Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2.61 Mb.
Pdf просмотр
səhifə5/44
tarix23.12.2016
ölçüsü2.61 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   44

YENƏ    SÖZ,    SÖZ...(FFRİ?) 

 

Bəla  burasındadır  ki,  daha  sözlərə  inanmırıq.  İttifaq  müqaviləsinin  müzakirəsi 



gedir,  tərəflərin  mövqeləri  dəqiqləşdirilir,  müddəalar  və  maddələrə  əl  gəzdirilir.  Buna 

görə də adama elə gəlir ki, hamı müəyyən mətnlə razıdır. Bəs kim təminat verə bilər ki, 

həmin  mətn  məhz  gələcək  İttifaqın  əsasıdır,  daha  gözdən  asılan  növbəti  pərdə,  söz 

oyunu  deyildir;  elə  pərdə,  elə  oyun  ki,  onların  arxasında,  Oruelin  romanında  olduğu 

kimi, bir-birilə  daban-dabana  zidd  anlayışlar, tamam  başqa  niyyət  və  məqsədlər durur. 

Axı  əvvəlki  sovet  konstitusiyalarında  da  respublikaların  hətta  İttifaqdan  çıxmaq, 

ayrılmaq hüququ da daxil olmaqla gözəl sözlər və nəcib, ədalətli, xeyirxah müddəalar 

az deyildi. Amma nəinki Stalin, hətta Brejnev və Xruşşov dövründə də kimin ağzı nə idi 

ki, ayrılmağa can atsın, bu bir yana, bunu sadəcə olaraq dilinə gətirsin? Adamın dilini 

dibindən  çıxarardılar.  Yoxsa,  indi  biz  məhz  bu  məsələdə  keçmiş  davranış  tərzindən 

uzağa  getmişik?!  Bilirəm,  o  dəqiqə  etiraz  edib  deyəcəklər:  «Axı  dövlət  əsrlər  boyu 

qurulmuşdur», «...minillik tarixi olan dövlətimiz var”. Bağışlayacaqsınız, hansı dövləti 

deyirsiniz?  Axı  lap  son  iki  əsrədək  Rusiya  dövlətinin  bir  tarixi,  Qafqazın  öz  tarixi, 

Türküstanın da öz tarixi olmuşdur. Bir halda ki, bugünkü dövlətimizi çar imperiyasınıi 

varisi  kimi  başa  düşürlər,  onda  qoy  zəhmət  çəkib  nala-mıxa  vurmadan  açıq-saçıq 

bildirsinlər...  Odur  ki,    mətləb  nədirsə    gəlin  mərd-mərdana  ondan  danışaq,  bol-bol 

vədlər  verməyək,  xam  xəyallara  qapılmayaq,  yalanlara  uymayaq.  Etimad  ruhu  - 

razılaşmaların  sözlərindən  də,  mətnindən  də  qat-qat  vacibdir.  Yaxşı,  bəs  siyasi 

mənəviyyatımızı  qanunlarda,  müqavilələrdə,  sazişlərdə  təsbit  edilmiş  hüquq  və 

vəzifələrə  uyğunlaşdırmaq  mümkün  olacaqmı?  Yetmiş  ilin  acı  təcrübəsi  kütlələrin 

şüuruna  uyğunsuzluq  fenomeni  -  söz  ilə  əməlin    uyğunsuzluğu,  dəm  vurulan  niyyətlə 

həyata  keçirilən  niyyətin  uyğunsuzluğu,  yaxud  sadəcə  desək,  yalan  və  riyakarlıq 

fenomeni yeritmişdir. Elə nəsillər tərbiyə edib yetişdirmişdir ki, indi onlar, demək olar, 

heç nəyə inanmır və demək olar, kimsəyə bel bağlayıb etibar etmirlər. Bu və ya digər 

xadimin  saxta  şan-şöhrəti  olsa-olsa  alayarımçıq  bir  şeydir,  bu  məşhurluq  sözlərə 

əsaslanır  və  tez  bir  zamanda  da  yox  olub  gedə  bilər  --  quruca  sözlərdən  yapılıb  axı. 

Deyirlər  ki,  üslub  insanın  özüdür,  onun  aynasıdır.  Amma  üslub  həm  də  cəmiyyətin 


göstəricisidir.  Bürokratik  tərzdə  düşünmək  və  ya  yaşamaqla  yanaşı,  boşboğazlıq  və 

bəlağət də cəmiyyətimizin üslubuna çevrilmişdir. 

Cəmiyyət  sözçülüyə,  cümləpərdazlığa,  ibarəbazlığa  mübtəla  olmuşdur.  Biz 

sözlərin  içində  az  qala  boğuluruq  və  Yer  kürəsinin  altıda  bir  hissəsini  gurultulu, 

təmtəraqlı nitqlərdə,boş-boş sözlərdə batırmağa hazırıq. 

Nə  şirin  sözdür  «Azadlıq»  sözü.  Nə  qəşəng  kəlmədir    «Suverenlik»  kəlməsi. 

Gəlin,  ölkənin  adını  yenidən  fikir  süzgəcindən  keçirək:  Suveren  Azad  Respublikalar 

İttifaqı. Nəyi pisdir? Bəs əslində nə dəyişəcək? 

İndi  özünüz  deyin,  «SSRİ»  abreviaturasındakı  «S»lərdən  biri  («Sosialist»)  istər 

elmi,  real,  yetkin  sosyalizm  olsun,  istər    xoşsifətli,istərsə  qaşqabaqlı  sosyalizm  olsun, 

fərqi  yoxdur,  hər  hansı  bir  sosializm  üçün  özlüyündə  təminat  verirdimi?  Qaraqabaq 

olmağına qaraqabaq idi - amma sosyalizmin bura nə dəxli var? Əgər başqa bir vaxtda 

kiminsə ağlına yaltaq bir ideya -- ölkənin adına daha bir «S» hərfi əlavə edib, onu Sovet 

Sosialist  Stalin  Respublikaları  İttifaqı  adlandırmaq  ideyası  gəlsəydi,  cınqırını  çıxarıb 

buna  etiraz  bildirməyə  cürət  edə  bilərdilərmi?  Əsla  yox!  Belə  isə  necə  inanasan  ki, 

Stalin  sosializmi  kökündən  qazılıb  atılmışdır,  bir  halda  ki,  yenə  də  sözlər 

ruhlandırıcıdır,amma elə bu sözlər bəyan olunan zaman qan tökülür, öz raketlərimizlə 

öz  şəhərlərimizə  od-alov  yağdırılır,  haqq-ədalət  uğrunda  «çarpışan  mübarizlər»  kimi 

qələmə  verilənlər  yadfikirlilərə  divan  tuturlar,  müxtəlif  xalqlara  müxtəlif  münasibət 

bəslənməsi kimi sərsəm faşist ideyası dirçəldilir - sən demə, cəllad xalqlar və qurbanlıq 

xalqlar varmış  və belə olan surətdə “mənfur» xalqı ömürlük qara siyahıya salmaq, onun 

müsibətləri, iztirabları, məhrumiyyətləri barədə əsla düşünmədən, müxtəlif  demokratik 

nəşrlərin  səhifələrində  onu  mənəvi  terrora  məruz  qoymaq,  öz  dəlil-sübutlarını,öz 

həqiqətlərini yaymaq üçün ona hər cür  əngəl törətmək olar. 

Bizim nəslin uşaqlıq, yeniyetmə və kənclik çağları- - ömrümüzün ən yaxşı illəri - 

üçüncü  dünya  müharibəsinin  -  üstəlik  nüvə  müharibəsi  təhlükəsinin  mənhus  kabusu 

altında keçdi. Demə,qarşımıza illər boyu bizi qorxutduqları uydurma xarici təhlükə və 

imperialist  təcavüzü  yox,  vətəndaş  müharibəsinin  kabusu  çıxacaqmış.Özü  də 

Azərbaycan  torpqlarına,  sovet  təbliğatın  beynimizə  yeritdiyi  kimi,  Türkiyə  və  ya  İran 

deyil, qulağımızın dibindəki qonşumuz -- SSRİ  üzrə müttəfiqimiz göz dikibmiş.. 



Muxtar  qurumlar  tərkibində  olduqları  müttəfiq  respublikalara  inanmırlar.  Belə 

olduqda  respublikaların  da  haqqı  vardır  ki,  guya  yenidən,  yeni  əsaslarla  qurulacaq 

İttifaqa etibar etməsinlər. Gör necə etibarsız suverenlikdir, gör necə də sısqa İttifaqdır 

ki,  respublikalardan  biri  o  birisinin  ərazisinin  bir  hissəsini  ağına-bozuna  baxmadan 

birtərəfli  qaydada  öz  torpağına  qatır,  sonra  da  onun  boynuna  minnət  qoyub,  guya 

güzəştə  getdiyini  bildirir,  öz  iddialarından,  hikkələrindən  əl  çəkmək  istədiyinə  işarə 

vurur.  İşə  bax  ki,  qondarma  iddialarını    qədim-qədim  xəritələrə  istinad  edərək 

əsaslandırırlar. Halbuki, bu xəritələr tərtib edilən dövrlərdə kartoqraflar əmin idi ki, Yer 

kürə  şəklində  deyil,  göz  işlədikcə  uzanıb  gedən  düzəngah  formasındadır.  Xəritə 

demişkən,  görünür,  kiçik  xalqların  uğursuz  qədəri  elədir  ki,  onların  taleyini  böyük-

böyük dövlətlərin böyük-böyük rəhbərləri o biçarələrdən xəbərsiz həll edirlər. Deyək ki, 

1918-ci  ildə  Versalda,  yaxud  çox-çox  sonralar  Podstamda,  Yaltada  və  ya  Maltada 

olduğu kimi, bir otağa toplaşıb danışıqlar stolu arxasında əyləşir və həll edirlər: hansı 

kiçik  və  ya  azsaylı  xalqın  sərhədləri  haradan  keçməlidir.  Lakin  bu  məsələdə  də  hər 

halda müəyyən «tərəqqi» gözə dəyir. «Literaturnaya qazeta»(15.05.91) bizi agah etdiyi 

kimi, demə, lap bu yaxınlarda Ermənistan ilə Azərbaycan arasında sərhədə qayçı salıb 

onun ülgü-biçimini dəyişdirirlərmişlər... Özü də harada? Moskva mənzillərindən birinin 

mətbəxində…Özü də kimlər? Bu problemə heç bir dəxli olmayan iki cüt bir tək adam. 

Azərbaycanlılarla    ermənilərin  adət-ənənələrində  də,  mədəniyyətlərində  də  oxşar 

cəhətlər çoxdur. İndi bu barədə danışmağı nədənsə çoxları özünə ar bilir, amma di gəl 

ki, acı və təhqiramiz sözlər dillərdən düşmür. Bütün bunlara baxmayaraq, qonşularımıza 

-  ermənilərə  üz  tutub  demək  istəyirəm:  doğrudanmı  sizin  heysiyyətinizə  toxunmur  ki, 

sizli-bizli  hamımızın  problemlərini  tamam  yad  və  kənar  adamlar  Moskva  mətbəxində 

həll edirlər? Qoy lap bu mətbəx  çox hörmətli və görkəmli bir adamın mənzilində olsun. 

Məgər bunu hər hansı  digər xalq barəsində etməyi - böyük və ya kiçik  xalq olsun- rəva 

görə  bilərdilərmi?  Mətbəxdə  oturub  xəritədə  özgəsinin  ərazisinə  əl  gəzdirirlər,  bütöv 

rayonları kağız üzərində aldəyiş edirlər, yəni, minlərlə, yüz minlərlə adamın - taleyi ilə 

oynayırlar.  Gör  nə  günə  qalmışıq.  200  min  azərbaycanlıdan  Ermənistanda  bu  gün  bir 

nəfər  də  qalmayıb,  hazırda  Azərbaycanda  200  min  erməni  yaşayır.  Halbuki  faciəli 

hadisələr başlanmazdan əvvəl burada onların sayı iki dəfə çox idi. Bəs sabah nə olacaq? 



Tutaq ki, İttifaq müqaviləsini Azərbaycan imzaladı,onda Ermənistan  imzalamayacaq və 

beləliklə xarici  dövlətə çevriləcəkdir. Bu halda Dağlıq Qarabağla bağlı iddialar təkcə 

Azərbaycana  deyil,  həm  də  SSRİ-yə  yönəldiləcəkdir.  Elə  deyilmi?  Yox,  mən  bu 

varianta  inanmıram.  Onsuz  da,  təsadüfi  amillərlə  qurulumuş    ölkə  olsa  da,  böyük  bir 

məmləkətdə yaşayırıq, ixtiyarımız öz əlimizdə deyildir.  

Odur  ki,  təcrübəli  parlament  üzvlərindən  biri  bəzi  respublikalar  haqqında  dəqiq 

demişdir:  «İmzalasalar  da,  imzalamasalar  da  İttifaqda  qalacaqlar,  ağızları  nədir?».  Bir 

halda ki, tale bizə ümumi bir evdə yaşamağı məsləhət bilib, onda heç olmasa gəlin, nə 

Qırmızı sovet evində, nə də Sarı evdə -- dəlixanada yaşayaq.  Yaxşısı budur, gəlin, əl-

ələ verib İttifaq, Avro-Asiya, Qafqaz evi adlansa da, hələ ki yaşadığımız ümumi evimizi 

yanğınlardan qoruyaq, qoymayaq ki, o dağılıb xarabalığa çevrilsin. Belə olsa, sağ qalan 

tapılmaz.  Bundan  sonra  yüz  dəfə  fikirləş  ki,  xarabazarı  hansı  rənglə  boyayaq.  İttifaq 

müqaviləsini  imzalamaqda  tələsmək  nəyə  gərəkdir?  Yaxşı  olmazmı  ki,  hamı  --  

hakimiyyət  orqanları  və  müxalifət,  Mərkəz  və  respublikalar,  kommunistlər, 

demokratlar,  bitərəflər,  sağlar,  sollar,  bir  sözlə,  hamı  birlikdə  etimadı  --    bir-birimizə  

etimadı,  sözlərə    inamı  qaytarmağa  çalışaq.  Belə  bir  inamı  qaytarmağa  çalışaq  ki, 

Razılaşdırılmış  və  İmzalanmış  müqaviləyə  hökman  və  dəqiq  əməl  ediləcəkdir.  Yoxsa 

hər  şey  quruca  protokoldan,  sırf  rəsmi  və  heç  kəsin  üzərinə  heç  bir  vəzifə  qoymayan 

mərasimdən ibarət olacaqdır. 

Doğrudanmı,  biz  məhz  FFRİ  -  Fiktiv  Formal  Respublikalar  İttifaqı  yaratmaq 

istəyirik?! 

May, 1991.  

«Literaturnaya qazeta» da dərc olunmuşdur.  

 

 

 



 

 


FİKRİMİZCƏ 

 

Azərbaycan xalqı əsaslı demokratik ənənələrə malik bir xalqdır. 



Təsadüfi deyil ki, Şərqdə ilk demokratik respublika quruluşu 1918-ci il mayın 28-

də Azərbaycanda yaranmışdır. 

Yetmiş  ildən  artıq  sürən  totalitar  recim  şəraitində  Azərbaycan  xalqının 

demokratik  ənənələrinin  müəyyən  rüşeymlərini  qoruyub  saxlamaqla,  real  gerçəklik 

haqqında  acı  həqiqətləri  söyləməklə,  mühitin  eybəcərliklərini  tənqid  etməklə  vicdanlı 

Azərbaycan yazıçıları mövcud imkanlar daxilində bacardıqlarını deyə və yaza bilmişlər. 

Buna  görə  də  yazıçılarımız  ölkədə  demokratik  ünsürlərin  güclənməsinə,  son 

günlərdəki  antidemokratik  çevrilişin  məğlubiyyətinə,  qanuni  hakimiyyətin  qələbəsinə 

sevinməyə  bilməz  və  bu  qələbəni  alqışlayırlar.  Hələ  qiyamçılar  iş  başında  olarkən 

avqustun  21-də  günün  birinci  yarısında  mən  bu  hadisələri  faciə  adlandırdım,  həmin 

faciənin  1988-ci  ilin  fevralında  Əsgəranda  qətlə  yetirilən  iki  azərbaycanlı  gəncin 

ölümüylə başladığını, sonra 1990-cı ilin qara Yanvarında Bakıda davam etdiyini qeyd 

etdim, qiyamçıların sözüylə əməlinin uyğun olduğuna inanmadığımı bildirdim, ölkədə 

demokratiyanın  taleyi,  respublikaların  suverenliyinin,  müstəqilliyinin  taleyi  üçün 

nigarançılığımı dilə gətirdim («Azadlıq» qəzeti, 23 avqust, 1991). 

Eyni zamanda biz ölkədəki demokratik qüvvələrin son üç-dörd ildə Azərbaycan 

xalqının  başına  gələn  müsibətlərə,  onun  verdiyi  qurbanlara  bir  çox  hallarda  biganə, 

laqeyd,  seyrçi  münasibət  bəsləməsini,  bəzənsə  açıq-aşkar  qeyri-obyektiv,  birtərəfli, 

qərəzli  münasibətini  unuda  bilmərik.  Ancaq  indi  ölkə  demokratlarıyla  haqq-hesab 

çəkmək vaxtı deyil. İndi öz-özlüyündə ölkə miqyasında mütərəqqi ideyaları təmsil edən 

qüvvələrin  Azərbaycan  problemlərini  də  düzgün  və  obyektiv  qiymətləndirməsi  üçün 

qarşımızda duran vəzifələr haqqında düşünməliyik. 

Respublikamızın  taleyini  yalnız  və  yalnız  Mərkəzin  inzibati  strukturlarıyla 

bağlamaq  səhv  idi  və  yazıçılarımız  bunu  dəfələrlə  demişlər.  Kökündən  dəyişən  siyasi 

tənasüb  mərkəzin  demokratik  qüvvələriylə  daha  fəal  rabitə  yaratmamağımızın  acı 

nəticələrini bir daha təsdiq etdi. İndi bəzi həqiqi demokratlar da, özlərini demokrat kimi 

qələmə  vermək  istəyən  bir  çoxları  da  Azərbaycanı  qara  boyalarla  təqdim  etməyə 


başlayıblar.  Bunda  bizim  öz  günahımız  da  var.  Televiziya,  başqa  kütləvi  informasiya 

vasitələriylə  respublikamızdakı  real  vəziyyəti,  real  ictimai  ovqatı  doğru-dürüst 

işıqlandıra  bilməmişik.  Nəticədə  isə  üstümüzə  böhtan  dalınca  böhtan,  yalan  dalınca 

yalan  yağdırılır.  Bu  da  xalqımızın  ağır  mənəvi  iztirablarına  səbəb  olur.  Ölkə 

demokratiyasının ağ günü Azərbaycanın qara gününə çevrilməməlidir. 

Azərbaycan  prezidentinin  (A.Mütəllimovun-red.)  Bakı  televiziyasıyla  avqustun 

21-də  səsləndirilən  tələsik  bəyanatında  düzgün,  haqlı  müddəalarla  yanaşı  emosional 

səbrsizlikdən  doğan  yanlış  qiymətlər  də  vardı.  Ölkədə,  respublikamızda,  xüsusilə  də 

Qarabağda qanunçuluğun, əmin-amanlığın bərpa olunması haqqında doğru mülahizələr 

və  eyni  zamanda  bu  məsələlərin  həllini  DFVK-lə(QKÇP-lə)  bağlamaq  ümidi  bir  yerə 

sığmır. 

Axı  «DFVK»çilərin əksəriyyəti  -- vitse-prezident, baş nazir, Müdafiə və Daxiln 

işlər  naziri,  DTK  sədri  -  illər  boyu  bu  məsələləri  həll  etməli  olan  dövlət  orqanlarına 

rəhbərlik  etmiş və  məsələni həll  edə bilməmiş,  ya  həll  etmək  istəməmişlər.  Onlara nə 

ümid bağlamaq olardı! Qara yanvarın təşkilatçıları, Bakının cəlladı Yazov və başqaları 

halımıza yanacaqdılar?! 

Bizə  elə  gəlir  ki,Azərbaycan  Prezidenti  bəyanatındakı  bu  yanlış  məqamı  açıq 

etiraf  etməklə  bərabər  irəli  sürdüyü  doğru-düzgün  müddəaların  da  üstündə  möhkəm 

dayanmalıdır.  Bu  bəyanatdan  bir  bəhanə  kimi  istifadə  edib  Azərbaycana  qara  yaxan 

düşmənlərimizə isə bir faktı xatırlatmaq lazımdır: Qiyam günlərində Ermənistan rəhbəri 

Ter-Petrosyan  özü  etiraf  etdiyi  kimi  (bax:  «Pravda»  qazeti  21  avqust  1991)  ölkə 

rəhbərliyilə  (DFVK-ylə)  daimi  rabitə  yaradıbmış  və  Yeltsinin  20  avqust  tarixli 

bəyanatında  deyildiyi  kimi  (bax,  «Arqumentı  i  faktı»  №  33)  xunta  Erməinistana 

güzəştlər  vəd  edirmiş.  Amma  indi,  iş-işdən  keçəndən  sonra  erməni  millətçiləri  və 

onların züy tutanları, Mərkəzdəki havadarları bu məsələni açıb-ağartmırlar, «qara məni 

basınca  mən  qaranı  basım»  prinsipiylə  Azərbaycanın  mövqeyini  pis  qələmə  verməyə, 

respublikada  hərc-mərclik,  qeyri-sabitlik  yaratmağa  cəhd  edirlər.  Bu  gün 

respublikamızda  hərc-mərclik  ölüm  təhlükəsi  qədər  qorxunc  bir  işdir.  Fitnəkarların 

məqsədi  Bakıda  və  Azərbaycanda  yeni  bir  qara  Yanvar  yaratmaq,  bu  səfər  yalnız 

ordunun  əliylə  deyil,  xalqımızın  özünün  əliylə  qırğın  törətmək,  bizi  bir-birimizə 



qırdırmaqdır. Bu baxımdan avqustun 23-də Xalq Cəbhəsinin liderlərinə, Azərbaycanın 

xalq  deputatlarına,  «Azadlıq»  qəzetinin  əməkdaşlarına  qarşı  törədilmiş  zorakılıq 

hərəkətını  tam  qətiyyətlə  pisləyərək,  bu  zorakılığın  səbəbkarlarının  ciddi  məsuliyyətə 

cəlb olunmasını tələb edirik. 

Ağır  sınaq  günlərini  yaşayırıq,  çox  ciddi  və  təcili  tədbirlər  həyata  keçirilməsə 

daha da ağır sınaqlar qarşısında durmalı olacağıq. 

Fikrimizcə ilk növbədə aşağıdakı tədbirlər təcili həyata keçirilməlidir: 

1.Respublikada prezident seçkiləri təxirə salınmalıdır. 

2.Demək  olar  ki,  bütün  ölkədə  olduğu  kimi,  Azərbaycanda  da  Kommunist 

Partiyasının  rəhbər  orqanlarının  fəaliyyəti  dayandırılmalı,  partiyanın  fövqəladə 

Qurultayı  partiyanın  qalıb-qalmamasını,  qalarsa  nə  şəkildə  və  nə  adla  qalmasını 

müəyyənləşdirməlidir. 

3.Bakıda  fövqəladə  vəziyyət  aradan  qaldırılmalıdır.  Eyni  zamanda  biz  Xalq 

Cəbhəsinə,  Bakı  və  Abşeiron  əhalisnnin  birlik  və  cəmiyyətlərinə,  din  xadimlərinə, 

ziyalılara,  müxtəlif  siyasi  qüvvələrə  və  inzibati  orqanlara  müraciət  edərək  hər  hansı 

təhrikçi  və  fitnəkar  hərəkətlərin,  çıxışların  qarşısını  almağa  çağırırıq.  Bir  an  da 

unutmayaq ki, xalqı ziyalılara qarşı, fəhlələri kəndlilərə, bakılıları rayonlulara, ayrı-ayrı 

regionları  bir-birinə  qarşı  qoymağa  cəhd  göstərən  təhrikçilərin  fitnəkarlığında  düşmən 

əli,  şeytan  barmağı  var.  Düşmənlərimizi  Azərbaycanda  demokratiyanın  taleyi  yox,  öz 

çirkin  təcavüzkar  məqsədləri  maraqlandırır.  Azərbaycan  demokratik  hərəkatı  özlərini 

demokrat  elan  etmiş  Ermənistan  siyasi  qüvvələriylə  yalnız  bir  şərtlə  -  -  onların 

Azərbaycana  ərazi  iddiasından  imtina  etməsi  və  Qarabağla,  başqa  məsələlərlə  bağlı 

daxili  işlərimizə  qarışmamaq  şərtiylə  münasibət  yarada  bilər.  Qarabağda  yaşayan  və 

Azərbaycan  qanunlarına  riayət  edən  erməni  əhalisinin  təhlükəsizliyinə,  əmin-

amanlığına biz özümüz təminat verməliyik. 

4.Azərbaycanda  siyasi  partiyaların  fəaliyyətinə  geniş  imkan  yaradılmalıdır. 

Kommunist  Partiyası    özünün  içindən  demokratik  ideallara  inanan  adamlar  sol 

təmayüllü  yeni  bir  partiya  qura  bilər.  Və  yalnız  belə  sivilizasiyalı  siyasi  plüralizm, 

siyasi  əqidə  toqquşmaları  şəraitində  Prezident  seçkilərinin  keçirilməsi  üçün  lazımi 

zəmin yarana bilər. 



5.Bu  işdə  kütləvi  iiformasiya  vasitələri,  xüsusilə  Azərbaycan  televiziyası  çox  iş 

körə bilər. Efirdə müxalifət nümayəndələrinə, alternativ siyasi platformaların ifadəsinə 

daha  çox  yer  verilməli,  bir-birindən  fərqli  fikirlər  mübadiləsi,  mübahisəsi,  disputlar 

keçirilməlidir.  Siyasi  mübarizə  meydan  və  mitinqlərdən  ekrana,  efirə,  mətbuat 

səhifələrinə-keçirilməlidir.  Bu  hər  hansı  əlbəyaxa  toqquşmaların,  «dəyənək 

dəlillərinin», qanın, qırğının qarşısını alar və eyni zamanda fikir, əqidə və pəy azadlığını 

təmin edər. Azadlıqı zor gücünə təsdiq etməmək üçün onu xoşluqla, halallıqla, qanuni 

yolla möhkəmləndirmək lazımdır. 

6.Bu  zəmin  bir  günün  içində  yaranmayacaq.  Amma  hadisələrin  belə  sürətlə 

inkişaf etdiyini və ən gözlənilməz, ən təhlükəli dönümlərini nəzərə alaraq - təcili surətdə 

Milli  Saziş  hökuməti  yaratmaq  -  bu  hökumətə  mövcud  inzibati  kadrlarla, 

mütəxəssislərlə  bərabər,  müxalifət  nümayəndələrini  və  müstəqil  nümayəndələri  daxil 

etmək lazımdır. 

7.Əmin-amanlığın  qorunması  üçün  Milli  hərbi  qvardiyanın  yaradılması  da 

zəruridir.  Bu  qvardiya  DİN  tərkibində,  koalisiya  hökumətinin  tabeliyində  və  ciddi 

nəzarəti altında olmalıdır. 

8.Həm  Azərbaycan  Ali  Sovetinin,  həm  Azərbaycandan  olan  SSRİ  Xalq 

deputatlarının,  həm  də  muxalifətin  rəhbər  orqanlarının  iştirakıyla  geniş  Milli  Forum 

keçirilməli  və  bu  forum  Mərkəz  rəhbərliyindən  Azərbaycan  ərazisinin  silahlı 

quldurlardan tez bir zamanda təmizlənməsini, öz sərhədlərimizin möhkəmləndirilməsini 

qətiyyətlə  tələb  etməlidir.  Dövlət  orqanlarının,  müxalifətin,  geniş  ictimaiyyətin  birgə 

tələbi daha gur səslənir. 

9.Son  məqsədimiz  Azərbaycan  respublikasının  qeydsiz-şərtsiz  müstəqil  Dövlət 

elan  olunması  və  başqa  dövlətlər  tərəfindən      tanınmasıdır.  Keçmiş  sovet 

respublikalarıyla  ayrı-ayrılıqda  ikitərəfli  siyasi  iqtisadi,  mədəni  müqavilələr  bağlamaq 

olar. 


Azərbaycan Yazıçılar Birliyi 

«Ədəbiyyat qəzeti»  



30 avqust 1991 

MÜSTƏQİLLİYİN ŞİRİN XÜLYASI, YAXUD CƏNAB JİRİNOVSKİ  

BORİS NİKOLAYEVİÇİN SAĞLIĞINA BADƏ QALDIRACAQMI 

 

Avqustun  30-da  Azərbaycan  parlamenti  respublikanın  müstəqilliyinin  elan  etdi. 



Bir zaman tarixi adlana biləcək həmin sessiyanın iştirakçısı idim və hamı ilə birlpkdə 

mən  də  bəyannaməni  ayaq  üstə  alqışladım.  Xalqın  ürəyində  yaşayan  ən  müqəddəs 

diləyin - öz evinin sahibi olmaq, bütün dönümləri ilə birlikdə öz taleyini özü həll etmək 

arzusu həqiqətə çevrilmişdi. 

Yadımdadır,  60-cı  illərin  əvvəllərində  Moskvada  Ali  ssenari  kurslarında  birgə 

oxuduğumuz gözəl rejissor və yüksək intellektə malik bir insan olan İlya Averbax necə 

oldusa, məndən soruşdu: 

-Sən istərdinmi ki, Azərbaycan müstəqil olsun? 

- Mən öz xalqımın oğluyam və hansı xalq arzu etməz ki, müstəqil olsun,  - deyə 

gənclik illərinə xas bir az da ifrat təmtəraqla ilə cavab verdim. 

Lakin  bu  arzunun  ömrümün  axırına  qədər  (hərçənd  ki,  dediyim  kimi,  o,  zaman 

lap cavan idim) həyata keçəcəyinə azacıq da olsa, inamım yox idi. 

Otuz il keçib, indi budur, sanki ağlagəlməz və mümkünsüz  bir şey həyata keçir. 

Bəs ürəyimdəki bu təlaş nədəndir? Nəyə görədir ki, mən (həm də  yəqin ki, təkçə mən 

yox)  bu    cür  tarixi  hadisələrdə  təbii  görünən  ümumi  şadlığın  o  ruh  yüksəkliyini,  o 

məstedici təsirini duymuram. Yəni doğrudanmı fərəhsiz, ümidsiz keçən uzun vaxtsızlıq 

illərində  ürəkdə  hər  şey  yanıb  kül  olub.  Ya  bəlkə  səbəb  odur  ki,  müstəqilliyin  qələbə 

sədaları  od  tutub  yanan  və  qanına  qəltan  olunan  Qarabağ  torpağından  eşidilən  güllə 

vıyıltıları,  partlayış  gurultuları  içərisində  itib-batır?  Yoxsa  iş  başqa  şeydədir  -  bu 

hərəkətin əsəbi tələsgənliyi arxasında populist konyuktura olduqca açıq-aydın görünür. 

Elə bilirəm, hər halda ürəyimdən tikan çıxmasının başlıça səbəbi, təəssüf ki, kağız 

üzərindəki  müstəqilliyin  əsasının  əvvəllər  elan  olunmuş  kağız  üzərindəki  suverenlik 

kimi  şərti  olmasıdır.  Adamı  şübhələr  bürüyür  -  azadlıq  haqqında,  müstəqillik  barədə 

bütün bu bəyannamələr şirin xülya deyil ki? Və «azad respublikaların sarsılmaz ittifaqı» 

kabusu qarşısında bir qorxu baş qaldırır. Ağlıma acı bir fikir də gəlir; axı bütün bunlar 

bir dəfə olub. 



1917-ci  ildə  qalib  gəlmiş  bolşevik  hakimiyyətinin  ilk  sənədlərindən  biri  keçmiş 

Rusiya imperiyasındakı xalqların öz müqəddəratını təyin etmək barədə Lenin tərəfindən 

imzalanmış  bəyannaməsi  olmuşdur.  Bu  bəyannamədən  ilhamlanan  Zaqafqaziyanın  üç 

respublikası  -  Gürcüstan,  Azərbaycan  və  Ermənistan  öz  müstəqilliklərini  elan  etdi. 

Şərqin «böyük biliciləri»nin bəzən belə «dərin» bir mülahizəsini eşitmək mümkündür: 

guya  totalitarlığa  meyl,  antidemokratik  əhval-ruhiyyə  Şərq  xalqlarına,  o  cümlədən  də 

azərbaycanlılara xas cəhətdir. Mətbuat səhifələri və televiziya ilə belə səthi mülahizələr 

söyləməzdən qabaq, heç olmasa, Azərbaycan Demokratik Respublikasının qısamüddətli 

tarixi ilə (28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər) tanış olmaq lazım idi. 

Bütün  müsəlman  Şərqində  ilk  parlament  respublikası  sayılan  Azərbaycan  hələ 

həmin  uzaq  illərdə  Avropa  demokratik  respublikalarında  mövcud  olan  bütün  siyasi 

strukturlara  malik  idi.  Çoxpartiyalılıq,  azad    mətbuat  şəraitində,  dini  dövlətdən  dəqiq 

ayırmaqla  milli,  dünyəvi,  hüquqi  dövlət    yaradırdı..  Parlamentdə  Azərbaycan  milli 

partiyası  ilə  yanaşı,  yalnız  kommunistlər,  sol  eserlər  deyil,  hətta  rus  monarxistləri  və 

erməni daşnaklarının nümayəndələri də var idi. 

Düz 23 ay yaşayan Azərbaycan Demokratik Respublikası (bir az sonra müstəqil 

Ermənistan  və  Gürcüstan  respublikaları  kimi)  Kirov,  Orconikidze  və  Mikoyanın 

başçılıq  elədiyi  XI  Qızıl  Ordunun  həmləsi  altında  yıxıldı.  Bu  ordunu  Azərbaycana, 

əlbəttə, elə Azərbaycanın öz inqilabi komitəsi «çağırmışdı». 

Belə  bir  model  sovet  tarixində  ilk  dəfə  təsdiq  edildi:  qanuni  hakimiyyət  xalqın 

özünün  heç  kəs  tərəfindən  vəkil  edilməmiş  nümayəndələrindən  ibarət  bir  dəstənin-

müəyyən vaxta qədər, hətta ərazi baxımından belə işğal olunan yerdən kənarda yerləşən 

bir dəstənin çağırdığı yad ordunun köməyi ilə devrilir. Bu model sonralar digər ölkələrə 

də  tətbiq  edildi:  elə  həmin  20-ci  ilin  payızında  Ermənistana,  21-ci  ilin  fevralında 

Gürcüstana,  40-cı  ildə  Baltikyanı  dövlətlərə,  56-da  Macarıstana,  68-də 

Çexoslovakiyaya, 79-da Əfqanıstana. Bu modelin birinci sınaq meydanı isə Azərbaycan 

oldu.  Lakin  bir  az  əvvəl  bütün  dünyaya  elan  olunmuş  istiqlaliyyət  prinsiplərini  dərhal 

inkar  etmək  yaxşı  düşməzdi,  odur  ki,  Lenin  Bakıya  təqribən  eyni  vaxtda  iki  teleqram 

göndərdi.  Birini  Azərbaycan  İnqilab  komitəsinin  sədri  N.  Nərimanova  -  «Yaşasın 


müstəqil  Sovet  Azərbaycanı!»,  o  birini    mərkəzin  səlahiyyətli  nümayəndəsi 

Orconikidzeyə - «Hakimiyyəti bütünlüklə öz əlinizə alın». 

Nərimanovun özündə də - əslində təmiz insan və əqidəli kommunist olan, inqilabi 

və beynəlmiləl səxavətin xumarıyla Azərbaycanın təkcə yeraltı sərvətlərini deyil,  bütöv 

rejionlarını belə bağışlamağa hazır olan Nərimanovun özündə də  - acı bir ayılma hissi 

çox tez başladı. O, sözlərin və vədlərin nəyə dəydiyini başa düşdü, elan olunmuş yüksək 

ideyalarla  həyata  keçirilən  real  məqsədlər  arasındakı  fərqi  dərk  etdi.  Çox  tezliklə 

millətçi  təmayüldə  ittiham  olunan  Nərimanov  Leninə,  Stalinə,  Trotskiyə  fəryad 

məktubları göndərirdi. «Azərbaycanın müstəqilliyi barədə danışan Siz deyildinizmi?» - 

deyə  Vladimir  İliçdən  soruşurdu.  Sual  cavabsız  qaldı.  Cavab  uzaqdan  gəldi.  Parisdə 

Leninin qatı siyasi düşməni olan Milyukov dağılmış Vahid, Bölünməz Rusiyanı bərpa 

etmiş dövlət xadimi kimi Vladimir İliçin sağlığına badə qaldırdı. 

Bizim günlərdə - respublikalar Moskva, Leninqrad demokratlarının xeyir-duaları 

ilə  öz  suverenliklərini  elan  etdikləri  və  müstəqillik  barədə  sənədlər  qəbul  etdikləri  bir 

vaxtda,  eyni  zamanda  Yeltsinin  ətrafında  olanlardan  respublika  sərhədlərinin  yenidən 

nəzərdən keçirilə biləcəyi barədə sözlər eşidəndə, dəhşət içərisində düşünürəm: bunda 

da  tarix  təkrar  olunmurmu?  Yəni  doğrudanmı  bir  gün  gələcək,  cənab  Jirinovski  Boris 

Nikolayeviçin sağlığına badə qaldıracaq? 

Rusiya  ilə  Ukrayna,  Rusiya  ilə  Qazaxıstan  arasında  anlaşılmazlıq  qığılcımını, 

xoşbəxtlikdən, düz bir gün ərzində söndürdülər. Çox yaxşı, - böyük respublikalar gərək 

savaşmasınlar. Bəs nəyə görə orta və kiçik respublikalar gərək savaşsınlar? Nəyə görə 

Azərbayçana  qarşı  sürülən  mücərrəd  yox,  tamamilə  konkret  ərazi  iddialarını  eləcə 

operativ  yatırmadılar  və  millətlərarası  qarşıdurma  tonqalı  artıq  dördüncü  ildir  ki, 

yüzlərlə  insanı  həyatdan  aparmaqla,  bütöv  xalqları  faciə  yanğınına  atmaqla  hələ  də 

közərə-közərə qalır. 

Bütün  bu  dörd  ildə  mənim  üçün  bundan  daha  əzablı,  ürək  parçalayan  bir  fikir 

yoxdur: əgər, şairin dediyi kimi, dünyada səadət yox, yalnız rahatlıq və azadlıq varsa, 

min əzab çəkmiş Zaqafqaziya torpağına bunlar bəs nə vaxt gələcək? Bu iki məfhumu - 

rahatlıq və azadlığı mən elə məhz birlikdə, qırılmaz əlaqədə təsəvvür edirəm. 


Üç Zaqafqaziya respublikası kağız üzərində deyil, həqiqi müstəqillik, boş deyil, 

möhkəm  suverenlik  qazanmaq  istəyirlərsə,  18-20-ci  illərin  faciəli  təcrübəsindən  dərs 

almalıdırlar.  Onların  müstəqil  mövcudluğu  hər  şeydən  qabaq  özlərinin  aralarında  sülh 

və  razılıq  olmasından  asılıdır.  Hər  hansı  barışmaz,  əsaslı  antoqonist  qarşıdurma  bizi 

məhvə aparır. Bu xalqların taleyn, siam əkizləri kimi, bütün mövcud fərqli cəhətləri ilə - 

xasiyyət,  ruh,  mənəviyyat  ayrılığı  ilə  bərabər  bir-birinə  möhkəm  bağlıdır.  Allahın 

səxavətlə  bol-bol  nemətlər  verdiyi  Zaqafqaziya  torpağına  dinclik  və  azadlıq  o  zaman 

gələcək  ki,  Baltikyanı  respublikaların  artıq  çoxdan  başa  düşdüklərini,  nəhayət,  bizim 

xalqlarımız  da  başa  düşəcəklər;  Zaqafqaziya  xalqları  eyni  zəncirlə  bağlanmışlar  və 

onlardan hər hansı biri azad deyilsə, üç respublikadan heç biri həqiqi mənada müstəqil 

ola  bilməz.  Birinin  əsarəti  başqalarının  azadlığının  boğulması  üçün  meydandır. 

Tariximizin bu mühüm və çoxdan keçilmiş dərsini yəni doğrudanmı dərk etməyəcəyik? 

Ədavətin, düşmənçilik və nifrətin, qarşılıqlı ittihamların bir-birindən betər qızışdırılması 

azadlığa gedən yolda ən böyük əngəl, ən əsas maneədir. 

Kimlərinsə fitnə-fəsadına, mərkəzin ikimənalı mövqeyinə, yalan vədlərinə, DTK-

nın məkrinə nə qədər istinad etmək olar. İidi DTK da, deyəsən, əvvəlki mahiyyətində 

son  günlərini  yaşayır.  Mərkəz  də  qıc  vəziyyətindədir  və  Köhnə  meydandakı  böyük 

binanın  sakit  otaqlarında  verilmiş  ikibaşlı  vədlər  keçmişdə  qalıb.  Elə  bir  vaxt  gəlib 

çatmayıbmı  ki,  hər  şeyi  özümüz  dərk  edək,  öz  ağlımızla  hərəkət  edək  və  kimlərinsə 

fitnə-fəsadının  əbədilik  girovu  olmayaq.  Mən  əminəm  ki,  Zaqafqaziya  respublikaları 

üçün istər Qərbə, istərsə də Şərqə üz tutub müstəqilliyə nail olma gümanı xalis xülyadır. 

Onlar yalnız bir-birlərinə üz tutmaqla müstəqillik qazana bilərlər. 

Lakin problemin heç də az əhəmiyyətli olmayan cəhəti bizim demokratik Rusiya 

ilə münasibətlərimizdir. Təbii ki, Qafqazın digər xalqlarının adından danışmağa heç bir 

haqqım  olmadığından,  mən  yalnız  azərbaycanlıların  keçirdikləri  ağrı-acıdan  söz  aça 

bilərəm.  Mənim  xalqım  bütün  bu  son  illəri  təkcə  hüquqi  yox,  eyni  zamanda  mənəvi, 

psixoloci  cəhətdən  fövqəladə  vəziyyətdə,  od  ilə  qan  arasında  yaşayır  -  hər  gün 

partlayışlar,  ölümlər,  girov  tutulması...  Bu  dəhşətlər  mənəvi  terrorla,  alçaldılma  və 

söyüşlərlə,  böhtan  və  yalanlarla,  yanlış  informasiyalarla,  bir  faktın  gizlədilməsi, 

digərinin  qabardılması  ilə  yüz  qat  tündləşir.  Bir  sözlə,  xalqımız  hər  gün  açıq-aydın 



bədxah münasibətə məruz qalır, günahımız da budur ki, kiçik, lakin yeganə vətənimizin 

ərazi  bütövlüyünü  saxlamaq  istəyirik.  Güllə  və  süngü  ilə  yaralananları  qələmlə 

öldürürlər, sol və keçmiş sağ (indi hamısı tamam soldur), mətbuat səhifələrində sataşır, 

təhqir edirlər. Bizim üçün daha çoxdan fərqi yoxdur ki, üstümüzə çirkab atan kimlərdir - 

demokratlar, yoxsa vətənpərvərlər. Sağmühafizəkar «Naş sovremennik» (№ 7, 1991-ci 

il)  jurnalının  səhifələrində  irticaçı  müsəlmanlara  qarşı  xristian  Ermənistanın  tərəfində 

durmaqa  çağırırlar;  sol-demokrat  «Literaturnaya  qazeta»  isə  16-cı  səhifədə  verdiyi 

zarafatyana təklifini, görünür, çox məzəli hesab edir: «Azərbaycan Sovet Respublikaları 

İttifaqı» yaradılmasın ki?». 

Səviyyəsiz, ucuz,səfeh zarafata ciddi, yumorsuz cavab verirəm: Yox, Azərbaycan 

Respublikaları  İttifaqı  yaratmaq  lazım  deyil.  Bizə bu  da  bəsdir  ki, öz  respublikamızın 

taleyini  Moskva  mətbəxlərində  həll  etməsinlər;  avqust  qiyamına  qədərki  tanınmış  bir 

jurnalistin dediyi kimi və bu gün yeni ideoloji kişili-qadınlı komissarların dediyi kimi, 

xalqları «bizimkilərə» və «özgələrə» ayırmasınlar, həddən ziyadə mütərəqqi, yaxud ifrat 

irticaçı  publisistlər  xalqları  qurbanlıqlara  və  cəlladlara,  ağlara  və  qaralara  (dərilərinin 

rəngi mənasında yox, ümumiyyətlə, yaxşılara, pislərə) bölməsinlər. 

Bir zaman Moskva dalanlarında bütün cənublulara «qaradallılar» deyirdilər. İndi 

sanballı qəzetlərdə cənub respublikaları qarınaltı elan olunur. Yaxşıdır ki, yenə arxadan 

qabağa keçiriliblər. 

Durğunluq dövründə bir çox görünməmiş cinayətlər baş verib, ancaq hər halda nə 

o  vaxt,  nə  də  sovet  sisteminin    daha  amansız  illərində  xalqları  bəyənilməyən 

müsəlmanlar»  və  «çox  xoşa  gələn  bütün  başqaları»  -  deyə  ayırmamışdılar.  Mən  bunu 

elə-belə  demirəm,  bax,  indicə  -  məqaləmi  bitirdiyim  bu  dəqiqələrdə  televiziya 

«Xəbərlər»inin («Vesti») aparıcısı müsəlman respublikalarını (onları dini prinsipə görə 

məhz  elə  beləcə  də  müəyyənləşdirir)  bütün  ağır  günahlarına  görə  -  mühafizəkarlığa, 

patriarxallığa,  kommunizm  totalitarizminə  sədaqətə,  rəhbərlərə  pərəstişə,  diktaturaya 

meylli  olmağa  görə  və  s.  və  i.  a.  açıq  mətnlə  biçib  tökür.  (Görünür,  Stalin,  Hitler, 

Mussolini,  Mao,  Brejnev  -  hamısı  sırf  müsəlman  rəhbərləridir).  Həm  də  ki, 

«Xəbərlər»in fikrincə, müsəlman respublikalarının müstəqillik cəhdi, heç də Baltikyanı 

respublikalarda, Moldova, Gürcüstan və Ermənistanda olan cəhdin eyni deyil. Orda bu 



cəhd səadətdir, burda bəla. Niyə? Belə ikili ölçünün səbəbi nədir? Bədbəxt müsəlmanlar 

bu zirək aparıcıya nəyə görə xoş gəlmir? 

Həm də, bir halda ki, müsəlmanlar bu dərəcədə pisdirlər, nəyə görə onlardan bərk 

yapışıblar,  heç  cür  ayrılmaq  istəmirlər  -  qoy  çıxıb  getsinlər  öz  totalitar  recimlərini 

qursunlar, keçmiş İttifaqın belə səfalı demokratik mənzərəsini də korlamasınlar?!. 

Avqust günlərində Moskvada üç gözəl cavanın faciəli ölümünə - bu əvəzsiz itkiyə 

Azərbaycanda  bütün varlığımızla  acıdıq. Ancaq 90-cı  ilin  dəhşətli  Yanvar günlərində, 

ordu generalı Yazov  (bundan sonra marşal rütbəsi aldı) Bakıda qanlı qırğın törədəndə 

ölkənin yazıçılarından, humanist sənətin nümayəndələrindən kim bizim dərdimizə şərik 

oldu? Tanklar minik avtomobillərini sərnişinləri ilə bərabər əzib tökəndə, təcili yardım 

maşınları  atəşə  tutulanda...  Ordu  gülləsindən  həlak  olmuş  126  şəhid,  o  cümlədən, 

uşaqlar, qadınlar, qocalar  Bakıda  Şəhidlər  xiyabanında uyuyurlar.  Sağ olsun  Stanislav 

Qovöruxin  ki,  qara  Bakı  yanvarı  barədə  «Moskovskiye  novosti»də  yazdı.  Sağ  olsun 

Oljas  Süleymenov  ki,  həmin  faciəln  günlərdə  Bakıya  uçdu:  lakin  bu  layiqli  misallar 

böyük  bir  dövlətin  ictimaiyyəti  üçün  az  deyilmi?  Bəs  yerdə  qalanları  hardaydılar  - 

ölkənin  qaymağı,  şərəfi?  Birinin  dərdlərinə  çox  həssas,  o  birininkinə  tamamilə 

soyuqqanlı olan mətbuat hardaydı? Bir neçə kəndin boşaldılmasını aləmə car çəkib, iki 

yüz minin amansızcasına qovulmasına göz yumanlar hardaydı? Bir qatilliyi haqlı olaraq 

pisləyib,  o  birini  özünün  susub  durmağı  ilə  sanki  yeni  cinayətlərə  təhrik  edənlər 

hardaydı? 

Qara Yanvar günlərində ölkənin yazıçı təşkilatlarına etdiyimiz müraciətlərə cavab 

çıxmadı.  SSRİ  Yazıçılar  İttifaqı  duzsuz  bir  teleqram  göndərdi,  başqaları  isə 

ümumiyyətlə susdular. İndi Azərbaycan yazıçılarını kim inandıra bilər ki, biz məhz elə 

bu lallar-karlar İttifaqının tərkibində qalmalıyıq. 

Amma Azərbaycanda demokratik ənənənin kifayət qədər inkişaf etmədiyi barədə 

nə  qədər  desən,  ağız  dolusu,  ağayana  təkəbbürlə  danışsınlar.  Azərbaycan  həmişə  belə 

məhsuldar,  bərəkətli,  belə  amansızcasına  istismar  edilən  və  buna  körə  də  ölkənin  bu 

dərəcədə ayıq-sayıq qorunan regionu olduğu halda, 1920-ci ilin aprelində rəhmsizcəsinə 

dağıdılmış  demokratik  təşəbbüslər  nə  yolla  inkişaf  etməliydi?  Məgər,  demokratik 

təmayüllərin  inkişafına  imkan  vermək  olardımı  ki,  nəticədə  də  strateci  cəhətdən  belə 



mühüm  bir  yeri,  hələ  üstəlik  havayı  nefti,  pambığı,  qul  əməyinə  bərabər  işçi  qüvvəsi 

olan bir ərazini itirəsən? 

Əgər kimsə bu barədə cıqqırını çıxarsa, o, əlbəttə ki, mənfur xalq düşmənidir, qatı 

millətçi, dünyadakı bütün xarici dövlətlərin akentidir. Əgər ev kitabxanasında hətta rus 

türkoloqlarının da kitabını saxlamış olsa, - pantürkistdir, Şərq dillərinin birini bilirsə, - 

panislamist, Avropa dilini bilirsə, - vətənsiz kosmopolitdir. 

Məhz  buna  görə  də  bir  nəslin  həyatı  ərzində  bu  xalqın  əlifbasını  iki  dəfə 

dəyişmək  olar,  onun  tarixini  saxtalaşdırmaq,  epik  dastanlarını  və  milli  bayramlarını 

qadağan  etmək,  neftini  vəhşicəsinə  sormaq,  kimyəvi  preparatlarla  pambıq  tarlalarını 

zəhərləmək  olar.  Xəzəri  məhv  etmək,  uşaq  ölümünə  görə  ölkədə  ən  yüksək  rəqəmə 

dözmək olar. 

Azərbaycan  yazıçıları  bütün  bunlar  barədə  susublarmı?  Gəlin  Bakıya,  Sizə 

Yazıçılar Birliyinin binasındakı xatirə barelyefini (Stalin repressiyası qurbanlarına həsr 

olunmuş bəlkə də ölkədə birinci xatirə lövhəsini) göstərək. Həmin lövhədə təkcə elə bir 

37-ci  ildə  güllələnmiş,  məhv  edilmiş,  Xəzər  dənizində  batırılmış,  Sibir  düşərgələrində 

əzab  verilmiş  27  Azərbaycan  yazıçısının  adı  həkk  olunmuşdur;  bu  bizim  o  zamankı 

yazıçılar təşkilatımızın üzvlərinin sayının təqribən yarısıdır. Amma axı sonrakı illərin də 

təqibləri  olub,  -  mənəvi  təqib,  şıdırğı  qəzet  kampaniyaları,  yazılı  və  şifahi  çuğulluq, 

İttifaqdan  xaric  etmək,  intihar.  Altmışıncı  illər  nəsli  həyatımıza  qara  yaxmağa  görə, 

gözəl  sosialist  kerçəkliyinə  şər  atmaq  üstə,  mövzu  xırdaçılığına  görə  gözümçıxdıya 

salınırdı. 

Yeni bir dövr başladı - Yenidənqurma elan olundu, Aşkarlıq başlandı. Və yenə də 

bizim  ziyalılar  oyundankənar  vəziyyətdə  qaldılar.  Azərbaycan  yazıçılarının  mərkəzi 

kütləvi  informasiya  vasitələrinə  yolu  məharətlə  kəsilir  ki,  sonra  onların  özlərini 

passivlikdə, ətalətdə, geri qalmaqda təqsirləndirsinlər. 

Əgər  Azərbaycanın  mütərəqqi  yazıçıları,  ümumən  respublikada  demokratik 

hərəkat  müəyyən  çətinlik  çəkirsə,  bunun  səbəblərindən  biri  mərkəz  demokratlarının 

bizim problemlərimizə qərəzli, bədxahlıqla yanaşmalarıdır. Belə münasibət təkcə özünə 

qapılıb  qalmış,  təkləimiş,  qaraqabaq  millətçiliyi  (mövcudluğunu  inkar  etməyə  ehtiyac 


yoxdur) deyil, həm də bu gün hələ olmayan, lakin sabah baş qaldıra biləcək və möhkəm 

yer tuta biləcək, uzun müddətə bərqərar ola biləcək dini fundamentalizmi yetişdirir. 

Bir  halda  ki,  respublikaların  müstəqillik  əldə  etmək  prosesi,  göründüyü  kimi, 

tarixən  qaçılmazdır  və  mümkün  çətinliklərə,  geriyə  çəkilmələrə  baxmayaraq,  axır 

nəticədə  tarixi  perspektivdə  qarşısıalınmazdır,  onda  yaxşı  olmazmı  ki,  qonşuluqda 

demokratik, sülhsevər, açıq və dost dövlətlər görəsən? 

Öz vətənində azad, müxtəlif əqidələrə, fikirlərə dözümlü cəmiyyətə, demokratik, 

sivilizasiyalı  quruluşa,  «insani  simada  suverenliyə»  malik  olmaq  arzusu  mənim  üçün 

yalnız  mücərrəd-altruist  istək  deyil,  həm  də  xalis  şəxsi,  eqoist  mülahizələrlə  bağlıdır. 

Yalnız belə bir ölkədə cəmiyyətimizin əksər hissəsi də, ziyalılarımız da yaşaya bilər, o 

cümlədən də mən özüm həmfikirlərim, dost və yaxınlarımla birlikdə. 

İnsan  azadlığına  malik  olmayan  milli  müstəqillik  birincinin  və  ikincinin 

olmamasından az bəla deyil. Və bu vahidləşən məqsədlərin - milli müstəqillik və hər bir 

adamın şəxsi azadlığının, şəxsi fikrə sahib olmaq və onu ifadə etmək azadlığının əldə 

edilməsində,  daxili  amillərlə  yanaşı,  çox  mühüm  bir  xarici  amil  də  var  -  ilk  növbədə 

Rusiya  demokratiyasının  mövqeyi.  Tarixin  dərsi  belədir  ki,  keçmiş  İttifaqın 

respublikalarının  müstəqilliyi,  rus  xalqının  və  onun  qanuni  seçilmiş  hökumətinin 

nəcibliyi və fədakarlığı ilə əldə ednlə və təmin oluna bilər. 

Müxtəlif əsrlərdə Tarix bu həqiqətən çox əzablar görmüş, səbrli və böyük xalqı - 

Rus  xalqını  -  Qərbin  və  Şərqin  bir  çox  digər  xalqlarının  da  taleyini  müəyyənləşdirən 

sınaqlara çəkmişdir. Bizim əsrdə - əsrin birinci yarısının axırıncı onilliyində Rus xalqı 

faşizmin  darmadağın  edilməsində  müstəsna  rol  oynayıb.  Əsrin  axırıncı  onilliyində  bu 

xalq  onu  və  başqa  xalqları  bu  qədər  uzun  müddət  ərzində  qorxu  və  yalan,  saxta 

özündənrazılıq  və  yerinə  yetməyən  vədlər  girdabında  saxlayan  quruluşun  tarmar 

olmasında həlledici rol oynadı. Rus xalqı 41-ci ildə Moskvanı qoruduğu kimi 91-ci ilin 

avqustunda azadlığı qorudu. Elə bir məqam gəlib ki, impernyanın həm sayca, həm də 

siyasi-iqtisadi,  hərbi  çəki  və  mənəvi  potensial  etibarilə  ən  qüdrətli  xalqı  -  Rus  xalqı- 

hamının, o cümlədən də özünün xilası naminə bir yol seçməlidir! Demokratiya, yaxud 

imperiya! Ya o - ya bu. Uyuşması mümkün olmayanı uyuşdurmaq kimi xam xəyallarsız 

ikisindən birini seçmək gərəkdir. 



Əgər  qəti  çıxış  yolu  demokratiyanın  xeyrinə  seçilsə,  bu  heç  də  keçmiş  İttifaqın 

xalqları  arasında  əlaqələrin  kəsilməsi  demək  deyil.  Azadlıq  birləşdirir,  ayırmır. 

Bəzilərinin  sevmədiyi  Şərqin  şairi  deyib:  «Qoy  bizi  bağlayan  ip  qırılsın.  Ona  təzədən 

düyün salanda biz bir-birimizə daha yaxın olacağıq». Ayrılmaq aralanmaq demək deyil. 

Həmişəlik vidalaşmaq lazım deyil. Müvəqqəti ayrılmaq lazımdır ki, öz şəxsi evini 

öz  istədiyin  kimi  qurasan  və  ancaq  bundan  sonra  yenidən  bərabər  hüquqlu  xeyirxah 

qonşular  kimi  görüşəsən  -  qarşılıqlı  iqtisadi  faydalı  əlaqələr,  dərin  mədəni-mənəvi 

münasibətlər, rəngarənk, maraqlı idman, turist mübadiləsi-bütün bu tellər ilə bir-birinə 

bağlı  olan  mehriban  qonşular  kimi…  Bizim  ümumi  mənəvi  fəzamız  - 

hafizəmizdir.Hamımızın 

birgə 

yaşadığımız 



 

günlər,illər 

barədə 

xatirələrimizdir.Yaddaşımız imkan verməz ki, bir-birimizə yadlaşaq. Rusiya müstəqillik 



yoluna  çıxmış  xalqlara  münasibətdə  öz  yüksək  və  nəcib  borcunu  yerinə  yetirməklə 

özünün də həqiqi, əsl müstəqilliyini əldə etmiş olur; ədalətə və tərəqqiyə, yüksək rifaha 

və bütün həmhüdud xalqların ona cavab olaraq göstərdikləri nəcib dostluq münasibətinə 

əsaslanan həqiqi qüdrət əldə etmiş olur. Əsl qüdrət «qüvvət var - ağıl gərək deyil» atalar 

sözündəki kinayəli «müdrikliyi» təkzib edir. 

Rusiya  əzab-əziyyətlə  marksizm  üçün  yox,  azadlıq,  demokratiya,  ləyaqət  üçün 

yetişmişdir. Totalitar qandallardan azad olmuş digər xalqlar kimi. 

Və  inanıram  ki,  cənab  Jirinovski  heç  vaxt  Boris  Nikolayeviçin  sağlığına  badə 

qaldırmalı olmayacaq. 

Sentyabr, 1991-ci il. 

«Literaturnaya qəzeta» da dərc olunmuşdur.  

 

 

 



 
1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə