XAQANİ, 25
Yetmiş ildir ki,Azərbaycan Yazıçılar təşkilatı Xaqani küçəsində,25 nömrəli evdə
yerləşir.
Xaqani küçəsi Bakının mühüm özəlliklərə malik küçəsidir.Məhz bu küçədə bir
neçə Yaradıcılıq İttifaqı,bir neçə mədəniyyət ocağı fəaliyyət göstərir.
Xaqani küçəsinin o başında - Rəsul Rza və Nigar Rəfibəyli küçələri kəsişdiyi
yerdə məşhur Kitab passajı yerləşir.Mən bu kitab pasajının üstündəki evin üçüncü
mərtəbəsində, atamın mənzilində böyümüşəm və ilk kitabları da aşağıdakı dükandan
almışam.
Xaqani küçəsinin bu başından o başına gedən yol - müyyən mənada elə mənim
ömür yolumdur.Kitab passajından bir tin o yana Xaqani küçəsində Səməd Vurğun adına
Rus Dram Teatrı yerləşir. Bu teatrda mənim iki pyesim tamaşaya qoyulub.Teatrla bitişik
binada,indi İraq səfirliyi olan binada,vaxtilə Memarlar İttifaqı yerləşirdi. 1967-ci ildə
«Qobustan» toplusu yaradıldı və mən onun baş redaktoru təyin olundum. Memarlar
İttifaqı redaksiyamızı qonaqpərvərliklə qəbul etdi,işləməyimiz üçün iki otaq ayırdı.
Bu binayla üzbəüz Teatr Xadimləri İttifaqı və Aktyor evi yerləşir.Sonralar
«Qobustan» redaksiyası Aktyor evinə köçdu,bir müddət sonra isə mən Teatr cəmiyyəti(
o vaxt belə adlanırdı) sədrinin birinci müavini seçildim.
Xaqani küçəsiylə bir tin də getsək Rəssamlar İttifaqının qarşısına gələcə-yik.
Yazıçılarla rəssamlar arasında sıx dostluq əlaqələri var,tez-tez bir-birimizin
tədbirlərində iştirak edirik. Eynilə Xaqani küçəsi 27 nömrəli binada yerləşən,qapı
qonşumuz Bəstəkarlar İttifaqıyla da mehriban münasibətlərimiz var. Azərbaycan
bəstəkarlarının bir çox mahnıları,opera və operettaları şairlərimizin, yazıçılarımızın
iştirakıyla yaranıb. Bəstəkarlar İttifaqına bitişik bina M.F.Axundzadə adına Dövlət
kitabxanasıdır.Buradakı
zəngin kitablıqda
bizim
əsərlərimiz
da
qorunub
saxlanılır,oxuculara çatdırılır. Burada oxucularla görüşlərdə,ayrı-ayrı tədbirlərdə
yazıçılar fəal iştirak edir.
Sözümün canı isə əlbəttə Xaqani küçəsində 25 nömrəli evdə yerləşən Yazıçılar
Birliyidir.Bu il təşkilatımız yaranmasının 75 ilini qeyd edir.Bu yetmiş beş ilə nəzər
salanda Yazıçılar İttifaqının tarixində şərəfli,qürur doğuracaq səhifələrlə yanaşı,
uğursuz illərin acıları da yada düşür.Şükür ki, 37-ci ilin o amansız,qəddar toplantıları bu
binada keçirilməyib.Doğrudur,sonrakı illərdə də burada qalmaqallı iclaslar az
olmayıb.Yadımladır,hələ Yazıçılar İttifaqında işləmədiyim vaxtlarda buradaki bir
toplantıda çıxış edərək demişdim ki, mənim dünyada qorxduğum bir yer varsa,o da
Yazıçılar İttifaqının bu Natəvan klubudur.Çünki yeniyetməlik dövründən burada
keçirilən iclaslara gələrdim vü burada KİMLƏRİN KİMLƏR haqqında NƏLƏR
dediyini yada salanda,doğrudan da vahimələnirsən.
Amma nə olur olsun,əsəb gərginliyi də,yersiz didişmələr də, bir-birinə atılan
daşlar da zaman keçdikcə unudulub gedir, yalnız həqiqi ədəbi meyyarlar və ədəbi
dəyərlər qalır. 1991-ci ildən etibarən Birlik adlanın Yazıçılar İttifaqının fəaliyyətində
hər halda işıqlı cəhətlər qaranlıq məqamlardan qat-qar çoxdur.Sover dövründə ən
nüfuzlu
ictimai
təşkilat
kimi
Yazıçılar
İttifaqı
hər
zaman
dilimizin,mənəviyyatımızın,milli varlığımızın keşiyində durub, xalqımızın mühüm
taleyüklü məsələləri meydana çıxanda ən gur səslənən yazıçı sözü olub.1990-1991-ci
illərdə Azadlıq meydanına gedən yollar bir çox hallarda Yazıçılar ocağından başlanır.O
illər Xalq hərəkatının önündə ilk növbədə Azərbaycan yazıçıları gedirdilər.Amma
ondan qabaqki illərdə də xalqın milli şüurunun yetkinləşməsində, həqiqi mənəvi
dəyərləri mənimsəməsində şeirimizin, nəsrimizin, dramaturgiyamızın, tənqidimizin
müstəsna rolu var. Unudulmaz Öndərimiz Heydər Əliyev çıxışlarında bu cəhəti dönə-
dönə qeyd edib.
Çox çətin vaxtlarda Yazıçılar təşkilatına rəhbərlik edən insanların xidmətlərini
unutmaq olmaz.Mən onların adlarını hörmət və ehtiramla çəkirəm: Məmmədkazım
Ələkbərli,Seyfulla Şamilov,Səməd Vurğun,Rəsul Rza,Süleyman Rəhimov,Mirzə
İbrahimov,Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı…
1987-ci il iyunun 18-də Yazıçılar İttifaqının plenumunda mən təşkilatın rəhbəri
seçiləndən sonra iş kabinetimdə İttifaqa müxtəlif illərdə rəhbərlik etmiş bu doqquz
yazıçının portretləırini asdım.Onların yanında bir portret də asılıb - 1993-cü ildən
Birliyin Birinci katibi vəzifəsini icra edən,vaxtsız itirdiyimiz əziz dostumuz,gözəl
yazıçımız Yüsif Səmədoğlunun portreti.
Bu gün yazıçılar Birliyinin Birinci katibi vəzifəsini başqa bir istedadlı
sənətkarımız,Xalq şairi Fikrət Qoca icra edir, Onunla və Yazıçılar Birliyinin digər üç
katibi - Arif Əmrahoğlu,Çingiz Abullayev,Rəşad Məcidlə,sədrin müavini Nazim
İbrahimovla - bəziləriylə uzun illər,bəziləriylə son illər tam anlaşıqlıq və səmimi
əməkdaşlıq şəraitində işləyirik.
Yazıçılar Birliyinə rəhbərlik etdiyim 22 il həm mənim tərcümeyi halımda, həm də
Yazıçılar Birliyinin tarixində yəqin ki,ən çətin illər idi.Bu illər ərzində biz bir-biriylə
daban-dabana zidd olan, iki çox fərqli ictimai quruluşda yaşadıq və fəaliyyət göstərdik -
Sovet sistemində və Azərbaycanımızın müstəqilliyi dövründə. Kökündən dəyişən
ictimai-siyasi anlayışlar,iqtisadi durum,mənəvi iqlim şəraitində Yazıçılar Birliyinin
yaradıcı təşkilat kimi sifətini və bütövlüyünü qoruyub saxlamağa çalışdıq və buna nail
olduq. Qarabağ məsələsi ortaya atılan kimi buna qarşı ilk etiraz səsini qaldıran ictimai
təşkilat Yazıçılar Birliyi oldu.O vaxtki mərkəzə- Moskvayaölkə rəhbərliyinə
göndərdiyimiz məktublar, müraciətlər, Azərbaycan, Moskva, Türkiyə televiziya
kanallarıyla çıxışlarımız, Respubilka, Rusiya,Türkyiə, bəzi Avropa ölkələri mətbuatında
çap etdirməyə nail olduğumuz yazılarla Azərbaycanın haqq səsini dünyaya çatdırmağa
çalışırdıq və xalqımızı ayıq-sayıq olmağa çağırırdıq.Xalq o vaxtki iqtidardan əlini
üzəndə yolunu Yazıçılar Birliyinə salırldı. Gündə neçə-neçə qaçqını,köçgünü qəbul
edir,onların problemlərini imkanlarımız daxilində həll etməyə cəhd göstərirdik, bir
qismini Şüvəlandakı Yaradıcılıq evində yerləşdirirdik.
Kommunist partiyasından başqa heç bir siyasi partiya fəaliyyət göstərmədiyi
illərdə Yazıçılar Birliyi siyasi məsələlərə fəal müdaxilə etməyi də öz boynuna
götürmüşdü.1990-cı ilin Qanlı yanvar müsibəti haqqında, Xocalı faciəsi haqqında
Moskva mətbuatı vasitəsiylə dünyaya car çəkən də Azərbaycan Yazıçılar Birliyi oldu.
Hazırki dövrdə siyasi partiyaların fəaliyyt göstərdiyi,müxtəlif ictimai qurumların
bolluğu,mətbuat və söz azadlığı dövründə Yazıçılar Birliyi xalqımızın taleyüklü
problemlərindən yayınmadan əsas diqqətini yaradıcılıq məsələlərinə yönəldir.Yazıçılar
Birliyi öz üzvlərinə də onların partiya mənsubiyyəti və siyasi əqidələri baxımından
deyil,yaradıcılıq nöqteyi-nəzərindən yanaşır.Yəqin elə buna görə də Moskvanın,
Rusiyanın, əksər keçmiş sovet respublikalarının Yazıçılar təşkilatlarından fərqli olaraq
bizim Birliyimiz dağılmadı, parçalanmadı, bölünmədi, əmlakını hərraca çıxarmadı.
Əgər sovet dövründə dörd filialımız( o cumlədən erməni yazıçılarının Dağlıq Qarabağ
filalı) vardısa indi Azərbaycanın bütün bölgələrini,o cümlədən Qarabağı əhatə edən on
bir filialımız var, Naxçıvan filialı Yazıçılar Birliyi stutusu alıb. Moskvada, Borçalıda,
İstanbulda şöbələrimiz fəaliyyət göstərir.
Mədəniyyət nazirliyiylə şərikli orqan olan «Ədəbiyyat və incəsənət» qəzeti indi
yalnız Yazıçılar Birliyinin orqanı - «Ədəbiyyat qəzeti»dir.Son zamanlar «Ədəbiyyat
qəzeti»nin bazasında rus dilində aylıq «Mir literaturı» qəzeti də nəşr olunur.Əvvəllər
yalnız Mədəniyyət Nazirliyinin orqanı olan «Qobustan» toplusu indi ancaq Yazıçılar
Birliyinin nəşridir.Ənənəvi «Azərbaycan», «Literuturnı Azərbaycan», «Ulduz»
jurnallarına «Qobustan»dan başqa «Dünya ədəbiyyatı», «Körpu», «Mütərcim» topluları
da əlavə olunub.Azərbaycan Yazıçılar Birliyinin israrlı və inadlı səyləriylə Yazıçılar
Birliyi nəzdində Tərcümə və ədəbi əlaqələr Mərkəzi yaradıldı. Mərkəzin ilk sədri
görkəmli alim və tənqidçi, rəhmətlik Aydın Məmmədov Mərkəzin işini Yazıçılar Birliyi
rəhbərliyiylə qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində qurmuşdu. Mərkəz dünya
ədəbiyyatının bir çox örnəklərini orijinalın dilindən çevirir,ayrıca kitablar şəklində və ya
«Xəzər» toplusunda nəşr edir.
Birliyimiz Rusiyanın, Tükiyənin, Ukraynanın, Gürcüstanın, Polşanın,
Rumıniyanın yazıçı təşkilatlarıyla əlaqələr saxlayır, qarşılıqlı nəşrləri təşkil
edir.Moskvanın «Drujba narodov» jurnalı, heç sovet dövründə də baş tutmamış
təşəbbüsdə bulundu- bir nömrəsini bütünlüklə Azərbaycan ədəbiyyatına həsr
etdi.Azərbaycan Yazıçılarının əsərləri Türkiyənin müxtəlif jurnallarında dərc olunur,
kitablarımız qardaş ölkədə nəşr edilir. Azərbaycanda da bir çox Türk yaşıçılarının
kitabları Yazıçılar Birliyinin təşəbbüsüylə və maliyyə yardımıyla çap olunub.Son
illərdə Yazıçılar Birliyi Nazım Hikmətə,Çingiz Aytmatova həsr olunmuş kitabları,rus
dilində üç cildlik Azərbaycan şeiri antologiyasını və başqa samballı nəşrləri meydana
çıxarmışdır.Azərbaycan yazıçıları müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edir və bir
sıra xarici yazıçıları Azərbaycana dəvət edirik. Nizamnaməmizə son qurultaylarda
edilən əlavəyə görə dünyanın bir sıra ölkələrinin görkəmli yazıçıları o cumlədən Çingiz
Aytmatov, Oljas Suleymenov, Cavad Heyət Birliyimizin fəxri üzvü seçilmişlər.
Birliyimizin ilk fəxri üzvu isə Ümummilli liderimiz Heydər Əliyev oldu.Sovet
dönəmindən sonra və 1993-cü ilə qədər təşkilatımız maddi baxımdan çox çətin dövrlər
yaşadı. Binamızın Birinci mərtəbəsini icarəyə verərək jurnallarımızı, qəzetmizi saxlaya
bildik.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Yazıçılar Birliyinin özü
də,onun ədəbi orqanları da dövlət büdcəsinə qəbul edildi və beləliklə ədəbi
mətbuatımız,deməli ədəbiyyatımız və dolayısıyla ədəbi dilimiz xilas olundu. Əvvəlki
qurultaylarda iştirak edən Heydər Əliyevi vəzifə başında olmayanda da 1X
Qurultayımıza dəvət etdik və o, qurultayda iştirak etdi.1997-ci ildə X qurultayımızda
Azərbaycanın Prezidenti kimi çıxış edən Heydər Əliyev bu faktı minnətdarlıq hissiylə
xatırlayırdı.Heydər Əliyevin Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilməsində
onun illər boyu ədəbiyyat məsələləri haqqında,ayrı-ayrı klassik və müasir
yazıçılarımızın yubileylərində etdiyi dəyərli çıxışları və məruzələri də nəzərə alınırdı.
Ulu öndərimizin yolunu layiqli şəkildə davam etdirən hörmətli prezidentimiz
İlham Əliyev də yazıçıların və Yazıçılar Birliyinin problemlərinə daima böyük diqqətlə
və qayğıyla yanaşır.Təklifimizlə Tərcümə Mərkəzinin büdcəyə salınması, binamızın
əsaslı şəkildə təmir olunması, 70 nəfər yazıçıya,o cümlədən 20 gəncə təqaüdlər
verilməsi bu diqqətin və qayğının bariz örnəyidir.
Gənclərlə işi Yazıçılar Birliyi fəaliyyətinin ən mühüm sahələrindən biri sayır. X
və X1 qurultaylarda Birliyin gənclər üzrə katibləri seçildilər,Yazıçılar Birliyində Elçin
Hüseynbəylinin rəhbərliyi ilə Gənclər şurası yaradıldı, «Ulduz» jurnalı bütünlüklə
gənclərin ixtiyarına verildi.
Aydın dərk edirik ki,gənclər ədəbiyyatımızın gələcəyidir. Bu gələcəyin necə,nə
qədər sağlam və xalq üçün gərəkli olması isə əhəmiyyətli dərəcədə bizlərdən -yaşlı
nəslin nümayəndələrindən asılıdır.Biz bu missiyanı layiqincə yerinə yetirməyə çalışırıq.
Xaqani 25…Əvvəllər İttifaqın sıravi üzvü kimi gəlib getdiyim bu binaya son 22 il
ərzində məsul vəzifə sahibi kimi gəlirəm.Neçə nəsil böyük yazıçılarımızın ruhu yaşayan
bu binanın pilləkanlarıyla qalxarkən düşünürəm ki, divarlar,daşlar insan ömründən
etibarlıdır.Bizdən əvvəlkilər getdiyi kimi,bir gün biz də gedəcəyik və bizdən sonra
gələnlər də gedəcək.
Bina isə qalacaq.Yalnız memarlıq abidəsi kimi yox,mənəviyyat ocağı kimi
nəsillərlən nəsillərə keçəcək.Nəsil- nəsil insanların görüşdüyü,bəzən sevindiyi, bəzən
incidiyi,bəzən küsdüyü,bəzən barışdığı bir məkan kimi ömür sürəcək. Xaqani 25
nömrəli ev də şəhərimizin tarixi yerlərindəndir və bu ünvan daima ədəbiyyatımızın
müqəddəs məbədi kimi yaşıçların adıyla bağlı yaşayacaq.
Dostları ilə paylaş: |