ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə61/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   57   58   59   60   61   62   63   64   ...   94
Zelimxan Yaqub-Seirler-2022

MƏMMƏD ARAZ VAR
Adını soruşub, hardadır demə,
Yurdun hər dağında Məmməd Araz var.
Ərənlər səsidi "Ərimgəldi"də,
İsa bulağında Məmməd Araz var.
İlham qanındadı, söz mayasında,
İzi var Vətənin hər qayasında.
Gəlin ismətində, qız həyasında,
Körpə dodağında Məmməd Araz var.


___________________Milli Kitabxana__________________
161
Hər sözün başına bir sığal çəkər,
Başı söz üstündə qilü-qal çəkər.
Zəhmətkeş arıdı, sözdən bal çəkər,
Gülün budağında Məmməd Araz var.
Dünya şairidi dünya yaşında,
Dilini biləndi dilsiz daşın da.
Qaya mamırında, daş yaddaşında,
Palıd yarpağında Məmməd Araz var.
Baxışı buluddan nəm çəkən oldu,
Ürəyi sükutdan qəm çəkən oldu.
Qəmli könüllərə sim çəkən oldu,
Saçların ağında Məmməd Araz var.
Yetişib Təbrizə, qovuşub Qarsa,
Eşitsin, dünyanın qulağı karsa.
Harda Araz üstə bir körpü varsa,
Onun hər tağında Məmməd Araz var.
Ömür naxışına vurulan həvə,
Get-gəl bazarında yük çəkən dəvə.
Nizamiyə oğul, Sabirə nəvə,
Vaxtın hər çağında Məmməd Araz var.
Qəmli fikirlərin çənində azar,
Ata bir məzardı, ana bir məzar.
Bacısı Gülsümə məktublar yazar,
İnfil ocağında Məmməd Araz var.
Dönüb sərvətimə, dönüb zərimə,
Misrası dərmandı dərdi-sərimə.
Sol gözüm yuvadı əzizlərimə,
Gözümün sağında Məmməd Araz var.
Vurduğu rəngə bax, açdığı izə,
Şöhrəti zamanı gətirər dizə.
Allah! Bu Vətəni çox görmə bizə,
Vətən torpağında Məmməd Araz var.


___________________Milli Kitabxana__________________
162
XƏLİL RZAYA AĞI
1994-cü il iyunun 23-ü günü Xəlil Rzanı Fəxri Xiyabanda torpağa tapşırdıq.
Bütün günü öz-özümə gümüldənə-gümüldənə oxşama deyib, onun ömrünü- gününü
bayatıya, laylaya tutmuşam.
Sənə necə layla çalım,
Din-imanım Xəlil Rza!
Sənsiz ötüb-keçən deyil
Bircə anım, Xəlil Rza!
Altım üstümə çevrildi,
Duman tüstümə çevrildi.
Dünya qəsdimə çevrildi,
Axdı qanım, Xəlil Rza!
Can əriyən şama döndü,
Saraylarım dama döndü.
Zülmət bir axşama döndü,
Nurlu danım, Xəlil Rza!
Sənsiz necə dağlar yarım?
Bütöv idim, qaldım yarım.
Güldən şirə çəkməz arım,
Dolmaz şanım, Xəlil Rza!
Ovçu vurmuş bir ovsanmış,
Saçımdakı qrovsanmış.
Canımdakı alovsanmış,
Yandı canım, Xəlil Rza!
Dərdi yalqız çəkə-çəkə
Saldın bizi dərdə, Xəlil!
Min kişinin gücü vardı
Sənin kimi ərdə, Xəlil!
Əllərində əsa gəlib,
Yollar basa-basa gəlib,


___________________Milli Kitabxana__________________
163
Axıb bu gün yasa gəlib,
Təbriz, Gəncə, Bərdə, Xəlil!
Könülləri yapanıydın,
Köhlənini çapanıydın.
Xəzinələr tapanıydın
Alındakı tərdo, Xəlil!
Könlümüzdə dünya vardı,
Səsimizdə ziya vardı.
Üzümüzdə həya vardı,
Aramızda pərdə, Xəlil!
Duman çatıq qaşım olsun,
Dəryalar göz yaşım olsun.
Qurban mənim başım olsun,
Sənin kimi mərdə, Xəlil!
Səni necə haraylayım,
Rzasanmı, Təbrizsənmi?
Təbriz əldən gedən gündən
Saralmış bir bənizsənmiş!
Sürdüyün bu dövran nədi,
Açdığın bu meydan nədi,
Başındakı tufan nədi,
Şahə qalxan dənizsənmi?
Ölən insan, uçan evdi,
Ömür sudu, əcəl devdi.
Ölüm səni nə tez sevdi,
Əzizlərdən əzizsənmiş!
Firəngizin göz yaşları
Xəzərmi görən, ay Xəlil?!
Bircə addım səndən ayrı
Gəzərmi görən, ay Xəlil?!


___________________Milli Kitabxana__________________
164
Ona qəbrin daşı yarmı,
Həsrət yükü daşıyarmı.
Həyat deyib yaşıyarmı,
Bezərmi görən, ay Xəlil?!
Axtarandı hər itirən,
Tapar sərvət, zər itirən.
Xəlil kimi ər itirən
Dözərmi görən, ay Xəlil?!
Xəlil Rza öldü desəm,
Ağzımda dilim qurusun.
Ağacda yarpağım yansın,
Budaqda gülüm qurusun.
Döyüşdə şiri yoxdusa,
Səcdəsi, piri yoxdusa,
Yurdun şairi yoxdusa,
Çəmənim, çölüm qurusun.
Xəlil Rza, elə çax ki,
Elə yandır, elə yax ki,
Sərt baxışla elə bax ki,
Qorxudan ölüm qurusun!
Sən deyirdin dəyirmanlar –
Gərək bizi üyütməsin.
Sevgimizə qənim olub,
Dərdimizi böyütməsin.
Yıxıldı yalançı miflər,
Heçə döndü qəlbi kiflər.
Nə təriflər, nə təltiflər
Ruhumuzu uyutmasın.
Xalqa sadiq olan kəslər,
İçində bir Vətən bəslər.


___________________Milli Kitabxana__________________
165
Bayquş səslər, buz nəfəslər
Əlimizi soyutmasın.
Gördün zülüm, çəkdin ağrı,
Sənsən xalqın yanan bağrı.
Sən qayıtdın xalqa doğru,
Kim qayıtmır, qayıtmasın!
Zaman-zaman torpağına
Gül səpərlər yaş yerinə.
Təmiz ruhun, pak nəfəsin
Yaz gətirər qış yerinə.
Can ağrılı, qulaq səsdə,
Ellər gəlir dəstə-dəstə.
Qardaş, bu gün qəbrin üstə
Dayanmışam daş yerinə.
* * *
Bu ağır həsrətdən sellərə dönüb,
Tökülən yaşlara qurbanam, Ustad!
Qalxan yumruqlara, enən əllərə,
Çatılan qaşlara qurbanam, Ustad!
Saralan üzlərə, solan gözlərə,
Bükülən bellərə, əsən dizlərə,
Nəmli kirpiklərə, ağ bənizlərə,
Küskün baxışlara qurbanam, Ustad!
Necə təmizlənim dərdin pasından,
Gözümüz açılmır xalqın yasından.
Atalı-balalı öz yuvasından
Perikən quşlara qurbanam, Ustad!
Keçirdin ömrünü tufan içində,
Min qada içində, min qan içində.
Tək bircə gecədə zindan içində
Ağaran saçlara qurbanam, Ustad!


___________________Milli Kitabxana__________________
166
Nisgil ürəkləri dağıdır, sökür,
Dərd ağır gələndə dağ da diz çökür.
Dəmində göylər də göz yaşı tökür,
Yağan yağışlara qurbanam, Ustad!
Bu ölməzlik hara, bu ölüm hara,
Heç kəs bu gedişdən geyməsin qara.
Fəxri xiyabanda fəxri məzara
Əyilən başlara qurbanam, Ustad!
23 iyun 1994
ŞERİMİZ
Zaman-zaman ömrə-ömür caladı,
Şeh nurundan saflıq əmən şerimiz.
Təbiəti bizə daş-daş tanıtdı,
Qızıl tala, yaşıl çəmən şerimiz.
Əslimizin, soyumuzun dilidi,
Yasımızın, toyumuzun dilidi.
Odumuzun, suyumuzun dilidi,
Odda yanan, qanda çimən şerimiz.
Könülləri otaq-otaq gəzəndi,
Dərdimizi bir baxışdan sezəndi.
Bayram günü gəlin kimi bəzəndi,
Dava günü kəfən geydi şerimiz.
Yük daşıyıb, yük apardı, yük atdı,
Öz ruhunu meydanlara tək atdı.
Qayaların ciyərinə kök atdı,
Palıd kimi dağda bitən şerimiz.
İtən yurdum, batan kəndim ağlayır,
Hecam, misram, beytim, bəndim ağlayır.


___________________Milli Kitabxana__________________
167
Gah Təbrizim, gah Dərbəndim ağlayır,
Yaralıdı bizim Vətən şerimiz.
Danılmazdı, həqiqətdi, doğrudu,
Nəsimidə bir üsyandı, ağrıdı.
Füzulinin köz-köz olan bağrıdı,
Vaqifdəki o gülbədən şerimiz.
Təmiz südü, halal kökü, saf andı,
Təriqətdi, şəriətdi, ürfandı.
Sabir adlı zəlzələdi, tufandı,
Qara bağrı zədən-zədən şerimiz.
Cavabıdı hər sualın, sorğunun,
Ahəngidi bu nizamın, qurğunun.
Göz yaşıdı Şəhriyarın, Vurğunun,
Öz dərdini dil-dil ötən şerimiz.
Vaxtdan-vaxta, andan-ana doğrudur,
Candan ruha, ruhdan cana doğrudur.
Yaranmışdan yaradana doğrudur,
Səs-sorağı haqqa yetən şerimiz.
6 mart 2005

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin