XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 3.03 Mb.
səhifə2/15
tarix07.12.2016
ölçüsü3.03 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

XİLAS YOLUNUN YOLÇULARI

İBN ƏL-ƏRƏBİ

Çevirdi: Afaq Məsud

Günahkar və naqislərə acıqlı görünərəm,

Saf qəlblilər üçünsə, mərhəmətliyəm…”

Mirzə xan Ənsari*(Hacı Mirzə xan Cabiri-Ənsari (1870-1957) – İran tarixçisi)

Dünya fəlsəfəsinə, müqəddəs sufilik yoluna qədəm qoyduğu andan bu günümüzəcən “Qüdrətli Şeyx” ləqəbini qazanmış böyük sufi İbn əl-Ərəbi varlığı və bəşəriyyətə miras qoyub getdiyi əsərlərilə istər müsəlman, istər xristian aləminə ən güclü metafizik təsir göstərənlərdən olub.

İbn əl-Ərəbi, bu günəcən ərəblər arasında ən səxavətli adam hesab edilən Hətimi ət-Tayinin nəslindəndir. O, 1165-ci ildə Mursiyada doğulan zaman İspaniya artıq 400 ildən çox idi ki, ərəb sülalələrinin hakimiyyəti altında idi. Bəzi tarixi mənbələrdə Ərəbinin “Əndəlüs” adlandırılmağının bir səbəbi də, doğulduğu bu yerlərin o dövrlərdəki coğrafi vəziyyətilə əlaqədardır.

Cəsarətlə demək olar ki, yaşadığı dövrdə İbn əl-Ərəbi nəinki İspaniyanın, yaxud Ərəbistanın, ümumiyyətlə, bütün ölkələrin və xalqların tanınmış simaları arasında qüdrətlilərin ən qüdrətlisindən olub.

Bir çox ədəbi məxəzlərə əsasən, belə hesab edilir ki, o, dünya poeziyası tarixinə məhəbbət poeziyasının misilsiz nümunələrini bəxş edib. Əsərlərinin daxili gücü və şəxsi həyat nümunəsilə ortodoksal ilahiyyatçılara Ərəbi qədər təsir edən ikinci bir sufi olmayıb.

Həyatının otuz ilə yaxın bir müddətini Ərəbi Sevilyada yaşayıb və bu illər ərzində incə poeziyası və gözəl natiqlik qabiliyyətilə özünə, nəinki İspaniyada, o dövrlər dünya mədəni həyatının mərkəzi sayılan Mərakeşdə də böyük nüfuz qazanıb.

İbn əl-Ərəbini bütün sufilər sevir. Tarixin bütün mərhələlərində onun həddindən çox ardıcılları olub və bu gün də var.

Ərəbi kifayət qədər ibrətamiz həyat yaşadı və bununla bərabər, öz varlığı ilə formal cəmiyyətə təhlükə olaraq qaldı.

Bir çox məqamlarda İbn əl-Ərəbiylə böyük sufi əl-Qəzali arasında oxşarlıqlar var. Ərəbi də əl-Qəzali kimi sufi ailəsində dünyaya göz açıb. O da Qəzali kimi seçdiyi həyat yolu ilə Qərb düşüncəsinə təsir göstərməyə çalışıb, İslam dininin parlaq bilicisi olub. Lakin əl-Qəzali sufiliyə, artıq şöhrətinin zirvəsində ikən ilahiyyat elmilə məşğul olduğu dövrdə, bu elmin onun daxili ehtiyaclarını ödəmək iqtidarında olmadığı səbəbindən müraciət edibsə, İbn əl-Ərəbi insanlarla, poeziya ilə münasibətlərini, bilavasitə, sufiliyin əsasında qurub.

Əl-Qəzali sufiliyi İslamla barışdıraraq, sufiliyin küfr yox, etiqadın iç mənası olduğunu sübuta yetirib. İbn əl-Ərəbinin missiyası isə sufi ədəbiyyatını yaratmaq və bu ədəbiyyatın öyrənilməsinə, tədris edilməsinə insanlarda maraq oyatmaq olub. Ərəbiyə görə, bu ədəbiyyat insanlara sufi ruhunun duyulmasında, onların mövcudluğunun, davranışlarının və fəaliyyətlərinin sufi baxışlarıyla izahına köməklik göstərməli idi.

Əl-Qəzali kimi İbn əl-Ərəbi də, müasirlərindən çox-çox üstün intellektual qabiliyyətlərə malik idi. Lakin bu qabiliyyətlərindən istifadə edib, ilahiyyat sferasında özünə yüksək mövqe qazanmaq əvəzinə, Ərəbi də, o biri sufilər kimi belə bir bəyanat verdi: “Əgər insan güclü intellektə malikdirsə, o, bu intellektin əsas vəzifəsinin, hansısa, ayrı tərəfə keçməsinə ilkin pillə olduğunu dərk etməlidi”.

İbn əl-Ərəbinin bir sıra bəyanatlarının alt mənasının izahı insanda sarsıdıcı təəssüratlar yaradır. “Müdrikliyin sədləri” əsərində o yazır ki, Allahı hər hansı qeyri-maddi sima quruluşunda görmək üçün əziyyət çəkmək lazım deyil: “Allahı qadında görmək, bu görümün ən kamil həddidi”.

Ərəbi, həmçinin, dinə aidiyyəti olan hər bir şeyi hərfi səviyyədə təhlil etməyə öyrəşmiş ilahiyyatçılara müraciət edərək, mələklərin insan xislətli, insanın bədən üzvlərində olan qüvvələr olduğunu birbaşa deyir. Sufiliyin məqsədi isə, həmin bu qüvvələrin, insan mahiyyətində fəallaşdırılmasından ibarətdi.

İspaniyalı sufi Fatimə bint Valiyənin rəhbərliyi altında təhsil alan İbn əl-Ərəbi, şəksiz ki, sufilərin uzun illər üzərində işləyib mükəmməlləşdirdiyi xüsusi psixoloji hallara çatırdı. Bunu o, dəfələrlə öz əsərlərində də qeyd edir. Bəzi əsərlərinin məhz trans vəziyyətində yazıldığından, mənası İbn əl-Ərəbinin özünə, yalnız əsər üzərində iş başa çatdıqdan bir xeyli sonra açıldığını qeyd edir.

Ərəbinin ilham qaynağı xəyallar idi. Buna baxmayaraq, onun şüuru həmin bu xəyallar aləmində öz sayıqlığını bircə anlığa belə itirmirdi. O, öz unikal sufi qabiliyyətlərinin köməyi ilə intellektinin ən gizli dərinlikləri və tanıdığımız bu dünyanın bütün görünənlərinin mahiyyətini müəyyənləşdirən faktor kimi xarakterizə etdiyi ən ali reallıqları arasında əlaqə yarada bilirdi.

Onun əsərləri insanların əksər hissəsinə məlum olmayan və çoxları tərəfindən “fövqəltəbii” kimi qəbul olunan həmin o qabiliyyətlərin həyata keçirilməsinin vacibliyini bildirir.

Ərəbi yazır: “İnsan öz fikirlərini yuxuda da nəzarəti altında saxlamalıdı. Bu sayıqlığın inkişaf etdirilməsi insana, aralıq dünyalarlafövqəldünyalarla tanış olmaq imkanı yaradacaq ona misilsiz faydalar gətirəcək. Bu fövqəladə qabiliyyəti qazanmaqdan ötrü isə hər bir kəsin öz üzərində səylə çalışması gərəkdir”.

Bütün sufilər kimi, İbn əl-Ərəbi də, Məhəmməd (s.a.v.) peyğəmbəri kamil insan idealı hesab edirdi. “Mühəmməd” sözünün mənasının dəqiqləşdirilməsi barədə isə o, digərlərindən daha açıq danışır.

Məhəmməd (s.a.v.) barədə iki rəvayət mövcuddur. Rəvayətlərdən biri Məkkədə və Mədinədə yaşamış insanı nəzərdə tutur, o biri isə əbədi Məhəmmədi (s.a.v.). Ərəbi məhz ikincisi barədə danışır, bu Məhəmmədi (s.a.v.) bütün peyğəmbərlərlə, həmçinin, İsa peyğəmbərlə eyniləşdirir. Digər sufilərə görə də, daxili dünyada müəyyən funksiyaları həyata keçirən Məhəmməd (s.a.v.) peyğəmbər də, digər peyğəmbərlər də, hansısa mənada, eyni bir adam olmuşlar. Onlar bu eyniliyi ərəb dilində: “Həqiqət əl-Mühəmmədiyə” (“Məhəmməd reallığı”) adlandırır və bu adı müxtəlif dövrlərə və zümrələrə aid insanlara da şamil edirlər.

Ərəbinin yaşadığı dövrdə də, indiki kimi, çox az qisim adam anlayırdı ki, eyni bir hadisə, yaxud fakt eyni zamanda, müxtəlif əhəmiyyətlər kəsb edə bilər. Məsələn, ən yaxşı halda, adi insan “gözəl qadının İlahinin sənət əsəri” olduğunu anlaya bilər, lakin həmin adam qadın gözəlliyilə İlahiyyatın eyni bir şey olduğunu qəbul etmək iqtidarında deyil. Sufi baxışları ilə görünən reallığa əsaslananlar arasında yaranan anlaşılmazlığın mahiyyəti burdan yaranır. Məhz bunun nəticəsində İbn əl-Ərəbinin məşhur “Arzular təsnifatı” əsəri, zahirən, erotik poeziya təsiri bağışlasa da, sufilər bu əsərin o biri üzünü və tərəflərini görürlər.

Əsərlərində ənənəvi terminologiyanı tətbiq etsə də, İbn əl-Ərəbi həm də onu sübuta yetirirdi ki, görünən nə varsa həqiqi ola bilər və insan sevgisinin fiziki qüvvəyə malik olduğu üzə çıxar. Lakin, əslində, həmin bu görünənlərin əsl reallığın yalnız örtüyü, yaxud, bu reallığa əlavə olmaqdan savayı, ayrı bir qüvvəsi yoxdur.

Ərəbiyə görə əsl reallıq, məhz həmin o gizli reallıqdır ki, aşkar olanlardan kənarda, onların fövqündədir.

Mənim qəlbim qəlibdi

Ayin – dualar üçün;

Kilsədi kahinlərə,

Bütpərəstə məbəddi,

Möminlərə Kəbədi.

Quran, İncil vərəqi...

Etiqadım – Məhəbbət…

Bu nə gözəl səadət?!

Romantik təbiətli insanlar böyük Şeyxin bu kiçicik bənddə yer almış “məhəbbət” dediyini məlum məhəbbət kimi, insanın insana olan məhəbbəti kimi qəbul edəcək. Sufilər üçün isə Ərəbinin dediyi bu məlum məhəbbət o məhəbbətdi ki, insan onun sədlərini aşıb, o biri üzə keçə bilmir…
ALLAHI AXTARANLARA MƏSLƏHƏT

MƏKKƏ AÇIQLAMALARI

(ƏL-FÜTUHAT ƏL-MƏKKİYYƏ)

Öz biliyini istifadə etməyən arif kəsi görsən, o kəslə mərifətlə dolan, onun biliyindən özün istifadə et ki, əldə etdiyinin müqabilində o kəsə borcunu qaytara biləsən. O səbəbdən ki, bilən odu və qoy o kəsin (bilənin) halı səni yolundan yayındırmasın. Axı öz əməlinə görə onun da Allahın yanında öz pilləsi (dərəcəsi) var.

Bil ki, Qiyamət Günündə hər kəs öz sevdiyi ilə birgə çağırılacaq. Kim, yer dünyasında Allahın keyfiyyətlərindən mənimsəyəcək, o kəs Qiyamət günündə Onun (Allah) tərəfindən həmin o mənimsədiyi ilə çağırılacaq və Orada Onda (Allahda) doğulacaq.



Hər hansı bir işi görmək istədikdə, onu Allaha xoş gedəcək şəkildə, Onun (Allahın) sevdiyi kimi gör, o işə ürəklə giriş. Bu işinlə sən özünü Allahın sevgisinə susamış halınla bəzəsən, Allah səni sevər, sevib, sənə Özünü Tanıtmaq Səadəti bəxş edər. Səni Öz Səxavəti iləÖzünü sənə Büruzə Verməklə Mükafatlandırar sınaqlarla Ovundurar. Allahınsa sevdikləri kifayət qədərdi. İndi mən öz imkanlarım anlamaq qabiliyyətim müqabilində onlardan bəzilərini sənə öyüd məsləhət qismində izah edəcəyəm.

Beləliklə, ilk əvvəl çalış, Allahın qarşısında gözəl ol. Allahın qarşısında gözəl olmaq (təcəmmül) özü-özlüyündə müstəsna, müstəqil bir ibadətdi, ələlxüsus, dualar zamanı. Bu, Hamıdan Ucanın Öz Hökmüdü: “Ey Adəm övladı! Mənim Qarşımda diz çökərkən, gözəl ol”.

Ayrı bir yerdə O (Allah), bəndəsini ittiham edərək, deyir: “De ki, Allahın Öz bəndələri üçün Yaratdığı gözəl [nemətlərə], həyatı üçün Müəyyən Etdiyi təmiz, halal qaydalara kim qadağa qoydu? De: “Burada (Yer dünyasında) bu imkanlar yalnız möminlərə verildi Qiyamət Günü yalnız onlara veriləcək. Bilən kəslərə əlamətləri Biz belə İzah Etdik”.

Bu digər bu kimi izahları sən özün Quranda tapacaqsan.

Allahın gözəlliyi ilə (zinət əl-lah), bu dünyanın gözəlliyi (zinət əl-həyat əd-dünya) arasında bir fərq var: məqsəd (qəsd) və niyyət (niyyə) fərqi. Gözəlliyin özü isə həmindir (əyn əz-zina), ayrı birisi deyil.

Və deməli, niyyət, hər bir şeyin canıdı. Odu ki, hər kəsə öz niyyətinə görə verilər.

Deyək ki, (son) axır kimi baxılan (hicr), öz-özlüyündə olduğu kimi, dəyişməz qalır (vahid ət əl-əyn). Kim ki, Allaha və Onun rəsuluna can atır, o kəsin yolu məhz Ona (Allaha) aparar. O kəs ki, öz (yer) həyatını abadlaşdırmağa meyllənir, istədiyi qadını özünə arvad eləməyə çalışır, o da ayrı bir səmtə yox, məhz həmin o yola yönəlir. Əs-Səhihdə [hədisdə] də bu barədə deyilir. İmama and içdiyinə görə Qiyamət günü Allahın dindirməyəcəyi, günahları bağışlanmayacaq, ağır iztirablara düçar olacaq üç kişi haqqında deyilir. Belə ki, bu üç kişidən biri öz fani arzularına görə imama and içir və yer dünyasına aid tamahları qane olunana qədər, andına sadiq qalır. Qane olunmayanda, andını pozur.

Beləliklə, əməllər niyyətlərə görə qiymətləndirilir. Bu, müsəlman etiqadının əsas dayaqlarından biridir. Əs-Səhihdə deyilir ki, bir kəs Allahın rəsuluna (Allah onu şad eləsin!) deyir: “Ey Allahın rəsulu! Mən möhkəm, yaraşıqlı ayaqqabını gözəl libası çox sevirəm”.

Onun bu sözünə Allahın rəsulu (Allah onu şad eləsin!) belə cavab verir: “Allah Özü gözəldi, gözəlliyi sevər”.

Bu sözlərin mənası budu: Allah, Qarşısında gözəl olana yaxındı.

Məhz bu səbəbdən Uca Yaradan Cəbrayılı onun (Məhəmmədin) yanına Dihyanın simasında göndərdi. Dihya öz dövrünün insanları arasında ən gözəli idi. Deyilənə görə, Dihyanın gözəlliyi o qüdrətdə idi ki, hansı şəhərə girirdisə, onu görən boylu qadınlar bətnlərindəki uşaqlarını salırdılar. Dihyanın gözəlliyi məxluqat aləminə belə təsir edirdi.



Cəbrayılı Öz rəsulunun (Allah onu şad eləsin!) yanına, Onda Olandan Agah Etməkdən ötrü göndərən Uca Yaradan bununla sanki deyirdi: “Məhəmməd, Mənimlə sənin aranda yalnız gözəl sima dayana bilər.

Allahın qarşısında gözəl olmayanın isə (bu barədə demişik) Onun (Allahın) müstəsna sevgisini qazanması mümkün deyil. Allahın xüsusi sevgisini qazanmayan, Onun (Allahın) ona Verdiklərinə sahib ola bilməz: o kəs bilik (ilahi bilik) almaz, üzə çıxmaz, bərəkət nemət sahibi olmaz, səadət məkanına yetməz, bu dünyada öz davranışı şahidliyi ilə Ruhun şahidliyinə mənalar üzrə biliklərə layiq olanlar sırasına qalxmaz. Bütün bunlara o halda sahib olmaq mümkündü ki, bəndənin niyyəti, deyilən kimi, Allahın qarşısında gözəl olmaq olsun. Daha yer dünyasının fanilik köpüyülovğalıq, şan-şöhrət, o birilərin qarşısında öyünmək yox.

Sonra hər hansı sınağa çəkilərsənsə, Allaha tapın. Çünki O, Onun rəsulu (Allah onu şad eləsin!) demişkən, Ona ürəkdən tapınanları sevər. Allah Özü bu barədə belə Buyurur: “Ölümlə həyatı Yaratdım ki, kimin kim olduğunu Müəyyən Edim”.

Başqa sözlə, Allah insanı sınaqlara saldıqca, onun mahiyyətini Müəyyənləşdirər, Görsün ki, həqiqətənmi, o kəs sözüylə görünməyə çalışdığı kimidi?

Bu, sənin sınağından savayı, ayrı bir şey deyil: həmin o sınaqla Sən kimi istəyirsən azdırırsan, kimi istəyirsən doğru yola yönəldirsən”, yəni ona həmin o sınaqdan çıxış yolunu göstərirsən.



Bil ki, sınaqların ən çətini, tamahların ən şövqlüsü qadınlar, var-dövlət, uşaqlar və hakimiyyətdi.

Onda ki, Allah Öz bəndələrindən hansı birinəsə bu nemətlərdən birini, yaxud hamısını birdən verər, o bəndə Allahın onu bu nemətlərlə sınadığının səbəbini anlayıb, bunun Allahın Özü tərəfindən ona göndərildiyini dərk edərsə, onlara uymayıb, yalnız Ona (Allaha) üz tutarsa, o halda, bu sınaqlar bəndəni Hamıdan Ucaya yaxınlaşdırar. Ucaldıqca, o bu nemətlərin, həqiqətən, ona Hamıdan Uca Yaradan tərəfindən göndərdiyini anlayar, anladıqca, minnətdarlıq hissləriylə dolub daşar.

Bu barədə İbn Məcca öz “Əs-Sünnə”sində danışır. O, Allahın rəsulunun (Allah onu şad eləsin!) sözlərini misal gətirərək, deyir: “Günlərin bir günü, Uca Yaradan Musaya (Ruhu şad olsun!) Buyurur: “Ey Musa! Mənə qarşı həqiqi minnətdarlıqla dol!”

Musa üzünü Yaradana tutub soruşur: “İlahi! Həqiqi minnətdarlıq nədi?”

Onun bu sualına Allah belə Cavab Verir: “Görsən ki, Mən sənə yalnız nemət Göndərirəm, bil ki, həqiqi minnətdarlıq budu”.

Allah Öz rəsulu Məhəmmədin (Allah onu şad eləsin!) bütün keçmiş və gələcək günahlarını Bağışlayıb, ona: “...ondan ötrü ki, Allahın, sənin keçmiş və gələcək günahlarını bağışlasın”, – deyəndə, peyğəmbər yorğunluq, istirahət bilmədən, ayaqları şişənəcən ayaq üstə qalaraq, Hamıdan Ucaya şükranlıq duaları oxuyur. Onun bu halını görüb acıyanların: “Özünə yazığın gəlmir” sualına Allahın rəsulu (Allah onu şad eləsin!) belə cavab verir: “O qədirbilən mən deyiləmmi?” Axı o, Hamıdan Ucanın: “Allahına itaət et ki, qədirbilənlər sırasında olasan” Buyruğundan agah idi?!..

Və əgər bəndə öz Himayədarına qarşı minnətdarlıq hissi ilə dolmazsa, o, yalnız qədirbilənlərə agah olunan həmin o müstəsna Sevgidən kənarda qalar. Bu barədə Uca Yaradan belə Buyurur: “Bəndələrimin az qismi qədirbiləndi”.

İlahi sevgini qazanmayan bəndə Onun (Allah) barədə biliyə də sahib ola bilməz. Allah ona Görünməz, ona Öz Nemətlərindən Bəxş Etməz və o kəsə Böyük Sınaq Günündə müstəsna görüm və mərhəmət əta edilməz.

Axı Allah Sevgisinin hər hansı təzahürü, insana xüsusi növ bilik, ruhi dirçəliş, maddi və mənəvi rifah gətirər. Həmin bu səbəbdən də, bu nemətləri qazanan kəs o birilərdən fərqlənər.

Əgər sınaq qadınlarla göndərilərsə, bu halda o kəs Allahına, həmin o ehtirasından tapınmalıdı. Qadınları sevərək o anlamalıdı ki, əslində, Bütöv Olan öz hissəsini sevir... o hissəyə qarşı incə meyl duyur. Yəni, qadınları sevərkən, əslində o, özü-özünü sevir. O səbəbdən ki, qadın, öz yaranışı etibarı ilə kişinin – onun qabırğasından yaradılıb. Odu ki, qoy o (qadın), həmin o kəs üçün Allahın yaratdığı Kamil İnsan təcəssümü olsun. Əslində, bu (qadın), Allahın Özünü ona güzgüdə əksi kimi təqdim etdiyidi. Və o halda ki, güzgüyə baxan orada özündən olan “nə isə”ni görər, o kəs də güzgüyə baxınca, orada, ilk növbədə, ayrı bir şeyi yox, öz-özünü görər. Odur ki, qadını bütün varlığıyla, ehtirasla sevən kəs onda (qadında) özünü, öz quruluşunu görər və o bilməlidi ki, qadında görüb sevdiyi həmin o quruluş onun özüdü.

Sən isə artıq bilirsən ki, həmin bu quruluş Uca Yaradanın Öz Quruluşudu ki, Onu Özünə uyğun yaradıb.

İndi bil ki, sevən kəs sevdiyi qadında ayrı “nə isə”ni yox, Allahı tapar. Onu (Allahı) bu qadınla hər təmasda, sevgi ehtiraslarında tapar. Belə olan halda, həmin kəs öz məhvini də o qadında tapar və bu iki bənzərlik bir-birində əriyəntək, həmin o qadında əriyər. Məhz o səbəbdən sevən kəs öz məhvini qadında tapar ki, o, hər toxuması ilə qadına hopar, bu sevgi cərəyanına bütün varlığı ilə qoşular və bütün varlığı ilə də öz oxşarında məhv olar. Bu hüdudsuz sevgi qaynağında əriyib itər, “ehtirasdan közərən, Mən Özüməm. Şevgi atəşindən külə dönən, Mən Özüməm” deyər.

Bu mərhələyə çatan bir qisim isə: “Həqq mənəm!” deyər.

Beləliklə, əgər sən kimisə belə bir sevgiylə sevərsənsə və əgər Allah sənə, həmin o biz deyəni o kəsdə tapmağa İmkan Verərsə, bil ki, O (Allah) səni sevir və bu sınaq səni Haqqa aparacaq.

***


Qadınları bir də belə sevmək olar ki, onlar səbir və doğumlu olduqları səbəbindən, hər nəsildə yeni-yeni məxluqlar və canlılar yaranar. Və şübhə yoxdu ki, dünyanı mövcudsuzluq halında götürəndə, Allah bu dünyanın məxluqatını tək bir ona görə sevdi ki, onlar səbrin və dözümün yuvasına çevrildilər. Və onda O (Allah) Öz Hökmünü Verib olanlara: “Ol!” dedi və onlar oldular.

Beləliklə, onlardan Onun mülk Şahlığı aşkar oldu. Yaradılan məxluqat Allahın ilahiliyinin qiymətini verdi və budu, Allahın varlığı anlaşıldı. Bu məxluqat Hamıdan Uca Allaha öz anlayışları müqabilində, Ona uyğun gələn bütün adları ilə, bu adların mahiyyətindən xəbərsiz olsalar belə, sitayiş etdilər.

Səbəbi bu idi ki, Allahın elə bir adı yoxdu ki, bəndə o adda öz zahirinə və batininə uyğun olan nə isə tapmasın. Adlar barədə duada da, Allahın rəsulu (Allah onu şad eləsin!) bunu nəzərdə tutur.

...o adlar barədə biliyi gizli saxlayıb, mənasını tək bir Özün bildin, ya da olsun ki, bunu Öz məxluqatından kimlərəsə anlatdın”.

Və o bəndələr biliklə də qalanlardan fərqləndilər. İnsanda, onun həm zahirində, həm də batinində o qədər sirlər var ki, onlar barədə o özü heç nə bilmir. Allaha isə onda (insanda) olan bütün sirlər məlumdu.

Odur ki, əgər sən qadını biz dediyimiz şəkildə sevsən, ona olan sevgin səni Allaha çatdırar və sən bu sınaqda şəfqət taparsan. Allaha, qadına olan sevginlə tapınsan, Onun Sevgisinə toxunmuş olarsan.

Əgər biz görsək ki, kimsə öz sevgisiylə yalnız bir qadına bağlanıb (hərçənd ki, bu deyilənləri istənilən qadında tapmaq olar), bil ki, bu hal həmin bu iki insanın müstəsna ruhi vəziyyəti ilə əlaqədardı. Deməli, onlar belə yaradılıb. Onların hər ikisinin təbiəti və ruhu belədi. Bu cür bağlılıqlar müəyyən müddətə, bəzənsə əbədi olur. Daha doğrusu, belə bağlılığa yalnız ölüm son qoyur, bağlılığın özü isə qalır. Peyğəmbərin (Allah onu şad eləsin!) Aişəyə sevgisi də belə bağlılıq idi.

***


Məsələ burasındadı ki, insan ruhunda kifayət qədər Allahın gizlin saxladığı sirlər var:

...yoxsa, göylərdə yerdə gizlin olanı Aşkar Edən, gizlədiklərimizi Görən, tapdıqlarımızdan Agah Olan Allaha itaət etməzdilər”. Yəni, sizlərdə görünən olanlardan da, sizlərdən xəbərsiz qəlblərinizin dərinliklərində gizlədilənlərdən də.

Allah daim bəndəsinin ruhunda olan, onun özünün xəbərsiz olduğu sirləri Üzə Çıxarar. Həkim öz xəstəliyindən bixəbər olan xəstəyə baxıb, onun xəstəliyini görən kimi, Allah da Öz məxluqatının qəlbinin dərinliklərində gizlədilənlərdən məlumatlıdır. Peyğəmbər (Allah onu şad eləsin!): “Özünü tanıyan Allahını tanıyar”, – deyəndə bunu nəzərdə tutub.

Lakin hər insan öz qəlbini tanımaz. Hərçənd ki, bu “qəlb” dediyimiz, əslində, onun özüdü ki var.

Beləliklə, Allah zaman-zaman insan qəlbinin gizlinlərini üzə çıxarar. Bunu gördükcə, insan öz qəlbi barədə, əvvəllər bilmədiklərini anlamağa başlayar. Odur ki, bir çoxları: “Mömin qəlbindən ən axırda Ağasına (Allahına) olan sevgisi çıxar”, – deyirlər.

Həmin bu sevgi – qəlbdən çıxan məqam aşkar olar və o kəslər İlahiyyatı sevməyə başlayar. Lakin bu sevgi adi insan sevgisinə bənzəməz. “Onlar Onu (Allahı) o səbəbdən sevər ki, Onu (Allahı), Onun (Allahın) dili ilə desək, öz gözləri və qulaqlarıyla (həmçinin, digər imkanları və bədən üzvləri ilə) hiss edərlər”.

Bu halı keçirdikləri səbəbindən, onlar ibadəti də Allaha görə sevərlər. Bu, həmin o kəslərdi ki, Allahın dünyadan əvvəl də var olduğundan, bütün yaradılanların isə Onun qulu olduğundan agahdırlar. Və nə aşkarda, nə də qalan bütün mənalarda qulsuz ağa yoxdur.

Ağa Öz qulunu ali sevgiylə Sevər. O səbəbdən ki, Onun ağalığının dəlili, Onun quludu.

Şah üçün şahlıqdan qiymətli olanı yoxdu. O səbəbdən ki, onun şahlığının sübutu – şahlıqdı.

“Ən axırda möminlərin qəlbindən Ağasına olan sevgi çıxar” ifadəsini onlar məhz bu cür anlayarlar. Bu, o deməkdi ki, onlar bu sevgini, yalnız duyduqdan sonra dərk edərlər. Əks halda, bu sevgi onları tərk edər və onlar daha ilahiyyatı sevməzlər. Axı ilahiyyatı sevmədən, onu nə anlamaq, nə də duymaq mümkündü! Bu isə Allahın yaratdıqlarının məzmunu və mahiyyəti, budu. Peyğəmbər (Allah onu şad eləsin!) demişkən:

Allah Adəmi Öz Simasında Yaratdı” (Hərçənd ki, bunu müxtəlif cür izah edirlər).

Beləliklə, bunu bil və yadında saxla. Hakimiyyət özünü, buyruğunun icrasıyla təsdiq edər. Onun (Allahın) Buyruğu qədər tez, deyilən an icra olunanı yoxdu.

O İstəyərsə, tək bircə dəfə: “Ol!” Deməyi kifayət edər o olar” (Quran).

Odur ki, bil: canı və qanıyla Allahın olan bəndənin səlahiyyəti çox böyükdü. O bəndə dəyişmədən, özü olaraq qaldıqca, bunu özü də hiss edər (görər) ki, o, həqiqətən, Allahın Yer üzündə təcəssümüdü və anlayar ki, bu, misilsiz bir oxşarlıqdı. O bəndə ağadı. Hamıdan Qüdrətli, Böyük Allah isə müstəsna Ağadı. Həm də Həqiqi Yeganədi.

Üçüncü, var-dövlət barədə deyək. Bu ad ona (var-dövlətə) o səbəbdən verilib ki, insanlarda ona təbii meyl var. Allah o səbəbdən bəndələrini var-dövlətlə sınağa çəkməkdə qərarlıdı ki, hər şey məhz onun (varın) vasitəsi ilə aşkarlanar, varlılara qarşı (onlar tamahkar olsalar belə) insanların sevgisini də bu səbəbdən artırar.

İnsanlar varlıya hörmət və ehtiramla yanaşar, onun bu qədər mal-dövləti varsa, heç kəsə ehtiyacı olmadığını düşünərlər. Əslində isə, həmin o varlı, olsun ki, qəlbinin dərinliyində sahib olduğu mal-dövlətindən məmnun deyil, insanla ünsiyyətə, bəlkə, o birilərdən daha çox ehtiyaclıdı. Və o səbəbdən ki, insanların qəlbi bu var-dövlət sahibinə, onun varına görə meyllənər, onlar onun yox, onun mal-dövlətinin aşiqinə çevrilərlər.

Arif olan kəslər də Allahı eynilə bu sayaq sevərlər. Sınaq və nəfsdə, bu məqam aşkar olar, düzgün yolun və həqiqi hakimiyyətin nə olduğu, məhz burda üzə çıxar.

Ariflərin diqqəti Allahın imkanlı adamlara müraciətlə: “... Allahın yolunda varından keç (Quran) – Buyruğuna işləyən ilahi məqamlara cəmlənər.

Onlar (arif olan kəslər) öz varını da, bu səbəbdən sevərlər. Sevərlər ki, deyilən bu İlahi Buyruq onlara da şamil olunsun ki, hər zaman, hər yerdə bu Kəlamın icrasından həzz ala bilsinlər. Məhz arif olan kəslər öz varından o səbəbdən keçərlər ki, dilənən əlin, Allahın Əli olduğunu anlayarlar. Allah Verdiyi varı bu yolla qəbul edər və onu (varı) verənlərlə Şərik olar. Bu, böyük şəriklikdi (vüslət əl-münəvəla).

Allah Adəmi o biri yaratdıqlarından üstün tutaraq, onun barədə Buyurur: “O kəsi ki, Mən Öz əllərimlə Yaratdım...” (Quran)

Lakin Onun (Allahın) İstəyinə əməl edib, Onu (Allahı) özünə borclu çıxaran, Onun (Allahın) Nəzərində, Onun Öz əlləri ilə Yaratdığından (Adəmdən) üstündü.

Lakin var-dövlət sahibi olmadan da, Allahın bu Buyruğuna əməl edib, həmin o ilahi şərikliyi (əttənavü ər-rübbaniyyə) qazanmaq mümkündü..

Beləliklə, Allah ilk əvvəl həmin o kəsləri var-dövlətlə, sonra borcla (sədəqə ilə) Sınağa Çəkər. O Özünü varı, imkanı olan kəslərə əl açıb dilənən ehtiyaclı bəndənin halına Salar: Ey Mənim bəndəm! Mən səndən yemək İstədim, sən Məni yedirtmədin. Mən səndən su İstədim, sən Məni içirtmədin(Quran).



Vara-dövlətə olan məhəbbətin mahiyyəti bu məqam anlanar. O (Uca Yaradan) arifləri tamahdan keçirib Haqq yoluna Çıxarar.

Övladlar da öz-özlüyündə bir sınaqdı. O səbəbdən ki, oğul atanın sirridi, onun ətindən və qanından olandı. Övlad valideynə ən yaxın olandı və bu səbəbdən, o onu, özünü sevdiyi qədər sevər.

Hər şeydən çox isə hər kəs özünü sevər. Bu səbəbdən, Allah Öz bəndəsini onun özü ilə – zahirən ona bənzəri ilə (övladı) Sınağa Çəkər ki, Görsün özü özü ilə doyurulan bəndə Allahın ona Buyurduğu borcları və vəzifələri unutmayacaq?!

Bax: Allahın rəsulu (Allah onu şad eləsin!) qəlbində əbədi yeri olan qızı Fatimə barədə deyir: “Əgər Məhəmmədin qızı Fatimə oğurluq edərsə, mən onun əlini kəsərəm.

Ömər bin əl-Həttab isə öz oğlunu eyş-işrətlə məşğul olduğuna görə qamçıladır. Ürəyi isə yalnız oğlu öləndən sonra sakit olur. Maiz və həmin qadın da özlərinə cəza tələb edib, özlərini məhv edirlər. Allahın rəsulu isə (Allah onu şad eləsin!) onlar barədə deyir: “Onları xalqın arasında bölüşdürsəydilər, tikələri hamıya çatardı.

Bir də elə bir tövbə varmı ki, insanın öz canını könüllü şəkildə qurban verməsi ilə müqayisəyə gəlsin?

Daha böyük olan isə o kəsdi ki, bütün bu sınaqlara davam gətirib, özünə ən acı, lakin layiqli cəza kəssin.

Allah övladını itirən valideyn barədə belə deyir: “Mömin bəndəmin yaxınlarından Götürərəmsə, bunun əvəzində ona Cənnət bəxş edilər (Quran).

İnsan nəslində hamıdan böyük o kəs olacaq ki, bütün bu keçilməz sınaqlardan və şiddətli tamahlardan keçib, Allaha tapınacaq. O kəsi heç zaman unutma.

MƏKTUB


1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə