Raqub Kərİmov
(Əlyazmalar İnstitutu)
Q.Zakİrİn dİnİ şeİrlərİ
Tarixi keçmişimizin bütün dövrlərində istismarsız olaraq hər bir yazar ilk növbədə dini mövzulara müraciət edərək öz yaradıcılıqlarında dini baxışlarını mərsiyə, növhə, sinəzən, minacat, nət, qəsidə kimi poetik formalarda tərənnüm etmişlər. Uzun bir inkişaf yolu keçən dini poeziya tarixi-ictimai şəraitlə əlaqədar olaraq zaman-zaman tərəqqi və tənəzzül mərhələlərini yaşayaraq həmişə gündəmdə olmuşdur. Məhz bunun nəticəsində ədəbiyyatımızda dini-ədəbi ənənə formalaşmışdır. Bu ədəbi ənənə xüsusilə XIX əsrdə daha geniş vüsət tapmış, hətta Raci, qumri, Süpehri, Şüai, Dəxil, Dilsuz, Nigari kimi dini-təriqət şairlərinin meydana gəlməsi üçün münbit zəmin yaratmışdır. Yaradıcılığını əsasən dini mövzulara həsr edən bu kimi sənətkarlarla yanaşı biz həmin dövrdə çoxşaxəli yaradıcılıq diapazonuna malik olan şairlərin də dini mövzulara müraciət etdiklərinin şahidi oluruq. Ümumiyyətlə, bu mövzuda şeir yazmağın özü də bir ənənə şəklini aldığı üçün XIX əsrdə yaşayıb yaradan çox az sayda şairlər istisna olmaqla əksər şairlərin bu mövzuya müraciət etdiklərinin şahidi olur və bu qənaətə gəlirik ki, hər bir dövrün ədəbi mühitinin formalaşmasında dini ədəbiyyatın da özünəməxsus rolu olmuşdur. Dini ədəbiyyatın yaranması təkcə şairin öz istəyindən deyil, həm də ictimai tələbdən, xalqın arzu və istəyindən irəli gəlirdi. Ona görə də hər bir şair xalq arasında, ictimaiyyətdə daha mötəbər mövqe qazanmaq üçün ən gözəl əsərlərini bu mövzuda yazmağa çalışırdılar. Təsadüfi deyildir ki, XIX əsr maarifçi ədəbiyyatın formalaşmasında böyük rolu olan, özü də çar Rusiyasının mühüm dövlət aparatında işləyən, bir sözlə, islam dininə o qədər də rəğbəti olmayan bir mühitdə çalışan Abbasqulu ağa Bakıxanov belə bu mövzuya rəğbətlə yanaşmış və özünün ən gözəl əsərlərindən birini də bu mövzuya həsr etmişdir. O cümlədən, XIX əsrin digər görkəmli şairi Qasım bəy Zakiri də bütün yaradıcılığı boyu islam dini qayda-qanunlarına riayət edən əsl Allah bəndəsi kimi görürük. Şair istər dini mövzularda yazdığı şeirlərində, istərsə də ayrı-ayrı mövzulu şeirlərinin daxilində sırası gəldikcə dinin təəssübkeşi kimi çıxış etmiş, insanları mənəvi saflığa, düz yola, həqiqi Allah bəndəsi olmağa dəvət etmişdir. Bununla yanaşı Zakir insanları dini əqidədə mötədil olmağa, onları müxtəlif zamanlarda ayrı-ayrı oyunbazların yaratmış olduqları saysız-hesabsız təriqət və məzhəblərə uymamağa çağırmışdır. İslam dininə, onun müqəddəs kitabı olan Qurana yaxşı bələd olan şair bu kimi təriqətlərin monumental islam dinini parçalamaq üçün ayrı-ayrı şəxslərin öz mənafeləri naminə ortaya atdıqları oyunbazlıqdan başqa bir şey olmadığını görür və oxucusuna bu oyunbazlara, fırıldaqçı dini liderlərə uymamağı tövsiyə edirdi. Digər mütərəqqi görüşlü dindarlar kimi Zakir də öz əsərində şiələr və sünnülər arasında baş verən kəskin ixtilafları görür və təriqətlərdən, xüsusilə də şiəlikdən əmələ gəlmiş “Şeyxi” və “Üsuli” kimi təriqətləri tənqid atəşinə tuturdu. Şair bu qəbil din xadimlərini “ölkəyə hərcmərclik salan, adlarını alim qoyub, özləri savadsız, dinləri pul, ipək pal-paltar olan müftəxor şarlatan adlandırır və “Əlif bey oxuyan” hər dələduz şiəliyin nə olduğunu anlamadığı halda “məzhəbi-isna-əşəri”, “bargəhi-iymani zirü zəbər etdiklərini”1 bütün kəskinliyi ilə oxucunun nəzərinə çatdırır:
Ah, bu müftəxorun dad əlindən, səd dad
Ki, salıbdır necə gör məmləkətə qovğanı.
Hərcü mərc eylədilər məzhəbi-isna-əşəri,
Etdilər zirü zəbər bargəhi-iymanı.
Hər əlif, bey oxuyan adını ruhani qoyub,
Bilməz öz əbcədini, ruha çəkər suhanı.2
Əsası XIX əsrin birinci yarısında Şeyx Əhməd Əhsai (1744-1827) tərəfindən qoyulan “Şeyxi” təriqəti dini-siyasi cərəyan olaraq şiəlik əsasında yaradılmışdır. Onların nəzəriyyəsinə görə “on iki imam Allahın arzusu ilə bütün varlığın yaranmasının zəruri səbədidir. Guya on iki imam dünya yaranmazdan əvvəl cövhər halında mövcud imiş, Allah dünyanı imamların cövhəri vasitəsilə yaradıb və dünya onların hökmü ilə hərəkət etməlidir”.3 Onlar Peyğəmbər, onun qızı Fatimə və 12 imamın hər birini Allah qədər qüdrətli hesab etmişlər. Bu məsələyə münasibət bildirən professor Kamran Məmmədov çox düzgün olaraq qeyd edir ki, “imamların bu qədər şişirdilməsi, Allaha və onun dini kitabı olan Qurana bütün varlığı ilə inanan şairi (Q.Zakiri – R.K.) qəzəbləndirirdi”.4
Zakiri qəzəbləndirən digər bir məsələ də, Quranın nazil olması ilə əlaqədar şeyxilərin irəli sürdüyü versiyadır. İslam dininə görə, Quran Allah tərəfindən Cəbrayılın vasitəsilə peyğəmbərə nazil olmuşdur. Şeyxilərin fikrincə isə Quranın müəllifi peyğəmbərdir və Cəbrayıl da Quranı peyğəmbərin bətnində zühura gətirmişdir. Bunu özlüyündə analiz edən şair “bu qənaətə gəlir ki, əgər doğrudan da məsələ belə isə, onda bütün şairlər də peyğəmbərdir. Çünki onlar da “mürsəl”dir. “Mürsəl” isə ancaq kitab sahibi olan peyğəmbərlərdir. Məhəmməd, İsa, Musa, İbrahim, Davud kimi”.1
Həm dəxi bir də deyirlər ki, Rəsulun Cibril,
Batinindən gətirir zahirinə Quranı.
Belə gər olsa, cəmi-şüəra mürsəldir
Ki, yazıb hər biri bir cild, iki cild inşanı.
Onların da yenə vardır neçə ülül-əzəmi –
Ənvəri, Sədivü Cami, dəxi həm Xaqanı.2
Şair bu sırada özünün də yalançı peyğəmbər olduğunu deməklə onları ələ salır, dediklərinin oyunbazlıqdan başqa bir şey olmadığını söyləyir:
Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın,
Ümmətim Taynaqü Gülqışlaqu* Xızrıstanı.
Bununla yanaşı şairi qəzəbləndirən əsas məsələlərdən biri də bu kimi oyuncaq təriqət başçılarının digər dinlərin təsiri ilə insanlar arasında Allaha şərik axtarmaları və onu adiləşdirmələridir:
Etməyib şərmü həya göz görə Əbdüllahə
Elər isbat sərasər sifəti-sübhanı.
Bişü kəm xaliqü məxluqdə bir fərq gərək
Eləsən nik nəzər – bunda təfavüt hanı?
Bir quru ismdən özgə dəxi həqqə nə qalır,
Lənət olsun sana, ey münkiri-həqq ruhanı!
Nə rəvadır ki, dəxi bir də edək həqqə şərik
Biz imamı, necə kim, ermənilər İsanı.
İki tanrı yenə mümkündü süluk eyləyələr,
Gərək on dörd yerə bunlar bölələr dünyanı.3
Daha sonra şair yenə də üzünü şeyxilər və üsulilərə tutub deyir ki, bütün canlılara ruzi verən, onların dadına çatan, hər “sifəti-imkanı olan” sonsuz qüdrət sahibi yalnız Allahdır. Allahın malik olduğu xüsusiyyətləri insanlara şamil etmək isə sadəcə ağılsızlıqdır:
Yoxdu bir ruzirəsan bari-xudadan qeyri,
Odu murü mələxə rizq verən asanı.
Mahiyi-bəhrə qılır qətreyi-barani ğiza,
Seyd edir bipərü balə məgəsi-pərranı.
Müşrikü mürtədü mərdudü nəsaravü yəhud,
Vəqfdir cümləyə xani-kərəmü ehsanı.
Doğrudur, raziqü mühyiyyü mümitdən qeyri
Hər sifət kim, deyələr var sifəti-imkanı.1
Dinə təfriqə salan bu kimi şarlatanları şair “asiyi-dərgahi-ilah” hesab edərək onların nəzərinə çatdırır ki, əməlinizin nəticəsi olaraq mütləq cəhənnəmə gedəcəksiniz. Çünki sizin etdikləriniz Böyük Yaradana asi düşməkdən başqa bir şey deyildir:
Bir deyən yoxdu ki, ey asiyi-dərgahi-ilah,
Bir xəyal eylə ki, kimdir dediyin böhtanı!
Gedəcək düzəxə, bişübhə, o mövla həqqi,
Xaliqi-mövtü həyat kim bilə ol mövlanı.2
Zakirin yalançı, fırıldaqçı din xadimlərini kəskin şəkildə tənqid etməsi, onlara qarşı barışmaz mövqedə dayanmasının əsas səbəbini onun sadiq Allah bəndəsi, islam dininə qəlbən bağlı olması ilə əlaqələndirmək daha doğru olardı. Şair öz yerində olmayan bu kimi din xadimlərini tənqid etməklə onları islah etməyə, cəmiyyətə vicdanla, namusla xidmət etməyə yönəltməyə çalışmaqla yanaşı, həm də ümumilikdə müasirlərini, xüsusilə də gənc nəsli hadisələrə açıq gözlə baxmağa, hər yetənə aldanmamağa səsləmişdi. Təbii ki, Zakirin tənqidi şeirini oxuyan hər bir kəs əsl həqiqətin nə olduğunu başa düşüb hadisələrə, baş verən olaylara yeni düşüncə tərzi ilə yanaşaraq ondan lazımi nəticə çıxarır və bir daha bu kimi yalançı din xadimlərinin cəfəng sözlərinə inanmırdı. Zakir şeirinin qüdrəti də bunda idi. O, oxucularını düşünməyə vadar etdiyi kimi, onları inmandırmağı da bacarırd. Zakir mənsub olduğu islam dini qarşısında öz borcunu Kərbəla müsibəti ilə bağlı bir neçə mərsiyə, sinəzən, növhə və dini mövzulu qəsidə yazmaqla yerinə yetirmişdir. Müqtədir tədqiqatçı Firidun bəy Köçərli Zakirin dini mövzulu şeirlərinə münasibət bildirərək yazır: “Matəmi-seyyidüş-şühəda və əhvalati-cansuzi-Kərbəla Zakirə, müttəqi və övladi-rəsul olduğu üçün, ziyadə təsir edərmiş. Bu cəhətə ol mərhum bir neçə növhələr bu qissəyə dair inşad qılıblar”.3
Məlumdur ki, şiə təriqətinə mənsub olan digər şairlər kimi, o da birinci növbədə dini mövzuda yazdığı şeirlərində Həzrəti Əli (ə), Əhli-Beytin və xüsusilə də Kərbəla müsibətinin baş qəhrəmanı olan imam Hüseynin başına gətirilən müsibəti yanıqlı lirik bir dillə təsvir etmişdir. Bununla yanaşı o islamda güclü təriqətlərdən biri olan sünnülüyə və eləcə də bu təriqətə mənsub olanlar haqqında mənfi heç bir fikir söyləməmiş, təfriqəçilikdən uzaq olaraq, barışdırıcı mövqedə dayanmış, ümumilikdə islam dinini təbliğ etməyə çalışmışdır.
Kərbəla hadisəsi ilə bağlı ayrı-ayrı məqamları böyük ustalıqla təsvir edən şair bu səhnələri yaratmaqla oxucusunun emosional hisslərini ehtiraza gətirir, onda din yolunda şəhid olan insanlara qarşı rəğbət yaratmaqla yanaşı düşmənlərinə qarşı dərin nifrət hissi oyatmağa da nail olurdu. Zakirin yaratdığı belə səhnələrdən birinə nəzər salaq:
Ey dil, qəmin ol, genə mahi-əza gəlir,
Ey didə, tök sirişk, zəmani-büka gəlir.
Etmə diriq əşkin kim bir zaman onun
Hər qətrəsinə bir dürri-yekta bəha gəlir.
Dəşti-bəla müsibətinin yox nəhayəti,
Hər zülmdən betər bəna bu macəra gəlir.
Yetdi pəyami-müjdə Yəzidi-pəlidə kim,
Dilşad ol, gələn üsərayi-bəla gəlir.
Yüz qoydu əhli-Şam tamaşayə xasü am,
Kim təşnəqani-vadiyeyi-Kərbəla gəlir.
Şurü şürurü qəlqələvü hay-huy ilə,
Nagah gördülər sipəhi-pürcəfa gəlir.
Almış çəhar canibin ol qövmi-bədxisal,
Sərü pa bərəhnə övrəti-Ali-Əba gəlir.
Zərdü zəif həmçü hilal bir cəvan o dəm,
Zəncirə bağlı dərdü qəmə mübtəla gəlir.
Bir tifli-gülüzar cərəsvar dad edib
“Pəs qandadır babam?” – deyib, ondan səda gəlir.
Ol xeyli-Zülfüqar arasında bir ərus
Yaxmış əlinə xuni-cigərdən həna gəlir.1
Qəsidənin bu hissəsinə qədər şair şəhid olanların ailə və uşaqlarının faciəli şəkildə Şam şəhərinə gətirilməsini təsvir etmiş, onların düşdükləri ağır vəziyyəti, çəkdikləri əzab və əziyyəti emosional bir təsvirlə qələmə alaraq oxucuda Kərbəla şəhidlərinin qatillərinə qarşı qəzəb və nifrət hissi doğura bilmişdir. Şair bu səhnəni son dərəcə təbii, real təsvir etdiyi üçün oxucu istər-istəməz şeiri oxuyan kimi onun təsirinə düşüb böyük maraqla hadisələrin sonrakı gedişini izləməyə can atır və özünü baş verən olayların cərəyanında hiss edir. Çox güman ki, Firidun bəy Köçərli şairin yaradıcılığı haqqında fikir söyləyərkən məhz onun malik olduğu bu qeyri-adi keyfiyyətləri nəzərə almışdır: “Bu vaxta kimi nə qədər ki, dəşti-Ninəvada vüqua gələn faciə barəsində və xüsusən əhli-beyti-seyyidüş-şühəda haqqında növhələr deyilibsə, heç bir şairə bu zəriflikdə, bu dərəcədə nazik istiarə və şirin ibarələr ilə növhə demək müyəssər olmayıbdır”.1
Zakir mərsiyənin ikinci hissəsində əsərə yeni bir obraz – Yəzidin xanımı obrazını daxil etməklə qəsidənin emosional gücünü daha da artırır və bununla demək istəyir ki, hətta düşmən tərəfində olan açıq düşüncəli insanlar, o cümlədən, Yəzidlə baş yastığa qoyan xanımı da bu faciəni qəbul edə bilmir, onun haqsız olduğunu anlayır və nifrətlə qarşılayır:
Zövci-Yəzid gördü Səkinə əlin tutub
Zarü həzin Zeynəbi-bəxtiqara gəlir.
İczü niyaz ilə çağırıb Fizzədən sorub
Dedi: - bu çox mənim gözümə aşina gəlir.
Kimdir? – Bəna dürüstünü izhar qıl, görüm,
Bunlar neçin əsir olub bu yana gəlir?
Fəryadilən dedi ki, Hüseynin əhli-beytidir,
Təzim eylə, sanma ki, xeyli-gəda gəlir.
Diltəng olub o dəmdə soruşdu şitab ilə:
-
Nolmuş Hüseyn özü ki, bullar bu yana gəlir?
Verdi xəbər ki, ol şəhi-gülgünkəfən sərin
Sümri-ləin eylədi təndən cüda, gəlir.
Qətl etdilər təmamən əsbabi-alətin
Təqsimü qarət eylədu qövmi-dəğa gəlir.
Əbbasü Əkbərin, dəxi nakam Qasimin
Başları nizələrdə, budur, cabəca gəlir...
Ol ximeyi ki, məskəni-xatuni-dəhr idi,
Od vurdular, tutuşdu həmə xişnəma gəlir.
Götürüb üzim Yəzidə dedi, ey dəni, səna,
Fikr eyləmədinmi ruzi-cəzada cəza gəlir?!
Neyçün xiyal etmədin onda neylərəm
Bir dəm fəzayi-məhşərdə ki, Mustəfa gəlr?
Düldül minən, ələm götürən, əjdər öldürən,
Mərri zəbun edən şəhpəri düşəra gəlir.
Düşəndə şahi-təşnələbin qanlı köynəyi,
Vay ol zamanda hayına Xeyrannisa gəlir...
Göründüyü kimi, şair Əhli-Beytin düçar olduğu müsibəti lirik-sentimental təsvir üslubundan istifadə yolu ilə verməklə yanaşı həm də süjetli lirikanın mükəmməl nümunəsini yarada bilmişdir. Qəsidənin birinci hissəsində “mahi-əza”nın gəldiyini, “Dəşti-bəla” müsibətinin bütün müsibətlərdən faciəli olduğunu qeyd etdikdən sonra şair Kərbəla düzündə şəhid olmuşların ailə üzvlərinin, arvad-uşaqlarının ayaqyalın, başaçıq, faciəli bir görkmədə dörd tərəfdən mühasirəyə alınmış şəkildə Şam şəhərinə gətirilməsi səhnəsini təsvir edir. Bu zaman Şam əhalisi içərisində dayanıb əsirlərə tamaşa edən Yəzidin zövcəsinin gözü Səkinənin əlindən tutub gələn Zeynəbə sataşır və Fizzədən xəbər alır ki, bu gəlin kimdir? O çox tanış gəlir. Fizzə cavabında bldirir ki, “Hüseynin əhli-beyti”dir. Hadisədən bixəbər olan qadın Hüseynin başına nə gəldiyini və bunların niyə buraya gətirildiyini öyrəndikdən sonra əri Yəzidin hərəkətlərini töhmətləyir və cəza günü peyğəmbərə, onun varisi Əliyə Allah qarşısında nə cavab verəcəyini ondan soruşur...
Aydın, səlis bir dillə təsvir olunan bu hadisə Firidun bəy Köçərlinin Zakirin dili haqqında dediyi kimi “nəzmlənmiş nəsrdir”. Zakirin şeir dilinin sadəliyi, xalq danışıq dilinə yaxın olması onun ən uğurlu cəhətlərindən biridir.
Təbbi ki, Kərbəla hadisəsi ilə əlaqədar yazılan hər bir əsərin başlıca ideyası baş vermiş faciəni insan psixologiyasına təsir edərək, onu ehtizaza gətirmək, tökülən nahaq qanlara qarşı onlarda haqq-ədalət uğrunda mübarizə ruhu aşılamaqdan ibarətdir. Ona görə də şairlər şeirin emosional təsir gücünü artırmaq üçün əksər hallarda qadın və uşaq obrazlarına müraciət edirdilər. Əlbəttə Zakir də digər sənətkarlar kimi qadınlardan söhbət açanda ilk növbədə Zeynəb, Səkinə obrazlarına, uşaqlardan bəhs edəndə isə hələ qundaqda olan altı aylıq körpə Əliəsgər obrazına müraciət etmişdir. Bu surətlər fonunda yaratdığı epizodlarla o qəlb parçalayan, insanlarda qəzəb hisinin tüğyan etməsinə səbəb olan səhnələr yaratmağa nail olmuşdur:
Baş açıq, yalın ayaq səhrada Heydər qızları,
Naləvü fəryad edər Ali-peyəmbər qızları.
Dəşti-qəm içrə qalıb biyarü yavər qızları,
Nə rəvadır eyliyə xatuni-məhşər qızları.
İbni-Sə`di-nabinaya iltica, ya Mustafa!
Şami-şuma çün rəvan oldu əsirani-hərəm,
Ba sipah-sərdə küdurət, ba dili-ənduhü qəm,
Naqələr üzrə fəqan eylər Səkinə dəmbədəm,
Bu nə insaf, mürivətdir, bu nə zülmü sitəm?
Keçdi həddən üsrəti-Ali-Əba, ya Mustafa!...
Tiri-təqdiri-qəza ta dəydi hülqi-Əsğərə,
Eylədi ondan güzər bazuyi-ibni-Heydərə,
Əhli-beytin naləsi sər çəkdi çərxi-əhzərə,
Əlaman qəhhar qəhrindən o gün ki, məhşərə,
Yüz qoyar yetmiş iki gülgünqəba, ya Mustafa!.1
Kərbəla hadisəsini bütün detalları ilə bilən XIX əsr insanı bu müsibətin iştirakçılarından hər hansı birinin adı çəkiləndə konkret olaraq onun başına gətirilən faciəni yada salır və şeirin emosional təsir gücü altında həmin hissləri yaşayırdı. Həməsrlərinin psixoloji durumuna yaxından bələd olan Zakir mərsiyə, növhə və sinəzən yazarkən birinci növbədə hansı obrazdan hansı məqamda, necə istifadə edəcəyini özlüyündə ölçüb-biçdikdən sonra qələmə almışdır. Şair seçdiyi obraz ətrafında müəyyən təsirli səhnələr yaratmaqla fikrini canlı, obrazlı şəkildə oxucuya çatdırmağı bacaran sənətkar olduğu üçün onun bu mövzuda yazdığı əsərlər dillər əzbəri olmuş və müəllifinə böyük uğur gətirmişdir. Təsadüfi deyildir ki, sovet rejimi sisteminin ölkəmizdə hökm sürdüyü bir zamanda ciddi qadağalara baxmayaraq aşura günlərində əksər bölgələrdə, xüsusilə Bakı ətrafı kəndlərdə mərsiyə, sinəzən və növhələri ən çox oxunan şairlərdən biri də Qasım bəy Zakir olmuşdur. Onun yazdığı dini şeirlərin uğur qazanmasının başlıca səbəbi isə öndə qeyd etdiyimiz kimi, mövzunu düzgün seçməklə lazımi detalları hadisəyə uyğun şəkildə yerində, məqamında verməsindən ibarət idi. Onun Həzrəti-Zeynəbə, Həzrəti-Səkinəyə, Cənabi-Əliyə, Cənabi-Hüseynə ithaf etdiyi şeirlərin hər birində biz bu deyilənlərin canlı şahidi oluruq. Bu sırada şairin Cənabi-Zeynəbə həsr etdiyi “Zeynəb” rədifli növhəyə nəzər salaq:
Bu nə mahdır ki, həddən keçib iztirab, Zeynəb?
Fələk üzrə mahü mehri eylədi kəbab, Zeynəb.
Yox ümidi-sübh hərgiz üsərayi-qeydi-Şamə,
Nə yaman giran nəhsə düşüb afitab, Zeynəb?
Dedim əndəlibi-zarə ki, nə ahü zardır bu?
Dedi: - Bu fəqanə bais ələmi-cənab Zeynəb.
Dəxi lalədən sordum: - Niyə dağdar olubsan?
Dedi: - Yandırıbdı bağrım o evi xərab Zeynəb.
Gülü, sünbülü bu gün çəməndə əşkbar gördüm,
Oları edib pərişan yəqin inqilab, Zeynəb.
Bu bəlalı çöldə qönçə necə bürqədar olsun
Kim, əsir Şami-şumə gedə biniqab Zeynəb.
Yetişdi bir məqamə işi sərbürəhnə Şamə
Gedər, üz tutub məgəsdən edən ictinab Zeynəb.
Xəbər aldım Əhli-Beytin ədədi-qəmin fələkdən,
Dedi kim, şümarə gəlməz qəmi-bihesab, Zeynəb.
Özün etsə qərqeyi-xun, nə əcəb, o qətlgahda,
Bədəni-Hüseyni göz-göz görə çün hübab Zeynəb.
Degil özgə ğazə hacət onun əllərin həmin dəm
Dəmi-Qasım ilə eylər necə gör xizab Zeynəb.
Götür zivəri aradən ki, fəqani-şanə qoymaz
Səri-zülfi-novərusə verə piçü tab Zeynəb.
Nə həyadı səndə, ey göy, nə vəfadı səndə, ey yer?
Neçə gündü Kərbəlada nə xurü nə xab Zeynəb.
Nə rəvadı kuçə-kuçə gəzə rugüşadə, ey çərx,
O öz əksi-qamətindən edən hicab Zeynəb.
Cəmi-şiənin günahın sən özün bağışla, ya Rəb,
Bedili-qəmini-Gülsüm, berüxi-pürab Zeynəb.
Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən
Behəqqi-fəqani-Zəhra, behəqqi-əzabi-Zeynəb.1
Növhəni tam şəkildə verməkdən məqsəd dediklərimizi əyani şəkildə sübut etməkdən ibarətdir. Burada biz vəfalı bir qadın – ana, bacı obrazını görürük. Əzizlərini itirmiş, əsir götürülərək Şama aparılan bu qadının daxili iztirablarını, onun keçirdiyi həyəcan və təlaşları qabarıq şəkildə vermək üçün şair öz gözəlliyi, zərifliyi və incəliyi ilə insanların qəlbində kövrək hisslər yaratmağa qadir olan gülə, çiçəyə, qönçəyə, sünbülə, laləyə, bülbülə və s. müraciət edərək şeirinin emosional gücünü daha da artır və bununla da qəm-kədər içərisində olan insanları öz sehrinə sala bilir. Bu növhə ilə əlaqədar Firidun bəy Köçərlinin: “Əndəlibi-zarın ahü naləsini, lalənin dağdar olmasını, gülün və sünbülün çəməndə pərişan və əşkbar olmasını, qönçənin boynubükülü və ağzıyumulu qalmasını şair bir-bir sual edib, illət və baisini xəbər aldıqda hər birisi zəbani-hal ilə cavab verirlər ki, onları bu fəqana gətirən, belə dağdar qılan, pərişan hala salan Şami-şuma əsirvar, biniqab gedən cənab Zeynəbin qəmü ələmi olmuşdur”2 - qənaətinə gəlməsini də məhz bu hisslərin nəticəsi hesab etmək olar.
Göründüyü kimi, şair bu əsərində təbiəti şəxsləndirərək onun valehedici fonunda Zeynəb obrazı ilə yanaşı, sanki onun harayına səs verən, onunla bu kədəri birgə yaşayan gül, çiçək, bülbül obrazlarını yaratmışdır ki, bu lirik səciyyələndirmə də öz növbəsində əsərin ümumi səviyyəsinə yeni ruh vermişdir. Şairin dini şeirləri üçün xarakterik olan belə lirik – sentimental üsluba digər şeirlərində də rast gəlirik. Onun Kərbəla hadisəsinin baş qəhrəmanı Cənabi-Hüseyn haqqında yazdığı farsca növhəsndə bu keyfiyyətləri görürürk.
Zakir poeziyasına, indiki halda dini mövzuda yazdığı şeirlərinə rövnəq verən başlıca cəhətlərdən biri də onun hadisələri ən mahir rəssam kimi təsvir etmək məharətindədir. Şairin “Bu gün” rədifli növhəsini oxuduqda Kərbəla çölündə baş verən əsrin ən qanlı faciəsi oxucunun gözləri qarşısında bütün reallığı ilə canlanır:
Şiələr təziyə saxlar bu gün,
Çün urub başına, ağlar bu gün.
Ağlayın, göylərə qarə çəkib
Həqdir indi əzadar bu gün.
Dağılıb çöllərə əhli-hərəmi,
Dadə yetsin şəhi-əbrar bu gün.
Yıxılıb nəşi quran üstünə
O iki qolsuz Ələmdar bu gün.
Qasimin gül bədənin meydanda,
Saldılar ləşgəri-küffar bu gün.
Əkbərin peykərini səd parə
Eylədi Nofəli-qəddar bu gün.
Başını təştə o şahi-rənun,
Kəsdi ol Şümri-sitəmkar bu gün.
Əsğəri-təşnələbin qundağın
Hərmələ tir ilə oxlar bu gün.
Od urub ximələtə yandırdı,
Zülmilə ləşgəri-əşrar bu gün.
Dağılıb çöllərə ac ilə susuz
Anabir xırda uşaqlar bu gün.
Ximədə şiddət edibdi mərəzi,
Qəşş edib Abidi-bimar bu gün.
Zeynəbin qollarını bağladılar,
Hanı bəs Heydəri-Kərrar bu gün?!
Şiələr ! Vay bizim halımıza,
Çün ölübdü Ələmdar bu gün.
Bağlanıb qol-qola övladi-Əli,
Yoxdu onlara havadar bu gün.
Ya Hüseyn! Əqd eylə, sən, qoy,
Olmasın oları xar bu gün.1
Şair növhənin hər beytində oxucunun gözləri qarşısında baş vermiş faciənin onu ehtizaza gətirəcək yeni-yeni səhnələrini canlandırır və şübhəsiz onu hadisələrin bilavasitə iştirakçısına, tamaşaçısına çevirməyə nail olur.
İlk beytdə şiələrin belə ağır gündə başlarına vurub ağlayaraq təziyə saxladıqlarını təsvir edən şair sonrakı beytlərdə Həqqin özünün də bu gün əzadar olmasını, “Əhli-hərəmin” çöllərə dağılmasını, qollarının ikisi də kəsilmiş Ələmdarın cəsədinin quranın üstünə yıxılmasını, kafirlər tərəfindən Qasimin gül bədəninin forpağa salınmasını, qəddar Nofəl tərəfindən Əkbərin başının para-para edilməsini, Hüseynin başının Şümr tərəfindən kəsilməsini, qundaqda olan Əsğərin Hərmələ tərəfindən oxlanmasını, düşmənlər tərəfindən ximələrə od vurulub yandırılmasını, körpə uşaqların ac-susuz çöllərə dağılmasını, xəstə Abidin alaçıqda xəstəliyinin şiddətlənməsi və onun qəşş etməsini, Zeynəbin qollarının bağlanaraq əsir götürülməsini, bayraqdarın öldürülməsini, Əli övladlarının qol-qola bağlanaraq əsir aparılmasını və onların bu gün havadarı olmamasını qəlbləri riqqətə gətirən, ürək parçalayan kədərli, yanıqlı bir dillə təsvir etmişdir. Əlbəttə, Zakirin əsas məqsədi təkcə hadisələri belə təsirli, yanıqlı bir dillə təsvir etməkdən ibarət deyil, onun əsl qayəsi insanlarda, ata-anaya, bacı-qardaşa, sevdiyi insana, haqqa, ədalətə məhəbbət hissi aşılamaqdan, onları vətən, xalq yolunda ölümə belə hazır olmaq kimi müqəddəs bir amala yönəltməkdən ibarətdir. Bu məqamda mövzu ilə bağlı istedadlı alim, professor Əsgər Qədimovun dediklərini qeyd etmək yerinə düşərdi: “Dini lirika vasitəsilə şairlər oxucuların hisslərini saflaşdırmağa, qəlblərində nəcib insani duyğular oyatmağa, onları haqqın, ədalətin müdafiəsinə yönəltməyə çalışırdılar. Odur ki, dini poeziyanın ideyalar aləmi tam şəkildə ictimai və bəşəri məzmun daşıyırdı. Çünki dini poeziyada faciəvi hadisələrin lirik-sentimental təsviri insanları bunlardan ibrət götürüb nəticə çıxarmağa və bəşəri-humanist dəyərlərə yiyələnməyə səsləyirdi”.1
Uzun tarixlər boyu zaman-zaman insanların qan yaddaşına hopmuş dini poeziya həssaslıqla yanaşılan ən müqəddəs hisslərlə bağlı olduğu üçün şairlər ona xüsusi önəm vermiş, vətənin ən ağır günlərində vətən övladlarını ayağa qaldırmaq üçün bu müqəddəs cihad silahından məharətlə istifadə etmişlər. Ona görə də bu poeziya islam dini yarandığı gündən etibarən bütün dövrlərdə gündəmdə olmuşdur. Başda cənab Hüseyn olmaqla Kərbəla şəhidlərinin dözüm və mətanəti, qürur və əzəməti, Zeynəb kimi qadınların şərəf və ləyaqəti dahi Nizamidən başlayaraq ondan sonra gələn bütün yazarlar üçün qida mənbəi olmuşdur. Onlar öz müsbət obrazlarını yaradarkən Kərbəla şəhidlərinə rəmz kimi yanaşmış və onların malik olduqları ali, müqəddəs insani keyfiyyətləri qəhrəmanlarının timsalında yaratmağa çalışmışdır. Əbədiyaşar dini poeziya və onun təbliğ etdiyi müsbət ideyalar indi də gündəmdədir. Ərazisinin iyirmi faizi işğal olunmuş xalq üçün bu poeziyanın geniş şəkildə öyrənilməsi, tədqiq və təbliği vacib və zəruridir.
Dostları ilə paylaş: |