Yeyinti məhsulları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında yeyinti məhsullarının keyfiyyətinin idarə edilməsinin, istehsalının və bazarının təşkilinin, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edir:
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
yeyinti məhsulları - ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsullar;
qida məhsulları - insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar;
yeyinti məhsullarının keyfiyyəti - yeyinti məhsullarının insanların həyatının təhlükəsizliyini və sağlamlığını təmin edən istehlak xassələrinin məcmusu;
yeyinti məhsullarının təhlükəsizliyi - qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlara, norma, qayda və tələblərə uyğunluğu;
qablaşdırma və köməkçi materialları - yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı proseslərində istifadə edilən (təmasda olan) təbii və süni materiallar;
yeyinti məhsullarının istehlak dəyərliliyi - insanların qidalılıq, bioloji və fizioloji tələbatını təmin edən, habelə müvafiq məqsədlər üçün nəzərdə tutulan və istifadə edilən yeyinti məhsullarının xüsusiyyətləri;
uşaq qida məhsulları - uşaq orqanizminin fizioloji xüsusiyyətlərinə uyğunlaşdırılmış xüsusi qida məhsulları;
pəhriz qida məhsulları - profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları;
əhalinin ərzaq təhlükəsizliyi - ölkə əhalisinin sağlamlığı və fəaliyyəti üçün vacib olan yeyinti məhsullarına tələbatının təmin edilməsi məqsədi ilə dövlətin həyata keçirdiyi iqtisadi, hüquqi və təşkilati tədbirlər sistemi;
ərzaq xammalı - bitki, heyvan, mikrobioloji və mineral mənşəli məhsullar, habelə qida məhsullarının istehsalında istifadə edilən sular.
Maddə 2. Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, bu Qanunla əlaqədar qəbul edilmiş normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının digər qanunvericiliyindən ibarətdir.
Ərzaq və xammal kimi istifadə edilən kənd təsərrüfatı, balıq və balıq məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi, istehsalının və bazarının təşkili qaydaları bu Qanunla yanaşı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin idarə edilməsi, istehsalının və bazarının təşkili barədə müəyyən olunmuş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Maddə 3. Yeyinti məhsulları sahəsində fəaliyyət
Yeyinti məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alış-satış və idxal-ixrac əməliyyatları yeyinti məhsulları sahəsində fəaliyyət hesab edilir.
Yeyinti məhsulları sahəsində fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
II fəsil
YEYİNTİ MƏHSULLARININ KEYFİYYƏTİNİN VƏ TƏHLÜKƏSİZLİYİNİN İDARƏ EDİLMƏSİ
Maddə 4. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi
Yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi aşağıdakı yollarla təmin edilir:
yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normalaşdırılması və təkmilləşdirilməsi;
yeyinti məhsullarının sertifikatlaşdırılması;
yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatı;
yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti.
Maddə 5. Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normalaşdırılması
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər (bundan sonra standartlar və tələblər) vasitəsi ilə həyata keçirilir.
Qida məhsullarında istifadə olunan xammala, onların istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə standartlar və tələblər, habelə onların təkmilləşdirilməsi ixtisaslaşdırılmış təşkilatlar tərəfindən işlənilir və müəyyən edilmiş qaydada təsdiq edilərək dövlət qeydiyyatından keçəndən sonra qüvvəyə minir.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartların və tələblərin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.
Maddə 6. Yeyinti məhsullarının sertifikatlaşdırılması
Yeyinti məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə yeyinti məhsulları müvafiq icra hakimiyyəti orqanları tərəfindən sertifikatlaşdırılır. Azərbaycan Respublikasına idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək verilir.
Yeyinti məhsullarına verilən sertifikatların forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Yeyinti məhsullarına verilən sertifikatların növləri, sertifikatlaşdırma sistemi və qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Sertifikatın (şəhadətnamənin) alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir.
Maddə 7. Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatı
Azərbaycan Respublikasında istehsal edilən, respublikaya gətirilən yeyinti məhsullarının tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərinə görə ekspertizadan keçirilir və bu məhsullar dövlət reyestrində gigiyena qeydiyyatına alınır.
Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Dövlət gigiyena qeydiyyatına alınmış yeyinti məhsuluna gigiyenik sertifikat verilir. Gigiyenik sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir.
Dövlət gigiyena qeydiyyatına alınmamış yeyinti məhsullarının satışı qadağandır.
Müxtəlif ərzaq növlərinin eyni ad altında və ya eyni yeyinti məhsulunun bir neçə ad altında, yaxud tərkibində narkotik vasitələr və psixotrop maddələr və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materialları olan yeyinti məhsullarının və bioloji aktiv əlavələrin dövlət gigiyena qeydiyyatına alınmasına yol verilmir.
Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 8. Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti
Yeyinti məhsullarının istehsalı, ticarəti, tədarükü, saxlanması, idxalı, ixracı və daşınması zamanı onun keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti funksiyalarını öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
Bələdiyyələr, istehlakçılar, onların ictimai birlikləri və qeyri-hökumət təşkilatları ərzaq bazarında yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına ictimai nəzarət funksiyalarını yalnız onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində həyata keçirə bilərlər.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlar və tələblərə əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilmir.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlar və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
III fəsil
YEYİNTİ MƏHSULLARININ İSTEHSALI
Maddə 9. Yeyinti məhsullarının istehsalının təşkili
Yeyinti məhsullarının istehsalının təşkili iki mərhələyə bölünür:
yeyinti məhsulları istehsalı obyektlərinin layihələşdirilməsi, razılaşdırılması və inşası;
yeyinti məhsullarının kütləvi istehsala hazırlanması, gigiyenik ekspertizası və dövlət reyestrində qeydiyyatı.
Yeyinti məhsullarının istehsalı müvafiq texnologiyalara, qüvvədə olan standartlar və tələblərə uyğun olaraq həyata keçirilir.
Yeyinti məhsullarının istehsalında istifadə edilən bitki və heyvan mənşəli xammalın və qida əlavələrinin tərkibində zəhərli kimyəvi və dərman maddələrinin, bioloji, mikrobioloji və digər preparatların yol verilən norma hədləri müvafiq normativ sənədlərlə müəyyən olunur.
Yüksək keyfiyyətli (markalı) brendilərin (konyakların) istehsalı prosesində kükürd anhidridindən istifadə edilməsinə yol verilmir.
Yeyinti məhsullarının istehsalında tərkibində narkotik vasitələr və psixotrop maddələr olan kimyəvi, bioloji və digər preparatların, habelə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağandır.
Pəhriz və uşaq qida məhsullarının istehsalında zəhərli kimyəvi və dərman maddələrinin, bioloji, mikrobioloji və digər preparatların istifadəsinə yol verilmir.
Yeni ərzaq növləri istehsalata hazırlanarkən onların tərkibi, keyfiyyət göstəriciləri, insan orqanizmi üçün təhlükəsizliyi və yararlılıq müddəti, müvafiq standartlara və tələblərə uyğunluğu müəyyən olunur, bu göstəricilər məhsulun normativ sənədlərinə daxil edilir və müvafiq qaydada dövlət reyestrində qeydiyyata alınır.
Maddə 10. Yeyinti məhsulları istehsalının stimullaşdırılması
Əhalinin yeyinti məhsullarına olan tələbatının və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasında yeyinti məhsullarının istehsalı sahəsində məqsədli investisiya, qiymət, kredit siyasəti həyata keçirilir.
Dövlət ərzaq ehtiyatlarının formalaşmasında, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, digər dövlət orqanlarının və bələdiyyələrin qapalı təşkilatlarının yeyinti məhsulları ilə təchizatında yerli istehsalçılara üstünlük verilir.
Pəhriz və uşaq qida məhsullarının istehsalı və çeşidinin artırılması dövlət tərəfindən məqsədli proqramlar əsasında stimullaşdırılır.
Yeyinti məhsullarının istehsalı məqsədi ilə idxal edilən xammala və qida əlavələrinə gömrük rüsumlarının ödənilməsində güzəştlər tətbiq edilir.
Maddə 11. Yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsi
Yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsi onların keyfiyyətinin və qidalılıq dəyərinin yararlılıq müddətində təhlükəsiz saxlanmasını və istifadəsini təmin etməlidir.
Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan, yeyinti məhsuluna "müalicəvi", "pəhriz//çıxarılıb// və onlara bərabər tutulan adların verilməsinə və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə yol verilmir.
Yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq normativ sənədlərə və ticarət qaydalarına uyğun olaraq qablaşdırmalı və etiketləşdirməlidirlər. Qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, etiketdə məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və normativ sənədlərdə tələb olunan digər məlumatlar olmalıdır. Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası müvafiq qanunvericiliklə tənzimlənir.
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Kimyəvi və bioloji preparatlarla işlənmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazıları və nişanları olmalıdır.
Müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş yeyinti məhsullarına əmtəə nişanları və ştrixli kodlar vurula bilər.
Əmtəə nişanlarının və ştrixli kodların istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq dövlət standartları ilə müəyyən olunur.
Maddə 12. Yeyinti məhsullarının saxlanması və daşınması
Yeyinti məhsullarının saxlanması və daşınması müvafiq normativ sənədlərə uyğun olaraq standartlar və tələblərə əməl edilməklə həyata keçirilir.
IV fəsil
YEYİNTİ MƏHSULLARININ TİCARƏT DÖVRİYYƏSİNӘ DAXİL EDİLMƏSİ
Maddə 13. Yeyinti məhsullarının satışı
Azərbaycan Respublikasında keyfiyyəti və təhlükəsizliyi standartlara və tələblərə cavab verən, dövlət gigiyena qeydiyyatına alınmış, mənşəyi və keyfiyyəti barədə sənədləri olan yeyinti məhsulları satışa çıxarıla bilər.
Yeyinti məhsullarının topdan və pərakəndə satışı bu məqsədlər üçün müvafiq qaydada ayrılmış, standartlara və tələblərə uyğun olaraq hazırlanmış xüsusi yerlərdə həyata keçirilir.
Yeyinti məhsullarının müvafiq qaydada ayrılmış, standartlara və tələblərə cavab verməyən yerlərdə satışına, habelə fiziki şəxslərin qanunvericiliklə müəyyən edilmiş icazə və sağlamlıq sənədləri olmadan yeyinti məhsulları sahəsində fəaliyyətinə yol verilmir.
Qablaşdırma və bükmə materiallarının uyğunluq və gigiyenik sertifikatları olduqda onlardan istifadə edilməsinə icazə verilir.
Yeyinti məhsullarının satışı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ticarət qaydalarına uyğun olaraq həyata keçirilir.
Maddə 14. Yeyinti məhsullarının idxal və ixracı
Yeyinti məhsullarının idxalı zamanı Azərbaycan Respublikasında qüvvədə olan milli sertifikatlaşdırma sisteminin tələbləri və qaydaları tətbiq edilir.
Xarici dövlətlərdən Azərbaycan Respublikasına dövlət gigiyena qeydiyyatına alınmış, müəyyən edilmiş qaydada verilmiş və ya tanınmış uyğunluq sertifikatları olan yeyinti məhsulları idxal edilə bilər. Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərə əsasən verilmiş müvafiq sertifikatları olmayan yeyinti məhsullarının Azərbaycan gömrük ərazisinə daxil edilməsinə yol verilmir. Onlar yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada sərgilərdə nümayiş, tədqiqat və sınaq məqsədi ilə ölkə ərazisinə daxil ola bilər.
Yeyinti məhsullarının idxalı barədə alıcı və satıcı arasında bağlanmış müqaviləyə (kontrakta) məhsulun keyfiyyət və təhlükəsizlik göstəriciləri daxil edilməlidir.
İdxal edilmiş yeyinti məhsulunun müqavilədə və müşayiətedici sənədlərdə göstərilən keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğunluğu həmin məhsulun satışa çıxarılmasının mütləq şərtlərindən biridir.
Maddə 15. Ərzaq bazarında rəqabət
Ərzaq bazarında rəqabət sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaratmalı, yeyinti məhsulları istehsalçılarının, satıcılarının, digər bazar subyektlərinin fəaliyyətinə, nüfuzuna və mənafeyinə xələl gətirməməlidir.
Ərzaq bazarında aşağıdakı hərəkətlər haqsız rəqabət hesab olunur:
rəqibin təsərrüfat fəaliyyətinin təqlidi və nüfuzdan salınması;
rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
haqsız sahibkarlıq fәaliyyәti;
istehlakçıların çaşdırılması;
bu və ya digər təsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılması, o cümlədən əlverişli sazişlərin, kreditlərin verilməsi;
müəyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şərtinin süni surətdə yaxşılaşdırılması;
bazar münasibətlərində ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş digər fəaliyyət növləri.
Ərzaq bazarında haqsız rəqabət fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.
Ərzaq bazarında rəqabət Azərbaycan Respublikasının haqsız rəqabət və antiinhisar fəaliyyəti haqqında qanunvericiliyi ilə tənzimlənir.
Maddə 16. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi
Standartlara və tələblərə cavab verməyən, yararlılıq müddəti qurtarmış yeyinti məhsulları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada götürülür, zərərsizləşdirilir və ya məhv edilir.
İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar bu sahədə dövlət nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir.
İstifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq müayinəsi və ekspertizasından sonra verilə bilər.
İstifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi, təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir.
Zərərsizləşdirilməsi və ya məhv edilməsi, heyvanlara yemlənməsi barədə qərar qəbul edilmiş yeyinti məhsulları xüsusi uçota alınır və ayrıca saxlanılır. Bu yeyinti məhsullarının saxlanmasına və nəzərdə tutulmuş qaydada istifadəsinə məsuliyyəti məhsul sahibi daşıyır.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsində nəzərdə tutulmuş xərclər, habelə istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi, saxlanması və daşınması ilə bağlı çəkilən xərclər, qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, məhsul sahibinin hesabına ödənilir.
İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
V fəsil
ƏHALİNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİ
Maddə 17. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi
Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq xalqın və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir.
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 18. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
yeyinti məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi sahəsində dövlət siyasətini həyata keçirmək;
əhalinin ərzaq təhlükəsizliyi barədə məqsədli dövlət proqramları hazırlamaq və icrasını təmin etmək;
yeyinti məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşmasını, saxlanmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək;
ərzaq və xammal kimi istifadə edilən yeyinti məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin yeyinti məhsulları ilə təminatını proqnozlaşdırmaq;
ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin yeyinti məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq bölgüsü və digər xüsusi təminat rejimləri müəyyən etmək;
ərzaq bazarının tənzimlənməsi və yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktlar qəbul etmək;
əhalinin yeyinti məhsulları ilə təmin edilməsində dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək;
əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər vəzifələri həyata keçirmək.
Maddə 19. Dövlət ərzaq ehtiyatları
Dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yaradılır.
Dövlət ərzaq ehtiyatları dövlət material ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:
xüsusi dövrlərdə Azərbaycan dövlətinin yeyinti məhsullarına olan ehtiyacını ödəmək;
daxili ərzaq bazarında tələb və təklif arasında uyğunsuzluq yarandıqda iqtisadiyyatın sabitliyini təmin etmək məqsədi ilə yeyinti sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;
ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək;
ərzaq böhranı, təbii fəlakət və fövqəladə hadisələr zamanı əhalini yeyinti məhsulları ilə təmin etmək.
Dövlət ərzaq ehtiyatlarının, bir qayda olaraq, başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Müstəsna hallarda dövlət ərzaq ehtiyatlarının başqa məqsədlər üçün istifadəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.
Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.
Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanları ilə istehsalçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur.
Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşması, saxlanması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 20. Ərzaq bazarının dövlət tənzimlənməsi
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.
Ərzaq bazarının dövlət tənzimlənməsi //çıxarılıb// iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
yeyinti məhsulları istehsalının stimullaşdırılması, keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;
yeyinti məhsulları istehsalının, tədarükünün, satışının, habelə idxal və ixracının uçotu və nizamlanması;
ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;
istehsalçıdan istehlakçılara çatdırılana qədər yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;
ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi.
Ərzaq bazarının dövlət tənzimlənməsi müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.
VI fəsil
YEYİNTİ MƏHSULLARI HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
Maddə 21. Yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar:
insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə təhlükə törədə bilən və ya törətmiş yeyinti məhsullarını qablaşdırma və köməkçi materialları və məmulatları satdıqda, istehsal və idxal etdikdə;
yeyinti məhsullarını sanitariya tələblərinə cavab verməyən yerlərdə satdıqda;
yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyi sahəsində standartlar və tələbləri pozduqda;
yeyinti məhsullarının istehsalı və satışı barədə uçot, hesabat və mühasibat sənədlərində, habelə keyfiyyət göstəricilərində saxtakarlığa yol verdikdə;
rəqibin işgüzar nüfuzu, sahibkarlıq fəaliyyəti, buraxdığı və satdığı məhsulun keyfiyyəti haqqında təhrif olunmuş məlumatlar yaydıqda, işçilərinin xidməti vəzifələrini yerinə yetirməsinə qanunsuz vasitələrlə təsir göstərdikdə;
rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədi ilə bazar subyektlərinə əsassız müraciətlər etdikdə, təkliflər verdikdə, əməkdaşlıq əlaqələrinin yaradılmasına maneçilik törətdikdə;
qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət gigiyena qeydiyyatından keçməmiş yeyinti məhsullarının satışına yol verdikdə;
mənşəyi, keyfiyyəti və təhlükəsizliyi barədə sənədləri, istehsalçısı haqqında dəqiq məlumat olmayan, yararlılıq müddəti qurtarmış, habelə zərərsizləşdirilməsi və ya məhv edilməsi, təkrar emala yönəldilməsi və heyvanlara yemləndirilməsi barədə qərar qəbul edilmiş yeyinti məhsullarını satışa çıxartdıqda;
yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə;
yeyinti məhsulları haqqında qanunvericiliyin pozulmasının digər hallarında.
Maddə 22. Yeyinti məhsulları haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi
Hüquqi və fiziki şəxslər yeyinti məhsulları haqqında qanunvericiliyi pozduqda vurduqları zərəri ödəməyə borcludurlar.
Maddə 23. Mübahisələrin həlli
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, istehsalı, satışı və istifadəsi barədə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 18 noyabr 1999-cu il
№ 759-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)
2. 3 dekabr 2002-ci il tarixli 389-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 7)
3. 5 dekabr 2003-cü il tarixli 538-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 6)
4. 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)
5. 30 dekabr 2008-ci il tarixli 756-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 fevral 2009-cu il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 55)
6. 16 dekabr 2008-ci il tarixli 744-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 49)
7. 4 mart 2011-ci il tarixli 82-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 aprel 2011-ci il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 257)
8. 22 oktyabr 2013-cü il tarixli 775-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 19 noyabr 2013-cü il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1290)
9. 28 oktyabr 2014-cü il tarixli 1091-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 02 dekabr 2014-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1365)
10. 30 sentyabr 2015-ci il tarixli 1334-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250)
Dostları ilə paylaş: |