XÜlasə XX əsrin ilk iki onilliyi Azərbaycan xalqının tarixinə milli özünüdərketmə və oyanış



Yüklə 341,31 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix31.01.2017
ölçüsü341,31 Kb.
#7264
növüXülasə
  1   2   3

Journal of  Qafqaz University

  

Fall 2003, Number 12    



                                                                                                                    

223 


XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA MİLLİ 

OYANIŞ VƏ MAARİFÇİLİK HƏRƏKATI 

 Məmmədəli BABAŞLI 

mbabasov@yahoo.com 

Qafqaz Universiteti 

Filologiya Fakültəsi 

Bakı / AZƏRBAYCAN 

XÜLASƏ 

XX  əsrin ilk iki onilliyi Azərbaycan xalqının tarixinə milli özünüdərketmə  və oyanış 

dövrü kimi daxil olmuşdur.  İmperiyanın tarixində baş verən siyasi, ictimai dəyişikliklər öz 

növbəsində Azərbaycanın mədəni həyatında xeyriyyəçilik və maarifçilik hərəkatının vüsət 

qazanmasına gətirib çıxarmışdır. Çox keçmədən milli maarifçilik tariximizdə özünəməxsus 

silinməz iz buraxmış mədəni-maarif cəmiyyətləri fəaliyyətə başlamış və təkzibolunmaz xidmətlər 

göstərmişdir. Bu hərəkatın təşəkkül tarixinin və yayılma prosesinin obyektiv şəkildə  tədqiq və 

təbliğinin günümüz üçün də inkarolunmaz əhəmiyyəti vardır. 



Açar sözlər: Cəmiyyət, xeyriyyəçilik, maarifçilik, məktəb 

THE MOVEMENT OF NATIONAL AWAKENING AND ENLIGHTENMENT IN 

AZERBAIJAN AT THE BEGINNING OF XX CENTURY 

ABSTRACT 

The first decade of the XX Century was recorded in history as the era of national 

realization and awakening. The political and social changes in the Empire gave way to the 

movement of charity and enlightenment in Azerbaijani social life. The national enlightenment 

period has left traces that cannot be removed from our history. Social-intellectual institutions 

emerged and they made undeniable service in history. It is of crucial importance for today to carry 

out objective research on the foundation history and the spreading process of this movement. 

Key Words: Society, charity, enlightenment, school 

GİRİŞ 

Məlum olduğu kimi, uzun sürən  əsarət və imperiyanın yürütdüyü milli, 

dini ayrı-seçkilik siyasəti Azərbaycan xalqının sosial-mədəni həyatında ciddi 

geriliyə  gətirib çıxarmışdı.  İmperiyanın müstəmləkəçilik planlarının qurbanına 

çevrilmiş Azərbaycanda xalqın cəhalət içində saxlanılması, onun milli və mənə-

vi dəyərlərindən məqsədyönlü şəkildə uzaqlaşdırılması siyasəti isə tam gücü ilə 

davam edirdi. Milli tərəqqi naminə ziyalılar və  vətənpərvər burjuaziya nüma-

yəndələri tərəfindən irəli sürülən təşəbbüslər bir qayda olaraq şübhə ilə qarşı-

lanır və ciddi maneələrlə üzləşirdi. 1891-ci ildən 1903-cü ilə  qədər milli 

mətbuat üzərində qoyulmuş yasaq və ilk qız məktəbinin açılması üçün aparılan 

ardıcıl mübarizə də məhz bununla izah olunurdu.  


XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí                                                

M. Babaålí

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 

 

224 


Lakin XX əsrin başında rus-yapon savaşında çar Rusiyasının düçar 

olduğu hərbi-siyasi məğlubiyyət ictimai həyatda dəyişikliklər zərurətini mey-

dana gətirdi. Belə ki, savaş  əsnasında rus xalqının milli və dini duyğularını 

qabartmaq məqsədilə hökumətin rəvac verdiyi təbliğat kampaniyası rus 

milliyətçiliyinin artmasına gətirib çıxardığı kimi, qeyri-ruslar arasında da milli 

oyanışa təkan verdi. Xalqlar həbsxanası adlanan imperiyada milli əsarətin 

qüvvətlənməsi, çar Rusiyasının bir çox ucqarlarında olduğu kimi, Azərbaycanda 

da güclü ictimai-siyasi hərəkatın yaranmasına gətirib çıxardı.  Şübhəsiz ki, bu 

şəraitin yetişməsində XIX əsrin ikinci yarısında, xüsusilə son iyirmi ilində, 

Bakının neft şəhəri kimi dünyanın diqqətini özünə  cəlb etməsinin və  sənaye 

mərkəzinə çevrilməsinin, nəhayət kapitalist münasibətlərinin təşəkkülünün də 

böyük rolu oldu. Məhz bu dövrdə iri sənaye şəhərləri olan Bakı, Şamaxı, Nuxa, 

Şuşa, Gəncə və Naxçıvan kimi şəhərlər Azərbaycanın mədəniyyət mərkəzlərinə 

çevrilmişdir. Bütün bunlarla yanaşı, milli və  mədəni oyanışda Rusiyada və 

Türkiyədə  təhsil almış ziyalıların öndərlik etdikləri mətbuatın oynadığı tarixi 

rolu xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda çar hökümətinin erməni-

müsəlman qırğınlarının təşkilindəki mənfur rolu, ermənilərin xəyanətkarlığı və 

Azərbaycan xalqına qarşı törətdikləri misli görünməmiş vəhşiliklər nəticəsində 

milli təəssübkeşlik duyğularının güclənməsi də bu hərəkatın genişlənməsinə 

təkan verdi. Bu baxımdan, senzuranın zəifləməsi nəticəsində 1905-1917-ci illər 

arasında Azərbaycanda 63 adda qəzet və  dərginin nəşrinin də maarifçilik 

hərəkatına müsbət təsiri olduğunu qeyd etmək lazımdır(3,5). Xalqın oxuma-

yazma səviyyəsinin cəmi 4,5% olmasına baxmayaraq, türkçülük, islamçılıq, 

sosializm və liberalizm ideyalarının carçısına çevrilmiş milli mətbuatın yüksə-

lən xətlə inkişafı sayəsində Rusiya müsəlmanlarının mərkəzi halına gəldiyi üçün 

Bakı bilavasitə

 

sonuncu amilə borcludur.  



İmperiyanın müxtəlif yerlərindəki inqilabi çıxışlarla qarşı-qarşıya qalan 

hökumət xalqın tələblərinin bir qismini yerinə yetirməyə məcbur oldu. 1905-ci 

ilin 17 oktyabr Manifesti adı altında tarixə düşmüş sənəddə xalqa vicdan, söz və 

mətbuat azadlığı  vəd edildi. Ümumiyyətlə, birinci rus inqilabı  ərəfəsində  və 

dövründə, xüsusilə qeyd etdiyimiz Manifestdən sonra, yüksəliş dövrünü yaşa-

yan milli-demokratik, ictimai-mədəni hərəkat, maarif müəssisələrinin, məktəb-

lərin genişlənməsi, təhsilin ana dilində, pulsuz, hamılıqla olması tələblərini irəli 

sürməyə şərait yaratdı və pedaqoji hərəkatın canlanmasına təsir göstərdi. Ölkədə 

baş verən proseslərin nəticəsində maarifçi-demokratların illərlə gözlədikləri 

tarixi fürsət  ələ düşdü. Hələ XIX əsrin ikinci yarısında başlanan pedaqoji 

hərəkat XX əsrin  əvvəllərində daha da qüvvətləndi. Nəhayət ki, təəssübkeş 

vətən övladlarının onillərlə xəyallarında yaşatdıqları ilk xeyriyyə cəmiyyyəti və 

bunun ardınca çoxlu sayda mədəni-maarif cəmiyyətləri fəaliyyətə başladı. 

İstanbuldan gətirilmiş  mətbəə avadanlıqları milli dildə  nəşrlərin sayının 

artmasına və açılmış “üsuli-cədid” məktəblərinə türk müəllimlərinin dəvət olun-

ması isə milli şüurun güclənməsinə  səbəb oldu (4,43). Sevindirici haldır ki, 

bənzəri fəaliyyətlər sadəcə Bakı  və Bakı  ətrafında deyil, eyni zamanda 

Azərbaycanın müxtəlif guşələrində maarifçiliyin inkişafına güclü təkan verdi. 



M. Babaålí                                                XX Äsrin Ävvällärindä Azärbaycanda Milli 

Oyaníå vä Maarifçilik Häräkatí 

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 



 

225 


Hətta bəzən ayrı-ayrı maarifsevərlər cəmiyyət olmadan da öz şəxsi təşəbbüsləri 

sayəsində  təqdirəlayiq işlər görə bildilər. Belə maarifçilərdən 1904-cü ildə 

Qubada “Üsuli-cədid”, iki il sonra Ağdaşda “Darül-irfan” məktəbləri, həmçinin 

qiraətxana və “Səadət” adlı  qız məktəbi açmış Muxtar Əfəndizadənin adını 

xüsusi ehtiramla yad etmək istərdik  

Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, həmin illərdə Azər-

baycanın müxtəlif guşələrində qapılarını xalqın övladlarının üzünə açan elm və 

ürfan yuvaları, axşam kursları həyata vəsiqə aldı. Millətin mənəvi sərvətini təşkil 

edən, lakin maddi imkansızlıq ucbatından həyatda yerini tapa bilməyən istedadlı 

Azərbaycan övladlarına sahib çıxıldı, təqaüdlər verildi. Bir sözlə, milli oyanış və 

özünüdərketmə prosesi vüsət qazandı. H.Z.Tağıyevin təşəbbüsü ilə  İstanbuldan 

dəvət olunmuş Müəllim Cevdətin(Yınançalp) qurduğu “Füyuzat Dar-ul- 

Muallimin” adlı müəllimlər məktəbinin milli şüurun oyanmasında və Azərbaycan 

türkcəsinin  İstanbul ləhcəsinə yaxınlaşmasında oynadığı rolu da xüsusilə qeyd 

etmək lazımdır. Maraqlıdır ki, araşdırdığımız dövrdə baş verən maarifçilik və 

xeyriyyəçilik hərəkatının özünəməxsus bir sıra xüsusiyyətləri də var idi. Əvvəla, 

XX əsrin başlanğıcında bərqərar olmuş yeni sosial-iqtisadi, mənəvi-mədəni, elmi-

texniki inkişaf səviyyəsi maarifçilik üçün əlverişli  şəraitin təminatçısı rolunda 

çıxış edirdi. Böyük maarifçi Həsən bəy Zərdabinin atdığı toxumlar cücərmiş, 

maarifin  əhəmiyyətini dərk edən və bunun üçün maddi dəstəyini  əsirgəməyən 

milli burjuaziyanın varlığı reallığa çevrilmişdi. Eyni zamanda mövcud ehtiyaca 

cavab verməsə də xalqın maariflənməsi yolunda hər cür məhrumiyyətə sinə gərən 

maarifpərvər, savadlı milli pedaqoji kadr yetişmişdi. Çətinliklərlə müşayiət 

olunmasına baxmayaraq, getdikcə din xadimləri arasında eyni vaxtda dini və 

dünyəvi elmlərin öyrənilməsinin həyati zərurət olduğunu qəbul edənlərin sayı 

artırdı. Azərbaycan maarifi qarşısında duran pedaqoji problemlərdə də kəmiyyət 

və keyfiyyət dəyişikliyi baş verirdi. Təhsilin ana dilində aparılması ilə yanaşı, 

təlimin məzmununun da ana dilində qurulması ön plana çıxırdı. Proqramların, 

tədris planlarının, dərsliklərin hazırlanması və nəşri problemləri diqqət mərkəzin-

də duran təxirəsalınmaz məsələlər sırasında idi. XIX əsrdən başlayaraq mərkəzi 

hökumət tərəfindən məqsədyönlü şəkildə aparılan ruslaşdırma siyasətinə müqavi-

mət mütləq inkarçılıqdan uzaqlaşaraq milli və dini təhsil istiqamətli məktəblərin 

genişlənməsinə dönmüşdü. Dərsliklərdə işlədilən ana dilininin təmizliyinə, sadəli-

yinə və anlaşıqlı olmasına, orada milli koloritin öz əksini tapmasına təlabat artırdı. 

Bir sözlə, həmin illər bütün dünya tarixi ilə  həmahəng olaraq Azərbaycanın 

siyasi-ictimai, iqtisadi və mədəni həyatının dəyişdiyi, xalq mənəviyyatının keyfiy-

yət baxımından yüksəldiyi illər oldu. Təbii ki, bütün bunların gerçəkləşməsində o 

dövrün hüquqi tələblərinə uyğun qurulması baxımından ilk müsəlman xeyriyyə 

cəmiyyəti sayılan ”Bakı Müsəlman Xeyriyyə  Cəmiyyəti”nin inkarolunmaz rolu 

xüsusilə qeyd olunmalıdır. 1905-ci ilin oktyabrın 10-da fəaliyyətinə icazə verilmiş 

cəmiyyətin Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər gördüyü tarixi işlər 

əsasən xeyriyyəçilklə bağlı olduğu və xüsusi tədqiqatın mövzusunu təşkil edəcəyi 

üçün onun üzərində çox dayanmaq istəmirik. Sadəcə bunu qeyd etməklə kifayət-


XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí                                                

M. Babaålí

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 

 

226 


lənirik ki, cəmiyyət özündən sonra təşkil olunmuş digər xeyriyyəçi-maarifpərvər 

cəmiyyətlərin yaranmasına təkan verdi, onların fəaliyyətinə yol göstərdi.  



1. “NƏŞRİ-MAARİF” CƏMİYYƏTİNİN MAARIFÇİLİK 

FƏALİYYƏTLƏRİ 

Məmnuniyyət hissilə xatırlatmaq istərdik ki, XX əsrin  əvvəllərində 

Bakıda 30-dan artıq xeyriyyə  cəmiyyəti fəaliyyət göstərirdi.  Əhəmiyyətinin 

dərəcəsinə görə bunların arasında 1906-cı il martın 4-də nizamnaməsi təsdiq 

edilmiş, noyabrın 10-da isə Bakı dumasının zalında təntənəli açılışı olmuş tam 

şəkildə “Nəşri- savad və maarif”, qısaca olaraq “Nəşri-maarif” adlanan xeyriyyə 

cəmiyyətini xüsusilə qeyd etmək istərdik. Başlıca məqsədi Bakı  şəhərində  və 

quberniyasında yaşayan müsəlmanlar arasında elm və maarifi, xüsusilə ibtidai 

təhsili Azərbaycan və rus dillərində yaymaq, hər növ maarifçilik fəaliyyətini 

dəstəkləmək olan cəmiyyətə Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman 

Şiə Ruhani İdarəsinin sədri Axund Mir Məhəmməd Kərim Mircəfərzadənin , 

sədr, vətənpərvər ziyalı  Əhməd bəy Ağayevin isə katib seçilməsi cəmiyyətin 

uğurlu fəaliyyətinin təminatçısı oldu. Cəmiyyəti “cəmiyyəti-ehyayi-millət” 

adlandıran Əhməd bəy çıxışında milli oyanışın həyati əhəmiyyət kəsb etdiyini 

vurğuladı. Qazı  ağanın və  xəstə olduğu halda açılışa gəlmiş millət atası H.Z. 

Tağıyevin çıxışları oradakıların qəlblərini kövrəltdi. Çıxışını ”Ey müsəlmanlar! 

Siz də bir xabi-qəflətdən oyanın, ətrafa nəzər ediniz! Axır biz nə vəqtəcən cahil 

olacağız? Özümü bu gün xoşbəxt hesab edib bu “Nəşri-maarif”cəmiyyətinə üç 

min manat bəzl ediyorum”sözləri ilə tamamlayan elm və maarif hamisi 

cəmiyyətə uğurlar arzuladı(14,1906,№262). 

Ziyalı, üləma və milli burjuaziyanın tarixi əməkdaşlığının bəhrəsi olan 

cəmiyyətin ilk sədrinin üləmadan olması , sonralar isə H.Z.Tağıyevin rəhbərliyi 

altında fəaliyyətini davam etdirməsi məntiqli və  ağlabatan bir addım idi. Belə 

ki, bəzi mövhumatçı din xadimlərinin müqavimətini qırmaq, ilkin mərhələdə 

imkanlı insanları Allah yolunda əvəzsiz, təmənnasız yardım göstərməyə vadar 

etmək üçün bu təcrübə son dərəcə faydalı oldu. Xüsusilə , qız məktəblərinə 

qarşı üzdəniraq din təəssübkeşlərinin təxribat və hücumlarının qarşısına sədd 

çəkmək üçün də bu addım olduqca zəruri idi. 

Fəaliyyətə başladığı ilk ildə cəmiyyət İçərişəhərdəki Hacı Banu məscidi-

nin,  şəhərin aşağı hissəsindəki Hacı  İmaməli məscidinin və  şəhərin dağlıq 

hissəsində yerləşən Hacı  İbrahim(Təzə pir) məscidinin yanında olmaq üzrə 

Bakıda hər biri bir sinifdən ibarərt 3 məktəb açdı(31,76). Cəmiyyət nizamnamə-

sinə uyğun olaraq fəaliyyətinin ilk illərindən etibarən Bakının kəndlərində 

maarifçiliyə xüsusi diqqət yetirmiş  və Balaxanıda 116 şagirdi olah 4 sinifli, 

Əmircanda 82 şagirdi olan 3 sinifli və Buzovnada 24 şagirdi olan 3 sinifli 

məktəblər açmışdır(31,77). Cəmiyyətin açdığı bütün məktəblərdə  şagirdlərin 

pulsuz təhsillə  əhatə olunduğuna dair müxtəlif mənbələrdə  zəngin məlumat 

vardır(11,214). Yeni məktəblər açmaqla bərabər cəmiyyət mövcud məktəblərə 

də maddi yardım göstərirdi. Cəmiyyətin 1908-1911-ci illərə aid hesabatlarından 


M. Babaålí                                                XX Äsrin Ävvällärindä Azärbaycanda Milli 

Oyaníå vä Maarifçilik Häräkatí 

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 



 

227 


məlum olur ki, sadəcə 1909-cu ildə bu qəbil yardımın ümumi həcmi 2221 manat 

təşkil etmişdir(31,76-77). Cəmiyyətin fəaliyyətinə dair arxiv materiallarından 

bəlli olur ki, 1912-13-cü tədris ilində cəmiyyətin himayəsi altındakı məktəblərin 

sayı Balaxanıdakı qız məktəbi də daxil olmaqla 13, orada təhsil alan şagirdlərin 

sayı isə 940 nəfər,1913-14-cü ildə müvafiq olaraq 16 məktəb və 1200 şagird 

olduğu halda 1917-ci ildə məktəblərin ümumi sayı 26-ya(23-ü oğlan və 3-ü qız 

məktəbi olmaqla), məktəblərə ayrılan maddi vəsaitin illik miqdarı isə 32091 

manata çatmışdı(29,12). Əsasən bir və ikisinifli məktəblər açan cəmiyyət orada 

oxuyan kasıb uşaqları pulsuz təhsillə yanaşı kitab da daxil olmaqla zəruri tədris 

ləvazimatı  və paltar ilə  təmin edirdi. Bundan başqa, cəmiyyət ali məktəblərdə 

təhsil alan maddi imkanı  zəif tələbələrə  də  təqaüd verirdi. Cəmiyyətin  əhatə 

etdiyi coğrafi əraziyə Bakı şəhərindən başqa ətraf kəndlərdən Bilgəh, Balaxanı, 

Bülbülə, Qala, Hövsan, Zabrat, Keşlə, Ramana, Suraxanı,  Şağan,  Şıxov və 

Pirşağının daxil olduğunu görmək mümkündür. 

Uşaqlara təhsil verməklə yanaşı  cəmiyyət təhsil üçün vacib amillərdən 

hesab olunan pedaqoji kadr hazırlığına da xüsusi əhəmiyyət verirdi. Bu sahədə 

1907-ci ildə cəmiyyət tərəfindən açılmış və cəmi üç il fəaliyyət göstərmiş , bir 

növ seminariya sayılan, ”Darül-muallimin”və 1908-1909-cu illərdə  təşkil edil-

miş  ”İslam” Azərbaycan müəllimlər kursunun əvəzolunmaz xidmətləri olmuş-

dur. Cəmi iki buraxılışı olmuş kursu 28 nəfər bitirmiş və məzunlara şəhadətna-

mələri cəmiyyətin sədri H.Z.Tağıyev, onun müavinləri Mehdibəy Hacınski və 

İsa bəy Aşurbəyov imzalayıb təqdim etmişlər(31,78). Cəmiyyətin yetişdirdiyi 

müəllimlər ”Nəşri-maarif”məktəbindən başqa, digər xeyriyyə  cəmiyyətləri 

tərəfindən açılmış “Nicat”və”Səadət” məktəblərində də təlim-tərbiyə ilə məşğıl 

olmuş və pedaqoji kadrlara olan ehtiyacı qismən də olsa ödəmişlər. Cəmiyyətin 

maarifçilik fəaliyyətləri sırasında azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil 

alması da müəyyən yer tuturdu. Bu və ya digər şəkildə təhsilini davam etdirən 

tələbələr tərəfindən müvafiq müraciət daxil olduqda onlara birdəfəlik maddi 

yardım göstərilməsınə dair mənbələrdə çoxlu faktlara təsadüf edilir. Nəhayət, 

cəmiyyətin fəaliyyətinin bəhrələrindən biri və bizcə  ən mühümü pedaqoqların 

diqqətini ana dilində dərsliklərin yazılması məsələsinə yönəltməsi olmuşdur. 

Əsasən daimi üzvlük haqları və birdəfəlik könüllü ianələr hesabına fəaliy-

yət göstərən cəmiyyət zaman-zaman maddi çətinliklərlə də üzləşirdi. Bu hallar-

da maliyyə  işlərini qaydaya salmaq üçün pullu müsamirələr, teatr tamaşaları, 

gecələr və s. təşkil olunur, əldə olunan gəlir cəmiyyətin büdcəsinə daxil edilirdi. 

Müsəlmanların dini bayramlarında toplanan ianələr də cəmiyyətin mühüm gəir 

mənbəyini təşkil edirdi. H.Z.Tağıyevin bilavasitə  rəhbərliyi altında həyata 

keçirilən konsert və tamaşalar üçün öncədən Bakı  şəhər idarəsindən müvafiq 

icazə alınırdı. “Nəşri-maarif” cəmiyyətinin keçirdiyi tədbirlərdə Bakıda yaşayan 

xarici konsulluqların nümayəndələri, quberniya rəhbərləri, başqa millətlərin 

nümayəndələrinin iştirakı  və onların da maddi yardım göstərmələrinə nail 

olması  təqdirəlayiq hadisədir. Bu mənada 1912-ci ildə keçirilən xeyriyyə 

tədbirində Bakıdakı Türkiyə konsulu Əli Kamal bəyin, Bakı qubernatoru 

Alışevskinin, vitse-qubernator R.Blioxun, Bakı  şəhər rəisi P.Martınovun, 



XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí                                                

M. Babaålí

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 

 

228 


növbəti ildə isə yenə  Əli Kamal bəy, Alışevski və  İran konsulu Davud xanın 

iştirakını xatırlatmaq yerinə düşərdi(31,81). 

Cəmiyyətin alternativ mənbə  əldə etmək məqsədilə keçirdiyi tədbirlər 

arasında ”müsəlman gecələri” adı altında təşkil olunan tədbir xüsusilə maraq 

doğurur. 1908-1917-ci illər arasında müəyyən fasilələrlə keçirilmiş 8 gecədə 

təxminən 60 min manat toplanmış  və müvafiq qaydada maarifçiliyə  sərf 

olunmuşdur(9,80). Cəmiyyət büdcəsinin daimi mədaxillərindən birini də mütə-

madi olaraq hər il novruz bayramı münasibətilə üzvləri və camaat arasında 

keçirilən tədbirlərdən  əldə olunan gəlir təşkil edirdi. Bütün bunlarla yanaşı, 

müəyyən dövrlərdə cəmiyyətin maddi çətinliklərlə üzləşdiyinin də şahidi olmaq 

mümkündür. Maddi imkanların tamamilə tükəndiyi bu cür çıxılmaz vəziyyətdə 

cəmiyyət Əmircan və Buzovna kəndlərində olduğu kimi müvəqqəti də olsa son 

çarə olaraq məktəbləri bağlamaq məcburiyyəti qarşısında qalmışdır. 

Cəmiyyətin tarixində  təqdirəlayiq hadisələrdən biri kimi 1909-cu ildə 

Qars, Oltu və İğdırda açdığı şöbələr vasitəsilə rus əsarəti altında yaşayan qardaş 

türk xalgına göstərdiyi insani yardım və müharibə əsnasında Qafqaz cəbhəsin-

dən Azərbaycana gətirilmiş yetim türk övladlarının təlim-tərbiyəsilə yaxından 

məşğul olması qeyd edilməlidir. Türk tədqiqatçılarının da yazdıqları kimi, 

cəmiyyət Qars və  ətraf bölgələrdə yaşayan rus və erməni  əhalisindən fərqli 

olaraq yazma-oxuma nisbətinin cəmi 1 % olduğu türk vətəndaşlarının təhsilə 

cəlb olunması, bu məqsədlə yeni məktəblərın açılması, əski mədrəsələrin fəaliy-

yətinin bərpası istiqamətində də ciddi işlər görmüşdür(4,189). 

Cəmiyyətin fəaliyyətini başa vurması tarixinə dair müxtəlif mənbələrdə 

bir-birindən fərgli rəqəmlər verilmişdir. Belə ki, Azərbaycan Sovet Ensiklopedi-

yasındakı “Nəşri-maarif” adlı maddədə  cəmiyyətin fəaliyyətinin 1917-ci ildə 

dayandırıldığı ifadə olunmuşdur(2,7/235). Bir sira mənbələrdə isə  cəmiyyətin 

1920-ci ilə qədər və ən başlıcası “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” başda 

olmaqla digər xeyriyyə cəmiyyətlərilə yaxın əməkdaşlıq şəraitində çiyin-çiyinə 

fəaliyyət göstərmiş cəmiyyət milli maarifçilik tarixində müstəsna rol oynamasi 

qeyd olunmuşdur. 



2.  “NİCAT”CƏMİYYƏTİNİN MƏDƏNİ- MAARİFÇİLİK 

FƏALİYYƏTLƏRİ 

Bakı  şəhərində təşkil olunmuş və xalqın tərəqqisi naminə fəaliyyət gös-

tərmiş maarifpərvər xeyriyyə  cəmiyyətlərindən biri də “Nicat”cəmiyyətidir. 

Bakı quberniyasında müsəlmanlar arasında maarifin yayılması, imkansız, lakin 

istedadlı müsəlman tələbələrinin ibtidai, orta və ali təhsil almalarına yardım 

etmək, ana dili və ədəbiyyatı, həmçinin teatr sənətinin inkişafına xidmət göstər-

mək məqsədilə qurulmuş  cəmiyyətin təşəbbüskarları bir qrup şəhər ziyalısı  və 

xeyirxah sərvət sahibləri idi. 1906-cı ilin mart ayının 9-da qiraətxanada təsis 

toplantısı keçirilmiş  cəmiyyətin Nizamnaməsi həmin ilin avqust ayının 22-də 

Bakı qubernatoru Alışevski tərəfindən təsdiq olunmuşdur(31,82). Cəmiyyətin 

ilk təsis toplantısının mart ayının 9-da keçirilməsi və bilavasitə bundan sonra 


M. Babaålí                                                XX Äsrin Ävvällärindä Azärbaycanda Milli 

Oyaníå vä Maarifçilik Häräkatí 

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 



 

229 


onun maarifçilik fəaliyyətlərini gerçəkləşdirməsinə əsaslanan bir sıra tədqiqatçı-

larımız “Nicat”cəmiyyətini ilk mədəni-maarif cəmiyyəti olaraq qəbul edirlər. 

Bu mülahizənin ümumən doğruluğunu  şübhə altına amamaqla bərabər, bizcə 

cəmiyyətin rəsmi qeydiyyat tarixinin əsas alınması daha məqsədəuyğun olardı. 

Məhz bu baxımdan, xeyriyyə  cəmiyyətlərinin sırasında “Nicat”cəmiyyətini 

martın 4-də Nizamnaməsi təsdiq olunmuş ”Nəşri-maarif”cəmiyyətindən sonraya 

daxil etməyi münasib bildik. 

”Nicat”cəmiyyətinə növbə ilə Məmmədəli bəy Səlimbəyov (1906-1907), 

Həsən bəy Ağayev (9 mart-12 noyabr1907), Məmməd  Əmin Rəsulzadə (12 

noyabr 1907-17 dekabr 1913), eyni zamanda Qasım Qasımov,  İsa bəy 

Aşurbəyov və Əlimərdan bəy Topçubaşov rəhbərlik etmişlər. Cəmiyyətin 1916-

cı ildə böyük qalmagala səbəb olmuş və sonradan nəticələri ləğv olunmuş illik 

yığıncağında Murtuza Muxtarov cəmiyyətin fəxri sədri seçilmişdir.  

Qarşısına qoyduğu məqsədi gerçəkləşdirmək üçün cəmiyyət imkan daxi-

lində mövcud məktəblərə maliyyə yardımı göstərir və yeni məktəblər açırdı. 

Bilavasitə  cəmiyyətin təşəbbüsü ilə  kəndlərdə açılmış bir və ikisinifli məktəb-

lərin sayının otuza çatması “Nicat”cəmiyyətinin kənd  əhalisi arasında savadın 

yayılmasına verdiyi əhəmiyyətə  dəlalət edirdi. Yeri gəlmişkən, böyük şair 

Mirzə Ələkbər Sabir ömrünün son ilində cəmiyyətin Balaxanı kəndində açdığı 

məktəbdə işləmişdir.  

Keşlə, Gəncə, Şamaxı, Quba və s. yerlərdə açdığı bölmələri də yerlərdə 

maarifçilik fəaliyyətləri göstərən cəmiyyətin təşəbbüsü ilə 1906-1910-cu illərdə 

Gəncədə ”Mədrəseyi-ruhani”,  Şamaxıda ”Üxüvvət”, Ağdaşda ”Darülfənn”, 

Nuxada “Həqiqətüs-Sibyan”, Lənkəranda “Behcət” adlı  məktəblər açılmışdır 

(9,229).  

Məktəblərin dərs kitabları və vəsaitləri ilə təminatı da cəmiyyətin diqqət 

mərkəzində duran təxirəsalınmaz məsələlərdən idi. Bu məqsədlə  cəmiyyətin 

nəzdində təşkil olunmuş pedaqoji ədəbiyyat bölməsi Azərbaycan dilinin orfoq-

rafiyası və orfoepiyasının hazırlanması, xalq müəllimələrinə bu sahədə müvafiq 

metodik göstərişlərin verilməsi istiqamətində təqdirəlayiq işlər görmüşdür. Gör-

kəmli pedaqoq, ədəbiyyatşünas Ə. Hüseynzadə və Ə. Kamalbəyin fəaliyyətində 

yaxından iştirak etdikləri həmin  şöbənin Azərbaycan türkcəsinin orfoqrafiyası 

ilə bağlı təklifləri cəmiyyətin təsis etdiyi eyni adlı qəzetində müzakirəyə çıxarıl-

mışdır. 


Cəmiyyət müsəlmanlar arasında savadsızlığın ləğvi məqsədilə böyüklər 

üçün axşam kursları təşkil edir və onların fəaliyyətini maliyyələşdirirdi. 1907-ci 

ildə yeni axşam kursları açmış cəmiyyətin həmin kurslarından iki il sonra isti-

fadə edən dinləyicilərin sayı 280-ə yaxın olmuşdur. 1910-1911-ci və 1911- 

1912-ci tədris illərində isə kursdan istifadə edən dinləyicilərin sayı müvafiq 

olaraq 240 və 115 nəfər olmuşdur. Adətən bisavad, az savadlı və savadlı adlı üç 

qrupda fəaliyyət göstərən axşam kurslarında dinləyicilərə rus dili, Azərbaycan 

dili və hesab fənləri tədris olunurdu. Dinləyicilərinin  əksəriyyətini günəmuzd 

fəhlələrin, xırda alverçilərin, sənətkarların və dükan satıcılarının təşkil etdiyi 


XX Äsrin Ävvällärindä Azärbaycanda Milli Oyaníå vä Maarifçilik Häräkatí                                                

M. Babaålí

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 

 

230 


kursların məşğələləri hər gün iki saat olmaq şərtilə həftədə üç dəfə keçirilirdi. 

Qısa müddət ərzində dinləyicilərə yazma və oxumanın öyrədilməsi cəmiyyətin 

axşam kurslarına rəhbərlik edən Abbas bəy Minasazovun və müəllimlərin ciddi 

nailiyyəti idi. 

Axşam kurslarından başqa, cəmiyyətin 4-cü rus-tatar məktəbində  həmin 

məktəbin müəllimi  Əli Terequlovun rəhbərliyi altında həftədə sadəcə cümə 

günü olmaqla üç saat müddətində təşkil etdiyi cümə kursları da tacir və sənət-

karların savadlandırılmasında inkarolunmaz rol oynamışdır(31,84-85). 

Cəmiyyətin böyük əhəmiyyət verdiyi və uğurla həyata keçirdiyi fəaliyyət 

növlərindən biri də ümumi qiraətxana və kitabxanaların açılması idi. Sonuncu 

müəssisələrdə kütləvi qiraətlər təşkil olunur, gigiyena və yolxucu xəstəliklər, 

xüsusilə traxoma,vəba haqqında mühazirələr oxunurdu. Lakin cəmiyyətin bu 

nəcib təşəbbüsü heç də  hər yerdə  uğurla nəticələnmirdi. Cəmiyyətin Maştağa 

kəndində böyük çətinliklə açdığı qiraətxananın sonrakı taleyi buna dəlalət edir. 

Əhməd Dövlətoğlu adlı maarifpərvər kənd sakininin mülkündə kirayəyə 

götürülmüş bir otaqda açılmış qiraətxana kənddə qarışıqlığa səbəb olduğundan 

çox keçmədən bağlanmışdır. Qarışıqlığa səbəb isə  kənd camaatının məhəllə 

mollasına qiraətxanaya gedib oradakı  qəzetləri oxumağın  şəriətə uyğun olub-

olmamasına dair sualına mollanın verdiyi cavab olmuşdur. Cavabında molla 

demişdir ki, ”qəzet oxumağın yerinə qəza namazını qılın, qiraət öyrənin, şəriətlə 

biz müsəlmanlar Qurandan başqa heç bir şey oxumamalıyıq. Müsəlman olan 

şəxs heç bir başqa  əcnəbi yazı-pozu ilə tanış olmamalıdır.  Əyər olarsa, o 

kafirdir”(23,113). Təəssüflər olsun ki, H.Sarabskinin ”Köhnə Bakı” adlı kita-

bında təsvir etdiyi bu hadisə ilə başqa yerlərdə  də qarşılaşmaq mümkün idi. 

Lakin bir şey unudulmamalıdır ki, bu hadisənin ilk əmri ”Oxu!”olan və daima 

elm öyrənməyi təşviq edən, mənsublarının dünya sivilizasiyasına təqdim etdiyi 

möhtəşəm mədəniyyətlə gürur hissi keçirdiyimiz İslam dininə heç bir aidiyyəti 

yox idi və ola da bilməzdi. Bu olsa-olsa həmin elmdən bəhrələnə bilməmiş, 

daşıdığı məsuliyyəti dərk etmədən bu qədər asanlıqla başqalarını küfrdə ittiham 

edən bir kənd mollasının subyektiv fikri idi. Balaxanı  və Sabunçu rayon 

kitabxanaları neftçi fəhlələrə xidmət sahəsində xüsusilə fərqlənirdi. Cəmiyyətin 

bu sahədə fəallığının dərəcəsi haqda təsəvvür əldə etmək üçün sadəcə 1906-cı 

ilin 11 mart-11aprel tarixləri arasında, daha döğrusu fəaliyyətə başladığı ilk ay 

ərzində  təşkil olunmuş mühazirələrdə 1.344 nəfərin, o cümlədən 1.129 azər-

baycanlının iştirak etdiyini xatırlatmaq yerinə düşərdi(29,10). 

Cəmiyyətin çoxşaxəli maarifçilik fəaliyyətinin bir qolunu da Azərbaycan 

müəllimlərinin I qurultayının keçirilməsi təşkil edir. I rus inqilabından sonra 

hökm sürən yeni abi-hava təhsilin və müəllimlərin problemlərinin müzakirəyə 

çıxarılması üçün münbit zəmin meydana gətirmişdi. Bununla əlaqədar olaraq 

cəmiyyət təhsilin, kənd müəllimlərinin, dərsliklərin təxirəsalınmaz problem-

lərinin müzakirəyə çıxarılması və həlli istiqamətində tarixi bir addım daha atdı. 

Hökumət dairələrinin maneçiliklərinə baxmayaraq cəmiyyət 1906-cı ilin 15-28 

avqust tarixləri arasında Bakı şəhərində Azərbaycan müəllimlərinin ilk qurulta-

yını keçirməyə müvəffəq oldu(9,239). Azərbaycan pedaqoji fikir tarixində 



M. Babaålí                                                XX Äsrin Ävvällärindä Azärbaycanda Milli 

Oyaníå vä Maarifçilik Häräkatí 

 

 

Journal of  Qafqaz University



  

Fall 2003, Number 12 



Yüklə 341,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin