Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə4/44
tarix23.12.2016
ölçüsü2.61 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   44

ŞƏHİDLƏR  DAĞI 

 

Bu bir il nə tez keçdi, ilahi. Bu bir il nə uzun çəkdi. 



Göz qırpımı kimi, an kimi qısa, ömür kimi uzun.  

Elə bil dünən idi o müdhiş gecə. Elə bil yüz il bundan qabaq idi. Yüz il bundan 

qabaq  tanklar,  pulemyotlar,  avtomatlar  yox  idi.  Qəddarlıq,  zülm,  zorakılıq  ki,  var  idi, 

"həqq-qəvinindir" inancı ki, var idi... Yüz il də, iki yüz il də, neçə əsrlər, min illər əvvəl 

də... Dünyada heç nə dəyişmirmiş, ilahi. Qoluzorlu elə qoluzorludur, "zülmün topu var, 

gülləsi var"...  

Necə  igidimiz  şəhid  oldu  o  dəhşətli  yanvar  gecəsində.  O  gecədən  əvvəlki 

gecələrdə və gündüzlərdə. O gecədən sonrakı səhərlərdə-axşamlarda. Bu ilin - 91-ci ilin 

yanvar qurbanları da ötən illərin, ayların matəm siyahısına əlavə olundu. 

Sallana-sallana gələn salatın  

Gəl belə sallanma, göz dəyər sənə.  

Bu günümüzü görəydin, qoca aşıq. Bu gün qızlarımıza, gəlinlərimizə göz dəymir, 

güllə dəyir. Düşmən gülləsi, namərd gülləsi

1

...



 

1990-cı  il  yanvarın  19-dan        20-sinə        açılan  gecə  Bakımızın  neçə  min  illik 

yaşında ən uzun, ən müdhiş, ən faciəli gecə idi. 

Rəsmi  müharibə  elan  etmədən,  hətta  rəsmi  bəyanat  verilməsindən,  fövqəladə 

vəziyyət  elan  edilməsindən  yeddi  saat  qabaq  Sovet  qoşunları  Azərbaycan  paytaxtına 

qarşı əsl hərbi əməliyyata başladılar - tanklarla zirehli maşınlarla, ən müasir silahlarla. 

Yüzlərlə  öldürülənlər,  neçə  yüzlərlə  yaralananlar  -  o  sıradan  qocalar,  uşaqlar, 

qadınlar, əlillər… Çoxu azərilər, amma həm də ruslar, tatarlar, yəhudilər. Tank tırtılları 

altında  əzilmişlər,  sinədən  və  arxadan  vurulmuşlar,  itkin  düşmüşlər,  həmişəlik  şikəst 

qalanlar,  sonrakı  günlərdə,  aylarda  ağır  yaralardan  keçinənlər.  Yaşayış  evlərinin, 

xəstəxanaların, hətta təcili yardım maşınının gülləbaran edilməsi. Avtobusda yol gedən, 

öz  mənzilində  oturan,  eyvana,  ya  küçəyə  çıxmış,  küçədə  avtomat-telefonla  danışan 

neçə-neçə  insanın  qəfil  qətli.  Ölənlərin,  yaralananların  bədənlərindən  çıxarılan 

                                                 

1

 

1).Erməni gülləsinlən həlak olmuş jurnalist Salatın Əsgərova nəzərdə tutulur.  



 

mütəhərrik  (yuvarlanan)  güllələr.  Ordunun  öz  ölkəsinin  vətəndaşlarına  qarşı  belə 

amansız davranması insan beyninə sığışmır. 

İkinci  dünya  müharibəsi  illərində  Bakı  nefti  Sovet  İttifaqının  faşist  Almaniyası 

üzərində  zəfər  çalmasının  mühüm  amillərindən  biri  idi.  Elə  buna  görə  də  Hitler  Bakı 

neftini  ələ  keçirməyə  can  atırdı.  Faşistlər  istəklərinə  çata  bilmədilər.  Almaniyanın 

darmadağın  edilməsindən  qırx  beş  il  sonra  şəhərimizi  Sovet  qoşunları  zəbt  etdi. 

Uşaqların, yeniyetmələrin müqavimətini qırıb şəhərə daxil oldular. 

Bir il keçib, amma elə gün olmur ki, bu səhnə yaddaşımda canlanmasın: yanvarın 

19-u,  axşam  saat  11  radələri  -  Tbilisi  prospekti  səmtində  sürətlə  gedən  avtobus. 

Avtobusun  açıq  qapısından  lap  sütül  bir  gəncin,  yeniyetmənin  sifəti,  parlayan  gözləri 

görünür. Yalın əllərlə tankın, zirehin, atəşin qabağına gedir. Tarixin bu axşamında, bu 

saatında onu saxlaya biləcək heç bir qüvvə, heç bir söz, heç bir dəlil yoxdur. Tankların, 

atəşin, ölümün qabağını saxlamağa qadir olmadığımız  kimi...  Dəhşətli fəlakətin qarşısı 

alınmazdır. Bundan qabaq başqa yerlərdə, şəhərlərdə,bundan sonra kim bilir harda və nə 

şəkildə olacaq bəlalar kimi... Əlin, səsin, sözün hara çatacaq? 

Sonra, olan olandan, keçən keçəndən sonra - bu müsibətin, dinc vaxtı dinc əhaliyə 

divan  tutulmasının  səbəblərini  izah  etmək  üçün  müxtəlif  dəlillər  gətirirdilər  -  bu 

dəlillərdə nə həqiqət vardı, nə məntiq. Dəlillərin özləri bir-biriylə uyuşmurdu. Ölkənin 

ən  yüksək  rəhbərləri  bu  məsələdə  heç  dilbir  də  deyildilər.  Biri  deyirdi  ki,  Sovet 

hakimiyyətini  qorumağa  gəlmişik,  ikincisi  deyirdi  ki,  məqsədimiz  milli  qırğına  son 

qoymaqdı,  üçüncüsü  Xalq  Çəbhəsi  strukturlarını  dağıtmaq  niyyətini  əsas  sayırdı.  Bu 

"əsas"ların hamısı əsassız idi, daha düzü, heç biri xalqı qanına qəltan etmək üçün əsas 

ola bilməzdi. 

Yanğını  ilk  qor  düşən  kimi,  köz  alova  çevrilməmiş  söndürmək  lazımdı.  13-14 

yanvarda  Bakıda  törənmiş  cinayətlərin  qarşısını  almaq  olardı.  Yeri  gəlmişkən  bu 

cinayətlərin  kimlər  tərəfindən  törədilməsi  bu  günə  qədər  dürüst  aydınlaşdırılmayıb. 

Bəlkə bu hadisələr bir bəhanəymiş, belə bir bəhanə lazım imiş və ona görə də məharətlə 

təşkil olunubmuş. Kim bilir? Kim bilir hardan gəlirdi bu sifariş, kim idi fitva verən, kim 

idi  bu  fitvaya  əməl  edən.  Əgər  talan  olunanların  dəqiq  ünvanları  talançılara  yaxşı 

məlum idisə, milisə, mühafizə orqanlarına niyə məlum deyildi? Hardaydılar bu ictimai 



asayişin qoruyucuları, daxili işlər nazirliyinin, müdafiə nazirliyinin qoşunları? Kim idi 

bu qurğunu quran? 

Azərbaycan  ictimaiyyəti  13-14  yanvar  cinayətlərini  kəskin  şəkildə  pisləmişdi, 

müqəssirləri məsuliyyətə cəlb etməyə çağırmışdı. Amma bunun yerinə bütün bir xalqın 

"dərsini  verməyə"  cəhd  göstərildi,  ağına-bozuna  baxmadan  cinayətkarları  yox,  tamam 

başqa adamları, günahsızları cəzalandırdılar. Əgər bir şəhərdə cinayət olubsa, o şəhəri 

ucdantutma  güllə  yağmuruna  qərq  etmək  hansı  əxlaqa,  hansı  insan  anlayışlarına  tuş 

gəlir? Yenidənqurma bu imiş demək? Suverenlik bu imiş? 

O  dəhşətli  gecənin  səhəri  "Pravda"nın  müxbirləri  yanıma  gəlmişdilər. 

Dediklərimi, o vaxt keçirdiyim hisslərin ifadəsini olduğu kimi qəzetlərinin səhifələrində 

verdilər:  "Yeniyetməlik  çağım  1956-cı  ildə  qoşunlarımız  Macarıstana  girəndə  bitdi. 

Gəncliyimlə  1966-cı  ildə,  Çexoslovakiya  hadisələri  zamanı  vidalaşdım.  İndi  duyuram 

ki, bu Bakı yanvarında ömrüm sona yetir..." 

Bu sözlər - bir il bundan qabaq keçirdiyim sarsıntının həqiqi və səmimi əksi idi... 

Doğrudan  da,  o  vaxt  mənə  elə  gəlirdi  ki,  həyat  bitib-tükənib,  daha  heç  bir  şey 

olmayacaq,  heç  bir  söz  deyilməyəcək.  Dünya  sanki  sözsüzlük  səhrası  idi.  Bütün 

mənəviyyat müc olub qalmışdı, nə düşünməyə, nə danışmağa hey yox idi. Amma elə bu 

ilk günlərin, ilk saatların sarsıntısındaca dərk etdim ki, susub durmaq da olmaz, nə isə 

bir  iş  görmək,  müsibətimizi  aləmə  bildirmək  gərəkdir.  20-dən  21-nə  keçən  gecə 

müxtəlif  respublikalardan  olan  SSRİ  Xalq  deputatlarına  və  Yazıçılar  İttifaqlarına 

doqquz  səhifəlik  müraciət  yazdım  ("Çernı  yanvar"  kitabında  dərc  olunmuş 

"Beda"(«Müsibət») adlı yazım da həmin bu müraciətin mətni əsasındadır). Yanvarın 21-

də  səhər  Akademiyada  toplaşdıq  və  bu  müraciətin  yüzdən  artıq  kserosurətini  ölkənin 

müxtəlif  şəhərlərinə  -  deputatların,  yazıçıların  ünvanlarına  göndərdik.  21-də  axşam 

başlanan  və  bütün  gecəni  səhərə  qədər  davam  edən  sessiyada  -  Azərbaycan  Ali 

Sovetinin sessiyasında - bütün ölkələrin parlamentlərinə və BMT-yə müraciətin mətnini 

tərtib və təklif etdim. 

Elə  o  gecə,  Ali  Sovetin  binasından  xalq  şairi  Bəxtiyar  Vahabzadə  Oljas 

Süleymenova zəng elədi, müsibətimizi ona çatdırdı. Bir, ya iki gün sonra Oljas özünü 

Bakıya yetirdi. Bu əsl qardaşlıq hərəkəti idi. SSRİ Xalq deputatları Qurultaylarında da, 



Ali Sovetin sessiyalarında da Oljasın bizə dost və arxa olduğunu dönə-dönə görmüşük. 

Ermənistan zəlzələsində ora yardıma gedənlərin təyyarə qəzasında həlak olması və bu 

barədə  "Komsomolskaya  Pravda"  qəzetində  çıxan  məlumatı  Oljasa  verdim  və  o, 

çıxışında bu barədə təsirli sözlər dedi... Sonralar bizə irad tutanlar da tapıldı: Niyə bu 

faktı  Azərbaycan  deputatları  yox,  Oljas  dedi?  Məgər  bunun  özümüzün  deyil,  başqa 

respublikanın  nümayəndəsinin  dilindən    səslənməsi  daha  əhəmiyyətli,  daha  tutarlı 

deyilmi? 

Yanvar  faciəsində  Oljas  bir  neçə  gün  Bakıda  oldu,  bədbinləşənlərə  ürək-dirək 

verdi.  Bir  növ  həyan  oldu  bizə.  "Bölüşülmüş  sevinc  ikiqat  sevinc,  bölüşülmüş  dərd 

yarım dərddir", - deyirlər. 

 

Oljas  Bakıda  xəstələnmişdi,  "Azərbaycan"  mehmanxanasında  yatırdı.  Ona 



dəyməyə  getmişdim.  Yanında  Xalq  Cəbhəsindən  cavanlar  vardı.  Azadlıq  meydanı 

bomboş idi. Bir azdan həngamə başladı. Tanklar  hay-küylə meydana daxil olub Dəniz 

vağzalına  tərəf  getdilər,  gəmilərə  atəş  açdılar.  Mehmanxanaya  tərəf  də  güllə  atırdılar. 

Cavanlar  pəncərədən  dəhlizə  düşmüş  güllələri  Oljasın  nömrəsinə  gətirdilər,  bizə 

göstərdilər.  Gənc  operator  mehmanxananın  eyvanından  bu  "dəniz  döyüşü"  səhnələrini 

cəsarətlə çəkirdi. 

Gecələr  atəş  səsi  eşidilirdi  -  daraq-daraq,  qatar-qatar  avtomat  atəşi.Gecələr 

gəmilər  ulayırdı.  Nə  məşum  səs  idi  bu  -  qışın  zülmət  gecəsində  dalğa-dalğa  şəhərin 

üzərinə yayılırdı. Gecələr yuxum ərşə çəkilirdi. 

Hər gün Yanvar müsibətinin yeni-yeni təfərrüatı, faktları üzə çıxırdı. 

 

*** 


Elə qara Yanvar günlərindəcə faciəmizi dünyaya, ölkəyə çatdırmaq üçün, ona ən 

kəskin  qiymət  vermək  üçün  müəyyən  işlər  görüldü.  Bu  baxımdan  ən  mötəbər  və 

əhəmiyyatli  kürsülərdən  biri,  bəlkə  də  birincisi  SSRİ  Ali  Sovetinin  sessiyası  idi. 

Sessiyada  xalqımızın  faciəsini  bütün  ölkəyə,  dünyaya  çatdırmalıydıq.  Asan  məsələ 

deyildi  bu.  Yaxşı  bilirdik  ki,  biz  19  yanvar  hadisələrinə  qiymət  vermək  tələbini  irəli 

sürən  kimi  13-14  yanvar  hadisələrini  üzümüzə  çırpacaqlar.  Həm  də  ki,  19-20  yanvar 



hadisələrinin üstündən az qala tam sükutla keçən mərkəzi informasiya vasitələri 13-14 

yanvar hadisələrini yerli-yataqlı və hətta şişirdərək ölkəyə, dünyaya yaymış, bizə qarşı 

əsaslı  mənfi  rəy  yarada  bilmişdilər.  1989-cu  il  aprelin  9-da  Tbilisidə  baş  vermiş 

faciədən bizim fəlakətimizin fərqli cəhəti bunda idi və bu vəziyyətdən ləyaqətlə çıxmaq 

gərəkdi. Ləyaqətlə və həqiqətə sədaqətlə... 

Fevralın  13-də  "Moskva"  mehmanxanasında  E.Qafarovanın  nömrəsində 

toplaşdıq.  Səhərisi,  sessiya    açılırdı.  Qərara  gəldik  ki,  hamımızın  adından  akademik 

Midhət  Abbasov  danışsın.  O,  19-20  yanvar  hadisələrini  araşdıran  komissiyanın  - 

Azərbaycan  SSR  Ali  Sovetinin  yaratdığı  komissiyanın  sədri  idi.  Komissiya  artıq 

müəyyən  işlər  görmüşdü,  xeyli  fakt,  məlumat  toplamışdı  və  nəyin  bahasına  olursa 

olsun, bütün bunları ölkə deputatlarına çatdırmaq lazım idi. 

Amma  mən  başqa  sarıdan  da  nigaran  idim.  Əmin  idim  ki,  iclas  başlayan  kimi 

erməni deputatlar qabağa düşüb 13-14 yanvar hadisələrindən söz açacaq, o günlər həlak 

olanların xatirəsini yad etməyi təklif edəcəklər. Bundan sonra bizim də durub ikinci bir 

təkliflə  çıxış  etməyimiz  -  19-20  yanvar  şəhidlərinin  xatirəsini  yad  etmək  təklifimiz  - 

təkrar və təqlid kimi, bəhsəbəhs kimi görünərdi, yerinə düşməzdi. Eyni zamanda 19-20 

yanvar  şəhidlərini  yad  edib 13-14  yanvarın  üstündən sükutla keçmək  də  olmazdı. Bu, 

xalqımıza  xas  olan  insani  keyfiyyətlərlə,  alicənablıqla,  ürək  genişliyilə  uyuşmayan, 

əxlaqa  zidd  bir  şey  olardı  və  hamıya  çox  pis  təsir  bağışlardı,  əleyhdarlarımızın 

dəyirmanına su tökərdi. Yeganə məqbul yol - qanlı yanvarda həlak olanların hamısının 

xatirəsini  yad  etməkdi  və  bu  təklifi  məhz  biz  etməliydik.  Bu  mülahizələrimi 

deputatlarımızla bölüşdüm, mənimlə razılaşdılar. 

Fevralın 14-də sessiyanın səhər iclası başlananda Tofiq İsmayılov inadla və əzmlə 

(iclasın sədri ona mane olmağa çalışsa da) bu təklifi irəli sürdü və deputatlar, o sıradan 

hərbi libasda olanlar da, ayağa qalxıb Bakıda qırılanların xatirələrini sükutla yad etdilər. 

Elə həmin səhər iclasındaca Azərbaycan deputatları 19-20 yanvar Bakı qırğınını 

müzakirə etmək və bu hadisələrə qiymət verilməsi haqqında fikir yürütdülər. Lakin həm 

sədrlik edən A.İ.Lukyanov, həm də erməni deputatları bu məsələni  - yenə də uydurma 

bir problemin - Dağlıq Qarabağ probleminin müzakirəsinə çevirməyə çalışdılar. Dağlıq 

Qarabağ deputatı Vaqif Cəfərov Lukyanova müraciətlə: Anatoli İvanoviç, bildirin fevral 



ayından başlayaraq bu məsələ 20 dəfədən artıq müzakirə olunub, - dedi. - Qərarlar qəbul 

olunub, amma biri də yerinə yetirilmir. Odur ki, biz qəti surətdə bu məsələnin yenidən 

müzakirə  olunmasının  əleyhinəyik.  (Gətirdiyim  bütün  sitatlar  sessiyanın  çap  olunmuş 

stenoqramlarındandır).  Başqa  bir  regionun  deputatı  qaçqınlar  məsələsini  müzakirə 

etməyi təklif etdi. Yeni mübahisələr başlandı. Mikrofona yanaşıb: "Bakıda dəhşətli faciə 

baş  verib,  -  dedim.  -  On  min  hərbçini  Bakıya  göndərmək  üçün  beş  gün  kifayət  imiş. 

Amma  540  deputatı  -  Ali  Sovet  üzvlərini  Moskvada  toplayıb  onların  rəyini  soruşmaq 

üçün bu beş gün azlıq  edib. İndi biz burda oturub sakitliklə müxtəlif şeyləri müzakirə 

edirik,  elə  bu  zaman  Bakıda  göz  yaşları  tökülür,  qan  axır.  Bu  məsələ  müzakirə 

olunacaqmı?  Seçicilərimizin  qəti  rəyi  belədir:  əgər  bu  məsələyə  biganəlik 

göstəriləcəksə, Ali Sovetin işində iştirak etməyək (salonda səs-küy). 

Fasilədən sonra, saat 12-də ikinci iclas başlanan kimi sədr Midhət Abbasova söz 

verdi  və  Midhət  müəllim  Bakı  faciəsinin  bütün  acı  həqiqətlərini  əks  etdirən,  ordu 

hissələrinin qəddarlıq faktlarını göstərən, konkret  günahkarları ittiham edən ətraflı və 

inandırıcı məruzəylə  çıxış etdi. Bu məruzə mətbuatda dərc olunmadısa da Ali Sovetin 

bülletenində  çap  edildi  və  ölkə  ictimaiyyətini  Parlament  səviyyəsində  hadisələrin  əsl 

mahiyyətilə  tanış  edən  çox  mühüm  bir  sənəd  mövqeyini  qazandı.  Ordunun  şəhərə 

soxulması, dinc əhalinin qırğını məruzədə Azərbaycan xalqına qarşı törədilmiş təcavüz 

və cinayət kimi qiymətləndirilir və 5 maddədən ibarət konkret təkliflər irəli sürülürdü. 

Lakin  sədrlik  edən  yenə  də  müxtəlif  fəndlərlə  bu  məsələni  müzakirəyə 

qoymamağa  çalışdı.  Elə  həmin  gün  saat  16-da  davam  edən  iclasda  Rüstəm 

İbrahimbəyov Azərbaycan nümayəndələri adından bəyanat verdi: 

"Bakıda  qan  tökülməsi  davam  etdiyinə  görə  biz  təklif  etmişdik  ki,  palata 

vətənimizdəki  vəziyyəti  müzakirə  etsin  və  bu  hadisələrə  siyasi  qiymət  versin.  Ali 

Sovetin  bu  biganəliyi  nəticəsində  respublikada  vəziyyət  daha  da  mürəkkəbləşə  və 

problemlər  çıxa  bilər.  Biz  təkid  edirik  ki,  bu  məsələ  ən  təcili  surətdə  müzakirəyə   

qoyulsun və hadisəyə hərtərəfli siyasi qiymət verilsin». 

M.S.Qorbaçovun  replikası:  Mənim  mövqeyimi  bilməniz  üçün  deməliyəm  ki,  o, 

sizin  mövqeyinizə  uyğun  gəlir:  məsələni  müzakirə  etməliyik.  Amma  o  biri  tərəfdən 


məlumat almışıq ki, hələlik bu məsələni təxirə salmaq istəyirlər. Biz də bu xahişi nəzərə 

alırıq. 


R.İbrahimbəyov:  -  Nə  məlumatdır  bu  belə?  Hardandır  bu  xahiş?  Burada 

Azərbaycan xalqının nümayəndələri əyləşib, Azərbaycan Ali Sovetinin qərarı var... 

Sədr: Yaxşı, gəlin bu məsələyə gündəliyi səsə qoyan zaman baxaq. 

Bundan  sonra  bir  neçə  başqa  deputat  tamam  ayrı  məsələləri  ortaya  atdılar  və 

Azərbaycan deputatları yenə də israrla Yanvar hadisələrinin müzakirəsini gündəliyin ilk 

bəndi kimi səsə qoymağı təklif etdilər. 

Sədr  (M.S.Qorbaçov):  Yaxşı,  beləliklə,  məsələ  qaldırılır  ki,  19-20  yanvarda 

Bakıda baş vermiş hadisələrə siyasi qiymət verilsin. 

Yerdən səs: Bəs 13 yanvar hadisələrinə?  

Sədr: - 13 yanvar haqqında məsələ qaldırılmır (salonda səs-küy). Təkrar edirəm, 

onlar  (yəni  Azərbaycan  deputatları  -  A.)  bu  məsələnin  üstündən  keçirlər,  amma  bu  o 

demək deyil ki, mən bu məsələni qaldırmıram. 

Anar  Rzayev:  Yoldaşlar,  burda  deyirlər  ki,  Sumqayıta  qiymət  vermək  lazımdır. 

Amma  axı  Sumqayıtdan  başqa  Ermənistanın  Qukark  rayonunun  faciəsi  də  var.  İndi 

söhbət Bakı yanvarından gedir. Biz məsələni belə qoyuruq:  

Azərbaycan  deputatları,  Azərbaycan  ictimaiyyəti  Bakıdakı  13-14  yanvar 

talanlarını  qeydsiz-şərtsiz  pisləyir.  Əgər  lazımdırsa,  bunu  da  müzakirə  etməyə  və 

günahkarları üzə çıxarmağa hazırıq. Amma indi bizim istədiyimiz odur ki, Bakıdakı 19-

20 yanvar hadisələrini müzakirə və məhkum edək, çünki bunlar talanlara cavab deyildi, 

günahkarları  yox,  günahsızları  cəzalandırdılar.  Gəlin  bax,  bu  məsələni  aydınlaşdıraq. 

Yəni, doğrudanmı heç kəs bu işlər üçün məsuliyyət daşımayacaq, cavabdeh olmayacaq? 

İclasdan  sonra  R.İbrahimbəyov,  H.Turabov  və  mən  Qorbaçova  yanaşdıq,  Bakı 

hadisələrinin  bütün  acı  təfərrüatlarını  olduğu  kimi  ona  çatdırmağa  çalışdıq.  "Hər  şeyi 

ordunun  boynuna  yıxmayın",  -  dedi  ("Ne  nado  delat  iz  armii  kozla  otpuşeniya"). 

"Yüzlərlə  günahsız  insan  həlak  oldu",  -  dedim.  "Ordu  qarışmasaydı,  yüzlərlə  yox, 

minlərlə,  on  minlərlə  adam  qırıla  bilərdi"  -  dedi.  "Min  adamı  xilas  etmək  üçün  yüz 

adamı qırmaq söhbəti şübhəli haqq-hesabdır" - dedim. - "Sabah min adam xətrinə yüz 

min, yuz min adam xətrinə milyon, milyonlarla insanı da qırmaq olar. Amma tarixin bu 



dərsini biz bir dəfə keçmişik". Cavab vermədi. Yanında dayanmış Primakov bizə baxıb 

məzəmmətlə başını buladı. 

Bakı faciəsindən iki gün qabaq yanvarın 17-də Azərbaycan KP MK-nın binasında 

bizimlə  -  ictimaiyyətin  bir  neçə  nümayəndəsiylə  görüşdə  Primakov  da,  Sov.  İKP  MK 

katibi  Girenko  da  and-aman  eləmişdilər  ki,  Bakıda  heç  bir  fövqəladə  vəziyyətin  elan 

olunması  nəzərdə  tutulmur,  şəhərə  heç  bir  qoşun  hissələri  girməyəcək.  Bizi  beləcə 

arxayınlaşdırmışdılar. "Sən öz saydığını say, gör fələk nə sayır". 

 

*** 



Məsələ  Ali  Sovetin  qapalı  iclasında  müzakirə  edildi.  E.Qafarova,  T.İsmayılov, 

A.Məlikov, R.İbrahimbəyov və mən çıxış etdik. Hadisələrin həqiqi mahiyyəti haqqında, 

mərkəzi  informasiya  vasitələrinin  birtərəfli  mövqeyi  haqqında  səhih  məlumat  verildi. 

A.Məlikov rişxəndlə Yazova Bakı şücaəti üçün marşal adı verilməsini təklif etdi. (Az 

sonra  Arifin    bu  kinayəli  sözləri  həyata  keçdi).  DTK-nin  sədri  Kryuçkov  və  o  vaxtkı 

Daxili  İşlər  Naziri  Bakatinin  çıxışlarında  müəyyən  ölçü  hissi  vardısa,  Müdafiə  naziri 

Yazovun  çıxışı  başdan-başa  hadisələrin  təhrifi  idi.  Yerimizdə  otura  bilmirdik.  Nazir 

Şəhidlər  Xiyabanı  haqqında  istehzayla  danışanda  ("Evdə  ürək  xəstəliyindən  ölən 

qocaları  da  aparıb  orda  basdırıblar,  heç  bir    uşaq-filan  ölməyib",  və  s.  bu  qəbildən 

sözlər) daha dözə bilmədik, salonu tərk etdik. 

Qabağlar  da  bir  sıra  mübahisəli  məsələlər  ortaya  atılanda  "gərək  çıxıb 

gedəydiniz" deyə bizə məsləhət verənlər olurdu. Hər dəfə və tez-tez salonu tərk etsəydik 

- bu hərəkətin özü qiymətdən düşər, ucuzlaşar və heç bir təsir qüvvəsinə malik olmazdı. 

Amma  o  gün  nazir  danışarkən  qəzəbli  etiraz  nidalarıyla  salonu  tərk  etməyimiz, 

Xuraman  Abbasovanın,  Sara  Vəzirovanın  və  başqa  qadın  deputatlarımızın  kəskin 

replikaları nəticəsiz qalmadı. Doğrudur, bir sıra deputatlar bizim ardımızca ünvanımıza 

tikanlı  sözlər  deyir,  ittihamlar  da  yağdırırdılar.  Bəzi  deputatlar,  o  cümlədən  Oljas  da 

(səmimi  qəlbdən  bizə  rəğbət  bəslədiyinə  görə)  dalımızca  foyeyə  çıxıb  bizi  geri 

çağırırdılar.  Yanvar  günlərində  Bakıya  gəlmiş,  hadisələri  öz  gözüylə  görmüş  (görə 

bilməmiş  və  ya  görmək  istəməmişsə  də)  polkovnik  Petruşenko  foyedə  qolumdan 

yapışır: Xahiş edirəm, qayıdın, - deyir. 


-Necə  qayıda  bilərik  ki,  nazir  ağ  yalan  danışır,  -  deyirəm,  -  siz  ki,  hər      halda 

Bakıdaydınız,  -  hər  halda  kimlərin  şəhid  olduğunu  bilirsiniz  və  onların  arasında 

uşaqların da öldürüldüyündən xəbərdarsınız. 

Qabaqlar  da  salondan  çıxan  deputat  qrupları  olub,  amma  onlar  çıxıb  elə  Ali 

Sovetin binasındaca gözləyir və tənəffüs zamanı rəhbərliklə danışığa girirdilər. Biz isə 

dərhal paltolarımızı geyinib mehmanxanaya yollandıq. 

Axşam xəbər tutduq ki, biz çıxandan sonra və nazir nitqini qurtaran kimi tələsik 

fasilə (vaxtı çatmasa da) elan olunub, Primakov bizi axtarıb və tamam çıxıb getdiyimizi 

biləndə  çox  təəccüblənib.  Yalnız  Qorbaçovla  görüşüb  danışandan  sonra  sessiyaya 

qayıdacağımızı  bildirdik.  O  zamanlar  hələ  ümidimiz    vardı  ki,  məsələləri  bütün 

təfsilatıyla izah edə bilsək, bunun müəyyən nəticəsi olar.  

Bir neçə gün sonra dedilər ki, səhər iclasından əvvəl Qorbaçov təxminən 35-40 

dəqiqə  ərzində  bütün  Azərbaycan  nümayəndələriylə  görüşəcək,  danışacaq.  Bu  son 

dərəcə  qısa  vaxtda,  dar  macalda,  iki  daş  arasında  ona  hansı  mətləbləri  aça,  izah  edə 

bilərdik, ondan nə cavab ala bilərdik? Ağlıma bir fikir gəldi, dostum, deputat həmkarım, 

Ali Sovetdə birgə çalışdığmız müddətdə fəal, bacarıqlı, prinsipial adam kimi tanıdığım 

Tofiq İsmayılovla məsləhətləşdim. O da bu fikrimi bəyəndi. Fikir isə ondan ibarət idi ki

Qorbaçovla  görüş  ərəfəsində  onun  çox  yaxın  silahdaşlarından  və  məsləhətçilərindən 

olan Aleksandr Nikolayeviç Yakovlevlə görüşək, onunla daha müfəssəl və ətraflı söhbət 

edək ki, o da bizim mövqeyimizi münasib şəkildə Mixail Sergeyeviçə çatdırsın. Səhər 

Yakovlevə zəng etdik və elə həmin gün saat 6-da bizi görüşə dəvət etdi. Deputatlardan 

beşimiz - Tofiq İsmayılov, Eldar Salayev, Vəli Məmmədov, Süleyman Məmmədov və 

mən  "Staraya  ploşad"da  Mərkəzi  Komitənin  binasına  gəldik,  iki  saatdan  artıq  bir 

müddətdə  Yakovlevlə  ətraflı  söhbət  etdik.  Azərbaycan  haqqında,  hətta  onun  uzaq  və 

yaxın  tarixi  haqqında,  xalqımızın  demokratik  ənənələri,  Şərqdə  ilk  demokratik 

respublikanın  18-ci  ilin  mayında  məhz  Azərbaycanda  yaranması,  bu  respublikanın 

Parlamanında müxtəlif partiyaların və müxtəlif millətlərin təmsil olunması haqqında və 

təbii ki, Dağlıq Qarabağ probleminin bütün tarixi, siyasi, iqtisadi və qanuni aspektləri 

haqqında danışdıq.  Əlbəttə,  qanlı  yanvar hadisələri  söhbətlərimizin  diqqət  mərkəzində 

idi. Yakovlev bizi diqqətlə dinlədikdən sonra öz fikrini bildirdi. Bizim kiçik nümayəndə 



heyətimizin  mövqeyindən,  səviyyəsindən,  siyasi  arqumentasiya  mədəniyyətindən  çox 

məmnun  qaldığını  bildirdi:  Doğrusu,  sizin  görüşmək  istəyinizi  eşidəndə  bir  az 

çəkinirdim,  münasibətlərin  bu  qədər  kəskinləşdiyini  nəzərə  alaraq  dözümsüz  bir 

mövqedən çıxış edəcəyinizi və odur ki, söhbətimizin alınmayacağından ehtiyat edirdim. 

Yaxşı  ki,  bir-birimizi  tam  anlaya  bilirik.  Qarabağ  məsələsində  dediklərinizə  tam 

şərikəm. Hələ iki il bundan qabaq Silva Kaputikyanı və Zori Balayanı qəbul etmişdim. 

Silva  Kaputikyanı bir  şairə  kimi  tanıyırdım.  Kanadada səfir işlədiyim  zaman  yolu ora 

düşmüşdü, şəxsən tanış olmuşduq. Bir gün eynilə sizin kimi o da zəng elədi, mənimlə 

görüşmək istədiyini dedi. Görüşə razılıq verdim, dedi ki, Zori Balayan adlı bir jurnalist 

də onunla gələcək. O zaman mən bu adamı tanımırdım. Gəldilər. İki saata yaxın söhbət 

etdik.  Qarabağa  aid  öz  versiyalarını  söylədilər.  O  vaxt  onlara  söylədiyim  fikrin  əsas 

məğzini  bu  gün  də  təkrar  edə  bilərəm:  Qarabağ  əhalisinin  iqtisadi  və  mədəni-mənəvi 

ehtiyacları  ödənilməlidir,  amma  Dağlıq  Qarabağın  Azərbaycandan  alınıb  Ermənistana 

verilməsi barədə söz ola bilməz. Bu məsələnin qaldırılmasının özü çox böyük bəlalara 

səbəb  ola  bilər.  Qorbaçovla  görüşmək  istədiklərini  bildirdilər.  Qorbaçov  onları  qəbul 

etdi,  fikrimi  ona  da  dedim.  Bu  günlərdə  Mixail  Sergeyeviç  yadıma  saldı.  Haqlı 

olduğumu söylədi, doğrudan da, Qarabağın statusunun dəyişdirilməsi haqqında məsələ 

qaldırılmasının nə kimi bəlalara səbəb olduğu indi tamamilə aydındır - dedi. 

Bakıdakı  qanlı  yanvar  hadisələri  də  Yakovlevin  dediyi  kimi  həm  onu,  həm  də 

Qorbaçovu  çox  mütəəssir  edib.  Qorbaçov  belə  bir  hərbi  əməliyyata  yol  vermək 

istəmirdi,  məcbur  oldu,  özü  də  çox  böyük  tərəddüdlərdən  sonra  qərar  verdi.  Odur  ki, 

sizin  xalq  onu  zalımlıqda,  qəddarlıqda  ittiham  edəndə  bu  onu  çox  ağrıdır,  incidir. 

Rezervistlərin  (ehtiyatda  olanların)  Bakıya  göndərildiyini  biləndə  əsəbiləşdi, 

qəzəbləndi, dərhal onların Bakıdan çıxarılması haqqında göstəriş verdi. 

- Onlar artıq elədiklərini eləmişdilər, - dedim. 

Gəlişimizin  əsas  məqsədi  -  dediklərimizin  prezidentə dəqiq  və  müfəssəl  şəkildə 

çatdırılması,  Yanvar  hadisələrinə  siyasi  qiymət  verilməsi  və  müqəssirlərin 

cəzalandırılması  məsələləri  idi.  Yakovlev  bütün  bu  mətləblər  haqqında  Qorbaçovla 

ətraflı  danışacağını  vəd  etdi.  Azərbaycan  Xalq  Cəbhəsiylə  maraqlandı.  Mən:  Xalq 

Cəbhəsinin  nüfuzlu  xadimlərindən  biri  yazıçı  Yusif  Səmədoğlu  indi  Moskvadadır,  - 



dedim.  -  Onunla  görüşsəniz,  yaxşı  olar.  Yakovlev  məmnuniyyətlə  razılaşdı,  onun 

telefonlarını Yusifə verdim və bir neçə gün sonra görüşüb söhbət etdilər. 

Ayrılıb  mehmanxanaya  qayıtdıq.  Tofiq  İsmayılov  mehmanxanadakı  telefon 

nömrəsini Yakovlevin katibinə vermişdi və heç bir saat keçməmiş Yakovlev ona zəng 

elədi, Qorbaçova görüşümüz haqqında ətraflı məlumat çatdırdığını söylədi. 

Səhərisi  gün  saat  10  iclasından  yarım  saat  qabaq  Qorbaçov  Azərbaycan 

deputatlarını  qəbul  etdi.  Əvvəl  özü  danışdı,  sonra  bizim  deputatların  adından  - 

əvvəlcədən  sözləşdiyimiz  kimi  -  Tofiq  İsmayılov  danışdı,  lazım  olanları  dedi,  amma 

hələ  deməyə  sözümüz  çox  idi.  Qorbaçov  özü  də  hiss  edirdi  ki,  söhbətimiz  bununla 

bitmir  və  böyük  tənəffüs  zamanı  (saat  2  ilə  4  arasında)  iki-üç  nümayəndəmizlə 

görüşəcəyinə boyun oldu. 

Saat 2-də M. Abbasov, Adilə xanım Namazova və mən Qorbaçovun Ali Sovetin 

binasındakı  kabinetinə  getdik.  Qəbul  otağında    gözlədiyimiz    zaman  Yakovlev  gəldi,  

görüşdük,    "Sizin  dediklərinizin    hamısını  Mixail  Sergeyeviçə  çatdırdım,  -  dedi,  - hər 

halda, məndən asılı nə vardısa, elədim".  

Az  sonra  Qorbaçovun  otağından  üç  Baltik  respublikasının  nümayəndələri 

çıxdılar.  Litva,  Latviya  və  Eston  deputatlarının  ölkə  rəhbərinin  yanına        birgə 

getmələrinə,    məsələlərini    birgə    qoymalarına    həsəd  aparırdıq.  Kaş  Qafqaz 

respublikaları da ümumi məsələlərinin həlli üçün belə yekdil, vahid olaydılar. Heyhat və 

əfsus!  Yenidənqurma  başlanandan  bəri  torpaqlarımızı  qəsbkar  qonşudan  qorumağa 

məcburuq. 

Kabinetə  dəvət  olunduq.  Mixail  Sergeyeviçdən  başqa  Lukyanov,  Nişanov  və 

Qorbaçovun köməkçisi Şahnəzərov da otaqda idilər. Adilə xanım şəhid məktəbli Larisa 

Məmmədovanın anasının məktubunu Qorbaçova verdi, o biçarə qızcığazın ki, Yazovun 

bəyanatına  görə,  ümumiyyətlə,  yerli-dibli  olmayıb  da,  ölməyib  də.  Axı,  "ölənlərin 

içində uşaq-filan yoxdur" - demişdi.  

Midhət müəllim rəhbərlik etdiyi komissiyaya DTK və Daxili İşlər Nazirliyi, SSRİ 

Prokurorluğu  tərəfindən  lazımi  sənədlərin  verilməsi  haqqında  məsələ  qaldırdı  və 

Qorbaçovdan  müsbət  cavab  aldı.  Komissiyanın  işinə  hər  cür  yardım  etmək  və  şərait 

yaratmaq üçün Nişanova tapşırıq verdi. 



Qorbaçov  da  dünən  Yakovlevin  dediklərini  təkrar  etdi:  "Mən  hələ  o  vaxt 

Kaputikyana  və  Balayana  demişdim  ki,  Qarabağın  Ermənistana  verilməsindən, 

ümumiyyətlə, sərhədlərin dəyişdirilməsindən söhbət ola bilməz. Və Şahnəzərov yoldaş 

da  dəfələrlə  Ermənistan  nümayəndələri  ilə  görüşüb,  onlara  eyni  fikri  başa  salmağa 

çalışıb.  Amma  görürsünüz  ki,  belə  iddialarını  yenə  də  davam  etdirirlər.  Bizim 

mövqeyimiz  birdəfəlik  aydındır,  Dağlıq  Qarabağ  Azərbaycanındır,  elə  də  qalmalıdır, 

amma elə etmək lazımdır ki, orada yaşayan hər iki xalqın hüquqları mühafizə olunsun, 

heç kim özünü pisikdirilmiş hiss eləməsin". 

-  Mənə  sual  verirlər,  -  dedim.  -  Nəyə  görə  Sov.İKP  Mərkəzi  Komitəsinin 

Plenumunda  Qorbaçov  yoldaş  respublikalar  arasında  sərhədlərin  dəyişdirilməyəcəyi 

haqqında fikrini bildirəndən sonra Ermənistanın Partiya katibi Suren Arutyunyan yenə 

durub  Qarabağ  məsələsini  qaldırır  və  Qorbaçov  onun  sözünü  kəsmir,  halbuki,  ondan 

əvvəl Litvanın katibi Brazauskasın sözünü kəsə bilirdi. Bu sualı mənə verəndə, mən sizə 

Qorbaçovun əvəzinə cavab verə bilmərəm, - deyirəm, amma yeri düşsə, imkanım olsa, 

bu  sualı  Mixail  Sergeyeviçin  özünə  verərəm.  Qorbaçov:  "Mən  bir  daha  təkrar  eda 

bilərəm,  -  dedi.  -  Respublikalar  arasında  heç  bir  sərhəd  dəyişkənliyinə  yol 

verməyəcəyəm". 

Azərbaycan  deputatlarının  Qorbaçovla  bundan  qabaqkı  görüşlərində  dəfələrlə 

Qarabağ mövzusu qaldırıldığına görə bugünkü görüşdə diqqət mərkəzinə qanlı Yanvar 

hadisələrini  çəkmək  istəyirdik.  Dünən  Yakovlevin  də  dediyi  kimi  zalımlıqda  ittiham 

edilməsi Qorbaçovun ürəyinə toxunur, onu çox incidirmiş. 

Bizə də: 

- Bəli, bilirəm, - dedi - Orda məni cəllad, qəddar, Çauşesku adlandırırlar. 

-Bunu balalarını, qardaşlarını, atalarını itirən adamlar deyir, - dedim. 

Yenə  o  gün  dediyi  fikri  təkrar  etdi  ki,  ordunu  heç  kimin  ayağına  verməyəcək. 

Əsgərlərə əmr olunub, ona görə atıblar. 

-Kim  əmr  edir  etsin, mən  heç  vaxt qadına,   uşağa, qocaya  güllə  ata  bilmərəm,  - 

dedim. - Siz də elə... 

Dinmədi. Söhbəti 13-14 yanvar hadisələrinə, talanlara gətirdi.  


-Nazir  Bakatin  çıxış  etdi,  -  dedim.  -  Göstərdi  ki,  o  günlər  talançıların  sayı  beş 

mindən  artıq  olmayıb.  Eyni  zamanda  bunu  da  Bakatin  dedi  -  həmin  günlər  Bakıdakı 

daxili  qoşunların  sayı  12  min  nəfər  imiş.  Deməli,  bir  talançıya  iki  yarım  milisioner 

düşür. Bəs niyə talanların qarşısını ala   bilmədilər? 

M. S. Qorbaçov düz gözümün içinə baxaraq: 

- Doğrudan da, niyə talanların qabağını  ala bilmədilər?  - deyə soruşur. Məndən 

soruşur. 

Yazımın bu yerində bir sual (?) və üç nida (!!!) işarəsi qoymaqdan savayı əlacım 

qalmır. 

Nəhayət, görüşümüzün bir məqsədindən də söz açırıq: söhbət Ali Sovetin qəbul 

edəcəyi  qərara  yanvar  hadisələrinin,  qanlı  divanın  müqəssirlərini ittiham  edən  abzasın 

salınmasından  gedir.  Mən  bu  abzası  əvvəlcədən  yazıb  hazır  etmişəm,  oxuyur  və 

Qorbaçova  təqdim  edirəm.  Bu  abzasın  qərara  salınmağına  heç  cür  razılıq  vermir. 

Bəllidir  ki,  heç  vəchlə  ordunu  narazı  salmaq  istəmir.  Təkidlərimizdən  sonra  bir  az 

yumşalır.  Müəyyən  redaktəylə  abzasın  qərara  salınmasına  razılıq  verir.  Tənəffüsdən 

sonrakı iclasda mən yenə çıxış elədim və dediyim abzası gecə yazdığım kimi oxudum. 

Qorbaçov son sözündə: "Mən deputat Rzayevin hisslərini başa düşürəm", - dedi, amma 

son  məqamda  (artıq  iclasdan  sonra,  bizsiz,  Rəyasət  heyəti  aparatında  mətbu  mətn 

hazırlanarkən)  yenə  də  bu  abzas  çıxarıldı.  Belə  qalmaqallı  vaxtda  hakimiyyətə  dayaq 

olan Ordunun təəssübünü çəkmək - bütün qeyri-mülahizələrə, faktlara, həqiqət və ədalət 

hissinə üstün gəlmişdi. 

Bu məsələdə ölkə parlamentində qələbə çala bilmədiksə, məğlub da olmadıq. Hər 

halda  hadisələrin  məğzini,  mahiyyətini  əsl  mətləbdən  bixəbər  deputatlara  çatdıra, 

səsimizi, etirazımızı, fəryadımızı eşitdirə bilmişdik. Bir növ qəribə tənasüb yaranmışdı 

Ali  Sovetdə.  Qarabağ  məsələsində  bizim  mövqeyimizdə  durmayan  "sol  -  radikal" 

deputatlar Ordunun Bakıya divan tutmasından qəti narazılıqlarını bildirirdilər, ordunun 

hərəkətini  dəstəkləyən  "mühafizəkar"  və  hərbçi  deputatlar  isə  Qarabağ  məsələsində 

bizimlə  tam  həmrəy  idilər.  Ümumiyyətlə,  bu  tənasüb  həm  qurultaylarda,  həm  də  Ali 

Sovetin  sessiyalarında  bizim  siyasi  xətt-harəkətimizi,  taktik  gedişlərimizi 

müəyyənləşdirmək  üçün  nəzərə  alınası  vacib  faktordur.  Bu  cəhətdən  bəzi  deputatlarla 



qısa  söhbətlərim  çox  səciyyəvidir.  Marşal  Axromeyevə  yanaşdım,  Bakıda  olanları 

danışdım,  ordunun  amansız  davranışı  haqqında  mənim  rəyimlə  qəti  surətdə  razı 

olmadığını  bildirdi,  amma  dərhal  əlavə  etdi  ki,  Qarabağ  məsələsində  yüz  faiz 

Azərbaycanın  mövqeyini  müdafiə  edir.  Sobçaka  Yanvar  divanı  münasibətilə  müraciət 

etdiyim  zaman,  "əlbəttə,  ordunun  hərəkətləri  bağışlanmazdır,  -  dedi,  -  amma  sizin, 

Azərbaycan ziyalılarının da günahı var, niyə Bakıdakı erməni talanlarının qarşısını ala 

bilmədiz?  -  Bakı  iki  milyonluq  şəhərdir,  -  dedim.  -Bəs  nədən  Moskva  ziyalıları 

Ədəbiyyat  evində  yəhudi  talanının  qarşısını  ala  bilmədi?  -  dedim.  Sobçak:  mən 

moskvalı deyiləm, leninqradlıyam, - dedi və söhbətimiz bununla bitdi. 

B.N.Yeltsinin Yaponiyada çıxışlarının birində Bakıdakı qanlı Yanvar faciəsindən 

danışdığını, ordunun hərəkətlərini pislədiyini eşitmişdim. Dəh-lizdə ona yanaşdım, belə 

mövqeyi üçün təşəkkür etdim - Mən Rəyasət heyətinin iclasında da sizi müdafiə etdim, 

-  dedi.  Sonra  bizim  cəbhəçilər  sayağı  yumruğunu  "Rot-Front"  cestiylə  qaldırdı:  -  Mən 

sizinləyəm,  -  dedi,  amma  iclasda  Yanvar  qırğınının  müzakirəsi  zamanı  bir  kəlmə  də 

dinib-danışmadı.  Litva  nümayəndələri  İttifaqlar  Sovetində  bizim  qarşımızdakı  sırada 

otururdular.  "Çernı  yanvar"  kitabını  Kazimira  Prunskeneyə  verdim.  Arif  Məlikov  ona 

dəhşətli Yanvar fotolarını təqdim etdi. Prunskene: - "Sizə bu divanı tutublar ki, bizi də 

qorxutsunlar",  -  dedi.  "Bizim  başımıza  gələn,  sizin  də  başınıza  gələ  bilər"  -  dedim.  - 

Bəli.  Amma  Prunskene  də,  başqa  Baltik  deputatları  da,  Orta  Asiya  nümayəndələri  də 

müzakirə zamanı susmağı, məsələyə qarışmamağı üstün tutdular. 

Bütün bunları yazmaqda məqsədim  - şahidi olduqlarımı, duyub-düşündüklərimi, 

olub-keçənləri  artırıb-əskiltmədən  qələmə  almaqdır,  həm  olanları  tarixin  gələcək  çək-

çeviri  üçün  hifz  etmək  istəyirəm,  həm  də  bugünkü  qüvvələr  nisbətinə  ayıq  real 

mövqedən  yanaşmağa  çağırıram.  Deputat  korpusumuzun  işini  nöqsansız  saymıram. 

Bəlkə  də  başqa  deputatlar  bizdən  daha  səmərəli  fəaliyyət  göstərə  bilərdi.  Nə  deyim... 

Amma xalqımızın mənafeyi, şərəfi və ləyaqəti yolunda əlimizdən gələni, bacardığımızı 

etdik və bu cəhətdən  tarix qarşısında da, millətimiz qarşısında da alnımız açıq, üzümüz 

ağdır. Şübhə etmirəm ki, tarix özü yaxşını-yamanı ayırd edəcək, həqiqi əməllə havayı 

sözləri fərqləndirəcək, çətin parlaman döyüşləriylə asan çayxana tənqidlərinin hərəsini 

öz  yerinə  qoyacaq.  Üzücü  siyasi  deyişmələrlə  gurultulu  şeir  gecələrinin  başqa-başqa 



canrlar  olduğu,  yəqin  bir  gün  hər  kəsə  aydın  olacaq.  Halva-halva  deməklə  ağız  şirin 

olmadığı kimi "qeyrət, qeyrət" deməklə də insan qeyrətlənmir. Əlbəttə, adama bir az yer 

eləyir  ki,  deputatlarımız  Moskvada  rəqiblərimizlə  çarpışan  zaman  burda  da  bəziləri 

deputatlarımızın kölgələrini qılınclayır, onlara həcv yazırdılar. Elə bil düşmənlərimizin 

cızdığı  çox  dəqiq  bir  layihəni  həyata  keçirirdilər  -  xalqı  ziyalılara,  deputatlara  qarşı 

qoymaq, parçalamaq və hökm etmək. Xalqın tarixi zəkası dövrün hər hansı keçəri, ötəri 

oyunlarına,  fəndlərinə  üstün  gələsidir.  Ziyalıları  hörmətdən,  nüfuzdan  salmaq,  onların 

ünvanına hər çeşidli föhş və böhtanlar yağdırmaq faşist və totalitar recimlərin ən dürüst 

göstəricisi, ən dəqiq əlamətidir. Faşist Almaniyası   da, Çinin maoçu mədəni inqilabı da, 

dini  fanatiklərin  hökm  sürdüyu  quruluşlar  da,  hər  hansı  qaraguruh  hərəkatı  da,  bütün 

fərqli cəhətlərinə baxmadan bir ümumi nöqtədə birləşir - ziyalılara nifrətdə. Qəribəsi də 

odur ki, bəzən bu nifrəti ziyalıların özləri oyadır, yayırlar! Daha doğrusu, ziyalıların bir 

qismi  başqa  qismini  gözdən  salmağa,  damğalamağa,  sıradan  çıxarmağa  çalışır  ki,  öz 

yerləri  gen-bol  olsun.  Amma  bu  xam  xəyaldır.  Ziyalıları,  ümumiyyətlə  ziyalılıq 

anlayışını ləkələməyə çalışanlar üstünə qonduqları budağın özünü baltalayırlar. Məşhur 

xalq məsəli var - hörmətli yazıçımız İsmayıl Şıxlı həmin məsəli yerində yadımıza saldı: 

"Sapı özündən olan baltalar" ifadəsi həm  də  özləriözlərini baltalayan  ziyalılara  aiddir. 

Çingiz  Aytmatovun  manqurtluq  anlayışı  da  bir  tərəfdən  milli  köklərini  dananlara 

aiddirsə,  o  biri  tərəfdən  öz  ziyalılıq  borcundan  vaz  keçənlərə,  mədəniyyət  və 

mənəviyyat  irsindən  imtina  edənlərə  şamil  edilə  bilər.  Hər  şey  ötüb  keçəcək,  xalqın 

həqiqi  dəyərləri  qalacaq.  Zamanın  bütün  tozanaqlarını  və  haray-qışqırıqlarını  yarıb 

keçən əbədi meyarlar qalacaq. 

 

 

 



*** 

Təbiət elə bil bu dağı Bakıya keşik çəkmək üçün yaradıb. Buradan  Bakının hər 

səmti,  hər  tərəfi  görünür,  soyub,  sorub  taladığımız  gözəllər  gözəli  Xəzərin  genişliyi 

açılır. Duman təbiətin insanlardan incikliyidir. Duman çəkilir, hava açılır və biz yaxın-

uzaq  Xəzər  adalarını  da  görürük.  Böyük  Zirəni  -  Nargini  görürük.  Bu  adalarda  20-ci 

illərdən bəri nə qədər günahsızlar güllələnib. Lüt soyundurur, güllələyir, ayaqlarına daş 

bağlayıb dənizə atırmışlar. 

Toğrul  Nərimanbəyovun keçən il tamamladığı  dəhşətli bir tablosu  var  -  dənizin 

içi  və  dənizin  dibinə  doğru  gedən  ayağına  daş  bağlanmış,  sinəsi  güllələrlə  deşilmiş 

meyitlər.  Güllələnmişlər,  qurbanlar,  şəhidlər...  Şəhidlərin  şahidləri  -  Xəzər  adaları. 

Xəzər adalarından, dənizin mavi səthindən yüngül bir meh qalxır, xəfif bir nəsim əsir - 

Şəhidlər  dağına  çatır,  təzə  qurbanların  qəbirlərini  ussufluca  sığallayır.  Dəniz  yelinin 

yanıqlı ahı anaların göynəkli oxşamalarına, ağılarına qarışır. 

 

*** 



Şəhidlər dağı... Bu gün bu dağdan yalnız Bakı və Xəzər deyil, bütün Azərbaycan 

görünür - o taylı, bu taylı. Bu gün bura Azərbaycanın ən yüksək dağı, ən uca zirvəsidir. 

Bu  dağın  zirvəsindən    keçmişimizi  də  görürük,  gələcəyimizi  də.  Tariximizin  rəmzidir 

Şəhidlər  dağı  -  min  bir  əzab-əziyyətli,  məşəqqətli,  kəşməkəşli  tariximizin.  İgidliyin, 

qeyrətin, qürurun rəmzidir Şəhidlər dağı. İtkilərimizin,  müsibətimizin rəmzidir - yalnız 

bir ayın, bir neçə günün deyil, illərin, əsrlərin dərd-qəmi, ağrısı, matəmi çöküb bu dağa - 

duman, çis çökən kimi, çən düşən kimi. 

Şəhid qəbirlərinin üstü götürülüb. Məzarlar səliqə-sahmana salınıb. Bu nəcib işdə 

əməyi  olanların  hamısı  sağ  olsun.  Amma  Şəhidlər  dağının  tariximizin,  azadlıq 

mübarizəmizin  möhtəşəm  abidəsi  kimi  əbədiləşməsi  üçün  hələ  çox  işlər  görmək 

gərəkdir. 

Götürülmüş  heykəlin  yerində,  onun  özül  daşının  yanında  üç  şümal  sütunun  da 

ucaldığını xəyalən təsəvvür edirəm. Bu üç sütunun üstündə üç od - üç məşəl yanır - həm 

Bakımızın  məşhur  gerbi  kimi,  həm  Odlar  yurdunun  rəmzi  kimi,  həm  də  Şəhidlər 

qəbiristanlığının əbədi alovu kimi. 


Üç məşəlin, üç dilim alovun altında yerləşən muzey də tamam başqa cür qurulur. 

Bura Şəhidlər muzeyidir. Burda qara Yanvar günlərinin tükürpədici əşyayi-dəlilləri də 

nümayiş etdirilir - tank tırtılları altında xıncım-xıncım əzilmiş maşın - bədbəxt alimlərin 

avtomaşını,  gülləbaran  olunmuş  təcili  yardım  karetası  da,  güllələrdən  dəlik-deşik 

pəncərə    şüşələri,    çopur-çopur  divarların    maketi,  məktəbli  qızın  çantası,  qanlı  pal-

paltar da, acıdan-acı fotolar, adların qəmli siyahısı, sənədlər də. 

Amma bu muzey yalnız Qanlı Yanvar abidəsi deyil. 18-ci ilin mart qurbanlarına 

həsr olunmuş guşə də var burda, 20-ci ildə boğulmuş cümhuriyyətin faciəvi tarixi də əks 

olunub. Vətəndən uzaqlarda "Azərbaycan, Azərbaycan" sözləriylə can verən Məmməd 

Əmin Rəsulzadə, daşnak güllələrinə hədəf olmuş Fətəli xan Xoylu, Həsən bəy Ağayev, 

Behbud xan Cavanşir, namərdcəsinə öldürülən Nəsib bəy Yusifbəyli, Azərbaycanın ilk 

səhiyyə  naziri,  Xəzər  adasında  güllələnmiş  ana  babam  Xudadat  bəy  Rəfibəyli  -  uzun 

illərin ayrılığından, həsrətindən sonra bu muzeydə görüşüb qovuşurlar. 

Xiyabani də burdadır, Pişəvəri də... 

Hüseyn Cavid də, Əhməd Cavad da, Mikayıl Müşfiq də, 37-ci ilin və başqa illərin 

neçə-neçə qurbanları, gedər-gəlməzdən qayıtmayanları da. 

Qətl  günü  üzünü  tərtəmiz  təraş  edib,  ağ  köynək  geyinən,  səliqəylə  qalstuk 

bağlayıb  edam  yerinə  qalxan  Firudin  İbrahimi  də,  Savakın  sularda  boğduğu  Səməd 

Behrəngi də... şəhid qadınlarımız Mədinə xanım Qiyasbəyli də, Gülarə Göylü qızı da, 

Mərziyə  Üsküyü  də...  Kürd  qəhrəmanı  Məhəmməd  Qazi  də...  Bu  muzeydə  xalqların 

formal,  rəsmi,  boğazdan  yuxarı  dostluğu  yox,  halal  qardaşlığı,  həqiqi  həmrəyliyi,  tale 

birliyi  əks  olunmalıdır.  90-cı  ilin  Yanvar  faciəsi  haqqında  mərkəzi  mətbuatda  ilk 

həqiqətləri  söyləyən  rus  recissoru  Stanislav  Qovoruxinin  yazısı  da  bu  muzeydə  yer 

tapmalıdır,  qazax  dostumuz  Oljasın  təyyarə  bileti  -  Bakının  ağır  günündə  onu  bura 

yetirən  təyyarənin  bileti...  Tiflisin  89-cu  il  9  Aprel  faciəsi  də  əks  olunmalıdır  bu 

muzeydə,  Ermənistan  zəlzələsindən  sonra  yardıma  tələsən,  hava  qəzasında  həlak  olan 

və qəzaya uğradıqları yerdə nankorluqla unudulanların xatirəsi də... Ayrıca bir lövhədə, 

-  Qobustan  daşları  kimi  əbədi  bir  daşın  üstündə  -      kənd,  çay,  dağ,  meşə,  bulaq  adları 

yazılmalıdır  -  Ermənistandan  qovulmuş  Azərilərin  -  yurd  yerləri,  qədim  dədə-baba 

məskənlərinin adları. Axı bu adlar da repressiyaya məruz qalmış adlardır. 



Muzeydə  hər  saatdan  bir  həzin  musiqi  səslənir  -  Üzeyir  bəyin  ölməz  "Şəbi-

hicran" xoru, Böyük Füzulinin sözləri elə bil məxsusi Şəhidlər dağı üçün yazılıb: 



Şəbi-hicran yanar canım, 

Tökər qan çeşmi-giryanım. 

Oyadar xəlqi əfğanım, 

Qara bəxtim oyanmazmı? 

Bu muzeydə bir guşə də var. Dairəvi salondur. Ortada, döşəmədə mis bir dairə - 

qalxan  kimi.  Ətrafında  dairəvi  divarlar.  Divarların  üzərində  böyük  sənətkarlarımızın 

sözləri. Nəsimidən, Xətaidən, Vaqifdən, Vidadidən, Hadinin: 



Dağa dersən eşidər, sonra verər əks-səda, 

Daşa dönmüşlərə əks eyləmədi fəryadım -  

beytinəcən, Sabirin:  



Ey dərbədər gəzib ürəyi qan olan cocuq, 

Ey ehtişami-milləti talan olan cocuq - 

misralarına qədər. 



Bu  gün  Kərbəla  meydanı  Azərbaycandakı  vətənpərvərlik  meydanıdır.  Yekə  bir 

millətin  dili,  namusu,  hüququ,  vətəni  təhlükədədir.  Axıtmalı  qanımız,  ehsan  etməli 

pulumuz  varsa  -  gözümüzün  qabağında  ürəklər  parçalayan  Azərbaycan  matəmgahı 

durur" (Mirzə Cəlil).  

 Bu sarsıdıcı sözlərdən çağdaş şairlərimizin, yazıçılarımızın təsirli kəlamlarınacan 

- bütün mətnləri dairəvi divarlarda həkk etmək olar, mərkəzdə, mis dairənin üstündə isə 

məncə ikicə sətir yazılmalıdır. Bu sətirlərin müəllifi - gənc şəhid şair dahilərin, uluların, 

böyüklərin məclisində  mərkəz yeri öz halal qanıyla, taleyilə, qismətiylə qazanıb! Onun 

sətirlərinin saf həqiqəti qarşısında baş əyməliyik: 



Həyat üçün doğulmuşduq, 

Vətən üçün ölməliyik.  

 

*** 


Şəhidlər  dağı,  ürəklərə  dağdan  ağır  dağ  çəkən  Şəhidlər  dağı...  Xalqın  matəmi, 

hüznü, dərdi. Xalqın mütilik, köləlik, əsarət üzərində qələbəsi... 



Şəhərin  aşağı  məhəllələrindən,  dəniz  sahilindən  başımızı  qaldırıb  yuxarı 

baxacayıq - çətin anlarımızda ucalardan uca tanrıya üz tutacayıq. Bir də Şəhidlər dağına, 

onun əbədi məşəllərinə tapınacayıq... 

…Və  bu  saflaşma,  təmizləşmə,  müqəddəsləşmə  anlarında  qəlblərimizə  kədərlə 

bərabər ümid, işıq, həyat duyğuları da dolacaq...    

Yanvar, 1991 

 

 



 

 

1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə