2.Nəqliyyat Sektoru
Azərbaycanda nəqliyyat sektoru son enerji istehlakına görə ev təsərrüfatlarından sonra ən böyük paya sahibdir. Bu sektorda yük daşıması və enerji istehlakı son illərdə kəskin artmışdır. Bunun da əsas səbəbi Bakı-Ceyhan neft kəmərinin istifadəyə verilməsi olmuşdur. 2000-2011-ci illər ərzində yük daşımasının dinamikası aşağıdakı diaqramda verilmişdir. Hal hazırda yük daşımasının 70-75%-i boru kəmərinin payına düşür, bu rəqəm 2006-cı ildə 5-6% təşkil edirdi. Avtomobillə, dəmir yolu ilə və dənizlə yük daşıması ümumi yük daşımasının müvafiq olaraq 11-12%, 8-9% və 4-5%-ni təşkil edir.
2000-2011-ci illər ərzində sərnişin daşınmasında demək olar ki, sabit artım müşahidə olunur. Sərnişin daşıması 80% avtomobil, 9% hava, 8% metro, 3% dəmir yolu ilə həyata keçirilir. Avtomobil nəqliyyatı üzrə sərnişin daşınmasında isə avtobus və taksilərin payı müvafiq olaraq 95% və 5%-ə bərabərdir.
Enerji istehlakında ən böyük pay avtomobil benzininə məxsusdur. Enerji istehlakında digər yerləri isə dizel yanacağı, ağ neft tipli reaktiv mühərrik yanacağı, elektrik enerjisi, mayeləşdirilmiş neft qazları və yanacağın sair növləri tutur.
Enerji istehlakında əsas payı avtomobil benzini tutduğundan Azərbaycanda nəqliyyat sistemində enerji səmərəliliyini artırmaq üçün avtomobillərlə bağlı digər göstəriciləri tədqiq etmək və bu sahədəki problemləri aradan qaldırmaq lazımdır. Azərbaycanda nəqliyyat sektorundakı problemlərdən bəziləri aşağıdakılardan ibarətdir:
• Azərbaycanda istifadə olunan avtomobillərin yaşı xeyli çoxdur və enerji səmərəliliyi aşağıdır;
• Şəxsi avtomobillərin sayı sürətlə artır və nəticədə ictimai nəqliyyatdan şəxsi avtomobillərə keçid artır;
• İctimai nəqliyyat sistemindəki problemlər;
• Əhali enerji səmərəli nəqliyyat vasitələrindən istifadəyə maraqlı deyil və istehlakçılar qeyri-səmərəli avtomobillərə daha çox meyl edirlər.
Azərbaycanda istifadə olunan şəxsi avtomobil sayı 2002-ci ildə təxminən 350 minə bərabər olmuşdusa, bu rəqəm 2011-ci ildə bu rəqəm 850 mini keçmişdir. Qeyd olunduğu kimi şəxsi avtomobillərlə bağlı əsas problemlərdən biri ölkədə istifadə olunan avtomobillərin əksəriyyətinin yaşının çox olması və enerji istehlakına görə qeyri-səmərəli olmasıdır. Azərbaycanda istifadə olunan avtomobillərin əksəriyyəti MDB ölkələrinin istehsalıdır və bu avtomobillər Avropa, Şərqi Asiya və Amerikada istehsal olunan avtomobillərə nisbətən qeyri-səmərəlidir. Məlumat üçün qeyd edək ki, Rusiya istehsalı olan 1,3-1,5
litr mühərrikli VAZ və QAZ markalı avtomobillər Avropa istehsalı bənzər avtomibillərə nisbətən 1,5 dəfə daha çox enerji istehlak edir.
Dostları ilə paylaş: |