Zaman Maşını (İki hissəli komediya) Keçmişlə gələcəyin elmi-bədii sintezi



Yüklə 341,27 Kb.
səhifə2/4
tarix14.04.2017
ölçüsü341,27 Kb.
#14026
1   2   3   4

Tibb bacısı: Bir dəqiqə. Mən muhafizəçiləri çağırmalıyam. (qapıdan qışqırır) Muhafizəçilər! Muhafizəçilər! Kömək edin! Xəstənin yaxınları hanı?

Qoca Zaman: Ay xanım, qışqırmayın, mən gedərəm. (Zamana) Axmaq adam. Ağıllanmayacaqsan. Gözünü pul tutub. Özün öz düşməninsən.

Murad təlaşla içəri girir.

Tibb bacısı: Bu adam həkim deyil. Xəstəni ölümlə hədələyib. Polis çağırmaq lazımdır. Baş həkimə xəbər verin.

Murad: Yox, heç kəsə xəbər verməyin. Biz həll edərik.

Tibb bacısı: Olmaz. Xəstə şikayət edib.

Murad: Xəstə daha şikayət etmir. (Murada göz vurur)

Zaman: Hə, düzdür. Mənim şikayətim yoxdur. Heç kəsi narahat etməyin. Sadəcə, həkimi çağırın.

Murad kişinin qolundan tutub çıxarmağa çalışır.

Qoca Zaman: Zaman! Etmə. Çox böyük zülüm çəkəcəksən! Pul sənə dəhşətlər gətirəcək! Bu pul sənin heç bir ideyanı reallaşdırmayacaq. Sən onsuz da dahisən. Pul olmadan da istədiyin şeyi icad edə bilərsən.

Murad Qoca Zamanı otaqdan çıxarır. Tibb bacısı həyəcanla Zamana yaxınlaşır. Sistemi qoşur.

Tibb bacısı: Siz yaxşısız?

Zaman: Yaxşıyam. Bir dərdə düşmüşəm ki, gəl görəsən. Mənə narkoz verin. Tez verin. Yatım və heç nə hiss erməyim. Yoxsa ağlımı itirəcəyəm.

Tibb bacısı sistemlə məşğul olur. Murad dəhlizdə Qoca Zamanın qolundan tutub sürüyür.

Murad: Həkimə nə etmisən?

Qoca Zaman: Palatadır.

Murad: Onu öldürmüsən?

Qoca Zaman: Qatil özünsən. Sadəcə huşunu itirib. Yəqin ki, indi ayılar.

Murad: Polis çağıracağam. Həbsə gedəcəksən. Bunu bilirsən?

Qoca Zaman: Heç nə edə bilməzsən. Məni ayaqyoluna apar!

Murad: Olmaz.

Qoca Zaman: Şalvarıma işəyəcəyəm. İyindən qala bilməzsən. Dəmir böyrəyim var. Sidiyim üfunət qoxuyur.

Murad: (öz-özünə) Bu adam dəlidir.

Murad Qoca Zamanı tualetə tərəf aparır. Qoca Zaman içəri girib qapını bağlayır.

Murad: Bu adamda qəribə nəsə var. Məncə, o, qaçmaq istəyəcək. Amma hara qaçacaq? Tualetin balaca pəncərəsi var, ordan hava güclə girir. Gərək divarı uçura.

Vahid, Narın və Esmeralda gəlirlər.

Vahid: Burda nə olub?

Murad: Bir adam Zamanın otağına girib onu hədələyib. Həkimə də nəsə verib, həkim huşunu itirib.

Narın: Hardadır o adam?

Murad: Tualetdədir.

Vahid: Qaçacaq.

Murad tualetin qapısını açıb içəri keçir.

Vahid: Axı bu adam kimdir? Nə istəyir?

Murad: (rəngi qızarmış, gözləri bərəlmiş halda tualetdən çıxır) O getdi.

Narın: Hara getdi? (tualetə girir)

Vahid: Ola bilməz. (tualetə girir)

Murad: O qaçdı. Mənə su verin. Bu dəhşətdir.

Vahid: Ay oğul, nə oldu? Sən nə gördün?

Murad: İçəridə liftə oxşayan bir şey var idi. O, liftin içinə girmişdi. Mənə göz vurdu. Sonra mən onu tutmaq istəyəndə qapı bağlandı. Sonra da... (susur)

Vahid: Hə, sonra nə? Nə oldu?

Murad: Deyəsən, mən yaxşı deyiləm. (qışqırır) O, liftlə birlikdə yox oldu. Bilmirəm bu necə baş verdi. Amma tüstü kimi yox oldu. Dəhşətdir.

Vahid: Oğlan ağlını itirib.

Narın: Allah şəfa versin. Oğlum, sən yaxşı deyilsən.

Murad yerə yıxılır. Narın, Vahid və Esmeralda onu ayıltmağa çalışır. İşıq sönür.

2050-ci il.

Fizika laboratoriyası. Qoca Zaman liftə bənzəyən cihazdan çıxır. Hirsli və iti addımlarla var-gəl edir.

Qoca Zaman: Görürsüz də. Onu heç cür fikrindən daşındıra bilmədim. Beləcə, böyrək əldən getdi! 2045-ci ildə qalan bir böyrəyim gücə düşmüşdü. Buna görə ikinci dəfə əməliyyat keçirdim və o böyrəyin yerinə süni böyrək yerləşdirdilər. Nə isə. Buna görə elə də peşman deyiləm. Çünki bir insanın həyatını xilas etmişdim və bunun verdiyi qürur hissi mənə ömürlük bəsdir.

İndi dövran dəyişib. Hər şey başqa cürdür. Artıq sağalmaz xəstəlik yoxdur. Təsəvvür edin, adi gözlə görünə bilməyəcək qədər kiçik aparatları sizin qanınıza yerləşdirirlər. Bu aparatlar bədəninizdə dövr edir. Ciyərləriniz, böyrəkləriniz, mədə-bağırsağınız, ürəyiniz, hətta beyninizə qədər hər tərəfi gəzir və bütün növ mikrobları, infeksiyaları, virusları təmizləyir. Sonra da xüsusi şüalar vasitəsi ilə onları sizin orqanizmanızdan çıxarırlar. Bax belə. Bu inqilab baş verəndə 2045-ci il idi. İnsan artıq ölümsüzlüyün sirrini tapdığını düşünürdü. Amma di gəl ki, ondan sonra insan ölmədimi? Əlbəttə, öldü. Birini maşın vurdu, biri intihar etdi, birinin ürəyi partladı, biri təbii fəlakətdə öldü, biri dənizdə boğuldu və s. Yəni ki, insan nə qədər istəsə də taleyin hökmündən qaça bilməz. İnsan heç vaxt ölümsüz olmayacaq.



Mənim fəlakətim isə böyrəyimi verməyimlə deyil, pulu almağımla başladı. Mən əməliyyatdan çıxdım. Bank hesabı açdırdım və əlli min dolları bank hesabıma yatırdım. Onun on min dollarını illik faizlə dövriyyəyə buraxdım. 15 min dollarına bir avtomobil aldım. Sonra... Offf... Sonrası isə lap dəhşətdir. Mən yenə gedəcəyəm. Gedəcəyəm ki, o səhvlərdən Zamanı xilas edim. Əlbəttə, bunu bacarsam...

Yorğun halda stula oturur. İşıq sönür.

2017-ci il.

Ev. İçində xeyli yeni əşyalar var. Cihazlar yoxdur. Masa üzərinə pivə, araq şüşələri görünür. Zaman divanda dərin fikirə gedib. Murad isə yanında Esmeralda ilə onun yanına gəlir.

Murad: Hə, nə olub? Yenə fikrə getmisən.

Zaman: Ah, Murad. Heç bilmirəm nə edim? Axı mən öz istədiyim heç bir şeyi edə bilmədim. Pulu əlimə alandan sonra ən müqəddəs arzularım arxa plana keçdi.

Murad: Bəsdir görək. Nə idi sənin müqəddəs arzuların, hə? O müqəddəs arzulara and olsun ki, sən elə pulu alandan sonra ağıllandın. Esmeralda, heç bilirsən bu Zaman nə arzulayırdı? Fizika laboratoriyası! Pəh! Arzuya bax! Kişinin oğlu kosmik gəmi modeli hazırlayırdı. İnsan qonşu qalaktikalara işıq sürəti ilə gedə biləcəkmiş! Pəh! Gör necə müqəddəs arzudur!? (Esmeraldanı öpür)

Esmeralda: (Muraddan ayrılıb qəhqəhə çəkir) Vallah, Muradik, mən elə bilirdim ki, bu dünyada ən axmaq adam mənim qardaşımdır. Sən demə ondan da axmaqları varmış! Bəlkə elə ona görə Zamanın böyrəyi mənim qardaşıma uyğun gəldi. Ağılları eynidir də.

Murad: Elədir, həyatım. Biz pivəmizi içək! (Murad Esmeraldaya pivə şüşəsini uzadır)

Esmeralda: (şüşəni alıb Muradın şüşəsi ilə toqquşdurur) Sağlığımıza! (başına çəkir)

Murad: Zaman, sən niyə içmirsən?

Zaman: Ürəyim istəmir.

Esmeralda: Axı günahdır, Muradik. Onun müqəddəs arzuları batil ola bilər! (Muradın qoynuna qısılır)

Zaman: Muradik, bu qıza de səsini kəssin. Onsuz da hirsliyəm.

Esmeralda: Pah, qorxdum səndən! Zamansan, vaxtsan, nəsən, deyim biləsən ki, mənim səsimi heç kəs kəsə bilməz! Çünki mən Vahidin qızıyam.

Qapı döyülür. Murad gözlükdən baxır və təlaşla pıçıldayır.

Murad: Vahid əmidir.

Esmeralda: Nə? Mən nə edəcəyəm? O, məni burda görməməlidir.

Zaman: Keç otağa gizlən də.

Esmeralda otağa qaçır. Murad qapını açır və Vahidlə Narın içəri girirlər. Zaman ayağa qalxıb onlarla salamlaşır.

Vahid: Necəsiz, kişilər?

Murad: Çox sağ ol, Vahid əmi. Belə babatfason.

Zaman: Minnətdarıq, Vahid əmi. Siz necəsiz?

Vahid: Şükür. Dedik bir yoxlayaq görək özünü necə hiss edirsən? Hər şey qaydasındadır?

Zaman: Hə, əlbəttə. Hər şey yaxşıdır. Keçin, əyləşin.

Vahid: Çox vaxtınızı almayacağıq. Zaman bala, sənlə bir-iki kəlmə danışmaq istəyirəm. Deyirlər adamlar doğmalaşanda ürəkpara olur, ciyərpara olur. Biz də olmuşuq böyrəkpara. (gülür) Bir vacib məsələ var. İstəyirəm sənlə bölüşüm. İndi ki bu doğmalıq baş verib, sən mənim oğlumun həyatını xilas etmisən, mən də istəyirəm əlaqələrimiz daha da möhkəmlənsin.

Zaman: Bağışlayın, mən başa düşmədim. Açıq danışın.

Vahid: Deyirəm ki, bizim qızı bilirsən də, Esmeraldanı. Yaxşı qızdır. Qızım olduğu üçün demirəm. Savadlı, ziyalı, namuslu, ismətli. Bütün qohumlar, müəllimləri ondan razıdır. Mən də səndən yaxşı kürəkən tapmayacağam ki.

Murad: (öskürür) Vahid əmi, çaydan sudan nə istəyirsiz?

Vahid: Heç nə, oğul. Çox sağ ol. Hə, harda qalmışdıq. Sən də yaxşı oğlansan. Narın xanım da səni çox istəyir.

Narın: Elədir, Zaman oğlum. Vahid düz deyir.

Murad: (yenə öskürür) Vahid əmi, əla sərin su var. Barjomidir. Gürcüstandan gəlib.

Vahid: (hirsli) Sən özün iç, bala. Yaman öskürürsən.

Narın: Murad, oğlum, mən içərəm, zəhmət olmasa.

Vahid: Hə, Zaman, deyirəm ki, sənin ailən hardadır? Bir onlarla tanış olardıq.

Zaman: (rəngi qızarmış və nitqi qurumuş halda) Onlar yoxdur. Vəfat ediblər.

Vahid: Allah rəhmət eləsin.

Narın: Qohumlarını çağır, ay bala. Mən də qurban boyun almışdım axı. Onu kəsim. Gör haçandır qalıb. Allaha xoş getməz. Murad, su nə oldu?

Murad: (çaşqın) Hə, bu saat. (gedir)

Vahid: Nə deyirsən? Bəlkə elə indi zəng edəsən qohumlara.

Murad: Yox... Yox... Mən heç kəsə zəng edə bilmərəm. Bilirsiz, birincisi, mənim qohumlarımla əlaqəm yoxdur. İkincisi, hələ ki, buna hazır deyiləm.

Narın: Niyə ki?

Murad: (su gətirib Narına uzadır) Buyurun.

Narın: Çox sağ ol. (su içir)

Vahid: Bəs onda elçilik məsələsi necə olar?

Murad: (əlini boynunun ardına möhkəm çırpır) Elçilik nədir?

Vahid: Odur ki, biz artıq qohum oluruq, Murad!

Zaman: (halı pisləşir) Mənim ürəyim sıxılır. Bağışlayın. Əl-üzümü yumalıyam. (çıxır)

Vahid: Utandı. (gülür)

Narın: Yaman utancaq oğlandır. Murad, dostun heç sənə oxşamır.

Murad: Hə, elədir. Vahid əmi, siz onu çox utandırmayın. Mən onunla danışaram.

Vahid: Hə, düz deyirsən. Biz gedək. Sən ağıllı uşaqsan. Danış, məsələni izah elə.

Narın: Esmeralda yaxşı qızdır. Onu mən böyütmüşəm. Çox tərbiyəli, namuslu, ismətli qızdır.

Vahid: Bacın olsun, Murad, oğlum.

Murad: (pörtür) İraq olsun!

Vahid: Sən də onun bir qardaşı. Zamana başa sal. Onu əmin et ki, hər şey yaxşı olacaq. Biz gedək.

Narın: Hələlik, Murad. Day Zamanı çox utandırmayaq.

Vahid və Narın çıxırlar. Murad pivə şüşəsini axıra qədər başına çəkir.

Murad: Bacın olsun nə idi? Eviniz yıxılsın! (qışqırır) Esmeralda!

Esmeralda: (qaçaraq gəlir) Nə oldu?

Murad: Zəhər oldu! Nə olacaq, atan bizi bacı-qardaş elədi. Səni Zamana vermək istəyir. Bayaqdan ikimiz də atmışıq peysərə. (qışqırır) Zaman! Hardasan?

Zaman: (ağır addımlarla, fikirli və pərt halda gəlir) Burdayam.

Murad: Bu nə iş idi? Bunun stresi mənə bir ömür bəsdir.

Esmeralda: Eh! Bu qədər böyütməyin, uşaqlar. Bu ki, təzə məsələ deyil. Bu söhbət ta əməliyyat vaxtından var.

Zaman: Necə yəni?

Esmeralda: Əməliyyat olan gün atam dedi ki, Zaman yaxşı oğlandır. Qardaşının həyatını xilas edib. Ona ərə getməlisən.

Zaman: Sən etiraz etmədin?

Esmeralda: Mən də istəmirəm. Ürəyim gedirdi axı səninçün!? Amma nə etməli idim? Qarşı çıxmağa üzüm gəlmədi.

Zaman: Hər gün burda Muradla oynaşmağa üzün gəlir, məni axmaq yerinə qoymağa üzün gəlir, atana qarşı çıxmağa üzün gəlmir? Hə? (hirslənir) İndi nə deyirsən? Mən nə edim? Səni... Tövbə... Aaa... Dilim də gəlmir deyəm. Murad, bu qızı başa sal. Tüpürərəm hər şeyə, Vahidi də öldürərəm, səni də, bu qızı da.

Murad: Mən neyləyim e? Vahiddir də. Sayıqlayır.

Esmeralda: Belə götürəndə pis fikir deyil ki.

Zaman: Necə yəni?

Esmeralda: Girək nigaha, olaq rəsmi ər-arvad. Amma mən Muradiklə yaşayım. Hökmən gərək həqiqi ər-arvad olaq? İndi nə çoxdur belə nigahlar?!

Zaman: Ya səbir! (qışqırır) Ya səbir! Murad, mən özümü yaxşı hiss eləmirəm. Bu qız nə danışır?

Esmeralda: Burda nə var e? Hər şeyi bu qədər böyütməyin.

Murad: Esmeralda! Kəs səsini!

Qapı döyülür. Üçü də təlaşla bir-birinin üzünə baxır. Murad gözlükdən çölə baxır və diskinir. Gözlərini ovxalayıb yenidən baxır.

Zaman: Nə olub? Kimdir?

Murad: Hallusinasiya görürəm, deyəsən.

Esmeralda: Yenə atamdır?

Murad: Atan bundan yaxşıdır. Bu başqa bir bəladır.

Zaman: (qapıya yaxınlaşır) Kimdir e? (gözlükdən baxır) Bir bu əskik idi! Bu hardan çıxdı yenə?

Murad: Nə bilim?

Zaman: Bu adam bizdən nə istəyir? Vallah-billah qatil olacağam! (hirslə qapını açır) Nə var? Niyə gəlmisən?

Qoca Zaman qəzəblə və iti addımlarla evə girir.

Murad: Dayıcan, bura sənin xaraban deyil e! Bir özünü cilovla. Yad adamın evinə belə girməzlər.

Qoca Zaman: Siz Allah bəsdirin görək. Zaman, mən sənə nə demişdim? Peşman olacaqsan deməmişdim? Demişdim. Özünü bədbəxt edəcəksən deməmişdim? Demişdim. İndi gördün? Gördün ki, dediklərim düz çıxır. İndi inanırsan mənə?

Zaman: Dayı, özüm ölüm, səni çəkməyə halım yoxdur. Çıx get burdan. Biraz özümə gəlim.

Qoca Zaman: Bax, sənə qurtuluşun yolunu deməyə gəlmişəm.

Esmeralda: Nə qurtuluş? Bu kişi kimdir e? Sən niyə insanların başını pozursan? Ümumiyyətlə, kimsən sən?

Qoca Zaman: Esmeralda, bütün bunlar elə sənin öz kələyindir də. Bilirsən ki, Murad səni alan deyil. Özünü də birinin üstünə yıxmalısan ya yox? Güya sən istəsəydin atana qarşı çıxa bilməzdin? Elə çıxardın ki. Atan səndən qorxur e! Bu sənin ürəyindəndir. Ona görə saxta nigahdan zaddan dəm vurursan ki, özünü birinə sırıyasan da.

Esmeralda: Mən səni polisə şikayət edəcəyəm! Gözlə! (telefonunu çıxarır)

Qoca Zaman: (orta barmaq göstərir) Gələ! Heç nə edə bilməzsən. Zaman, mənə qulaq as. Murad, sən də bircə dəfə adam ol! Gedin Esmeraldanın ailəsi ilə bu məsələni danışın. Deyin ki, hal-qəziyyə belədir. Siz hər şeyi bilirsiz. Onların çirkin planından xəbəriniz var. Onlar pulları geri almaq üçün sizə plan qurublar. Siz də onların pullarını qaytarın.

Murad: Sən nə danışırsan, a kişi? Deyirsən, Vahid qeyrət üstə başımı kəssin?

Qoca Zaman: Bəsdir sayıqladın. Vahid özü də yaxşı bilir nə var, nə yox. Qızı özü göndərib də sizin aranıza. Amma bir məsələ var ki, Zaman üçün göndərib, qız da gördü Zaman onun adamı deyil, səni ilişdirdi. Gedin Vahidin pulunu qaytarın. Başqa çıxış yolunuz yoxdur.

Zaman: Ay dayı, bizim dərdimiz bizə bəsdir. Bizi rahat burax.

Esmeralda: Bu kişi dəlidir. Mən polis çağırım? Hə, Muradik?

Murad: Qoy telefonu yerinə. Polis çağırırmış!?

Qoca Zaman: Bax, Zaman, dediklərim səhvdir? Yox. Niyə məni dəli yerinə qoyursan? Axı sən də özün də bilirsən ki, mən haqlıyam.

Zaman: Murad, bu kişini at bayıra. Ona ancaq sənin gücün çatır.

Qoca Zaman: Tualetdəki hadisə yadından çıxıb? Sən öləsən, sənə bir fokus göstərərəm, bu dəfə yerindəcə keçinərsən. Mənə barmağın da dəyməsin.

Murad: (xatırlayır) Düz deyir. O, cadugərdir. Mən ona dəyə bilmərəm. Qələt edərəm. Yer-göy bir ola.

Zaman: Mən nə işə düşmüşəm!?

Qoca Zaman: Sənin başqa çıxış yolun yoxdur. Onların pulunu qaytar və onlarla sağollaş.

Zaman: Niyə yoxdur? Var axı. Mən özümü toplayıb, Vahidlə danışacağam. Deyəcəyəm ki, evlənmək istəmirəm. Rayonda sevdiyim qız var. Vəssalam. Nə məcburdur?

Qoca Zaman: Elə bilirsən ki, qurtulacaqsan? Sənin bunların planlarından xəbərin yoxdur! Sənə elə tor qurublar ki, yeddi arxa dönəninə od qoyacaqlar...

Esmeralda: (çantasından lezva çıxarır və biləyinə qoyur) Bunu sən istədin, qoca! İndicə damarlarımı kəsəcəyəm. Sonra da deyəcəyəm ki, sən məni intihar həddinə çatdırmısan. Aşağısı beş il girəcəksən içəri. Bu dəqiqə burdan getməsən...

Murad: Esmeralda, neyləyirsən?

Esmeralda: Bu qocanı çıxarın burdan. And olsun bütün müqəddəslərə, özümü doğram-doğram edərəm.

Zaman: Esmeralda, sakit ol.

Murad: Bu kişi yenə yox olacaq. O, sehirbazdır. Sən özünə bir şey etsən bizi tutacaqlar.

Qoca Zaman: Sakit olun, uşaqlar. O sizi qorxutmaq istəyir. O bilir ki, mən həqiqətləri deyirəm. Mənə mane olmağa çalışır.

Zaman: Ehhh.... Bezdim e. Çıx get burdan. Ay dayı, bizi zibilə salma. Sən əzizlərinin canı, çıx get burdan.

Murad: Dayı, get burdan. Yalvarıram, xahiş edirəm, get burdan.

Qoca Zaman: Yaxşı, gedirəm. Dediklərimi düşün. Vahidin pulunu qaytar. Sənin başqa çıxış yolun yoxdur.

Qoca Zaman eyni sözləri təkrar edə-edə çıxır. Zaman pivə içir. Esmeralda Muradın qoynuna qısılır. Murad isə Esmeraldadan qorxurmuş kimi ondan uzaq durmağa çalışır.

Zaman: Mən gedirəm. Biraz hava alacağam. Boğuluram.

Murad: Mən də, mən də. Burda qala bilmirəm. Ev başıma yıxılır.

Esmeralda: Bəs mən nə edəcəyəm?

Murad: Ya çıx get evinə. Ya da bizi gözlə burda.

Esmeralda: Burda gözləyərəm.

Zaman və Murad çıxır. Esmeralda divana oturur. Daha sonra telefonunu çıxarıb nömrə yığır.

Esmeralda: Alo! Papa... Hə... Bunlar artıq şübhələniblər. Heç bir şey bizim istədiyimiz kimi getmir. Papa, bunlar məni atacaqlar. Sən də pulundan olacaqsan.... Biz təcili ikinci plana keçməliyik... Gözləyirəm... Oldu. Hələlik.... Muaç!

Esmeralda divana uzanır. İşıq sönür.

2050-ci il.

Fizika laboratoriyası. Qoca Zaman liftə bənzəyən cihazdan çıxır. Olduqca hirslidir. Laboratoriyada əsəbi halda var-gəl edir.

Qoca Zaman: Lənətə gələsən! Lənətə gələsən! Alınmır! Heç bir şey alınmır. Amma mütləq alınacaq. Mən keçmişi dəyişdirəcəyəm və sübut edəcəyəm ki, bu, mümkündür. Sübut edəcəyəm ki, insanın bacarmadığı heç bir şey yoxdur. İnsan nəinki öz taleyini, hətta dünyanın, kainatın taleyini dəyişə biləcək.

Təsəvvür edin, əgər bu mümkün olsa, hər şey başqa cür olacaq. Bəlkə biz dünyanı müharibələrdən, terrorlardan, təbii fəlakətlərdən xilas edə biləcəyik. Keçmişi dəyişdirə bilsək, Hitler dünyanı qırmayacaq, Çernobl partlamayacaq, əkiz qüllələr terrora qurban getməyəcək, Yaponiyanı sunami məhv etməyəcək. Hər şey, hər şey başqa cür olacaq!



Əlbəttə, mən bunu bacaracağam. Mütləq bacaracağam! Axı dahi Nitsşe deyir ki, əgər bir şeyi əldə etməmisənsə, deməli, onu kifayət qədər istəməmisən. Mən bunu çox istəyirəm və bacaracağam.

Yorğun halda stula oturur. İşıq sönür.

2017-ci il.

Ev. Esmeralda və Murad masa ətrafında oturub pivə şüşələrini toqquşdurur və içirlər. Zaman isə pencəyini üstünə sərərək divanda yuxuya gedib.

Murad: Sən atanla danışdın?

Esmeralda: Mən onunla nə danışım e? Məcbur edir ki, Zamana ərə gedim. Mən də qarşı çıxa bilmirəm. Fikrindən dönməz o.

Murad: Burda iki dəqiqədən bir bizi qorxudursan ki, damarlarını kəsəcəksən. Əgər istəsən atanı da qorxuda bilərsən.

Esmeralda: O da qorxacaq axı. Aparıb məni ruhi disspanserə yatırar e. Sən onu tanımırsan. Başqa çarə yoxdur. Zamana ərə getməliyəm.

Murad: Sənin başın xarab olub. Doğrudan da ruhi disspanserə yatırılmalı adamsan. (qapı döyülür) Görəsən, kimdir!? Yenə hansı sürprizlə qarşılaşacağıq! (qalxıb qapıya yaxınlaşır) Əgər bu dəfə də dönərçi kişidirsə, onu əzişdirəcəyəm.

Qapı daha möhkəm döyülür. Zaman yuxudan dik atılır. Murad hirslə qapını açır. Dilbər əlində təkərli çanta sürərək və bir qolunda əl çantası ilə içəri girir.

Dilbər: Zaman burda yaşayır?

Zaman: (uzandığı yerdən qalxır) Bəli. Buyurun. Mənəm.

Dilbər: (çantaları yerə atır) Nənən boyuna qurban! Zaman! Sən necə də böyümüsən!?

Zaman: (çaşıb qalır) Başa düşmədim. Nənə?

Dilbər: (Zamana yaxınlaşıb onu qucaqlayır) Hə. Nənə deyən dilinə qurban. (köks ötürür) Bala, fələyin üzü dönsün. Gör başımıza nələr gətirdi ki, sən öz doğma nənəni tanımırsan.

Zaman: Bir dəqiqə! Bir dəqiqə! Siz necə mənim nənəm olursunuz? Axı...

Dilbər: Mən sənin anan İradənin anasıyam. İradəni axırıncı dəfə toyunda görmüşdüm. Sonra biz Rusiyaya köçdük. Bir də öyrəndim ki, qızım da, kürəkənim də qəzada həyatlarını itiriblər. Azərbaycana gəldik. Dəfn mərasimi bitəndən sonra mən səni özümlə aparmaq istədim. Amma ata tərəfin icazə vermədi. Dedilər ki, səni özləri saxlayacaqlar. Mən çox-çox sonralar öyrəndim ki, səni uşaq evinə veriblər.

Zaman: (tər-su içində) Bağışlayın, mən heç nə anlamıram.

Dilbər: Burda anlamamalı nə var ki? Uşaq evinə verildiyini öyrənəndə səni axtardım. Amma tapa bilmədim. Axır uzun axtarışlardan sonra Azərbaycandan xəbər gəldi ki, səni tapıblar. Mən də ünvanını alıb gəldim.

Murad təəccüb içində Dilbəri dinləyir. Esmeralda laqeydliklə pivə içir. Zaman isə tərini silib divana oturur və alnını əllərinə söykəyir. Dilbər də onun yanına oturur.

Zaman: Əgər siz mənim nənəmsizsə, babam hanı?

Dilbər: Baban iki il əvvəl rəhmətə getdi. Narahat olma, mən sənin yanına əliboş gəlməmişəm. Babandan geriyə böyük bir sərvət qalıb. Onun tək varisi sənsən.

Murad: (rəngi açılır) Nə gözəl nənədir! (Esmeraldaya göz vurur)

Zaman: Lənətə gəlsin sizin sərvətiniz, mirasınız! Hansı cəhənnəmdə idiniz bu vaxta qədər!?

Dilbər: (ağlamsınır) Belə demə, gözümün işığı. Biz hamımız taleyin qurbanlarıyıq. Kim bilərdi ki, bunlar başımıza gələcək!? Amma bütün günahlar sənin ata tərəfindədir. Əgər mənə inanmırsansa, gedib onlardan soruşa bilərsən.

Zaman: Mən onların üzünü də görmək istəmirəm!

Dilbər: Deməli, onlardan xəbərin var? Yerlərini bilirsən?

Zaman: Hə. Bilirəm. Axtarıb tapmışam. Ana tərəfimi də axtardım. Amma Rusiyaya getdiyinizi dedilər.

Yüklə 341,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin