Yazılmışdır: 1936 1937 İlk nəşri: 1985 Səhnələşdirilməmişdir. ƏŞxas



Yüklə 121,32 Kb.
səhifə2/3
tarix24.04.2017
ölçüsü121,32 Kb.
#15717
növüYazı
1   2   3
İblis (qığılcımlar saçan gözlərini açaraq). Nə var, nə xəbər?
Birinci şeytan (alman tipli). Ən parlaq müjdələr!.. Mən Hitler Almaniyasını dolaşdım, özümüzə bir çox məsləkdaş qazandırdım. Oradakı əməkçilərdən başqa hər kəs qan-qan — deyə qızmış canavar kimi dünyaya meydan oxuyurlar.

İblis. Alqış sənə, alqış səndəki baş-qulağa!


Birinci şeytan. Halbuki, sən mənə başarıqsız, yaramaz deyirdin.
İblis. İncimə, quzum, pişik balasını sevdiyindən dişlər.
Birinci şeytan (əyilir). Təşəkkür edirəm. Çox lütfkarsınız.
İblis. Haydı, sən yenə Almaniya tərəflərinə dön, heç bir zaman iş başından ayrılma!
Birinci şeytan. Göz üstə, baş üstə! (Hoplayaraq uzaqlaşır.)
İblis (yapon qılıqlı ikinci şeytana). Ehe, sən burada nə gəzirsən?
İkinci şeytan. Təcrübəmi artırmaq istəyirəm.
İblis. Nə sarsaqlıq!? Neçin Mancuriya və Çin tərəflərini buraxıb gəldin? Oralarda az işmi var?
İkinci şeytan. Məraq etmə, oradakı yapon generalları, yapon diplomatları fitnəkarlıqda bizdən daha açıqgözlü və mahirdirlər. Hər gün yeni bir fırıldaqla çinliləri bir-biri üzərinə saldırırlar. Hər gün yeni qırğınlar düzəldib soyğunçuluqdan, qan içməkdən doymayırlar.
İblis. Saqın, o cəbhəni unutmaq olmaz. Həmən oraya uçmalı! Həm də radio kimi, elektrik kimi, eşitdinmi? (Ayağını yerə vurur.) Haydı, rədd ol!
İkinci şeytan. Bu saat. (Əyilib gedər.)
İblis (İtalyan tipli üçüncü şeytana). İndi sən söylə!
Üçüncü şeytan. Mən İtaliyada girib-çıxmamış bir yer buraxmadım. Ordakı başçılar sizin iltifat və mükafatınıza layiq insanlardır. Onlar gecə-gündüz almanlarla bərabər tanklar, aeroplanlar, zəhərli qazlar, yaxıcı bombalar göndərib İspaniya faşistlərinə kömək edirlər.
İblis. Çox gözəl. (İspanyol tipli dördüncü şeytana.) Səndə nə xəbərlər var?
Dördüncü şeytan. Hər şey yerində. Bütün faşizm çetələri general Frankoya, o da mənim göstərişlərimə tabedir. Bu saat Madrid üç tərəfdən araya alınmış. Xalq ordusu, milis və işçi alayları qorxu altındadır. (Uzaqda iki-üç top partlar. Təyyarə uçuşları eşidilir.)
İblis. Bu nə?
Dördüncü şeytan. General Franko gecə hücumuna başlayır.
İblis. Daha durmaq yaramaz. Siz də onlara yardımçı olun! Hər tərəfdən bombalar, güllələr yağdırılsın, gözəl paytaxt yanğın yerlərinə dönsün.
Üçüncü şeytan. Əmin ol, daş daş üstündə qalmayacaq.
Dördüncü şeytan. Gedəlim. (Qoşaraq gedərlər, səhnə işıqlanır.)
Rəna (gəlir). Nə oldu Arif? Gəlib çıxmadımı?
İblis (qarşıda görünən əli sarılı Ariflə həmşirə qiyafətli Simanı göstərir). İştə yeni vurulduğu Sima ilə bərabər!
Rəna (sinirli). Uf, bütün vücudum sarsılmağa başladı. Məndə qüdrət olsaydı, hər ikisini əlimlə parçalardım.
İblis. Səbirsiz olma, yeri gəldikdə hər ikisindən intiqam alarsan. (Bir yana çəkilib görünməz olur.)
Rəna (Simanı qısqanc və kinli baxışla süzərək). Ah, nə qədər nazlı və məğrur!.. O, püsküllü yıldız qədər zəhərli və şairanədir. (Kəskin addımlarla ona yaxlaşaraq.) Gözəl qız! Məni dinlə!.. Sən kimsən? Şeytanmısan? Pərimisən? Cəlladmısan?.. Söylə, məndən nə istəyirsən?
Arif (şaşqın). Rəna! Səni buraya kim gətirdi? Hansı duyğular sürüklədi?
Rəna (nifrətlə). Söylətmə məni, çəkil! (Simanı yaxalar.) Ah, sən məndən nə istəyirsən? Söylə, mənim suçum nədir ki, zəhərli dırnaqlarınla könlümü parçalayırsan.
Sima. Biləks, mən yaralı könüllərə hörmət bəslərəm, kimsəsiz və öksüzləri sevindirmək istərəm.
Arif. Əvət, o, insan üzüntülərinə şəfqət nuru sərpən yüksək və nəcib bir simadır.
Rəna. Sən sus, yaralarımı yenidən qanatma!
Sima. Rəna! Könlünü mənə açsaydın, bəlkə bir təsəlli, bir çarə bulurdum.
Rəna. İstəməm. Mən mərhəmət dilənçisi deyiləm.
Arif. Saqın! Yersiz şübhələrə qapılma! Sima insaniyyət sevgisilə, mərhəmət duyğusuyla çırpınan bir xilqətdir. Yalnız deyil mən, hər vicdan sahibi, hissiyyata qapılan Rəna belə, bir çocuq kimi ona sarılmalıdır. Sən bugünkü İspaniyanı başdan-başa gəzib görsəydin, bizim nə acılar, nə üzüntülər çəkdiyimizi anlardın. (Bu sırada sədyələr üzərində universitetə daşınan yaralıları göstərir.) İştə, gözlərini aç da seyr et! Bu ölkədə yüz minlərcə yaralı döyüşçülər, yoxsulluq içində çırpınan xəstə qadınlar, kimsəsiz çocuqlar qəhr olub getməkdədir. Onlara yardım əlini uzatmaq bir günah isə, gerçəkdən Sima da, mən də suçluyuq. Neçin düşünməyirsən? Bütün dünya əməkçiləri hər yerdən, hər diyardan buraya yeyəcək, geyəcək göndərirlər. Hər yandan yığın-yığın könüllülər kömək üçün axışırlar. Yalnız bizmi bu yüksək duyğulardan məhrum olacayıq? Yalnız bizmi amansız qırğınlara seyrçi qalacayıq?
Sima (köynəyinin qolunu yuxarı çəkərək, sarılı yeri göstərir). Baxsana! Bu mənim qolum, bu da Arifin əli!.. İştə bizim mükafat! Qanlı faşistlərdən aldığımız mükafat!..
Rəna (ah çəkər). Əvət, haqlısınız, mən xain İblisə uydum. (İblisi göstərmək üçün arxaya baxaraq.) O mənim yüksək duyğularımı zəhərlədi, həm də bir anda heçliklərə gömülüb yox oldu.
Sima (onun əlini əlləri içinə alaraq). Heç zərər yox, keçən yanlışlar üçün üzülmə! Bir həqiqət gec anlaşılsa da, yenə həqiqətdir. Gəl sən də, mən də bir həmşirə kimi uca diləklər uğrunda çalışalım. Bax, bütün evlər başdan-başa yaralıdır. Gəl, o fədakar qəhrəmanlara, onların xəstəlik və aclıq pəncəsində qıvrılan ailələrinə yardım edəlim. (Qoltuğundakı ağ, uzun köynəyi ona geydirir.) Al, bu da sənin. Bax, nə gözəl yaraşır.
Rəna. Təşəkkür edirəm.
Sima. Gəliniz, Rəna bir az rahatlansın. (İçəri girərlər.)

Musiqi. Silahlanmış zabitlər, əsgərlər, işçi qadınlar və erkəklər, dürlü qiyafətli avropalı könüllülər Tuncərlə bərabər gəlir.

Ema (şəfqət bacılarilə bir yerdə tamaşaya çıxar, ən sonda gələnləri əlilə göstərir). Baxsana, o zabitlərlə gələn baş komandan general Miaxadır. (Yanındakılara.) Dinləyəlim. Görünür nitq söyləyəcək.
Miaxa (kəskin və kinli ahəng ilə). Vətəndaşlar! Üsyançı faşizm ordusu getdikcə azmağa başlayır. Gecə-gündüz vəhşi hücumlardan vaz keçmirlər. İnkvizisyon cəlladları kimi önlərinə gələni yaxıb-yıxmaqdan çəkinmirlər. Universitetlər, muzeylər, xəstəxanələr, teatrlar top güllələrilə dağılır. Bütün mədəniyyət ocaqları alman və italyan bombalarilə yanıb külləri göylərə sovrulur. Vaxtilə keçmiş ərəblər Tariq ibn Ziyad ordusilə bu ölkəni sardılar. Lakin mövhumatçı papaslar quyruğunda sürünən xalqımızı tənbəllik və cəhalət uyqusundan diksindirdilər. Onların göstərişilə sənət və əkin işlərimiz irəlilədi. Tibb və fəlsəfə fakültələrimiz yüksəldi. Halbuki, indiki mərakeşlilər faşistlərə uyaraq qadın və çocuq tanımayırlar. Yaxıb-yıxmaqdan başqa bir şey bilməyirlər.
Tuncər. Qəhr olsun oğrular, quldurlar!
Camaat (yumruqlarını havada sallayaraq). Qəhr olsun!
Miaxa. Almanlar, italyanlar hüququmuzu ayaqlar altında çeynəyir. Biz bu vicdansız, bu amansız soyğunçuları ölkəmizdən qovmalıyıq.
Tuncər. Rədd olsun qanlı cahangirlər!
Camaat. Rədd olsun!
Miaxa. Asi generallar ölkəni aclıqdan qırmaq istəyirlər.
Camaat. Məhv olsun!
Natella (saçları dağınıq, başı alovlu, köksü yaralı olduğu halda gələrək, dəhşət və həyəcanlar içində bağırır). Ah, eyvah! Onlar bizi qəhr etdilər. Yurdumuzu, yuvamızı dağıtdılar. Onlar!.. O yırtıcı haydutlar evimizə benzin səpib atəşlədilər. General Miaxanın əsir düşmüş ailəsini məhv etdilər.
Miaxa (yana). Oh... Alçaqlar!... Rəzillər!
Natella. Onlar mənim ağsaçlı anamı, xəstə qardaşımı süngü altında parçaladılar. Südəmər çocuğum, o məsum yavrucuğum beşikdə qaldı, alovlar içində külü havaya sovruldu. (Çılğınca fəryad ilə.) Ah, yavrum! Talesiz yavrum!.. (Hıçqırıqlar içində bayılıb düşər, alıb içəri götürürlər.)

Bu sırada pulemyot və təyyarə səsləri eşidilir. Ətrafda bombalar partlar, alov dalğaları yüksəlir.

Miaxa. Vətəndaşlar! Erkək-qadın, sosialist-bitərəf, bütün cumhuriyyətçilər bilməlidir ki, mənim həlak olmuş ailəmin acı sərgüzəşti vətən fəlakətləri qarşısında heçdir. Hər kəs ölkə müdafiəsi uğrunda, hüquq və hürriyyət yolunda birləşməli, İspaniya faşizm məzarı olmalı, haydı, arş irəli! Ya zəfər, ya ölüm!

Coşğun musiqi... Kinli addımlarla savaş meydanına doğru hərəkət edərlər.

İblis (qızıl qiyafətdə görünür, daşqın sevinc ilə). Aman, nə dəhşətli yanğınlar! Nə parlaq mənzərələr!.. Artıq qəsvətli qaranlıqlardan əsər yox. Gecə gündüzdən seçilməyir. İki dəniz, iki tufan bir-birilə çarpışır. İki axın, iki sinif qarşı-qarşıya gəlmiş. Oğul atanı, qardaş qardaşı tanımayır. Bir yanda əmək qəhrəmanları, bir yanda faşizm cəngavərləri. Bir-birini boğazlayır. Kimsə kimsəyə aman verməyir, kimsə kimsəyə acımayır. Neron sağ olsaydı, bu parlaq mənzərəyə məftun olardı. Həm də özünü yeni əsrin neronları yanında çox kiçik bulardı.

Gurultu və çarpışmalar getdikcə qızışır, top güllələri bir-birinin ardınca partlar. Ətrafdakı pəncərələrdən, divarlardan bir neçəsi devrilir. Üçüncü və dördüncü şeytan qoşaraq gəlir, İblisə qarşı əyilirlər.

Üçüncü şeytan. Aman, nə qorxulu döyüşlər!..
İblis. Cumhuriyyət ordusu nə halda?
Üçüncü şeytan. Dəhşət!.. İçlərində öylə qəhrəmanlar var ki, tanklar üzərinə atılmaqdan çəkinməyiblər.
Dördüncü şeytan. Buna baxmayaraq, faşistlər bu saat onları geri püskürtdülər.
İblis. Neçin? Bu olur şeymi?
Dördüncü şeytan. Onlar texnika və silahca daha güclüdür. (Əlilə cöstərir.) Baxsana, xalq alayları geri çəkilməkdədir.
İblis (irəliləyib baxar). Əvət, doğru, haydı bir yana çəkiləlim. (Uzaqlaşırlar.)

Xalq ordusu və könüllülər çarpışa-çarpışa səhnəyə çəkilir. Vuruşan erkək və qadınlarda yaralanıb düşənlər olur.

Birinci yaralı (qadın... yıxılaraq). Ah, xainlər, alçaqlar!
İkinci yaralı. Hər şey bitdi, gözəl vətən ayaqlar altında çeynənib getdi.
Miaxa. Haydı geriyə, nizam ilə geriyə!.. Düşməni hər tərəfdən araya almalı, daha kəskin və ağır zərbə endirməli!..

Səhnədən çəkilirlər. İspanyol, mərakeşli, alman və italyan qiyafətli qiyamçılar atışaraq irəlilər. General Franko da onların arasında görünür.

Bir ispanyol. Çəkilin, yol verin!
Mərakeşli. O kimdir?
İspanyol (əlilə göstərir). Baş komandan general Franko!
Franko (gəlir). Qəhrəman silahdaşlar! Xalqı sosializmə və kommunizmə doğru sürükləyənlər əzildi. Tanrının yardımilə cümhuriyyətçilərə üstün gəldik. Ordumuzdakı almanlar və italyanlar böyük cəsarət göstərdilər. İgid mərakeşlilər də qaplan kimi çarpışdılar.
Bir alman zabiti. Yaşasın birlik və yenilməz qüvvət!
Franko. Yaşasın müzəffər ordumuz!
Tuncər (kənarda durub dinlədikdən sonra sərt və kəskin). Xeyr, bu zəfərlər sizi öyündürməsin. Bu sərxoşluq və sevinciniz çox sürməz. Sizin yardımçınız bir yığın cahangirlərsə, bizim arxamızda bütün cahan əməkçiləri durmuş.
Franko. Bu nə azğınlıq, bu nə cəsarət?
Alman zabiti. Onun gözlərində kin və xəyanət dalğalanır.
Tuncər. Sizə xain olsam da, sinifdaşlarına xain deyiləm.
Franko (qızğın). Sən kimsən?
Tuncər. Mən əmək dünyasının yenilməz bir əsgəri, inqilab cəbhəsinin sarsılmaz bir nəfəriyəm. Mən qabarlı əllərin, tərli alınların yılmaz bir rəmzi, sarsılmaz bir nümayəndəsiyəm.
Franko. Bu hərif susdurulsun.
Ətrafdakılar. Oh!.. (Deyə hücum edərlər.)
Tuncər. Durun! Mənə qulaq verin. Əcəba, sərxoşmusunuz, kormusunuz? Xain generallara uyub da qardaş qanına susamaqda bir şərəfmi var? Neçin ana-bacılarınızı, qadın və çocuqlarınızı düşünməyirsiniz? Əcəba, siz də bizim kimi əmək yavruları deyilmisiniz? Qırıb-çatdığınız qurbanlar öz yurddaşlarınız deyilmi? Yaxıb-yıxdığınız bu gözəl vətən sizin deyilmi?
Franko. Bizimdir. Lakin buraxmarıq ki, hər baldırı çılpaq bu ölkədə ixtilal çıxarsın, hər gün yeni bir tufan qoparsın. Biz yalnız vətənin səadət və istiqlalını istəyirik.
Natella (xəstəxanədən çıxar, son sözləri eşidərək çılğınca ahəng ilə). Aman, o xaini dinləməyin! Onu izləyən cəlladlara qulaq verməyin! Onlar bizi satdılar, onlar bizi məhv etdilər. Onlar taundan, vəbadan qorxulu, qıtlıqdan və ölümdən dəhşətlidir.
İtalyan zabiti. Sus, bir cılız qurşun səni susdurar. (Revolverini çıxarır, atarkən açılmaz.)
Natella (önə atılaraq xəncərlə onu köksündən yaralar). Haydı gəbər! Xain canavar!.. (Natellanı boğazından yaxalar.)

Tuncər. Burax onu, şərəfsiz (Revolverlə atəş açar.)


İtalyan zabiti. Ax, axx... (Yıxılır.)
Tuncər. Qardaşlar! Bu qanlı cənazələrdən ibrət alın! O vəhşi komandanlardan, o vicdansız qatillərdən uzaqlaşın!
Franko. Yetər, bu xain cəzasına yetirilsin.
Bir bölük (Zabitin əsgərləri). Xeyr, o xain deyil.
Franko. Sapqın sənsən!..
Dəliqanlı. Yetər, biz bundan sonra hər alçağa qul olmayacağıq. Biz cəllad deyilik. (Dəliqanlı ilə bərabər Tuncər tərəfinə keçərlər.) Biz qardaş qanı axıtmayacayıq. Vətən xainlərinə uymayacayıq.
Bölük. Yaşasın vətən! Yaşasın istiqlal!

Bu sırada Sima ilə Rəna xəstəxanədən çıxar, onları dinlərlər.

Franko (yanındakı əsgərlərə). Gözləriniz kormu? Qulaqlarınız sağırmı? Haydı, yaylım atəşi!... (Tüfənglər nişan alır.)
Sima. Durun, siz dəli olmuşsunuz. Siz insanlıq şərəfini ayaq altında çeynəyən vəhşilərsiniz. Sizdə vicdan yoxsa, düşüncədəmi yoxdur?
Alman zabiti. Al, bu sənə ən parlaq cavab (Revolver partlar.)
Sima (yaralanıb düşər). Ah, alçaq!
Tuncər. Barbarlar! Vicdansızlar!
Rəna. Onlar çıldırdılar.
Natella. Yardım et, içəri götürək.

Simanı qaldırıb xəstəxanəyə götürürlər.

Tuncər (bölüklə bərabər silaha sarılaraq). Rədd olsun cəlladlar!
Bölük. Rədd olsun!
Franko. Haydı atəş!..

Hər iki tərəf hücuma keçərək atışırlar, coşğun musiqi...

Miaxa (gur səslə). Xırsızlar!.. Uğursuzlar!..

Xalq alayları və könüllülərlə bərabər arxadan hücum edər. Kastilyo və Xalid də onların arasında görünür. Faşistlərdən bir neçəsi yaralanıb düşər.

Birinci yaralı. Ah, dəhşət!.. Məhv olduq.
İkinci yaralı. Bizi aldatdılar. Xəyanət bizi məhv etdi.

Bu sırada qaçanlardan biri Kastilyonu qurşunla köksündən yaralar.

Kastilyo (yıxılaraq). Ah, namərd! Məni namurad qoydun. Ona... Sevgili Emaya... Həsrət qaldım.
Ema (çıxıb onun vurulduğunu görür. Söylədiyi sözlərdən mütəəssir olaraq yaxınlaşır. Yaralı fəryad ilə). Ah, Kastilyo! Kastilyo! Məni yalnız buraxma! Mən sənsiz yaşamam. (Onun başını qolları arasına alıb hönkür-hönkür ağlar.)
Kastilyo. Xeyr, sən yaşa!.. Düşmənlərdən mənim... qanımı... al. Ema!.. Ağlama!.. (Ölür.)
Ema. Ah, o susdu, bir şam kimi parlayıb söndü. (Kinli.) Xeyr, Kastilyo, xeyr, mən daha ağlamayacağam. (Kastilyonun tüfəngini qaparaq.) Sənin qanını öz silahınla alacağam.
Miaxa. Haydı, vətəndaşlar! Bu qız sizə örnək olsun! Hücum!.. İrəliyə hücum!..

Coşğun musiqi...

Hər tərəfdən. Urra, urra, urra!..

Emanı izləyərək qaçanları qovarlar.

PƏRDƏ

ÜÇÜNCÜ PƏRDƏ

Belçikada sülh qurultayı... Salonun sağ tərəfində rəyasət heyətinə məxsus masa və qoltuqlar qoyulmuş. Heyət əzaları dürlü millətlərə mənsubdur. Yanlarda mühərrirlər və katiblər yerləşmiş. Ortadan sola doğru nümayəndələr oturmuşlar.

Sədr. (ingilis lordu ayağa qalxaraq). Həzərat! Mən Avropanın mərkəzində qurulan böyük sülh qurultayını açıq elan edirəm. Buraya hər dövlətdən nümayəndələr gəlmiş, hər kəsin məlumu olduğu üzrə son zamanlardakı müharibə qorxusu 1914-cü ilə görə daha ağır, daha dəhşətlidir. Biz sülh uğrunda yaxşı mübarizə etmək üçün millətlər məclisinə təsir göstərməliyik və beynəlxalq tərk-silah məqsədilə tərtib olunmuş plan əsasında hərəkət etməliyik. İndi hörmətli Sovet nümayəndəsinə söz verilir.

Alqışlar.

Sovet nümayəndəsi (xitabət kürsüsünə çıxaraq). Möhtərəm cənablar! Bizə aydındır ki, yer üzündə sülh istəyənlər müharibə tərəfdarlarından qüvvətlidir. Çünki onların arxasında hərbə qarşı kin və nifrət bəsləyən xalqlar durmuşdur. Lakin bu yetərmi?.. Xeyr. İçimizdə öylə hökumətlər var ki, yeni əsrə qan və dəmir əsri — deyə dodaq gəmirməkdədirlər.


Bəzi nümayəndələr (yerlərindən). Rədd olsunlar.
İblis (kübar qiyafətli, ortayaşlı, qurnaz baxışlı bir papas... Papa vəkili rolunda olaraq, yanında oturan nümayəndə qılıqlı üçüncü, dördüncü şeytana). Bu təcavüzdür.
Üçüncü və dördüncü şeytan (yüksəkdən). Bu təcavüzdür.
Birinci alman nümayəndəsi (yerindən qalxaraq). Əvət, təcavüz!.. Başqalarının hüququna təcavüz!..
Arif (yerindən). Xeyr, deyil.
Sədr (zilə basaraq məclisdəkilərə). Oturun! (Natiqə.) Sözünüzə dəvam edin!
Sovet nümayəndəsi. Əvət, “qan! qan!” deyən bu hərbculara indiyə qədər millətlər cəmiyyəti tərəfindən ciddi bir qarşılıq görmədik. Öylə hökumətlər var ki, bu zəifliyə qarşı susmaq istəyir. Bu isə acınacaq bir haldır. Biz keçmiş cahan müharibəsinin qanlı qurbanlarını və doğurduğu millətlər ayrılığını unutmamışıq. Bəzi dövlətlər Şərqdə və Qərbdə yeni fitnələr törətməkdən çəkinmirlər. Hər gün sülhə tərəfdar olduqlarını söyləyərək, yeni hücumlar hazırlayırlar.
Üçüncü şeytan (yerindən). Kimdir onlar? Kimdir onlar?
Dördüncü şeytan. Açıq söylə, kimdir onlar?
Çin nümayəndəsi. Çin ölkəsini parçalayan quldurlar!..
Həbəş nümayəndəsi. Həbəşistanı yaxıb-yıxan azğınlar!..
Yapon nümayəndəsi (diplomat... qalxaraq). Bu kinayələr yersizdir.
Alman nümayəndəsi. Natiq susdurulsun!
İtalyan nümayəndəsi. O yenə təcavüzə başlayır.
Sədr (zilə basaraq). Həzərat!.. Sükut!.. Hər kəs öz sırasında söylər. (Sovet nümayəndəsinə.) Buyurun!
Sovet nümayəndəsi. Əvət, bir çoxları təhlükəsizlikdən bəhs etdikləri halda, gecə-gündüz silahlanırlar. Dünyanın hər bucağına ədavət toxumu səpməkdən utanmırlar. Biz buna baxmayaraq daha sarsılmaz bir qüvvətlə çalışmalıyıq. Bütün ölkələrə, bütün insanlara qurtuluş yolları cöstərməliyik. O yol da ancaq bu siniflərin, dünya əməkçilərinin birləşməsilə olur. Yaşasın həqiqi sülh və əmək birliyi!.. (Gurultulu alqışlar altında xitabət kürsüsündən çəkilir.)
Sədr (sol tərəfi göstərir). Həzərat! Gözləriniz aydın! Sülh pərisi gözəl Sima məclisimizi şərəfləndirdi.
Arif (qalxar, əl çalaraq irəlilər). Alqış sevgi və dilək pərisinə!
Nümayəndələr. Yaşa, var ol! Yaşa, var ol!

Deyə hər yandan Simanı alqışlayaraq sədrin yanına qədər gətirirlər. Tuncər də onun ardınca gəlir. Qollarını köksündə çarpaz edərək bir yanda durur.

Sovet nümayəndəsi. Ona söz verilsin.
Fransız nümayəndəsi. İspaniya haqqında Simaya söz verilsin.
Nümayəndələr. Söz verilsin.
Sədr. Buyurun, sizi dinləmək istəyirlər.
Sima. Nə söyləyim mən? İspaniyadakı qan fırtınalarını, dəhşət yanğınlarını təsvirə sözmü bulunur? Bu bədbəxt ölkə fəlakət pəncəsində qıvrılaraq hər gün yeni-yeni faciələrə şahid olmaqdadır. Yurdsuz qadınlar, ac və kimsəsiz çocuqlar ayaqlar altında çeynənib getməkdədir. Faşizm cəlladları şübhələndikləri işçilərə, onların öz əllərilə məzar qazdırırlar, sonra yüzlərcə, minlərcə yaylım atəşi altında məhv edirlər. İndi o gözəl diyar bir xərabəzardan başqa bir şey deyildir. (Göz yaşını silərək, titrək səslə.) Ah, ispanlar çox alçaldılar, çox alçaldılar. Sizlər bəxtiyarsınız ki, o vəhşətləri görmədiniz. Uf, kaş ki mən də görməyəydim, mən də!.. (Hönkür-hönkür ağlayaraq yerindən çəkilir. Heyətə məxsus sandaliyalardan birinə oturur.)
Arif. Gözəl Sima! Ağlama! Bəşəriyyəti heç bir zaman göz yaşları qurtarmamışdır.
İblis. Mənə söz veriniz, lütfən söz veriniz.
Şeytanlar. Ona söz verilsin.
Sədr (zilə basar, sükutdan sonra, İblisə). Buyurun. (Nümayəndələrə.) Bu cənab Roma papası tərəfindən göndərilmişdir.
Arif (yana). Əvət, bu da müqəddəs bir tülkü!.. Baxalım nələr söyləyəcək.
İblis (xitabət kürsüsünə çıxaraq Simaya). Alqış sənə yavrum, alqış səndəki həzin çırpınışlara! Alqış gözlərindən saçılan inci yaşlara. (Nümayəndələrə.) İştə həzrət İsa yolunu izləyən şəfqətli və mərhəmətli bir mələk!.. Mən hər kəsin bu könüldə olmasını dilərdim. İncili-şərif bizləri sülhə çağırmış, heç bir fənalığa qarşı qoyulmamasını göstərmişdir.
Arif. (yerindən). Sən bu sözləri bizə deyil, kilsə divarlarına söylə.
İblis. Mən bu acı kinayəni bağışlayıram. Cənab həqq bağışlayanları sevər. Siz məni dinlərsəniz, zalımlara qarşı durmazsınız.
Arif. Yetər, hədyan dinləməyə vaxtımız yoxdur.
İblis. Mən sənin bu qaba çıxışlarını cavabsız buraxmaq istəyirəm.
Sədr. Sözünüzə dəvam edin.
İblis. Ulu tanrı insanları sevgi üçün yaratmışdır. Vəqta ki, adəm evladı doğru yoldan sapar, onlara umulmaz bir bəla müsəllət olur.
Arif (yana). Sonra!?

İblis. Vəqta ki, İspaniya xəlqi kilsələrə və din rəhbərlərinə xor baxdılar, göylər səltənəti onları cəzasız buraxmadı. Mən əminəm ki, dinsizlər yer yüzündən qaldırılmadıqca sülh arzusu yersizdir.


Üçüncü şeytan (yerindən). Doğrudur.
Dördüncü şeytan. Əvət, dorğrudur.
Arif (İblisə). Əcəba, bu yüksək ilhamları sana hankı “dahi” verdi?
İblis. Təbii, papa həzrətləri!.. O məni buraya qarışdırmaq üçün deyil, barışdırmaq üçün göndərmiş. Hər kəs bilir ki, papa yer üzündə ən şanlı və müqəddəs bir rəhbərdir.
Arif. Əvət, öylə müqəddəs rəhbər ki, bir yanında qanlı Mussolini, bir yanında cahangir kral!.. Sən də onların püskürtdüyü yanğınlara neft sərpən müqəddəs bir dəllal!..
İblis. Heç zərər yox. Mən bu təhqirlərə dayanıram. Sağ yanağıma sillə vursalar, solunu çevirməyə hazıram.
Sədr. Vaxt azdır, məsələyə keçəlim.
İblis. Biz əgər ümumi və daimi sülh istəyirsək, yalnız iki yol var: əvvəla, heç bir yerdə inqilabi hərəkata yol verməmək, ikinci, müharibə qızışdıranlar ilə yumşaq rəftar etmək...
Sovet nümayəndəsi (qızğın). Xeyr, bizə əl uzadanların dişləri qırılacaqdır.
Sədr (zilə basaraq). Rica olunur, natiqi kəsməyəsiniz! (İblisə.) Cənab, bitirin!
İblis. Daha nə söyləyim? Anlayanlar üçün bu qədər kafidir. (Məyus addımlarla yerinə keçər.)
Üçüncü şeytan. Ah, onu incitdilər.
Dördüncü şeytan. Bu mədəniyyətsizlikdir.
Sədr (zilə basaraq). İndi söz Almaniya nümayəndəsinindir.

Nümayəndə xitabət yerinə keçər.

Üçüncü şeytan (yanında oturan İblisə). Bu nə? Səndəmi sülh istəyənlər sırasına keçdin? Səndəmi hissiyyata qapıldın?
Dördüncü şeytan. Öküz! Sən o incəliyi anlamazsan.
İblis. Əvət, öylə tərs adamlar var ki, sülhə çağırsan hərb istər.
Üçüncü şeytan. Bağışla, indi anladım.
Dördüncü şeytan. Göz dəyməsin, baş var ha!..
İblis. Susunuz!
Birinci alman (məğrur və sərt bir ahəng ilə). Həzərat! Hər kəs kimi Almaniya xalqının da sülhə böyük ehtiyacı var. Lakin bizim ölkədə yaşayış getdikcə ağırlaşır. Bu acı həqiqəti bilməyən yoxdur. Burada sevgidən, mərhəmətdən bəhs etdilər. Bu bir xəstəlikdir. Həqiqi sülhü əldə etmək üçün hər kəsin haqqı təmin olunmalıdır. Bizə hüquq və torpaq verilmədikcə, barışıqdan söz açmaq yersizdir.
Birinci italyan. Doğrudur, doğrudur.
İkinci italyan (işçi). Heç də öylə deyil.
Birinci yapon. Natiq yanılmayır. Hər ölkənin ehtiyacı ödənilməlidir.
İkinci yapon (işçi). Fəqət başqasına təcavüz edilməməli!
Sədr (zilə basaraq). Yerinizdən söyləməyin.
Birinci alman. Biz təmin olunmadıqca, Avropa dövlətləri sülh və əmniyyət görməyəcək. Kommunizm qorxusu, inqilab hərəkatı hər ölkəni titrədəcək, hər kəsi düşündürəcəkdir.
İkinci alman (işçi... yerindən). Xeyr, səni qorxudan bu üzüntülər alman əməkçilərini qorxutmayır. Onların kimi işsizlikdən cana doymuş, kimi zəncirlər altında inləyir.
Birinci alman. Boşboğazlıq yetər. Almanlıq şərəfini itirənlərlə mənim işim yoxdur.
İkinci alman. Mən də hitlerçilər izilə sürünməkdə heç bir şərəf görməyirəm.
Birinci alman. Bu cəsarət sənə ucuz oturmaz.
İkinci alman (ortaya fırlar, yumruğunu sıxaraq). Biz kimsədən qorxmayırıq.
Sədr (zilə basaraq). Həzərat! Harada olduğunuzu düşünməlisiniz.
Birinci alman. Mən düşünürəm. Yalnız ipsizlər, sayğısızlar düşünə bilməyir.
İkinci alman. Sayğısız olsam da, cəllad deyiləm.
Sədr (zilə basaraq). Mən kimsəyə söz verməyirəm. İntizamı pozanlar məclisdən çıxarılacaqdır.
Birinci alman. Onsuz da mən çıxmaq istəyirəm. Burada durmaq qan qaraltmaqdan başqa bir şeyə yaramaz.
Birinci italyan (yerindən qalxar). Əvət, sıra-sayğısı olmayan məclisdə oturulmaz.
Birinci yapon (qalxar). Haydı, mən də sizinlə bərabər.

Hər üçü kinli baxışlarla çıxıb gedər.

Sədr. Cənablar! İclası bitirmədən əvvəl sizə bildirməliyəm ki, bu yersiz çıxışlar təəssüfə layiqdir.
Arif. Onlar buraya sülh üçün deyil, çəkişmək üçün gəlmişlər.


Yüklə 121,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin