Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 4.05 Mb.

səhifə1/44
tarix23.12.2016
ölçüsü4.05 Mb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   44

ANAR 

 

 

 

 

 

 

 

ƏSRİN ƏSİRİ 

 

 



 

İctimai-siyasi mövzularda yazılar, müxtəlif sənədlər  

 

Tərtib edənlər:  



Əmin Əfəndiyev, Zakirə Əliyeva 

 

  

 



Üz cildində Anarın portretini  

Tahir Salahov çəkmişdir. 

 

 

KİTABIN İMİNDƏKİLƏR: 

 

Yazıçı Anar haqqında payız düşüncələri 



(Cəmil Həsənli) 

Moskvada Anarın 70 illiyində çıxışından 



(Əhməd İsgəndərov) 

Ankarada Anarın 70 illiyində çıxışından 



(Namik Kamal Zeybək) 

Mövqe 


İctimai-siyasi çıxışlar 

Unudulmazlar 

Doğma yerlərdə 

Qarabağ faciəsi və siyasi olaylar 

Vicdan borcu 

Bəyanatlar, təkliflər, məktublar 

Qurama 

 

 



Bu  -  xalq  yazıçısı  Anara  aid  tərtib  etdiyimiz  ikinci  kitabdır.  «Anar.  Ömür  yolu. 

Yaradıcılığı»  adlı  iki  cildlik  bio-biblioqrafik  soraq  kitabında  yazıçının  ömrünün 

məqamları,  ona  aid  geniş  biblioqrafiya,  filmoqrafiya,  teatr  tamaşaları  haqqında 

məlumatlar, veblioqrafiya, ölkəmizdə və xaricdə Anar haqqında deyilmiş və yazılimış 

fikirlər, ona ünvanlanmış təbriklər və məktublar toplanmışdır. Bu kitabda isə yazıçının 

ictimai-siyasi  fəaliyyətiylə  bağlı  yazıları,  çıxışları,  məktubları,  müraciətləri  və  başqa 

sənədlər  vasitəsilə  onun  vətəndaşlıq  mövqeyiylə  tanış  oluruq.  Şərhlər  yazıçının  özü 

tərəfindən  tərtib  edilmişdir.  Bölümlərin  sistemləşdirilməsi,  materialların  ardıcıllığının 

müəyyənləşdirilməsi,  düzümü  də  Anarın  təklifləri  nəzərə  alınaraq  və  onun  fəal 

iştirakıyla  edilmişdir.  Kitabın  «Qarabağ  faciəsi»  bölümündə  Anarın  ölkəmizə  erməni 

təcavüzüylə  bağlı  yorulmaz  fəaliyyəti,  «Vicdan  borcu»  bölümündə  yazıçının  həbs 

olunmuş  adamların  taleləriylə  bağlı  qayğıları  və  hərəkətləri  sənədlər  vasitəsiylə  əks 

edilmişdir.  «Qurama»  bölümü  Anar  şəxsiyyətini  ən  müxtəlif  bucaqlardan  işıqlandırır. 

Zənnimizcə  bu  kitab  Xalq  yazıçısının  vətənpərvər  və  humanist  şəxsiyyətini  ən  geniş 

şəkildə əks etdirən zəngin bir məxəz kimi qəbul edilə bilər. 

 

Tərtibçilər 

 

 

 


MƏN 

 

Əsrimin əsiriyəm 

Mən əsrimin əsəriyəm 

Yaxşım, pisim, 

Duyğularım, fikrim, hissim, 

Əsəblərim, əsərlərim, 

Qəlbimdə qalan sirrlərim

Ağlı-qaralı aylarım, 

Fərəhlərim, bayramlarım, 

Ümudlarım, ağrılarım 

İtkilərim, ağılarım, 

Baş daşlarım, göz yaşlarım, 

Durmadan artan yaşlarım, 

Döyüşlərim, 

Görüşlərim, 

Gülüşlərim 

Nəyim yoxdur, 

Nəyim vardır, 

XX-dən yadigardır. 

Tərk edirəm iyirmini, 

Tərk edirəm iki mini, 

Tərk edirəm vətən kimi 

Həsrətimi, umudumu 

Yeni əsrə daşıyıram. 

Düşmənlərin acığına 

Yaşamışam, yaşayıram. 

İyirmi bir - 

Yeni vətən. 

Min illərin sərhəddini 


Mən aşacam. 

Yaşamışam,  

Yaşayıram, 

Yaşayacam. 



31 dekabr 2000 

 

 



  

 

 



YAZIÇI  ANAR  HAQQINDA  PAYIZ  DÜŞÜNCƏLƏRİ 

 

Anar haqqında bu yazını mən çoxdan yazmaq istəyirdim. Lakin hər dəfə yazıya 



başlamaq  istəyəndə nədənsə bu  böyük  yazıçı  və  təkrarsız  ziyalı haqqında  söz deməyə 

özümü  hazır  hesab  etmirdim.  Daha  döğrusu,  deyəcəyim  sözlərin  milli  taleyimizdə  və 

ədəbi tariximizdə müstəsna rol oynayan bu nəhəng fikir adamına layiq olmayacağından 

ehtiyatlanırdım.  Son  vaxtlar  özümün-özümlə  xeyli  müzakirələrimdən  sonra  ürəyimdə, 

fikrimdə  və  düşüncəmdə  Azərbaycan  ədəbiyyatının  bir  mərhələsini  təşkil  edən,  milli 

diriliyimizin etibarlı dirəyi olan yazıçı Anar, ziyalı Anar və vətəndaş Anar haqqında bu 

mülahizələrimi oxucularla bölüşməyə qərar verdim.  

Yeri  gəlmişkən,  bu  nə  yubiley  yazısıdır,  nə  də  ədəbi-tənqidi  dəyərləndirmə,  bu 

kiçik  risalə  olsa-olsa  gənclik  illərindən  yaradıcılığının,  «Uzun  ömrün  akkordları»ndan 

və  «Qəm  pəncərəsi»ndən  keçən  əməllərinin,  siyasi  sarsıntıların  gedişində  kamilləşən 

şəxsiyyətinin cazibəsinə düşdüyüm yazıçı, sənətkar, ziyalı Anar haqqında zaman-zaman 

içimdə zərrə-zərrə toplanan düşüncələrin qısa təqdimatıdır. Bəri başdan deyim ki, Anar 

adından sonra nə «müəllim» nə «bəy», nə də başqa bir tamamlayıcı ifadəni mən qəsdən 

işlətmirəm.  Bu  ad  millətimizi  «Anlamaq  dərdi»ndən  keçərək  ədəbiyyatımıza,  ictimai 

fikrimizə, mədəniyyət tariximizə elə bitkin şəkildə daxil olub ki, indi ondan sonra hər 

hansı  bir  tamamlayıcı  ifadənin  işlədilməsi  dörd  hərfdən  ibarət  olan  bu  adın  mənəvi 

tutumunu kiçildir və qəribə də olsa, natamamlıq təsiri bağışlayır.  

 

ANAR - MİLLƏTİ DİRİ SAXLAYAN, ƏMƏL ADAMI 

 

Son iki onillikdə Anar haqqında mətbuatda çox yazılar gedib. Onun yaradıcılığını 



yüksək qiymətləndirənlər, əlbəttə, az olmayıb, amma haqsız tənqid edənlər də olub, heç 

bir  etik  çərçivəyə  sığmayan  təhqir  edənlər  də.  Bu  yazılarda  ona  «mənəviyyat  dərsi» 

vermək  istəyənlər də,  Azərbaycan  ziyalısının  «əxlaq  kodeksi»nin  konturlarını  cızanlar 

da bir həqiqəti görmək istəmirlər ki, Anar millətimizin mənəvi yükünü öz  çiyinlərində 

aparan,  öz  tarixi  missiyasına  görə  milləti  diri  saxlayan,  heç  kəsin  cızdığı  çərçivəyə 

sığmayan söz, fikir və əməl adamıdır. Anarın yaradıcılığını, onun keçdiyi həyat yolunu 



izləyənlər  yaxşı  bilirlər  ki,  indi  «gənclər»  tərəfindən,  yumşaq  desək  tənqidlərə  məruz 

qalan bu böyük yazıçı, bir vaxtlar gənclik illərində də «yaşlıların» amiranə tənqidlərinin 

əsas hədəfi idi. Fəqət, zaman təkzibedilməz şəkildə bir həqiqəti ortaya qoydu ki, milli 

taleyimizdəki  roluna görə  elə  həmin  vaxtlar  Anar onu tənqid  edən  «yaşlılardan» daha 

yaşlı olduğu kimi, bu gün də onu inkar edən «gənclərdən» daha gəncdir. İctimai fikirdə, 

ədəbiyyatda  kimisə  inkar  etməyin  yolu,  kimisə  ədəbi  mühitdən  sıxışdırıb  çıxarmağın 

yolu  yaxşı  əsərlər  ortaya  qoymaqdan  keçir.  Əgər  belə  bir  hadisə  baş  versəydi  bunu 

şəksiz ədəbiyyatımızın böyük uğuru hesab etmək olardı. Lakin hələ ki, bu uğur son dövr 

ədəbiyyatımız üçün böyük hadisə sayılan «Ağ qoç, qara qoç»la müəyyən olunur.  

Bu  yazının  qayəsi  son  illərdə  Anar  haqqında  yazılan  və  sözün  tam  mənasında 

ürək  ağrıdıcı  təsir  bağışlayan  yazılara  cavab  olmadığı  üçün  heç  kəs  bunu  özünə  qarşı 

hesab  etməsin.  Tam  əminliklə  demək  istəyirəm  ki,  bizim  bu  məsələ  ilə  bağlı 

mülahizələrimiz fərdi xarakter daşımayıb ictimai məzmun kəsb edir. O səbəbə ki, Anar 

kimi  fikir  adamlarımızın,  ziyalılarımızın  sayı  say  məvhumunun  özündən  belə  azdır,  o 

səbəbə ki, millətimizin mənəvi siması və milli diriliyi Anar kimi ziyalılarımızın adı ilə 

bağlıdır.  

 

 

 



MİLLƏTİ  TƏMSİL  EDƏN  YAZAR 

 

Mənim üçün Anar kimdir? Milli ədəbiyyatımızın 200 illik tarixində və ümmətdən 



millətə keçidlə başlayan ictimai fikrimizin bundan bir qədər az olan zaman fasiləsində 

Anar  bir  mərhələdir.  Qələmin  müqəddəs  vəzifəsini  millətə  xidmətdə  görən  iki  böyük 

Mirzədən  -  Mirzə  Fətəlidən  və  Mirzə  Cəlildən  sonra  Anar  200  illik  milli 

ədəbiyyatımızın  müasir  mərhələsidir.  Millətin  diriliyinə  dəlalət  edən  bu  ədəbi  proses 

Mirzə  Fətəli  Axundovla  başladı,  Cəlil  Məmmədquluzadədən  keçdi  və  bu  gün  Anarın 

simasında davam edir. İctimai fikrimizin təkamülü baxımından Mirzə Fətəli tənhalığı ilə 

özünü,  Mirzə  Cəlil  sanbalı  sayından  böyük  olan  ziyalıları,  Anar  isə  sözün  tam 

mənasında  milləti təmsil  edir.  Biz bu  yolun  başlanğıcında  Həsən  bəy  Zərdabinin  «hər 

kəsi  çağırıram,  gəlməyir,  göstərirəm  görməyir,  deyirəm  qanmayır»  yanğısına  diqqət 

yetirsək, 200 ildə keçdiyimiz yolun əzəməti öz-özlüyündə aydın olar. Böyük bir tarixi 

mərhələni  əhatə  edən  həmin  ədəbi-ictimai  prosesin  nə  qədər  davam  edəcəyi,  onun 

Anardan sonra yeni mərhələsinin olub-olmayacağı, şübhəsiz ki, millətimizin intellektual 

potensialından asılı olacaqdır. Lakin bir həqiqət şəksizdir ki, taleyinə ayrılıq yazılmış, 

iki  əsrin  asılılığını  yaşamış  və  iki  onillikdən  də  az  müstəqilliyinə  sığınmış  bir  xalq 

olaraq bizim  üçün  ədəbiyyat  yalnız  bədii  təfəkkür  məsələsi  deyildir.  İstər  1918-ci  ilin 

elani-istiqlalı, istərsə  də  1991-ci  ilin  müstəqillik  aktı  özündən  əvvəlki  ədəbi  prosesdən 

keçdi. Bu mənada hər iki mərhələdə ədəbiyyatımız milli hədəflərimizi düzgün müəyyən 

etdiyindən  zamanın  imtahanından şərəflə çıxdı.  Milli  inkişafın  qarşıdakı  mərhələsində 

gedəcəyimiz yolun ədəbi təminatı varmı? Bu yaxınlarda nəşr edilmiş «Nəfəs» kitabı ilə 

poetik  təfəkkürümüzə  sözün  tam  mənasında  yeni  bir  nəfəs  gətirmiş  Ramiz  Rövşən 

Anarın  70  illik  yubileyinə  son  dərəcə  təsirli  və  səmimi  bir  təbrik  yazmışdı.  Ramiz 

yazırdı:  «Pəncərəmdən  baxanda  hündür  binalarda  yanan  tək-tük  işıqların  get-gedə 

dumana qarışıb necə gözdən itdiyini görürəm. Mənə elə gəlir ki, bu gün təkcə Bakı yox, 

bütün  Azərbaycan  qəribə  bir  mənəvi-əxlaqi  duman  içindədi.  Bu  millətin  ruhunda, 

şüurunda,  hissiyatındakı  bütün  işıqlı  nöqtələr  yavaş-yavaş  bu  dumanda  əriyib  yox 

olmaqdadı. Və sən bu dumanlı məmləkətdə hələ də sönməyən, dumanda əriyib itməyən 

tək-tük işıqlardan birisən». Bu həzin cümlələri oxuyanda bir tərəfdən Ramiz Rövşənin 


ruhunun  həssaslığından,  müşahidə  imkanlarının  dərinliyindən,  onun  müşahidəsində 

Anarın  böyüklüyündən  iftixar  hissi  keçirirsən,  digər  tərəfdən  isə  sabahımıza  olan 

ümidsizlikdən adamın içini qüssə hissi bürüyür. 

Əlbəttə,  ədəbiyyat  yalnız  məhkum  xalqlar  üçün  deyil,  hakim  xalqlar  üçün  də 

bəzən  dirilik  mənbəyinə  çevrilmişdir.  Bunun  nadir  nümunəsini  Rusiyanın  timsalında 

görmək  olar.  Rus  xalqı  sözün  tam  mənasında  böyük  ədəbiyyat  yarada  bildi.  Amma 

insanı heyrətləndirən odur ki, bu böyük ədəbiyyatdan Rusiyanın siyasətində əsər-əlamət 

yoxdur.  Belə vicdanlı  ədəbiyyat  yaratmış bir  xalqın  və bir  ölkənin  istər öz xalqına  və 

istərsə  də  digər  xalqlara  münasibətdə  bu  qədər  «vicdansız»  siyasət  yürütməsi  tarixin 

zamana sığmayan böyük istehzasıdır.  

 

PULUN TƏKAMÜL PROSESİNİ İZLƏMƏK İSTƏYƏNLƏR 

ANARI OXUSUN 

 

Mənim  üçün  Anarın  «Qobustan»dan  başlayan  mənəvi,  ədəbi,  əxlaqi  və  siyasi 

kimliyi  Üzeyir  bəyin  həyat  hekayətini  özündə  əks  etdirən  «Uzun  ömrün 

akkordları»ndan,  Mirzə  Cəlilin  acı  taleyinin  göründüyü  «Qəm  pəncərəsi»ndən  və  37 

istibdadını  yaşamış  «Cavid  ömrü»ndən  keçir.  Halbuki,  mədəniyyətimizin  böyük 

hadisəsi  olan  «Qobustan»a  qədər  Anar  tanınmış  bir  yazıçı  və  bizim  sevə-sevə 

oxuduğumuz tanınmış nasir idi. Hələ 60-cı illərdə «Molla Nəsrəddin-66»nın necə əl-ələ 

gəzdiyinin,  xüsusilə  gənclər  arasında  necə  geniş  yayıldığının  mən  şahidi  olmuşam.  O 

illərdə  qısa  sücetləri,  hədəfə  dəyən  güclü  satirik  deyimləri,  sözün  oynamaq  qüdrətini 

özündə  əks  etdirən  «Molla  Nəsrəddin-66»nın  gənc  nəslin  fikrinə  və  qəlbinə  hakim 

kəsilməsi bir həqiqət idi. Əslində janrı belə bəlli olmayan bu əsər sözün tam mənasında 

bir sıra qadağaları aşmış və yeni bir gəncliyin formalaşmasında müstəsna rol oynamışdı. 

M.Ə.Rəsulzadə «Milli dirilik» silsiləsində yazır: «həqiqi ədəbiyyat ancaq o ədəbiyyatdır 

ki, mühitin ehtiyaclarına cavab versin və millətin həyatını və həyati yaralarını, necə ki, 

lazımdır  təsvir  etsin».  Bax  «Molla  Nəsrəddin  -  66»sözün  tam  mənasında  bu  ideyanı 

özündə  ehtiva  edirdi.  Sanki  ötən  əsrin  50-ci  illərinin  ikinci,  60-cı  illərinin  isə  birinci 

yarısında  gedən  tarixi  proses  oxucu  auditoriyasını  bu  əsər  üçün  hazırlamışdı.  Bu 


baxımdan «Molla Nəsrəddin - 66» vaxtında yarandı və milli diriliyimizin təkzibedilməz 

bir  nümunəsinə  çevrildi.  «Ağ  liman»  da,  «Dantenin  yubileyi»də,  «Beşmərtəbəli  evin 

altıncı mərtəbəsi» də təxminən belə bir ədəbi tale yaşadı, belə bir ictimai qayə kəsb etdi. 

Cəmiyyəti hərəkətə gətirmək baxımından «Molla Nəsrəddin -66»dan sonra Azərbaycan 

ədəbiyyatında  zaman  fərqi  nəzərə  alınmaqla  buna  bənzər  ikinci  uğurlu  taleyi  Sabir 

Rüstəmxanlının «Ömür kitabı» yaşadı. İctimai proseslərə təsir imkanlarına görə birinci 

başlanğıc, ikinci isə yekun idi.  

Anarın keçdiyi həyat yolu, onun ədəbi-ictimai fəaliyyəti xalqımızın bədbinlikdən 

yaratdığı «el üçün ağlayan göz kor olar» deyimini alt-üst etdi. O öz fəaliyyətində belə 

bir həqiqəti ortaya qoydu ki, el üçün ağlamayan göz ümumiyyətlə bünövrədən görmür 

və  hələ  dünyaya  baxmaq  onu  görmək  deyildir.  Bu  mənada  bütün  ədəbi  və  ictimai 

fəaliyyətində Anar millətimizin ən ağrılı problemlərini ictimai müzakirəyə təqdim edib, 

ictimai  fikrin  düzgün  məcraya  yönəlməsində  müstəsna  rol  oynayıb.  Eyni  zamanda,  o 

özünü heç vaxt bu problemlərin məsuliyyətindən kənarda hiss etməyib. Hələ sovetlərin 

çöküşü zamanı dediyi bu sözlər onun fəal vətəndaş mövqeyinin aydın ifadəsi idi. Anar 

yazırdı:  «Altı  və  üstü  talan  edilmiş  torpağımız,  azdırılmış  tariximiz,  unutdurulmuş 

adımız, dəyişdirilmiş əlifbamız, illər boyu kürül-kürül axan yalanlar, boş vədlər, təbiətin 

kor  qoyulması,  şəhərlərimizin  zəhərlənməsi,  mənəviyyatın  pozulması,  riyakarlıq, 

saxtakarlıq, rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq -cəmiyyətimizdə yer almış bütün bu 

bəlalara görə heç birimiz  məsuliyyət , cavabdehlik və təqsir yükünü boynumuzdan ata 

bilmərik». Bu bəlaların məsuliyyətinə şərik olmaq hissi heç şübhəsiz ki, Anarın yüksək 

mədəniyyətindən  irəli  gəlirdi.  Halbuki,  o  çox  az  qələm  sahiblərindən  idi  ki,  milləti 

uçuruma  aparan  bu  bəlalara  qarşı  öz  əsərləri  ilə  ardıcıl  mübarizə  aparmışdı.  «Adamın 

adamı»nda  harınlıqdan  pul  cıranlarla  «Dantenin  yubileyi»ndə  bir  tikə  çörək  pulu 

qazanmaq  üçün  min  bir  əziyyətə  qatlaşan  Feyzulla  Kəbirlinskinin  namuslu  həyatı 

arasında uçurumu ilk görənlərdən biri məhz Anar oldu. Anarın əsərlərini oxuduqca bu 

uçurumun  dərinləşməsinin,  pulun  tədricən  cəmiyyətdə  mənəvi  dəyərləri  arxa  plana 

keçirməsinin,  Kəbirlinski  kimi  zəhmətlə  dolanmağa  alışmış  adamların  faciəsinin  daha 

da  dərinləşməsinin  şahidi  olursan.  Pul bu  gün  cəmiyyətimizdə  elə  açar  olub  ki,  bütün 


qapılara  düşür.  Əgər  kimsə  son  əlli  ildə  bunun  təkamül  prosesini  izləmək  istəyirsə, 

Anarın əsərlərini oxusun. 

 

ANAR VƏ DƏDƏ  QORQUD 

 

Anar ənənə adamıdır. Fərdi mənada bu ənənə xarakteri daşıyırsa, ictimai mənada 



Anarın  ənənəyə  bağlılığı  gələnəksəl  xarakter  daşıyır.  O,  XX  əsr  Azərbaycan  ictimai 

fikrində böyük rol oynamış bir nəslin davamçısıdır. Azərbaycanda milli ideya uğrunda 

mibarizənin  milli dil  uğrunda  mübarizədən  keçdiyi  artıq təsdiq  edilmiş  həqiqətdir. Bu 

mənada  biz  Anarın  ana  babası  Ələkbər  bəy  Rəfibəylinin  XX  əsrin  əvvəllərində  çar 

idarəsinə ərizə ilə müraciət edib ana dilində məktəb açmaq arzusunun, əsrin ortalarında 

Rəsul  Rzanın  Azərbaycan  dilinin dövlət  dili olması və  onun  cəmiyyətdə  işlək bir dilə 

çevrilməsi uğrunda fədakarcasına apardığı mübarizənin, əsrin sonunda isə «Qobustan» 

toplusunda  dilimizin  əslinə  qayıdışının,  onun  «türkləşməsinin»  ideya  istiqamətinə 

çevrildiyinin şahidi oluruq. Əslində, bu üç hadisə XX əsrdə Azərbaycanda türk dilinin 

təkamül prosesinin aydın mənzərəsini yaratmağa imkan verir. 

Gələnəksəl mənada Anarın ənənəyə bağlılığının tarixi kökləri isə daha qədimdir 

və bu qədimlik Dədə Qorquda gedib çıxır. Daha çox bu günümüzün mənəvi-psixoloji, 

siyasi-sosioloji  məqamlarının  bədii  səlnaməsini  yaratmağa  üstünlük  verən  Anarın 

«Kitabi  Dədə  Qorqud»a  müraciət  etməsi,  bu  əbədi  və  ədəbi  abidəmizi  dərindən 

incələməsi  milli  kimliyimizin  kütləvi  düşüncəyə  «yeridilməsində»  əvəzsiz  rol  oynadı. 

«Dədə  Qorqud»  kinodastanı  tarixilik  baxımdan  hər  nə  qədər  qədimdirsə,  milli 

kimliyimizə  tapınmaq  baxımından  bir  o  qədər  müasirdir.  Bu  dastan  üzərində  Anarın 

araşdırmaları  dərin  tarixi-filoloji  araşdırmalar  səviyyəsinə  qalxdı  və  qorqudşünaslıqda 

bir  sıra  həlledici  məqamların  aydınlaşmasında  əhəmiyyətli  rol  oynadı.  Anarın  «Dədə 

Qorqud»a  müraciəti  xalqımızın  etnogenezi  ilə  bağlı  mübahisələrin  qaynar  vaxtına 

təsadüf  etmişdi.  O,  bu  dastanın  ekran  taleyini  həll  etməklə,  əslində  etnogenezimizin, 

milli kimliyimizin taleyini həll etmiş oldu. «Dədə Qorqud» filmi bu torpağın, bu vətənin 

türk  yurdu,  oğuz  oylağı  olduğunun,  əslində  Anarın  «Qobustan»da  başladığı  böyük 

ideyanın  ictimai-kütləvi  düşüncəyə  təqdimatı  idi.  M.Ə.Rəsulzadə  yazır:  «Böyük 



əməllərə  malik  olmayan  yazıçıdan,  əmin  olunuz  ki,  fövqəladə  və  müasir  bir  əsər 

gözləmək  xətadır».  Bu  mənada  «Dədə  Qorqud»  böyük  əməl  sahibi  olan,  böyük 

ideyaların daşıyıcısı olan bir yazıçının milli kimliyi şübhə altına alınan bir millətin milli 

kimliyinə tapınmaq, türk kimliyinə sığınmaq məqamı idi. «Dədə Qorqud» kinodastanı 

və  onun  əsasında  çəkilmiş  eyni  adlı  filmə  Anar  «Kitabi  Dədə  Qorqud»  eposunun 

mənəvi  yaddaşımızda  rolu  baxımından  bu  günümüz,  milli  hədəflərimizə  qovuşmaq 

baxımından  sabahımız  qarşısında  öz  vicdan  borcunu  yerinə  yetirdi.  Bu  film  «Kitabi 

Dədə Qorqud» kimi nəhəng bir abidəni yaradan oğuz elinin min ilin ölüsü deyil, diri bir 

cəmiyyət olduğunun və öz diriliyi ilə «diriliklərin ən qiymətlisi olan milli diriliyimizin» 

aydın təzahürüdür. 

 

BÖYÜK ZİYALI 

 

Vətən  və  millət  təəssübkeşliyi,  dünənimiz,  bu  günümüz  və  sabahımızla  bağlı 



Anarın  «Azərbaycançılıq  haqqında  düşüncələr»i  də  eyni  dərəcədə  maraqlıdır.  Bu 

düşüncələrdə dünyada yaranan yeni dəyərlərə köhnə meyarlarla yanaşılması ucbatından 

süni  münaqişələrə  cəlb  olunmuş  vətənimizin  sabahına,  xalqımızın  taleyinə  olan 

narahatçılıq  müdrik  bir  ziyalı  qələmində  ifadə  edilmişdir.  Azərbaycan  müstəqillik 

qazandıqdan  sonra  onun  gedəcəyi  yol,  söykənəcəyi  mənəvi-əxlaqi  prinsiplər,  müasir 

dünya düzənində tutacağımız yer Anarın azərbaycançılıq düşüncələrinin mayasını təşkil 

edir. Fikrimizcə, ideya axtarışları sorağında vətənimizin sabahını təmin edəcək gənclik 

bu düşüncələrdən çox şey ala bilər. 

Anarın yaradıcılığının əhatə dairəsi geniş olduğu kimi, onun əsərlərinin yayılma 

coğrafiyası  da  çox  genişdir.  Onun  mövzularının  hüdudları  milli-mənəvi  sərhədlərimiz 

daxilində olsa da, yaradıcılıq uğurları çoxdan bu sərhədləri aşıb. Bir vaxtlar azərbaycan 

gəncliyinin  şirin  bir  röya  kimi  oxuduğu  «Mən,  sən,  o  və  telefon»  hekayəsi  dünyanın 

hansı  ölkələrində  yayılmadı?  Amerika,  Kanada,  Yaponiya,  Finlandiya,  Ərəb  dünyası, 

keçmiş  SSRİ-nin  bütün  respublikaları  və  onlarla  digər  ölkələrin  oxucuları  bu  həzin 

hekayənin  cazibəsinə  düşdülər.  Əslində  bu  kiçik  hekayə  Azərbaycan  ədəbiyyatının, 

Anarın yazıçı qüdrətinin, onun intellektual potensialının dünya tərəfindən böyük etirafı 



idi. «Ağ liman», «Dantenin yubileyi», «Əlaqə», «Beşmərtəbəli evin altıncı mərtəbəsi», 

«Otel otağ»ı da Azərbaycan ədəbiyyatının yayılma coğrafiyası baxımından belə uğurlu 

taleyi yaşadı. Əgər bu əsərlər haqqında yazılan dəyərləndirmələrə diqqət yetirsək, tam 

əsasla deyə bilərik ki, Anarın yaradıcılığı beynəlxalq tənqidin süzgəcindən uğurla keçdi 

və  sovet  dövrünün  tələblərinə  görə  hər  hansı  bədii  əsərin  qəhrəmanları  olmağa  layiq 

olmayan,  öz  gündəlik  həyatlarını  yaşayan,  güzəranlarını  keçirən  Nemət,  Feyzulla 

Kəbirlinski,  Təhminə,  Zaur  və  digər  sadə  azərbaycanlıların  təhkiyyəsində  dünya 

vətəndaşlığı  qazandılar.  Dünyanın  müxtəlif  dillərinə  tərcümə  olunan  bu  əsərlər  bir 

böyük həqiqəti ortaya qoydu ki, BİZ VARIQ! 

Anar  heç  şübhəsiz  ki,  böyük  ziyalıdır.  Millətimizin  tarixində  və  taleyində, 

mənəvi-mədəni  həyatında  müstəsna  rolu  olan  bir  fikir  adamı  kimi  o,  Axundovdan 

başlanan milli dirilik missiyasının daşıyıcısıdır. Mirzə Cəlilin «Anlamaq dərdi», Üzeyir 

bəyin millətləşmə davası, Cavid əfəndinin acı taleyi Anarın içindən keçdi və milləti diri 

saxlayan bu böyük kişilərin şirinli-acılı həyat hekayətlərini öyrəndikcə, o özü də milli 

diriliyin  bir  nümunəsinə  çevrildi.  Anar  haqqında  gözəl  rejissorumuz  Ramiz 

Həsənoğlunun  bu  yaxınlarda  çəkdiyi  son  dərəcə  səmimi  təsir  bağışlayan  gözəl  filmə 

baxdıqca  bir  daha  buna  əmin  olursan.  Tam  əminliklə  demək  olar  ki,  son  yarım  əsrdə 

millətimizin diriliyi Qara Qarayevin və Fikrət Əmirovun notlarından, Tahir Salahovun 

və  Səttar  Bəhlulzadənin  fırçasından,  Rüstəm  İbrahimbəyovun  və  Anarın  qələmindən 

keçir. 


«Azadlıq» qəzetində dərc edilib  

3 sentyabr 2009 

 

 

 



ƏHMƏD İSGƏNDƏROV 

Rusiya Elmlər akademiyasının akademiki,  

«Voprosı istorii» jurnalının baş redaktoru  

Moskvada Anarın 70 illiyinə həsr olunmuş  

yubiley tədbirində çıxışından. 

 

Əziz Anar! Deyə bilmərəm ki,Azərbaycan ədəbiyyatının dərin bilicisiyəm. Amma 

yubileyinizlə bağlı oxuduqlarım məni sövq edir ki, Sizin haqqınızda bir yazı yazım. Özü 

də məhz bizim jurnal üçün və beləliklə rus oxucusunu, tarixlə maraqlanan hər kəsi Sizin 

tarixi  hadisələrə  baxışlarınızla  tanış  edim.  Bu  fikir  məni  məşğul  edir.  Bu  barədə  çox 

düşünürəm və bunu hökman edəcəm. Mən çox istərdim ki, Anarı tarixçilər də tanısın, 

çünki  yazıçıların  heç  də  hamısı  mütəfəkkir  deyil.  Vacibdir  ki,  yazıçı  özünün 

ədəbiyyatda  mövqeyi  haqqında  düşünməkdənsə  iştirakçısı  olduğu  tarixi  proseslər 

haqqında  fikirləşsin.  Anar  məhz  bu  cür  hərəkət  edir.  Oxuduqlarım  kifayət  edir  ki,  bu 

adamın  ürəyinin  necə  ağrıdığını  hiss  edim,  bu  dünyada  ədalətsizlikləri  necə  ürəyinə 

saldığını, həyatda rastlaşdığı səfehliklər və murdarlıqlardan necə əzab çəkdiyini bilim. 

Bu  da  hər  yazıçının  işi  deyil.  Anarın  «Azərbaycançılıq  haqqında  düşüncələri»  çox 

xoşuma  gəldi.  Bu  düşüncələrində  Anar  Azərbaycanın  humanizmin  hansı  dəyərlərinə 

malik olduğunu dərk etmək istəyir, dünya dəyərləri içində özününküləri necə tapmağın 

və  qoruyub  saxlamağın  fikrini  çəkir.  Yazıçı  başqalarından  ona  görə  üstündür  ki,  o 

nəhəng  daxili  gücə  malikdir.  Bu  güc  ona  imkan  verir  ki,  belə  gücü  olmayan  adi 

adamların  duyduqlarını,  amma  deyə  bilmədiklərini  ya  demək  istədiklərini deyə  bilsin. 

Mən sizi bu günlə ürəkdən təbrik edirəm və demək istəyirəm ki, sizi çox sevirəm. Sizi 

də, sizin yaradıcılığınızı da. Ymid edirəm ki, bunu daha geniş şəkildə ifadə edə biləcəm. 

 

 





  1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə