Yazılmışdır: 1936 1937 İlk nəşri: 1985 Səhnələşdirilməmişdir. ƏŞxas



Yüklə 121.32 Kb.
səhifə3/3
tarix24.04.2017
ölçüsü121.32 Kb.
1   2   3
Fransız sosyalist. Bu çəkişmələrin önü alınmazsa, bütün ölkələr üzərində qara buludlar oynaşacaq, milyonlarca insanlar qan və ölüm tufanında qol-qanad çalacaqdır.
Sima (qalxaraq). Vəhşi heyvanlar belə sevgi və mərhəmətdən anlarkən, neçin insanlar bu qədər alçalır?
İblis. Çünki vəhşilərdən də vəhşidirlər. Həqiqi insan hər fənalığı əfv etməlidir.
Sovet nümayəndəsi (kinayəli və qızğın). Əvət, əgər hər kəs insanlıq şərəfini anlasaydı! Anlaya bilsəydi! Halbuki, faşizm cəlladları insan gəmikləri üzərində özlərinə heykəl yapdırmaq istəyirlər. Əcəba, quduz bir canavar, şaxə qalxmış bir ilan əfvə layiqmi?.. Xayır, əsla!.. Nə olursa-olsun, o canavarların dişləri qırılmalı, o ilanların başları qoparılmalıdır.

PƏRDƏ


DÖRDÜNCÜ PƏRDƏ

İsveçrədə parlaq və möhtəşəm bir salon... Səhnədə üstü içki və məzələrlə dolu üç masa görünür. İçəridə daha geniş salon, masalar və rəqs yerləri var. Sol masada Ariflə Rəna... Sağda alman, italyan və yapon nümayəndələri... Ortada ingilis lordu yalnız oturmuşdur.

Arif. Nə məraqlı bir səyahət! Gör təsadüf bizi haralara gətirib çıxardı. Bir yandan İspaniya faciələrini seyr etdik, bir yandan sülh qurultayını dinlədik. İndi İsveçrənin parlaq salonlarındayıq. (İçərini göstərir.) Baxsana, onların çoxu cəmiyyəti-əqvam əzalarıdır.
Rəna. Təəssüf ki, bu adamlar sülh üçün az iş görmüşlər.
Arif. Məncə, bu cəmiyyətə diplomatlar birjası demək daha doğrudur. (Qapıya baxaraq.) İştə Sovet və fransız nümayəndələri!.. (Gələnlərə yer göstərir.) Buyurun, bərabər oturalım.
Sovet nümayəndəsi. Rahatsız olmayın.
Arif. Rica edirəm.
Fransız nümayəndəsi. Çox gözəl. (Əl verib otururlar.)
İblis (gəlir ingilis lorduna yaxlaşır). Müsaidə buyurulurmu?
Lord. Sizinlə görüşmək böyük səadətdir.
İblis. Düşüncəlisiniz, gözlərinizdən intizarlıya bənzəyirsiniz.
Lord. Gözəl Simanı bəkləyirəm.
İblis. Möhtərəm lord! Sizdəmi ona vuruldunuz?
Lord. Təbii deyilmi a?
İblis (kinayəli gülüşlə). Əvət, anlayıram.
Lord. Söylə baxalım, siyasət aləmində nələr var?
İblis. Dünya getdikcə qarışmaq üzrədir. Hər halda, ayıq davranmalısınız.
Lord. Məraq etmə, ingilislər heç bir zaman siyasi müvazinəti gözdən qaçırmaz.
İblis. İnanıram, cənab lord! Sizdəki zəka bəllidir.
Lord (soyuq gülüşlə). Biz gərək sülh, gərək hərb zamanlarında fürsətdən istifadə edilməsini gözəl bilirik. (Qədəhləri konyakla doldurur.) Şərəfinizə!
İblis. Təşəkkür. (İçərlər.) (Sima Tuncərlə bərabər gəlir.)
Lord. İştə gözəl Sima! Onun hər duruşu, hər baxışı, hər süzülüşü, hər qıvrılışı gönlümdə dərin izlər buraxır. Lakin, bu Tuncər dedikləri əsla məni açmayır.
İblis. Əvət, o sanki inqilab mənasını təcəssüm etdirən bir heykəldir.
Lord (Simaya qarşı əyilərək yer göstərir). Buyursunlar.
Sima. Xayır, biz ayrı oturmaq istərik.
Sovet nümayəndəsi (yaxlaşır). Bizimlə oturun.
Fransız nümayəndsi. Lütfən...
Arif. Rica edirik.
Sima. Çox gözəl. (Əl verib otururlar.)
Fransız nümayəndəsi. İsveçrə mühiti sizdə nə kimi təsirat buraxdı?
Sima. Burada az-çox gönlüm açılmağa başladı. Bu ölkənin gözəlliyi və sülhpərvərliyi məraqsız deyildir.
Sovet nümayəndəsi. O halda bizim Sovet mühitini daha çox sevərsiniz, çünki orada sizi sevənlər çoxdur.
Sima. Təşəkkür edirəm.
Arif (xüsusi). Sən bir günəşsən ki, səmimi gönüllər ancaq sənin kölgəndə isinə bilir.
Sima. Çox lütfkarsınız.
Arif. Daha doğrusu, pərəstişkaram.
Rəna (yana). Oh, mənə qarşı nə sayğısızlıq!.. Yaralı gönlümü yenidən qanatmaq istəyir. (Qalxır, yanındakılara.) Bağışlayın, sizdən ayrılmalıyam.
Sima. Nə oldu? Kefsizmisən?
Rəna. İstirahətə ehtiyacım var.
Arif. Yalnız gedə bilərmisən?
Rəna (soyuq). Əvət.
Tuncər. Müsaidənizlə mən də bərabər gələyim.
Rəna. Zəhmət etməyiniz.

Tuncər. Heç bir zəhməti yox. (Gedirlər).

Musiqi... Salonun hər tərəfindən erkəklər, qadınlar rəqs etməyə başlar.

Alman nümayəndəsi (Simanı rəqsə dəvət edər). Rica edirəm.


Sima. Bağışlayın!
İtalyan nümayəndəsi (yaxlaşır). Lütfən!
Yapon nümayəndəsi (əyilərək). Təbii, məni rədd etməzsiniz.
Sima. Çox yorğunam.

Hər üçü iç salona keçib, başqa xanımlarla rəqs edərlər.

Lord (İblisə). Məğrur qız, hər üçünü rədd etdi.
İblis. Zənnimcə, sizi rədd etməz.
Lord. Kim bilir!? (Doldurduğu qədəhi qaldırır.) Yaşasın gözəllik və sülh pərisi!
İblis. Xeyr, hərb allahının şərəfinə içəlim.
Lord. Etiraz yox.

İçərlər. Getdikcə musiqinin səsi alçalır, qaranlıqlar içində rəngarəng


qığılcımlar uçuşmağa başlar.
İblis (yerindən qalxaraq üzünə düşən qızıl alov parıltısı altında, coşğun və sərxoşca ahəng ilə).
Alqış sevda gecələrini oxşayan qaranlıqlara!
Alqış qaranlıqlar içində süzülən sevimli işıqlara!
Alqış ipəklər içində qıvrılan qanatsız quşlara!
Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!
Alqış vurğun gönülləri ovlayan süzgün almaslara!
Alqış qönçə dodaqlardakı meyxoş ehtiraslara!
Alqış sevinc dalğalarında qopan gizli tufanlara!
Alqış dadlı busələrdə çırpınan dəli heycanlara!
Alqış odlu bucaqlara sığınan bayğın tavuslara!
Alqış incə bellərə sarılan çılğın kabuslara!
Alqış yer üzünü sarsıdan qorxunc ilhamlara!
Alqış ölüm və cəhənnəm püskürən kinli intiqamlara!

Rəqs bitər, alman, italyan və yapon diplomatları son sözləri dinlər. İblisə qarşılıq söyləyərək ayrı-ayrı qucaqlaşıb öpüşürlər.

Alman nümayəndəsi. Eşq olsun dəmir və qan şüarilə köpürən al qanlara! Eşq olsun zəfər və qalibiyyət üçün patlayan vulkanlara!
İtalyan nümayəndəsi. Eşq olsun sənə!. Səndəki qüdrət və bəlağətə!
Yapon nümayəndəsi. Eşq olsun bizə qarşı bəslədiyin sədaqətə!
Sovet nümayəndəsi (nifrətlə qarışıq kinayəli ahəng ilə yanındakılara).

Eşq olsun intiqam və ölüm sərxoşlarına!


Eşq olsun dəhşət və kin bayquşlarına!

Arif. Eşq olsun fəlakətlərdən səadət umanlara!


Eşq olsun məzlum qanilə bəslənən kor
vicdanlara!

Sima (sarsılmış bir halda qalxaraq). Ah, bu acı kinayələr gönlümdə zəhərli izlər buraxdı. Savaş meydanlarında gördüyüm vəhşətlər gözlərimdə canlandı. Bu şən və parlaq salon məni bir zindan kimi, bir məzar kimi sıxmağa başladı. (İblis ilə diplomatları göstərir.) Hələ onlar!.. Onların tikanlı sözləri atəşli qırbaclar kimi beynimi yaxdı.


Sovet nümayəndəsi. Rica edirəm, öylə həzyanlara qulaq verməyin.
Sima. Xeyr, getməliyəm. Mən o çirkin hərəkətləri soyuq qanla tamaşa edə bilməm.
Arif. Yerimizi dəyişdirəlim.
Fransız nümayəndəsi. İçəriyə keçəlim.
Sima. Rahatsız olmayın, bir az təkbaşıma hava almaq istəyirəm. (Əl verir.)
Arif. Yalnızmı?
Sima. Tuncər gəldi, bərabər çıxarıq.
Sovet nümayəndəsi. Çox təəssüf!.. Bu heç yaxşı olmadı.
Sima. Zərər yox, sonra görüşərik. (Çıxarlar.)
Lord (heyrətli baxışla Simanı arxadan süzərək). Aman, nə qədər cazibəli, nə qədər şairanə!..
Fransız nümayəndəsi (lordun yanına keçərək). Əvət, o bir cənnət quşudur.
Alman nümayəndəsi. Mən onu bir qartal kimi pəncəmdə xırpalamaq istərdim.
İtalyan nümayəndəsi. Xayır, o eşsiz göyərçin mənim könlümdə yuva yapmalıdır.
Yapon nümayəndəsi. Məncə, ən parlaq gözəllər də yalnız qüvvətə qarşı əyilirlər.
Fransız nümayəndəsi. Sima o qədər yüksək ki, heç bir qüvvətə qarşı əyilməz.
Alman nümayəndəsi (yumruğunu şiddətlə masaya vurub bağırır). Xeyr, əyilər, əyilməzsə məcbur edərik.
Lord. Cənab! Bir az centlmen olmalı!.. Bu hərəkət yüksək cəmiyyətə yaraşmaz.
İblis. Əvət, qüvvət və qalibiyyətdən bəhs edənlər hünərlərini salonlarda deyil, müharibə meydanlarında göstərməlidir.
Alman nümayəndəsi. Biz gücsüz və aciz deyilik.
İblis. Əfsus ki, bir əngəliniz var, o da ölkə daxilindəki işçi və əməkçilərinizdir. Onları qandırıb aldatmadıqca müvəffəqiyyət çətindir.
Alman nümayəndəsi. O xüsusda sənin yardımına böyük ehtiyac var.
İblis. Xeyr, o işlərdə cənab Trotski məndən daha mahirdir. Əməkçilər və işçilər arasında olmasa da, kapitalistlər və imperialistlər yanında az-çox nüfuzu var.
Lord. Gözəl tanıyırıq, istedadsız adam deyil.
İtalyan nümayəndəsi. O bizim əziz və dəyərli dostumuzdur.
Yapon nümayəndəsi. Həm də bir çox düşüncələri bizim siyasətə uyğundur.
Alman nümayəndəsi. O, qoca və təcrübəli bir sosialistdir.
Arif. Fəqət ordusuz bir komandan!.. Gəmisiz bir kapitan!..
Sovet nümayəndəsi (Ariflə bərabər getməyə hazırlanaraq, kinli və qızğın). Xeyr, xeyr... O, sosializm üfüqlərini ləkələyən qara buluddan başqa bir şey deyil. O, məsləkini şöhrətə satan bir dəllal, əmək dünyasını aldadan nankor bir zavallıdır. O, faşizm qapılarında sürünən yaltaq bir casus, cahan proletarlarına yeni zəncir hazırlayan şərəfsiz bir məxluqdur.

PƏRDƏ


BEŞİNCİ PƏRDƏ

İsveçrədə yüksək və möhtəşəm üslub ilə süslənmiş böyük bir oda... Qarşıda ipəkli pərdə arxasında yataq odası bulunur. Sima ən zərif bir qiyafətdə olaraq masa yanında, əli alnında düşüncəyə dalmış. Gecə...

Xidmətçi qız (əlində bir gül dəməti girər). Müsaidənizlə Arif sizi görmək istəyir.
Sima. Gəlsin.
Xidmətçi qız (qapıya). Buyurun.
Arif (girər, əl verir). Axşamınız xeyir.
Sima. Xeyrə qarşı.
Arif. O nə?.. Gözlərinizdə həyəcan izləri var.
Sima. Onlar məni rahat buraxmayırlar. (sinirli.) Ah, onlar... Onlar...
Arif. Lütfən söylərmisiniz? Kimdir onlar?
Sima. Keçən axşamki həriflər!.. Alman, yapon və italyan diplomatları!
Arif. Burayamı gəlmişlərdi?
Sima. Əvət, öncə müsaidə istədilər, qəbul etmədim, həyasızcasına içəri soxuldular, üz vermədim, sevgidən söz açdılar, üzümü çevirdim. Qorxutmaq istədilər, aldırmadım. Nəhayət, qızğın və kinli addımlarla çəkilib getdilər.
Arif. Nə ədəbsizlik, nə tərbiyəsizlik!..
Xidmətçi qız (bir kart vizitlə gəlir).
Sima (baxar). İngilis lordu! (Qıza.) Söylə rahatsızdır. (Qız çıxar, Arifə.) Mən o soyuq və məğrur hərifin ikiüzlü siyasətində, ikimənalı sözlərində heç bir səmimiyyət görmədim, o daima ciblərini sülh eşqinə üstün tutmaq istər.
Arif. Əvət, həqsiz deyilsiniz. (Bu sırada qapı barmaq ucilə vurulur.)
Sima. Gəliniz.

Tuncər (girər). Müsaidənizlə, bizim əməkdaşlar sizi görmək istəyir.


Sima. Gəlsinlər.
Tuncər (qapıya). Haydı, yoldaşlar!

Təyyarəçi, topçu, tankçı, bəhriyyəli əsgər, başı pozuq hər rütbəyə, hər vəzifəyə, hər milliyyətə mənsub çeşit qiyafətli işçilər və əməkçilər içəri girər.



Sima. Əhvalınız?
Əməkçilərdən bir qismi. Təşəkkür!
Tuncər. Bunlar inqilab yavruları, əmək qəhrəmanlarıdır. Hamısı bir nəfər kimi sizə hörmət bəslər.
Sima. Var olun, mənim gönlüm daima sizinlədir.
Tuncər. Sülh uğrunda candan-başdan keçməyə hazırıq. Bizi sıxmaq istəyənlər bulunursa, dəmir pəncəmizdə ilan kimi qıvrılacaq, məhv olacaqdır.
Hamısı (yumruqlarını sıxaraq). Əvət, məhv olacaqlar!
Tuncər. Yetər, biz bu gündən sonra kölə olmayacağıq, heç kimsəyə əyilməyəcəyik.
Hamısı. Xeyr, əyilməyəcəyik.
Sima. Təbii, dəmir biləklərə, bükülməz qollara zəncir yaraşmaz. Bütün bəşəriyyətin səadət və qurtuluşu ancaq nasırlı əllərdə, ancaq dünya əməkçilərinin birləşməsindədir.
Tuncər. Yaşasın birlik, məhv olsun xainlər!
Hamısı. Məhv olsun!
Tuncər (yoldaşlarına). Gedəlim.
Sima. Haraya?
Tuncər. Aşağıda mənim odamda müşavirəmiz var.
Sima. Nə müşavirə?
Tuncər. Faşizm Almaniyasilə Yaponiya imperatorluğu Sovetlər İttifaqına qarşı yeni hərb müahidəsi bağlamış, hər iki tərəfdən inqilab yurdunun coşğun alovlarını söndürmək istəyirlər.
Sima. Ah, demək, daha qorxunc yanğınlar, daha qanlı səhnələr hazırlanır, öyləmi?
Tuncər. Zərər yox, onlar bizə taxmaq istədiyi zəncirləri er-gec öz qollarında görəcəklər. (Yoldaşlarına.) Gedəlim.
Sima. Gediniz, sizə uğurlu günlər dilərəm. (Onlar çəkildikdən sonra, Arifə.) Lütfən mənə yardım et.
Arif. Aman, nə oldu? (Təlaş ilə qolundan tutar.)
Sima. Bu acı xəbər sanki qəlbimin tellərini qırdı, yenə gözlərimi qan və ölüm dalğaları sarmağa başladı. (Məndil ilə gözlərini silər.)
Arif. O nə, ağlayırmısan?
Sima. Xayır, bir az mütəəssir oldum. (Başını Arifin köksünə dayar.)
Arif. Aman, sinirlərin nə qədər zəif!.. Səndə çocuqca bir həssaslıq var.
Rəna (qapı arasında görünür. Arifin sözlərini dinlər. Yana). Səndə də umulmaz bir sapqınlıq var.
Arif (Rənanı görür). Neçin gəldin? Sən buraya neyçün gəldin?
Rəna. Sənin eşqini, xəyanətini alqışlamaq üçün.
Arif. Bir az özünə gəl! Sən həqiqəti görməkdən acizsən, qısqanclıq səni kor etmişdir.
Rəna. Biləks, ehtiras dumanı sənin gözlərinə pərdə çəkmişdir. Ona vurulduğun gündən bəri mənə gül verməyirsən.
Sima. Xayır, Rəna, Arif sənindir. Daima sənin olacaqdır.
Rəna. İstəməm, uf, istəməm. Heç bir nəvaziş istəməm. (Çıxıb gedir.)
Sima. Arif! Sən də get, onu yalnız buraxma!
Arif. Çox gözəl, gedərəm, lakin harada olsam, gönlüm səni özləyəcəkdir. (Onun əlini öpər, həsrətli baxışla.) Əlvida!..
Sima. Gülə-gülə... Sizə sevincli gönüllər dilərəm. (Arif çıxar. İşıq azalır.)
İblis (alovlu qiyafətilə pərdə arxasından çıxar). Müsaidə varmı?
Sima (diksinərək). Ah, sən buraya haradan girdin?
İblis. Hər yerdən. Heç bir qapı və divar mənim qarşımda əngəl olamaz. Mən bir anda Çin səddindən Eyfel bürcünə uçaram. Gözlərini yumub-açınca, Himalay dağlarını aşaraq Mühit dənizlərini keçərəm. Mən əngin fəzalara dalıb, bir nəfəsdə günəşləri, kəhkəşanları dolaşaram.
Sima. Sən əfsanələrdənmi doğuldun? Yoxsa hər gün bir rola girən artistmisən?
İblis. Əvət, öylə bir artistəm ki, hər rolda dahiyanə məharətlə şöhrət buldum. Hər səhnədə daima qalib və müvəffəq oldum. Hər işvəkar mənim alovlu pəncəmdə qıvrıldı. Bütün gözəllər mənim qucağıma atıldı. Lakin sənin könlün, sənin sevgin hər gün mənə, mənim möhtəris duyğularıma üzüntü verməkdədir. Səni qollarım arasında görmədikcə səadətin varlığına inanmayacağam.
Sima. Sənin gözlərində xəyanət qığılcımları parlayır. Əllərində qan ləkəsi varp. Çəkil buradan, məni yalnız burax!
İblis. Nə fərqi var? Mən çəkilsəm, başqası gələcək. Heç bir könül sənə pərəstişkar olmaya bilməz.
Sima. Mən sənə nifrət edirəm.
İblis. Nifrətlə məhəbbət bir-birinin əksi olsa da, ifadə etdikləri məna birdir.
Sima. Sən hər gün rəngini dəyişdirən canbaz bir filosofsan.
İblis (gülərək). O hansı fəlsəfədir ki, daimi və sabit olsun? Dünyada hər şey dönüb dolaşır, biz də bərabər. Bütün həyat axıb dəyişir, biz də içində.
Sima. Sən şər elçisi, fəlakət bayquşusan!
İblis. Unutma ki, hər şərri bir xeyir izlər. Hər səadət bir fəlakətlə qiymətlənir. Təzad həyatın ahəngidir. Bizə gülümsəyən hər bahar dəhşətli bir qışdan doğar. Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan yıldızlar bunca sevilməzdi. Şübhə yox ki, sən də o parlaq yıldızların ən sevimlisi, ən gözəlisən.
Sima. Yetər! Bu sözləri şairlər o qədər çeynəmiş ki, artıq qulaqları tırmalayır, eşidənlərə usanc verir.
İblis. Əvət, heç yanılmayırsan, munis və səmimi hərəkətlər şairanə sözlərdən daha dəyərlidir. (Qollarını açaraq yaxlaşır.) Gəl, yaxın gəl, bir kərə də olsa...
Sima (onun sözünü yarıda kəsərək). Yaxlaşma! Sənə baxdıqca qəlbimə atəşli dikənlər sancılır.
İblis. Atəşsiz yaşayış olmaz. Mən öz atəşimlə səni aşılamaq istəyirəm.
Sima. Uf, ürəyim partlayacaq, haydı, çıx buradan! Çıx, gözüm görməsin.
İblis. Təlaş etmə! Mən çıxsam da, başqası girər. Günəş batdığı yerdə yalnız qaranlıqlar çökər. (Masa arxasında durduğu halda yavaş-yavaş enərək görünməz olur.)
Sima (şaşqın). Nə dəhşətli mənzərə!.. Mən röyamı görürəm?

Bu sırada başdan-ayağa qara örtünmüş, əlləri silahlı dörd adam girər.

Birinci qara geyimli. Gəliniz, o burada.
Sima. Ah, siz kimsiniz? Nə istəyirsiniz?
İkinci qara geyimli. Sənin ölümünü! (Əllərində revolver nişan alırlar.)
Üçüncü qara geyimli. Durun, o mənim əlimdə həlak olacaq.
Dördüncü qara geyimli. Xeyr, o bizimlə bərabər gedəcək.
Birinci qara geyimli. Haydı, fürsəti qaçırmayalım. (Hücuma hazırlanır.)
Sima. Toxunmayın, mənə toxunmayın!
Birinci qara geyimli. Bağırma, sus!
İkinci qara geyimli. Sənin hər parçan bir əldə olacaq.
Dördüncü qara geyimli. İncitməyin, o təslim olacaq.
Üçüncü qara geyimli. Mərhəmət zəiflikdir.
Xidmətçi qız (qapı arxasından baxar, təlaş ilə). Ah, dəhşət!.. (Geri dönər.)
Üçüncü qara geyimli (əlindəki iri bıçağı Simanın köksünə saplamaq istər). Onu mən susdurmalıyam.
Dördüncü qara geyimli (mane olurkən). Toxunmayın, yazıqdır.

Gözilə “vur” işarəti verir, hər yandan hücum edirlər.

Sima. Alçaqlar, vicdansızlar!..
Birinci qara geyimli (revolverlə qorxudur). Kəs səsini! (Deyə yaxalayıb boğmaq istərlər.)
Sima (acı fəryad ilə). Ah, can qurtaran yoxmu?
Tuncər (yoldaşlarilə bərabər içəri soxularaq). Oh, qatillər! Uğursuzlar!.. Durun, kimsə yerindən tərpənməsin!.. Heç birinizə qurtuluş yoxdur. (Simanı əllərindən alaraq.) Sima! Sevimli dilək pərisi!.. (Yoldaşlarına.) Açın bunların kirli maskalarını! (Birər-birər açarlar. Tuncər kinayəli səslə). Əvət, bəlli, bu italyan dostumuz!.. Bu da yapon nümayəndəsi!.. Bu da əli bıçaqlı alman!.. Bu da... sülhü sevən ingilis lordu!.. (Onları üstdən-aşağı süzərək.) Nə şərəfsizlik!.. Heç utanmadınızmı? İnsan böylə məsum qıza qıyarmı? Sizdə nə mərhəmət var, nə də vicdan. (Yanındakılara.) Haydı! Bağlayın qollarını! (Bağlayırlar.)

Bu halda Sovet nümayəndəsi qapı arasında görünür. Kimsə onun


gəldiyini sezməz.

Lord. Bağlayın, məndə bir suç yox. (Yoldaşlarını göstərir.) Bunların təsirinə qapıldım.


Tuncər. Onu sonra mühakimə edərik.
Lord. Simaya sorunuz, mən onu qorumaq istədim, qurtarmaq istədim.
Tuncər. Sonra baxarıq, eşitmədinmi?
Lord. Öylə isə protesto edirəm.
Tuncər. İndi protestoya baxan yoxdur.
Sima (təlaş ilə). Tuncər! Bunlara nə cəza veriləcək? Ölümmü?
Tuncər. Ölümdən daha ağır, daha dəhşətli bir cəza varmı?
Sima. Saqın, heç birinə toxunulmasın. Mən yalnız o könüllərə vurğunam ki, qan izini yer üzündən silsin, silə bilsin. Açın qollarını, hamısını azad buraxın.
Tuncər. Əsla mümkün deyil. Biz bunlara öz əllərimizlə cəza verməliyik.
Sovet nümayəndəsi (irəli gəlir). Xeyr, siz deyil, onlar... Bəli onlar... Hər ölkənin əzənləri və əzilənləri var. Bizim intiqam tək-tək insanların deyil, milyonların intiqamıdır. (İtalyan diplomatının qolundan tutaraq, italyan qiyafətli bir işçi ilə bir təyyarəçiyə verir.) Alınız, bu siz italyanların!.. (Alman diplomatını alman tipli bir əsgərlə bir topçuya verir.) Bu da siz almanların!.. (Yapon diplomatını yapon qılıqlı bir işçi ilə bir balıqçıya verir.) Bu da siz yaponların!.. (Lordu da ingilis matroslarına verir.) Bu da siz ingilislərin!.. (Tuncərlə yoldaşlarına.) İştə bunlara, bu qara üzlü kabuslara biz deyil, ancaq öz vətəndaşları, öz əməkçiləri cəza verməlidir. Bütün dünya bilir ki, biz hər şeydən əvvəl sülh tərəfdarıyıq. Lakin bu maskalı xainlərlə əlbir olan faşizm generalları yeni bir yanğın, yeni bir müharibə hazırlarsa, əmək qəhrəmanlarımız bu həyasızlığa qarşı tamaşaçı qalmayacaq. Yıldırım sürətilə mübarizə meydanına atılacaqdır. Həm də döyüş səhnəsi inqilab yurdunda deyil, faşizm ölkələrində olacaqdır. (Tuncərlə yoldaşlarına.) Əvət, sizlər!.. Sizinkilərlə bərabər bütün cahan
əməkçiləri əmin olmalıdır ki,sülh düşmənlərinin bulanıq, qanlı dalğaları bizim hüdudun polad divarlarına çarpılıb qırılacaq, azğın orduları da er-gec sərab olmuş ümidlər kimi sarsılıb məhv olacaqdır.

PƏRDƏ


SON


Tərtib etdi: AKİRA
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə