Əmək gigiyenası və istehsalat sanitariyası haqqında anlayış Əmək gigiyenası əmək prosesinin və istehsalat mühitinin insanın işgüzarlığına və sağlamlığına təsirini öyrənən elmdir. Əmək qiqiyenasının əsas məqsədi zəhmətkeşlərin sağlamlığının təmin olunmasına və onlar üçün ən əlverişli əmək şəraiti yaradılmasına yönəldilmiş sanitariya-gigiyena və müalicə-profilaktika tədbirlərini hazırlamaqdan ibarətdir. Əməyin gigiyenası əməyin təşkilini, istirahəti onun forma və üsullarını, əmək fəaliyyəti prosesində orqanizmin vəziyyətini, işçinin hərəkətlərinin xarakterini və xüsusiyyətini, iş vaxtı insan bədəninin vəziyyətini, əmək alətləri və vasitələrinin, işlədilən xammalın, prosesin texnologiyasının, istehsalat mühitinin fiziki, kimyəvi və bioloji amillərinin, əmək proseslərinin və mühitin müxtəlif şəraitinin işçiyə fizioloji təsirini öyrənir. Əmək gigiyenası sahəsində aparılan tədqiqatlar nətiçəsində istehsalat prosesləri və avadanlığının layihələrinə verilən gigiyenik tələblər, gigiyenik norma və qaydalar, şəxsi gigiyena tədbirləri, əmək və istirahətin səmərəli təşkili üzrə təkliflər hazirlanib həyata keçirilir.
İstehsalat sanitariyası işçilərə zərərli istehsalat amillərinin təsirinin qarşısını alan təşkilatı, gigiyenik və sanitariya-texniki tədbirlər sistemidir. Istehsalat sanitariyası aşağıdakı məsələləri həll edir.
1. İstehsalat mühitinin müxtəlif amillərinin optimal nisbətlərinin təyin edilməsi.
2. Hər bir zərərli istehsalat amili ücün buraxıla bilən normaların təyin edilməsi, onların qanuniləşdirilməsi və düzgün tətbiqinə müntəzam nəzarət olunması.
3. Həm işçinin özü, həm də ətrafdakılar üçün işin təhlükəsiz aparılmasının təmin edilməsi.
4. Elm və texnikanın müasir nailiyyətləri əsasında əməyin sağlamlaşdırılması üçün konkret tədbirlərin tərtib edilməsi.
5. İşləyənləri istehsalatın əlverişsiz amillərindən qorumaq üçün texniki vasitələrin tətbiqi və onların təsirini azaltmaq üçün təşkilati-profiliktik tədbirlərin görülməsi.
6. Əmək şəraitinin sağlamlaşdırılması üçün planlaşdırılan və görülən tədbirlərin səmərəliliyinin təyini üsullarının işlənib hazırlanması.