yatmayıb şıltaqlıq edir və xəstələrin rahatlığını pozurdu; bir azdan sonra Andrey Yefimıçın əmrinə görə onu 6 №-li palataya köçürtdülər.

Bir ildən sonra şəhərdə artıq İvan Dmitriçi yaddan çıxartdılar, ev sahibəsi tərəfindən talvar altındakı xizəyə atılmış kitablarını da xırda uşaqlar daşıyıb apardılar.

 

 

IV



 

İvan Dmitriçin sol tərəfindəki qonşusu qabaqda dediyim kimi, cuhud Moyseyko idi, sağ tərəfindəki isə – piy bağlamış, yupyumru, küt və büsbütün ləkəsiz çöhrəli bir mujik idi. Bu – düşünmək və hiss etmək qabiliyyətini çoxdan itirmiş, hərəkətsiz, qarınqulu, murdar heyvan idi. O, həmişə ətrafa tünd boğucu bir qoxu yayırdı.

Onun yan-yörəsini sil-süpür edən Nikita, yumruqlarına rəhmi gəlmədən, var gücü ilə onu döyürdü, burada dəhşətli şey onun döyülməsi deyil, buna adət etmək olar, dəhşətli odur ki, bu kütləşmiş, duyğusunu itirmiş heyvan, döyülməsinə nə bir səslə, nə bir hərəkətlə, nə də bir gözlərinin ifadəsilə cavab verməyərək, yalnız ağır çəllək kimi yavaşca yırğalanırdı.

6 №-li palatanın beşinci və sonuncu sakini vaxtilə poçtda çeşidçi olan xoş, lakin bir az hiyləgər sifətli, alçaq boylu, sarışın bir meşşandır. Aydın və şən baxışlı, ağıllı və sakit gözlərindən ağlı başında olduğu və çox mühüm, xoş bir sirr gizlətdiyi anlaşılırdı. Yatağının və döşəyinin altında heç kəsə göstərmədiyi bir şeyi vardı, lakin bu şeyi heç kəsə göstərməməsi – əlindən alarlar və ya oğurlarlar, deyə qorxduğundan deyil, bəlkə utandığındandı. Bəzən, görürsən, pəncərəyə yanaşıb arxasını yoldaşlarına çevirir, döşünə nə isə taxır və sonra başını əyərək baxırdı, bu əsnada ona yanaşsaydın, pərt olar və döşündəki şeyi dartıb gizlədərdi. Lakin onun sirrini tapmaq çətin deyildi. O, tez-tez İvan Dmitriçə deyirdi:

- Məni təbrik edin, ikinci dərəcə ulduzlu Stanislav nişanı ilə təltif etmək istəyirlər, ikinci dərəcə Stanislav nişanı yalnız xaricilərə verirlər, lakin məndən ötrü nədənsə istisna etmək istəyirlər. – O gülümsəyir və çiyinlərini heyrətlə dartırdı. – Sözün düzü, mən heç bunu gözləməzdim!

İvan Dmitriç qəmli-qəmli dedi:

- Mən bundan heç nə anlamıram.

Keçmiş çeşidçi gözlərini hiyləgərcəsinə qıyaraq:

- Lakin xəbəriniz varmı, mən gec-tez nəyə nail olmaq istəyirəm? – deyə sözünə davam etdi. – Mütləq İsveç “Qütb ulduzu” əldə edəcəyəm. Bu nişanı almaq üçün əlləşməyə dəyər. Ağ xaç və qara lent. Gözəl şeydir.

Yəqin ki, heç bir yerdə həyat fligendəki kimi yeksənəq deyildi. Səhər xəstələr, iflic və yorğun mujikdən başqa, dəhlizdə iri çəlləkdə əl-üzlərini yuyub və xalatlarının ətəyi ilə qurulanırdılar: sonra Nikitanın baş korpusdan gətirdiyi çayı qalay krujkalarda içirdilər. Hər xəstəyə bir krulka çay düşürdü. Günorta turş kələmdən bişirilmiş borş və daşma ilə nahar edir, axşam isə nahardan qalmış daşmanı yeyirdilər. Boş vaxtlarda yatır, pəncərədən baxır və otağı o küncdən-bu küncə gəzirdilər. Bu rejim hər gün təkrar olunurdu. Hətta keçmiş çeşidçi də həmişə eyni nişanlardan söhbət salırdı.

6 №-li palatada təzə adamlara çox gec-gec rast gəlmək olurdu. Başına təzəcə hava gələn adamları həkim çoxdan bəri qəbul etmirdi, dəlixanaları ziyarət edən həvəskarlar isə bu dünyada çox deyil. Dəllək Semyon Lazarıç təqribən hər iki ayda bir dəfə fligelə gəlirdi. Onun dəlilərin başını necə qırxmasından və Nikitanın bu işdə ona necə kömək etməsindən, habelə gülümsəyən kefli dəllək gələn kimi xəstələr arasında necə şuluqluq düşməsindən burada danışmayacağam.

Fligelə dəlləkdən başqa heç kəs gəlməzdi. Xəstələr hər gün yalnız Nikitanı görməyə məhkum idilər.

Lakin bu yaxınlarda xəstəxana korpusuna qəribə bir şayiə yayıldı.

Şayiə buraxdılar ki, guya 6 №-li palatanı həkim ziyarət etməyə başlamışdır.

 

 

V



 

Qəribə bir şayiə!

Həkim Andrey Yefimıç Ragin özünə görə qəribə bir adamdı.Deyirdilər ki, o, gəncliyində çox dindar imiş və özünü ruhani vəzifəsinə hazırlayırmış.1863-cü ildə gimnaziyanı bitirdikdən sonra ruhani akademiyaya gurmək fikrinə düşür, lakin təbabət doktoru və cərrah olan atası onu özünə oğul hesab etməyəcəyini bildirir. Bu əhvalatın nə qədər doğru olub-olmadığını bilmirəm, ancaq Andrey Yefimıç təbabət elminə və ümumiyyətlə, xüsusi elmlərə rəğbət bəsləmədiyini dəfələrlə özü etiraf etmişdi.

Hər halda o, tibb fakültəsini bitirdikdən sonra keşişliyə getmədi. O, dindarlıq əlamətləri göstərmirdi və həkimliyə təzə başlayan zamanlarda da, indiki kimi, ruhaniyə çox az oxşayırdı.

Onun mujiklərə məxsus ağır və qaba görkəmi vardı; sifətindən, saqqalından, yatıq saçlarından və yöndəmsiz möhkəm gövdəsindən böyük yol ağzında olan kök, həyasız və kobud meyxanaçıya oxşayırdı. Üzü sərt, göy damarlarla örtülü, gözləri xırda, burnu qırmızı idi. Boyu uca, kürəyi enli, qolları və qıçları nataraz idi; zorba yumruğu ilə bir dəfə vursaydı adamın canı çıxardı. Amma yerişi sakit və ehtiyatlı idi; dar dəhlizdə adama rast gəldikdə, həmişə yol vermək üçün kənara çəkilir və gözlədiyin kimi yoğun səslə deyil, yumşaq tenor səsi ilə “bağışlayın!” deyirdi. Boynunda balaca bir şiş vardı, bu şiş nişasta yaxalıq taxmasına mane olurdu, ona görə həmişə yumşaq kətandan və ya çitdən köynək geyərdi. Ümumiyyətlə o, həkim kimi geyinməzdi. Bir paltarı azından on il geyərdi, cuhud dükanından aldığı təzə paltarı da əynində daim köhnə, geyilmiş və əzik görünürdü, eyni sürtukda həm xəstələri qəbul edir, həm nahar eləyir, həm də qonaq gedirdi; lakin bütün bunlar xəstəlikdən deyil, öz üst-başına əsla fikir vermədiyindən irəli gəlirdi.

Andrey Yefimıç vəzifəsini qəbul etmək üçün şəhərə gəldikdə, “xeyirxah idarə” müdhiş bir halda idi. Palatalarda, dəhlizlərdə və xəstəxana həyətində üfunətdən nəfəs almaq mümkün deyildi. Xəstəxana mujikləri, xəstələrə baxanda və onların uşaqları xəstələrlə bərabər palatalarda yatırdılar. Tarakan, taxtabiti və siçan əlindən dad çəkirdilər. Cərrahiyyə şöbəsindən qızıl yel xəstəliyi əskik olmurdu. Bütün xəstəxanada iki dənə cərrah bıçağı vardı, termometr isə kökündən yox idi, vannalara kartof tökmüşdülər. Nəzarətçi, camaşırçı və feldşer xəstələri soyurdular. Andrey Yefimıçdan qabaqkı həkim barəsində danışırdılar ki, guya xəstəxana spirtini əlaltından satırmış və xəstəyə baxanlardan, xəstə qadınlardan özünə tam bir hərəmxana düzəldibmiş. Şəhərdə bu biabırçılıqları yaxşı bilirdilər və hətta mübaliğə ilə də danışırdılar, lakin bu, camaatı heç də narahat etmirdi, bir para adamlar bu biabırçılıqları safa çıxarırdılar, guya xəstəxanaya yalnız meşşanlar və mujiklər gedir ki, onlar da narazı ola bilməzlər, çünki xəstəxanada onlar üçün öz evlərindəkindən yaxşı keçir, daha onlara kəklik yedirtməyəcəklər ki! Bəziləri də xəstəxana sahiblərinə haqq verməyə çalışaraq deyərdilər ki, zemstvonun yardımı olmadan yaxşı xəstəxana saxlamaq çətindir; Allaha şükür ki, heç olmasa xarab xəstəxana var. Cavan zemstvo isə nə şəhərlər, nə də şəhər ətrafında xəstəxana tikmək istəmirdi, şəhərin artıq öz xəstəxanası var, deyirdi.

Andrey Yefimıç xəstəxananı gözdən keçirərək, bu qərara gəldi ki, bu əxlaqsız bir idarədir və əhalinin sağlamlığı işinə son dərəcə zərərdir. Onun zənnincə, xəstələri bayıra atıb, xəstəxananı bağlamaq ən ağıllı iş idi. Lakin sonra Andrey Yefimıç düşündü ki, təkcə onun iradəsi kifayət deyil, bundan fayda çıxmaz, fiziki və əqli murdarlıqları bir yerdən qovduqda onlar başqa yerə köçür; murdarlığın öz-özünə yox olub getməsini gözləmək lazımdır. Bir də əgər adamlar özlərinə xəstəxana açmışlarsa və buna dözülərsə, demək, bu onlara lazımdır, mövhumat və bütün bu məişət pozğunluqları, murdarlıqları lazımdır, çünki bunlar, zaman keçdikcə, peyinin qaratorpağa çevrildiyi kimi, faydalı bir şeyə çevrilirlər, dünyada heç bir yaxşı şey tapılmaz ki, onun ilk mənbəyində murdarlıq olmasın.

Andrey Yefimıç vəzifəsini qəbul etdikdən sonra bu biabırçılıqlara laqeyd baxdı. Yalnız xəstəxana mujiklərindən və xəstəxana baxıcılarından xahiş etdi ki, palatalarda yatmasınlar və xəstəxanaya tibb alətləri ilə dolu iki şkaf qoydu; nəzarətçi, camaşarçı, feldşer və qızıl yel xəstəliyi tutmuş xəstələr isə öz yerlərində qaldılar.

Andrey Yefimıç ağıl və namusu son dərəcə sevirdi, lakin öz ətrafında ağıllı və namuslu bir həyat qurmağa kirdarı yox idi və öz hüququna inanmırdı. Əmr etməyi, qadağan etməyi və israf etməyi qətiyyən bacarmırdı. Adama elə gəlirdi ki, o, səsini heç vaxt ucaltmamağa və felin əmr formasını işlətməməyə söz vermişdir. “Ver” və ya “gətir” sözlərini deməyə üzü gəlmirdi, yemək istəyəndə qətiyyətsizliklə öskürərək, aşpaz qadına deyərdi: “Deyəsən, acmışam…” və ya “Çay olsaydı, içərdim”. Nəzarətçiyə oğurluqdan əl çəkməsini söyləməyi və ya onu qulluqdan çıxartmağı, ya da bu lazımsız, tüfeyli vəzifəsini büsbütün ləğv etməyi heç cür bacarmırdı. Andrey Yefimıçı aldatdıqda, ya ona yaltaqlıq etdikdə, yaxud da açıq-aşkar saxta bir pul sənədini ona imzalatmağa vardikdə, pul kimi qızarır, özünü taqsırlı bir adam kimi hiss edirdi, amma bununla belə yenə də sənədi imzalayırdı; xəstələr aclıqdan və ya kobud xəstə baxıcılarından ona şikayət etdikdə, o utanır və taqsırlı bir adam kimi mızıldayırdı:

- Yaxşı, yaxşı, bu işə baxaram… Yəqin burada bir anlaşılmazlıq var…

Andrey Yefimıç ilk zamanlar çox səylə işləyirdi. Hər gün səhərdən nahar vaxtınadək xəstələri qəbul edir, operasiya edir və hətta mamalıq təcrübəsi ilə də məşğul olurdu. Qadınlar onun barəsində danışırdılar ki, guya çox diqqətlidir və xəstəlikləri, xüsusən uşaq və qadın xəstəliklərini çox gözəl bilir. Lakin zaman keçdikcə iş öz yeknəsəqliyi və açıq-aydın görünən faydasızlığı iılə onu darıxdırmağa başladı. Bu gün otuz xəstə qəbul etdiyin halda, sabah görürsən otuz beş nəfər oldu, birisigün isə bunların sayı qırxa çatırdı, beləliklə gündən-günə, ildən-ilə xəstələrin sayı şiddətlə artır, ölüm hadisələri də şəhərdə heç azalmırdı. Xəstəxanaya gələn qırx xəstəyə səhərdən naharadək ciddi yardım göstərməyə imkan yoxdur, demək, gündə qırx xəstəni aldatmalı olur. Hesabat ili ərzində xəstəxanaya gələn min iki yüz xəstə qəbul edilmişdi, demək, sadəcə olaraq min iki yüz adam aldadılmışdır. Ciddi xəstələri də palatalara qoymaq və onlarla elmi qaydada məşğul olmaq mümkün deyil, çünki qayda varsa da, elm yoxdur. Fəlsəfəni buraxıb, başqa həkimlər kimi qaydalara xırdaçılıqla riayət etdikdə isə, bundan ötrü çirk deyil, hər şeydən əvvəl təmizlik və ventilyasiya, iylənmiş turş kələmdən bişirilən borş deyil, keyfiyyətli xörək lazımdır və oğrular deyil, yaxşı köməkçilər lazımdır.

Bir də ölüm hər kəsin normal və qanuni aqibətidirsə, adamların ölümünə mane olmağın nə mənası? Bir alverçinin və ya bir məmurun beş-on il artıq yaşamasından nə çıxar? Təbabət elminin məqsədini dərmanların insan əzablarını azaltmasında gördükdə isə, ortaya belə bir sual çıxır ki, bu əzabı nə üçün azaltmalı? Əvvələn, deyirlər ki, əzab insanı kamala çatdırır, ikincisi, bəşəriyyət, doğrudan da, öz iztirablarını cürbəcür həb və damcı dərmanları ilə yüngülləşdirməyi öyrənsə, dini və fəlsəfəni bilmərrə atmış olar. Halbuki insanlar bu vaxta qədər din və fəlsəfə vasitəsilə nəinki özlərini hər cür fəlakətdən qorumuş, hətta onlarda özlərinə xoşbəxtlik də tapmışlar. Puşkin ölərkən müdhiş əzablar çəkmiş, zavallı Heyne bir neçə il iflic olub yorğan-döşəyə düşmüşdür, nə üçün həyatları mənasız keçən və iztirab olmasaydı, amyöb kimi büsbütün boş ömür sürən Andrey Yefimıç və ya Matryona savvişna kimiləri xəstələnməsin?

Andrey Yefimıç bu cür mühakimələrə qərq olaraq ruhdan düşdü və xəstəxanaya gəlməyə başladı.

 

VI



 

Onun həyatı belə keçirdi. Adətən səhər saat səkkizə yaxın yuxudan durub geyinir və çay içirdi. Sonra kabinetində oturub mütaliə ilə məşğul olur və ya xəstəxanaya gedirdi. Xəstəxanada qaranlıq, dar dəhlizdə ambulatoriya xəstələri oturub həkimin qəbulunu gözləyirdilər. Bunların yanı ilə çəkmələrini kərpic döşəməyə döyəcləyən mujiklər və xəstə baxıcıları, xalat geymiş arıq xəstələr keçir, çirkab qabları və s. aparırlar, uşaqlar ağlayır, dəhlizdə aralıq küləyi əsir. Andrey Yefimıç bilirdi ki, titrətməli, vərəmli və ümumiyyətlə həssas xəstələrə belə şərait əziyyət verir, lakin nə etməli? Qəbul otağında feldşer Sergey Sergeiç ona rast gəldi, bu, alçaq boylu, dolu bir adam idi, kök, qırxıq üzü təmizcə yuyulmuşdu, təzə gen- bol kostyumundan feldşerə deyil, əyana oxşayırdı. Şəhərdə geniş praktika ilə məşğul idi, ağ qalstuk taxır və özünü praktika ilə heç məşğul olmayan həkimlərdən məlumatlı hesab edirdi. Qəbul otağının küncündə ağır qəndilli böyük bir ikona vardı; divarlardan arxiereylərin şəkli, Svyatoqorsk monastırının görünüşü və peyğəmbər çiçəyindən əklillər asılmışdı. Sergey Sergeiç dindar adamdı və təmtərağı sevirdi. İkona onun xərci ilə qoyulmuşdu; bazr günləri qəbul otağında xəstələrdən biri, onun əmrinə görə, minacat oxuyardı, minacatdan sonra isə Sergey Sergeiç buxurdanla bütün palataları gəzir və onlara kündür tüstüsü verərdi.

Xəstə çox, vaxt isə az idi, ona görə iş sual- cavabla və xəstələrə ötəri bir sürtmə yağı və ya işlətmə dərmanı verməklə bitirdi. Andrey Yefimıç yumruğunu yanağına dayamış halda oturub, xəstələrə dalğın- dalğın və qeyri- ixtiyari suallar verirdi. Sergey Sergeiç də oturub əllərini ovuşdurur və hərdənbir işə qarışırdı:

- Rəhmli Allaha yaxşı ibadət etmədiyimiz üzündən xəstələnir və min cür məşəqqətlərə düçar oluruq, – deyirdi.

Andrey Yefimıç xəstələri qəbul edərkən heç bir operasiya etmirdi; operasiyaları çoxdan yadırğamışdı, qan görəndə pis hala düşür, həyəcana gəlirdi. Boğazına baxmaq üçün uşağın ağzını açmaq lazım gələndə, uşaq isə ağlayaraq xırda əlləri ilə öz- özünü qoruyanda, uşağın çığırtısından başı gicəllənir, gözləri yaşarırdı. O, dərman yazmağa tələsir və əllərini havada yellədərək, qadına işarə edirdi ki, uşağı tez aparsın.

Qəbul zamanı xəstələrin qorxaqlığı və kütlüyü, qəşəng Sergey Sergeiçin yaxınlığı, divarlardakı şəkillər və iyirmi ildən artıq arası kəsilmədən verdiyi eyni suallar tezliklə onu darıxdırırdı. Buna görə beş- altı xəstə qəbul etdikdən sonra çıxıb gedirdi. Qalan xəstələri feldşer özü qəbul edirdi.

Andrey Yefimıç çoxdan bəri xüsusi praktika ilə məşğul olmadığını və buna görə ona heç kəsin mane olmayacağını düşünərək xoşhallıqla evə gəlir, tez kabinetində stol başında oturur və mütaliəyə başlayırdı. O, çox oxuyur və bundan ayrıca bir zövq alırdı. Maaşının yarısını kitab almağa sərf edirdi, altı otaqdan ibarət olan mənzilinin üç otağı kitab və köhnə jurnallarla dolu idi. Tarixə və fəlsəfəyə dair əsərləri hamısından çox sevirdi; təbabət elmindən isə yalnız “Vraç” jurnalını alırdı, bu jurnalı da həmişə axırından oxumağa başlardı. Mütaliəsi hər dəfə bir neçə saat çəkdiyi halda heç də onu yormurdu. Kitabları İvan Dmitriç kimi tez- tez və dəlicəsinə oxumayıb, ağır- ağır və mənasına fikir verə-verə oxuyardı, çox zaman bəyəndiyi və ya anlaşılmayan yerlərdə dayanıb fikirləşərdi. Kitabın yanında həmişə kiçik araq qrafini və boşqabsız- zadsız mahudun üstündə duzlu xiyar, ya da alma olardı. Hər yarım saatdan bir gözlərini kitabdan ayırmayaraq, bir qədəh araq töküb içirdi, sonra yenə baxmadan əli ilə xiyarı tapar və dişlərdi.

Saat üçdə üsulluca mətbəx qapısına yanaşıb öskürər və deyərdi:

- Daryuşka, xörək yesəydim pis olmazdı…

Pis və xoşa gəlməyən nahardan sonra Andrey Yefimıç əllərini qoynuna qoyub otaqları gəzir və düşünürdü. Saat dördü, dalınca da beşi vurur, o isə hey gəzib düşünməsində davam edirdi. Hərdənbir mətbəx qapısının cırıltısı eşidilir və Daryuşkanın qırmızı, yuxulu üzü görünürdü.

Daryuşka:

- Andrey Yefimıç, pivə içmək vactınız deyilmi? – deyə qayğılı bir tərzdə xatırladırdı.

Andrey Yefimıç:

- Yox, hələ vaxt deyil, – deyə cavab verirdi.- Mən gözlərəm… Bir az gözlərəm.

Axşamüstü adətən poçt müdiri Mixail Averyanıç onun yanına gəlirdi, Andrey Yefimıç yalnız bu adama ünsiyyət bağlayır və məclisinə dözürdü. Mixail Averyanıç vaxtilə xeyli dövlətli bir mülkədar olub, kavaleriyada qulluq etmişdi, lakin sonradan müflis olub, qoca vaxtında poçt idarəsinə qulluğa girmişdi. Bu, sağlam, gümrah görünüşlü, qəşəng ağ bakenli, nəzakətli, xoş və uca səsli bir adamdı. Mərhəmətli və həssas idisə də, xeyli ötkəmdi. Poçt idarəsinə gələnlərdən biri etiraz edəndə, razı olmayanda və ya mühakimə yeritməyə başlayanda, Mixail Averyanıç hirsindən pul kimi qızarır, bütün vücudu ilə titrəyir və gurultulu səslə: “Sus!” deyə bağırırdı, buna görə də poçt artıq çoxdan bəri qorxulu bir idarə kimi məşhur olmuşdu. Mixail Averyanıç Andrey Yefimıçı, mərifətli və alicənab olduğuna görə sevir və ona hörmət edirdi, başqa adamlara isə öz tabeliyindəkilər baxan kimi lovğalıqla baxırdı.

O, Andrey Yefimıçın kabinetinə girərkən:

- Bu da mən! – deyirdi. – Xoş gördük, əzizim! Deyəsən, zəhlənizi tökmüşəm, hə?

Doktor:


- Əksinə, çox şadam, – deyə cavab verirdi. – Sizin gəlişiniz həmişə mənə xoşdur.

Dostlar kabinetdə divan üstə oturub, bir qədər dinməz- söyləməz papiros çəkirdilər.

Andrey Yefimıç:

- Daryuşka, pivə olsa, pis olmaz ha! – deyirdi.

Birinci butulkanı da dinməz – söyləməz içirdilər, doktor düşüncəyə dalır, Mixail Averyanıç isə çox maraqlı bir şey nağıl edəcək adam kimi nəşələnir və dirçəlirdi. Söhbəti həmişə doktor başlayırdı.

O, başını yırğalayaraq müsahibinin gözlərinə baxmadan yavaş- yavaş danışırdı (o, heç vaxt adamın gözlərinə baxmazdı ).

- Çox təəssüf ki, Mixail Averyanıç, şəhərimizdə bir nəfər də olsun ağıllı və maraqlı söhbət eləyən adam yoxdur. Bu bizdən ötrü böyük bir məhrumiyyətdir. Hətta ziyalılarımız da bayağılığa üstün gələ bilmirlər, inandırıram sizi ki, onların inkişaf dərəcəsi aşağı silkdən heç də yüksək deyil.

- Lap doğru deyirsiniz. Sözlərinizə tamamilə şərikəm.

Doktor sakitcə və kəlmə- kəlmə sözünə davam etdi:

- Siz özünüz də gözəlcə bilirsiniz ki, bu dünyada insan zəkasının ülvi mənəvi təzahürlərindən savayı, hər şey əhəmiyyətsiz və maraqsızdır. Ağıl heyvanla insan arasına möhkəm bir sədd çəkir, insanın ilahi bir vücud olmasına dəlalət edir və bir dərəcəyə qədər hətta onun üçün ölməzliyi, yəni olmayan bir şeyi əvəz edir. Buradan belə bir nəticə çıxır ki, insanın ağlı yeganə mümkün olan bir zövq mənbəyidir. Biz isə yan- yörəmizdə ağlı nə görürük, nə də eşidirik, demək, zövqdən məhrumuq. Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı müsahibəni və ünsiyyəti əvəz etmir. Əgər belə bir müvəffəqiyyətsiz müqayisəyə icazə versəniz, cəsarətlə deyərəm ki, kitablar notdur, müsahibə isə mahnıdır.

- Lap doğru deyirsiniz.

Aralığa sükut çökdü. Daryuşka üzündə küt bir qüssə əlaməti olaraq mətbəxdən çıxdı və yumruğunu yanağına dayayaraq, söhbəti dinləmək üçün qapı ağzında durdu.

Mixail Averyanıç köksünü ötürərək dedi:

- Eh, siz də indiki adamlardan ağıl umursunuz!

Sonra o, keçmişdəki həyatdan danışmağa başladı:

- O zamanlar adamın günü xoş və maraqlı keçirdi. Rus ziyalıları nə qədər ağıllı, nə qədər zəkalı idilər, namus və dostluq məfhumlarını onlar nə qədər əziz tuturdular! O vaxtlar vekselsiz nə qədər istəsən borc pul ala bilərdin, ehtiyacı olan bir yoldaşına yardım əlini uzatmamaq əskiklik hesab olunurdu. Necə hərbi səfərlər, sərgüzəştlər, vuruşmalar, necə yoldaşlar, necə qadınlar vardı! Hələ Qafqaz- nə gözəl bir diyar! Bir batalyon komandirinin arvadı zabit paltarı geyib axşamlar dağlara gəzməyə gedərdi, bu qəribə qadın özü ilə bələdçi də götürməzdi. Deyirdilər ki, aulda onun bir knyazla romantik əhvalatı varmış.

Daryuşka:

- Ah pərvərdigara… – deyə ah çəkdi.

- Hələ necə içirdilər! Necə yeyirdilər! Necə də diribaş liberallar vardı!

Andrey Yefimıç dinləyir, amma eşitmirdi; o nə isə düşünür və pivəni ağır- ağır qurtuldadırdı. O, Mixail Averyanıçın sözünü kəsərək, birdən- birə danışmağa başladı.

- Çox zaman mənim yuxuma ağıllı adamlar girir və onlarla söhbət eləyirəm. Mən atamın sayəsində gözəl təhsil almışam, lakin altmışıncı illərin ideyalarının təsiri altında atam məni həkimlik oxumağa məcbur etdi. Mənə elə gəlir ki, o zaman atama qulaq asmasaydım, indi zehni hərəkatın tam mərkəzində olardım. Ehtimal ki, bir fakültənin üzvü olardım. Əlbəttə, ağıl da daima deyil, keçib gedən müvəqqəti bir şeydir, lakin mənim ağla nə üçün meyl göstərdiyimi siz artıq bilirsiniz. Həyat insana qüssə verən bir tələdir. Mütəffəkir bir adam yaşa dolub kamala çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan da, o öz iradəsinə zidd olaraq,hər hansı bir təsadüf nəticəsində heçlikdən həyata keçirilmişdir… Nə üçün? Mütəfəkkir adam öz həyatının mənasını və məqsədini bilmək istəyəndə, ona demirlər, ya da sarsaq şeylər söyləyirlər, o, qapını döyür, amma açan olmur; ölüm də onun iradəsinə zidd olaraq onu yaxalayır. Həbsxanada ümumi bədbəxtliklə bir- birinə bağlı olan adamlar bir yerə toplanarkən özlərini yüngül hiss etdikləri kimi, həyatda da analizə və ümumiləşdirməyə nail olan adamlar bir yerə topanıb, vaxtlarını məğrur və azad ideya mübadiləsi ilə keçirdikdə, tələdə olduğunu hiss etmirsən. Ağıl bu mənada əvəzedilməz bir zövqdür.

- Tamamilə doğrudur.

Andrey Yefimıç müsahibinin gözlərinə baxmadan sakitcə və ara verə- verə ağıllı adamlar və onların söhbəti haqqında danışırdı, Mixail Averyanıç isə onu diqqətlə dinləyir və ” tamamilə doğrudur ” deyə onunla razılaşırdı.

Poçt müdiri birdən:

- Siz ruhun ölməz olmasına inanırsınızmı? – deyə soruşdu.

- Xeyr, möhtərəm Mixail Averyanıç, inanmıram və inanmağa da əsasım yoxdur.

- Sözün düzü, mən də şübhələnirəm. Hərçənd məndə belə bir hiss vardır ki, guya heç ölməyəcəyəm. Bu yandan da öz- özümə deyirəm: ay qoca kaftar, vaxtındır, bu gün- sabah öləcəksən. Amma ürəyimdə bir səs mənə deyir: inanma, ölməyəcəksən!..

Mixail Averyanıç saat ona işləyəndə çıxıb getdi. Dəhlizdə kürkünü geyinərkən içini çəkərək dedi:

- Amma tale bizi nə hicra bir guşəyə atıb! Hər şeydən çox adam buna yanır ki, biz elə burada da öləcəyik. Eh!..

 

VII



 

Andrey Yefimıç dostunu yola salıb stol başına oturur və yenə kitab oxumağa başlayır. Axşamın, sonra gecənin sükutu heç bir səslə pozulmur, sanki vaxt dayanır və doktorla bərabər kitabın üzərində donurdu, adama elə gəlirdi ki, bu saat dünyada bu kitabdan və yaşıl şarlı lampadan başqa heç bir şey yoxdur. Doktorun müjiklərə məxsus kobud sifəti insan zəkasının hərəkəti qarşısında yavaş- yavaş riqqət və vəch təbəssümü ilə parlayırdı. “Ah, nə üçün insan ölməz deyil!- deyə o düşünürdü.- Əgər hər şey torpağa gömülməyə məhkum isə və nəhayət, Yer kürəsinin qabığı ilə bərabər soyuyacaqsa, sonra da milyonlarla il mənasız və məqsədsiz bir halda günəşin ətrafına dolanacaqsa- əcəba, beyin mərkəzləri və qırışıqları, görmə, danışma qabiliyyəti, xüsusi hisslər, düha nə üçünmüş? Soyumaq və sonradan günəş ətrafında mənasızcasına hərlənmək üçün, yoxluqdan yüksək və bəlkə də ilahi ağla malik insan yaratmaq, sonra da onu sanki lağa qoymaq üçün torpağa çevirmək nəyə lazımmış?”.

Maddələr mübadiləsi! Lakin bu ölməzlik surroqatı ilə özünə təsəlli vermək nə böyük bir qorxaqlıqdır! Təbiətdə baş verən şüursuz proseslər insan səfehliyindən də alçaqdır, çünki səfehlikdə, necə olsa, şüur və iradə var, proseslərdə isə heç nə yoxdur. Yalnız ölüm qarşısında qorxaqlığı qürur və ləyaqətindən çox olan bir qorxaq özünə təsəlli verə bilər ki, bir zaman onun bədəni otda, daşda, qurbağada yaşayacaqdır… Öz ölməzliyini maddələr mübadiləsində görmək- qiymətli və əziz bir skripka sındıqdan sonra, onun qabının parlaq gələcəyi olduğunu qabaqcadan xəbər vermək kimi çox qəribə bir şeydir.

Saat zəng vuranda Andrey Yefimıç kresloya söykənib bir az düşünmək üçün gözlərini yumur, sonra kitabdan oxuduğu gözəl fikirlərin təsiri altında öz keçmişinə və hal- hazırına bir nəzər salırdı. Keçmiş iyrəncdir, bunu yadına salmasan yaxşıdır. Lakin hazırda da hər şey keçmişdəki kimidir. Andrey Yefimıç bilirdi ki, onun fikirləri, soyumuş yer kürəsi ilə birlikdə günün ətrafında hərlənməkdə ikən, həkimin mənzili ilə yanaşı olan böyük korpusda adamlar cürbəcür xəstəliklər və natəmizliklər içərisində əzab çəkirlər; bəlkə bu saat bu adamlardan biri həşəratla çarpışır, digəri qızıl yel xəstəliyinə tutulur və ya bərk sarınmış sarğının əziyyətindən inləyir; bəlkə xəstələr xəstə baxıcıları ilə bir yerdə kart oynayır, yaxud da araq içirlər.Hesabat ili ərzində min iki yüz adam aldadılmışdır; xəstəxananın bütün işi, iyirmi il bundan qabaqkı kimi, oğurluq, qeybət, dava- dalaş, qohumbazlıq,kobud şarlatanlıq üzərində qurulmuşdur, ona görə xəstəxana yenə qabaqkı kimi əhalinin sağlamlığı üçün son dərəcə zərərli bir müəssisədir. O bilirdi ki, 6 No- li palatada Nikita xəstələri barmaqlıq arxasında kötəkləyir, Moyseyko da hər gün şəhəri dolaşıb sədəqə yığır.

Digər tərəfdən, ona gözəlcə məlum idi ki, son iyirmi beş il içərisində təbabət elmində ağlasığmaz bir dəyişiklik əmələ gəlmişdir. Universitetdə oxuyan zaman ona elə gəlirdi ki, təbabət elminin aqibəti də tezliklə yalançı kimyanın və metafizikanın aqibətinə dönəcəkdir; indi isə gecələr mütaliə edərkən təbabət elmi ona təsir edir, onda heyrət oyadır və hətta onu vəcdə gətirərdi. Doğrudan da, nə gözlənilməz inkişaf, nə böyük bir inqilab! Antiseptika sayəsindəelə operasiyalar edilir ki, böyük alim Piroqov bunu hətta in sne qeyri-mümkün hesab edirdi. Adi zemstvo həkimləri diz oynağının kəsilməsi əməliyyatına cəsarətlə girişirlər, mədə operasiyasının yalnız yüzdə biri ölümlə nəticələnir, daş bağlama xəstəliyi isə, o qədər bekara şey hesab olunur ki, hətta bu xüsusda heç yazmırlar. Sifilisi olan xəstə tamamilə sağalır. Hələ irsiyyət nəzəriyyəsi, hipnotizm, Pasterin və Koxun kəşfləri, statistika ilə gigiyena, hələ bizim rus zemstvo təbabəti! Psixiatriya indiki xəstəliklər təsnifatı ilə, xəstəliyi tanımaq və müalicə etmək metodları ilə bərabər qabaqkına nisbətən tam bir Elbrusdur. İndi ağlını itirmiş adamların başına soyuq su tökmür və əyinlərinə dəli köynəyi geyindirmirlər, başına hava gəlmiş adamların indi insan kimi saxlayır və qəzetlərdə yazıldığı kimi, hətta onlar üçün teatr tamaşaları və ballar da düzəldirlər. Andrey Yefimıç bilirdi ki, indiki baxışları və zövqləri nəzərə aldıqda, 6 №-li palata kimi bir biabırçılıq yalnız dəmir yolundan iki yüz verst uzaq olan bir yerdə mümkündür, bu, yalnız bələdiyyə rəisi və bütün qlasnıları yarımsavadlı meşşan olan şəhərdə ola bilər; çünki bu yarımsavadlı meşşanların nəzərində elə bir kahindir ki, o, xəstənin boğazına qalay töksə belə, ona tənqidsiz-zadsız inanması lazımdır! Başqa yerdə olsaydı, camaat və qəzetlər bu balaca Bastiliyanı çoxdan darmadağın etmişdilər.

Andrey Yefimıç gözlərini açıb öz-özündən soruşdu: “Yaxşı, bəs nə olsun? Bundan nə çıxsın? Antiseptika da var, Kox və Paster də var, amma mahiyyət etibarilə, işlər heç dəyişməmişdir. Xəstəlik və ölüm hadisələri eyni dərəcədədir. Dəlilər üçün ballar və tamaşalar düzəldirlər, amma onları azadlığa buraxmırlar. Demək, bütün bunlar boş-boş şeylərdir, əbəs yerə əlləşib-vuruşmaqdır və gözəl Vyana klinikası ilə mənim xəstəxanamın arasında, mahiyyət etibarilə, heç bir fərq yoxdur”.

Lakin kədər və paxıllığa oxşayan bir hiss onun laqeyd qalmasına mane olurdu. Bu yəqin yorğunluqdan idi. Ağırlaşmış başı kitabın üstünə düşür, yumşaq olsun deyə əllərini üzünün altına qoyub düşünürdü:

“Mən zərərli bir işə xidmət edirəm, aldatdığım adamlardan maaş alıram, mən namuslu adam deyiləm. Ancaq öz-özlüyümdə mən axı bir heçəm, yalnız zəruri ictimai bəlanın bir zərrəsiyəm: bütün qəza məmurları pisdirlər, ziyalı adamdırlar və müftə maaş alırlar… İki yüz il bundan sonra dünyaya gəlsəydim, başqa adam olardım”.

Saat üçü vuranda Andrey Yefimıç lampanı söndürüb yataq otağına getdi. Lakin o yatmaq istəmirdi.

 

VIII



 

İki il bundan əvvəl zemstvo səxavətə gəlib, zemstvo xəstəxanası açılanadək şəhər xəstəxanasında işləyən tibbi heyətin gücləndirilməsi üçün ildə üç yüz manat buraxmağı qərara almışdı, qəza həkimi Yevgeni Fyodorıç Xobotov Andrey Yefimıça köməkçi sifəti ilə göndərilmişdi. Bu, hələ otuz yaşına dolmamış, qarayanız bir gənc idi, onun boyu uca, almacıq sümükləri enli, gözləri xırda idi; yəqin ki, ata-babası başqa millətdənmiş. Şəhərə qəpiksiz gəlmişdi, yanında balaca bir çamadan və gənc, lakin kifir bir qadın vardı, öz dediyinə görə, bu onun aşpazı idi. Qadının südəmər bir uşağı vardı. Yevgeni Fyodorıç günlüklü şapka və uzunboğaz çəkmə geyirdi, qışda isə yarımkürkdə gəzirdi. O, çox çəkmədən feldşer Sergey Sergeyeviçlə və xəzinədarla dostlaşdı, qalan məmurları isə nədənsə aristokrat adlandırır onlardan çəkinirdi. Mənzilində vur-tut bir kitabı vardı. “Vyana klinikasının 1881-ci il üçün ən yeni reseptləri”. O, xəstələrin yanına gələrkən həmişə bu kitabı özü ilə götürərdi. Axşamlar klubda bilyard oynardı, kart oyununu isə heç sevməzdi. Danışarkən: ganitel, sirkəli mantifoliya, indi isə basacaq gopa və sair bu kimi sözləri həvəslə işlədərdi.

Xəstəxanaya həftədə iki dəfə gələr, palataları gəzər və xəstələri qəbul edərdi. Antiseptikanın yoxluğu və həcəmət bankları onun xoşuna gəlməzdi, lakin Andrey Yefimıçı haramzadə bir adam sayırdı, onun böyük məbləğ sahibi olduğunu güman edir və ona həzəd aparırdı. Mümkün olsaydı Andrey Yefimıçın yerini məmnuniyyətlə tutardı.

 

IX



 

Bahar gecələrindən birində, martın axırlarında, qar tamam əriyərkən, doktor öz dostu poçt müdirini qapıyadək ötürmək üçün həyətə çıxmışdı. Bu dəmdə sədəqə yığmaqdan qayıdan cuhud Moyseyko həyətə girirdi. Onun başı açıqdı, yalın ayaqlarına dayaz qaloş geymişdi, əlində balaca bir sədəqə torbası vardı.

O, soyuqdan əsə-əsə təbəssümlə doktora müraciət etdi:

- Bir qəpik ver!

Rədd etməyi bacarmayan Andrey Yefimıç ona bir dənə ikişahılıq verdi. Doktor onun qırmızı, arıq topuqlu yalın ayaqlarına baxıb fikirləşdi:

“Belə də iş olar? Bu soyuqda ayaqyalın necə davam gətirir?”.

Doktor həm yazığı gəlməyə, həm də iyrənməyə oxşayan bir hisslə, gah yəhudinin daz başına, gah qırmızı topuqlarına baxaraq, onun ardınca fligelə getdi. İçəri girərkən Nikita cır-cındır üstündən qalxıb gərnəşməyə başladı.

Andrey Yefimıç yumşaq bir tərzdə dedi:

-Xoş gördük, Nikita. Bu yəhudiyə bir cüt çəkmə düzəltsəydik, pis olmazdı, yoxsa soyuqlayacaqdır.

- Baş üstə, zati-aliləri! Buyurduğunuzu nəzarətçiyə çatdıraram.

- Zəhmət olmasa! Mənim dilimdən xahiş edərsən. De ki, doktor özü təvəqqe elədi.

Dəhlizin palataya olan qapısı açıldı. İvan Dmitriç çarpayıda uzanmışdı. O, özgə adamın səsini eşidib dirsəkləndi. Dinləməyə başladı və danışan adamın doktor olduğunu anladı. Qəzəbindən bütün vücudu titrədi, acıqlı üzü qızarmış, gözləri hədəqədən çıxmış bir halda yerindən sıçrayıb, palatanın ortasına yüyürdü.

- Doktor gəldi! – deyə bağırdı və qəhqəhə çəkdi. – Axır ki, gəlib çıxdı! Ağalar, təbrik edirəm, doktor sizi yad eləyib! Alçaq hərif! – deyə lap özündən çıxmış bir halda çığırdı, palatada bu vaxta qədər onda belə hal görməmişdilər, o, qəzəblə ayağını yerə döydü. – Bu əclafı öldürmək də azdır! Ayaqyoluna salıb boğulmalıdır!

Bu sözləri eşidən Andrey Yefimıç dəhlizdən palataya baxdı və yumşaq bir əda ilə dedi:

- Nə üçün?

İvan Dmitriç hədəliyici bir görkəmlə ona yanaşdı və rəşə ilə xalata bürünərək:

- Nə üçün? Onun üçün ki, oğrusan! – dedi və tüpürmək istəyirmiş kimi dodaqlarını nifrətlə büzdü. – Şarlatan! Cəllad!

Andrey Yefimıç taqsırını duyan bir adam kimi gülümsəyərək dedi:

- Sakit olun! İnandırıram sizi ki, mən ömrümdə bir dəfə də olsun oğurluq eləməmişəm, qalan şeylərə gəldikdə siz çox mübaliğə edirsiniz. Mənim əlimdən acıqlı olduğunuzu görürəm. Xahiş edirəm, sakit olun və soyuqqanlıqla deyin: niyə mənim əlimdən acıqlısınız?

- Məni niyə burada saxlayırsınız?

- Xəstə olduğunuz üçün.

- Hə, xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayırd edə bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzində bir günahkar kimi burada qalmalıyıq? Nə üçün siz, feldşer, nəzarətçi və sizin kimi xəstəxana rəzilləri, əxlaqca bizdən qat-qat aşağı olduğunuz halda, özünüz burda yatmayıb, bizi yatırdırsınız? Bəs məntiq hanı?

- Əxlaqın və məntiqin buraya dəxli yoxdur. Hər şey təsadüfdən asılıdır. Kimi tutub buraya salıblarsa, o burada qalır, kimi salmayıblarsa, özü üçün gəzir, vəssalam. Mənim doktor, sənin isə ruhi xəstə olmağında nə bir əxlaq var, nə də bir məntiq, bu yalnız boş bir təsadüfdür.

- İvan Dmitriç boğuq bir səslə:

- Mənim bu cəfəngiyatdan başım çıxmır… – deyib öz çarpayısına əyləşdi.

Nikita doktorun hüzurunda Moyseykanın ciblərini axtarmaqdan utandı; Moyseyko yığmış olduğu çörək qırıqlarını, kağız və sür-sümükləri yatağı üzərinə qoydu. O, soyuqdan hələ də titrəyə-titrəyə yəhudi dilində nə isə avazla danışmağa başladı.Yəqin təsəvvür edirdi ki, özünə bir dükan açıbdır.

İvan Dmitriç titrək bir səslə:

- Məni buraxın! – dedi.

- Buraxa bilmərəm.

- Axı nə üçün? Nə səbəbə?

- Ona görə ki, buna mənim ixtiyarım yoxdur. Özünüz fikirləşin, mən sizi buraxsam, bundan sizə nə fayda? Gedin. Şəhər əhli və ya polis sizi tutub yenə buraya salacaq.

İvan Dmitriç:

- Hə, hə, düzdür… – dedi və alnının tərini sildi.

- Bu dəhşətdir. Bəs mən başıma nə kül töküm? Nə çarə qılım?

İvan Dmitriçin səsi və onun xoş ifadəli gənc siması Andrey Yefimıçın xoşuna gəldi. O, bu cavan oğlanı oxşamaq və sakit etmək istədi. Onun yanında çarpayıya oturdu, bir qədərdüşünüb dedi:

- Siz soruşursunuz ki, başıma nə çarə qılım? Sizin indiki vəziyyətinizdən yaxşı çarə – buradan qaçmaqdır. Lakin təəssüf ki, bundan bir fayda çıxmaz. Sizi tutacaqlar. Cəmiyyət özünü canilərdən, ruhi xəstələrdən və ümumiyyətlə, yaramaz adamlardan qoruduqda, ona batmaq olmaz. İndi bircə çarəniz var, siz bu qənaətə gəlməlisiniz ki, burada qalmağınız vacibdir.

- Mənim burada qalmağım kimə lazımdır?!

- Madam ki, həbsxanalar və dəlixanalar var, demək, bunlarda bir adam yatmalıdır, eləmi? Siz düşməsəniz, mən düşəcəyəm, mən düşməsəm, bir başqası düşəcək. Səbr eləyin, bir vaxt gələcək ki, həbsxana və dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmqlıq olacaq, nə də dəlilərə geyindirilən xalatlar. Əlbəttə, belə bir zaman gec-tez gəlib çatacaqdır.

İvan Dmitriç istehza ilə gülümsədi və gözlərini süzərək dedi:

- Siz zarafat edirsiniz. Siz və sizin köməkçiniz Nikita kimi ağalar gələcəyin fikrini çəkmirsiniz, lakin, möhtərəm cənab, əmin ola bilərsiniz ki, gözəl vaxtlar gəlib çatacaqdır. Qoy mənim sözlərim sizin xoşunuza gəlməsin, bu sözlərə gülün, lakin yeni həyat şəfəqi parlayacaq, həqiqət qalib gələcək və bizim küçədə də bayram olacaqdır! Mən bunu görə bilməyəcəm, ölüb gedəcəyəm, ancaq kimin isə nəvəsi, nəticəsi o günü öz gözləri ilə görəcək. Onları səmimi qəlbdən təbrik edirəm və xoşbəxtliklərinə sevinirəm! Allah köməyiniz olsun, dostlarım!

İvan Dmitriçin gözləri fərəhlə parladı, o ayağa qalxdı və əlini pəncərəyə doğru uzadaraq həyəcanlı səsi ilə sözünə davam etdi:

- Bu barmaqlıqlar arxasından sizə xeyir-dua verirəm! Yaşasın həqiqət! Mən sevinirəm!

İvan Dmitriçin hərəkəti doktora bir qədər suni göründüsə də, yenə xoşuna gəldi. O:

- Burada sevinməyə bir səbəb görmürəm, – dedi. – Həbsxana və dəlixanalar olmayacaq, siz buyurduğunuz kimi, həqiqət qalib gələcək, lakin şeylərin mahiyyəti dəyişməyəcək , təbiət qanunları olduğu kimi qalacaqdır. Adamlar indiki kimi xəstələnəcək, qocalacaq və öləcəklər. Həyatınızı nə qədər gözəl bir şəfəq işıqlandırsa da, yenə axırda sizi tabuta qoyub torpağa basdıracaqlar.

- Bəs ölməzlik, bəs əbədiyyət necə?

- Bəsdir, canım!

- Siz inanmırsınız, amma mən inanıram. Dostoyevskinin və ya Volterin əsərlərində birisi deyir ki, əgər Allah olmasaydı, onu insanlar özü uydurub yaradardılar. Mən qəti surətdə əminəm ki, ölməzlik – əbədiyyət yoxdursa, böyük insan zəkası buna gec-tez nail olacaqdır.

Andrey Yefimıç sevincindən gülümsəyərək dedi:

-Yaxşı sözdür. Sizin bu cür etiqadlı olmağınız yaxşıdır. Nelə bir etiqadla, adamı lap divar arasına hörsələr belə, adam firavan yaşayar. Siz bir yerdə təhsil almısınızmı?

- Bəli, universitetdə oxumuşam, ancaq qurtarmamışam.

- Siz düşüncəli və dərrakəli adamsınız. Siz hər bir şəraitdə öz-özünüzdən təsəlli tapa bilərsiniz. Həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür və dünyanın mənasız qayğılarına tam bir həqarətlə baxmaq – insan bu iki nemətdən ən yüksək bir şey görməmişdir. Siz üç qat barmaqlıq arxasında yaşamalı olsanız belə, bu nemətlərə nail ola bilərsiniz. Diogen çəllək içində yaşadığı halda, bütün dünyadakı padşahlardan xoşbəxt imiş.

İvan Dmitriç qaşqabağını töküb:

- Sizin bu Diogeniniz sarsağın biri imiş, – dedi və birdən-birə acıqlanaraq yerindən sıçradı, uca səslə danışmağa başladı, – Diogen və ya nə bilim dərk etmək barəsində danışmaqdan nə çıxar! Mən həyatı sevirəm, həm də ehtirasla sevirəm! Məndə təqib olunma xəstəliyi, əzabverici daimi qorxu var, amma elə dəqiqələr də olur ki, yaşamaq arzusu mənim bütün vücudumu qapayır, belə anlarda qorxuram dəli olam. Ehtirasla, ağlagəlməz bir həvəslə yaşamaq istəyirəm!

O, həyəcan içində otaqda gəzindi və alçaq səslə dedi:

- Xəyala dalanda məni kabuslar narahat edir. Yanıma bir cür adamlar gəlir, cürbəcür səslər, musiqilər eşidirəm, mənə elə gəlir ki, meşələrdə, dəniz sahilində gəzirəm… İstəyirəm, yana-yana istəyirəm ki, mənim də işim-gücüm, qayğılarım olsun… Bir deyin, görüm, orada yeni bir şey varmı? – deyə İvan Dmitriç soruşdu. – Orada nə var?

- Siz şəhər barəsində bilmək istəyirsiniz, yoxsa ümumiyyətlə?

- Əvvəlcə mənə şəhər haqqında danışın, sonra ümumiyyətlə.

- Nə olar, deyim də. Şəhərdə qüssədən bərk darıxırsan. Bir adam tapmırsan ki, dərdini ona açıb deyəsən, ya da birini dinləyəsən. Təzə adam yoxdur. Amma bu yaxında şəhərə Xobotov adlı gənc bir həkim gəlibdir.

- O hələ mənim vaxtımda gəlib. Yoxsa qanmazdır?

- Bəli, tərbiyəsiz adamdır. Qəribə işdir… Hər şeydən görünür ki, bizim paytaxtımızda zehni durğunluq yoxdur, hərəkət var. Demək, orada həqiqi adamlar da olmalıdır, amma nədənsə hər dəfə oradan bizə sarsaq adamlar göndərirlər. Şəhərimiz nə bədbəxtdir”

İvan Dmitriç ah çəkdi və:

- Hə, bədbəxt şəhərdir! – deyə güldü. – Yaxşı, indi də ümumiyyətlə danışın. Qəzetlərdə və jurnallarda nə yazırlar?

Palata artıq qaranlıqdır. Doktor ayağa qalxıb, xarici ölkələrdə və Rusiya mətbuatında nələr yazıldığını və ictimai fikrin hansı istiqamətə doğru yönəldiyini nağıl etməyə başladı. İvan Dmitriç diqqətlə qulaq asır və suallar verirdi, lakin birdən dəhşətli bir şey xatırlayan adam kimi əlləri ilə başını qucaqladı və arxası doktora olaraq yatağa uzandı.

Andrey Yefimıç soruşdu:

- Sizə nə oldu?

- Bundan sonra siz məndən bir söz də eşitməyəcəksiniz! – deyə İvan Dmitriç kobud cavab verdi: – Məni tək buraxın!

- Axı nə üçün?

Andrey Yefimıç çiyinlərini dartdı, köksünü ötürüb bayıra çıxdı. Dəhlizdən keçərkən dedi:

- Nikita, buranı sil-süpür eləsəydin, nə yaxşı olardı… Havası çox ağırdır!

- Baş üstə, zati-aliləri.

Andrey Yefimıç öz mənzilinə gedərkən düşünürdü: “Nə xoş gəncdir! Burada yaşadığım müddət ərzində bu, gərək ki, söhbət eləməyə layiq olan birinci adamdır. O, mühakimə yürütməyi bacarır və məhz lazımlı şeylərlə maraqlanır”.

O, mütaliə edərkən və yatağında uzandığı zaman hey İvan Dmitriç haqqında düşünürdü, səhər tezdən yuxudan oyandıqda isə dünən ağıllı və maraqlı bir adamla tanış olduğunu xatırladı və mümkün olan kimi onun yanına getməyi qərara aldı.

 

X

 



İvan Dmitriç dünənki vəziyyətdə uzanmış, başını əlləri arasına almış və qıçlarını altına yığmışdı. Üzü görünmürdü.

- Xoş gördük, dostum, – deyə Andrey Yefimıç onunla salamlaşdı. – Yatmayıbsınız ki?..

İvan Dmitriç üzünü yastıqdan ayırmayaraq dedi:

- Əvvələn, mən sizə dost deyiləm, ikincisi, nahaq yerə zəhmət çəkirsiniz: məndən bir kəlmə də söz ala bilməyəcəksiniz.

Andrey Yefimıç pərt olub mızıldandı:

- Qəribə işdir… Dünən sizinlə mehribancasına söhbət edirdik, amma nədənsə birdən-birə inciyib söhbəti qırdınız… Bəlkə mən söhbətimdə kobud bir söz işlətmişəm, ya da bəlkə, sizin əqidənizə zidd bir fikir söyləmişəm…

İvan Dmitriç yerində dikələrək istehza və təşvişlə doktora baxdı. Gözləri qızarmışdı.

- Hə, siz dediniz; mən də inandım! – dedi. – Casusluq etmək və işgəncə vermək üçün başqa yerə getməniz məsləhətdir, buradan sizə bir iş çıxmaz. Mən sizin buraya nə üçün gəldiyinizi hələ dünən duymuşdum.

Doktor gülümsəyib dedi:

- Qəribə bir fantaziya! Demək, sizin zənninizcə, mən casusam?

- Bəli, mən belə güman edirəm… Yanına sınanmaq üçün qoyulduğum adam casusdur, yoxsa doktor bunun məndən ötrü fərqi yoxdur.

- Amma, məni bağışlayın… Siz qəribə adamsınız!

Doktor, yatağın yanındakı kürsüdə əyləşib başını məzəmmətlə yırğaladı.

- Yaxşı, tutaq ki, siz haqlısınız, – dedi. – Fərz edək ki, mən sizi polisin əlinə vermək üçün sizdən söz alıram. Bunun nəticəsində sizi həbs edib məhkəməyə verirlər. Lakin məhkəmədə və ya həbsxanada gününüz buradakından pismi keçəcək? Sizi sürgün etsələr və hətta katorqaya göndərsələr, bu fligeldə oturmaqdan pismi olar? Zənnimizcə, pis olmaz… Bəs nədən qorxursunuz?

Bu sözlər, deyəsən, İvan Dmitriçə təsir etdi. O, sakitcə yatağa oturdu.

Axşam saat beşə işləyirdi. Andrey Yefimıç adətən bu vaxtlar öz otaqlarında gəzinər və Daryuşka, pivə içmək vaxtı deyilmi, deyə ondan soruşardı. Hava sakit və aydın idi.

Doktor:

- Nahardan sonra bir az gəzmək üçün evdən çıxmışam və gördüyünüz kimi, sizin yanınıza gəlmişəm, – dedi. – Bayırda bahar havası var.

İvan Dmitriç soruşdu:

- İndi hansı aydır? Martdırmı?

- Bəli, martın axırıdır.

- Bayır palçıqdır?

- Xeyr, bir qədər yox. Bağda artıq cığırlar açılıbdır.

İvan Dmitriç yuxudan təzəcə durmuş adam kimi, qızarmış gözlərini silərək dedi:

- Belə gündə adam faytona minib şəhər kənarına seyrə çıxaydı, sonra da evə, ilıq havalı rahat kabinetə qayıdaydı… və başının ağrısını qabiliyyətli bir həkimə müalicə etdirəydi… Çoxdan bəridir ki, mən insana layiq bir həyat keçirmirəm. Bura isə çox murdar yerdir! Dözülməz dərəcədə murdardır!

O dünənki həyəcanından sonra yorğun və əzgindi, həvəssiz danışırdı. Barmaqları titrəyirdi, üzündən başının bərk ağrıdığı bəlli olurdu.

Andrey Yefimıç dedi:

- İlıq və rahat kabinetlə bu palata arasında heç bir fərq yoxdur. İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir.

- Necə yəni?

- Adi bir adam yaxşı və ya pis bir şeyi xaricdən, yəni fayton və kabinetdən gözləyir, zəkalı bir adam isə bunu özündə görür.

- Bu fəlsəfəni təbliğ etmək üçün Yunanıstana getməyiniz məsləhətdir, ora ilıqdır və havası narınc qoxusu verir, bu fəlsəfə buranın iqliminə uyğun gəlməz. Diogen haqqında mən kiminlə danışırdım? Sizinləmi?

- Bəli, dünən mənimlə danışırdınız.

- Diogenin kabinetə və isti otağa ehtiyacı yox idi; ora onsuz da istidir. Çəlləyin içində otur, zeytun və portağal yeyib ləzzət çək! Amma Rusiyada yaşamaq ona qismət olsaydı, nəinki dekabrda, hətta may ayında da evdən bayıra çıxmazdı. Soyuq ona bir toy tutardı ki…

- Xeyr. Soyuğu və ümumiyyətlə, hər bir ağrını hiss etməmək olar. Mark Avreli deyib ki, “ağrı – ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə – ağrı öz-özünə yox olar”. Bu, doğru fikirdir. Filosof və ya sadəcə təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir.

- Demək, mən əzab çəkdiyim, narazı olduğum və insan rəzalətinə heyrət etdiyim üçün axmağam.

- Siz nahaq belə danışırsınız. Əgər siz dərindən düşünsəniz, bizi həyəcana gətirən bütün xarici aləmin nə qədər boş, əhəmiyyətsiz olduğunu duyarsınız. Həyatı dərk etməyə çalışmaq lazımdır. Həqiqi nemət də məhz bu dərk etməkdir.

İvan Dmitriç üz-gözünü turşudub dedi:

- Dərk etmək… Xarici, daxili… Bağışlayın, mən bunları başa düşmürəm. – O, ayağa qalxaraq acıqla doktora baxdı və: – Mən ancaq onu bilirəm ki, Allah məni isti qandan və əsəblərdən ibarət olaraq yaratmışdır! – dedi. – Üzvi toxuma isə, yaşamaq qabiliyyətinə malik olduqda, hər bir qıcıqlanmadan hərəkətə gəlməlidir. Mən özüm də hərəkətə gəlirəm! Ağrıya çığırtı ilə və göz yaşı tökməklə, alçaqlığa – qəzəblə, rəzilliyə – nifrətlə cavab verirəm. Məncə, bunun özü elə həyat deməkdir. Orqanizm nə qədər alçaq olursa, o qədər az həssas olur və qıcıqlanmaya daha zəif cavab verir; əksinə, orqanizm nə qədər yüksək olursa, o qədər də həssas olur və həyata, mühitə qarşı münasibətini daha qəti göstərir. Bunu bilməmək olarmı? Özünüz doktorsunuz, amma belə boş şeylərdən xəbəriniz yoxdur! Əzab və əziyyətə nifrət etmək, həmişə razı qalmaq və heç bir şeyə təəccüb etməmək üçün, bax, bu dərəcəyə çatmaq lazımdır, – deyə İvan Dmitriç piy bağlamış kök mujikə işarə etdi, – və ya gərək şiddətli iztirablara dözərək özünü elə möhkəmlədəsən ki, hər cür həssaslığı itirəsən, yəni başqa sözlə, yaşamaqdan əl çəkəsən. Bağışlayın, mən nə aliməm, nə filosof, – deyə İvan Dmitriç əsəbi halda sözünə davam etdi, – və bunlardan heç başım çıxmır. Mühakimə etməyə halım yoxdur.

- Əksinə, çox gözəl mühakimə edirsiniz.

- Özünüzü bənzətdiyiniz stoistlər çox gözəl adamlardır, ancaq onların nəzəriyyəsi hələ iki min il bundan qabaq donub qaldı, bir qarış belə irəliləmədi və irəliləməyəcəkdir də, çünki bu nəzəriyyə əməli və həyati deyildir. Bu, yalnız öz həyatını hər cür nəzəriyyələri təhlil və təshih etməklə keçirən azlıq arasında müvəffəqiyyət qazana bildi, əksəriyyət isə bunu anlamırdı. Sərvətə və həyat rahatlığına laqeydlik, iztirablara və ölümə nifrət təbliğ edən nəzəriyyə isə böyük əksəriyyət üçün tamamilə anlaşılmazdır, çünki bu əksəriyyət heç vaxt var-dövlət, həyat rahatlığı görməmişdir; bu əksəriyyət üçün iztiraba nifrət etmək, həyatın özünə nifrət etmək deməkdir, çünki insanın bütün varlığı aclığı, soyuğu, həqarəti, itkini və ölüm qarşısında Hamlet qorxusunu hiss etməkdən ibarətdir. Bütün həyat da bu hadisələr üzərində qurulmuşdur: həyatdan usanmaq olar, ona nifrət etmək olar, lakin ona həqarətlə baxmaq yaramaz. Bəli, təkrar edirəm ki, stoist təliminin heç vaxt gələcəyi ola bilməz, halbuki, gördüyünüz kimi, mübarizə, ağrıya qarşı həssaslıq və qıcıqlanmaya cavab vermək qabiliyyəti əzəl vaxtdan indiyədək tərəqqi etməkdədir.

İvan Dmitriç birdən fikrinin izini itirib dayandı və təəssüflə alnının tərini sildi. Sonra:

- Mühüm bir şey deyəcəkdim, heyif ki, unutdum, – dedi. – Nə deyəcəkdim? Aha, yadıma düşdü: stoistlərdən biri yaxın bir dostunu azad etdirmək üçün, özünü bir qul kimi satmışdı. Görürsünüzmü, demək, stoist də qıcıqlanmaya cavab verirmiş, çünki yaxın dostunun yolunda canından keçmək kimi alicənab bir hərəkət üçün qəzəblənmiş rəhmli bir qəlb lazımdır. Mən öyrəndiklərimin hamısını bu həbsxanada unutmuşam, yoxsa yenə də bir şey xatırlardım. Həzrət İsanı götürək. İsa həqiqi varlığa ağlamaq, gülümsəmək, kədərlənmək, acıqlanmaq, hətta qüssələnməklə cavab verirdi; o, iztirabları təbəssümlə qarşılamır və ölümə nifrət bəsləmir, o, bu fəlakətdən yaxa qurtarmaq üçün Gefsiman bağında ibadət eləyirdi.

İvan Dmitriç gülüb oturdu.

- Tutaq ki, insanın rahatlığı və firavan dolanması xarici mühitdən deyil, onun daxilindən asılıdır, – dedi. – Tutaq ki, iztiraba nifrət bəsləmək və heç bir şeyə heyrət etməmək lazımdır. Lakin siz bunu nəyə əsasən təbliğ edirsiniz? Siz alimsiniz? Filosofsunuz?

- Xeyr, mən filosof deyiləm, lakin bunu ağıllı fikir olduğu üçün hər kəs təbliğ etməlidir.

- Yox, mən bilmək istəyirəm ki, niyə siz dərk etmək, iztiraba nifrət bəsləmək və sairədə özünüzü səlahiyyətli hesab edirsiniz? Məgər siz ömrünüzdə iztirab çəkməmisiniz? İztirabın nə olduğunu bilirsiniz? Bağışlayın, sizi heç uşaqlıqda qamçı ilə döyüblər?

- Xeyr, mənim ata-anam fiziki cəzaya nifrət edirdilər.

- Məni isə atam rəhmsizcəsinə döyərdi. Atam yorğun, əzgin və sərt xasiyyətli bir məmur idi, burnu uzun, boynu sarı idi. Lakin gəlin sizin barənizdə danışaq. Bütün ömrümüz boyu sizə heç kəs barmağının ucu ilə belə toxunmamış, heç kəs sizi qorxutmamış, döyməmişdir, siz öküz kimi sağlamsınız, atanızın qanadı altında böyümüş və onun hesabına oxumuşsunuz, sonra birdən-birə işi az, maaşı çox olan qulluğa girmisiniz. İyirmi ildən artıq yanacağı, işığı, qulluqçusu olan havayı mənzildə yaşamısınız və istədiyiniz kimi, istədiyiniz qədər işləmək, hətta heç işləməmək hüququna malik olmusunuz. Siz təbiətcə tənbəl, lırt bir adamsınız, ona görə də həyatınızı elə qurmağa çalışıbsınız ki, sizi heç bir şey narahat eləməsin və yerinizdən dəbərtməsin. İşlərinizi feldşerə və ya başqa yaramaz adamlara təhvil verib, özünüz isti və sakit bir yerdə oturmusunuz, vaxtınızı pul toplamaqla, kitab oxumaqla, cürbəcür yüksək mənasızlıqları düşünməklə və (İvan Dmitriç doktorun qırmızı burnuna baxdı) sərxoşluq sərxoşluq etməklə keçirmisiniz. Xülasə, həyatı görməmisiniz, onu əsla tanımırsınız, həqiqətlə isə yalnız nəzəri cəhətdən tanış olmusunuz. İztiraba nifrət bəsləməyinizin və heç bir şeyə heyrətlənməmənizin səbəbi isə olduqca sadədir: mənasız fikirlər və qayğılar, həyata, iztirablara və ölümə xaricən və daxilən nifrət bəsləmək, həyatın mahiyyətini dərk etmək cəhdləri, həqiqi nemət – bütün bu fəlsəfə Rusiya tənbəlləri üçün ən əlverişli bir şeydir. Məsələn, siz bu mujikin öz arvadını döydüyünü görürsünüz. Niyə müdaxilə edəsiniz? Qoy döysün, onsuz da hər ikisi gec-tez öləcəkdir; həm də döyən adam öz şapalaqları ilə, döydüyü adamı yox, özünü təhqir edir. Sərxoşluq etmək axmaq, ədəbsiz bir hərəkətdir, lakin içsən də öləcəksən, içməsən də. Görürsən, bir arvad gəlib diş ağrısından şikayət edir… Nə olsun ki? Ağrı, ağrını təsəvvür etməkdir və bir də dünyada xəstəliksiz yaşamaq olmaz, hamımız öləcəyik, ona görə də arvadı başından rədd elə, o sənin düşünməyinə və araq içməyinə mane olur. Gənc bir oğlan nə eləmək, nə cür yaşamağı öyrənmək üçün yanınıza məsləhətə gəlir; başqası cavab verməzdən əvvəl bir az düşünərdi, sizin isə cavabınız hazırdır: həyatı dərk etməyə və ya həqiqi neməti əldə etməyə çalış. Əcəba, bu fantastik “həqiqi nemət nə olan şeydir? Əlbəttə, buna cavab yoxdur. Bizi burada barmaqlıq arxasında saxlayır, canımızı çürüdür, bizə əzab verirlərsə, bu çox gözəl və ağıllı işdir, çünki bu palata ilə isti, rahat kabinet arasında heç bir fərq yoxdur. Əlverişli fəlsəfədir; görüləcəkbir iş yox, vicdanın təmiz, özünü də bir alim kimi hiss edirsən… Xeyr, cənab, buna fəlsəfə, təfəkkür, geniş baxış demək olmaz, bu tənbəllik, sehrbazlıq, sayıqlamadır. Bəli!- deyə İvan Dmitriç yenə acıqlandı. – İztiraba nifrət edirsiniz, amma barmağınız qapı arasında qalsa elə bağırarsınız ki, boğazınız yırtılar!

Andrey Yefimıç həlimcəsinə gülümsəyərək dedi:

- Bəlkə bağırmaram…

- Bəli, inandıq. Məsələn, sizi iflic vursa, ya, tutaq ki, axmaq və alçaq bir adam, öz mövqeyindən və rütbəsindən istifadə edərək, sizi camaat qarşısında təhqir etsə və siz ona cəza verilməyəcəyini bilsəniz, adamları başından eləyib həyati idraka və həqiqi nemətə doğru yönəltmənin nə olduğunu anlarsınız.

Andrey Yefimıç zövqündən güldü və əllərini ovuşduraraq dedi:

- Bu çox maraqlıdır. Sizin ümumiləşdirməyə olan meyliniz məni heyrətə salır, mənə indicə verdiyiniz xarakteristika misilsizdir. Etiraf etməliyəm ki, sizinlə apardığım söhbət mənə böyük zövq verir. Mən sizi dinlədim, indi də xahiş edirəm məni dinləyəsiniz.

 

XI



 

Bu söhbət təqribən bir saat daha davam etdi və görünür, Andrey Yefimıça dərin təsir bağışladı. Bundan sonra o hər gün fligelə gəlməyə başladı. Oraya səhərlər və nahardan sonra gəlirdi və çox vaxt İvan Dmitriçlə söhbəti qaranlıq düşənədək davam edirdi. İvan Dmitriç əvvəllər ondan qaçır, onun gizli bir niyyətdə olduğundan şübhələnir və ondan zəhləsi getdiyini açıq bildirirdi, sonra isə ona öyrəşib öz qaba rəftarını təvazökar- kinayəli bir əlaqəyə çevirdi.

Bir azdan sonra bütün xəstəxanaya şayiə yayıldı ki, doktor Andrey Yefimıç 6 №- li palataya gəlib- getməyə başlayıb. Heç kəs- nə feldşer, nə Nikita, nə də xəstə baxıcıları doktorun oraya nə üçün getdiyini, nə üçün orada saatlarla oturduğunu, nə barədə danışdığını və nə üçün resept yazmadığını heç cür başa düşmürdü. Doktorun hərəkətləri adama qəribə gəlirdi. Mixail Averyanıç çox vaxt onu evdə tapmırdı, halbuki qabaqlar heç belə ittifaq düşməzdi. Daryuşkanın da ovqatı təlx idi; çünki dostları pivəni daha vaxtında içmir və bəzən hətta nahara da gecikirdi.

Bir dəfə iyunun axırlarında, doktor Xobotov bir iş üçün Andrey Yefimıçın yanına gəlmişdi; onu evdə tapmadı, həyətə çıxıb axtarmağa başladı; həyətdəkilər dedilər ki, doktor ruhi xəstələrin yanına gedib Xobotov fligelə girib dəhlizdə durdu və belə bir söhbət eşitdi.

- Bizim əqidəmiz müxtəlifdir, siz məni öz məsləkinizə sarı cəlb edə bilməzsiniz, – deyə İvan Dmitriç əsəbi halda danışırdı. – Siz həyatla bilmərrə tanış deyilsiniz və ömrünüz uzunu heç vaxt iztirab çəkməmisiniz, mən isə anadan olduğum gündən indiyədək arasıkəsilməz əzab çəkmişəm, ona görə də açıq deyirəm: mən özümü sizdən yüksək və hər bir cəhətcə məlumatlı hesab edirəm. Mənim başıma ağıl qoymayın.

Andrey Yefimıç dediklərinin anlaşılmadığını təəssüf edərək sakitcə dedi:

- Mən sizi heç də öz etiqadıma cəlb etmək iddiasında deyiləm. İş bunda deyil, dostum. Məsələ onda deyil ki, siz iztirab çəkmisiniz, mən yox. İztirab və sevinc keçicidir. Bunlardan əl çəkək. İş ondadır ki, siz və mən fikirləşirik, bir-birimizdə düşünmək və mühakimə etmək qabiliyyəti olduğunu görürük; bu hal, əqidələrimiz nə qədər müxtəlif olursa-olsun, bizi həmrəy edir. Bilsəniz, dostum, ümumi səfihlik, korazehinlik, kütlük zəhləmi nə qədər tökübdür və hər dəfə sizinlə söhbət eləməkdən nə qədər xoşlanıram! Siz ağıllı adamsınız, mən sizdən zövq alıram.

Xobotov qapını bir verşok qədər aralayıb palataya baxdı; başında kalpak olan İvan Dmitriçlə doktor Andrey Yefimıç yataqda yan-yana oturmuşdular. Dəli üz-gözünü qırışdırır, diksinir və ya rəşə ilə xalatına bürünürdü, doktor isə, başını aşağı dikib, sakitcə oturmuşdu, üzü qırmızı, qüssəli idi, onda bir acizlik ifadəsi vardı. Xobotov çiyinlərini qısıb gülümsündü və Nikitanın üzünə baxdı. Nikita da çiyinlərini çəkdi.

Ertəsi gün Xobotov feldşerlə birlikdə fligelə gəldi. Hər ikisi dəhlizdə durub içəridə gedən söhbəti dinləməyə başladı.

Xobotov fligeldən çıxarkən dedi:

- Bizim qoca, deyəsən, çox qorxub.

Sergey Sergeiç təmiz silinmiş çəkmələrin bulamasın deyə, gölməçələrin kənarı ilə üsulluca keçərək:

- Pərvərdigara, biz günahkar bəndələrinin günahından keç! – deyə ah çəkdi. – Sözün düzü, hörmətli Yevgeni Fyodorıç, mən bunu çoxdan gözləyirdim.

 

XII



 

Bu əhvalatdan sonra Andrey Yefimıç hər tərəfində əsrarəngiz şeylər müşahidə etməyə başladı. Mujiklər, xəstə baxıcıları və xəstələrona rast gəldikdə sualedici nəzərlə ona baxır və sonra pıçıldaşırdı. Nəzarətçinin qızı Maşaya xəstəxana həyətində rast gəlməyi sevən doktor, indi də, qızın başını sığallamaq üçün təbəssümlə ona yaxınlaşdıqda, nədənsə qız ondan qaçırdı. Poçt müdiri Mixail Avreyanıç dinlərkən əvvəlki kimi “Tamamilə doğrudur demir, anlaşılmaz bir pərtliklə “hə-hə” deyə mızıldayır, dalğın-dalğın və kədərlə ona baxırdı, nədənsə o öz dostuna araq və pivəni tərgitməyi məsləhət görməyə başlamışdı, lakin mərifətli adam olduğundan, o bunu açıq söyləmirdi, eyhamla deyirdi: gah misilsiz adam olan bir nəfər batalyon komandirindən, gah da yaxşı bir polk keşişindən danışırdı, bunlar çox içməkdən xəstələnmişdilər, lakin içkini tərgidən kimi tamamilə sağalmışdılar. İş yoldaşı Xobotov iki-üç dəfə Andrey Yefimıçın yanına gəlmişdi; o da spirtli içkiləri tərgitməyi məsləhət görürdü və heç bir bəhanə olmadan bromlu kalium içməyi məsləhət görürdü.

Avqust ayında Andrey Yefimıç bələdiyyə rəisindən bir məktub aldı. Rəis çox mühüm bir məsələ üçün onun gəlməsini xahiş edirdi. Andrey Yefimıç təyin olunmuş vaxtda bələdiyyə idarəsinə, orada qoşun rəisini, qəza məktəbinin ştat nəzarətçisini, bələdiyyə idarəsi üzvünü, Xobotovu və kök, sarışın bir cənab gördü, bu axırıncını Andrey Yefimıça həkim sifətilə təqdim etdilər. Polyak familiyası çətin tələffüz edilən bu həkim şəhərin otuz verstliyində olan at zavodunda yaşayırdı, indi yolüstü şəhərə gəlmişdi.

- Burada sizin işinizə dair bir ərizə var, – deyə hamı bir-birilə görüşüb stol başına oturduqdan sonra bələdiyyə idarəsinin rəisi, Andrey Yefimıça müraciət etdi. – Yevgeni Fyodoriç deyir ki, baş korpusda aptekin yeri darısqaldır, onu fligellərdən birinə köçürmək lazımdır. Əlbəttə, bu, düzələn şeydir, ancaq əsas odur ki, fligeli təmir etmək lazım gələcəkdir.

Andrey Yefimıç bir az düşündükdən sonra dedi:

- Bəli, təmirsiz keçinmək mümkün olmayacaq. Məsələn, apteki küncdəki fligelə köçürtsək, buna, məncə, azı beş yüz manat pul sərf etmək lazımdır. Bu, səmərəsiz xərcdir.

Bir az susdular.

Andrey Yefimıç sakit səslə sözünə davam etdi:

- Mən hələ on il əvvəl rəsmi məlumat vermişdim ki, bu xəstəxana hazırkı halında, şəhərin vəsaitini nəzərə aldıqda, onun üçün bəzəkdən başqa bir şey deyil. Xəstəxana qırxıncı illərdə tikilmişdir, lakin o vaxtlar vəsait imkanı bambaşqa idi. Şəhərimiz lazımsız tikililərə və artıq vəzifələrə çox böyük məbləğlər sərf edir. Mənim zənnimcə, başqa qayda olsaydı, bu pullara iki nümunəvi xəstəxana saxlamaq olardı.

Bələdiyyə idarəsinin rəisi cəld dedi:

- Nə olar, gəlin təzə qayda qoyaq!

- Bu xüsusda öz rəyini demək şərəfi mənə artıq nəsib olmuşdur: tibb işlərinin zemstvo ixtiyarına verilməsini məsləhət görmüşəm.

Sarışın həkim:

- Bəli, bəd olmaz, pulları zemstvoya verin o da oğurlasın, – deyə güldü.

Bələdiyyə idarəsinin üzvü də gülərək:

- O daha ümumi qaydadır, – deyə onunla razılaşdı.

Andrey Yefimıç əzgin və tutqun bir baxışla sarışın həkimə baxıb dedi:

- Ədalətli olmaq lazımdır.

Yenə susdular. Çay gəldi. Nədənsə bərk pərtləşmiş qoşun rəisi əlini stolun üstündən Andrey Yefimıçın əlinə yavaşca toxundurub dedi:

- Bizi lap yaddan çıxarmısınız ha, doktor. Amma orası var ki, siz rahibsiniz; kart oynamırsınız, qadınları xoşlamırsınız. Bizimlə oynamaq sizi darıxdırır.

Hamı qanacaqlı bir adam üçün bu şəhərdə yaşamağın nə qədər qüssəli olduğundan danışmağa başladı. Nə ağıllı-başlı teatr var, nə musiqi var, bir neçə gün bundan əvvəl klubda düzəldilmiş rəqs gecəsində iyirmi nəfər xanım olduğu halda, yalnız ikicə kavaler vardı. Gənclər rəqs etmir, ya bufetin ətrafında hərlənir, ya da kart oynayırdılar. Andrey Yefimıç yavaşca, heç kəsə baxmadan, danışmağa başladı ki, təəssüf olsun, şəhərlilər öz həyat energiyasını, öz qəlbini və ağlını kart oynamağa və dedi-qoduya sərf edirlər, vaxtlarını maraqlı söhbətlə və mütaliə ilə keçirtməyi bacarmır, ağlın verdiyi zövqdən istifadə etmək istəmirlər. Yalnız ağıl maraqlı və gözəldir, qalan nə varsa xırda, əhəmiyyətsiz və alçaq şeylərdir. Xobotov öz iş yoldaşlarına diqqətlə qulaq asırdı. Birdən o soruşdu:

- Andrey Yefimıç, bu gün ayın neçəsidir?

Cavab aldıqdan sonra, o sarışın həkim, öz bacarıqsızlığını duya-duya imtahan edən adamlar kimi, Andrey Yefimıçdan bu günün adını , ildə neçə gün olduğunu və 6 №-li palatada doğrudanmı qəribə bir peyğəmbər yaşadığını soruşmağa başladı.

Sonuncu suala cavab verərkən Andrey Yefimıç qızarıb dedi:

- Bəli, o, xəstədir, ancaq çox maraqlı gəncdir.

Ona daha heç bir sual vermədilər.

Andrey Yefimıç dəhlizdə paltosunu geyərkən, qoşun rəisi əlini onun çiyninə qoydu və köksünü ötürərək dedi:

- Biz qocaların istirahət etmək vaxtı çatıbdır.

Andrey Yefimıç bələdiyyə idarəsindən çıxarkən, bu adamların onun əqli qabiliyyətini yoxlamaq üçün təyin edilmiş bir komissiya olduğunu anladı. Ona verilən sualları xatırlayıb qızardı və nədənsə, ömründə ilk dəfə təbabət elminə bərk yazığı gəldi. Həkimlərin indicə onu tədqiq etdiklərini xatırlayıb düşündü: “Pərvərdigara, bunlar ki, hələ bu yaxında psixiatriyanı keçib imtahan veriblər. Bəs bu cəhət, nadanlıq haradandır? Bunlar ki, psixiatriyadan heç bir şey başa düşmürlər!”.

O, ömründə ilk dəfə özünü təhqir olunmuş hesab etdi və acığı tutdu.

Mixail Averyanıç həmən günün axşamı onun yanına gəldi. Poçt müdiri salamlaşmadan ona yanaşıb əllərindən tutdu və həyəcanlı bir səslə dedi:

- Əziz dostum, mənim sizə bəslədiyim səmimi hörmətə inandığınızı və məni dost saydığınızı sübut edin… – O, Andrey Yefimıçın danışmasına mane olaraq həyəcanla davam etdi: – Dostum! Mən sizi mərifətli və alicənab olduğunuza görə sevirəm. Məni dinləyin, əzizim. Elmin qaydaları həkimləri məcbur edir ki, həqiqət sizdən gizlətsinlər, lakin mən həqiqi bir əsgər kimi açıq-aşkar deyirəm: siz xəstəsiniz. Məni bağışlayın, dostum, amma bu həqiqətdir, bunu ətrafdakıların hamısı artıq çoxdan müşahidə ediblər. Bu saat doktor Yevgeni Fyodorıç mənə dedi ki, Andrey Yefimıç, öz sağlamlığını qorumaq üçün istirahət etmək və əylənmək lazımdır. Tamamilə doğrudur! Gözəl təklifdir! Bu günlərdə mən məzuniyyət alıb, havanı dəyişmək üçün başqa yerə gedəcəyəm. Mənimlə dost olduğunuzu sübut edin, bir yerdə gedək! Keçmişləri, cavanlığımızı yada salaq.

Andrey Yefimıç düşünərək dedi:

- Mən özümü tamamilə sağlam hesab edirəm. Gedə bilməyəcəyəm. İzin verin, dostluğumu sizə başqa yolla sübut edim.

Bir səbəb olmadan, kitabsız, Daryuşkasız, pivəsiz başqa bir yerə getmək iyirmi il ərzində qurulmuş bir qaydanı birdən-birə pozmaq, – belə bir ideya ilk dəqiqədə ona vəhşi və fantastik göründü. Lakin bələdiyyə idarəsindəki söhbəti və oradan evə qayıdarkən əhvalının pozulduğunu xatırladı və axmaq adamların onu dəli hesab etdikləri bir şəhərdən az bir müddətə başqa bir yerə getmək fikri xoşuna gəldi.

- Siz axı hara getmək fikrindəsiniz? – deyə soruşdu.

- Moskvaya, Peterburqa, Varşavaya… Varşavada mən beş il yaşamışam. Həyatımın ən xoşbəxt illərini orada keçirmişəm. Nə gözəl şəhərdir! Gedək mənimlə, əzizim!

 

XIII



 

Bir həftədən sonra Andrey Yefimıça təklif etdilər ki, istirahətə getsin, yəni istefa versin. Bu təklif ona çox da, təsir etmədi. Bir həftə də keçdikdən sonra o, Mixail Averyanıçla bərabər poçt tarantasına minib ən yaxında olan dəmiryol stansiyasına getdi. Günlər sərin və aydın keçirdi, göy üzü mavi, üfüqlər şəffaf idi. Stansiyayadək iki yüz verstlik yolu iki günə getdilər və yolda iki dəfə gecələdilər. Poçt stansiyalarında pis yuyulmuş stəkanlarda çay verdikdə və ya atları gec qoşduqda, Mixail Averyanıç hirsindən qızarır, bütün vücudu ilə əsir və “Sus! Çox danışma!” deyə bağırırdı. Tarantasda oturarkən isə, bir dəqiqə belə susmaq bilmədən, öz Qafqaz və Polşa səyahətindən nağıl edirdi. Nə qədər başına macəralar gəlmiş, nə qədər xoş təsadüflər olmuşdu! O, ucadan danışır və danışarkən gözlərində elə bir heyrət ifadəsi əmələ gəlirdi ki, adam onun yalan danışdığını zənn edirdi. Bundan başqa, o, nağıl edərkən, nəfəsini Andrey Yefimıçın üzünə verir və qəhqəhə ilə güləndə ağzını onun qulağına tuturdu. Bu, doktorun xoşuna gəlmir, onun düşünməyinə və fikrini toplamağa mane olurdu.

Dəmir yolu ilə, qənaət üçün, üçüncü klasda, papiros çəkməyənlərə məxsus vaqonda gedirdilər. Sərnişinlərin yarısı yuxarı təbəqədən olan adamlar idi. Mixail Averyanıç çox çəkmədən sərnişinlərin hamısı ilə tanış oldu. O, skamyadan-skamyaya keçərək, belə biabırçı yollarla getməyə dəyməz, – deyə ucadan danışırdı. – Hər yerdə dələduzlar yuva salıblar! At belində getmək bundan min dəfə yaxşıdır: bir gündə yüz verst yol getdikdən sonra özünü sağlam və gümrah hiss edirsən. Qıtlığa gələndə, qıylığın səbəbi odur ki, Pinsk bataqlıqlarını qurudublar. Ümumiyyətlə, qayda-qanunsuzluq həddini aşıbdır. O özündən çıxır, ucadan danışır və başqalarını danışmağa qoymurdu. Bu tükənməz boşboğazlıq, uca qəhqəhələr və ifadəli hərəkətlər Andrey Yefimıçı yorurdu. “Hansımız dəliyik?” – deyə təəssüflə düşünürdü. – Heç bir şeylə sərnişinləri narahat etməməyə çalışan mənmi, yoxsa özünü buradakıların hamısından ağıllı və yaraşıqlı sayan və buna görə də heç kəsə dinclik verməyən bu xudpəsəndmi?

Moskvada Mixail Averyanıç paqonsuz zabit sürkutu və qırmızı qaytanlı şalvar geydi. O, küçədə hərbi furajkada və şineldə gəzdiyi üçün soldatlar ona təzim edirdilər. Andrey Yefimıça indi elə gəlirdi ki, bu, vaxtilə malik olduğu ağalıq sifətlərindən yaxşılarını bilmərrə unutmuş və xarabalarını mühafizə etmiş bir adamdır. O, heç lazım olmadığı halda belə, ona xidmət göstərilməsini sevirdi. Kibrit qutusu stol üstə olduğu halda, o özünü görməməzliyə vurub, lakeyə bağırır, kibrit gətirilməsini əmr edirdi, qulluqçu qızın qabağında köynək-tumanda gəzməkdən utanmırdı, lakeylərin hamısını, qocaları belə “sən” deyə çağırır, acıqlananda onları axmaq və səfeh adlandırırdı. Bu cür rəftar Andrey Yefimıça ağayana, lakin iyrənc görünürdü.

Mixail Averyanıç öz dostunu əvvəlcə İverski kilsəsinə apardı. O, ürəkdən dua edir, gözlərindən yaş axıdaraq səcdəyə düşürdü, duanı oxuyub qurtardıqdan sonra isə dərin bir ah çəkib dedi:

- Adamın etiqadı olmasa da, dua eləyəndən sonra, nədənsə, təskinlik tapır. Siz də dua eləyin, əzizim.

Andrey Yefimıç pərt oldu və əyilib təsviri öpdü. Mixail Averyanıç isə dodaqlarını şişirtdi və başını yırğalayaraq, pıçıltı ilə dua oxudu, gözləri yenə yaşardı. Sonra Kremlə gedib tras-puşkaya və tsar-kolokola tamaşa etdilər və hətta əlləri ilə də onlara toxundular. Zamoskvoreçyenin mənzərəsini seyr etdilər. Spasitel kilsəsini və Rumyantsev muzeyini ziyarət etdilər.

Naharı Testovun restoranında elədilər. Mixail Averyanıç saqqalını tumarlayaraq xörəklərin adlarına xeyli baxdı və restoranlarda özünü öz evindəki kimi sərbəst hiss edən bir qarınqulu kimi dedi:

- Görək bu gün bizi nəyə qonaq edəcəksiniz, mələk!

 

XIV



 

Doktor gəzir, baxır, yeyir, içir, lakin bircə şey hiss edirdi: Mixail Averyanıçın hərəkətləri onun zəhləsini tökmüşdü. Öz dostundan qaçmaq, gizlənmək istəyirdi, dostu isə onu gözdən qoymamağa və mümkün qədər çox əylənməyə çalışırdı. Tamaşa ediləcək bir şey olmayanda onu öz söhbətləri ilə əyləndirirdi. Andrey Yefimıç iki gün dözdü, üçüncü gün xəstə olduğunu və buna görə də bütün günü evdə qalacağını bildirdi. Dostu da onun xatiri üçün evdə qalacağını söylədi. Doğrudan da dincəlmək lazımdır, yoxsa bu qədər gəzməyə ayaq davam gətirməz. Andrey Yefimıç divana uzanıb üzünü divanın söykənəcəyinə çevirdi və canını dişinə tutub dostunun boşboğazlığını dinləməyə başladı; dostu qızğın-qızğın danışaraq inandırırdı ki, Fransa gec-tez Almaniyanı darmadağın eləyəcək, Moskvada dələduz adamlar çoxdur və atın zahirindən onun yaxşı-yamanlığını təyin etmək olmaz. Doktorun qulaqları səs salırdı, ürəyi şiddətlə döyünməyə başlamışdı, bununla belə ədəb gözləyərək dostunun çıxıb getməsini və ya susmasını xahiş edə bilmirdi. Xoşbəxtlikdən Mixail Averyanıç nömrədə oturmaqdan darıxdı və nahardan sonra gəzməyə çıxdı.

Andrey Yefimıç tək qalıb istirahət hissinə daldı. Divanda qımıldanmadan uzanmaq və otaqda tək-tənha olduğunu düşünmək nə qədər xoşdur! Tənhalıq olmadan həqiqi səadət mümkün deyil. İblis, yəqin, başqa mələklərin bilmədiyi təkliyi arzuladığı üçün, Allaha xəyanət etmişdir. Andrey Yefimıçın son günlər ərzində gördüklərini və eşitdiklərini düşünmək istəyirdi, lakin Mixail Averyanıç heç cür onun başından çıxmırdı.

“Axı o, dostluğundan, alicənablığından məzuniyyət götürüb buraya gəlmişdir, – deyə doktor təəssüflə düşünürdü. – Bu dostluq qəyyumluğundan daha pis şey yoxdur. Bunca xoşdil, səxavətli, nəşəli olduğu halda yenə darıxdırıcı adamdır. Dözülməz dərəcədə cansıxıcıdır. Həmişə ağıllı və gözəl sözlər danışan bunun kimi adamlara yaxından baxdıqda küt olduqları anlaşılır”.

Bundan sonrakı günlərdə Andrey Yefimıç özünü xəstəliyə vurub, nömrədən bayıra çıxmırdı. Dostu onu öz söhbəti ilə əyləndirməyə başlayanda o, üzünü divanın söykənəcəyinə tutub darıxırdı, dostu olmayanda isə bu vəziyyətdə uzanıb istirahət edirdi. Buraya gəldiyi üçün özünə və gündən-günə daha boşboğaz və şitəngi olan dostuna acığı tuturdu, öz fikirlərini ciddi, yüksək bir tonda qurmağa heç cür nail ola bilmirdi, o öz xırdaçılığına acıqlanaraq düşünürdü: “Məni, İvan Dmitriç deyən kimi, həqiqət əlinə alır. Ancaq bu boş şeydir… Evə qayıdaram, yenə hər şey köhnə qayda ilə gedər…”.

Peterburqda da eyni vəziyyət oldu: o, bütün günü nömrədən bayıra çıxmayıb divanda uzanırdı, yalnız pivə içmək istəyəndə ayağa dururdu.

Mixail Averyanıç hey onu Varşavaya getməyə tələsdirirdi.

Andrey Yefimıç yalvarıcı bir səslə deyirdi:

- Əziz dostum, mənim orada nə işim var? Siz tək gedin, mənə isə, izn verin evə gedim! Xahiş edirəm!

Mixail Averyanıç etiraz edərək dedi:

- Heç cür əl çəkən deyiləm! Varşava misilsiz bir şəhərdir. Orada mən beş il bəxtiyar həyat keçirmişəm.

Andrey Yefimıç dediyinə israr etmək iradəsi çatmadığından, canını dişinə tutub Varşavaya getdi. Burada da nömrədən bayıra çıxmır, divanda uzanır və özünə, dostuna və rusca başa düşmək istəyən lakeylərə acığı tuturdu. Mixail Averyanıç isə, həmişəki kimi sağlam, gümrah və nəşəli olub səhərdən axşama qədər şəhəri gəzir və köhnə tanışlarını axtarırdı. Bir neçə dəfə o, hətta evdə də yatmamışdı. Bir dəfə gecəni harada isə keçirdikdən sonra, səhər tezdən çox həyəcanlı bir halda evə qayıtdı, rəngi bərk qızarmışdı, saçları dağınıqdı. Uzun zaman otağı o küncdən-bu küncə gəzdi, nə isə dodaqaltı mızıldadı, sonra birdən-birə dayanıb dedi:

- Namus hər şeydən vacibdir!

Bir qədər də gəzdikdən sonra ikiəlli başını qucaqladı və faciəli bir səslə dedi:

- Bəli, namus hər şeydən vacibdir! Bu Babil şəhərinə gəlmək fikrinə düşdüyüm dəqiqəyə lənətlər olsun! Əziz dostum, – deyə doktora müraciət etdi, – mənə nifrət edin! Pullarımın hamısını qumara qoymuşam! Xahiş edirəm, mənə beş yüz manat borc verin!

Andrey Yefimıç beş yüz manat sayıb dinməz-söyləməz dostuna verdi. Mixail Averyanıçın rəngi hələ də utandığından və qəzəbindən qırmızı idi, ağızucu mənasız bir and içərək, şapkasını geydi və bayıra çıxdı. İki saatdan sonra qayıdıb kresloya sərildi və ucadan bir ah çəkib dedi:

- Namus xilas edildi! Gedək, dostum, daha bu mənhus şəhərdə bir dəqiqə belə qalmaq istəmirəm. Burada dələduzlar, Avstriya casusları doludur!

Dostlar öz şəhərlərinə qayıtdıqda artıq noyabr ayı idi, küçələri qalın qar örtmüşdü. Andrey Yefimıçın yerini doktor Xobotov tutmuşdu, o hələ köhnə mənzilində olurdu, Andrey Yefimıçın gəlib xəstəxanadakı mənzilini boşaldacağını gözləyirdi. Aşpaz qadın adlandırdığı kifir qadın fligellərin birində yaşayırdı.

Şəhərə yeni bir xəstəxana dedi-qodusu yayılmışdı. Deyirdilər ki, həmin kifir qadın nəzarətçi ilə savaşmışdır və nəzarətçi onun qabağında diz çökərək üzr istəyir.

Andrey Yefimıç gələn kimi özünə yeni mənzil axtarmalı oldu.

Poçt müdiri ona qorxaqcasına dedi:

- Bağışlayın, soruşmağa cəsarət eləyirəm, dostum, vəsaitdən-zaddan nəyiniz var?

Andrey Yefimıç dinməz-söyləməz pullarını sayıb dedi:

- Səksən altı manat.

Mixail Averyanıç doktoru anlamayaraq pərt halda dedi:

- Mən o barədə soruşmuram. Mən bilmək istəyirəm ki, ümumiyyətlə nə kimi bir vəsaitə maliksiniz?

- Mən də sizə cavab verdim ki, səksən altı manat!.. Bundan başqa heç nəyim yoxdur.

Mixail Averyanıç doktoru namuslu və nəcabətli bir adam hesab edirdi, bununla belə onun heç olmasa iyirmi minə qədər pulu güman edirdi. İndi isə Andrey Yefimıçın çox yoxsul olduğu və yaşamağa heç mümkünü olmasığını bilib, nədənsə, birdən-birə ağladı və dostunu qucaqladı.

 

XV

 



Andrey Yefimıç meşşanın Belovanın üçpəncərəli evində yaşayırdı. Evin mətbəxdən başqa üçcə otağı vardı, küçəyə pəncərəsi olan iki otağı doktor tutmuşdu, üçüncü otaqda və mətbəxdə isə Daryuşka və üç uşağı ilə bərabər Belova olurdu. Bəzən ev sahibəsinin yanına oynaşı gəlirdi, bu, sərxoş bir mujik idi, gecələr səs-küy salır,uşaqları və Daryuşkanı qorxudurdu. Bu mujik gələndə mətbəxdə oturub araq istəyir və hamının yerini dar edirdi, ona görə doktor ağlayan uşaqlara yazığı gəlib, onları öz yanına alır və döşəmə üstə yatırdırdı, bu hal ona böyük zövq verirdi.

Doktor qabaqkı kimi saat səkkizdə durur və çay içəndən sonra öz köhnə kitab və jurnallarını oxuyurdu. Təzələrini almağa mümkün yox idi. Kitablar köhnə olduğundanmı və ya bəlkə şərait dəyişdiyindənmi, mütaliə əvvəlki kimi onu cəlb etmir və yorurdu. Vaxtı boş keçməsin deyə, kitabları üçün müfəssəl kataloq düzəltmişdi, onların kötüklərinə nömrə yapışdırardı, bu mexaniki və zəhmətli iş ona mütaliədən maraqlı gəlirdi. Yeknəsəq və zəhmətli iş onun fikirlərini anlaşılmaz bir surətdə oxşayırdı, o heç bir şeyin fikrini çəkmirdi, vaxt da sürətlə gəlib keçirdi.Hətta mətbəxdə oturub Daryuşka ilə kartof soymaq və ya darı arırmaq ona maraqlı gəlirdi. Şənbə və bazar günləri kilsəyə gedirdi. Divar dibində durub gözlərini süzür, nəğməyə qulaq asır və atası, ailəsi, universitet, din haqqında düşünürdü; özünü sakit, kədərli hiss edirdi, sonra kilsədən gedərkən ibadətin belə tez qurtardığına heyifsilənirdi.

O, söhbət etmək üçün iki dəfə xəstəxanaya, İvan Dmitriçin yanına getmişdi. Lakin İvan Dmitriç hər dəfə onu çox həyəcanlı və qəzəbli qarşılamışdı; Andrey Yefimıçdan ona rahat buraxmasını xahiş etmişdi, çünki boçboğazlıq çoxdan bəri onun zəhləsini tökmüşdü, o deyirdi ki, çəkdiyi olmazın əziyyətlər qarşısında bu əclaf və alçaq adamlardan yalnız bircə mükafat istəyir – onu təkbaşına dama salsınlar. Olmaya bunu da ona çox gördülər? Andrey Yefimıç hər iki dəfə onunla xudahafizləşərkən gecəniz xeyrə qalsın deyəndə, o, donquldanıb demişdi:

- İzalə ol başımdan!


İndi Andrey Yefimıç iki yol arasında qalmışdı; bilmirdi ki, bir də onun yanına getsin, ya yox? Getməyi arzu edirdi.

Əvvəllər Andrey Yefimıç nahardan sonra otaqları gəzib düşünürdü, indi isə nahar zamanından axşam çayınadək divanda üzü divara uzanaraq xırda-xuruş fikirlərə dalırdı və bu fikirlərə heç cür qalib gələ bilmirdi. İyirmi ildən artıq xidmət qarşısında ona nə bir təqaüd, nədə birdəfəlik maddi yardım göstərmədikləri ona bərk təsir etmişdi. Əlbəttə, o, namusla işləməmişdi, lakin təqaüdü, namuslu oldu-olmadı, hər bir qulluqçu alır. Müasir ədalət məhz bundan ibarətdir ki, rütbə ilə, ordenlə və təqaüdlə insanın əxlaqi keyfiyyəti və qabiliyyəti deyil, ümumiyyətlə hər cür xidmət təltif edilir. Bəs nə üçün təkcə o, istisna təşkil etsin? Pulu heç yox idi. Dükanın qabağından keçməyə və ev sahibəsinin gözünə görünməyə utanırdı. Pivə üçün artıq otuz iki manat borc yığılmışdı. Meşşan Belovaya da borclu idilər. Daryuşka köhnə paltarlardan və kitablardan satır və ev sahibəsinə yalan söyləyirdi ki, guya doktor bu yaxınlarda böyük pul alacaqdır.

Yığmış olduğu min manatı səyahətə xərclədiyinə heyifsilənirdi. Bu min manat belə gündə onun üçün böyük iş görərdi! Adamlar onu dinc qoymurdular. Xobotov öz xəstə iş yoldaşını hərdənbir yoluxmağı özünə borc bilirdi. Andrey Yefimıç onun hər şeyindən: tox sifətindən, pis, təvazökar danışığından, “iş yoldaşı” deməsindən, uzunboğaz çəkmələrindən zəhləsi gedirdi, ən iyrənc şey də o idi ki, o Andrey Yefimıçi müalicə etməyi özünə borc bilirdi və doğrudan da onu sağaltmaqda olduğunu güman edirdi. Hər dəfə gələndə özü ilə bir şüşə bromlu kalium və ravənd həbi gətirirdi.

Mixail Averyanıç da öz dostunu yoluxmağı və onu əyləndirməyi özünə borc bilirdi. Hər dəfə Andrey Yefimıçın yanına gələndə saxta açıq-saçıqlıqla danışır, zorla qəhqəhə çəkir və doktoru inandırmağa başlayırdı ki, şükür Allaha, bu gün rəngi durudur, bundan sonra halı daha yaxşı olacaq. Bundan belə nəticə çıxarmaq olardı ki, o öz dostunun halını ümidsiz hesab edir. Varşavada aldığı borcu hələ qaytarmadığı üçün bərk xəcalət çəkirdi, ona görə də özünü o yerə qoymayaraq, daha ucadan qəhqəhə çəkir və gülməli söhbətlər edirdi. Danışdığı lətifələr və hekayələr istər Andrey Yefimıça, istərsə də özünə indi tükənməz və darıxdırıcı görünürdü.

Andrey Yefimıç həmişə onun hüzurunda divana uzanıb üzünü divara çevirir cə canını dişinə tutub dostunun boşboğazlığını dinləyirdi, qəlbi acıqla dolurdu və hər dəfə dostu gedəndən sonra bu acıq getdikcə artır və sanki boğazını tıxayırdı.

Xırda fikirləri başından qovmaq üçün tez düşünməyə başlayırdı ki, o özü də, Xobotov da, Mixail Averyanıç da gec-tez məhv olub gedəcək və özlərindən sonra heç bir iz-əsər buraxmayacaqlar. – Əgər milyon il bundan sonra fəzada yer kürəsi yanından bir ruh uçub keçsə, ehtimal ki, yerdə gil və çılpaq qayalarından başqa heç bir şey görməyəcəkdir. Hər şey – mədəniyyət də, əxlaq qanunu da – məhv olub gedəcək və hətta yerində alaq otları da bitməyəcəkdir. Daha dükançıdan xəcalət çəkmək, vecsiz Xobotovla, Mixail Averyanıçla dostluq etmək nə deməkdir? Bütün bunlar boş və mənasız şeylərdir.

Lakin bu cür mühakimələr daha kömək etmirdi. Yer kürəsinin milyon il sonrakı halını təsəvvürünə gətirən kimi, çılpaq qayalığın arxasından uzunboğaz çəkməli Xobotov və ya gərgin bir surətdə qəhqəhə çəkən Mixail Averyanıç görünür və hətta onun xəcalətli pıçıltısı da eşidilirdi: “Varşavada aldığım borcu, əzizim, bu yaxında verəcəyəm… Arxayın ol”.

 

XVI



 

Bir dəfə Mixail Averyanıç nahardan sonra dostunun yanına gəldi; Andrey Yefimıç divanda uzanmışdı. Elə bu zaman Xobotov da təsadüfən gəldi, özü ilə bromlu kalium gətirmişdi. Andrey Yefimıç yerində ağır-ağır dikəldi və əllərini divana dayayaraq oturdu.

Mixail Averyanıç sözə başladı:

- Bu gün, dostum, rəngin dünənkinə nisbətən xeyli durulmuşdur. Qoçaq adamsınız! Vallah, qoçaqsınız!

Xobotov əsnəyə-əsnəyə dedi:

- Əlbəttə, sağalmaq lazımdır. Söz yox ki, bu üzüntü sizi təngə gətiribdir.

Mixail Averyanıç nəşə ilə dedi:

- Sağalmağınıza söz ola bilməz. Hələ yüz il də yaşayacağıq! Bəs nə!

- Yüz il olmasa da, heç olmasa iyirmi il yaşayarıq, – deyə Xobotov təsəlli verdi. – Eybi yoxdur, əzizim, ruhdan düşməyin… Bu qədər qüssə çəkdiniz, yetər.

Mixail Averyanıç:

- Biz hələ özümüzü göstərəcəyik – deyə qəhqəhə çəkdi. – Hələ özümüzü göstərəcəyik! Gələn il, Allah qoysa, Qafqaza gedərik və oranı başdan-başa at belində gəzərik – hop-hop! Hop! Qafqazdan qayıdanda da, ölməsək, sağ qalsaq, toy elərik. – Mixail Averyanıç hiyləgərcəsinə göz vurdu. – Sizi, bizim əziz dostumuz, evləndirərik… Bəli evləndirərik…

Andrey Yefimıç birdən səbr kasasının dolduğunu hiss etdi; ürəyi bərk-bərk döyünməyə başladı. Cəld yerindən durub pəncərəyə yanaşdı və:

- Bu bayağılıqdır! – dedi. – Məgər bayağı danışdığınızı anlamırsınız?

O, yumşaq və nəzakətlə danışmaq istəyirdi, lakin iradəsinə zidd olaraq yumruqlarını düyünlədi və başından yuxarı qaldırıb rəşəli bir səslə bağırdı:

- Məni rahat buraxın! – Rəngi pul kimi qızarmışdı, bütün bədəni əsirdi. – Rədd olun Buradan! İkiniz də rədd olun!

Mixail Averyanıç və Xobotov ayağa qalxdılar və əvvəlcə ona heyrətlə, sonra isə qorxu ilə baxmağa başladılar. Andrey Yefimıç yenə bağırırdı:

- Hər ikiniz rədd olun! Kütün biri kütlər! Mənə sənin nə dostluğun lazımdır, nə də dərmanın, kütün biri küt! Nə qədər bayağılıq! Nə qədər rəzillik!

Xobotov və Mixail Averyanıç karıxmış halda bir-birinə baxdılar, dal-dalı çəkilib dəhlizə çıxdılar. Andrey Yefimıç bromlu kalium şüşəsini qapıb onların dalınca tulladı, şüşə cingilti ilə kandara dəyib qırıldı. Sonra omların dallarınca yüyürüb ağlar səslə bağırdı:

- Rədd olun buradan! Cəhənnəm olun başımdan!

Qonaqlar çıxıb gedəndən sonra Andrey Yefimıç titrətmə-qızdırmalı adam kimi əsərək, divana uzandı və uzun zaman:

- Küt adamlar! Axmaqlar! – deyə təkrar etdi

Hirsi soyuyandan sonra ilk əvvəl başına belə bir fikir gəldi ki, zavallı Mixail Averyanıç indi yəqin bərk inciyib və ürəyi sınıbdır, nə qədər dəhşətli bir hal! Əvvəllər heç vaxt belə şey olmazdı. Bəs mənim ağlım və mərifətim hanı? Mənim idrakım və fəlsəfi laqeydliyim hanı?

Doktor xəcalətindən və təəssüfündən bütün gecə yata bilmədi, səhəri isə saat ona yaxın poçt idarəsinə gedib müdirdən üzr istədi.

Bundan mütəəssir olmuş Mixail Averyanıç içini çəkərək:

- Gəlin, dünənki əhvalatı heç yada salmayaq, – dedi və onun əlini bərk sıxdı. – Keçmişi yada salanın gözü çıxsın. Lyubovkin! – deyə ucadan elə bağırdı ki, bütün poçtalyonlar və camaat diksindi. – Stul ver görək. Sən gözlə! – deyə barmaqlıq arasından ona sifarişli məktub uzadan qadının üstünə qışqırdı. – Görürsən ki, başım qarışıqdır! – Sonra üzünü Andrey Yefimıça tutubnəzakətlə dedi: – Keçmişi yada salmasaq yaxşıdır. Oturun, əzizim, xahiş edirəm.

O bir dəqiqəliyə dizlərini sığalladıqdan sonra dedi:

- Sizdən incimək heç mənim fikrimə belə gəlməzdi. Xəstəliklə zarafat olmaz, dostum. Sizin dünənki tutmanız doktorla məni qorxutdu, sonra uzun-uzadı sizin haqqınızda danışdıq. Əziz dostum, niyə siz öz xəstəliyinizlə ciddi məşğul olmursunuz? Heç bu yarayan işdir? Dostluğumuza ərk eləyib açıq danışmağıma sizdən üzr istəyirəm, – deyə Mixail Averyanıç pıçıldadı, – sizin yaşayışınız olduqca pis şəraitdə keçir: darısqallıq, natəmizlik, qulluq edəniniz yox, müalicə üçün vəsaitiniz yox… Əziz dostum, doktorla bərabər sizdə bir xahişimiz var, məsləhətimizə əməl edin: xəstəxanada yatıb özünüzü müalicə etdirin! Orada yemək də, qulluq da, müalicə də var. Söz yanınızda qalsın, Yevgeni Fyodorıç ətiacı adam olsa da, məlumatlıdır, ona tamamilə bel bağlamaq olar. Mənə söz verib ki, sizinlə məşğul olar.

Andrey Yefimıç poçt müdirinin səmimiliyindən və birdən-birə yanaqlarında işıldayan göz yaşlarından mütəəssir olub, əlini döşünə qoydu və:

- Hörmətli dostum, buna inanmayın! – deyə pıçıldadı. – Onların sözünə inanmayın! Yalan danışırlar! Mənim xəstəliyim yalnız bundan ibarətdir ki, iyirmi il ərzində bu şəhərdə yalnız bircə ağıllı adam tapmışam, ancaq o da dəlidir. Məndə heç bir xəstəlik yoxdur, ancaq mən çıxış yolu olmayan bir tilsimə düşmüşəm. Fərqi yoxdur, mən hər bir şeyə hazıram.

- Xəstəxanada yatmağınız məsləhətdir, əziz dostum.

- Məndən ötrü heç fərqi yoxdur, istər lap qəbir olsun.

- Ancaq, dostum, xahişim budur, söz verəsiniz ki, Yevgeni Fyodorıçın dediklərinə qulaq asacaqsınız.

- Söz verirəm. Ancaq təkrar edirəm, hörmətli dostum, mən tilsimə düşmüşəm. İndi hər şey, hətta dostlarımın səmimi müdaxiləsi belə, bircə şeyə – mənim məhv olmağıma sövq edilibdir. Mən məhv oluram və bunu mətanətlə etiraf edirəm.

- Fikir etməyin əzizim, sağalarsınız.

Andrey Yefimıç əsəbi halda dedi:

- Bu sözlərdən nə çıxar? Ömrünün axırında, mənim indi keçirdiyim haləti keçirməyə adam tək-tək tapılar. Sizə desələr ki, məsələn, böyrəkləriniz xarabdır və ürəyiniz şişibdir, özünüzü müalicə etdirməyə başlarsınız və ya sizə dəli, yaxud da cani desələr, xülasə, adamların diqqəti sizə cəlb olunsa, – bilin ki, çıxılmaz bir tilsimə düşmüsünüz. Bu tilsimdən çıxmağa can atdıqda, yolunuzda daha da azacaqsınız. Bu cür vəziyyətdə təslim olmaq lazımdır, çünki heç bir insan qüvvəsi sizi bu fəlakətdən qurtara bilməyəcəkdir. Məncə belədir.

Barmaqlığın dalındakı adamlar getdikcə artırdı. Andrey Yefimıç müdirin işinə mane olmasın deyə, ayağa qalxıb xudahafizləşməyə başladı. Mixail Averyanıç, xəstəxanada yatacağına dair ondan bir daha söz aldı və onu bayır qapıya qədər ötürdü.

Həmin gün axşama yaxın Xobotov gözlənilmədən Andrey Yefimıçın yanına gəldi, əynində yarımkürk, ayağında da uzunboğaz çəkmə vardı, o elə bir əda ilə danışmağa başladı ki, guya dünən heç bir şey olmayıbmış.

- Sizin yanınıza bir iş üçün gəlmişəm, dostum. Sizi dəvət etmək istəyirəm: mənimlə konsiliuma gəlmək istərsinizmi?

Andrey Yefimıç Xobotovun onu gəzinti ilə əyləndirmək və ya ona doğrudan da pul qazanmaq üçün imkan vermək niyyətində olduğunu güman edib, tez geyindi və onunla bərabər küçəyə çıxdı. O, dünənki taqsırını ört-basdır etməyə və barışmağa can atırdı, dünənki əhvalat haqqında dilinə bir kəlmə belə söz gətirməyən və ehtimal ki, ona yazığı gələn Xobotova ürəkdən təşəkkür edirdi.

Andrey Yefimıç soruşdu:

- Xəstəniz haradadır?

- Mənim xəstəxanamda. Mən çoxdan bəri onu sizə göstərmək istəyirdim… Çox maraqlı bir xəstəlikdir.

Xəstəxana həyətinə girdilər, baş korpusu ötüb, ruhi xəstələrin olduğu fligelə yollandılar. Nədənsə buraya gələnəcən heç danışmadılar. Nikita adəti üzrə yerindən sıçrayıb, ayaq üstə dik durdu.

Xobotov Andrey Yefimıçla palataya girərkən asta səslə dedi:

- Burada bir xəstənin ciyərində ağırlaşma əmələ gəlmişdir. Siz burada gözləyin, mən bu saat gəlirəm. Stetoskop gətirəcəyəm.

Xobotov bayıra çıxdı.

 

XVII



 

Hava qaralırdı. İvan Dmitriç üzünü yastığa tıxayıb öz yataöında uzanmışdı; iflic xəstə hərəkətsiz oturub yavaşca ağlayır və dodaqlarını titrədirdi. Kök mujik və keçmiş çeşidçi yatmışdılar. Sakitlikdi.

Andrey Yefimıç İvan Dmitriçin çarpayısında oturub gözləyirdi. Yarım saata qədər keçdi və palataya Xobotovun əvəzində Nikita girdi, qucağında xalat, kimin isə köynək-tumanı və tuflisi vardı.

O sakitcə dedi:

- Buyurun geyinin, zati-aliləri. – Yəqin, təzə gətirilmiş boş bir çarpayını göstərərək əlavə etdi: – Yatağınız budur, buraya buyurun. Eybi yoxdur, Allahın köməkliyi ilə sağalarsınız.

Andrey Yefimıç məsələni anladı. Dinməz-söyləməz durub Nikitanın göstərdiyi çarpayıda oturdu; Nikitanın dayanıb gözlədiyini gördükdə, lüt soyundu və soyunduğuna xəcalət çəkdi. Sonra xəstəxana paltarını geydi, tuman çox gödək idi, köynək uzun idi, xalat isə quru balıq qoxusu verirdi. Nikita:

- Allah qoysa, sağalarsınız, – deyə təkrar etdi və Andrey Yefimıçın çıxartdığı paltarı qucağına alıb bayıra çıxdı və qapını bağladı.

Andrey Yefimıç utana-utana xalata bürünərək və öz təzə kostyumunda dustağa oxşadığını hiss edərək düşünürdü: “Fərqi yoxdur… İstər frak olsun, istər mundir olsun, istərsə də bu xalat olsun – heç fərqi yoxdur…”.

Bəs saat? Yan cibindəki yazı dəftərçəsi? Papiros? Nikita paltarı hara apardı? İndi, deyəsən, ölənə kimi daha şalvar, jilet və çəkmə geymək müyəssər olmayacaq. Bütün bunlar ilk zamanlar ona bir növ qəribə və hətta anlaşılmaz görünürdü. Andrey Yefimıç indi də bu fikirdə idi ki, meşşan Belovanın evi ilə 6 №-li palata arasında heç bir fərq yoxdur, bu dünyada hər şey mənasız və qarmaqarışıqdır, bununla belə Andrey Yefimıçın əlləri əsir, ayaqları soyuyurdu, bir azdan sonra İvan Dmitriçin durub onu xalatda görəcəyi fikrindən qorxurdu. O, durub otaqda bir az gəzdi və yenə oturdu.

Yarım saat, bir saat oturdu, bu cür boş-boşuna oturmaqdan bərk darıxdı; əcəba, bu adamlar kimi burada günlərlə, həftələrlə və hətta illərlə yaşamaq olarmı? Andrey Yefimıç darıxdığından oturur, gəzir, yenə də otururdu; gedib pəncərədən bayıra baxmaq və otaqda var-gəl eləmək olar. Bəs sonra? Büt kimi hey bu cür oturub düşünməkdən nə çıxar? Yox, bu mümkün deyil.

Andrey Yefimıç uzandı, lakin tez ayağa qalxdı, xalatının qolu ilə alnının tərini sildi və üzü quru balıq qoxusu verdiyini hiss etdi. Yenə otaqda gəzinməyə başladı. Qollarını heyrətlə açaraq dedi:

- Burada anlaşılmazlıq var… Məsələni aydınlaşdırmaq lazımdır, mütləq anlaşılmazlıq var…

Bu zaman İvan Dmitriç yuxudan oyandı. Çarpayısında oturub yumruqlarını yanaqlarına dayadı. Tüpürdü. Sonra tənbəl-tənbəl doktora baxdı və yəqin ki, ilk dəqiqə heç bir şey anlamadı; lakin az sonra onun yuxulu üzü acıqlı və istehzalı bir şəkil aldı. Gözünün birini qıyaraq, yuxulu səsi ilə xırıldadı:

- Aha, dostum, sizi də buraya basdılar! Çox şadam, vaxt var idi siz adamların qanını içirdiniz, indi də sizinkini içəcəklər. Gözəl işdir!

Andrey Yefimıç İvan Dmitriçin sözlərindən qorxaraq:

- Burada bir növ anlaşılmazlıq var, – dedi, çiyinlərini qısdı və: – Bir növ anlaşılmazlıq var, – deyə təkrar etdi.

İvan Dmitriç yenə tüpürüb yerinə uzandı.

- Mənhus həyat! – deyə donquldandı. – Bu həyatın, çəkilən iztirablar qarşısında mükafatla, opera apofeozu ilə deyil, ölümlə bitəcəyini düşünmək nə qədər acı, nə qədər ağırdır! Ölən kimi mujiklər gəlib qol-qıçından yapışacaq və səni zirzəmiyə atacaqlar. Uf! Zərər yoxdur… O dünyada da kefimiz kök olacaqdır. Mən o dünyadan kabus kimi buraya gəlib bu əclafları qorxudacağam. Məni gördükdə qorxudan saçları, saqqalları ağaracaq.

Moyseyko qayıtdı və doktoru gördükdə əlini ona uzadıb dedi:

- Bir qəpik sədəqə ver!

 

XVIII


 

Andrey Yefimıç pəncərəyə yanaşıb çölə baxdı. Hava qaralırdı, üfüqdə, sağ tərəfdən soyuq və tünd qırmızı ay çıxmaqda idi. Xəstəxana barısının təqribən yüz sajanlığında daş divarla hasarlanmış uca bir ev vardı. Bu, həbsxana idi.

“Bax, həqiqət budur!” – deyə Andrey Yefimıç düşündü və onu dəhşət bürüdü.

Ay da, həbsxana da, hasarın üstünə çalınmış mıxlar da, sümükyandıran zavodun uzaq alovu da dəhşətli idi. Arxa tərəfdən iniltili səs eşidilirdi. Andrey Yefimıç geri döndü, döşündə parlaq ulduzları və ordenləri olan bir adam gördü, bu adam gülümsəyir və hiyləgərcəsinə göz vururdu. Bu da Andrey Yefimıça dəhşətli göründü.

Andrey Yefimıç öz-özünü inandırırdı ki, ayda da, həbsxanada da qəribə bir şey yoxdur, ruhən sağlam olan adamlar da orden taxırlar və bütün bunlar vaxtilə çürüyüb torpağa dönəcəklər, lakin birdən onu elə bir ümidsizlik qapladı ki, hər iki əli ilə barmaqlıqdan yapışıb var gücü ilə onu silkələdi. Möhkəm barmaqlıq heç qımıldanmadı da.

Sonra qorxusu artmasın deyə gedib İvan Dmitriçin yanında oturdu. O, titrəyərək və alnının soyuq tərini silərək dedi:

- Ruhdan düşdüm, əzizim. Ruhdan düşdüm. İvan Dmitriç istehza ilə ona dedi:

- Siz hələ bir az da filosofluq eləyin.

- Aman Allah, aman Allah… Elədir, elədir… Siz, gərək, demişdiniz ki, Rusiyada fəlsəfə yoxdur, amma hər kəs, hətta xırda-xuruş adamlar da filosofluq edir. Axı bu cür adamların filosofluq etməsinin heç kəsə zərəri yoxdur, – deyə Andrey Yefimıç ağlamaq istəyən və qarşısındakının ürəyini yumşaltmağa çalışan bir adam kimi dilləndi. – Daha bu cür istehzalı gülüş nəyə lazımmış? Bu xırda-xuruş adamlar təmin olunduqları halda, necə filosofluq etməsinlər? Ağıllı, mərifətli, məğrur, azadlıq sevən, Allah sifətli bir şəxs üçün çirkin, sarsaq bir şəhərə aralıq hakimi getməkdən və ömrünü küpə qoymaq, zəli salmaq, qan aldırmaqla keçirməkdən başqa çıxış yolu yoxdur. Bu qədər şarlatanlıq, məhdudluq, bayağılıq olar? Ay Allah!

- Siz axmaq söz danışırsınız. Aralıq həkimi olmağı bəyənmirdinizsə, nazir gedəydiniz.

- Heç yerə, heç yerə mümkün deyil. Biz acizik, əzizim. Əvvəllər mən laqeyd idim, sağlam və ağıllı mühakimələr yürüdürdüm, ancaq həyat qaba bir surətdə mənə toxunan kimi ruhdan düşdüm… Bu, yorğunluq nəticəsi idi… Biz zəifik, yaramazıq… Siz də beləsiniz, mənim əzizim. Siz ağıllısınız, alicənabsınız, ana südü ilə birlikdə sizə gözəl hisslər aşılanmışdır, lakin həyata qədəm qoyan kimi yorulub xəstələnmisiniz… Zəifsiniz, zəif?

Qaranlıq çökəndə Andrey Yefimıçı, qorxu və inciklik hissindən başqa, zəhlətökən bir şey də yormağa başladı. Nəhayət, o, başa düşdü ki, xətri pivə və papiros istəyir.

- Mən buradan çıxacağam, əzizim, – dedi. – Deyəcəyəm buraya işıq gətirsinlər… Dözə bilmirəm… qüvvəm çatmır…

Andrey Yefimıç gedib qapını açdı, lakin Nikita cəld yerindən sıçrayıb onu qabaqladı:

- Hara gedirsiniz? Olmaz, olmaz! – dedi. – Yatmaq vaxtıdır!

Andrey yefimıç tələsik dedi:

- Mən ancaq bircə dəqiqə həyətdə gəzmək istəyirəm!

- Olmaz, olmaz, buyruq yoxdur. Özünüz ki, yaxşı bilirsiniz.

Nikita qapını çırpdı və arxasını qapıya dayadı.

Andrey Yefimıç çiyinlərini qısaraq soruşdu:

- Mən buradan çıxsam, kimə zərər toxuna bilər? Başa düşə bilmirəm! – Sonra titrək bir səslə dedi: – Nikita, mən çıxmalıyam! Mənə lazımdır!

Nikita öyüd tərzində dedi:

- Qayda-qanunu pozmayın, yaxşı deyil!

İvan Dmitriç birdən:

- Bu nə oyundur, belə də iş olar? – deyə bağırdı və yerindən sıçradı. – Onun nə haqqı var buraxmasın? Onlar nə cəsarətlə bizi burada saxlayırlar? Qanunda, gərək ki, aydın deyilir: heç kəs məhkəməsiz, azadlıqdan məhrum edilə bilməz! Bu zorakılıqdır! Özbaşınalıqdır!

Andrey Yefimıç İvan Dmitriçin bağırmasından ürəklənərək dedi:

- Əlbəttə, özbaşınalıqdır! Mənə lazımdır, ona görə də çıxmalıyam! Onun haqqı yoxdur! Burax, sənə deyirəm!

İvan Dmitriç:

- Eşitmirsən, qanmaz heyvan? – deyə bağırdı və yumruğu ilə qapını döydü. – Aç, yoxsa qapını sındıraram! Qaniçən!

Andrey Yefimıç bütün vücudu ilə əsərək çığırdı:

- Aç qapını! Mən tələb edirəm!

Nikita qapı dalından:

- Danış görək! – deyə cavab verdi. – Danış!

- Heç olmasa Yevgeni Fyodoriçi buraya çağır! De ki, səni Andrey Yefimıç bir dəqiqəliyə yanına çağırır! – Sabah özü gələcəkdir.

İvan Dmitriç sözünə davam edərək dedi:

- Bizi heç vaxt buraxmayacaqlar! Burada çürüdəcəklər. Pərvərdigara, doğrudanmı o dünyada cəhənnəm yoxdur və bu alçaq həriflər bağışlanacaqlar! Bəs ədalət hanı? Aç qapını, yaramaz, bağrım çatladı! – deyə o, cır səslə qışqırdı və qapıya təkan verdi. – Vurub başımı partladaram! Qatillər!

Nikita tez qapını açdı, əlləri ilə, dizi ilə Andrey Yefimıçı kobud surətdə itələdi, sonra qolaylanıb üzünə bir yumruq ilişdirdi. Andrey Yefimıça elə gəldi ki, guya başından böyük bir dalğa aşdı və onu çarpayıya doğru sürüklədi; ağzı doğrudan da şor olmuşdu; ehtimal ki, dişləri qanamışdı. Üzüb dalğanın üstünə çıxmaq istəyirmiş kimi, əllərini havada yırğalamağa başladı və kimin isə çarpayısından yapışdı, bu zaman Nikitanın iki dəfə kürəyinə vurduğunu hiss etdi.

İvan Dmitriç ucadan bağırdı, yəqin onu döyürdülər. Sonra hər şey sakitləşdi. Ay işığı barmaqlıqdan keçərək döşəməyə tor kimi şəbəkəli kölgə salmışdı. Adamı vahimə bürüyürdü. Andrey Yefimıç nəfəsini gizlətmişdi: onu bir daha vuracaqlarını qorxu ilə gözləyirdi. Sanki bir adam orağı qapıb onun sinəsinə və bağırsaqlarına saplamış və burmuşdu. Ağrının gücündən yastığı dişləyirdi, dişlərini bərk-bərk qıcamışdı; birdən bu hərc-mərclik içində başından dəhşətli, dözülməz bir fikir keçdi: ayın işığında indi qara kilkələr kimi görünən bu adamlar da, demək, illər boyu hər gün onun bu saat hiss etdiyi ağrıları, işgəncələri keçirmişlər. Necə olmuşdur ki, o iyirmi il ərzində bu zavallıların çəkdiyi əzab və iztirabdan xəbəri olmamış və bunu bilmək də istəməmişdir. O, ağrının nə olduğunu bilmirdi, demək müqəssir deyildi, lakin Nikita kimi lal və qaba olan vicdan onu təpədən dırnağa qədər soyumağa məcbur etdi. Andrey Yefimıç yerindən dik atıldı, var gücü ilə bağırmaq, Nikitanı, sonra Xobotovu, nəzarətçini və feldşeri, axırda da özünü öldürmək üçün tez qaçmaq istədi, lakin sinəsindən heç bir səs çıxmadı, ayaqları da ona tabe olmadı, o, hirsindən təngnəfəs olub əynindəki xalatı və köynəyi parçaladı, döşəməyə sərələnib özündən getdi.

 

XIX


 

Ertəsi gün səhər onun başı bərk ağrıyır, qulaqları uğuldayırdı, bütün bədəni əzgin, taqətsiz idi. Dünənki zəifliyini xatırlayarkən, utanmır, sıxılmırdı. Dünən o, qorxaqlıq göstərir, hətta aydan da qorxurdu, qabaqlarda heç ağlına gətirmədiyi hissləri və fikirləri, məsələn, filosofluq edən xırda-xuruş adamların təmin edilmədiyi fikrini səmimiyyətlə ifadə edirdi. İndi isə ondan ötrü heç bir şeyin fərqi yox idi.

O, yemir, içmir, hərəkətsiz uzanır və qusurdu.

Ona sual verəndə: “Məndən ötrü fərqi yoxdur, – deyə düşünürdü. – Cavab verməyəcəyəm… Məndən ötrü fərqi yoxdur”.

Nahardan sonra Mixail Averyanıç gəlib ona bir çetvər çay, bir girvənkə də marmelad gətirdi. Daryuşka da gəldi, qüssəli-qüssəli düz bir saat onun çarpayısının yanında hərəkətsiz dayandı. Doktor Xobotov da onu ziyarət etdi. O bir şüşə bromlu kalium gətirmişdi. Nikitaya tapşırdı ki, palataya dərman qoxusu versin.

Axşama yaxın Andrey Yefimıç apoplektik zərbədən öldü. Əvvəlcə özündə sarsıdıcı bir üşütmə və ürəkbulanma hiss etdi; elə bil murdar bir şey bütün bədənini, hətta barmaqlarını bürüyərək, mədəsindən başına yayıldı, gözlərini və qulaqlarını qapladı. Gözlərində yaşıl işıltılar əmələ gəldi. Andrey Yefimıç əcəlinin çatdığını anladı və İvan Dmitriçin, Mixail Averyanıçla və milyonlarla adamların əbədiyyətə inandıqlarını xatırladı. Bəlkə əbədiyyət var? Lakin o bu əbədiyyəti istəmirdi, bunu yalnız bir anlığa düşünmüşdü – dünən kitabda oxuduğu fövqəladə gözəl və zərif bir maral sürüsü gözünün önündən keçdi; sonra bir arvad ona məktub uzatdı… Mixail Averyanıç nə isə bir söz dedi. Sonra hər şey yox oldu və Andrey Yefimıç əbədi yuxuya getdi.



Mujiklər gəlib onun qol-qıçından yapışdılar və ibadətxanaya apardılar, stol üstünə uzatdılar. Andrey Yefimıçın gözləri açıq qalmşdı, ay işığı üstünə düşmüşdü. Səhər Sergey Sergeiç gəlib çarmıxa çəkilmiş İsanın təsviri qarşısında dua oxudu və keçmiş müdirinin gözlərini qapadı. Ertəsi gün Andrey Yefimıçı dəfn etdilər. Dəfndə Mixail Averyanıçdan və Daryuşkadan başqa heç kəs yox idi.
Yüklə 75,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin