9.Layihənin iqtisadi-texniki və geosiyasi əhəmiyyəti
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantı olaraq 102,3 km-i əhatə edir. Bu xəttin 26,3 km-i Gürcüstanın, 76 km-i Türkiyə ərazisinin payına düşür. Bununla belə, layihənin reallaşması üçün Gürcüstan ərazisində Marabda-Axalkalaki stansiyaları arası 154 km yolda reabilitasiya, tikinti-rekonstruksiya işləri aparılmalıdır. Bu layıhəyə həmçinin Gürcüstanın Axalkalaki stansiyasında vağzal və təkər arabacıqlarının dəyişdirilməsi kompleksinin tikintisi də daxildir. Eyni zamanda layihə çərçivəsində 4 stansiyanın, 16 körpünün və 5 yol ötürücüsünün, Türkiyə-Gürcüstan sərhəddində 4350 m uzunluğunda tunelin tikilməsi də nəzərdə tutulub. Qeyd olunmalıdır ki, yeni dəmir yolu xəttinin Qars-Axalkalaki hissəsinin inşası və Axalkalaki-Marabda hissəsinin reabilitasiya-rekonstruksiyası Beynəlxalq Dəmir Yolu İttifaqının (UIC) standartlarına uyğun həyata keçiriləcəkdir. Layihənin maliyyə tutumu 1,1$ trilyondan artıqdır. Onun 775$ milyonu Azərbaycan tərəfinin sərmayaləri ilə Gürcüstanın, 345$ milyonu isə Türkiyənin payına düşür [12].
Bakı-Tbilisi-Qars dəmir yolu xətti marşrutunun ümumi uzunluğu 825,0 km təşkil edir. Burada 503 km Azərbaycan, 244,5 km Gürcüstanın və 77,5 km Türkiyənin payına düşür. Dəmir yolu xətti tam istismara verildikdən sonra burada maksimal sürətin 120 km/s olacağı gözlənilir. Marşrut üzrə dəmir yolunda magistral rabitə xətti optik-lifli qurulacaq, dartmanın növü (elektrovozların qəbul etdiyi gərginliyin növü) isə dəyişən elektrik cərəyanı ilə təmin olunacaqdır [9].
Aşağıda Bakı-Tbilisi-Qars dəmir yolu xətti marşrutunun xəritəsi verilmişdir:
Şəkil 2. Bakı-Tbilisi-Qars dəmir yolu xətti marşrutunun xəritəsi
Mənbə: http://www.mot.gov.az - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin saytı
Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara veriləndən sonra ilkin dövrdə bu xətt vasitəsilə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük, 2034-cü ildə isə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı ehtimal olunur. Yük daşımaları həcmi 3-cü istismar ilində 3-5 milyon ton, 5-ci istismar ilində 6-8 milyon ton, 10-cu istismar ilində isə 10 milyon ton və çox proqnozlaşdırılır.
Hesablamalara görə Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50$ milyon təşkil edəcəkdir. Bu isə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv və vaqon parkının adekvat olaraq yeniləşməsini şərtləndirir. Hesablamalara görə daşımalar ildə 5 milyon ton olduqda Bakı-Böyük Kəsik yol mənzilində tələb olunan lokomotivlərin orta sayı 70 ədəd olmalı və əlavə 50 yeni lokomotiv alınmalıdır. Həmin yol mənzilində tələb olunan yük vaqonlarının orta sayı 1500 ədəd olmalı, əlavə olaraq 28 ədəd şərnişin vaqonu alınmalıdır. Qeyd olunmalıdır ki, hazırda Bakı-Böyük Kəsik xətti ilə daşınan ümumi yüklərin orta illik həcmi 20 milyon ton, o cümlədən tranzit yüklərin orta illik həcmi 7,5 milyon tondur [9, 12].
Bağlantı vasitəsilə əsasən qara və əlvan metallar, daş kömür, pambıq, taxıl, kükürd, neft və neft məhsulları, avadanlıqlar, ərzaq məhsulları və digər yüklərin daşınması proqnoz edilir. Tariflərdə 1998-ci ildə Bakıda qəbul olunmuş Əsas Çoxtərəfli Sazişə görə 50%-ə qədər güzəştin tətbiqi nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, alternativ marşrut və dövriyyənin qısaldılması, sürət və vaxt tezliyi, etibarlılıq və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edəcəkdir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə konteyner və intermodal (bir neçə nəqliyyat növündən istifadə etmə ilə yük daşıma) daşımalarının həcmini artıracaqdır.
Aşağıdakı cədvəldə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə əsas texniki-iqtisadi parametrlər əksini tapmışdır:
Cədvəl 2
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə göstəricilər
№
|
Göstəricilər
|
Parametrlər
|
1
|
Sazişin və Kredit müqaviləsinin imzalanma tarixi (Tbilisi)
|
07.02.2007
|
2
|
BTQ-nin istismara verilmə tarixi
|
2015-ci ilin sonu
|
3
|
BTQ marşrutunun uzunluğu
|
825,0 km
|
3.1
|
Azərbaycan
|
503 km
|
3.2
|
Gürcüstan
|
244,5 km
|
3.3
|
Türkiyə
|
77,5 km
|
4
|
BTQ layihəsinin texniki parametrləri:
|
|
4.1
|
Marabda-Axalkalaki (reabilitasiya, tikinti-rekonstruksiya)
|
153,0 km
|
4.2
|
Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) ərazisində yeni yolun tikintisi
|
26,3 km
|
4.3
|
Axalkalaki stansiyasının tikintisi, vağzal, təkər arabacıqlarının dəyişdirilməsi
|
3,0 km
|
4.4
|
Layihədə maksimal sürət
|
120 km/s
|
4.5
|
Relslərarası məsafə Azərbaycan-Gürcüstan / Türkiyə
|
1520 mm/ 1435 mm
|
4.6
|
Şpalların tipi
|
ağac və dəmir-beton
|
4.7
|
Xətt sayı: Bakı-Tbilisi, Qars-Gürcüstan sərhəddi
Tbilisi-Marabda-Axalkaliki-Türkiyə sərhəddi
|
iki
bir
|
4.8
|
Yol yatağının sayı: Bakı-Tbilisi
Axalkaliki-Qars
|
iki
bir
|
4.9
|
Dartının növü (elektrovozların qəbul etdiyi gərginliyin növü):
Bakı-Tbilisi-Axalkaliki
Axalkaliki-Qars
|
sabit cərəyan
dəyişən cərəyan
|
4.10
|
Magistral rabitə xətti
|
optik-lifli
|
4.11
|
Tunelin uzunluğu - Cəmi
Gürcüstan / Türkiyə
|
4350 m
2070 m / 2080 m
|
4.12
|
Körpülərin sayı
|
16
|
4.13
|
Stansiyaların sayı: Azərbaycan / Gürcüstan (Marabda st-Türkiyə sərhəddi - 12 stansiya) / Türkiyə (Qars stansiyasınadək, Qars stansiyası daxil olmaqla)
|
45 / 18/ 4
|
5
|
Tariflər - (Əsas Çoxtərəfli Saziş - Bakı, 08.09.98)
|
50%-ə qədər güzəştin tətbiqi
|
6
|
BTQ-də şərnişin daşımaları üçün tələb olunan vaqonların sayı
|
28 ədəd
|
7
|
Daşımalar ildə 5 mln. ton olduqda Bakı-Böyük Kəsik yol mənzilində tələb olunan lokomotivlərin orta sayı (50 lokomotivin alınması nəzərdə tutulur)
|
70 ədəd
|
8
|
Daşımalar ildə 5 mln. ton olduqda Bakı-Böyük Kəsik yol mənzilində tələb olunan vaqonların orta sayı
|
1500 ədəd
|
9
|
Daşımalar ildə 5 mln. tondan çox olduqda Bakı-Böyük Kəsik yol mənzilində tələb olunan əlavə lokomotivlərin sayı
|
14 ədəd
|
10
|
Bakı-Böyük Kəsik xətti ilə daşınan ümumi yüklərin orta illik həcmi
|
20 mln. ton
|
11
|
Bakı-Böyük Kəsik xətti ilə daşınan tranzit yüklərin orta illik həcmi
|
7 mln. ton
|
12
|
Proqnoz yük daşımalar
|
10 mln. tondan çox
|
12.1
|
3-cü istismar ilində
|
3-5 mln. ton;
|
12.2
|
5-ci istismar ilində
|
6-8 mln. ton;
|
12.3
|
8-ci istismar ilində isə
|
10 mln. tondan çox
|
Mənbə: http://addy.gov.az - Azərbaycan Dəmir Yolları» QSC-nin saytı.
Xüsusi olaraq vurğulanmalıdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və eyni zamanda respublikanın dəmir yolu sisteminin təkmilləşdirilməsi çərçivəsində Azərbaycan ərazisində infrastruktur daha da möhkəmləndirilir və bütövlükdə layıhənin özünün tezliklə istismara verilməsi istiqamətində təxirəsalınmaz işlər görülür. Vurğulanmalıədır ki, ilkin mərhələdə layihə üzrə tikinti işlərinin 2010-cu ildə bitməsi nəzərdə tutulmuşdu. Lakin 2008-ci ilin yayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi. Vurğulandığı kimi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2015-ci ilin sonunda istismara verilməsi proqnozlaşdırılır.
10.Gürcüstan mənfəətləri: maliyyə, tikinti problemləri, geosiyasi və geoiqtisadi gözləntilər
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilk baxışda regional layihə təəssüratı yaratsa da, əslində əhəmiyyətliliyinin miqysına görə qlobal səciyyə daşıyan bir təzahürdür. Strasburqla uzaq Şanxayı birləşdirəcək böyük İpək yolunda qisa bir bağılantı olsa da, Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərə birləşdirərək böyük sosial-iqtisadi effektivliyə zəmin olacaqdır. Bu marşruta bir daha regional ölkələr birliyinin iqtisadi potensialları kontekstində yanaşsaq, görərik ki, mövcud arealda dünya iqtisadiyyatının yarıdan çoxu cəmləşmişdir. Əlbəttə, bu dəmir yolu xətti mövcud potensialı birdən-birə artırma zəminində yenidən dövriyyəyə gətirməyəcəkdir. Lakin layıhənin reallaşması həmin dövriyyədə yeni kommunikativ gerçəklik kimi onun yeni pilləyə qaldırılmasına əlavə stimullar verəcəkdir. Nəzərə alınsa ki, bağlantı nöqtəsi Qafqaz regionundadır, onda tam aydınlığı ilə bəlli olur ki, ilkin mənfəətləri də ilk olaraq məhz bölgə ölkələri əldə edəcəklər.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfə verəcək, nəticədə Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevirilmiş olacaqdır. Hər üç ölkə beynəlxalq yüklərin daşınmasından əlavə tranzit gəlirləri əldə edəcəkdir ki, bu da burda yaşayan xalqların sosial-iqtisadi həyatına yeni rifah gətirəcəkdir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsində mühüm bir məqam Gürcüstanla bağlıdır. Belə ki, bu xəttin Türkiyə ilə yanaşı ikincı bağlantı sahəsi Gürcüstandır. Sovetlər İttifaqının dağılmasından sonra bu ölkədə iqtisadi vəziyyət və sosial durum xeyli çətinləşmişdir. Statistik tədqiqatlar göstərir ki, SSRİ dövlətinin mövcudluğu vaxtı Gürcüstan respublikasının iqtisadiyyatının mərkəzdən asılılığı xeyli böyük olmuşdur. SSRİ-nin dağılması ilə isə bu ölkəyə İttifaqdan Abxaziya və Cənubi Osetiya respublikalarının separatçı tərzdən ondan ayrılması kimi dövlət ərazi pozuntuzu problemi miras qalmışdır. Daxili təbii resurslarının məhdudluğu, iqtisadi potensialın zəifliyi bu ölkənin maliyyə sistemində ciddi əks olunmaqdadır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası Gürcüstan üçün nə qədər vacib və əhəmiyyətli olsa da, onun layihənin reallaşdırılmasına vəsait qoymaq imkanları yoxdur. Elə buna görə də Gürcüstanın layihədəki payı Azərbaycanın bu məqsədlə ayırdığı kredit hesabına reallaşdırılır. Bu, həmçinin, bir də ondan irəli gəlmişdir ki, ABŞ Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasının maliyyələşdirilməsinə köməklik göstərməmişdir. Məsələnin ABŞ senatında müzakirəsi zamanı erməni lobbisinin səyləri ilə ABŞ hökumətinin bu layihəni maliyyələşdirməsinin qarşısı alınmış və nəticədə Dünya Bankı da öz növbəsində ABŞ Dövlət Departamentinin təsirilə layihəyə kredit ayırmaqdan imtina etmişdir. Göründüyü kimi, bütün region ölkələri üçün böyük əhəmiyyətə malik olan layihənin reallaşdırılması Azərbaycanın qarşıya qoyduğu iradə və onun dövlət başçısı - prezident İlham Əliyevin əzmkarlığı nəticəsində mümkün olmuşdur [20].
Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üçün Azərbaycan tərəfi birinci mərhələdə Gürcüstana 25 il müddətinə 1% dərəcəsi ilə 200$ milyon kredit vermişdir. Ondan sonrakı mərhələdə ikinci tranş olaraq Azərbaycan tərəfi Gürcüstana 5% dərəcəsi olmaqla yenə də 25 il müddətinə 575$ milyon əlavə kredit ayırmışdır. Hazırda bu kreditin yarıdan çoxu məsrəf edilmiş və bunun əsasında müvafiq tikinti, reabilitasiya-rekonstruksiya işləri görülmüşdür.
Aşağıdakı cədvəldə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycan tərəfindən maliyyələşdirdiyi kretit xətti üzrə göstəricilər əksini tapmışdır:
Cədvəl 3
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
Azərbaycan tərəfindən maliyyələşdirdiyi kredit xətti
№
|
Kredit xətti
|
Xərclər
($ milyon)
|
1
|
Kredit xətti - Cəmi
|
775,0
|
1.1
|
1.Tranş A (25 il, 1%-lə)
|
200,0
|
1.2
|
2.Tranş B (25 il, 5%-lə)
|
575,0
|
2
|
Layihə üzrə müqavilələrin ümumi dəyəri
|
721,2
|
Mənbə: www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.
Bütün işlər plana uyğun olaraq Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsi çərçivəsində Marabda-Türkiyə sərhədi (Kartsaxi) sahəsi üzrə işlər 3 hissədə aparlır [10, 12]:
1.Marabda-Axalkalaki ərazisində 153 km yolun tikintisi və reabilitasiya-rekonstruksiya işləri (1.Marabda-Tetritskaro sahəsi - 29,2 km; 2.Tetritskaro-Tsalka sahəsi - 49,7 km; 3.Tsalka-Axalkalaki sahəsi - 74,1 km);
2.Axalkalaki stansiyasının tikintisi;
3.Axalkalaki - Türkiyə sərhədi (Kartsaxi) ərazisində 26,3 km yolun tikintisi.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin Gürcüstan ərazisində Axalkalakidən Türkiyə sərhədinədək dəmir yolunun yenidənqurulması layihəsi işlərini Azərbaycanın “Azərinşaatservis” şirkəti həyata keşirir.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsi ilə bağlı bir sıra ekspert qiymətləndirmələrinə rast gəlinir. Bu sırada həm də təbii ki, qısqanclı, onun effektivliyinin aşağı salınmasına cəhd edilən məqamlara da rast gəlinir. Belə ki, bəzi ekspertlər tərəfindən hesab edilir ki, Azərbaycandan gələn və tranzit edilən yüklərin Qürcüstanın Qara dəniz limanlarından keçim həcmi azalacaq və onlar daha qısa olan Türkiyə marşrutu ilə daşınacaqdır. Bu isə layihənin siyasi meyilliliyini göstərən cəhət kimi dəyərləndirilir. Bundan irəli gələrək onlar həm də hesab edirlər ki, layihə uzun illər özünütəminatlı olmayacaqdır. Çünki hazırda Türkiyənin dəmir yollarının Avropa ilə sıx bağlantıları yoxdur. Digər tərəfdən, bu marşrut boyunca daşınan yüklər əsasən enerji resurslarıdır ki, onlar da dəmir yolu ilə deyil, başlıca olaraq bu məqsədlər üçün yaradılmış boru xətləri vasitəsi ilə uğurla nəql edilirlər. Burada yanaşmada Çin və Qazaxıstanın Avropaya yük daşımalarında oturuşmuş Rusiya marşrutundan istifadənin əlverişli olması da diqqətə gətirilir. Çin tərəfindən Qərbə yük daşımalarda “çətin İran marşrutu” Sərəxs (Türkmənistan)-Məşhəd-Tehran (İran) xəttindən də istifadə edilir. Bunlara baxmayaraq, həm daşınma alternativliyindən irəli gələrək və həm də Türkmənistanın Bakı istiqamətində dəmir yolları xətlərinin rekonstruksiyasındakı ləngliyini nəzərə alaraq Qazaxıstan bu sahədə daha qısa yolların çəklişini həyata keçirir, özünün Xəzər sahilindəki Aktau limanını yenidən quraraq möhkəmləndirir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinə opponent kəsilən ekspertlər həm də Gürcü-Abxaz konfliktinin həlli tapıldıqdan sonra Abxaziyadan keçən dəmir yolu xəttinin açılmasına işarə edərək yüklərin Rusiya vasitəsi ilə Qara dəniz limanlarına daşınmasının daha effektliliyi qənaətini sərgiləyirlər. Hətta belə olan təqdirdə deyilir ki, Bakı-Tbilisi-Qars xətti daha çox məhz Abxaziyadan gələn yüklərin daşınmasına xidmət edəcəkdir. Belə şəraitdə isə Azərbaycan bu marşrut üzrə transmodal daşınmalar sistemindən kənarda qalacaq, onun layihəyə yatırdığı sərmayələr reinvestisiya olmayacaq və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Soçi-Suxumi-Tbilisi-Qars marşrutu kimi fəaliyyət göstərəcəkdir [20].
Əlbəttə, bütün bunların iqtisadi əsasları ehtimal edilsə də, əksərən bu yanaşmalarda siyasi motiv özünü göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsində siyasi aspektin mövcudluğu heç də inkar olunmur. Bu da təbiidir. Belə ki, haradan olursa-olsun, ambisiyalı layıhələrdə istənilən dövlətin siyası məqsədləri də yer alır. Lakin birmənalı əsaslandırılaraq vurğulanır ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsi iqtisadi motivli və sosial təyinatlıdır. Onun rifaha çevriləcək istismarından hamı öz bəhrəsini və mənfəətlərini alacaqdır.
11.Ermənistan: “qapanmış qapalı dəmir yolu”
Müasir Ermənistanın ərazisində ilk qatar Rusiya imperiyasi zamanlarında - 1899-cü ildə Tiflis-Aleksandropol (Tiflis: Gürcüstanın paytaxtı Tbilisi şəhəri, Aleksandropol: Ermənistan Gümri şəhəri) dəmir yolu xəttinin açılışı ilə gəlmişdir. Sovetlər İttifaqı dönəmində buradakı dəmir yolları Zaqafqaziya və Azərbaycan dəmir yolları təsisatları tərəfindən idarə olunmuşdur. Yalnız İttifaq dağıldıqdan sonra Ermənistanda dəmir yolları üzrə təşkilat təsis olunmuşdur. Bir neçə il formal mövcudluqdan sonra zərərlə işləməsi ilə bu təşkilat 2008-ci ildə 30 il müddətinə (20 il istisamardan sonra tərəflərin razılığı ilə daha 10 il müddətinə uzadılmaqla) “Rusiya dəmir yolları” Qapalı Səhmdar Cəmiyyətinə konsessiyaya verilmişdir. Əslində burada heç bir gözlənilməz amil axtarmaq gərəkli deyildir. Göründüyü kimi, milli dəmir yolu hesab edilən təsisat demək olar ki, heç zaman respublikaya aid müstəqil qurumlar tərəfindən idarə edilməmiş və milli dövlətin investisiyalarını da almamışdır [13].
Tender şərtlərinə görə idarəetməni alan və bu məqsədlə təsis edilən “Rusiya dəmir yolları” QSC-nin törəmə təşkilatı “Cənubi-Qafqaz dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti 570$ milyon məbləğındə investisiya layihəsi ilə burada infrastruktur modernizasiyasını reallaşdıracaqdır. Buna görə o, həm də “Ermənistan dəmir yolları” Qapalı Səhmdar Cəmiyyətinin pensiyaçıları istisna edilməklə 4 mindən çox işçisini öz ştat cədvəlinə qəbul edərək onların əmək haqqını 20% artırmışdır. Hazırda Ermənistandakı dəmir yolu xətlərinin uzunluğu 1328,6 km-dir ki, bunun da 780 km-i (yolun yalnız 2,6%-i iki xəttlidir) əsas yollardır. Lakin digər mənbələrdə bu 869 km təsbit edilir. [14] Bu yollarda orta hesabla 100-ə qədər elektrik və istilik lokomotivləri, 2 min ədəd yük vaqonu və 150 sayda sərnişin vaqonunun mövcudluğu qeyd edilir. “Cənubi-Qafqaz dəmir yolları” QSC-nin istismar etdiyi xətlərin uzunluğı isə 726 km-ə bərabərdir ki, burada da 75 stansiya xidmətdədir. İllik daşınma qabiliyyəti yük üzrə 50 milyon ton, sərnişin üzrə isə 5,5 milyon təşkil edir [13, 14].
Ermənistanın xaricə çıxışı olan başlıca dəmir yolu xətləri Azərbaycanla bağlıdır ki, bunlar da Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qapanmışdır. Erməni mənbələrində bu xətlərin bərpa perspektivinin olmadığı göstərilir. Azərbaycanda isə bu fikir bölüşülmür. Ermənistanın dəmir yolu xətlərinin Türkiyədə çıxışı da bu təcavüzün nəticəsi olaraq 1993-cü ildən bağlıdır. Erməni mənbələrində Azərbaycan istiqamətindən fərqli olaraq bu xəttin açılma perspektivliyi güman edilir. Bununla belə, Ermənistanın dəmir yolu ilə xaricə çıxışı yalnız Şimalda Gürcüstan vasitəsi ilə qalmışdır ki, bu xətlə də gediş-gəlıs intensivliyi olduqca zəifdir. Bu əlaqələrdə sərnişin daşımalarda Batumi ilə mövsümi, Tbilisi ilə isə gündəlik olmayan daşınmalar mövcuddur.
Aşağıdakı şəkildə Ermənistan dəmir yolları şəbəkəsini əks etdirən xəritə verilmişdir:
Şəkil 3: Ermənistan dəmir yolları xətti
Mənbə: http://www.ukzhd.am/ru.html - “Cənubi-Qafqaz dəmir yolları” QSC-nin saytı.
Ermənistan xaricə çıxış alternativliyini qazanmaq üçün əsasən iki istiqamətdə səy göstərir. İlk sırada 2007-ci ildə bəyənilmiş İran İslam Respublikası ilə Ermənistan-İran dəmir yolunun tikintisi layihəsidir. Orta hesabla 500 km uzunluğunda dəmir yolu xəttinin (420 km Ermənistan, 80 km İran) çəkiliş layihəsinin investisiya təminatı 2,0$ milyard həcmində hesablanır. Şəkil 2-dən göründüyü kimi, Ermənistan üçün İranla dəmir yolunun ən qisa və bənzəri olmayan əlaqəsi mövcud Naxçıvan istiqamətli xətlə mümkündür. Lakin təcəvüzkar siyasət bu ölkəni özünü qapanmaya sövq edir. Digər tərəfdən, bu layihənin reallaşmasi maliyyəsi Ermənistanın hazırkı dövlət büdcəsi bərabərindədir ki, bu da onun daxili potensialı xaricindədir. Eyni zamanda pulların tapıldığı halda belə bu dəmir yolu xəttini ən yaxşı halda 5-7 ilə inşa etmək mümkün ola bilir. Burada iqtisadi amil də yaddan çıxarılmamalıdır. Belə ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi orta hesabla 300-350$ milyon təşkil edir və İran beynəlxalq birliyin embarqoları ilə üzləşdiyi ön sırada dayanan ölkədir [14]. Bu baxımdan onun ixrac əlaqələri dəstək almır. Ticarət dövriyyəsinin strukturuna baxdıqda və həmçinin bu sırada Ermənistanın istehsal və ixrac potensialı dövriyyəyə gətirildikdə isə səhnədən iqtisadi amilin çıxıldlığı aydınlığı ilə görünür.
Ermənistan dəmir yolu ilə Türkiyə səmtində xaricə çıxışında mövcud olmuş Qars-Gümri dəmir yolu xətti dayanır. Bu dəmir yolu Rusiya-Türkiyə müharibəsində (1878-1917-ci illər) cəbhəni hərbi məhsulla təmin etmək məqsədi ilə ruslar tərəfindən tikilmişdir. Qars muqaviləsinə (1922-ci il) görə dəmir yolunun əksər hissəsi Türkiyədə qalmışdır. Sonradan Türkiyə tərəfi dəmir yolunu rekonstruksiya edərək onun ölçülərini (dəmir yolu izi) 1520 mm-dən 1435 mm-ə dəyişmişdir.
Qars-Gümri dəmir yolu xəttinin uzunluğu 80 km-dir (Qarsdan sərhəddə 66 km, Gümridən sərhəddə 14 km). Dövlət sərhədi baxımından Gürcüstan sərhədindən Qarsa olan 76 km-dən 10 km azdır (sərhəd dəmir yolu məntəqələri: Türkiyə - Akyaka, Ermənistan - Ahuryan). Qeyd olunmalıdır ki, Türkiyə-Ermənistan sərhədinin ümumi uzunluğu 325 km-dir və iki ölkə arasındakı dəmir yolu keçidini Araz çayı üzərində uzunluğu 18 metr olan körpü ayırır. “Akyaka Dəmir yolu sərhəd qapısı” öncə “Kızılçakçak qapısı” adlandırılmış və daha çox “Şərq Qapısı” adı ilə tanınmaqdadır. Ermənistan tərəfi isə onu “Ahuryan qapısı” adlandırır [16, 19].
Qars-Gümri dəmir yolu xətti uzun illər bağlı olmuş və yalnız 11 oktyabr 1961-cı ildən SSRİ ilə Türkiyə arasında sazişə görə yenidən istifadəyə açılmışdır. Sovetlər İttifaqı dağıldıqdan sonra Qara dənizə çıxışı olmayan Ermənistan 1992-ci il iyunun 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına müşahidəçi üzv kimi dəvət edilmiş və həmin il Türkiyə ilə Ermənistan arasındakı Qars-Gümri dəmir yolu xətti yenidən açılmışdır. Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə 5 aprel 1993-cü il tarixində Ermənistana keçən bütün humanitar yardımların dayandırıldığını, icazəsiz keçmək istəyən təyyarələri vuracaqlarını açıqlamış və bunun ardınca Ermənistanla arasındakı dəmir yolunu da bağlatmışdır. Ərazidən axırıncı yük qatarı 6 iyul 1993-cü ildə keçmişdir [13, 19, 20].
2009-cu ildə dəmir yolu xəttinin açılışına cəhd edilmişdir. Bununla əlaqədar Ermənistan öz tərəfindən xətti müəyyən qədər yeniləşdirmiş və hətta Polşadan Türkiyə dəmir yolu xətlərinə uyğun olan qatar sifarişi etmişdir. Türkiyə tərəfi də öz ərazisındə müəyyən bərpa işləri aparmışdır.
2023-cü ilədək dünyanın 10 iqtisadi potensiallı bir ölkəsinə çevrilməyi hədəf tutan Türkiyə iqtisadiyyatının kiçik Ermənistan iqtisadiyyatı ilə müqayisə olunası paralellik parametrləri yoxdur. Lakin haçanşa bu köhnə dəmir yolu xəttinin tam miqyasli və yeni ampluada işə düşməsi Ermənistanın həm Şimaldan və həm də Cənubdan asılılığını aradan qaldıra bilər və onun iqtisadi dirçəlişinə daha fərqli təkan vermiş olar.
Amerika Erməni Beynəlxalq Komitəsinin açıqlamasına görə, embarqo Ermənistan iqtisadiyyatına ildə 570-720$ milyon ziyan vurur. Sərhəd qapıları açılacağı təqdirdə Ermənistanın nəqliyyat xərclərinin 30-50% azalacağı, ixracatın ikiqat artacağı, ÜDM-in 35% artacağı proqnozlaşdırılır. Dünya Bankının məlumatlarına görə isə sərhəd qapılarının açılması Ermənistana ümumilikdə 320,3-395,8$ milyon fayda verə bilər [19]. Lakin reallıq belədir ki, Ermənistanın apardığı təcavüzkar siyasət onu bölgədə həyata keçirilən bütün enerji və nəqliyyat dəhlizlərindən kənara salmışdır. Bu da onun özünün daha çox təcrid olunmasına gətirib çıxarmışdır.
Azərbaycan, Türkiyə və Gürcüstan bölgədə daha çox inkişaf etdikcə və böyüdükcə, Ermənistan bu proseslərdən daha çox kənarda qalmalı olur. Bütün bu amillər perspektivində Ermənistanın məhdud suverenliyini də təhlükəli miqyasda Rusiyaya təhvil verməsi ilə sonunclanacaqdır. Onsuz da hazırda bu ölkənin iqtisadiyyatının əksər hissəsi bu və ya digər dərəcədə Rusiya dövləti və onun şirkətləri tərəfindən idarə olunur. Siyasi ssenari də Ermənistanın Rusiyanın Kalininqrad nümunəsində yeni bir quberniyasının olması xətti ilə irəliləyir. İstər tam əks ssenaridə, istərsə də pozitivliyin bütün hallarında Ermənistan üçün daha böyük iqtisadi perspektivlilik bu ölkənin təcavüzkar siyasətdən, yanlış addım və amallardan çəkilməsi şəraitində Azərbaycanla qapadığı bütün kommunikasiyaların bərpası ilə mümkün olacaqdır.
Dostları ilə paylaş: |