Xx əSRİn sonu- XXI əSRİN ƏVVƏLİNDƏ yeni DÜnya nizami VƏ MİLLİ İdeya azərbaycanda siyasəT: DÜNƏN, bu gün və sabah


Azərbaycanın milli ideologiyası qloballaşma kontekstində



Yüklə 61,38 Kb.
səhifə5/9
tarix10.05.2022
ölçüsü61,38 Kb.
#57437
1   2   3   4   5   6   7   8   9
XX ƏSRİN SONU

Azərbaycanın milli ideologiyası qloballaşma kontekstində

Elmi-texniki tərəqqinin və fövqəlmilli korporasiyaların fəaliyyəti vasitəsilə dünya iqtisadiyyatı sərhədlərinin genişlənməsi və kapitalın yerdəyişməsinin asanlaşması, ümumbəşəri dəyərlərin bərqərar olması, dünyanın yeni informasiya açıqlığı və informasiya-kommunikasıya texnologiyalarının sürətli inkişafı yeni dünya nizamının başlanmasını şərtləndirmişdir. Sivilizasiyalararası münasibətlərin yeni mərhələsi dünya birliyinin bütün üzvlərinin tərəfdar olduqları öhdəliklərin mövcudluğu ilə eyniləşdirilməyə başlanmışdır. Dünya birliyi subyektlərinin qarşılıqlı iqtisadi asılılığının üstünlüyünü yaradan qloballaşma həm inteqrasiya proseslərini genişləndirmiş, həm də, qəribə də olsa, millətçilik baxışları və əhval-ruhiyyəsi meyllərini gücləndirmişdir. Qloballaşma dövlət amilləri ilə deyil, qarşılıqlı iqtisadi amillərlə müəyyənləşən bir prosesə çevrilmişdir. Bu isə, öz növbəsində, çox vaxt dünya inteqrasiyasının mənfi amillərinin törətdiyi nəticələrin başa düşülməməsinə və dərk olunmamasına, bunların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməməsinə gətirib çıxarır. Təbii ki, qloballaşma prosesində dünya iqtisadiyyatı daha tutumlu olur, çünki özünü vahid tam kimi göstərməyə başlayır. Bu, insanların sosial-iqtisadi tələbatına da güclü təsir edir: qiymətlər, ərzaq məhsulları, səhiyyənin və sosial təminatın, gəlirlərin, bank sisteminin səviyyəsi milli suverenliyin üstünlüyünə təzyiq göstərir. Qloballaşma suveren dövlətlər arasındakı sədləri götürərək, daxili sosial münasibətlərin formasını dəyişir, milli özgünlüyü sərt şəkildə nizamlayır, onu xüsusi dünyabaxışı çərçivəsinə salır. Qloballaşma milli mədəniyyətin və ənənələrin üstünlüyünü dağıdır, milli özgünlükdən uzaqlaşmanı gücləndirir və coğrafi, iqtisadi vəziyyətindən, siyasi quruluşundan, milli mentalitetindən asılı olmayaraq, cəmiyyəti qərbləşdirir, qeyri-səmərəliliyi amansızcasına cəzalandırır və istər millətin, istərsə də dövlətin səmərəli inkişafının mahiyyətinə varmadan, səmərəliliyin beynəlxalq çempionlarını şirnikdirir.

Milli ideologiyanın üstünlüyünün sosiumun mədəni irsindən və sosial-mədəni məkanından ayrılması baş verir. Belə vəziyyətdə formalaşan hər hansı ideologiya özündə həm cəmiyyətin mödernləşməsini, həm də “vahid” ümumbəşəri dəyərlərin və əxlaq prinsiplərinin yayılmasından doğan qərbləşməni təcəssüm etdirir.

Ona görə də indi yeni minilliyin milli ideologiyası Avropanın “yeni sağları” və “yeni solları”nın modernləşdirilmiş doktrinalarını süzgəcdən keçirmədən formalaşdırıla bilməz. Keçid, transformasiya dövründə bu proses ictimai şüurda gizli şəkildə gedir. Mövcud olmuş bütün sivilizasiyaların, dövlətlərin və siyasi rejimlərin tarixi sübut edir ki, aydın şəkildə ifadə edilmiş məqsədli yollar göstərilmədən, eykumendə /coğrafi-siyasi ərazi vahidi/ öz yerini müəyyənləşdirmədən, özünün “Mən-sivilizasiya”sını saxlamağın təminatı sayılan dəyərlər və əxlaq sistemi olmadan sabit, inkişaf edən birliklər olmur. Bunlar dini baxışlarda, dövlət aktlarında, ictimai şüurda, təlim və tərbiyəyə dair məqsədli göstərişlərdə əks olunmuşdur. Məhz bunların sayəsində insan öz dünyasını, öz sivilizasiyasının özünəməxsus əsaslarını tamamilə adekvat qavrayır, fiziki və sosial məkanda şüurlu şəkildə hərəkət edir.

 

Azərbaycan Prezidenti Heydər Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə verdiyi fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanması məsələləri barədə Azərbaycan xalqına müraciəti təkcə keçmişə hörmət və ya dünya məkanının qloballaşması dövründə siyasətdə mühafizəkar əhval-ruhiyyə deyildir. Bu, zamana, transformasiya dövrünü yaşayan ölkələrdə milli sosial-mədəni üstünlük mərkəzlərini dəyişməyə qadir olan qloballaşmaya cavabdır. Belə siyasətin əsasında milli mentallığın, milli özünüdərkin və milli “Mən”in mahiyyətini qoruyub saxlamaq səyi durur. Çünki SSRİ-nin dağılmasından sonra Azərbaycanın keçirdiyi sosial-mədəni transformasiya böhranının əsas səbəbi ənənəvi dəyərlərin və normaların tənzimləyici rolunun azalması və ənənəvi dəyərləri əvəzləyən, lakin hələ tamamilə kök salmağa macal tapmayan universal dəyərlərin sürətlə devalvasiyaya uğraması idi. Böhranı aradan qaldırmaq, yeni dəyər /millətin birliyi/ və mənəvi-etik zəminində cəmiyyətin makrososial reinteqrasiya üsullarını tapmaq kimi ciddi problem meydana çıxmışdı. Nəticədə sosial inteqrasiyanın və makrososial tənzimləmənin əldə olunmuş səviyyəsi saxlanılmaqla, universal istiqamətlərin rolunun güclənməsinin reallaşlması başlandı.

Bəşər tarixində belə vəziyyətlər, əslində, dünyanın bütün ölkələrində baş vermişdir. Ancaq milli mənafeləri həmişə yalnız milli universal dəyərlərin üstün roluna əsaslanan yeni, modernist ideologiya müdafiə etmişdir: məsələn, XVI əsrdə İngiltərədə puritanlığın yayılmasına cavab olaraq, XVIII əsrdə Avropada Fransa inqilabının doğurduğu dəyişikliklərə cavab olaraq, XX əsrdə Sovet İttifaqından olan təhlükə ABŞ-da öz milli üstünlüklərini qorumaq üçün mühafizəkarları liberal dəyərlərin və təsisatların müdafiəçilərinə, liberalları isə klassik liberalizmin ifadəçilərinə çevirəndə belə olmuşdur. Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş I qurultayını da bu baxımdan şərh etmək olar. Millətin gücünü təkcə onun birliyi və monolitliyi deyil, həm də milli özünüdərki və mentallığı yenidən yaratmaq və qorumaq səyləri müəyyən edir. Azərbaycan Prezidenti Heydər Əliyev bizə məhz bu həqiqəti çatdırır. Ona görə də Azərbaycanın modernistlər nəslindən olan yeni siyasətçilərinin legitimliyinin ideoloji səviyyəsi rasional siyasət, mədəniyyət və təfəkkür xəttinə varislikdən ibarət olacaqdır.

Belə bir sual yerinə düşərdi – dünyada gedən qərbləşmə prosesində Azərbaycanın modernləşməsi necə olmalıdır? Qərbləşməni rədd edərək və milli “Mən”i qoruyub saxlayaraq modernləşə bilərikmi? Cavab həm sadə, həm də mürəkkəbdir. Çünki buna bənzər tarixi yolu Cənub-Şərqi Asiyanın, əslində, bütün ölkələri keçmişdir. X1X əsrdə Yaponiya intellektuallarının modernləşdirmə ideyası “qərb texnologiyası və yapon ruhu” idi. Azərbaycanda isə ən yeni dövrün /1993-cü ildən başlayaraq/ modernləşdirmə ideyası özünün çoxcəhətliliyi sayəsində səmərəli olmuşdur. İlk səviyyədə bu, o qədər də sırf ideologiya deyildi. Qlobal kontekstdə Azərbaycanın inkişafının strateji konsepsiyası rolunu yerinə yetirirdi. Modernləşdirmə ideologiyasının ikinci səviyyəsi /1996-ci ildən başlayaraq/ hakim yer tutdu, çünki o, əhalinin ən fəal hissəsinə aid idi. Bu səviyyədə liberalizm, sosializm və vətənpərvərlik prinsipləri birləşmişdi. Digər ölkələrlə müqayisədə, dünya kontekstində onlara çatmaq və regional kontekstdə onları ötüb keçmək ideyası Azərbaycanda modernləşdirmənin milli ideologiyasının özəyi oldu. Məhz bu konsepsiya 200 il ərzində ölkəmizdə tətbiq edilən “müstəmləkə şüuru” komplekslərinin aradan qaldırılmasını nəzərdə tutur. Modernləşdirmə ideologiyasının üçüncü səviyyəsi kənar amortizator rolu oynamalıdır. Yəni cəmiyyətdə antimodernist potensialı aradan qaldırmalı, ənənəçilik qalıqlarının təzahürünü neytrallaşdırmalı və deməli, ölkənin modenrləşdirmə məcrasında mərhələlərlə inkişafına obyektiv şəkildə mane olan təbəqələrə doğru səmtlənməlidir. Bu zaman başlıca vəzifə milli mədəniyyətin özgünlüyünü saxlamaqla /neokonservatizm/, iqtisadi səmərəliliyi sosial ədalətlə birləşdirərək cəmiyyətin etibarlı sosial müdafiəsini və şəxsiyyət azadlığını təmin etməklə /neoliberalizm/ Azərbaycanda ictimai və texnoloji dəyişiklikləri həyata keçirməkdir.




Yüklə 61,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin