XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə2/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   2   3   4   5   6   7   8   9   ...   97
RAMİZ RÖVŞƏN

MAYAKOVSKİ

Rus dilindən çevirdi: RAMİZ RÖVŞƏN



MÜƏLLİF BU SƏTİRLƏRİ

SEVİMLİ ÖZÜNƏ HƏSR EDİR

Bu sözləri beynimizə

görən kim mismarladı;

“Allahın Allah yeri var,

padşahın padşah yeri”.

Bəs mən onda hara gedim,

mənim yuvam hardadı?

Varmı mən boyda adama

bir sığınacaq yeri?

Mən də Sakit okeantək

xırda olsaydım əgər,

Sularımda çimən ayla

sevişərdim gecələr.

Özüm boyda yarı indi

hardan tapım özümə?

Mənim yarım sığışarmı

darısqal göy üzünə?

Axx, əgər kasıb olsaydım

mən də milyarder kimi,

Başıma yağan pul-para

başımı qatardımı?

Qoşun-qoşun hücum çəkən

arzumu, istəyimi

Doyurmağa

bu dünyanın

qızılı çatardımı?

Cızmaqara eləsəydim

Dantetək, Petrarkatək,

Şeirlərim od salsaydı

sevgilimin canına –

Bu dünyanın gözəlləri

sıraya düzülərək

Sevişməkçin

dəstə-dəstə

axışardı yanıma.

Göydə çaxan ildırımtək

batıq olsaydı səsim,

Heç diksinib qorxardımı

göydə uçan quş belə?

Mən bir dəli nərə çəksəm

titrəyər yer kürəsi,

Ulduzlar da başı üstə

tökülər göydən yerə.

Günəştək sönük olsaydım –

neyləyərdim mən onda?

Görən oya bilərdimmi

zülmətin gözlərini?

Mən istəsəm –

qoca dünya

çimər nənim nurumda,

İşığıma bələyərəm

çılçılpaq dizlərini.

Amma məndən işıq uman,

sevgi uman kimdi, kim?

Kiminçündü

bir yük kimi

sürüdüyüm bu sevgim?

Axı hansı bəd saatda,

hansı ulduzun altda,

Hansı günahkar bir eşqin

meyvəsi olmuşam mən?

Heç kəsə lazım olmayan

bu yekəpər vücudla

Görən hansı nəhəng divin

belindən gəlmişəm mən?!..

1916


BU GÜN YOLKA OLMAYACAQ

Bu gün yolka olmayacaq,

dil tökməyin, balalar,

Atanızı meşəyə

buraxmaq olmaz axı.

O meşənin arxasında

ağzından od saçan

bir əjdaha var,

Atanızın canına

qəlpə-qəlpə sancılar

onun iti caynağı.

Yox, bu gecə

o yolkanın dibində

Qar kimi ağ

pambıq da olmyacaq.

Axı indi arıtək

min-min əsgəri sancır

güllələr bircə gündə,

Belə getsə,

yaraların

üstünə qoymağa da

pambıq tapımayacaq.

Şam da yandırmaq olmaz

bu gecə sübhə qədər,

Axı nəhəng, yırtıcı

gəmilər var dənizdə.

Orda zalım adamlar

topların lüləsini

tuşlayıb gözləyirlər;

Haçan işıq yanacaq

sizin pəncərənizdə.

Babanız da gəlməyəcək,

gözləməyin nahaqdan,

Sizə oyuncaq da

gətirən deyil.

Babanız axı indi

zavoddadı, zavodda.

Zavod nədi?

Barıt düzəldilən yer.

Musiqi də olmayacaq

bu gecə,

Qardaşınız

hardan bir cüt əl tapıb

çalsın axı qarmonu?

Bəlkə də, cənnətdə,

elə indicə,

Qolları qırılmış bir şəhid kimi

basır öz bağrına

mələklər onu.

Yaxşı, bəsdi, ağlamayın,

bir az gülsün üzünüz,

Axı hələ neçə-neçə

yeni il var qabaqda.

Heç bircə il keçməyəcək,

görəcəksiz özünüz;

Nəhəng yolka qurulacaq

bu balaca otaqda.

Yenə mahnı deyə-deyə

o yolkanın başına

dövrə vuracaq hamı.

Yolka da ki nə yolka?!

Üstü dolu bərbəzək,

lampaları rəngbərəng.

Elə uzun çəkəcək ki,

o yeni il bayramı,

Axırda lap hamının

zəhləsini tökəcək.

1916


ATLARLA YAXŞI RƏFTAR

Atın nalları

yeri döyürdü.

Nallar, elə bil ki,

nəğmə deyirdi.

Daş-divarı

küləklərlə

yeyilən,


Ayağına

buzdan çəkmə geyinən

küçə birdən sürüşdü,

qaçdı nalların altdan.

Guppultuyla yıxılıb

böyrü üstə düşdü

o gedən at da.

Dörd yandan

adamlar tökülüşdülər.

baxdılar, gülüşdülər:

-Ata bax! Ata bax!

Nə pis yıxıldı bədbaxt!..

Bircə mən qoşulmadım

o arsız gülüşlərə.

Bir az yaxına gəldim,

Atın gözlərini gördüm.

Gördüm onun

qəmli baxışlarını,

Sifətindən

damla-damla

axan göz yaşlarını.

Ürəyimdən kədər daşdı,

qarışdı onun qəminə.

Bir az mən ona oxşadım,

o da mənə.

“Gözəl atım, elə bilmə,

sənə gülən bu adamlar

səndən xoşbaxtdı, xoşbaxt,

Sənin boynun cilovludu,

biz azadıq, əzizim.

Bu dünyada

hər bir adam

bir azca da atdı, at,

Biz hərəmiz bir cür atıq, əziziim”.

Yoxsa duydu

ürəyimdən keçəni?

Bu sözlərim, bəlkə də,

gülməli gəldi ona.

Amma birdən

topladı var gücünü,

Qalxdı,

kişnəyə-kişnəyə

quyruğunu yelləyib

düzəldi öz yoluna.

Unutmuşdu, deyəsən;

ömür keçib, qocadı,

Uzun yollar

salıb onu ayaqdan.

Ona elə gəlirdi ki,

bir balaca dayçadı,

Ömür hələ

qabaqdadı,

qabaqda...

1918


MARİNA SVETAYEVA

* **


Bir babam skripka çalandı mənim,

Üstəlik, oğruydu, həm də atçapan.

Onun qanı gəzir canımda mənim,

Mən də avarayam, oğruyam yaman.

Bəlkə də, o özü mənim əlimlə

Oğruyur bazardan bu ərikləri.

Onun güdazına getmişəm elə;

Ah, o donqarburun, qıvrımsaç dəli.

bir ağac əkib, nə yer şumlayıb,

Əkinə, biçinə yad olubdu, yad.

Onun ömrü boyu dostu olmayıb,

Amma qızbazlıqda ad çıxarıb, ad.

Bir qonşu xanıma gözü düşəndə

Muncuq bağışlayıb ona əlbəəl.

Mənə elə gəlir, o babam həm də

Bir az qorxaq olub, bir az ağciyər.

Qəlbində cin-şeytan yuva salsa da,

Gecə qəbristandan keçməyib heç vaxt.

Çəkməsinin uzun boğazındasa

O, bıçaq gəzdirib həmişə, bıçaq.

Pişiktək cəld olub,

qurd kimi kinli,

Ondan zara gəlib bütün el-oba.

Yox, mənə nədənsə elə gəlir ki,

Heç vaxt skripka çalmayıb babam.

Vecinə almayıb –

dünya dağılsa,

Babam belə olub... Olsun da, nə qəm.

Babam necə skripka çalıbsa,

Mən də elə bax o cürə şairəm.

23 iyun 1915

CANIM-GÖZÜM, NEYLƏMİŞƏM MƏN SƏNƏ

Dünən hələ gözlərimə baxırdın,

İndi yana çevirirsən üzünü.

Dünən mənsiz olanda darıxırdın,

İndi mənə çox görürsən özünü.

Mən kiməm ki, bir ağılsız, key qadın,

Ağıllısan, mənə cavab versənə.

Yüz il keçsə, susmaz yenə fəryadım:

“Canım-gözüm, neyləmişəm mən sənə?!”

Yoxsa bizi ögey balası bilər;

Sevgi bizə zülm eləyər, yorulmaz.

Axan qanı, göz yaşını su bilər;

Göz yaşında, qanda çimər, durulmaz.

Gah qatarlar, gah gəmilər ayırar,

Yollar durar sevənlərin qəsdinə.

İniltimiz yer üzünə yayılar:

“Canım-gözüm, neyləmişəm mən sənə?!”

Dünən hələ mən başının tacıydım,

Sən qarşımda qolu bağlı qul kimi.

Birdən-birə bir cüt əlin açıldı;

Yerə düşdü ömrüm xırda pul kimi.

Lap bir uşaq qatilitək əgər mən

Bir gün çıxsam məhkəmə kürsüsünə,

Cəhənnəmdə rastlaşsaq da, deyərəm:

“Canım-gözüm, neyləmişəm mən sənə?!”

Soruşaram çarpayıdan, divandan:

“Nə günahın cəzasını çəkirəm?”

olsun ki, öpüşmüşük bir zaman,

İndi gərək çarmıxamı çəkiləm?

Sən gah oda atdın məni, gah suya,

Gah yandırdın, gah dondurdun əksinə.

Sən gör nələr etmisən mən yazığa!

Canım-gözüm, neyləmişəm mən sənə?!

Nə yaxşı ki, ağıllandım axırda,

Sənin adın bir də gəlməz dilimə.

Bir ürəkdən sevgi yoxa çıxanda,

Bağban ölüm ayaq basır yerinə.

Nə xeyri var – ha silkələ indi sən,

Kim bar umar bir qurumuş ağacdan?

Canım-gözüm, sənə neyləmişəmsə,

Hamısına görə məni bağışla!..

14 iyun 1920



NOBEL KÜRSÜSÜ

PATRİK MODİANO

2014-cü ilin ədəbiyyat nominasiyasında Nobel mükafatı laureatı fransız yazıçısı və ssenaristi Patrik Modiano oldu.

69 yaşlı Modiano ədəbiyyat sahəsində Nobel mükafatını alan on birinci fransız yazıçısıdır.

Modiano bu mükafata “işğal dövründə insan talelərinin təsvirinə görə” layiq görülüb. İsveç Akademiyası Modianonun əsərlərini Marsel Prustun yaradıcılığıyla müqayisə edir: “Onun yaradıcılığında insanı valeh edən budur ki, bütün əsərləri bir-biriylə səsləşir, bir-birinin əks-sədasıdır və onları unikal edən də məhz budur. O, dövrümüzün Marsel Prustudur”.

Modiano 1945-ci ildə Parisdə anadan olub. Onun ilk romanı “Ulduz meydanı” (1968) müəllifinə şöhrət gətirib. “Bulvar dairəsi” romanı (1972) Fransız Akademiyasının Böyük mükafatını, “Qaranlıq dükanlar küçəsi” romanı (1978) isə Qonkur mükafatını alıb.

Modiano həyatda qapalı, azdanışan və çox utancaq bir insandır. O, yığıncaqlardan, çıxışlardan qaçır, baxmayaraq ki, hər yeni kitabıyla yazıçıdan müsahibə almaq, onu televiziya verilişinə, mətbuat konfransına dəvət etmək istəyənlər çoxdur. Təbii ki, Modianonun oxucularına deməyə sözü var. Amma üzbəüz ünsiyyətdənsə, onlarla romanlarının səhifələrindən danışmağa üstünlük verir.

Onun əsərləri adi insanların yaddaşının keşiyində ayıq-sayıq durmuş əsgərə bənzəyir. Özü isə deyir ki, əlinə qələm alandan bəri eyni əsər üzərində işləyir və Nobel mükafatının ona verilməsi çox qəribə bir şeydir – “niyə məni seçdilər, başa düşmədim...”

HARDAN GƏLDİYİ BƏLLİ OLMAYAN SƏSLƏR”




Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin