Xx əSRİn sonu- XXI əSRİN ƏVVƏLİNDƏ yeni DÜnya nizami VƏ MİLLİ İdeya azərbaycanda siyasəT: DÜNƏN, bu gün və sabah


Azərbaycanın modernləşdirilməsi: yeni inkişaf



Yüklə 61,38 Kb.
səhifə3/9
tarix10.05.2022
ölçüsü61,38 Kb.
#57437
1   2   3   4   5   6   7   8   9
XX ƏSRİN SONU

Azərbaycanın modernləşdirilməsi: yeni inkişaf

ideologiyası

XX əsrin son 30 ilində Azərbaycanda ənənəvi cəmiyyətdə gedən modernləşdirməni səciyyələndirərkən dörd cəhəti fərqləndirmək olar. Birincisi, ənənəvi cəmiyyətin əsas ideologemləri və ənənəvi normalarının tənqidi təhlilinin baş verməsi və mərhələ-mərhələ latent (gizli) surətdə dağılması; ikincisi, ənənəvi kommunist ideologiyası dayaqlarının dağılması və prinsipcə başqa ictimai normalara uyğun gələn davranış modelinin formalaşması; üçüncüsü, əvvəlki fəaliyyət modellərinin böhranı; və nəhayət, dördüncüsü, yeni ictimai fəaliyyət modellərinin təşəkkülü prosesi, əhalinin getdikcə daha geniş təbəqələrinin bu prosesə tədricən cəlb edilməsi və cəmiyyətin yeni sosial strukturunun formalaşması idi.

1970-ci illər – 1980-ci illərin əvvəllərini əhatə edən birinci mərhələ milli dəyərlərin dirçəlişi, əhalinin rifahının yüksəlişi və təhsil səviyyəsinin artması ilə bağlı idi. Bütövlükdə götürdükdə, bütün bunlar insanların davranış modellərindəki dəyişikliklərə təsir göstərirdi. Lakin dəyişikliklər bərabər yayılmırdı, modernləşdirmə “təbəqə-təbəqə” gedirdi: ənənəvi cəmiyyətin latent surətdə dağılması ilk növbədə ölkənin sənaye mərkəzlərinin sakinlərini əhatə edir, sonra isə formasını dəyişərək, mərkəzdən əyalətlərə yayılırdı.

Transformasiyanın ikinci mərhələsi 1980-ci illərin ikinci yarısına, sovet cəmiyyətinin ideoloji dayaqlarının pozulduğu və kəskin tənqid edildiyi, “qadağan olunmayan nə varsa, hamısının” tədricən dağılmağa başladığı “yenidənqurma və aşkarlıq dövrünə” aiddir. Kooperasiya və kiçik sahibkarlıq haqqında qanunların qəbul edilməsi iqtisadi fəaliyyətin yeni modellərinin formalaşmasının bünövrəsini qoydu. Lakin bu modellər Azərbaycanda kütləvi şəkildə yayılmadı.

 

Transformasiyanın üçüncü mərhələsi 1991-ci ildə müstəqilliyin əldə edilməsi, Azərbaycan cəmiyyətinin həyata keçirilməsi baş tutmayan inkişaf “layihəsi” ilə bağlı idi. Dəyişikliklərin başlanmasına belə bir inam təkan verirdi ki, bazar iqtisadiyyatın səmərəliliyini və bunun nəticəsi kimi, əhalinin rifahının yüksəlməsini təmin edən universal mexanizm olacaqdır. Transformasiyanın bu mərhələsində siyasət və iqtisadiyyat sahəsində müsbət dəyişikliklərin insanların siyasi və sosial-iqtisadi fəaliyyət üsullarındakı dəyişikliklərlə sıx bağlılığı, əslində, dərk olunmurdu. Şəxsiyyət, fərdi səylər deyil, məhz dövlət əvvəlkitək cəmiyyət həyatının başlıca amili hesab edilirdi. Üstəlik, “hakimiyyət sahibləri”nin səriştəsizliyi ölkədə anarxiya meyllərinin güclənməsi və bir sıra bölgələrdə separatçılıq hərəkatının fəallaşması, Ermənistanın başladığı müharibə və Dağlıq Qarabağın işğalı vəziyyəti o dərəcədə kəskinləşdirdi ki, 1992-1993-cü illərdə dövlətçiliyin səmərəli inkişafı və cəmiyyətin modernləşdirilməsi imkanını, əslində, tamamilə aradan qaldırdı.



1993-cü ilin ortalarından, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra transformasiyanın dördüncü mərhələsi - Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsi və ölkənin dünya siyasətinin subyekti kimi beynəlxalq aləmdə tanınmasına gətirib çıxaran əsl demokratik dəyişikliklər mərhələsi başlandı. Yeni demokratik dövlətin əsas prinsiplərinin, vətəndaş cəmiyyəti ünsürlərinin, yeni iqtisadi sistemə, tarazlı xarici siyasətə istiqamətlənmiş dünyəvi, hüquqi dövlətin prioritetlərinin təşəkkülünün, yeni demokratik təsisatların qurulması, yeni siyasi birliklərin yaradılması, siyasi plüralizmin inkişafı və milli ideologiyanın əsas ünsürlərinin tədricən formalaşması prosesinin ağlasığmaz dərəcədə mürəkkəb şəraitdə getməsinə baxmayaraq, Azərbaycan dövlətçiliyinin milli identifikasiyasının başlıca ehkamları məhz həmin dövrdə formalaşmışdır.

Siyasi determinantlar fərdi və ictimai şüura, insanların davranışına, hərəkətlərinə mühüm təsir göstərir, bu isə öz növbəsində, dövlətin inkişaf modelinin təkmilləşməsini stimullaşdırırdı. Nəticədə, Azərbaycanda sintetik, yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf ideologiyası formalaşmağa başladı. Onu ideoloji konstruksiya baxımından araşdırsaq, zənnimizcə, bu ideologiyanı neokonservatizmə aid etmək olar. Müasir ideoloji cərəyan olaraq neokonservatizm cəmiyyətə ailənin və dinin mənəvi prioritetlərini, vətəndaşların və dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə və qarşılıqlı köməyinə, hüquqlara hörmət bəslənilməsinə, möhkəm dövlət intizamına əsaslanan sosial sabitlik təklif edir. Həmin doktrinaya uyğun olaraq, dövlət cəmiyyətin bütövlüyünün qorunub saxlanmasına, qanunçuluq və hüquq qaydası əsasında fərdlər üçün lazımi həyat şəraitinin təmin edilməsinə, vətəndaşlara siyasi assosiasiyalar yaratmaq imkanı verilməsinə, vətəndaş cəmiyyəti təsisatlarının inkişaf etməsinə çalışmalıdır. Neokonservatizm əsla o demək deyildir ki, şəxsi azadlıqlar, insan hüquqları, sərbəst iqtisadiyyat və siyasi demokratiya, xalqların öz mədəniyyətini qoruyub saxlamaq hüququ və cəmiyyətin əmək qabiliyyəti olmayan üzvlərinin sosial hüquqları kimi anlayışlar kənar edilir. Məlumdur ki, neokonservatizm həmin anlayışların universallığını qəbul edir və bu baxımdan liberalizm və sosializm ilə qovuşaraq ideoloji ahəngdarlıq yaradır.

Neokonservatorun liberaldan fərqi ondadır ki, birinci ənənəvi dəyərlərin ictimai inkişaf üçün əhəmiyyətini qəbul etdiyi halda, digəri onlara məhəl qoymur və ya, ən yaxşı halda, onlara ikinci dərəcəli əhəmiyyət verir. İslahatlar yetişmişsə və cəmiyyətin dayaqlarının möhkəmlənməsinə kömək edə bilərsə, neokonservatizm onlara tərəfdar olmaqla yanaşı, keçmişin həsrətini çəkməkdən tamamilə imtina edir və keçmişin ən yaxşı ənənələrinə söykənərək radikal islahatlar ideologiyasına çevrilir. Bu ideologiya ictimai inkişafın varisliyini qoruyub saxlayır.

Bu baxımdan liberalizmin və neokonservatizmin sintezi real sosialist və demokratik elementlərlə tamamlanan qüvvətləndirici ideologiyalar kimi, Azərbaycan üçün uğurlu ideoloji konstruksiya oldu.



Azərbaycanda mühafizəkar-liberal sistem tamamilə tarazlaşdırılmışdır, o, bir tərəfdən, güclü dövlət hakimiyyətini və hüquq qaydasını, digər tərəfdən isə iqtisadi fəaliyyət sərbəstliyini dəstəkləyir. Bu sistemdə dövlətpərəst meyllərin və dövlət təməllərinin, milli və universal elementlərin müştərək mövcudluğuna nail olunmuşdur.

Liberalizm müəyyən dinamik ruh gətirmiş, mühafizəkarlıq bu ruhu radikal sapmalardan qorumuşdur. Sosial-demokratizm isə çalışmışdır ki, eqalitar prinsiplər, yəni hüquq bərabərliyi prinsipləri unudulmasın. Heydər Əliyevin nadir dövlət idarəçiliyi qabiliyyəti ondadır ki, o, həmin ideoloji müştərəklikdən (uyğunlaşmadan və qismən də qarşılıqlı əvəzetmədən) müstəqil, demokratik Azərbaycan quruculuğunda məharətlə istifadə etmişdir.

Səciyyəvi haldır ki, müasir mühafizəkar və liberal ideologiyalar bir çox baxımdan, sadəcə olaraq, bir-birilə qovuşmuş, bununla da təriflərdə, adlarda əməlli-başlı dolaşıqlıq əmələ gətirmişlər. Təsadüfi deyil ki, bir sıra Qərb ölkələrində, eləcə də Azərbaycanda mühafizəkarlar liberal, liberallar isə mühafizəkar adlandırılır və kimin kim olduğunu anlamaqda çətinlik yaranır.

Liberalizmin neokonservatizmlə oxşarlığı bir çox Avropa ölkələrində əvvəlki “sol mərkəzçi struktur”un əvəzinə “koalisiyalı struktur”un bərqərar olmasına gətirib çıxarmışdır. Neokonservativ iqtisadi modelin əsas ideyası dövlət tənzimləməsinin sosialist və keynsiançı metodlarının səmərəsizliyindən ibarətdir. Həmin modelə görə, milli gəlirin bölüşdürülməsinin ümumi həcmində dövlət xərclərinin payının 5 faiz artırılması ümumi daxili məhsulun artım sürətini 1 faiz azaldır və müvafiq olaraq, ictimai rifahın ümumi səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır.

Məhz neokonservativ iqtisadi model sayəsində Qərb dünyası elmi-texniki inqilabın ən yeni nailiyyətlərinə uyğun olaraq struktur yenidənqurmasına istiqamət götürmüş və bu zaman solların proqram müddəalarından kəskin şəkildə fərqlənən vasitə və üsullardan istifadə etmişdir.

“Mühafizəkarlıq” məfhumu çoxlarında qorxu və vahimə hissi doğurur, çünki bu anlayış keçmiş kimi qavranılır. Halbuki, məlum olduğu kimi, mühafizəkarlıq mövcud münasibətlərin kökündən dağılmasına deyil, məhz ənənələrin qorunub saxlanmasına və dirçəldilməsinə yönəldilmişdir. Bu, ola bilsin, onunla bağlıdır ki, inkişaf ideologiyasının ayrılmaz tərkib hissəsi olan “ənənələr” anlayışının mahiyyətini heç də hamı aydın təsəvvür etmir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev partiyanın 2001-ci il noyabrın 21-də keçirilmiş II qurultayında ölkənin XX1 əsrdə inkişaf ideologiyasının forma və məzmununu dəqiq səciyyələndirmişdir: “...biz elə nəsil yetişdirməliyik ki, təkcə bizim vaxtımızda yox, bizdən sonra da onlar Azərbaycanın xətalara düşməsinə imkan verməsinlər. Onlar düz yolla, doğru yolla, milli hissiyyatlar yolu ilə getməlidirlər”.

Məhz milli hisslər, milli ənənələrə dərin sədaqət – milli eyniyyəti, özgünlüyü bərqərar etmək və qoruyub saxlamaq niyyəti, Qərb və Şərqin tarixi nailiyyətləri ilə zənginləşmə əsasında cəmiyyətin modernləşdirilməsi, güclü və müstəqil Azərbaycan qurmağa qadir milli çoxluğun formalaşdırılması son səkkiz il ərzində həyata keçirilən möhkəm və uğurlu dövlət quruculuğunun rəhnidir. Bütün bunlar isə neokonservatizm deməkdir.

Bizim etiraf edib-etməməyimizdən asılı olmayaraq, Azərbaycanda istər siyasətə, istərsə də iqtisadiyyata nüfuz etmiş neokonservatizm ideyası elə bir quruluşun sisteminə çevrilmişdir ki, bu quruluşda vətəndaşın və ya bir qrup şəxsin yeri konkret korporasiyaya, yəni iyerarxiya tipli qapalı təşkilata - müasir istehsal-kommersiya təşkilatına, yaxud siyasi partiyaya mənsubiyyəti ilə müəyyənləşmişdir. Bütün korporasiyaları birləşdirən ali qüvvə, hətta demək olar, “müqəddəs” qüvvə dövlətdir. Mühafizəkarlıq bərabərliyə deyil, cəmiyyətin elə bir vəhdətinə çalışır ki, orada hər bir şəxsiyyət müəyyən yüksək nizamın iştirakçısı olsun. Burada şəxsiyyət müstəqil deyil və müəyyən mənada “azad deyildir”, çünki şəxsiyyətin azadlığı onun dövlət qarşısında üzərinə düşən məsuliyyəti ilə bağlıdır. Bu ideologiya transformasiya dövrünü yaşayan cəmiyyətlərə çox yaxşı uyğundur, belə ki, güclü dövlət olmasa, cəmiyyət anarxiyanın hökmü altında qala bilər. Yaxın keçmişin – 1988-1993-cü illərin tarixi nümunəsi buna aşkar sübutdur.

Bununla yanaşı, məlumdur ki, indi dünya nizamı və cəmiyyətin tələbatı başlıca olaraq liberalizmin əsaslarına söykənir. Ona görə də çoxları neokonservativ ideologiyanı fərdi azadlığı boğmaq vasitəsi hesab edə və ya onu fromsayağı “azadlıqdan qaçmaq” kimi qavraya bilər. Bu cür təfəkkür forması problemə bəsit münasibətin nəticəsidir. Praktikada, həyatda isə hər şey daha mürəkkəbdir.

Liberalizm dövlətə tənqidi münasibəti, vətəndaşların yüksək siyasi məsuliyyəti prinsiplərini, dini dözümlülüyü, plüralizmi, konstitusionalizm ideyasını üstün tutur. İqtisadiyyatda dövlət idarəçiliyinin möhkəmləndirilməsi və sosial məqsədlərin rolunun artması başqa bir tarixi formanı – liberalizmin ənənəvi dəyərlərini müasir dövrün iqtisadi və siyasi reallıqlarına uyğunlaşdırmış neoliberalizmi meydana gətirmişdir. Neoliberalizmdə ədalətlilik siyasi sistemin ən mühüm məziyyəti elan olunur, hökumətlər isə mənəvi prinsiplərə və dəyərlərə istiqamətlənir.

Neoliberalizm dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin plüralist formalarına üstünlük verir. Tanınmış nəzəriyyəçi C. Rouls “Ədalət nəzəriyyəsi” kitabında bərabərlik problemini, özü də siyasi bərabərlikdən çox sosial bərabərlik problemini liberal doktrinada ön sıraya çəkmiş, bununla da həmin ideologiyanı sosial-demokratiyanın əsas fəlsəfi müddəalarına yaxınlaşdırmışdır.

“Xalis” liberalizm olmadığı kimi, “xalis” mühafizəkarlıq da mövcud deyildir. Hər şey onları təşkil edən elementlərin üstünlüyündən asılıdır. Ona görə də Prezident Heydər Əliyevin dövlət idarəçiliyi dövründə yeritdiyi siyasətin başqa bir üstün tərkib hissəsinin liberal ideologiya olması əsla təsadüfi deyildir. Bu ideologiya sadəcə, mücərrəd azadlığın bərqərar edilməsi olmayıb, həm də bir sıra xüsusi şərtlər – vətəndaşa məxsus olan “təbii” siyasi hüquqların və mülkiyyətçi hüquqlarının nəticəsi kimi onun azadlıqlarını irəli sürdü. Çünki liberalizm rasional surətdə başa düşülən və digər fərdlərin ancaq bu cür analoji mənafeləri ilə məhdudlaşdırılan mənafelərini güdən müstəqil vətəndaşın mövcudluğuna əsaslanır. Başqa sözlə, fransız politoloqu Rutyenin təbirincə desək, “liberal dövlət elə bir dövlətdir ki, burada avtomobilçilər istədikləri yerə getməkdə azaddırlar, bu şərtlə kı, yol hərəkəti qaydalarına hörmət etsinlər”.

Bizim anlamımızda, mühafizəkarlıq kimi, liberalizm də qərbləşmə ideologiyası və fəlsəfəsidir, yəni burada siyasət ictimai həyatın tərkib hissəsinə çevrilir. Siyasi fəlsəfə tarixində onlar bir-biri ilə qırılmaz surətdə bağlıdırlar.

Müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətini müəyyənləşdirmək olduqca aktual problemdir. Lakin onun başqa bir cəhəti, daha doğrusu, milli həyatda mühafizəkarlıqla liberalizmi, demokratizmlə sosializmi qarşılıqlı surətdə bağlayan və tamamlayan elementlərin aydınlaşdırılması heç də az əhəmiyyətli deyil, bəlkə daha əhəmiyyətlidir. Bütün bu dörd ideoloji cərəyanın müstəqil Azərbaycanın təşəkkülündə əslində eyni dərəcədə mühüm rol oynaması aşkardır və xüsusi sübutlar tələb etmır. Əgər bütün dörd ideologiyanın əsas tutduğu üstünlükləri maksimum qısa şəkildə müəyyənləşdirməyə çalışsaq, onda aydın olar ki,liberalizm mülkiyyət hüququna, sosializm istehsalın nəticələrinin bölgüsünə, demokratizm özünüidarəyə, mühafizəkarlıq isə normativ qaydaya üstünlük verir.

Liberalizm və sosializm özlərini, ilk növbədə, iqtisadiyyat sahəsində büruzə verir. Demokratizm daha çox siyasətə və hüquqa, mühafizəkarlıq ən əvvəl mənəviyyata və hüquqa müraciət edir. Özü də yuxarıda şərh edilmiş ideoloji cərəyanların ümumən cəmiyyət üçün və xüsusən fərdlər üçün süarı belədir: sosializm – Ümumi bərabərlik, demokratizm – Tam hüquqlu üzvlük, liberalizm – Fərdi azadlıq, mühafizəkarlıq – Ənənəvi birlik. Doğrudur, bu şüarlar ümumi mənzərəni xeyli bəsitləşdirir, buna görə də onlardan çox ehtiyatla istifadə etmək lazımdır.

Zənnimizcə, yeni minillikdə dövlətçiliyin inkişafının milli siyasi fəlsəfəsini güclü, hüquqi və demokratik dövlət quruculuğunun tərkib hissələrini təşkil edən üç determinant – milli ideya, şəxsiyyət və millətin məqsədyönlülüyü mövqeyindən nəzərdən keçirmək lazımdır. Azərbaycanın XX1 əsrdə necə olacağı amilini məhz həmin cəhətlər irəlicədən müəyyənləşdirir.

Son bir neçə il ərzində Heydər Əliyevin siyasəti sayəsində yenidən dirçəldilmiş Azərbaycan cəmiyyətinin ideoloji struktrunun belə qısa annotasiyasını əsas götürərək, milli siyasi reallıqlara qayıdaq və milli siyasi mənzərəni yenidən qurmağa çalışaq. Məsələ bundadır ki, zəmanəmiz suallar zəmanəsidir və bu sualların cavablarını əsasən yeni siyasətçilər nəsli - siyasi xətti və iqtisadiyyatın sərbəstləşdirilməsini davam etdirməyə, ənənələrin və təməllərin varisliyini qoruyub saxlamağa, cəmiyyətin qərbləşməsini məqbul səviyyəyə çatdırmağa qadir modernist siyasətçilər nəsli verəcəkdir.

Alman sosioloqu Maks Veber peşə seçimi olaraq siyasətçilər və siyasət barədə düşüncələrində təkcə iradəni, ağılı, ehtirası, borc hissini, xarakteri deyil, həm də fəhmi, “reallıqların təsirinə daxili mütəşəkkilliklə və sakitliklə uyğunlaşma bacarığı”nı “siyasətçinin həlledici psixoloji keyfiyyəti” hesab edirdi. Axı məhz real vəziyyətə xüsusi hisslə nüfuz etmək bacarığı dövlət idarəçiliyi strategiyasının işlənib hazırlanmasına və lazımi anda düzgün qərar qəbul olunmasına kömək edir. Bu cür siyasətçilər həmişə öz diqqətini siyasətçinin əsas və real silahdaşı olan cəmiyyətə yönəldərək, onu yeni siyasi məkana cəlb edir və formalaşmış siyasi xəttin varisliyinə müsbət təsir göstərirlər. Nəticədə yeni siyasi paradiqma (yeni siyasi məkan, yeni siyasi təfəkkür, yeni siyasi mədəniyyət) yarana bilər ki, onun da əsasını, çox güman, qarşıdakı prezident seçkiləri təşkil edəcəkdir.

Ehtimal etməyə əsas var ki, 2003-cü ilin seçkiləri milli siyasətin hüdudlarını genişləndirəcəkdir. Ola bilsin ki, qarşıdakı seçkilər əvvəlki seçkilərdən təkcə siyasi vəziyyətlə deyil, ölkənin siyasi inkişaf mərhələsi ilə də fərqlənəcəkdir. Başqa sözlə desək, prezident seçkiləri gənc Azərbaycan demokratiyası üçün növbəti kamillik imtahanı olacaq və yeni minillikdə Azərbaycanın necə olacağını müəyyənləşdirəcəkdir.

Yeni dövr başlanır. Amma necə bir dövr? Bu suala Prezident Heydər Əliyevin son illər ərzində ölkədə yaratdığı, cəmiyyətin və milli siyasi məkanın maraqlarına və tələblərinə uyğun olmayan paradiqmaları aradan qaldıracaq siyasi və iqtisadi vəziyyət cavab verəcəkdir. Ölkənin siyasi inkişafının indiki mərhələsi göstərir ki, siyasi məkanda yer tutmaq uğrunda mübarizə həmişəkindən daha kəskin olacaqdır. Seçkiqabağı mübarizədə iştirak bir çox müxalifətçilər üçün özlərinin cəmiyyətdəki mövqelərini qoruyub saxlamaq və ya yaxşılaşdırmaq məqsədi deyil, partiyada tam hakimiyyət uğrunda və öz siyasi gələcəyi uğrunda amansız çarpışmada duruş gətirmək məqsədi daşıyacaqdır.

Qüvvələrin sınaq dövrü sona yetmişdir, ölkənin siyasi quruluşunu təkmilləşdirmək, yeni şəraitdə milli ideologiyanı formalaşdırmaq prosesindən, iqtisadiyyatı modernləşdirməyin səmərəli yollarının axtarışından, habelə şəxsiyyətin və dövlətin mənafelərinə cavab verən siyasətin işlənib hazırlanmasından və həyata keçirilməsindən söhbət gedir.

 


Yüklə 61,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin