6.Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadi effektivlik müstəvisində
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında daşınmalarda yekun bənd kimi çıxış edir. Bu layıhənin tarixi İpək yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Qəbələ şəhərində Heydər Əliyev Konqres Mərkəzində Nəqliyyat infrastrukturunun təkmilləşməsi ilə bağlı 2013-cü ildə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Türkiyə Prezidenti Abdullah Gül çıxışında demişdir: “Türkiyə Şərq və Qərb arasındakı mövcud xətlərə alternativ və təhlükəsiz dəmir yolları marşrutları məsələsi üzərində çalışmaqdadır. Modern “İpək Yolu” və ya “Orta dəhliz” adlandırılan bu layihənin ən mühüm hissəsi Azərbaycan ilə birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir... Tarixə nəzər saldıqda türk dövlətlərinin güclü və təsirli olduğu dövrlərdə “İpək yolu”nun dünya ticarətinin ana xətti olduğu müşahidə olunur. Türk dünyası qlobal iqtisadiyyatdan və dünya ticarət yollarından kənarda qaldıqda isə siyasi və mədəniyyət sahəsinə təsiri azalmışdır. Bunları tarixi oxuyanlar bilirlər. Bu mənada “İpək yolu” türk dünyasının iqtisadi rifahının və siyasi təsirinin açarıdır. Ona görə “İpək yolu”nu yenidən bərpa etmək strateji bir prioritet olmalıdır”. Həmin toplntıda çıxış edən Qırğızıstan prezidenti Almazbek Atambayev isə bu barədə “...Türkiyədən başlanan bu yol Azərbaycan, Qazaxıstan, Qırğızıstan ərazisindən keçərək Çinin Kaşqar əyalətinə qədər davam edər. Əgər biz bu yolları çəksək, xalqlarımız bir-birinə daha yaxın olacaq və gələcəyimiz ortaq olacaqdır”.
Göründüyü kimi, Bakı-Tbilisi Qars dəmir yolu xətti layihəsi region dövlətləri üçün böyük əhəmiyyət daşıyır. Əlverişli multimodal infrastruktura malik TRACECA məkanı çərçivəsində üzv ölkələrin artıq baş vermiş təcrübəyə əsasən bu istiqamətdə mənfəətlərinin artırılması ilə bağlı xüsusi tariflər qəbul etməsi sahəsində asan razılaşmaları ola bilir. Buna rəğmən Qəbələ konfrasında çıxışında Qazaxıstan prezidenti Nursultan Nazarbayev söyləmişdir: “Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsini gözləyirik. Bundan əvvəl bizim nəqliyyat nazirləri və dövlət başçıları bütün zəruri məsələləri həll etməlidirlər. Müxtəlif maneələr var, onları aradan qaldırmaq lazımdır. Bu marşrut bizim üçün çox vacibdir” [8].
Asiyada yüklərin əsas yaranış ölkəsi Çinin də bu layihənin gerçəkləşməsinə marağı yüksəkdir. Bu məkanda Əfqanıstanın da imkanları unudulmamalıdır. Yaxın illərdə NATO buradan 200 minə qədər TEU-konteyner və nəqliyyat vasitələrini çıxarmağı planlaşdırır ki, bu istiqamətdə də TRACECA nəqliyyat dəhlizinın əlverişliliyi baxımından alternativi yoxdur. Eyni zamanda Amerika geoloqlarının Əfqanıstanda ehtimal olunan faydalı qazıntılar barədə fikirlərinə də diqqət yetirilməlidir. Belə ki, bir neçə il öncə onlar tərəfindən bu ölkədə nəhəng həcmdə, ümumi dəyəri bir trilyon dollara bərabər dəmir, qızıl, mis, kobalt və molibden ehtiyatları aşkarlanmışdır [13]. Bu amili belə istisna etdikdə, dəhlizin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası ilə bağlı effektivliyi yenə də qiymətli qalır. Statistika göstərir ki, hazırda dəmir yolu ilə daşınan yüklər ümumilikdə TRACECA dəhlizilə daşınan yüklərin 55%-ni təşkil edir: “Proqnozlara görə, dəmir yolu işə düşəndən sonra ilk ildə bu yol vasitəsi ilə daşınan yüklər 3 milyon ton, sonrakı 5 ildə isə 10 milyon tona çatacaqdır [16, 18].
Bu layihə Naxçıvan Muxtar Respublikasını blokadadan çıxararaq onun nəqliyyat müstəqilliyinin təmin edilməsində də vacib amillərdəndir. Belə ki, Ermənistanın Azərbaycana məlum təcavüzü nəticəsində paytaxt Bakını Naxçıvanla birləşdirən quru nəqliyyat kommunikasiyaları bağlanmışdır. Sərnişin daşınmaları əsasən hava nəqliyyatının, yük daşınmaları İran və Türkiyədən keçməklə avtomobil nəqliyyatının üzərinə düşmüş, tarixi dəmir yolu xətti isə regional və tranzit daşınmalardan kənarda qalmışdır. Muxtar resbublikanın dəmir yolu problemi Qarabağ probleminin çözülməsinin spekulyasiya predmetinə çevrilmişdir. Belə hal isə hələ də uzunmüddətli danışıqların mövzusu olacaqdır. Ona görə də, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsi ilə bağlı növbəti plan Qarsdan Naxçıvana ayrıca bir dəmir yolu qolunun çəkilməsini də aktual bir məsələyə çevirir. Bununla da, Naxçıvan Muxtar Respublikasının nəqliyyat müstəqilliyi problemi tam təmin ediləcək və oradan da İrana keçid olan dəmir yolu xətti ilə bütün Yaxın Şərq regionuna çıxış əldə olunacaqdır.
Türkiyə tərəfindən Bosfor boğazında dəmir yolu xəttinin tam istifadəyə verilməsi isə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi istiqamətində Bakı-Tbilisi-Qars layihəsini bir qədər də müstəsnalı edəcəkdir. Bununla da yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması etibarlı təmin olunaraq region ölkələrinin də Avropaya inteqrasiyasının genişlənməsinə təkan verəcəkdir. Heç şübhə yoxdur ki, Avropa və Asiyanı birləşdirməklə alternativlərinə nisbətdə ən azı 60 km qısa olacaq bu layihə digər ölkələrin də maraqlarına səbəb olacaqdır. Onun imkanlarından qonşu Rusiyanın da istifadə etməsi reallığa yaxın ehtimal ediləndir. Bu, ilk növbədə, Rusiya ilə Türkiyə arasında son zamanlar kəskin artan xarici ticarət dövriyyəsi ilə əlaqədardır. Məlumdur ki, hazırda Rusiya ilə Türkiyə arasında dəmir yolu bağlantısı yoxdur. Bu layihə isə həmin bağlantıları gerçəkləşdirə bilər.
Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycan-Türkiyə iqtisadi və humanitar əlaqələrinin inkişafına da çox dəyərli əlavə stimullar verəcəkdir. Həm də qeyd olunmalıdır ki, bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaqdır. Eyni zamanda, dəmir yolu xətti ilə yalnız yük qatarlarının deyil, sərnişin qatarlarının da hərəkəti təmin olunacaqdır. Bütün bunlar isə öz növbəsində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin və onun Azərbaycan üçün nə qədər əhəmiyyəti olduğuna bir daha əsaslar gətirir.
Dostları ilə paylaş: |